ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Alim və vətəndaş > Cəmil Həsənli

Alim və vətəndaş fədakarlığı

(Sabir Rüstəmxanlı görkəmli tarixci Cəmil Həsənli haqqında)

“Tarix bizə – keçmişdə nəyin, necə baş verdiyini aydınlaşdırmaq üçün lazım deyil, canlanan keçmişin bizim kimliyimizi göstərməsi və gələcəyə yol açması üçün lazımdır”.

Bu, bir amerikan filosofunun mahiyyəti dəqiq dəyərləndirən sözüdür, ancaq o qədər də yeni fikir deyil; tarixdən danışan, yazan alimlərin, söz adamlarının böyük əksəriyyəti tarixi öyrənməyin, tarixi bilgiyə yiyələnməyin – gələcəyə sahiblənmək üçün şərt oldugunu dönə-dönə qeyd ediblər.

Tarixçilik, tarixyazarlıq – ensiklopedik bilik təlb edən, unikal, bənzərsiz elm sahəsidir; tarix milyonlarla növ-növ adamın müştərək əməyi və mübarizəsiylə yaranır, ancaq onu tək-tək xüsusi istedad sahibləri, bəlkə də müəyyən mənada görücülük qabiliyyəti, iti fəhmi olan adamlar yaza bilir. Nə qədər qəribə olsa da tarix onu yaradanlardan çox, onu yazanların sayəsində yaşayır və nəsildən-nəsilə keçir.

Türklər tarix yaradan millət olublar, üç qitədə saysız dövlətlər qurub, sivilizasiyanın, mədəniyyətin, şifahi bilgi daşıyıcılığının, şəhərsalmanın, memarlıgın, tətbiqi sənətin, döyüş sənəti və sənayesinin gəlişməsində eşsiz-misilsiz örnəklər yaradaraq, insanlıgın yollarını açıb, fikrini aydınlatsalar da, səmiyyət yönəticiliyinin ən ədalətli biçimlərini kəşf etsələr də, təəssüf ki, yaratdıqlarının kağıza, yazıya keçməsə, bir gün unudulacağı, başqalarının malına çevriləcəyi barədə az düşünüblər; qılıncın – hakimiyyətin kimin əlində olmasının önəmini düşünsələr də, qələmin kimin əlində olmasına o qədər də əhəmiyyət verməyiblər. Tarixi yaratsalar da yazmayıblar. Gənclik illərində bir şerimdə dediyim kimi:    

Sağ olsun ulularım,
Şərqi Qərbə yetirib,
Qərbi Şərqə çatıblar
Tarix yazmasalar da
Tarixi yaradıblar.    

Bu acı “ənənə”ni qırmaq, əzabını çəkdiyimiz və yüzillərlə çəkəcəyimiz bu cahil “vərdiş”dən, özünə güvənmək duyğusundan qopmaq, tarixçiliyi inkişaf etdirmək üçün son 200 ildə Azərbaycanın həm şimalında, həm cənubunda xeyli iş görülüb: Abasqulu ağa Bakıxanovdan ən gənc tarixçilərimizə qədər. Təəssüf ki, “Gülüstani-İrəm” də daxil olmaqla yazılan tarixlərin böyük əksəriyyəti bu tayda çarizmin və sovet rejiminin, o tayda fars hegemonluğunun ideoloji təsir və şablonlarından, Avropa mərkəzçiliyi xəstəliyindən xilas olmamış və uzaq keçmişimiz də bugünkü siyasət canavarlarının əsirinə çevrilmiş, çox vaxt düşmənlərin təqdim etdiyi uydurma, həqiqətdən uzaq prinsiplərə uyğun yazılmışdır.

Hətta içində yaşadığımız, şahidi olduğumuz hadisələr də tarix kitablarına keçirilərkən əsl mahiyyətindən uzaqlaşdırılmışdır. Buna görə təkcə uzaq çağların deyil, ötən yüzilin tarix kitabları da ağ səhifələrlə doludur. Üstünə “veto” qoyulmuş toxunulmamış dövrlər əsl tariximizin gizli saxlanılan fəsilləridir. Bu boşluğu doldurmaq istəyənlər də bəzən ağ səhifələri doldurmaqdansa qaralamaqla məşğul olurlar. Yəni sovet dövründə təkcə yurdsevər, millətçi ziyalılarımız, milli dövlət quruculuğunda iştirak eləmiş seçkin böyüklərimiz, ictimai və bədii sözün qüdrətli yaradıcıları, ulusal şüura qida verən şərəfli insanlarımız deyil, həm də tariximiz və tarixşünaslığımız repressiya qurbanı olub.

Təkcə 20-ci yüzildə tarix yazarlarının diqqətindən kənarda saxlanılan mövzulara baxsaq, həmin əsrdə yaşamış nəsillərin tarix bilincinə nə qədər təcavüz edildiyindən heyrətə gələrik: 1905-ci ildən başlayaraq Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşı kimi nəhəng şəxsiyyətləri “millətçi burjuaziya və pantürkizm” damğası vurulmuş milli birlik və oyanış hərəkatı, 1918-20-ci illərin “müsavatçılıq” adıyla unutdurulmuş Xalq Cümhuriyyəti dönəmi, 1920-30-cu illər arasında bolşevizm şüarlarıyla aparılan türk düşmənçiliyi və Azərbaycanda başıpapaqlı qoymamaq siyasəti, 30-cu illərin allahsız represiyaları, İkinci Dünya Müharibəsində və ondan sonra Azərbaycanın və ümumiyyətlə türk xalqlarının üzləşdiyi kütləvi qırğın və deportasiyalar, 1945-46-cı il Güney Azərbaycan Milli hökuməti və nəhayət, son 200 ildə arası kəsilməyən ermənipərəstlik, türkü, Azərbaycanı kiçiltmək hesabına bic bir Ermənistan yaratmaq cinayəti və. s.

Bütün bunları tarixçilərin diqqətindən kənarda saxlamaq, ya da sovet ideologiyasının ağı qara, qaranı ağ göstərən mövqeyilndən “yazdırılması” üçün dəridən qabıqdan çıxıblar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixçilərimiz son dərəcə çətin vəzifələrlə üz-üzə qaldılar; çünki yazılan kitabları yalanlardan təmizləmək o qədər də asan iş deyildir; ən çətini isə bəzi müəlliflərə öz zibilini öz əli ilə təmizlətdirmək. Qısa müddətdə ağlasığmaz çevrilmələr baş verəcəkdi: köhnə kommunistlər – antikommunistə, köhnə bolşevizm fanatikləri milli hökumət tərəfdarlarına, ateistlər din aşiqlərinə, türk düşmənləri türkçülüyə, milli burjuaziyanın, bəylik və xanlığın kökünü qazanlar – “bəyə”, “cənaba” dönəcəkdilər. Sovet dövründə əslində milli düşmənçilik mahiyyəti daşıyan məthiyyələri göz önündə ola-ola bir çox qələm sahibləri müstəqil dövlətin tarix və ədəbiyyat kitablarında yenə başda yer alacaqdılar.

Bütün bu çətin və heç bir məntiqə sığmayan keçidlərdə, çevrilmələrdə tarixə, cəmiyyətə, öz millətinin taleyinə münasibətdə sifətini, ləyaqətini, sözünün dəyərini qoruyub saxlamış azsaylı ziyalılarımızdan biri – haqqında danışmaq istədiyim görkəmli tarixçi alimimiz, elmlər doktoru, professor, millət vəkili, ictimai xadim, sözün əsl mənasında müəllim, böyük vətəndaş və gözəl insan Cəmil bəy Həsənlidir.

Yazının bu ümumi girişi ilk baxışda mətləbdən kənar görünsə də, əslində alim dostumun son dərəcə dəyərli elmi araşdırmalarının və kitablarının mahiyyətini açmağa xidmət edir. Çünki onun qiymətli elmi fəaliyyəti küll halında yasaqlanmış, gizlədilmiş, represiya qurbanı olmuş tariximizin gün işığına çıxarılmasına, ədalətin bərpasına, haqqı yeyilmişlərin haqqının qaytarılmasına, millətin unutqanlıq xəstəliyindən xilas olunmasına, keçmişimizə daha ayıq və məsuliyyətlə yanaşmağımıza xidmət edir.

Dəyərli alimimizin hələ ki sonuncu olan “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti. (1918-1920)” kitabı tarixşünaslığımızın böyük uğurlarından olmaqla, həm də yuxarıda söylədiyim kimi 20-ci yüzildə yasaqlanmış milli dövlətçilik tarixinin həqiqətlərinin üzə çıxarılması, xalqın halal haqqının özünə qaytarılması baxımından da son dərəcə əhəmiyyətli hadisədir. “Hələ ki sonuncu” təsadüfi yazmıram. Çünki Cəmil bəyin hansı mövzularla maraqlandığını və yeni kitablarında üzümüzə başqa bağlı qapılar da açacağını bilirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan indiki respublikamız cəmi 23 ay mövcud olmuş sələfinin böyük irsinin oxuculara çatdırılması sahəsində xeyli iş görmüş, ilk Azərbaycan parlamentinin steneoqrafik yazıları da daxil olmala, o dövrün gərgin, mürəkkəb hadisələrini əks etdirən sənədlərin böyük bir qismini nəfis cildlərdə oxuculara çatdırmışdır. Lakin bu iş davam etdirilməlidir. Şərqdə ilk olan demokratik cümhuriyyətin bir sıra bu gün də əhəmiyyətini itirməyən ənənələri, sənədləri, o cümlədən 1918-ci ilin mart ayında ermənilərin törətdiyi dəhşətli qırğınların araşdırma materialları, Cümhuriyyəti quran böyül ziyalıların, o sırada Məmməd Əmin Rəsulzadənin zəngin irsi hələ də bütünlüklə çap edilməmişdir.

Cəmil Həsənlinin kitabının bir əhəmiyyəti də Xalq Cümhuriyyəti və onun qurucularının millətimizin sonrakı taleyi və dövlətimizin dünyaya tanıtdırılması üçün nə dərəcədə böyük işlər gördüyünü sənədlər əsasında göstərməsindədir. Kitab bir daha göstərir ki, biz bir millət və dövlət olaraq bugünkü mövcudluğumuz üçün Xalq Cümhuriyyətinin qurucusu olmuş o bir ovuc insana borcluyuq. Və bir sıra məsələlərdə hələ də onların bacardığını bacarmamışıq.

1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti oturuşmuş bir dövlətin dünya dövlətləri ilə əlaqəsi kimi – min illər boyu şəkillənmiş münasibətlər sistemi içində baş verən hadisə deyildi; bu, dünyanın ən cinayətkar imperatorluğunun qanlı pəncəsindən, yəni ilan ağzından qurtarmış bir xalqın mizilsiz qeyrət nümayişiydi; bu, üstümüzə diş qıcamış güclər arasında, iç savaşlardan yorulub əldən düşmüş vəziyyətdə, çırpına-çırpına səsini dünyaya çatdırmaq, özünü tanıtdırmaq, ayaq üstə qalxmaq, sərhədlərini qorumaq, səfalətdən qurtarmaq, milli kimliyini təsdiq etmək və s. yazmaqla qurtarmayan saysız vəzifələri böyük ləyaqətlə yerinə yetirmək idi, Vətənindən və xalqından başqa heç nəyi düşünməyən bir ovuc kişinin, mücahidin, fədainin ölüm-dirim savaşı idi. Bu sözləri yazanda gözümün önünə indiki məmurlarımız gəlir. Xəyalən bunlarla onları müqayisə edirəm. Allah, Allah! O böyüklük hara qeyb oldu, görəsən?!

Cəmil Həsənlinin kitabı Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə həsr olunsa da, əslində Cümhuriyyətin ümumi tarixidir. Bu tarix ən ciddi şəkildə öyrənilməli və öyrədilməlidir. Çünki dünya dəyişilməyib, köhnə qurdlar yerindədir, bir sıra güclərin Qafqaz iştahı da soyumayıb və Cümhuriyyətin xarici siyasəti həm də bugünkü hadisələri anlamaq, gələcəyimizi müəyyənləşdirmək baxımından son dərəcə ibrətamiz və önəmlidir.

Cəmil bəyin qələmiylə ortaya çıxarılan və təhlil edilən, incələnən onlarla, yüzlərlə tarixi dəlil, sənəd, olay var ki, yalnız Xalq Cümhuriyyəti qurucularının apardığı ağır mübarizənin mənasını, dəyərini anlamağımıza yardımçı olmasıyla qalmır, həm də bugünümüzə işıq tutur. Bir örnək: bu gün Azərbaycanda (hələ kənar ölkələri demirəm) dövlət vəzifələri tutan və ya adını alim, ziyalı qoyan adamların çoxu – Azərbaycan torpaqları üzərində Ermənistan adlı bir dövlətin nə zaman, necə qurulduğunu bilmirlər.

Cəmil Həsənli yazır: “Cənubi Qafqazda Ermənistan dövlətinin yaradılmasında və tarixən azərbaycanlılara məxsus olan bir sıra ərazilərin dövlət ola bilmək üçün ermənilərə verilməsində Osmanlı siyasi dairələrinin fikirləri birmənalı deyildi. Birinci Dünya Müharibəsinin sonunda Türkiyənin siyasətini müəyyən edən baş nazir Tələt Paşa və hərbi nazir Ənvər Paşa Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını uyğun bilmirdilər...”

Sonra Cəmil bəy Ənvər Paşanın ərazi güzəştlərinə razılıq verən Xəlil Paşanın fikrinə etiraz edərək Vəhib Paşaya göndərdiyi peyğəmbəranə uzaqgörənliklə yazılmış teleqramından bir parçanı misal gətirir: “Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizə qaytardıqları ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna müvafəkar (müfaviqət – müsaidə etmə, razılıq vermə – S.R.) edəcəklərmiş.

Məncə, bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün Şərqdə bir Bolqarıstan daha yaranır ki, bu, bizim üçün Rusiyadan daha müzir bir düşmən olar”.

Ənvər Paşa Qafqaz türkləriylə Türkiyə arasında Gürcüstanın cənubundan və Naxçıvandan keçən torpaq əlaqələrini, sərhəd bağlılığını zəruri hesab edirdi. Ənvər Paşanın bu sözləri təsdiqini tapdı və təəssüf ki, dünyanın ermənipərəst siyasəti bu gün də davam edir. Ermənilər Yerevanı ələ keçirməklə kifayətlənmədilər, bu gün də Dağlıq Qarabağı işğal etmişlər.

14 fəsildən ibarət olan iri həcmli kitab (550 səhifə) 1917-ci ilin fevral inqilabından sonra Cənubi Qafqazda yaranmış vəziyyətdən, yəni bu bölgə uğrunda diplomatik mübarizələrdən başlayaraq 1920-ci ilin aprel işğalına qədərki qısa, ancaq tarixi və milli əhəmiyyəti baxımından son dərəcə dəyərli olan bir dövrün Azərbaycana aid bütün hadisə, sənəd, yazışma, müqavilə, diplomatik mübarizə, maraq və təbliğat işlərini gözdən keçirir. Bu qızılaxtaranların işi kimi, qeyri-adi dərəcədə çətin, div gücü istəyən bir zəhmətdir. Tonlarla torpaq ələməlisən ki, bir zərrə həqiqəti tapasan.

Trabzon və Batum konfransları, müstəqilliyin elan edilməsi, Bakının azad olunması uğrunda diplomatik mübarizə və müttəfiqlərin Bakıya daxil olması, Azərbaycan diplomatiyasının Paris Sülh Konfransı ilə bağlı fəaliyyəti, Azərbaycanın müsəqilliyinin Versal Ali Şurası tərəfindən tanınması, Azərbaycanın ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya və başqa dövlətlərlə əlaqələri və s. bir-birindən mürəkkəb mövzular kitabda sistemli şəkildə, dəqiq tarixi sənədlər və dəlillər əsasında, gözəl dillə şərh edilmişdir.

XX yüzil Azərbaycan tarixinin bu mühüm dövrü və problemi ötən əsrin səksəninci illərindən başlayaraq görkəmli alimlərimizin həmişə diqqət mərkəzində olmuş və həmin illərdəki axtarışlarının nəticəsi olaraq hələ 1993-cü ildə “Azərbaycan beynəlxalq münasibətlər sistemində: 1918-1920” kitabı ortaya çıxmışdı. Hələ o vaxt Cəmil Həsənli haqlı olaraq qeyd edirdi ki, “1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikasını yaradan şəxslər Azərbaycan millətinin şərəfini xilas etdilər, onu böyük bir təhlükədən qurtardılar”.

Yəni milli dövlətin elan edilib, qısa müddətdə də olsa qorunması Azərbaycanı məhvdən qurtardı, qədim dövlətçilik ənənələrimizi bərpa etdi; dövlət atributlarını yaratdı; Şərqdə ilk və ən demokratik idarəçilik sisteminin təməlini qoydu, milli ərazilərimizin bir hissəsinə sahib çıxdı, sərhədlərimizi müəyyənləşdirdi və s.

1993-cü ildə irəli sürülən bu fikirlərini müəllif yeni kitabında davam və inkişaf etdirir və bütün bu deyilənlərin əldə edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu xarici siyasətinin həlledici rol oynadığını göstərir.

Bu mürəkkəb dövrə aid müxtəlif dillərdə mövcud olan və dünyanın müxtəlif arxiv və kitabxanalarına səpələnmiş materialları toplamaq, ümumiləşdirmək, saf-çürük edib mətnə qoşmaq son dərəcə çətindir; sitatların, tarixi dəlillərin, faktların içində itib-batan bəzi “tarixçilərdən” fərqli olaraq, Cəmil bəy dövrün mənzərəsini o qədər aydın, məntiqli, anlaşılan, ardıcıl bir şəkildə şərh edir ki, kitab bədii əsər kimi oxunur.

Bu baxımdan tarix kitabları çox fərqlidir; “Tarixin atası” Herodotdan – “tarixin şairi” Lev Qumilyova qədər tarixi fakt və sənədləri öz “içində”, üslubunda əridib, hadisələri bədii əsər, nağıl, güclü dinamizm və dramaturgiya gərginliyi ilə yazanlarla yanaşı, hadisələri cansız şəkildə sadalayıb salnaməçilərdən uzağa getməyən tarixçilər də var.

Cəmil bəy birinci qism tarixçilərdəndir; sənəd onun əsərinin ruhunu təşkil etmir, sadəcə təhkiyyəsinə əlavə nəfəs və rəng qatır.

Fakt, dəlil-sübut, bəlgə zənginliyi ilə sadə ifadə qabiliyyətini – yəni dəlillə duyğunu bu dərəcədə kamil şəkildə birləşdirmək baxımından o, Azərbaycan tarixşünasları arasında xüsusi, əvəzsiz bir yer tutur.

Cəmil Həsənli çox və ardıcıl çalışması, zəhmətkeşliyi ilə seçilən bir alimdir, tarixşünaslığımızı zənginləşdirən kitabları bir silsilədir, bu əsrin bütün gizli və az öyrənilmiş səhifələrini açır və əslində – bütövlükdə XX yüzil Azərbaycan tarixini əhatə edir.

“Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945)”, “Cənubi Azərbaycan: soyuq müharibənin başlanması” (Azərbaycanca və rusca), Xruhevskaə “ottepelğ” i naüionalğnıy vortis v Azerbaydjane (1954-1959), “SSSR-Turüiə: ot neytariliteta k xolodnoy voyne (1939-1953)” və sair kitabları Cəmil bəyin son on ildə nə qədər gərgin və ardıcıl çalışdığını göstərməklə əsl tarixçi-alim üçün fəaliyyət sahəsinin nə qədər geniş olduğunu göstərir. Cənubi Azərbaycanın, Türkiyə tarixinin az öyrənilmiş sahələrini də ilk dəfə tədqiqata cəlb edən Cəmil müəllim olmuşdur.

Bu, təkcə tarixçilik işi deyil, həm də böyük vətəndaşlıq xidmətidir. Xaricdə, əslən Güneydən, İran türklərindən olan mühacirlərimiz arasında Cəmil Həsənliyə böyük sevgi və ehtiramın bir səbəbi də budur; o, tarixçilər arasında ilk dəfə Seyid Cəfər Pişəvəri hərəkatının əsl istiqlal savaşı olduğunu sübut etdi, xarici ölkələrdə onun kitabından alınan və bu həqiqətin təsdiqi olan sənədlər, bölmələr ayrıca kitabçalar halında nəşr edilib diaspora fəallarına çatdırıldı. Onun kitabı Doktor Zöhtabinin tarixiylə yanaşı Cənubi Azərbaycan gənclinyinin milli şüurunun oyanışında misilsiz rol oynadı.

Cəmil Həsənlinin yuxarıda adları çəkilən əsərləri Oğuz Türklərinin (Quzey və Güney Azərbaycan, Türkiyə) ümumi tarixinin XX yüzil mərhələsinin və bütövlükdə ümumtürk tarixinin yaradılmasında mühüm bir addımdır.

Gənclik illərindən başlayaraq Cəmil Həsənlinin gözəl, xeyirxah insan, arı kimi çalışqan alim, yorulmaz müəllim, vicdanlı ziyalı, itəkcə qələmiylə yox, gündəlik işi və mübarizəsiylə də xalqının azadlığı və müstəqilliyi uğrunda çalışan qorxmaz, cəsarətli vətən aşiqi, əsl xalq adamı kimi tanımış və sevmişəm.

Öz şəxsiyyətində və həyatında bu qədər gözəl xüsusiyyətləri ahəngdar bir şəkildə birləşdirən adamlarımız təəssüf ki, o qədər də çox deyil.

“Çil toyuğun tək yumurtası” kimi bir ortabab ya zəif disertasiyanın üstündə oturub, “alimlik” diplomuyla işlərini bitmiş sayan, “əzbərçi”, “təkrarçı” alimlərdən, millətin ən ağır günlərində də tükləri tərpənmədən ev-universitet və ya ev-Akademiya arasındakı marşrutlarını dəyişməyən bəzi kiflənmiş təfəkkür sahiblərindən fərqli olaraq Cəmil Həsənli gecə-gündüz millətin içində, mübarizənin və ya yeni tarixin episentrindədir.

O, təkcə tarixçi deyil, həm də onun yaradıcılarından biridir. O, həmişə çiynini yükün ağırının altına verib; Milli tarixin dəhşətli faciələrini ürəyi ağrıya-ağrıya, gözündən yaş tökə-tökə, acılara dözə-dözə yazıb. Bu igidliyini və dözümünü görən Allahımız onu şəxsi dərdlərlə də yükləyib, cavan övlad dərdiylə sınağa çəkib; amma Cəmil bəy dözüb – əyilməyib, sınmayıb. Bu qədər faciələr qarşısında varlığını qoruyan millətin aliminin də, hətta ən ağır dərd çəkəndə də sınmağa haqqı yoxdur – fəlsəfəsini dərk edib.

Çünki görülməli işlərimiz, deyilməli sözlərimiz çoxdur. Çünki Cəmil Həsənlinin ruhu və qələminə, Cəmil Həsənli xoşgörüşünə, təvazökarlığına və prinsipiallığına hələ çox ehtiyacımız var.

Sabir Rüstəmxanlı

"525-cii qəzet", 13.12.2009.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009