Bizim təqvim > Fevral > 10
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 10 fevral hansı fakt və olaylarla yadda qalıb?
10 fevral
1828 – Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, Türkmənçay sülh müqaviləsi bağlanıb.
Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən isə şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib.
Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb.
Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813) ilə Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi.
Türkmənçay müqaviləsində İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.
Əlavə bax:
http://azerbaycanli.org/az/page349.html#tur
http://az.wikipedia.org/wiki/T%C3%BCrkm%C9%99n%C3%A7ay_m%C3%BCqavil%C9%99si
1992 – Azərbaycanla Meksika arasında diplomatik münasibətlər qurulub.
Meksika Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=85&Itemid=43
1998 – Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu.
1998-ci il yanvarın 22-də Heydər Əliyev ölüm hökmünün ləğvi barədə xüsusi bəyanat vermişdi.
Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq bu hümanist addımı atdı.
Əlavə bax:
http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_fevral2009/68661.htm
2006 – Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundu başlayıb.
Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə iki gün sürən danışıqlar erməni tərəfin qeyri-konstruktivliyi üzündən müsbət nəticə vermədi.
Əlavə bax:
http://www.bbc.co.uk/azeri/news/story/2006/02/060214_press_07.shtml
http://www.azadliq.org/archive/news/20060213/1/1.html?id=155152
* * *
Bax:
9 fevral