“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 17:53
1897

Firudin bəy Köçərli (1863-1920)

A- A+

Görkəmli ədəbiyyatşünas alim, maarifçi, yaçıçı-publisist Firudin bəy Köçərli (Köçərlinski) 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə Aleksey Çernyayevski Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış olur.

1879-1885-ci illər ərzində o, Qori seminariyasına təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1885-ci ildə qısa müddət Firidun bəy İrəvan gimnaziyasında da dərs deyir. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa - M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir.

1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. "Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firudin bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyiş dirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır. Qeyd etmək lazımdır ki, həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslinə mənsub idi.

1918-1920-ci illərdə, Xalq Cümhuriyyəyti dövründə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləmişdir.

Azərbaycanın sovetləməsindən sonra, 1920-ci ilin mayında Gəncədə sovetlərə qarşı üsyan qalxır. Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən, bir sıra ziyalılarla yanaşı, Firudin bəy Köçərli də güllələnir.

Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyətcə erməni olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firudin bəy haqqında saxta hökm yazdı:

4 iyun 1920-ci il, Gəncə: "Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firudin bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər". Qərara alınır: müttəhim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman. Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.

* * *

Mənbə:

http://az.wikipedia.org/wiki/Firidun_bəy_Köçərli

* * *

Firudin bəy Köçərlinin ədəbiyyatşünaslıq fəaliyyətində XIX əsr ədəbi-tarixi irsi

Azərbaycan ədəbiyyatşünaslığının yaradıcısı, ədəbiyyat tariximizin sistemli tədqiqatçısı, təbliğatçısı, publisist, ədəbi əlaqələr mütəxəssisi F.Köçərli müasir filologiya elmimizin simasını, oriyentasiyasını, gələcək inkişaf perspektivlərini, ədəbi meyar və prinslərini müəyyənləşdirən ədəbi şəxsiyyətdir. Milli ədəbiyyat tarixi ilə bağlı sistemli tədqiqatın, ədəbi-tarixi materialların mövcud olmadığı bir dövrdə o ədəbiyyatımızın çoxəsrlik, zəngin tarixini yaratmaq missiyasını öz üzərinə götürdü; müasirlərinin, ədib dostlarının, maarifpərvər ziyalılarımızın yaxından köməyi, mənəvi yardımı və dəstəyi nəticəsində o qədər də böyük olmayan zaman kəsiyində klassik və müasir ədəbiyyat tarixçiliyimizin bir çox ədəbi simalarının həyat və yaradıcılığı, dövrü, ictimai və ədəbi mühiti haqqında zəngin material topladı, onları sistemləşdirdi, XX əsrin əvvəllərindəki çağdaş ədəbiyyat elminin müəyyən prinsip və meyarları ilə elmi təsnifatını verdi.

Bu yöndə aparılan böyük mücadilədə F.Köçərli tək deyildi; dövrün tanınmış ziyalıları və ədibləri İsmayıl bəy Kaşpirinski, Eynəli bəy Sultanov, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Soltan Məcid Qənizadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov və başqaları müntəzəm əlaqə saxlayır, əldə etdikləri ədəbiyyat tarixi materiallarmı ona göndərir, söhbətlərində ədəbi irsimizin müxtəlif problemləri ilə bağlı mübahisə və aparırdılar. O isə taleyin, tanıdığı ziyalıların yaratdığı şəraitdən maksim səviyyədə yararlanaraq minillik tarixi olan ədəbiyyatımızın sistemli elmi tarixini yaratmaq zərurətini reallaşdırırdı.

Ədibin gördüyü işlərin miqyasını, gərəkliyini dəyərləndirən Y.B.Çəmənzəminli qədirşünasları xatırlayırdı: «Bütün Azərbaycan ədəbiyyatmı təsdiq edən təkcə bir ad varsa, o da Firidunbəy Köçərlidir ki, üç cild «Azərbaycan ədəbiyyatı tarixi» meydana gətirib. Bu kitab, şərqşünas bir əcnəbi yazsa idi Avropada elmi ilə böyük ad qazanardı. Görəsən bəs bizim aramızda Firudinbəy Köçərli cənabları kimi adamların əmələ gəlməsini niyə şux və həvəslə qarşılamırıq».(l)

35 ildən çox davam edən elmi-ədəbi, pedaqoji fəaliyyəti dövründə F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinin bir sıra mərhələləri ilə yanaşı, XIX əsr ədəbi irsimizin də ilk elmi tarixini yaradıb. Bu da diqqətəlayiqdir ki, ədib milli ədəbiyyat tarixi ilə bağlı ilk tədqiqatlarına M.F.Axundovla başlayıb. İlk ədəbiyyat tarixçimizin tədqiqatçılıq fəaliyyətinə XIX əsr Azərbaycan ədəbiyyatından, həmin dövrün ayrı-ayrı ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığından, o cümlədən də M.F.Axundovun irsindən başlaması obyektiv-tarixi faktorlarla, ədəbi-ictimai zəminlə bağlı idi.

O, hər şeydən əvvəl, iki əsrin qovşağında M.F.Axundovun maarifçi realist sənət konsepsiyasının davamçısı və layiqli varisi kimi meydana çıxmışdı. Bədii yaradıcılıqda müasirliyə, yeni təfəkkür tipinə böyük qiymət verdiyi kimi, ədəbi tənqid və ədəbiyyatşünaslığımızın da bu nöqteyi-nəzəri müdafiə etməsini, həmin sahədə varislik əlaqələrinin, davamlı ənənələrin yaranmasını istəyirdi.

Digər tərəfdən, ədib üçün dövr, zaman kontekstində XIX əsr daha yaxın, daha maraqlı və cəlbedici idi. Həmin dövrün ədəbi şəxsiyyətlərinin bir qismi hələ də yaradıcılığım davam etdirirdi. Eyni zamanda XIX əsr sənətkarlarımızın qohumları, dostları, yaxın ünsiyyətdə olanlar onunla əlaqə saxlayır, öz xatirələrini söyləyir, əllərində olan ədəbi-tarixi faktları, materialları, böyük həvəslə təqdim edirdilər ki, bu da F.Köçərlinin faktiki olaraq XIX əsr Azərbaycan ədəbiyyatım geniş miqyasda tədqiq etməsini şərtləndirirdi.

Tənqidçi ədəbiyyatşünas F.Köçərli irsinin layiqli tədqiqatçısı, akademik B.Nəbiyevin sözləri ilə desək, «Köçərlinin ədəbiyyatımızın Füzuli, Vaqif, M.F.Axundov, Zakir, S.Ə.Şirvani kimi görkəmli simalarının yaradıcılığına həsr edilmiş tədqiqatı onun Azərbaycan ədəbiyyatına çox gözəl aşina olduğunu göstərir. Vaqif, Vidadi, Nəbati, Zakir və bir sıra başqa Azərbaycan şairlərinin tərcümeyi-hallarına dair ilk geniş məlumat, ədəbiyyatımızın və mədəniyyətimizin fəxri olan böyük M.F.Axundov haqqında birinci kitab Köçərli qələminə məxsusdur».(2, s.4)

Ədəbiyyatda realist sənət tipinə üstünlük verən ədəbiyyat tarixçimiz bədii təcrübədə də realist yaradıcılıq yolu seçən ədiblərə, realizmin ədəbi cərəyan kimi yarandığı və təşəkkül etdiyi XIX əsr ədəbiyyatına daha çox yer verirdi. Müəllifin «Tatar komediyaları» (1895) silsilə məqalələri də bunu bir daha təsdiq edir. O həmin əsərində milli dramaturgiyada realist ənənənin yaranmasını, XIX əsrin ikinci yarısına Ə.Haqverdiyev, N.Vəzirov, N.Nərimanov tərəfindən davam etdirilməsini diqqətlə izləyir, realist ədəbiyyatın yaranmasında başlıca maneəyə çevrilən epiqonçu şeri kəskin tənqid edir və yazırdı ki, bu əsər qəhrəmanları deyil, uzun müddət yaxından tanıdığın, illərcə bir yerdə oturub-durduğun adamlar və hər gün göz önündə cərəyan edən hadisələrdir.

M.F.Axundovun «Hacı qara» komediyası 1903-cü ildə Şuşada həvəskar cavanlar tərəfindən tamaşaya qoyulub. Tamaşam diqqətlə izləyə və əsərdən dərin zövq alan F.Köçərli yazırdı: «Hacı qara» bir sayaq doğru və düzgün yazılıbdır ki, bu mərdi xəsisin əxlaqi-ətvarı, xəsasət və laimiliyi cifeyi dünya üçün imanı və hətta əziz canını fəna verməsi, dünya malı üçün yalan söyləməyi, and içməyi bir tövr təhlil olunubdur ki, guya mərhum Mirzə bütün ömrünü məzkur Hacı ilə bir yerdə keçiribdir». (3)

«Tatar komediyaları»nda F.Köçərli M.F.Axundovun realizmin əsas prinsiplərindən olan tipik şəraitdə tipik obrazlar yaratmasını tədqiq etmiş, bunu ədəbiyyatımızda müsbət tendensiya kimi xüsusi göstərmişdir. Öz böyük sələfə M.F.Axundov kimi o da yeni əsrin astanasında əhalinin böyük bir qisminin savadsız olduğu bir ölkədə teatra, dramaturgiyaya, teatr estetikasına böyük əhəmiyyət verirdi.

Silsiləyə daxil olan ayrı-ayn məqalələrdə realist ədəbi ənənə və onun prinsipləri, ədəbi nəzəri meyarları obyektiv mövqedən təhlil olunur, son 30 ildə Azərbaycan dramaturgiyasının mövcud vəziyyəti, yeni janrların yaranması əhəmiyyətli ədəbi hadisə hesab edilirdi. Epiqonçu xarakter daşıyan, daha çox erotik hisslərin ifadəçisinə çevrilən şerlər «ibarəpərddazlığına», «forma və məzmun yeknəsəqliyinə» görə tənqid olunurdu. Günün tələbləri ilə ayaqlaşmayan şerlər yazanlar «eşq düşkünləri» hesab edilirdi. Çox doğru olaraq göstərilirdi ki, bu cür şairlərin ala-bəzək yazılan forma və məzmunca yeknəsəq olduğundan camaatı bezdirib.

Bununla yanaşı, «Tatar komediyaları»nda XIX əsrin ortalarında xalqımızın həyatım, psixoloji ovqatım olduğu kimi, bəzək-düzəksiz teatr estetikasına gətirən Axundov komediyaları Azərbaycan həyatmı əks etdirən reflektora bənzədilirdi. Burada M.F.Axundovdan sonrakı ədəbi mərhələdə dramaturgiyamızın inkişaf tendensiyası, yaradıcılıq çətinlikləri ardıcıl və diqqətlə izlənilib. N.Vəzirovun «Sonrakı peşmançılıq fayda verməz», N.Nərimanovun «Nadanlıq», V.Mədətovun «Qırt-qırt», H.Vəzirovun «Evlənmək bir içim su deyil» pyesləri haqqında maraqlı mülahizələr və tənqidi fikirlər irəli sürülüb.

Maraqlıdır ki, «Tatar komediyaları»nda N.Nərimanovun «Nadanlıq» dramı kəskin tənqid olunub. Ədəbiyyatşünaslıqda bu məsələ ətrafında kifayət qədər yazılsa da, yeni tarixi şəraitdə ədədi fikrimizin bugünkü tarixi-nəzəri meyarları kontekstində «Nadanlığ»a olan həmin münasibətin kökündə, mayasında hansı ideoloji-ədəbi prinsiplərin, ədəbi konsepsiyasının dayandığım izah etməyə xüsusi ehtiya duyulur. F.Köçərli M.F.Axundovun maarifçi realist tənqid konsepsiyasının qızğın müdafiəçisi və davamçısı idi.

İstər ədəbi tənqid və ədəbiyyatşünaslıq, istərsə də publisist fəaliyyətində həyatla sənətin əlaqəsi, dialektiv vəhdəti maarifçi realist sənət konsepsiyasının nəzəri müddəaları baxımından təhlilə cəlb olunurdu. Milli maarifçi fikrin, realist sənət tipinin strukturunda, daxili dinamikasında və elmi-tarixi problematikasmda isə maarifm, ağlın, insan zəkasmm köməyi ilə cəmiyyəti nadanlıqdan, gerilikdən, savadsızlıqdan xilas etməyin mümkünlüyü ideyası xüsusi yer tuturdu; maarifçi bədii düşüncədə cəmiyyət intellektin, maarifçi ziyanın işığı, ziyası fonunda oxuculara və tamaşaçılara təqdim edilirdi. N.Nərimanov isə gənc bir dramaturq kimi «Nadanlıq»da maarifçi sənətin işıq, ağıl kultuna münasibətdə bir qədər pessimizmə qapılmış, real həyat hadisələrinin təsvirində qara boyalardan daha çox istifadə etmişdi.

N.Nərimanov bir qədər sonralar yazdığı «Hifz-səhhət» sərlövhəli məqaləsində həmin hadisəni belə xatırlayırdı: «Düz 20 il bundan müqəddəm mən «Nadanlığ»ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərdən biri, rəfiqimiz Firudin bəy Köçərli «Nadanlığ»ı rus dilində tənqid etdi, yaramaz bir şey hesab edib yazanım, yəni məni lazımmca qamçıladı. Oxuyan deyirdi: «Nadanlığ»ı yazan daha əlinə qələm gərək götürməsin. Fəqət onun çubuqlaması «Nadanlığ»ın, «Nadir şah»ın meydana gəlməsinə səbəb oldu».(4)

F.Köçərli «Tatar komediyaları» əsərində N.B.Vəzirov, H.B.Vəzirov, N.Nərimanov, V.Mədətovun çap olunan ilk pyesləri haqqında da peşəkar tənqidçi sözü deyib, ədəbi inkişafın yeni meyl və istiqamətlərini müəyyənləşdirməyə çalışıb.

Hələ XIX əsrin 90-cı illərində İrəvan gimnaziyasında müəllimlik etdiyi illərdə F.Köçərli milli ədəbiyyat tarixini yaratmağı qarşısına məqsəd qoymuş, əldə etdiyi materialları «Azərbaycan tatarlarının ədəbiyyatı» (1903) adı altında Tiflisdə rus dilində nəşr etdirməyə nail olmuşdu. Əsər nəşr olunduqdan sonra Azərbaycan ziyalılarının marağına səbəb olmuş, dünyanın müxtəlif ölkələrində təhsil alan həmvətənlərimiz müəllifə məktublar göndərərək, bu böyük, fundamental işi davam etdirməyi, ədəbiyyat tariximizin bu ilk nümunəsinin Azərbaycan variantının hazırlanmasını arzulayırdılar. Belə ki, bu əsər milli ehtiyacı tam ödəmirdi.

«Azərbaycan tatarlarının ədəbiyyat»ında milli ədəbiyyatımızın tarixi M.P.Vaqiflə başlayırdı. Klassik ədəbi irsdə ana dilinə, realist yaradıcılıq metoduna üstünlük verən müəllif rusdilli ilk ədəbiyyat tariximizdə bu meyarlara və prinsiplərə söykənən XIX əsr Azərbaycan ədəbiyyatına - bu dövrün realist sənətkarları olan Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani, Nəbati, yaradıcılığım - bütöv bir ədəbi mərhələnin ilk dəfə olaraq müasir ədəbiyyat tarixi anlayışı baxımından təhlil etmişdir.

«Əsərin tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu kiçik kitabça milli ədəbiyyatın varlığına əyani şəkildə göstərir, onu daha geniş tədqiq etməyə yol açırdı, müasir ədəbi prosesin tarixi köklərini, ənənələrini aşkara çıxarırdı».(5)

M.F.Axundovun anadan olmasının 100 illiyi münasibətilə 1911-ci ildə yazdığı «Mirzə Fətəli Axundov» əsərində F.Köçərli «Tatar komediyaları»nda əsasını qoyduğu ədəbi problematikanı, milli dramaturgiyanın yaranması, təşəkkül və inkişaf mərhələlərini tarixi-xronoloji meyarlarla qiymətləndirməyə çalışmış, M.F.Axundov realizmindən bəhs edərkən real hadisə, real obraz, həmçinin dil-üslub və sənətkarlıq məsələləri ətrafında maraqlı fikirlər irəli sürmüşdür.

Rus dilində yazılan ilk ədəbiyyat tariximizdə F.Köçərli XIX əsr Azərbaycan satirik irsinə də xüsusi diqqət yetirmiş, Q.Zakir, S.Ə.Şirvani yaradıcılığım poeziyamızda yeni realist istiqamət kimi fərqləndirmişdir. O əsərdə yalnız ayrı-ayrı ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs etməklə kifayətlənməmiş, müxtəlif coğrafi ərazidə yerləşən, milli bədii təcrübəni ümumiləşdirən ədəbi məclislərin fəaliyyətinə də kifayət qədər yer ayırmışdır. Gəncədə nüfuz qazanan «Divani hikmət», Quba şairlərini bir araya gətirən «Gülüstani-İrəm» məcmuələrinin ədəbi mühitdəki yeri və mövqeyindən bəhs edən müəllif realist Azərbaycan ədəbiyyatının iki böyük sənətkarı M.P.Vaqif və Q.Zakirin irsinə toxunarkən, daha çox Y.Qarabağnın və A.Berjenin məclislərinə istinad etmişdir.

«Azərbaycan tatarlarının ədəbiyyatı» F.Köçərlinin nəinki Azərbaycandakı, hətta Avropadakı, Rusiyadakı və eləcə də dünyanın çeşidli bölgələrindəki türk ədibləri, yazarları ilə əlaqələrini genişləndirdi. Dünyanın müxtəlif regionlarından onunla əlaqə saxlayan ədəbiyyat həvəskarları, folklor toplayıcıları müəllifə yeni materiallar göndərir və xahiş edirdilər ki, başladığı böyük elmi-fundamental, filoloji araşdırmalarını davam etdirsin.

Azərbaycan mətbuatı F.Köçərlinin ədəbiyyat tarixi ilə bağlı müxtəlif səpgili məqalələr dərc edirdi. Dövrün görkəmli ziyalılarından olan Ə.Topçubaşov ilk ədəbiyyat tarixçimizin gördüyü işə yüksək qiymət verir və yazırdı ki, «...ədəbiy-yatımızın tam icmalmı indiki şəraitdə tərtib etmək - son dərəcə çətin vəzifədir və bir adamın işi deyil».(6)

Bütün bunlar F.Köçərlidə qürur hissi oyadır, xalq üçün gördüyü işlərin müqabilində kifayət qədər qiymətləndirilməsi inamını artırır və yeni ədəbi axtarışlara sövq edirdi. Nəhayət ki, geniş dəstək görən F.Köçərli 1911-ci ildə milli ədəbi irsin elmi tarixini genişləndirən, əlavə materiallarla zənginləşdirən, müstəqil Azərbaycan dövlətinin ədəbiyyat tarixçiliyi F.Köçərlinin elmi-ədəbi irsindən, ictimai-mədəni fəaliyyətindən hələ çox şey öyrənməli, ədəbi-tarixi ənənələr arasındakı fasiləsizliyi, əlaqə və bağları üzə çıxarmaq üçün klassik irsdən lazımınca faydalanmalıdır.

* * *

Ədəbiyyat:  

1. Y.B.Çəmənzəminli. Qulluq və əsirlik, 1917, S.Mümtaz adına Əlyazmalar fondu, Arxiv, 26, Q-3(71).

2. Bəkir Nəbiyev. «Firidunbəy Köçərli», Bakı, 1963, s.4.

3. F.Köçərli. Müsəlman müəllimlərinin hümməti, «Şərqi Rus» qəzeti, 1903, 3 avqust, №52

4. «Yeni iqbal» qəzeti, 4 yanvar, 1916.

5.  Elçin. Şamil Salmanov. İlk Azərbaycan ədəbiyyatı tarixi, «Ədəbiyyat və incəsənət» qəzeti, 9 sentyabr, 1978.

6. A.M.Topçubaşev. Literatura azerbaydjanskix tatar, Kacpiy, 1903, 31 oktəbrə.

7. Ə.Nazim. Türk ədəbiyyatşünaslığında pantürkizm və kəmalizm əleyhinə, «İnqilab və mədəniyyət» jurnalı, 1931, №3-4, s.59

8.  Bu barədə bax: «Yeni məktəb» jurnalı, 1926, №6.

9.  Yaşar Qarayev. Tarix: Yaxından və uzaqdan. Bakı, «Sabah» nəşriyyatı, 1996, s.4.

10. Şamil Salmanov. İlk Azərbaycan ədəbiyyatı tarixi, «Ədəbiyyat və incəsənət» qəzeti, 9 sentyabr, 1978.

11. F.Köçərli. Mehribanlı Bababəy. Azərbaycan ədəbiyyatı, Bakı, «Elm», 1978, səh.293.

Məhəmmədəli Bayram oğlu Mustafayev

http://yazikilitra1.narod.ru/lit58.htm  

* * *

Əsərləri:

1. Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı: 2 cilddə. - B.: Elm.- 21sm .1-ci cild. - 1978. - 599 s.

2. Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı : 2 cilddə. - B.:Elm.-21sm . 2-ci cild, 1981. - 460 s.

 

Xəbərlər
Redaktorun seçimi