“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 15 mart hansı fakt və olaylarla yadda qalıb?
15 mart
1897 – Görkəmli aktyor, xalq artisti Ağasadiq Gəraybəyli (1897-1988) Şamaxıda anadan olmuşdur.
Ağasadiq Gəraybəyli Azərbaycan teatrında və kinosunda 200-dən çox müxtəlif obrazlar yaradıb.
1991 – SSRİ-də rəsmi səfərdə olan Türkiyə prezidenti Turqut Özal Bakıya gəlib.
Bu, Türkiyənin dövlət başçısının Azərbaycana ilk səfəri idi.
* * *
1995 – Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qiyamı başlanıb.
Martın 13-də Qazax və Ağstafada dövlət idarələrinə basqın edən XTPD qüvvələri Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyin istefasını tələb ediblər.
Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov və qardaşı Mahir Cavadov (Xətai rayonunun keçmiş prokuroru) başçılıq ediblər.
Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamağa çalışsa da, əks tərəf dialoq təklifini rədd edib. Bundan sonra prezident Rövşən Cavadovun daxili işlər nazirinin müavini vəzifəsindən azad edilməsi barədə sərəncam verib.
1997 – Azərbaycan Milli Məclisi Rusiyanın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib.
Rusiyanın 1994-1997-ci illərdə Ermənistana 1 mlrd. dollar dəyərində gizli silah satması barədə faktlar Rusiya Dövlət Dumasının deputatı Lev Roxlin tərəfindən açıqlanmışdı.
2001 – ABŞ dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundunu Florida ştatının Ki Vest şəhərində keçirmək təşəbbüsü ilə çıxış edib.
Azərbaycan və Ermənistan prezidentlərinin Ki Vest şəhərindəki danışıqları aprelin əvvəlində keçirildi.