ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Azərbaycanın dövlətçilik tarixi > Qədim dövr və Ortaçağ

Qədim Azərbaycan dövlətləri:

Azərbaycan İslam dininin qəbulundan sonrakı dövrdə

Ən qədim dövrdən İslam dininin qəbuluna qədər

Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi - İran körfəzi regionuna daxil idi.

Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə idi. E.ə. IV minilliyin sonu - III minillikdə təşəkkül etmiş Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.

Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin dövlət idarəçiliyi qaydalarından faydanlandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.

Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.

Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etmələrində az rol oynamamışdı.

Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.

Qədim Azərbaycan dövlətləri:

 Manna

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur.

Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda - Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə - Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.

Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.

Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.

Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.

Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən bu tayfalar Böyük Qafqazın cənub ətəklərində - Şimali Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru - Manna ərazisinə və Anadolunun şərqinə də yayılmışdılar.

Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü türk toplumları da vardı. "Tarixin atası" Herodotun (e.ə.V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir. Herodotun yazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərlə qohum olan massagetlər də onlar kimi geyinir və onlarınkına bənzər həyat sürürdülər. Onlar yeganə bir allaha - Günəş allahına sitayiş edir, göydə sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan - atdan qurban verirdilər.

İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərində uğurla müdafiə etmişdilər.

Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran - Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi.

Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. "Məğluğedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü.

Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.

İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərində yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də əlverişli şərait yarandı. Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.

Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan torpaqlarını ələ keçirmək siyasətinə baxmayaraq dövlətçilik ənənələrimiz davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran imperiyasının uzunsüoən işğal rejimi, nə də Makedoniyalı İskəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyəti məhv edə bilmədi.

Makedoniyalı İskəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.

Atropatena

Atropatena dövləti ölkənin cənub vilayətini əhatə edirdi. Burada müstəqil Azərbaycan dövlətçiliyinin dirçəlişi əslində hələ İskəndərin yürüşündən xeyli əvvəl baş vermişdi. Süquta uğramış keçmiş Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çevrilmiş Azərbaycanın cənub torpaqlarını Əhəməni satrapı Atropat hələ Əhəmənilərin hakimiyyəti dövründə müstəqil surətdə idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və Atropatın adı ilə Atropat Midiyası, bəzən də Atropatiya və ya Atropatena adlanırdı.

Uzaqgörən siyasətçi və məşhur sərkərdə olan Atropat III Daranın İskəndərə qarşı çıxardığı Əhəməni qoşunlarının ön dəstələrinə - əsas zərbə qüvvəsinə başçılıq edidi. Bu qüvvələr əsasən Azərbaycanın şimal və cənub torpaqlarından toplanmış hərbi dəstələrdən ibarət idi. III Daraya qalib gəldikdən sonra Atropatın sərkərdəlik istedadına və hərbi-siyasi nüfuzuna bələd olan İskəndər onunla toqquşmaq fikrindən daşındı və Azərbaycan hakimi ilə yaxınlaşmağı daha üstün tutdu. Beləliklə, Makedoniyalı İskəndərin işğalları Azərbaycan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ilə bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, öz yurdunu - Atropatenanı yunan-Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlətə çevirdi.

Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub rayonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı.

Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə yanaşı, hüquq normlarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.

Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən bəhrələnən Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları bütün regionda ən güclü şərbi qüvvələrdən biri hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə Atropatena 40 min piyada və 10 min suvari çıxarmışdı.

Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e.ə. 27 - eramızın 14-cü illərri) diplomatik danışıqlar aparmışdılar. Roma imperatoru Kiçik Asiyadakı qonşu erməni çarlığının idarə olunmasını da Atropatena hökmadarlarına tapşırmışdı. Atropatenanın hərbi-siyasi qüdrətindən ehtiyat edən erməni çarları bu dövlətlə münasibətləri pozmağa çalışırdılar. Bu məqsədlə də hələ eməni çarı Tiqran öz qızını Atropatena hökmdarı Mitridata vermişdi. Sonralar erməni çarlığı Atropatenadan asılı hala düşmüş və Atropatena hökmdarları tərəfindən idarə olunmuşdu.

Albaniya

Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru - Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.

Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı.

Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniyada özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi.

Ölkədə yaşayan və sayları getdiycə atmaqda olan türk etnosları dövlətin həyatında mühüm rol oynamışdır. Aya, Göyə, Günəşə, tək Allaha - Tanrıya sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.

Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər. Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min süvari) aşmışdı.

Albaniya hökmadarlarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi. Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz pulları vardı. Öz dövrü üçün möhkəm və təkmil dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.

Ölkə başqa dövlətlərlə də geniş ticarət əlaqələrinə və siyasi münasibətlərə malik idi. Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlaya bilmşdi.

Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də geniş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş əlaqələr saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq yollarının Albaniyadan keçməsi ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir göstərirdi.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Dözülməz işğal rejimi və təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi.

İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyanın tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin "Dəmir qapı" adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından (Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də Hun beli adlandırır - Y.M.) keçərək yayılmışdılar.Oğuz müqəddəs Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ilə "Bayat qapısı" adlanması bunu sübut edir.

Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən oğuzlar ümumtürk məkanının şimalı ilə cənuunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən bu mühüm keçidi - "Dəmir qapı"nı daim əllərində saxlamağa çalışırdılar.

Başqa ilk mənbələrlə yanaşı, Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı "Kitabi-Diyarbəkriyyə" adlanan oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir.

Göstərilən müəllif Uzun Həsənin böyük babası - Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.

"Kitabi-Diyabəkriyyə"nin müəllifi Oğuzun nəvəsi Xanlar xanıBayandır xaqanında "Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü", burada "böyük bir qurultay çağırıb, məmələkəti oğlanları arasında qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul etdiyini" yazır.

Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki sərhədlərdə "kafirlərlə müharibə etmiş" və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu "kafirlərin" əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası uğrunda "kafirlər"lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.

"Kitabi-Dədə Qorqud" boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründə və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub çaxladığını da sübut edir.

Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi.

Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ vahid təkallahlı Dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənblu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar. 

Azərbaycan İslam dininin qəbulundan sonrakı dövrdə

VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.

Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türk-müsəlman əhali, o cümlədən islam dinini qəbul etmiş albanlar; bir də, azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian əhali, o cümlədən islam dinini qəbul etməmiş albanlar.

Elə bu vaxtdan da erməni və gürcü kilsələrinin Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi. Azərbaycan islamla xristianlıq arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. Zaman keçdikcə, Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşdırılmağa və erməniləşdirilməyə başladı. Azərbaycanın şimal-qərb torpaqlarında yaşayan xristian-alban əhalini isə gürcü kilsəsi öz təsir dairəsinə salmağa çalışırdı.

Beləliklə, Albaniyada baş vermiş dini ayrılıq nəticəsində erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlanırdı. Qonşuların yeritdiyi siyasətin mahiyyəti belə idi: xristian albanları əvvəlcə erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə onların yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək.

Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

Bəhs olunan dövrdə Azərbaycanın şimal-qərbində - Tiflisə qədərki Azərbaycan torpaqlarında isə Şəki dövləti meydana gəldi. Şəkidən qərbdə paytaxtı Tiflis olan daha bir müsəlman dövləti - Tiflis müsəlman əmirliyi də vardı. Şəki hakimləri Albaniya hökmdarı titulunu daşıyır və Albaniya dövlətinin varisləri kimi çıxış edirdilər.

Digər Azərbaycan dövlətlərindən fərqli olaraq Şəki dövlətinin ərazisi islamla xristianlıq arasında kəskin qarşıdurma məntəqəsinə çevrilmişdi. Bu Azərbaycan dövlətinin ərazisində xristianlıqla yanaşı İslam dini də yayılmışdı və onun təsir dairəsi getdikcə genişlənməkdə idi. Şəki hakimləri çox mürəkkəb şəraitdə, gürcü feodallarının xristian albanları gürcüləşdirmək məqsədi güdən işğalçılıq yürüşlərinə qarşı mübarizə aparır, Azərbaycan torpaqlarının şimal-qərb sərhədlərini uğurla qoruyub saxlayırdılar.

Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş ver-məkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

Sacilər dövləti

Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir zamanda türk dili artıq bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan verə biləcək tarixi nailiyyət idi.

IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi.

Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin Bizans imperiyası tərəfindən himayə olunan erməni və gürcü feodallarını məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud" dastanları, demək olar ki, bütün Azərbaycan torpaqlarında yayıldı.

Beləliklə, 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, İslam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.

Məhz bunun nəticəsində Ərəb xilafətinin zəifləməsindən istifadə edən erməni, gürcü və Bizans təcavüzkarlarından ibarət vahid xristian blokunun Azərbaycan torpaqlarını işğal etmək planları puça çıxdı. Xəzər dənizi vasitəsilə tez-tez basqınlar edən slavyan-rus müdaxiləçiləri də Azərbaycanda möhkəmlənə bilmədilər. Ümumi düşmənlərə qarşı mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin-islamın ölkə əhalisinin qaynayıb-qarışmasına, qohumlaşmasına, ümumi adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi.

Bununla belə, Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan dövlətlərindən heç birinin uzun tarixi dövr ərzində ölkənin bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Bu zaman Xilafətin zəifləməsindən istifadə edərək islama qarşı vahid cəbhədə birləşmiş Bizans imperiyası, erməni və gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycana qarşı çevirdi.

Səlcuq imperatorluğu

Məhz bu dövrdə - XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti oğuz-türk dövlətinin - Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.

Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslanın Məlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan xristian bloku (Bizans imperiyası, erməni və gürcü feodalları) üzərində qəti qələbə çaldı.

Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planları puça çıxdı. Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. Xristian amili, ümumiyyətlə, Cənubi Qafqazda tənəzzülə uğradı.

Səlcuq axınları nəticəsində oğuz türkləri, ümumiyyətlə türklük, bütün Cənubi Qafqazda və Ön Asiyada, qəti olaraq, başlıca etnik-siyasi amilə çevrildi. Türk-islam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan sonrakı tarixində uzun müddət müəyyənedici rol oynadı.

Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar. Eyni kökdən olan və islamı qəbul etmiş oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar.

Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk və qeyri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı.

Azərbaycan türk dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və anlaşıqlı Azərbaycan türk dili məhdud dairədə fəaliyyət göstərən xırda-məhəlli dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan türk dilində nadir yazılı ədəbi nümunələrin meydana gəlməsi üçün zəmin yaratdı.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.

Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir memarlıq abidələri ucaldıldı. Azərbaycan İntibah mədəniyyəti özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı.

Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycanın dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan türklərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi.

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı.

Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. Azərbaycan uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. Bu böyük türk-islam imperiyalarının bir çoxunu məhz Azərbaycan - türk sülalələri idarə edirdilər.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. 

Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Ağqoyunlu dövləti

Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.

Uzaqgörən dövlət xadimi ölkənin iqtisadi qüdrətini artırmaq üçün xəzinəyə vergi ödəyən əhalinin vəziyyətini yaxşılaşdırmağa, oturaq təsərrüfat sahələrini inkişaf etdirməyə, dövlət məmurlarının özbaşınalığına və iri tayfa başçılarının hərbi-siyasi müstəqilliyinə son qoymağa çalışırdı.

Uzun Həsən məmləkətdə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızını isə Şeyx Heydər Səfəviyə verməklə məmləkətdə yaxınlaşmaqda olan məzhəb parçalanmasının qarşısını almağa, ağqoyunlularla səfəvilər arasında barışıq yaratmağa çalışırdı.

Dünya hərb sənətində baş verən dəyişiklikləri diqqətlə izləyən görkəmli sərkərdə güclü nizami ordu yaratmağa çalışır, muzdla xidmət edən piyada qoşunların sayını artırır, odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün hazırlıqlar görürdü. Bu məqsədlə o, İtaliyadan toptökən ustalar və hərbi mütəxəssislər dəvət etmişdi.

Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırtmışdı.

Uzun Həsən dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artmışdı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratmışdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar.

Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası - o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.

 

Səfəvi dövləti

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.

Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi.

Şah sarayında Ali məşvərət məclisi və ya Ali səltənət şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi.

Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı.

Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı.

Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan ağqoyunlular dövründə olduğu kimi, səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.

Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009