ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Şəxsiyyətlər > Sahibkarlar, mesenatlar > Hacı Zeynalabdin Tağıyev

Böyük mesenat, xeyirxah əməllər sahibi

Hacı Zeynalabdin Tağıyev

 

Azərbaycanın ən böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. Dövrünün təqdimatı ilə desək, atası içərişəhərli başmaqçı Tağı, anası isə bilgəhli Anaxanım olub.

Son dərəcə zəhmətkeş bir insan olan Tağı övladlarını da bu ruhda tərbiyələndirib. Atasının səhərdən axşamadək çalışdığını, onları ağır zəhmətlə dolandırıdığını görən Zeynalabdin ona kömək etmək istəyir.

Oğlunun bu qayğısından riqqətə gələn atası ona başmaqçılıq sənətini öyrətməyə çalışsa da, Zeynalabdin "Mən başmaqçı yox, bənna olacağam", - deyir. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı.

Beləliklə, bənnaçılıq sənətini öyrənmək istəyən balaca Zeynalabdin palçıq daşımağa başlayır. Palçıq çanağını güclə, ancaq yorulmadan daşımağının müqabilində, günəmuzd 6 qəpik alır. 15 yaşında daş yonmağa başlayan Zeynalabdin artıq 18 yaşında bənna kimi ad çıxarır.

Bir müddət belə çalışdıqdan sonra, 1873-cü ildə iki nəfərlə şərik olub, Bibiheybətdə yer icarəyə götürür. Ancaq şəriklərin bəxti gətirmir. Quyuların heç birindən neft çıxmır. Qismətlərinə neftsiz torpaq çıxdığını zənn edən şəriklər torpağı satmaq qərarına gəlirlər. Bu qərarla razılaşmayan Zeynalabdin şəriklərinin torpaq payını da özü alır.

Nəhayət, günlərin birində neft quyularından biri fontan vurur. Beləliklə, başmaqçı Tağının oğlu Zeynalabdin milyonçu Tağıyevə çevrilir.

Tağıyevin varidatı milyonlarla ölçülüb. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi.  

O, neft maqnatı kimi ad çıxarsa da, iqtisadiyyatın digər sahələrinə də maraq göstərib. Təbii ki, bu maraq, ilk növbədə, Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün yeni iş yerləri açmaq istəyindən qaynaqlanırdı. Bu mövqedən çıxış edən Tağıyev böyük balıq sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi və s. kimi obyektlər açdırır. Quba, Yevlax, Ənzəli, Rəşt ərazisində yerləşən meşələr onun ixtiyarında imiş.

Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir.  O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiya imperiyasında öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı.

Aqillərimiz "Elin gözü tərəzidir" deyiblər. El isə Zeynalabdin Tağıyevə "el atası" adını verib. Bu adı illərin sınağından çıxaran Tağıyevin xeyirxah əməllərinin yalnız bir neçəsindən söhbət açacağıq. Təbii ki, Şərqdə birinci dəfə Azərbaycanda açılan ilk qızlar seminariyası barədə də danışacağıq.

Tağıyev Bakıda müsəlman qız məktəbini açmaq üçün əvvəlcə imperator III Aleksandrdan icazə istəyib. Ancaq imperator müsəlman əyalına mənfi cavab verir. Azərbaycan qızlarını təhsilli görmək istəyən Tağıyev II Nikolay taxta çıxanda icazə üçün yenə cəhd göstərir.

1895-ci ildə Nikolayın tacqoyma mərasimi münasibətilə onun xanımı Aleksandra Fyodorovnaya son dərəcə bahalı bir hədiyyə bağışlayır və Bakıda Aleksandra Fyodorovnanın adına qız məktəbi açmaq üçün razılıq istəyir. 1896-cı ildə şifahi, iki il sonra isə rəsmi icazə alan Tağıyev ilk növbədə məktəb binasının inşasına diqqət yetirir. Binanın layihəsini məşhur polyak memarı Qoslovskiyə tapşırır. Ancaq Tağıyevin xalqına sonsuz məhəbbətdən irəli gələn bu təşəbbüsü heç də birmənalı qarşılanmır.

Xüsusən də, qaragüruhçu dindarlar arasında qız məktəbinin açılması ciddi etiraz doğurur. Tağıyev dönə-dönə "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar... İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan da doğulan uşaqlar özü-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə, ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz", - desə də, heç bir faydası olmur.

Naəlac qalan Tağıyev bu söz-söhbətlərə, qızları məktəbə gedən ailələrə qarşı təhqir və təqiblərə son qoymaq məqsədilə Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, Qahirəyə, İstanbula, Tehrana və s. yerlərə nümayəndələr göndərir.

Nümayəndələr bu şəhərlərin rəsmi din xadimlərindən imza və möhürlə təsdiqlənmiş sənədlər gətirirlər. Sənədlərdə göstərilir ki, müsəlman qızlarının müasir məktəblərdə təhsil almasında qəbahət heç nə yoxdur.

Buna baxmayaraq, qaragüruhçular yenə də Tağıyevi günahlandırmaqdan əl çəkmirlər. Ən nəhayət, günlərin birində Aleksandra Fyodorovna qız məktəbinin şagirdlərinin ona ünvanladıqları minnətdarlıq teleqramına cavab verir. Bu cavab qız məktəbinin açılmasına maneçilik törətmək istəyənləri sakitləşdirir.

Sara xanımın xatirələrindən məlum olur ki, Tağıyev kasıb qızların təhsil almasına şərait yaratmaq məqsədilə varlı qızların məktəbə qəbulunu məhdudlaşdırıb.

Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib, təhsil müddəti 4-5, daha sonra isə 6 il olan qız məktəbinin statusunu dəyişdirir. Məktəb "Qızlar seminariyası" adını daşıyır.O vaxt həbsxanalar Bayıl və Nargin adalarında yerləşirmiş.

Sara xanımın xatirələrindən məlum olur ki, həbsxanalarda yer olmadığına görə, hökumət məhbusları Sibirə gəndərmək qərarına gəlir. Bundan xəbər tutan dustaq ailələri xalqın ümid yeri olan Tağıyevə üz tuturlar. Tağıyev də dəyirman üçün nəzərdə tutduğu tikilini həbsxana kimi hökumətə icarəyə verir.

Tağıyev Səttarxan hərəkatına yaxından köməklik göstərib. Bu köməyin sorağı II Nikaloya da gedib çatır.

1908-ci ildə Bakıya bu məzmunda məktub göndərilir: "Qafqaz canişinliyindən aldığımız məlumata görə, Bakı sakini Hacı Zeynalabdin Tağıyev İrandakı inqilab hərəkatına maddi yardım göstərir. Yardımı kəsmək üçü müvafiq tədbirlər görülsün".

Buna görə sorğu-suala tutulan Tağıyev bildirir ki, onun inqilabçılarla heç bir əlaqəsi yoxdur. Sadəcə, o, yetim qalmış kimsəsiz uşaqlara, qoca və qadınlara yardım göstərir.

Azərbaycanda ilk teatr binasını da Tağıyev tikdirib. 1910-cu ildə "Tağıyev teatrı"nın 30 illik yubileyi yüksək təntənə ilə qeyd edilir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Tağıyev teatrında bərpa işləri aparılır. Sidqi Ruhulla, Hüseynqulu Sarabski və Mirzəağa Əliyev Mərdəkandakı bağ evində yaşayan Hacının yanına gedərək, onu teatrın açılışına dəvət edirlər. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxır, yeni hökumət nümayəndələri belə, o dövrün təbirincə desək, milli burjuaziyanın təmsilçisini sürəkli alqışlarla qarşılamaqdan çəkinmirlər. Bu münasibətdən son dərəcə mütəəsir olan Tağıyev göz yaşlarını saxlaya bilmir.

XX əsrin əvvəlində Azərbaycanda xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi ilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur.

Sovet hakimiyyətinin qurulması ilə milyonçuların həyatında məşəqqətli dövr başlayır. Hacının mülkləri əlindən alınır. Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilir.

Azərbaycanı işğal edən Qızıl Ordu əsgərləri milyonçuların şərəf və ləyaqətini alçaltmaq üçün hər vasitəyə əl atırlar. Bu münasibətlə, eləcə də, var-dövlətlərinin əlindən alınması ilə barışmayan milyonçular isə Vətəni tərk edirdilər.

Ancaq Tağıyev nə birincilərdən oldu, nə də ikincilərdən. Dostlarının israrlı çağırışlarına baxmayaraq, Tağıyev nəinki özünün, heç ailə üzvlərinin də Azərbaycandan ayrılmasına icazə vermir: "Mən heç bir məmləkətə mühacirət etmək fikrində deyiləm. Atamın, qohum-əqrəbamın qəbirləri harda, mən də orda olmalı və ölməliyəm".

O, ömrünün son gününə qədər Azərbaycanda yaşadı. Əvvəlki əzəmətlə, qürurla və alicənablıqla. Tağıyevin ömrünün son illərindən danışarkən, Nəriman Nərimanovun adını çəkməmək olmur. Bu illərdə Nəriman Nərimanov, sözün əsl mənasında, Tağıyevlər ailəsinin himayədarına çevrilir. Bakı milyonçularının evini talan edən Qızıl əsgərlər bir gün Hacının evinə də təşrif buyururlar. Bundan xəbər tutan Nərimanov Hacının evinə zəng edib, çağırılmamış qonaqları telefona çağırır - onlara özlərini yaxşı aparmağı və Hacını incitməməyi tapşırır.

Bütün varidatı, mülkləri müsadirə edilən Hacı ailəsilə birgə qohum evində qalmağa məcbur olur. Tağıyevə kömək etmək iqtidarında olmayan Nərimanov belə bir vasitəyə əl atır.

Həmişə millətin rifahı üçün çalışan Hacının mülklərinin birinin ona qaytarılmasını təvəqqe edən çoxlu sayda ərizə toplayıb, Moskvaya göndərir. Çox keçmir ki, Moskvadan bu məzmunda cavab gəlir: "Hacı Zeynalabdin Tağıyev ölənə qədər onun ailə üvləri ona məxsus olan bağında yaşaya bilərlər".

Bu icazə heç də Tağıyevləri gələcək bəlalardan hifz etmir. Ailəni hər an, ən azı, evsiz-eşiksiz qalmaq təhlükəsi gözləyir. Elə belə də olur...

Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat edir. Vəsiyyətinə görə, onu axund Hacı Abuturab Axundzadənin məqbərəsinin yanında dəfn edirlər.

Hökumət nümayəndələri Tağıyev ölən kimi icazənin mətnini əsas tutaraq, onları evdən çıxarmaq istəsələr də, Nəriman Nərimanovun sayəsində bu xəta sovuşur. Tağıyevlər ailəsinin faciəli günləri məhz Nəriman Nərimanovun vəfatından sonra başlayır. Onun ölüm xəbərini eşidən kimi Tağıyevlər evdən çıxarılır. Hər gün təqiblərdən, təhqirlərdən qorunmaq, yemək və yatmaq problemilə üzləşən ailə üzvləri pərən-pərən düşürlər.

Burada haşiyə çıxmaq istərdik. 

1980-ci illərin sonunda televiziyada Tağıyevin qızı Sara xanım haqqında bir veriliş efirə getdi. Gözünün nurunu itirən, güclə eşidən Sara xanım kimsəsiz, köməksiz bir vəziyyətdə idi. Bu o vaxt idi ki, sovetin dəmir qanunları artıq öz ömrünü çoxdan başa vurmuşdu; heç kim "xalq düşməni" axtarmırdı. Deməyim odur ki, heç kim Sara xanıma kömək etmək üstündə nəinki təqibə məruz qala, heç qınanıla da bilməzdi. Bu dəfə Sara xanım, sadəcə, soyuqluğun, biganəliyin acısını dadırdı.

Tağıyevlərin ailə üzvlərinin, demək olar ki, hamısının taleyi acınacaqlı olur. Tağıyevin iki ailəsi olub. Əmisi qızı Zeynəblə izdivacından üç övladı - İsmayıl, Sadıq və Xanım dünyaya gəlib. General Ərəblinskinin qızı Sona xanım isə onun ikinci həyat yoldaşıdır.

General-leytenant Balakişi Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd rus ordusunda müsəlmanlardan ibarət "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.

Tağıyevin övladları haqqında ayrı-ayrılıqda söhbət açmaq məramında deyilik. Ancaq gözəlliyi, zənginliyi, alicənablığı və səxavətilə ad çıxaran Sona xanım haqqında danışmamaq qeyri-mümkündür. Dönə-dönə məhbus həyatı yaşayan Sona xanımda sinir pozğunluğu yaranır. İçərişəhərdə sərgərdan həyat tərzi sürən Sona xanım ömrünün son illərində dilənirmiş də. Günlərin birində isə Sona xanım yoxa çıxır. General Ərəblinskinin qızı, milyonçu Tağıyevin həyat yoldaşı olan bu qadının necə, hansı şəraitdə dünyadan köçməsini heç kim bilmir. Bu gün Sona xanım ünvansız bir məzarda uyuyur.

Tarix insanlardan və dövrlərdən sədaqətli və həqiqətpərəstdir. İllər uzunu adı yasaqlanan Tağıyevi yada salanda, ilk növbədə tarixi materiallara köməyimizə gəlir.

Sağlığında şərəfinə mahnılar, şerlər qoşulan Tağıyev haqqında ən müxtəlif mənbələrdə məlumatla rast gəlirik.
Marağayi "İbrahim bəyin səyahətnaməsi" kitabında yazıb: ...Zeynalabdin Tağıyev öz dindarlığı və səxavətilə hamının hörmətini qazanmışdır. Allah belə müsəlmanları bizə çox görməsin".

Rus dramaturqu A.N.Ostrovski, görkəmli rus alimi D.Mendeleyevin Zeynalabdin Tağıyev haqqında xoş xatirələri var. Hər ikisi "təvazökar xadim", "ağıllı adam" kimi xatırladıqları Tağıyevin səxavətinə, genişürəkliliyinə heyran qalıb.

Yeri gəlmişkən, Hindistandan İngiltərəyə gedən bir ingilis zadəganı Bakıda olarkən, Tağıyevlə görüşür. Onun görünməmiş xeyriyyəçiliyinə, yüksək mədəniyyətinə, insanlığına valeh olan bu sərraf Hacının şəklini özü ilə Vətəninə aparır. Öz pulu ilə Edinburq şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlini ucaldır. Yeri gəlmişkən, bu, Qərbdə ucaldılan ilk azərbaycanlının heykəli olub.

Tağıyevlə bağlı xalqın yaddaşında qorunan xatirələr bu gün də canlı və maraqlıdır: deyilənə görə, Bakı varlıları ermənilərin mülk tikdirdiyini görüb, təşvişə düşürlər. Gedib Hacıya şikayət edirlər ki, "ermənilər özləri üçün cah-cəlal düzəldirlər. Onların qarşısını alın". Hacı cavab verir ki, "Qoy tiksinlər. Yeri düşəndə mən özüm də onları şirnikləndirirəm. Ermənilər gedəndə binaları özləri ilə apara bilməyəcəklər ki".

Tağıyev uzun illər işlətdiyi baltanı evinin ən görkəmli yerlərinin birində divardan asıbmış. Son dərəcə zəngin bir evin divarında bu hacətin asılması, çoxları tərəfindən təəccüblə qarşılanırmış. Hacı isə tövrünü pozmadan cavab verirmiş ki, "Hər gün bu baltanı görüb, keçmiş günlərimi yaddan çıxarmıram".

Tarixi mənbələrdən aydın olur ki, III Aleksandrın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını Tağıyev təmsil edirmiş. Tacqoymadan sonra III Aleksandr öz əyalları ilə tanış olur. Ətrafındakılar hamını bir-bir ona təqdim edirlər. Növbə Tağıyevə çatanda onun rusca başa düşmədiyini zənn edib deyirlər ki, əlahəzrət, bu şəxs vəhşi xalqın nümayəndəsidir. Tağıyev isə cavab verir ki, "Mənim xalqım vəhşi deyildir. Biz çoxəsrlik zəngin tarixə malikik".

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009