“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
11 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Dini konfessiyalar

Azərbaycanda xristianlıq – Rus Pravoslav Kilsəsi

A+ | A-

Rus Pravoslav Kilsəsi Azərbaycanda mənsublarının sayına görə ən böyük xristian konfessiyasıdır. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX əsrin əvvəllərinə təsadüf edir. 

Şimali Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən istila edildikdən sonra rus, belorus, ukraynalı kimi pravoslav xalqların nümayəndələri ölkəmizdə məskunlaşmağa başladı. Təbii ki, yenicə tutulmuş torpaqlarda, müsəlmanların üstünlük təşkil etdiyi bölgələrdə rus, ümumiyyətlə, xristian əhalisinin artması və pravoslavlığın yayılması çarizmin maraqlarına cavab verirdi. Çünki rus imperiyası regionun xristianlaşdırılması və ruslaşdırılması yolu ilə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Pravoslavlıq isə imperiyanın əsas ideoloji sütunlarından sayılırdı. Rus kilsəsi də yerlərdə çarizmin maraqlarının qoruyucusu kimi çıxış edirdi.

XIX əsrdə məskunlaşan rusların sosial mənşəyinə gəlincə, ölkəmizdə yerləşən erkən pravoslav rus kontingentinin əsas hissəsini hərbçilər, müstəmləkə üsuli-idarəsinin məmurları, onların ailə üzvləri təşkil edirdi. Onların dini tələbatlarını ödəmək üçün yaşadıqları ərazilərdə hərbi prixodlar yaradılırdı. Bakı şəhəri də istisna deyildi. İlk vaxtlar burada yalnız səyyar hərbi kilsə fəaliyyət göstərirdi.

Bakıda yaşayan rusların məbədə ehtiyac duyduğunu görən Qafqazdakı rus qoşunlarının baş komandanı general-leytenant Nikolay Fyodoroviç Rtişev (1754—1835) pravoslav kilsələrinin tikilməsi təşəbbüsü ilə çıxış edir və 1815-ci ildə şəhər əhalisinin ianələri hesabına Qız qalasının yanında “Müqəddəs MiroLikiyalı Möcüzə göstərən Nikolay” rus pravoslav məbədi ucaldılır. Sonradan camaat arasında bu rus məbədinə “köhnə” və ya “ən birinci kilsə” deyirdilər.

XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumu yaşayan Bakıya müxtəlif millətlərdən olan çoxlu mütəxəssis və işçi qüvvəsi gəldi. Onlar arasında xeyli rus vardı. Məsələn, 1893-cü ildə Bakıda 106 467 nəfər yaşayırdı ki, onlardan da 21 744 nəfəri rus pravoslavları idi. Çar üsuli-idarəsi rus əhalisinin dini tələbatını daim diqqət mərkəzində saxlayır və Azərbaycanın müxtəlif şəhərlərində çoxsaylı pravoslav kilsələrin tikilməsinə dəstək verirdi. Təkcə Bakı şəhərində 1893-cü ildə 25 pravoslav təsisatı (6 pravoslav kilsə, 2 çasovnya və 17 digər təyinatlı kilsə binası) vardı. 1889-1899-cu illərdə isə Bakıda Cənubi Qafqazın ən böyük rus pravoslav kilsəsi tikildi. Aleksandr Nevskinin şərəfinə ucaldılan bu ehtişamlı məbədin təməlqoyma mərasimində rus çarı III Aleksandr (hakimiyyət illəri: 1881-1894) ailəsi ilə birlikdə iştirak etmişdir.

28 aprel 1920-ci ildə Azərbaycanda bolşeviklər zorla hakimiyyəti ələ keçirdikdən sonra ateizm dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Sovet hakimiyyətinin yürütdüyü bu siyasətdən bütün dinlərin mənsubları, o cümlədən rus pravoslavları da əziyyət çəkdi. Məsələn, Bakıda “Aleksandr Nevski” Baş kilsəsi (1936-cı il), “Müqəddəs Möcüzə göstərən Nikolay” Baş kilsəsi (ötən sərin 30-cu illəri), Qız qalasının yanında tikilmiş “Müqəddəs Varfolomey sövməəsi” (1936-cı il) və digər rus məbədləri dağıdıldı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini etiqad və vicdan azadlığı təmin olundu. Xüsusən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə etnokonfessional durumun tənzimlənməsi sahəsində müsbət irəliləyişlər baş verdi. Təkcə onu qeyd etmək kifayətdir ki, sovet hakimiyyəti illərində ləğv olunmuş Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası (hazırda Bakı və Azərbaycan Yeparxiyası) məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olundu. Bu isə ümummilli liderin etnik və dini azlıqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 15 noyabr 2013-cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini – Mədəniyyət Mərkəzi açıldı.

Azərbaycanda rus pravoslavları ilə yanaşı, Gürcü Pravoslav Kilsəsinin mənsubları da yaşayırlar. Onlar əsasən Qax rayonunda məskunlaşıblar. Burada 4 gürcü pravoslav məbədi fəaliyyət göstərir: Qax İngiloy kəndində Müqəddəs Georgi gürcü-pravoslav kilsəsi, Əlibəyli kəndində Müqəddəs Nino kilsəsi, Kötüklü kəndində Müqəddəs Sameba kilsəsi, Meşəbaş kəndində Müqəddəs Mixeyil kilsəsi. Bu gürcü pravoslav məbədlərinin hamısı XIX əsrin sonunda tikilmişdir.

Ruhani xristianlıq

Ruhani xristianlıq – XVII-XVIII əsrlərdə Rusiya imperiyasında kəndli mühitində yaranmış, Rus Pravoslav Kilsəsinin ruhani sinfi və dini ayinlərinə qarşı çıxmış, sosial bərabərliyə, xristian qardaşlığına və erkən xristianların yaşayış tərzinə qayıtmağa çağıran, Tanrıya “ruh və həqiqətdə” ibadət etməyə səsləyən rus təriqətlərinə verilən ümumi addır.

Molokanlığın ardıcılları ölkəmizdə məskunlaşan ilk ruhani xristianlar olmuşlar. Onların bir qismi çar hökuməti tərəfindən məhkəmə qərarı ilə Qafqaza, o cümlədən Azərbaycana sürgün edilmişdir. Bir hissəsi isə Qafqazda İsa Məsihin ikinci gəlişini qarşılamaq üçün könüllü şəkildə məskunlaşmışdır. Azərbaycanda ilk molokanlar 1832-ci ildə Qarabağ qəzasının Vərəndə mahalında yerləşmişlər. Daha sonra XIX əsrin 30-40-cı illərində ölkəmizin müxtəlif yerlərində molokan kəndləri yaranmışdır.

Qeyd edək ki, günümüzdə Azərbaycanda bu dörd molokan dini icması dövlət qeydiyyatına alınmışdır: Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması, Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması, Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması, İsmayıllı rayonu İvanovka kəndi “Molokan ruhani-xristian” dini icması.

Ruhani xristianlığın digər qolu olan duxoborluğa gəlincə, ilk növbədə qeyd edək ki, Azərbaycanda bu təriqətin ardıcılları 1844-cü ildə məskunlaşaraq Slavyanka kəndinin əsasını qoymuşlar. Qədəbəy rayonunda yerləşən bu kənd ölkəmizdə yeganə duxobor yaşayış məskənidir.

baxılıb: 552 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR