“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 10:58
1708

Mirzə Bəybaba Fəna (Tahirzadə) (1787-1867)

A- A+

Savadlı elm və sənəd adamlarını saraya cəlb eləmək Qarabağda hələ Pənahəli xan (1693-1758, xanlıq dövrü 1747-1758 – red.) dövründən bir qayda idi. Mirzə Vəli Baharlı, Molla Pənah Vaqif, Mirzə Camal Cavanşir kimi görkəmli şəxsiyyətlər müxtəlif vaxtlarda xan sarayına cəlb olunmuş və onlar öz fəaliyyətləri ilə Qarabağ xanlığının ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Bu ənənə xüsusilə İbrahimxəlil xanın (1732-1806, xanlıq dövrü 1758-1806 – red.) dövründə geniş şəkil almışdı. Uzaqgörən Qarabağ hakimi təkcə yerli adamları yox, həm də Qafqazın və İranın müxtəlif şəhərlərindən ziyalı, mədəni, işbilən şəxsləri saraya dəvət edir, onların məsləhətlərindən bəhrələnirdi.

Bu ziyalılardan biri də Mirzə Əliyar bəy Tahirzadə idi. O, gənc yaşlarından İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın saray mirzəsi olmuş və bütün ömrünü Qarabağın inkişafı və çiçəklənməsinə həsr eləmişdi.

1787-ci ildə Şuşa şəhərində Mirzə Əliyar bəyin ailəsində dünyaya göz açan Bəybaba da atasının yolunu davam etdirərək gələcəyin tanınmış tarixi şəxsiyyətlərindən birinə çevrilmiş, öz yaradıcılığı ilə Qarabağ poeziya məktəbində müəyyən iz qoymuşdur.

Ziyalı ailəsində böyüyən Bəybaba Tahirzadə mükəmməl ailə və məktəb tərbiyəsi görmüş, uşaqlığından şeIrə, sənətə, elmə məhəbbət ruhunda böyümüş, mahir xəttat kimi bütün Qafqazda tanınmışdı. Atasının vəfatından sonra isə o, dövlət idarələrinə dəvət olunmuş, uzun illər katib vəzifəsində çalışmışdır. Savadlı, bilikli olduğuna və tutduğu vəzifəyə görə ona “Mirzə” deyə müraciət edirdilər.

Mirzə Bəybaba gözəl xəttat idi. Şuşa şairlərinin cüngünü tərtib etmişdi. Bir neçə kitabın üzünü köçürmüşdü.

XIX əsr bütün Şuşa ziyalıları kimi Mirzə Bəybabanın da poetik istedadı vardı. “Fəna” təxəllüsü ilə yazıb-yaradan şairin əlimizdə olan şeir nümunələrinə nəzər salsaq, görərik ki, o öz dövrünün əsl şairi idi.

Fənanın bir şair kimi yetişib-püxtələşməsində yaxından ünsiyyətdə olduğu Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Molla Zeynalabdin Safəri, Mirzə Həsən Vəzirov, Səba, Səfa kimi tanınmış qələm dostlarının böyük təsiri olmuşdur.

Mirzə Bəybaba Tahirzadə uzun illər dövlət idarələrində işlədiyindən xeyli varlanmış, özünə Şuşada imarətlər, mülklər tikdirmiş və sonralar ticarətlə məşğul olmağa başlamışdır. Ticarətlə əlaqədar onun yolu tez-tez Zaqafqaziyanın iri şəhərlərinə, o cümlədən, Tiflisə düşürdü. Yaxşı şəxsi keyfiyyətləri olduğundan getdiyi yerlərdə özünə çoxlu dost tanış qazanmış, ömrünün sonuna qədər onlarla dostluğunu davam etdirmişdi.

Belə səfərlərdən birində Qasım bəy Zakirin məsləhəti ilə Tiflisdə Mirzə Fətəli Axundovla tanış olmuş, sonralar böyük dramaturqun yeni əlifba uğrunda apardığı mübarizəyə qoşularaq Şuşada onun ideyalarını təbliğ etmişdi. Hər dəfə də səfərdən qayıdanda Tiflis mühiti, Mirzə Fətəli Axundov barədə təəssüratlarını, ondan yerlə göy qədər razı qaldığını, çox alicənab bir şəxs olduğunu ağızdolusu Zakirə danışırdı.

Qasım bəy Zakir də Mirzə Fətəliyə göndərdiyi “Gözüm yolda qaldı könül intizar” adlı mənzum şeirində bu dostluğa işarə edərək yazırdı:

Tək yaradıb səni vahidi-yekta,

Əxlaqına ətvarına mərhəba.

Neyləmisən, Molla Səfi, Bəybaba

Məmnundu, əzizim, bu qədər səndən?

Ümumiyyətlə, Qasım bəy Zakir şeirlərində Mirzə Bəybabanın adını dəfələrlə çəkir ki, bu da onun həyatının bə`zi səhifələri ilə bizi tanış edir. Mirzə Bəybabanın başı ticarətə bərk qarışdığından o, tədricən poeziyadan uzaqlaşır, ona ikinci dərəcəli şey kimi baxırdı.

Qasım bəy Zakir Qarabağda ictimai-siyasi ədalətsizliklər barədə Mirzə Fətəli Axundova göndərdiyi “Vilayətin məxşuşluğu haqqında” mənzuməsində bundan təəssüfləndiyini bildirərək dostundan gileyini də nəzərə çarpdırır, başının alverə qarışdığını, ədəbiyyatdan uzaq düşdüyünü, Zakirin ədəbiyyat aləmində rəqibi Cəfərqulu xan Nəva (Böyük xan) ilə sirdaş olduğunu, yaxınlıq etdiyini, bir sözlə, onun qüsurlarını acıq söyləyir.

Bəybaba halətin etsən istifsar,

Şükr olsun xudayə, yaxşı nəfi var.

Özü ucuz alıb, bahaya satar,

Böyük xana həm gərəkdi, həm yaraq.

Mirzə Bəybaba Tahirzadə Fənanın şeirləri pərakəndə haldadır. Yalnız Mir Möhsün Nəvvab şairin bir neçə şeirini özünün “Təzkireyi-Nəvvab” əsərinə daxil etmişdir.

Qarabağın ədəbi və ictimai həyatında müəyyən rol oynayan şair və xəttat Mirzə Bəybaba Tahirzadə səksən yaşında dünyadan köçüb.

Özündən sonra isə bir-birindən gözəl ədəbi nümunələr və adları Azərbaycan tarixinə həmişəlik yazılmış iki övlad qoyub gedib: XIX yüzilliyin qabaqcıl dünyagörüşlü, maarifpərvər ziyalısı Yəhya bəy Tahirov və “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” (Fürudin bəy Köçərlinin ifadəsi) Fatma xanım Kəminə.

Vasif Quliyev, 

yazıçı-jurnalist

* * *

Şeirlərindən seçmələr

 

Elə ağ gərdəni fil sümüyü tək saf olan,

Qara xalın hind şahından xərac alar.

Əzəl gündən qaşların aşiqlərə səcdəgahı olub,

Gözəl gözlərin Çinü Maçinə bacü xəracı tərgidib.

Sənin hüsnünü Allah elə misilsiz yaradıb ki,

Gözəllərin bazarı sənin gözəlliyindən həmişə rəvac olar.

Evə sarı gəlsən, günəş, gözə görünməz,

Günəşin qarşısında çıraq nəyə bənzər?

Qəddin Kəbədir, qara xalın-qara daş,

Həcc və könül aşiqləri başına fırlananlar.

Hicran küləyi iman evini xarab etdi,

Əgər üzünü görsəm, yenə şad ollam.  

Ta can var canda, sevgin ürəkdən çıxmaz,

Çünki can və ürək əzəldən birləşiblər.

Hicridən Fəna çox mehnət görüb, heç sorma,

Ya Rəb, rəhm et, vəslinə çatdır, əlac et!

* * *

Mirzə Bəybaba bir dəfə Qasım bəy Zakirə həcv yazmışdı. Baba bəy Şakir şeirlərinin birində ona «qulaqburması» vermişdi:

 

Xəlqi dilgir edəni həqq özü dilgir eylər;

Kimiyə tezlik ilə, bəzisinə dir eylər,

Bəd dua adama axır belə təsir eylər.

Pənah, allaha pənah, gör neçə təqrir eylər

Əliyar oğlu belə sarı səkil maydanı.

 

 

Xəbərlər
Redaktorun seçimi