Bizim təqvim > Mart > 11
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 11 mart hansı fakt və olaylarla yadda qalıb?
11 mart
1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Musiqili Komediya Teatrında işləyib, böyük tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb.
"Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Ulduz" filmlərində, “Tacikfilm"in "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində çəkilib.
* * *
1992 – Avropa Şurası Nazirlər Komitəsi erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq və hücumlarını pisləyən bəyanat qəbul edib.
* * *
1992 – Azərbaycan Böyük Britaniya və Qvineya Respublikası ilə diplomatik münasibətlər qurub.
* * *
1999 – Avropa Parlamenti «Qafqazda sülh prosesinə dəstək» adlı qətnamə qəbul edib.
Sənəddə ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1998-ci ilin noyabrında tərəflərə təqdim etdiyi «ümumi dövlət» planına dəstək ifadə olunub, Azərbaycanın bu planı rədd etməsi tənqid edilib.
Milli Məclis qətnamənin qərəzli məqamlarına etiraz olaraq Avropa Parlamentinə müraciət (19 mart) göndərib.
* * *
2005 - Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.
MTN-in martın 10-da həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. “Qara kəmər» əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi.
Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.
* * *
Bax:
►10 mart
* * *
Tarixdə bu gün: dünya
(mədəniyyət bölümü)
11 mart 1544 - Məşhur italyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub.
11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.
11 mart 1926 - Rusiyanın Xalq artisti, aktyor Yevgeni Şutov (1926-1995) anadan olub.
11 mart 1948 - Fransız aktrisası və fotomodel Dominik Sanda (Dominique Sanda) anadan olub.
11 mart 1950 - Amerika kinorejissoru, ssenarist, prodüser Cerri Tsuker (Jerry Zucker) anadan olub.