Azərbaycan dünyada > Avroatlantika kursu > Avropa Birliyi
Azərbaycan-Avropa Birliyi münasibətləri
(ümumi məlumat)

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini Avropa Birliyi ilə (Azərbaycan hökuməti rəsmi leksikonda "Avropa İttifaqı" ifadəsindən istifadə etdiyi üçün bu materialda həmin ifadə (Aİ) saxlanılıb - red.) əməkdaşlıq təşkil edir.
Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.
Avropa İttifaqı öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərib. Azərbaycan isə Avropa İttifaqında öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır. Hazırda (2009-cu il - red.) Azərbaycan Respublikasının Aİ yanında Daimi Nümayəndəsi vəzifəsini Fövqəladə və Səlahiyyətli Səfir Arif Məmmədov yerinə yetirir.
7 iyul 2003-cü il tarixində Avropa İttifaqının regiondakı rolunun daha da aktivləşdiliməsi məqsədilə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olundu. Hal-hazırda bu vəzifəni Heyki Talvitye (Finlyandiya) icra edir.
Aİ üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) (22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmışdır) qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.
Müqavilənin məqsədləri aşağıdakılardır:
-
Müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi;
-
Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi;
-
Ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlıq;
2004-cü ilin 17-18 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqına on yeni üzvün qoşulması ilə əlaqədar olaraq TƏS-ə Əlavə Protokol imzalanmışdır.
TƏS-də nəzərdə tutulduğu kimi, Aİ-Azərbaycan Əməkdaşlıq Şurası (iclasları illik keçirilir) əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və Əməkdaşlıq Komitəsi (iclasları illik keçirilir) Şuraya tövsiyyələr verməklə kömək edir. Ticarət və İnvestisiya Məsələləri üzrə Alt Komitə isə Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir və TƏS əsasında ticarət, investisiya və iqtisadi əməkdaşlığa dair digər məsələləri müzakirə edir.
2004-cü ildə AB ilə Azərbaycan arasında Energetika və Nəqliyyat məsələləri üzrə ayrıca alt komitə təsis edilmişdir.
12 may 2004-cü il tarixində Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə (AQS) dair Strategiya Sənədini qəbul etmişdir. Sözügedən sənəddə Avropa Komissiyası (AK) Azərbaycan, Ermənistan və Gürcüstanın bu siyasətə daxil edilmələrini Avropa İttifaqı Şurasına tövsiyə edir. AK-nın tövsiyəsinə 2004-cü ilin iyunun 14-də Aİ-nin Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının iyunun 17-18-də Brüsseldə keçirilmiş iclası zamanı Azərbaycan, Gürcüstan və Ermənistanı qeyd edilən siyasətə daxil etməyi qərara almışdır.
Avropa Qonşuluq Siyasətinin Azərbaycan üçün yaratdığı imkanlar:
-
siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq imkanı;
-
parallel olaraq, vətəndaşların, əmtəənin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya prosesləri;
-
Aİ ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s.
Avropa Qonşuluq Siyasətinin Strategiya Sənədinə əsasən, Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət Planları olacaqdır (3-5 illik dövrü əhatə edəcək). Fəaliyyət planlarında Aİ ilə ikitərəfli münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
AQS-yə görə, bu prioritetlər aşağıdakılar ola bilər:
siyasi dialoq və islahat;
tərəfdaşların tədricən Aİ daxili bazarında paya sahib olmalarına şərait yaradan ticarət və tədbirlərin görülməsi;
ədliyyyə və daxili işlər;
enerji, nəqliyyat, informasiya, cəmiyyət, ətraf mühit, tədqiqat və innovasiya, və s.
Avropa İttifaqı TACİS proqramı çərçivəsində müvafiq texniki və ekspert köməyi vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir. TACİS proqramı (MDB ölkələrinə texniki yardım) 12 keçmiş Sovet İttifaqı dövləti və Monqolustana texniki yardım dəstəyini təmin etmək üçün 1991-ci ildə yaradılmışdır.
TACİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. TACİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri TRACECA və İNOGATE-dir.
TACİS proqramı bir çox proqram və layihələrə maliyyə və texniki dəstək göstərməkdədir. Bundan əlavə, sözügedən maliyyə yardımı həmçinin Yoxsulluğun Azaldılması üzrə Milli Proqramın həyata keçirilməsində də istifadə olunur. Bu sahədə ölkəmiz idarəetmə, iqtisadi inkişaf, investisiya mühitinin yaradılması, ətraf mühitin qorunması sahəsində bir sıra qanun islahatları aparmışdır. Əsas məqsədlərdən sayılan yoxsulluğun azaldılmasına dair, orta müddətli iqtisadi inkişaf, maliyyə siyasətindəki yeni addımlar TACİS qarşısında həyata keçirilən öhdəliklərdəndir. Ölkəmizin bu sahədə TACİS Milli Koordinatoru İqtisadi inkişaf naziridir.
2007-ci ilədək Aİ tərəfindən ölkəmizə aşağıdakı sahələrdə 2004-sü ilə qədər 430 mln avro məbləğində maliyyə yardımı edilmişdir:
-
qaçqın və məcburi köçkünlərə ərzaq yardımı;
-
enerji layihələri, nəqliyyat, nüvə və ərzaq təhlükəsizliyi, infrastruktur islahatları;
-
müharibə nəticəsində ziyan çəkmiş bəzi ərazilərin bərpa olunması (Füzuli rayonundakı dəmiryol stansiyası, elektrik otürücülərinin yenidənqurulması, içməli su və suvarma sisteminin bərpası, məktəblərin təmiri).
Bunula əlaqədar yoxsulluqla mübarizə və iqtisadi inkişafa dair (2003-2005) dövlət proqramı, turizmin inkişafı (2002-2005), müxtəlif regionların sosial-iqtisadi inkişafı (2004-2008) və həmçinin informasiya texnologiyalarının inkişafına dair (2003-2012) dövlət proqramlarını qeyd etmək olar. Bu proqramların başlıca məqsədi qeyri-neft sektorunun inkişafı və Azərbaycandakı müxtəlif regionların iqtisadi inkişafını nəzərdə tutur.
2004-2006-cı illər üçün TACİS proqramı çərçivəsində Azərbaycana 30 mln avro məbləğində yardım nəzərdə tutulubdur. Bu xüsusda, təşkilatı, hüquqi, idarəçilik islahatları üçün 17 mln avro və iqtisadi inkişaf və özəl sektora dəstək sahəsində isə 13 mln avro məbləğində maliyyə yardımın edilməsi planlaşdırılır. Bundan əlavə, 2004-2006-cı illər üçün Aİ tərəfindən yalnız ərzaq təhlükəsizliyi məqsədləri üçün əlavə 30 mln. avro məbləğində vəsait ayrılacaqdır.
Ümumiyətlə 2000-2006-cı illər üçün nəzərdə tutulan texniki yardım proqramı 2 sahəni - dövlət və özəl sektor (sosial məsələlər daxil olmaqla) - əhatə edən bir proqramdır. Dövlət sahəsində proqram çərçivəsində gömrük və vergi sisteminin müasirləşdirilməsi, idarəçilik, demokratiya və insan hüquqları sahəsində islahatların davam etdirilməsi, ekologiya və ətraf mühitin davamlı inkişafının təmin etdirilməsi, pensiya sisteminin beynəlxalq standarlar ilə uyğunlaşdırılması, sosial vəziyyətin yaxşılaşdırılması kimi məsələlər nəzərdə tutulur. Əlavə olaraq TEMPUS proqramı çərçivəsində təhsil sistemində də islahatların aparılmasına yardım planlaşdırılır.
TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Brüsseldə 1993-cü ilin mayında keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəqliyyat nazirlərinin Konfransında təsis olunmuşdur. Bu təşkilatın məqsədi - qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və üzv dövlətlər arasında sonrakı regional əməkdaşlığı stimulə etməkdən ibarətdir.
8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan prezidentlərinin təşəbbüsü və Aİ-nın TACİS-TRACECA proqramının dəstəyi ilə "Tarixi İpək Yolunun bərpası" adlı beynəlxalq konfrans keçirilmişdir. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər.
Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tajikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın "Avropa-Qafqaz-Asiya Nəqliyyat Korridorunun inkişafı üçün əsas Beynəlxalq Nəqliyyat çoxtərəfli Müqavilə" (Əsas razılaşma) və Əsas Razılaşmanın əsasında olan Texniki Əlavə sənədlər:
-
beynəlxalq dəmiryol nəqliyyatı;
-
beynəlxalq yol nəqliyyatı;
-
beynəlxalq kommersiya dəniz gəmiçilik naviqasiyası;
-
gömrük prosedurları və sənədlərin təhvili.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əsas razılaşma və Texniki Əlavələrin Depozitarıdır.
Əsas razılaşmanın müddəalarının tətbiqi və icrası ilə bağlı məsələlərin tənzimlənməsi üçün üzv dövlətlər Hökumətlərarası Komissiyanın (HK) yaradılması razılığına gəlmişlər. HK üzv-dövlətlərin nümayəndələrinin təmsilçilyi əsasında Əsas razılaşmaya əsasən yaradılmış və qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.
21 fevral 2001-ci ildə Avropa İttifaqının yüksək rəsmilərinin iştirakı ilə HK TRACECA Daimi Katibliyinin Ofisinin Bakıda açılışı keçirilmişdir. İştirakçılar arasında Xarici İşlər Naziri, İsveçin Aİ-dakı sədrliyinin nümayəndəsi Anna Lind, Aİ-nin Xarici Münasibətlər üzrə Komissarı Kristofer Patten, Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xavyer Solana olmuşdur.
TRACECA layihəsi Azərbaycanla 25 texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini dəstəkləyir ki, bu layihələrin 26-da Azərbaycanın payı ümumilikdə 100 milyon avro məbləğindən də artıqdır.
İNOGATE (Avropaya dövlətlərarası neft və qaz ixracı) Aİ-nın yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional təşəbbüsdür. 1999-cu ilin iyul ayında 15 dövlətin (Azərbaycan da daxil olmaqla) iştirakı ilə imzalanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Çərçivə Sazişi İNOGATE-nin əsas hüquqi bazasını təşkil edir.
Proqramın 1-ci fazası ümumi məbləğı 50 milyon avrodan artıq olan 10 layihənin həyata keçirilməsini nəzərdə tutur ki, bu layihələrdən 5-i bilavasitə Azərbaycanla əlaqədardır. İNOGATE yeni müstəqil dövlətlər və Azərbaycana münasibətdə trans-sərhəd layihələrinin həyata keçirilməsi üçün yeni perspektivlər yaradır və hidrokarbon mənbələrinin tranziti ilə bağlı beynəlxalq razılaşmaların üstünlükləri əsasında beynəlxalq maliyyə institutları və xüsusi investisiya fondları tərəfindən investisiyanın cəlb edilməsi məqsədləri üçün katalizator rolunu oynayır.