Bizim təqvim > Fevral > 21
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 21 fevral hansı fakt və olaylarla yadda qalıb?
21 fevral
1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub.
Azərbaycan kinosundə dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.
* * *
1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub.
Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
* * *
1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster işləyir.
* * *
1992 - Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr qurmuşdur.
Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də, Fransa isə 1992-ci il yanvarın 3-də tanımışdı.
Fransa Türkiyədən sonra Azərbaycanda səfirlik açan ikinci ölkə oldu.
* * *
1994 - Azərbayacan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb.
Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.
* * *
1996 - Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Hüquq İslahatları Komissiyası yaradılıb.
Komissiyada ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı və parlamentdə qəbul olundu.
* * *
1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) dünyasını dəyişib (qətlə yetirilib).
Uzun illər Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.
Elmlər Akademiyasının vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.
* * *
Bax:
►20 fevral
* * *
Tarixdə bu gün: dünya
(mədəniyyət bölümü)
21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. UNSECO-nun məlumatına görə, dünyada 6 minə yaxın dil var və onların yarısı yox olmaq təhlükəsi qarşısındadır.
* * *
21 fevral 1874 - Abxaz milli ədəbiyyatının banisi, şair və maarifçi Dmitri İosifoviç Qulia (1874-1960) anadan olub.
21 fevral 1885 - Fransız dramaturqu, aktyor, rejissor Saşa Qitri (Sacha Guitry - Alexandre Georges-Pierre Guitry, 1885-1957) Sankt-Peterburqda doğulub.
21 fevral 1906 - Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.
21 fevral 1907 - İngilis şairi Uisten Hyu Oden (Wystan Hugh Auden, 1907-1973) anadan olub. 1939-cu ildən Amerikada yaşayıb.
21 fevral 1925 - Amerika kinorejissoru və ssenaristi Sem Pekinpa (David Samuel "Sam" Peckinpah, 1925-1984) anadan olub. XX əsr kinematoqrafının novatorlarından biri, vestern janrının tanınmış simalarındandır.
21 fevral 1942 - Aktrisa, Rusiyanın Xalq artisti (“Moskva göz yaşlarına inanmır” filmində Katerina) Vera Valentinovna Alentova anadan olub.
21 fevral 1979 - Amerika aktrisası, prodüser, rejissor və müğənni Cennifer Lav Hyuitt (Jennifer Love Hewitt) anadan olub.