“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
12 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Dini konfessiyalar

Xristianlığın yayılması – Alban Həvari Kilsəsi

A+ | A-

Azərbaycanda xristianlıq hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa başlamışdır. Belə ki, bu dini yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına apostollar gəlməyə başladılar. Burada xristian dininin yayılması apostollar Varfolomey və Faddeyin, eləcə də Faddeyin şagirdləri olan Yelisey və Marın adları ilə bağlıdır. Yeliseyin fəaliyyəti nəticəsində indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian kilsəsinin əsası qoyuldu. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəldi, beləliklə həvari mənşəli Alban Kilsəsi təşəkkül tapdı. 

Qədim şərq kilsələri qrupuna daxil olan Alban Həvari Kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biri sayılır. Eyni zamanda, bu kilsə vaxtilə Azərbaycan torpaqlarında hakim mövqedə olub. Belə ki, 313-cü ildə Arşakilər sülaləsindən olan alban çarı Urnayr xristianlığı dövlət dini elan etməklə Alban Həvari Kilsəsini rəsmi kilsə statusuna qaldırdı.

Alban Həvari Kilsəsi Qafqaz Albaniyasının mədəniyyətinin inkişafında mühüm rol oynadı. Xüsusən IV-VII əsrlər alban xristian memarlığının çiçəklənmə dövrü sayılır. Bu dövrdə Amaras monastırı (IV əsr), Kilsədağ kilsəsi (IV-V əsrlər), Mamrux məbədi (IV-V əsrlər), Ləkit məbədi (IV-VI əsrlər), Qum bazilikası (IV-V əsrlər), Xudavəng monastır kompleksi (VI-VII əsrlər), Mingəçevirdəki kilsə kompleksi (IV-VII əsrlər) kimi möhtəşəm alban xristian məbədləri tikilmişdir.

V-VII əsrlərdə Mehranilər sülaləsi dövründə Alban Apostol Kilsəsinin siyasi-iqtisadi mövqeyi güclənmiş, səlahiyyətləri xeyli artmışdır. Həvari mənşəli olduğuna görə Alban Kilsəsi hələ 340-cı ildə avtokefal, yəni müstəqil olmuşdur.

705-ci ildə Qafqaz Albaniyası süquta uğrayıb Ərəb xilafətinin tərkibinə qatıldıqdan sonra Alban Həvari Kilsəsi tənəzzül dövrünə qədəm qoymuşdur. Buna baxmayaraq, XIII əsrdə knyaz Həsən Cəlalın (1215–1261) hakimiyyəti dövründə Alban Həvari Kilsəsinin nüfuzu artmışdır. O, 1240-cı ildə möhtəşəm Gəncəsər məbədini inşa etdirmişdir. 1511-ci ildə Gəncəsər monastırı alban katolikoslarının iqamətgahına, zaman keçdikcə isə Qarabağdakı Alban knyazlığının siyasi mərkəzinə çevrilmişdir. Həsən Cəlaldan sonra onun nəslindən olan bir çox din xadimləri 1836-cı ilədək ölkənin mənəvi rəhbərləri, Alban Kilsəsinin katolikos-patriarxları olmuşlar.

XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal olunması ilə Alban Həvari Kilsəsinin fəaliyyətinə birdəfəlik son qoyuldu. Belə ki, çar hökuməti İran və Türkiyədən Şimali Azərbaycana öz sadiq nökərlərini - erməniləri kütləvi şəkildə köçürməyə başladı. Çar Rusiyasının müstəmləkə rejimi onların vasitəsilə regionda öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Bu səbəbdən Rusiya imperiyası erməni əhalisinin, o cümlədən erməni-qriqorian kilsəsinin maraqlarını qorumaq yolunu tutmuşdu. Bunu fürsət bilən erməni-qriqorian kilsəsi çar hökuməti qarşısında Alban Katolikosluğunun birdəfəlik ləğv edilməsi məsələsini qaldırdı. Nəticədə rus çarı I Nikolayın  (hakimiyyət illəri: 1825-1855) 11 mart 1836-cı il tarixli Fərmanı ilə Alban Katolikosluğu ləğv olundu. Beləliklə, Alban Kilsəsi erməni-qriqorian kilsəsinə birləşdirildi. Bununla da tarixi ədalətsizliyə yol verildi.

Erməni ruhanilərinin Alban Apostol Kilsəsinə qarşı ədavəti bununla bitmədi. 1909-1910-cu illərdə Rusiya imperiyasının Müqəddəs Sinodu erməni keşişlərinə yeparxiyaların köhnə arxiv sənədlərini məhv etməyə icazə verdi. Bu qərar isə Alban Apostol Kilsəsinə məxsus bütün tarixi sənədlərin məhvinə, yəni erməniləşdirilərək mənimsənilməsinə gətirib çıxardı. Erməni ruhaniləri Alban Kilsəsinin sənədlərini məhv edərkən bu qədim şərq kilsəsini tarixin yaddaşından birdəfəlik silmək istəyir, gələcəyə hesablanmış məkrli planlar həyata keçirirdilər.

Ermənilər Qafqaz Albaniyasının zəngin maddi-mədəni irsinin saxtalaşdırma yolu ilə mənimsəyir, qədim alban məbədləri üzərindəki əski kitabələri məhv edir, onları qrabar dilində olan yazılarla əvəzləyir, alban kilsələrinin memarlıq quruluşunu dəyişdirirdilər. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, ermənilər Alban kilsəsinin arxivlərini, albanların tarixini və mədəniyyətini əks etdirən digər zəngin maddi nümunələri məhv edərkən Alban dövlətinin və avtokefal Alban kilsəsinin mövcud olmadığını, albanların torpaqlarının isə əzəldən bəri haylara, yəni ermənilərə məxsus olduğunu sübuta yetirməyə çalışırdılar.

Qriqorianlaşdırma və erməniləşdirmə siyasətinin həyata keçirilməsi yerli xristian əhalinin müqavimətinə rast gəlirdi. Alban Həvari Kilsəsinin mənsubları olan udinlər erməni keşişlərin başçılığı altında ibadət etmək istəməyərək 1867-ci ildə rus çarına etiraz məktubu yazdılar. Həmin məktubda onlar erməni qriqorian keşişlərinin ixtiyarına verilən qədim alban xristian məbədlərində toplaşmaqdan belə imtina etdiklərini bildirirdilər.

Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam reallaşdıra bilmədilər. Hazırda Azərbaycanın Qəbələ və Oğuz rayonlarında yaşayan udinlər bu qədim şərq kilsəsinin dini ənənələrini günümüzədək qorudular. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki Alban-Udi dini icması dövlət qeydiyyatına alındı: Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Oğuz şəhəri Alban-Udi Xristian dini icması. Həmçinin 14 iyul 2013-cü ildə Alban-Udi dini icmasında 80 ildən artıq bir müddətdə unudulan vəftiz ənənəsi yenidən dirçəldildi. 3 avqust 2013-cü ildə dövlətin dəstəyi ilə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyi və Qafqaz Albaniyasında Xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş bayram mərasimi keçirildi. O da bir reallıqdır ki, ölkəmizdə yaşayan udilər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunublar.

Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir. Çünki təkzibolunmaz tarixi faktlar sübut edir ki, Qafqaz Albaniyasının möhtəşəm maddi-mədəni irsinin yeganə varisi Azərbaycan xalqıdır.

Mənbə: multikulturalizm.gov.az

 

baxılıb: 327 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR