“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
11 İyul 2020
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Dini konfessiyalar

Azərbaycanda yəhudilik (iudaizm)

A+ | A-

Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda mövcud olan ənənəvi dinlərdən biri yəhudilikdir. Yəhudilər ölkəmizdə üç subetnik qrupla (yaxud icma) təmsil olunmuşdur: dağ yəhudiləri, aşkenazilər (Avropa yəhudiləri) və gürcü yəhudiləri.

 Dağ yəhudiləri Azərbaycanda ilk məskunlaşan yəhudi subetnik qrupudur. Eyni zamanda, onlar saylarına görə ölkəmizdə yaşayan digər yəhudi qrupları üstələyirlər.

Dağ yəhudiləri özlərini “cuhur” adlandırırlar. Geniş yayılmış fikrə görə, XIX əsrin birinci yarısında Qafqazı istila edən ruslar onları “dağ yəhudiləri” adlandırmışlar. Belə ki, rus qoşunlarının əsgərləri Qafqazın dağlıq ərazilərində at belində və yapıncı geyinmiş yəhudiləri görəndə böyük təəccüb keçirmiş və onlara “dağ yəhudiləri” adını vermişlər.

Ehtimal olunur ki, dağ yəhudilərinin əcdadları V-VI əsrlərdə Sasanilər imperiyası dövründə İran və İkiçayarasından (Mesopotamiya) köçərək Şərqi Qafqazda, o cümlədən Şimali Azərbaycan torpaqlarında məskunlaşmışlar.

Dağ yəhudiləri subetnik qrupun formalaşması bununla bitməmişdir. Tədqiqatçılara görə, bu tarixi proses XIII əsrin ortalarınadək davam etmişdir. Hətta Bizans imperiyasından gələn yəhudilər də dağ yəhudiləri icmasının formalaşmasında rol oynamışlar.

Ölkəmizdəki dağ yəhudilərinin tarixindən danışarkən mütləq Quba rayonundakı Qırmızı Qəsəbəni qeyd etmək lazımdır. Çünki bu qəsəbə postsovet məkanda dağ yəhudilərinin kompakt halda yaşadığı yer hesab olunur. Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı dövründə salınmışdır. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı.

Dağ yəhudilərindən sonra Azərbaycan ərazisində məskunlaşan ən qədim yəhudi icması gürcü yəhudiləridir. Özlərini “ebraeli” və ya “israeli” adlandıran gürcü yəhudiləri qədim zamanlardan Gürcüstan ərazisində yerləşmiş, gürcü dilində danışan yəhudi subetnik qrupun nümayəndələridir.

Gürcü yəhudiləri Azərbaycana ilk dəfə XVIII əsrdə gəlməyə başlamışlar. Sonrakı illərdə gürcü yəhudilərinin Azərbaycana axını intensivləşmiş və bu proses Birinci Dünya müharibəsinədək davam etmişdir. Hazırda ölkəmizdə gürcü yəhudiləri sayca ən kiçik yəhudi subetnik qrup sayılır. Onlar əsasən Bakı şəhərində yaşayırlar.

Azərbaycanda yaşayan digər yəhudi icmasının nümayəndələri, yəni aşkenazilər barədə danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, bu subetnik qrup Erkən Orta əsrlərdə Mərkəzi Avropada formalaşmışdır. Orta əsr yəhudi ədəbiyyatında “aşkenazi” adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu.

Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir.

Aşkenazilərin ana dili idişdir. Bu dil X-XIV əsrlərdə Mərkəzi və Şərqi Avropada alman dilinin orta əsrlərdə yayılmış ləhcələri, eləcə də ibrani, arami, roman, slavyan dilləri əsasında yaranmışdır.

Qeyd edək ki, aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası dövrünə təsadüf edir. Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu səbəbilə şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır. 1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini aşkenazilər təşkil edirdi.

Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş yəhudi qırğınları nəticəsində bir çox aşkenazi Azərbaycana pənah gətirmiş, əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas olmaq üçün ölkəmizə üz tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapmışlar. 

Müasir Azərbaycandakı yəhudilərin vəziyyətinə gəlincə, qeyd etmək lazımdır ki, onlar, əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bunun bariz nümunəsi dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində 

Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoqun tikilməsidir. 2010-cu ildə təməli qoyulan həmin sinaqoq 2011-ci ilin aprel ayında dindarların istifadəsinə verilmişdir.

Eyni zamanda, hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdəki yəhudi icmasına təbrik ünvanlayır.

Bakıda yaşayan yəhudi uşaqlar üçün “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə həmin mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, eləcə də MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak etmişlər.

Bundan başqa, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, habelə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə rus bölməsinin nəzdində yəhudi mənşəli uşaqlardan ibarət olan siniflərdə ibri dili tədris olunur.

Onu da qeyd edək ki, bu gün Azərbaycanda yəhudi icmaları ictimai həyatda fəal iştirak edirlər. Respublikada Azərbaycan-İsrail Dostluğu Cəmiyyəti, “Soxnut” yəhudi agentliyi, “Coynt”, “Vaad-L-Xatzola” kimi iri yəhudi xeyriyyə təşkilatları, Azərbaycan Yəhudi Qadınlarının Humanitar Assosiasiyası, yəhudi dini məktəbləri (iyeşivalar), “Azərbaycan-İsrail” Mədəni Əlaqələr Cəmiyyəti, “Xava” adlı qadın cəmiyyəti və digər yəhudi qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında verilən məlumata əsasən, respublika ərazisində yeddi sinaqoq və səkkiz yəhudi dini icması fəaliyyət göstərir.

Beləliklə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyildir. Çünki bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

 

Mənbə: multikulturalizm.gov.az

 

 

baxılıb: 283 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR