“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 12 mart hansı fakt və olaylarla yadda qalıb?
12 mart
1906 – Xalq şairi Süleyman Rüstəm (1906-1989) anadan olmuşdur.
Süleyman Rüstəmin Böyük Vətən müharibəsi (1941-1945), Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məhşurluq qazanıb.
1933 – Xalq şairi Cabir Novruz (1933-2002) anadan olub.
Şairin əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi daim aparıcı xətt təşkil edib. Cabir Novruz 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
1922 – Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqını - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb.
Bundan 9 ay sonra, 1922-ci il 30 dekabrında Zaqfederasiya SSRİ-nin qurucu subyektlərindən biri oldu.