Azərbaycançılıq > Azərbaycançılıq və milli-əxlaqi dəyərlər
Novruz milli irsimizin yaddaşıdır
Azərbaycan xalqının böyük bayramlardan biri Novruzdur. Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər.
Qərinələr və yüzilliklər dolabında bu nəğmə və mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənə və etiqadlarla cilalanıb ritmi səhv düşəni, yenidən düzülüb qoşulanı da olub.
Ancaq xalq bayram təntənəsinin ahənginin pozulmasına yol verməmiş, onu özünün qüdrətli dünyasını əks etdirən yallılar, coşqun rəqslər, rəngarəng xalq oyunları, ibrətamiz meydan tamaşaları ilə bəzəmişdir. Xalqımız hər il bu bayramı yazın ilk günlərində, gecə ilə gündüzün bərabərləşdiyi bir məqamda - mart ayının 20-dən başlayaraq həmin ayın 21-22-də (köhnə təqvimlə fərvərdin ayının 7-8-9-da) keçirmişlər.
Novruz qədim Azərbaycan torpaqlarında, eləcə də Türküstan və İran xalqları içərisində çox qədimdən keçirilən əzəmətli yaz bayramlarından biri kimi tarixin yaddaşında yaşamaqdadır. Bir sıra tarixi qaynaqlar və mənbələrdə Novruz barədə dəyərli məlumatlar günümüzə qədər gəlib çatmışdır. "Avesta"da Novruzun zərdüştlükdən çox-çox əvvəllərdə Muğanda geniş şəkildə bayram edildiyi qeyd olunur, bolluğa, qüdsiyyətə sitayiş bayramı hesab olunur.
Novruzun adı, yaz bayramı kimi keçirilmə tarixi, mənşəyi ilə bağlı günümüzə müxtəlif tarixi faktlar, mif və əfsanələr gəlib çatmışdır. Onlara görə Novruz - Turan və İran torpağında insanın yeni həyata başladığı təzə gün hesab edilir. Bayram rituallarından çıxış etsək, görərik ki, həmin gün insanın əkinçilik mədəniyyətinə qovuşduğu, torpağa ilk toxumu atıb ondan məhsul götürdüyü, insanın birinci dəfə əkinçilik məşğuliyyətinə başladığı gündür.
Novruz haqqında daha mükəmməl təsvirlər, məlumatlar XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biraninin (973-1048) "Qədim xalqlardan qalmış yadigarlar", "Qanuni-məsudi", "Ət-təfhim" əsərlərində, Ö.Xəyyamın (1045-1131) "Novruznamə"sində, yenə ərəb tarixçisi Nizamül-Mülkün "Siyasətnamə" əsərlərində vardır. Ö.Xəyyam "Novruznamə"sində yazırdı: "Cəmşid bu günü (Fərvərdin ayının əvvəlini - A.N.) Novruz adlandırılması barədə fərman verdi. Hər il fərvərdinin başlanğıcını bayram etməyi, yeni ili həmin gündən hesablamağı əmr etdi".
Yaxud başqa bir mənbədə rəvayət olunur ki, İran və Turan övladı Keykavus oğlu Səyavuş Əfrasiyabın ölkəsinə qonaq gəlir, Əfrasiyab onu yaxşı qarşılayır, qızını ona verib Səyavuşla dost olur. Səyavuş Əfrasiyab ölkəsində özündən yadigar Buxara bazarını tikdirir. Lakin düşmənlər Əfrasiyabla Səyavuşun arasını vururlar. Əfrasiyab Səyavuşu öldürtdürüb Buxara hasarının üstünə atdırır. Atəşpərəstlər isə onu Şərq darvazası ağzında dəfn edirlər". Səyavuşun dəfn edildiyi gün Novruz adlandırılır.
Novruzun qədimdən bayram edilməsi Şərqin mötəbər ədəbi mənbələrində də öz əksini tapmışdır. Ə.Firdovsinin "Şahnamə"sində bu bayramın çox qədimdən mart ayının əvvəlində keçirildiyi göstərilir. N.Gəncəvinin "İsgəndərnamə"sində, Ə.Nəvainin "Səddi-İsgəndəri"ndə bizim eradan 350 il əvvəl Novruzun xalq arasında böyük şənliklərlə keçirildiyi göstərilir. Təsadüfi deyildir ki, "İsgəndərnamə"də İsgəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz bayramı günü idi.
Azərbaycan mifologiyasının bizə gəlib çatan başqa bir əsatirində isə Novruzun bayram edilməsi daha erkən təsəvvürlərin mirası kimi yaddaşlara həkk edilmişdir. >>>