ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Sorğu

Qarabağın tarixi həqiqətlərini dünyaya çatdıra bilirikmi?
Hələ çox iş görülməlidir
Xeyr
Bəli
Qarabağ məsələsi təbliğatla həll olunası deyil
Digər sorğular

Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Analitika > Azərbaycan və Türk dünyası

Heydər Əliyev və ümumtürk həmrəyliyi 

1-ci məqalə.

Gerçək müstəqilliyin formulu: milli suverenlik + səmimi qardaşlıq

         Heydər Əliyev və Rəcəb Tayyib Ərdoğanın ilk görüşü. Bakı, yanvar 2003.

Zəmanəmizin görkəmli siyasətçisi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günü hər ötən il çeşidli tədbirlərlə qeyd olunur, kütləvi informasiya vasitələrində böyük liderin çoxşaxəli ömür yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən məqalələr, televiziya verilişləri və sənədli filmlər təqdim olunur. Bu da təsadüfi deyil. Çünki Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisə idi.

Adətən deyirlər ki, tarix şəxsiyyəti yaradır, belə böyük şəxsiyyətlər isə öz əməlləri ilə tarix yazır, onun istiqamətini yönəldirlər. Bu baxımdan Heydər Əliyevin zəngin həyat səhifələrinə nəzər salmaq Azərbaycanın yeni tarixinin bütöv bir epoxasına, taleyüklü hadisələrlə zəngin olan mühüm qərinəsinə nəzər salmaq deməkdir.

Heydər Əliyev Azərbaycan hüdudlarından kənara çıxan planetar miqyaslı şəxsiyyət kimi ölkəmizin beynəlxalq müstəvidə nüfuz sahibi olması, o cümlədən Azərbaycanın türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin sözdə deyil, əməldə, praktik müstəvidə təmin olunmasında tarixi xidmətlər göstərmişdir.

Təsadüfi deyil ki, Heydər Əliyevin siyasi dühası, Azərbaycanla yanaşı, bizə dost və qardaş olan türk toplumlarında da dərin hörmətlə anılır, onun türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur.

Bu tarixi fəaliyyətin əsasında isə, sözsüz ki, ilk növbədə Azərbaycanın dirçəlişi, milli müstəqilliyimizin xilası və dövlətçiliyimizin möhkəm təməl üzərində təşəkkül tapması dayanır. Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan tarixi və dövlətçiliyi üçün deyil, ümumilikdə türk dünyası, yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün də önəmli hadisə idi.

Bu gün yəqinliklə söyləmək olar ki, 1993-cü ilin yayında məkr və küdurətdə əlbir olmuş xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan dövlətinin məhv etdirilməsi postsovet məkanındakı digər türk respublikaları üçün da acınacaqlı nəticələr doğura bilərdi. Azərbaycanın dövlətinin iflası həmin ölkələrin də böyük güclərin geosiyasi əsarətinə keçməsinə, o cümlədən “velikorus” şovinizminin yeni imperiya boyunduruğuna düşməsinə yol aça bilərdi.

Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas etməklə, sadəcə, bir türk dövlətini dünyanın siyasi xəritəsində bərqərar etmədi, həmçinin türk dövlətlərinin birlik və bərabərliyi, onların gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu. Hərçənd 1993-cü ilin böhranlı günlərində bu barədə nikbin ruhda söz etmək o qədər də asan deyildi.

Tarixi qayıdış: Azərbaycanın xilası və yüksəlişi naminə

1993-cü ilin yayı Azərbaycan üçün sözün bütün mənalarında qızmar idi. 1991-1992-ci illərin siyasi böhranlar dalğası və iqtidar dəyişiklikləri, ələlxüsus da birillik «cəbhə» hakimiyyətinin doğurduğu ağır fəsadlar, üstəgəl Ermənistanın genişlənən hərbi təcavüzü, üstəgəl ölkədaxili sosial çaxnaşma və milli-etnik ədavətin güclənməsi Azərbaycan dövlətini müstəqilliyin ikinci ilində iflas həddinə gətirmişdi.

Belə bir vəziyyətdə faktiki idarəçiliyi itirmiş AXC-Müsavat iqtidarının xalq kütlələrinin də çağırışı üzərinə zəngin dövlətçilik təcrübəsi və böyük siyasi səriştəsi olan Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etməsi vəziyyətdən ən düzgün çıxış yolu idi.

Çünki həmin iqtidar rəhbərləri yeritdikləri siyasət nəticəsində ölkəni hansı vəziyyətə saldıqlarının fərqində idilər. «Respublikada talançılıq baş alıb gedir. Bu ölkəni niyə dağıdırıq? Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Heç kim, heç birimiz belə axıra qədər gedə bilməyəcəyik. Bunu birdəfəlik hamınız yaxşı bilin», - mərhum prezident Əbülfəz Elçibəyin 1993-cü il mayın 25-də hökumət müşavirəsində dediyi bu sözlər o vaxtkı reallığın acı etirafı idi.

Bu baxımdan 1993-cü ilin 4 iyununda Gəncədə baş verən olaylar, hakimiyyət və ona qarşı çıxan hərbi müxalifətin qanlı toqquşması Azərbaycanda hakimiyyət dəyişikliyi üçün artıq səbəb deyil, nəticə idi. Sözsüz ki, bu nəticə Azərbaycan dövləti üçün olduqca fəlakətli də ola bilərdi. Əgər həmin böhran günlərində hakimiyyətə Heydər Əliyev deyil, başqa, öncəkilərdən daha naşı qüvvələr gəlmiş olsaydı. Böyük azərbaycanlı və vətənpərvər Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, qanunçuluq və ədalət intizarında olan xalqın istəyinin gerçəkləşməsi idi.

Geniş mənada götürsək, 1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini ikiyə böldü. Arxada faktiki hakimiyyətsizlik, kütləvi psixoz həddinə gəlmiş cəmiyyət və siyasi hikkələrin girovuna çevrilmiş dövlətçiliyin qaranlıq perspektivi, irəlidə isə ümid və müstəqil dövlətin inkişaf üfiqləri vardı. Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın hakimiyyətə olan sarsılmış inamını bərpa etdi, ölkəni dirçəliş yoluna çıxardı.

«Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm» - Heydər Əliyevin 1993-cü ilin iyununda verdiyi bu tarixi bəyanat onun dövlətçilik fəaliyyətinin baş tezisi oldu.

1993-cü ildən sonrakı 10 ilə qısaca nəzər salsaq, bu illərin Azərbaycan üçün həqiqətən tarixi sınaq dövrü olduğunu və xalq və dövlət olaraq bu sınaqdan uğurla çıxdığımızı təsdiq edə bilərik.

1994-cü ildə üzücü müharibədə əldə olunan atəşkəs, Azərbaycanın iqtisadi yüksəlişinə təməl olan «Əsrin müqaviləsi»nin imzalanması, bunun ardınca baş verən dövlət çevrilişi cəhdinin qətiyyətlə önlənməsi, 1995-ci ilin əvvəlində yenidən Azərbaycan dövlətçiliyinin sınağa çəkilməsi və «OMON» qiyamının qarşısının alınması, bunun ardınca Azərbaycanda fundamental dövlət quruculuğu prosesinin başlanması, Milli Məclisə ilk seçkilərin keçirilməsi, yeni Konstitusiyanın qəbulu bu dövrün ilk və önəmli mərhələsidir.

1996-1997-ci illərdə Azərbaycanda geniş iqtisadi islahatların, özəlləşdirmənin başlanması, aqrar sahənin dirçəlişinə təməl olan torpaq islahatının həyata keçirilməsi, 1998-1999-cu ilərdə Azərbaycan neftinin dünya bazarlarına ilkin nəqlinin (Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri) başlanması, böyük neft üçün Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinə qərar verilməsi, Azərbaycanın Avropa-Asiya «Böyük İpək yolu»nun (TRACECA layihəsi) mərkəzinə çevrilməsi, demokratik və hüquqi islahatların dərinləşməsi, ölkə əhalisinin Heydər Əliyevin siyasətinə dəstək olaraq onu növbəti müddətə prezident seçməsi Azərbaycanın müstəqillik tarixinin ikinci mühüm dövrünü təşkil edir.

Nəhayət, 2000-ci ildən Azərbaycanda siyasi-hüquqi və sosial-iqtisadi sahədə islahatların yeni mərhələsinə start verilməsi, ilk bələdiyyə seçkilərinin nəticəsi olaraq ölkədə yerli özünüidarə orqanlarının fəaliyyətə başlaması, Milli Məclisə ikinci seçkilərin keçirilməsi, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına qəbulu, 2002-2003-cü illərdə Heydər Əliyev siyasəti və diplomatiyasının bir neçə istiqamətdə tarixi uğurlar qazanması - Xəzərin sektoral bölgüsü üzrə strateji əhəmiyyətli razılaşmaların (Azərbaycan-Qazaxıstan-Rusiya) əldə olunması, bütün regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasının başlanması ölkəmizin böyük liderin rəhbərliyi altında keçdiyi inkişaf mərhələsinin mühüm səhifələridir.

Milli intibah və inkişafın ideologiyası - azərbaycançılıq

Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan vahid ideologiyanın - azərbaycançılığın banisi olmuşdur. Heydər Əliyevin azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, ümummilli həmrəylik və anlaşma içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın türk dünyasının ayrımaz parçası olduğunun təsdiqidir.

Məlumdur ki, Azərbaycanın müstəqilliyinin ilk illərin üzləşdiyi ciddi problemlərdən biri də ölkədə milli həmrəyliyin sarsılması, dövlətlə etnik qruplar arasındakı münasibətlərin pozulması idi. Bunun bir səbəbi Azərbaycanda yeni separatçılıq meyllərini təşviq edən xarici dairələrin fəaliyyətindən qaynaqlanırdısa, digər səbəb həmin dövrdə milli siyasət məsələsində reallığın deyil, meydan eyforiyasının, urapatriotizmin və əslində gerçək türkçülüyü ucuzlaşdırmağa xidmət edən zərərli siyasi romantikanın üstünlük təşkil etməsi idi.

«Cəbhə» hakimiyyəti zamanında türkçülüyün daha çox romantik turançılıq kimi təbliğ olunması, ümumtürk həmrəyliyinin isə ifrat dar çərçivədə, yalnız Türkiyə ilə münasibətlərdə təşviq edilməsi, ən əsası isə, bu münasibətlərdə yeni «böyük qardaş» fəlsəfəsinin özünü büruzə verməsi Azərbacanda istər milli birlik, istərsə də dövlətçilik üçün mənfi tendensiyalar doğururdu. 1992-cü ildə Azərbaycanın şimalında «Sadval» separatçılığının baş qaldırması, 1993-cü ilin yayında isə cənubda Ələkram Hümbətovun separatçılıq cəhdləri həm də bu naşı siyasətin nəticələri idi.

Məhz buna görə də Heydər Əliyevin hakimiyyətə gələndən sonra dövlətçilik nöqteyi-nəzərindən ən mühüm addımlarından biri bu zərərli tendensiyaların qarşısını təmkin və qətiyyətlə alması oldu.

«Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycanda olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu, bizim əsas vəzifələrimizdən biridir», - deyə Heydər Əliyev 1993-cü il iyunun 15-də parlamentdəki tarixi çıxışında bəyan etmişdi.

Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı milli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi, dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki məhz azərbaycançılıq Azərbaycana dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, onun ərazisini etnik əlamətlərə görə parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji sipər oldu. Bu ideologiya həm də dünya azərbaycanlılarının öz Vətənləri - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfə oldu.

Böyük öndər 2001-ci ilin noyabrında dünya azərbaycanlılarının 1-ci qurultayında bu ideologiyanı lakonik şəkildə belə ifadə etmişdi: «Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək deməkdir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam».

Digər tərəfdən, Heydər Əliyevin milli inkişaf modeli olaraq azərbaycançılığı irəli sürməsi ölkəmizin digər türkdilli dövlətlər sırasında layiqli yerini tutması, Azərbaycanın ümumtürk həmrəyliyi kontekstində öz dövlətçilik dəst-xəttini təsdiq etməsi üçün tarixi bir addım idi. Çünki azərbaycançılıq, bəzi populist siyasətbazların iddialarının əksinə olaraq, türkçülüyü, ümumtürk həmrəyliyini istisna etmir, əksinə, onu daha da zənginləşdirir.

Eyni zamanda, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi türk xalqları və dövlətləri arasında bəlağət və ucuzyana pafosdan uzaq, gerçəyə əsaslanan, səmimi və qarşılıqlı faydalı tərəfdaşlığı ehtiva edir. Bu siyasət, sözsüz ki, türk dövlət və toplumlarının inteqrasiyasına hədəflənib, lakin bu tərəfdaşlıq real, sözdə deyil, özdə olmalı və bu müstəvidə hər bir türkdilli dövlət öz yerini tapmalı, milli suverenliyini möhkəmləndirməli və potensial imkanları ilə bu həmrəyliyə praktik töhfə verməlidir.

Müstəqilliyin ilk illərində isə Azərbaycana rəhbərlik edənlərin naşı siyasəti üzündən türk dünyası (Türkiyə istisna olmaqla) ilə münasibətlərdə ciddi boşluqlar, bəzi hallarda tamamilə zərərli tendensiyalar (məsələn, Orta Asiyadakı türk respublikalarına «demokratiya dərsi» keçmək cəhdləri) mövcud idi.

Bu siyasətin nəticəsində Azərbaycanın Qazaxıstan, Özbəkistan kimi iri türkdilli respublikalarla münasibətləri soyumuşdu. Nəticədə xarici qüvvələrin dəstəklədiyi Ermənistanla müharibədə Azərbaycan, Türkiyə istisna olmaqla, digər türk dövlətlərinin hətta mənəvi dəstəyindən də məhrum olmuşdu.  

Təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə gəlişindən sonra verdiyi ilk proqram xarakterli bəyanatında xarici siyasətin önəmli bir istiqaməti kimi türkdilli dövlətlərlə sıx işbirliyini qeyd etmişdi: «Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, bizim yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır».

Azərbaycanın dünyaya, o cümlədən türk dünyasına inteqrasiyası istiqamətində real addımlar da məhz 1993-cü ildən sonra atıldı. Heydər Əliyev türk dövlətləri ilə inteqrasiyanın mahiyyətini böyük türk ideoloqu İsmayıl bəy Qaspıralının müdrik kəlamı ilə belə ifadə etmişdi:

«Hələ XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və ‎mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz «Dildə, fikirdə və əməldə birlik» şüarı ‎ilə çıxış edirdilər. Biz uzun və çətin mübarizələrdən sonra yalnız XX əsrin sonunda bu ‎imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da ‎artıracaqdır».

* * *

2-ci məqalə. 

Ortaq keçmişdən müştərək gələcəyə: «Bizim əməkdaşlığımız zamanın hökmüdür»

 Heydər Əliyev və Çingiz Aytmatov Əmir Teymurun abidəsi önündə. Daşkənd, 1997.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda, dövlət fəaliyyətinin bütün sahələri kimi, xarici siyasət də regional və beynəlxalq reallıqlar nəzərə alınmaqla yenidən quruldu. Bu, tarazlı, siyasi illüziya və romantikadan uzaq, gerçəkçi və milli maraqları maksimum təmin edəcək siyasət idi. Təbii ki, böyük lider Azərbaycanın dünyaya inteqrasiyasının strateji istiqamətlərini müəyyənləşdirərkən ölkəmizin türk dünyası, türkdilli ölkələrlə münasibətlərinə xüsusi yer ayırmışdı.

Bu baxımdan Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni məcrada, hər hansı siyasi korporativizmə yer verməyən əsasda qurulması prioritet önəm kəsb edirdi. Çünki Heydər Əliyevdən öncəki hakimiyyət dövründə Türkiyə ilə münasibətlərdə siyasi eyforiya və şüarçılığın üstünlük təşkil etməsi real tərəfdaşlıq üçün möhkəm zəmin yaratmamışdı. Bir çox hallarda bu münasibətlərin hər hər iki ölkədəki populist siyasətçilərin bəyanatları ilə yönəldilməsi normal dövlətlərarası münasibətlərə zərər vururdu.

Yeri gəlmişkən, Heydər Əliyev hakimiyyətə gələndən sonra həmin populist qüvvələr Azərbaycanın guya Türkiyədən uzaqlaşacağı, Rusiyanın boyunduruğuna düşəcəyi barədə əsassız iddialar səsləndirməyə başlamışdı. Xüsusilə Azərbaycanın 1993-cü ilin sentyabrında MDB-yə üzv olması həmin dairələr tərəfindən geniş spekulyasiya mövzusuna çevrilmişdi.

Heydər Əliyev 1994-cü ilin fevralında Türkiyə parlamentində etdiyi çıxışında həmin ittihamları rədd edərək Azərbaycanın MBD-yə üzvlüyünün nə bütövlükdə ölkəmizin suverenliyinə, nə də ayrılıqda Türkiyə ilə münasibətlərə zərrə qədər də xələl gətirməyəcəyini bildirdi. Əksinə, bu üzvlük Azərbaycanın Mərkəzi Asiyadakı türk respublikaları ilə səmərəli əməkdaşlığına da bir zəmindir: «Biz bu birliyə daxil olmaqla nə ‎uduzduq? Heç nə uduzmadıq, amma qazandığımız o oldu ki, biz vaxtilə möhkəm, sıx əlaqələrimiz olan respublikalarla ‎əlaqələri saxlayaraq iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradırıq».

Bir millət - iki dövlət: sözdən əmələ

Heydər Əliyev Türkiyə parlamentində söylədiyi həmin nitqdə iki ölkənin strateji tərəfdaşlığın ən mükəmməl formulunu da səsləndirdi: «Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir».

Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi: «Biz kökü bir olan xalqıq. ‎Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənənələrimizin hamısı bizi ‎bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ‎ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Bizim xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra da heç bir ‎qüvvə bizi bir-birimizdən ayıra bilməyəcəkdir».

Qeyd etmək lazımdır ki, Heydər Əliyev siyasəti hər zaman dekorativ şüarçılıqdan uzaq olub, onun bəyan etdiyi hər hansı fikir və tezisin arxasında mütləq real əməl, praktik nəticə dayanıb. «Bir millət - iki dövlət» bəyanatı da gəlişigözəl söz olaraq irəli sürülməmişdi. Heydər Əliyevin bu müdrik kəlamı Azərbaycan və Türkiyənin güclü, qüdrətli dövlətlər olmasını və bu gücün səfərbər edilərək ortaq mənafe və ümumi, «bir millət» fəlsəfəsi üzərində köklənən hədəflərə yönəlməsini ehtiva edir.

Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda və səmimi anlaşma üzərində təşəkkül tapdı. O, Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərlərdə olmuş, Türkiyənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. Təkcə 1994-cü ildə Heydər Əliyev Türkiyəyə 4 dəfə səfər etmişdi, digər ölkələrə, beynəlxalq toplantılara səfərləri zamanı bir qayda olaraq yolüstü qardaş ölkəyə baş çəkər, görüşlər keçirərdi.

Bu intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti, beynəlxalq müstəvidəki addımları daha əlaqəli və bir-birini tamamlayan oldu. Bu siyasət sayəsində Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyəni yanında gördü, eyni zamanda, atdığı addımlarda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyəni göz önündə tutdu.

Yeri gəlmişkən, 1994-cü ildə Azərbaycan xarici neft şirkətləri ilə ilk müqaviləni («Azəri-Çıraq-Günəşli» yataqları üzrə) imzalayanda Türkiyənin (TPAO şirkəti) payı çox cüzi - 1,75 faiz olmuşdu. Bunun səbəbi isə Türkiyənin bu müqavilə üzrə danışıqlara gec qoşulması, Qərb sərmayədarları ilə müqayisədə astagəllik etməsi olmuşdu. Lakin sonradan Heydər Əliyev qardaş ölkənin xahişini nəzərə alaraq Azərbaycanın layihədəki payı hesabına Türkiyəyə əlavə 5 faiz ayrılması barədə qərar verdi.

Nəticədə Türkiyə «Əsrin müqaviləsi»nin mühüm iştirakçılarından birinə çevrildi və indi Azərbaycan neftinin dünya bazarında satışından böyük dividendlər əldə edir. 1996-cı ildə Azərbaycanın imzaladığı ikinci böyük müqavilə - «Şahdəniz» layihəsində Türkiyəyə daha yüksək - 9 faiz pay ayrıldı. Ümumilikdə Azərbaycanın ayrı-ayrı neft-qaz layihələrində Türkiyənin 35 faiz payı var.

Heydər Əliyevin Azərbaycan-Türkiyə tərəfdaşlığına verdiyi ən böyük töhfə isə, sözsüz ki, ölkəmizin enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Türkiyə üzərindən dünyaya açılması oldu. Bu marşrutların gerçəkləşməsi, özəlliklə əsas neft kəmərinin Ceyhana çəkilməsi Heydər Əliyevin mürəkkəb geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri ilə apardığı gərgin danışıqlarda nümayiş etdirdiyi titanik səylər hesabına mümkün olmuşdu.

«Şübhəsiz, mənim ürəyimdən keçən arzu bu xətti Ceyhana çəkməkdir. Onun çəkilməsi tək məndən asılı deyil. Amma vaxtı gələndə hər şeyi həll edəcəyik», - deyə Heydər Əliyev 1996-cı ildə Türkiyənin işgüzar dairələri ilə görüşdə demişdi. O, Türkiyənin iş adamları ilə hər görüşdə onları Azərbaycana sərmayə qoymaqda daha təşəbbüskar olmağa, başqa əcnəbi sərmayədarlardan geri qalmamağa çağırırdı: «İndi dünyanın ən böyük şirkətləri respublikamıza gəlirlər. Azərbaycanın iqtisadiyyatının gələcəyi çox genişdir. Türkiyəli iş adamlarına bir daha deyirəm ki, gecikməyin, erkən gəlin, daha yaxşı yerlər tutun».

Bu, böyük liderin uzaqgörən, praqmatik ümumtürk təəssübkeşliyinin göstəricisi idi. Təbii ki, bu səylər tədricən müsbət nəticələrini verdi. 90-cı illərin ortalarından Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrildi. Yeri gəlmişkən, son illər iki ölkənin ticarət dövriyyəsi bir neçə dəfə artaraq 2007-ci ildə 1 milyard dollara çatıb. Türkiyənin Azərbaycana investisiyalarının həcmi 2 milyard dollardan çoxdur.

Düzdür, ölkələrimiz arasında nəqliyyat infrastrukturunun yetərli olmaması hələlik bu sahədə geniş potensialdan tam istifadə etməyə imkan vermir. Bununla yanaşı, əminliklə demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttininin gerçəkləşməsi bu əlaqələrə güclü təkan verəcəkdir.

Heydər Əliyevin Azərbaycan-Türkiyə tərəfdaşlığının real zəmin və möhkəm əsaslar üzərində qurulmasına verdiyi töhfələr qardaş ölkə tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə Heydər Əliyev Türkiyənin ən yüksək ordeni - «Dövlət nişanı» ilə ‎təltif olunub, 1999-cu ildə böyük öndərə Atatürk Sülh Mükafatı təqdim olunub, Heydər Əliyevə Türkiyənin 10-a yaxın universitetinin «Fəxri doktoru» adı verilib.

Xəzərdə birləşən dostluq telləri: real siyasətin mənzərəsi

Heydər Əliyevin Türkiyə ilə münasibətlərdə yeritdiyi müdrikanə siyasət, sadəcə, iki ölkənin sıx tərəfdaşlığına deyil, bütövlükdə ümumtürk inteqrasiyasına tarixi töhfə olmuşdur. Çünki nəticə etibarilə güclü Türkiyə güclü Azərbaycan deməkdir, iki dövlətin birlik və bərabərliyi isə digər türk dövlətlərinin inteqrasiyası üçün praktik örnəkdir.

Məhz buna görə də Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet saymışdır. Çünki Azərbaycan bu coğrafiyadakı strateji yerinə, güclü iqtisadi və infrastruktur imkanlarına görə Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında əvəzolunmaz körpüdür. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə bu körpünün real tərəfdaşlıq müstəvisi kimi təşəkkül tapmasında müstəsna rol oynamışdır.

Hərçənd Azərbaycanın 1992-1993-cü illərdəki iqtidarının Xəzərin o tayındakı türk respublikaları ilə soyuq münasibəti, bəzi hallarda isə onların daxili siyasətinə müdaxiləyə varan məsuliyyətsiz addımları (məsələn, Özbəkistandakı radikal-dinçi müxalifət liderlərinə dəstək) bu tərəfdaşlıq üçün arzuolunmaz zəmin yaratmışdı və onu qısa zamanda aradan qaldırmaq asan deyildi.

Heydər Əliyev 1994-cü ilin oktyabrında türk dövlətlərinin İstanbul sammitində bu gerçəyi etiraf etmişdi: «Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub və mən buna görə dostlarımdan üzr istəyirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik».

Heydər Əliyevin bu etirafı onun siyasi lider kimi böyüklüyünün nümayişi idi. Bu bəyanat həm də Azərbaycanın yeni rəhbərliyinin, bütün tərəfdaşlar kimi, Xəzərin o tayındakı türk respublikaları ilə də açıq və səmimi münasibət qurmaq niyyətini göstərirdi. Heydər Əliyev bu təmkinli siyasəti sonrakı müddətdə türk dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə nümayiş etdirmiş, ortaya çıxan müəyyən anlaşmazlıqları səbrlə aradan qaldıraraq qarşılıqlı münasibətlər üçün müsbət zəmin yaradılmasına çalışmışdır.

Heydər Əliyev türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında (18-19 oktyabr 1994-cü il - İstanbul, 28 avqust 1995-ci il - Bişkek, 21 oktyabr 1996-cı il - Daşkənd, 9-10 iyun 1998-ci il - Astana, 8 aprel 2000-ci il - Bakı, 26-27 aprel 2001-ci il - İstanbul) iştirak etmişdir və bu əməkdaşlıq formatında Azərbaycanın fəal, təşəbbüskar mövqeyi hər zaman öndə olmuşdur.

Bu gün Azərbaycanın Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan iqtisadi layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik. 1998-ci ildə «Böyük İpək yolu» layihəsinə (Avropa-Asiya nəqliyyat dəhlizi) Bakıda, Azərbaycanın evsahibliyi ilə start verilməsi, 1999-cu ildə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyənin iştirakı ilə Şərq-Qərb enerji dəhlizi üzrə tarixi İstanbul anlaşmalarının əldə olunması məhz Heydər Əliyevin liderliyinin nəticəsi idi.

Türk dövlətlərinin mədəni inteqrasiyasının mühüm təməli olan TÜRKSOY təşkilatının formalaşması, bu formatda bir çox layihələrin reallaşması da Azərbaycanın aktiv rolu sayəsində mümkün olub.

«Türkdilli dövlətlər dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar ‎əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına ‎malikdirlər. Əminəm ki, yeni əsr dövlətlərimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv dialoq, ‎qarşılıqlı faydalı əməkdaşlıq və rifah əsri olacaqdır. ‎Bütün bunlara biz əldə etdiyimiz tarixi nailiyyətlərin - milli azadlığımız, dövlət müstəqilliyimiz ‎və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi nəticəsində nail olacağıq», - deyə Heydər Əliyev 2001-ci ildə iştirak etdiyi sonuncu türk zirvəsində bəyan etmişdi.

Heydər Əliyevin müəllifi olduğu böyük regional layihələr bu geniş coğrafiyada sabitlik, inkişaf və əməkdaşlığa meydan açır. Yetər ki, bu gün türk dövlətləri bu imkanlardan qarşılıqlı səmərə naminə yararlana bilsinlər.

Vüqar Orxan, “525-ci qəzet”, 8-9 may 2008-ci il.

  



Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

  

Xəbərlər

İşğala son qoyulmayınca ermənilərlə heç bir əlaqədən söhbət gedə bilməz [2010-09-08]

Qarabağın azərbaycanlı icmasının nümayəndələri Avropa Birliyinin təmsilçisi ilə görüşüblər


ətraflı

Rusiya prezidenti Bakı və Yerevanı sülh danışıqlarını sürətləndirməyə çağırıb [2010-09-03]

Medvedevin sözlərinə görə, Rusiyanın Ermənistandakı bazasının Azərbaycana heç bir təhlükəsi yoxdur


ətraflı

Qubadlı rayonunun işğalından 17 il ötdü [2010-08-31]
Rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib
ətraflı

Rusiya Azərbaycanı özünə mühüm tərəfdaş hesab edir [2010-08-28]

Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı jurnalistlərə müsahibə verib


ətraflı

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə [2010-08-27]

ətraflı

Cəbrayıl və Füzuli rayonlarının işğalından 17 il ötdü [2010-08-23]

ətraflı

“Qarabağ saqası. Pyotrdan Pavelə qədər” [2010-08-21]

Moskvada azərbaycanlı alim Emin Məmmədlinin kitabı çapdan çıxıb


ətraflı

Ermənistandakı Rusiya bazasının müddəti 2044-cü ilədək uzadıldı [2010-08-20]

ətraflı

Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını üzərinə götürür [2010-08-14]

Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyət müddəti 49 ilədək uzadılacaq


ətraflı

Türkiyənin 18 il öncə Ermənistana səfir göndərmək istədiyi diplomat [2010-08-05]

“Qarabağın işğalını öz torpağımızın işğalı kimi qəbul edirik”

 


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009