ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Tarixi yaddaş

 

       Tarixin ən böyük və ən təhlükəli yalanı

Yaqub Mahmudov,
əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü,
Tarix İnstitutunun direktoru

Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarından, dövlətimizin getdikcə güclənməsindən və ümumiyyətlə, türk dünyasının dirçəlişindən təşvişə düşən ermənilər uydurma "Böyük Ermənistan" təbliğatını daha da genişləndirmiş, həm də yeni müstəviyə keçirmişlər. Erməni təbliğat maşınının növbəti çirkin niyyəti türk dövlətləri və xalqları arasındakı tarixi qardaşlıq və dostluq əlaqələrinə zərbə vurmaq, mümkün olduqca onların yaxınlaşmasına yol verməməkdir. Qələmə almaq nə qədər acı olsa da, erməni millətçiləri bəzən bu bəd niyyətlərinə nail ola bilirlər.

Məsələn, Qazaxıstan və Moskva alimlərinin birlikdə nəşr etdikləri və yenicə çapdan çıxmış "Turan" atlasında (Almatı-Moskva, 2008) olduğu kimi. Dünya türkləri üçün doğma olan Turan adını daşıyan bu atlas türk dünyasının tərkib hissəsi olan Azərbaycanın tarixinə olduqca ağır və gözlənilməz zərbə vurmuşdur. Başqa sözlə, "Turan" atlası Turana ağlasığmaz xəyanətdən başqa bir şey deyildir. Qazax qardaşlarımız 5000 illik dövlətçilik tarixi və Turanın tərkib hissəsi olan Azərbaycanın çoxsaylı qüdrətli dövlətlərinin heç birinə "Turan" atlasında yer tapmadıqları halda, "Böyük səxavətlə" və çox hallarda mətləbə heç dəxli olmadan, özü də tarixi xronologiyanı kobud şəkildə pozaraq uydurma "Böyük Ermənistan" xəritəsini təkrar-təkrar "Turan" atlasına daxil etmiş və bununla tarixi Azərbaycan torpaqlarını ermənilərə "bağışlamışlar".

"Turan" atlasının hazırlanmasında Azərbaycana qarşı olan barmaqlar nə qədər güclü işləyibsə, hətta atlasın redaksiya heyəti və müəlliflərinin "minnətdarlıq" etdikləri çoxsaylı təşkilatların sırasında ölkəmizin heç bir elmi müəssisəsinin adı yoxdur, daha doğrusu, atlasın hazırlanmasında Azərbaycanın elmi müəssisələrindən heç birinə müraciət olunmamışdır. Yeri gəlmişkən, "Turan" atlasının hazırlanmasına görə qazax və Moskva alimləri ancaq İran İslam Respublikasının Qazaxıstandakı səfirliyinə minnətdarlıq bildiriblər. Belə çıxır ki, "Turan" atlasının müəllifləri üçün Turan məsələsi ancaq Qazaxıstan - Rusiya - İran məsələsidir?! "Turan" atlasının nəşri sübut edir ki, Turan xalqları öz tarixinin təbliğinə və tarixi haqqının qorunmasına Qərb ölkələrindən daha öncə Turan dünyasından başlamalıdırlar! "Böyük Ermənistan" uydurması barədə növbəti yazım olan bu məqaləni qələmə almağım da elə bununla bağlıdır.

"Böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməyən və yalançı "erməni soyqırımı"nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevrilmişlər. Dünyanın hər yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının geniş maliyyə imkanları, Qriqorian kilsəsinin istiqamətverici və təşkilatçılıq rolu, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya siyasətinə təsir göstərməsi sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyə çevrilmişdir.
200 ildən artıq bir müddət ərzində Azərbaycan və Türkiyə torpaqlarında qanlı terror əməlləri, soyqırımları həyata keçirmiş ermənilərin hazırda dünyada onlarla iri terrorçu təşkilatları və çoxsaylı terror qrupları fəaliyyət göstərir.

Böyük dövlətlərin ikili standartlar siyasəti və "xristian təəssübkeşliyi" terrorçu-separatçı erməni qruplaşmalarının fəaliyyəti üçün əlverişli şərait yaradır. Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımlarını özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi arasındakı geniş torpaqları əhatə etmiş uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar. Terrorçu-işğalçı erməni qruplarının əsas hədəfi Azərbaycan və Türkiyədir. Müasir mərhələdə Dağlıq Qarabağla bağlı işğalçılıq niyyətlərini həyata keçirməyə çalışan ermənilər, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycana qarşı total hücuma keçmişlər. Erməni millətçiləri tarixi saxtalaşdırmaqda da yeni mərhələyə qədəm qoymuş, Azərbaycan tarix elminə hücumlarını daha da genişləndirmişlər. Təbriz və Ərdəbil də daxil olmaqla tarixi Azərbaycanın cənub torpaqlarını uydurma "Velikaya Armeniya"nın tərkib hissəsi hesab edən ermənilər indi daha da "dərinə" getməyə başlamışlar.

Erməni millətçiləri hazırda Arazdan cənubda - qonşu İran İslam Respublikasının ərazisində öz ata-baba torpaqlarında yaşayan və özlərini bu gün də "türk" adlandıran azərbaycanlı qardaşlarımızı Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ("gəlmə köçəri türklərdən") tamamilə fərqli olan bir xalq kimi qələmə verməyə başlamışlar. Onların iddiasına görə, Cənubda yaşayan azərbaycanlılar guya Şimalda yaşayan qardaşlarından fərqli olaraq vaxtı ilə İran dillərindən birində danışmış olan azərilər adlanmış xalqın nəsilləridir və sonradan, XV-XVI əsrlərdə, onların dilləri kütləvi surətdə zorla dəyişdirilib. Və bundan sonra onlar Azərbaycan-türk dilində danışmağa başlamışlar.

Sən demə, Cənubda yaşayan soydaşlarımız - cənubi azərbaycanlılar "genetik baxımdan da bizə deyil, ermənilərə daha yaxın bir xalq" imiş. Yerevan Dövlət Universiteti İranistika kafedrasının müdiri professor Q.Asatryanın bununla əlaqədar verdiyi "açıqlamaya" görə ermənilərin bu istiqamətdə apardıqları tədqiqatların nəticələri, artıq indidən sübut edir ki, onların (yəni ermənilərin) Cənubi azərbaycanlılarla antropoloji parametrlərinin çoxu eynidir; "azərilər (Cənubi Azərbaycan türkləri nəzərdə tutulur - Y.M.) genetik baxımdan özlərinin Azərbaycan Respublikasındakı soydaşlarındansa ermənilərə daha yaxındırlar" (www.golos.am; 8 iyul 2006-cı il).

Mətləb aydındır: erməni saxtakarları tarixi Azərbaycanın Arazdan cənubdakı torpaqlarını öz saxta "tədqiqatlarında" "özününküləşdirdikdən" sonra, indi də həmin ərazidə yaşayan Azərbaycan türklərinin mənşəyini saxtalaşdırmağa başlamışlar. Guya "Velikaya Armeniya"nın tərkib hissəsi olmuş Cənubi Azərbaycan torpaqlarının əhalisi də bizimlə, yəni Şimali Azərbaycan türkləri ilə deyil, ermənilərlə bir kökdən imiş!?

Narahatçılıq doğuran budur ki, artıq Azərbaycan Respublikasında müxtəlif yollarla "Böyük Ermənistan"ın guya həqiqət olduğunu təsdiq edən xəritələr və kitablar da nəşr olunmağa başlamışdır. Eyni fikirlər burada da səslənir. Bundan əlavə, ölkəmizdə xristian missionerlərinin fəaliyyəti güclənmişdir. Azərbaycandan olan bəzi alimlərin yaxından köməyi ilə əcnəbilərə yazdırılmış və gizli şəkildə yayılan bəzi üzdəniraq "tədqiqatlarda" Azərbaycan bütünlüklə keçmiş xristian ölkəsi kimi qələmə verilir, xalqımız isə türk deyil, Dağıstan-nax qrupuna daxil olan bir etnos kimi təqdim olunur.

Hələ bu, bir yana dursun, Azərbaycan xalqına "özünün xristian keçmişinə qayıtmaq" tövsiyə olunur, hətta Bakının adını dəyişdirmək "təşəbbüsləri" də baş qaldırmaqdadır. Minlərlə Azərbaycan abidələrini məhv etmiş ermənilər və erməni kapitalının nökərləri Azərbaycanda "erməni xaçı axtarışlarına" çıxmışlar. Üzdə xalqımızın yüksək tolerantlıq mədəniyyətini tərifləyən və bundan "razı qalan" əcnəbilər, necə deyərlər, "saman altdan su yeridərək", Azərbaycanın türk-islam mədəniyyətini dağıtmaq üçün əllərindən gələni edirlər. Xristian missionerləri, demək olar ki, ölkənin hər yerinə yayılmışlar.

Bəzi qüvvələr Azərbaycanın Qafqaz Albaniyası dövrünə aid xristian abidələrinin siyahısını və şəkillərini internet vasitəsilə xaricə ötürürlər. Əcnəbilər, eyni zamanda, Azərbaycanın keçmiş xristian abidələrinin bərpasını diqqət mərkəzinə götürmüşlər. "Böyük Ermənistan" təbliğatçıları və onların arxasında duran qüvvələr bu işdə az rol oynamırlar. Bütün bunlar xalqın müxtəlif dairələrində ciddi narazılıq və narahatlıqla qarşılanır.

Oxuculara bəri başdan bildirmək istərdim ki, tarixdə heç zaman üç dəniz (Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi) arasındakı geniş əraziləri əhatə edən "Böyük Ermənistan" adlı dövlət olmayıb. Bu uydurmadır. Və bu uydurmanı elmə sırıyarkən erməni saxtakarları vaxtı ilə Fərat çayının yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş "Kiçik Ermənistan" və "Böyük ("Velikaya" yox, məhz "Bolşaya", yəni, "böyük" - Y.M.) Ermənistan" adlanan iki coğrafi vilayətdən birinin - sonuncunun adından istifadə etmişlər və coğrafi termini siyasiləşdirmişlər. Yeri, gəlmişkən qeyd edək ki, "Böyük Ermənistan" adlanan coğrafi vilayət həqiqətən də "böyük" olduğu üçün deyil, "Kiçik Ermənistan" vilayətinə nisbətən bir qədər "böyük" olduğu üçün belə adlandırılırdı. Yəni bu, "böyük" sözün həqiqi mənasındakı "böyük" deyildir!

Yuxarıda qeyd olunduğu kimi, sadəcə olaraq biri kiçik, digəri isə bir qədər böyük olan iki vilayəti bir-birindən fərqləndirmək üçün işlədilmiş "kiçik" və "böyük" ifadələridir. Qeyd etmək lazımdır ki, heç bir ilk mənbə tarixdə "Böyük Ermənistan" adlanan dövlətin olduğunu təsdiq etmir. İndiyədək heç bir arxeoloji qazıntı zamanı "Böyük Ermənistan" adı həkk olunmuş pul tapılmayıb. Ermənilərin guya erməni hökmdarı olduğunu iddia etdikləri, əslində isə parfiyalı olan, II Tiqranın adından zərb olunmuş pullarda da onun hansısa "Böyük Ermənistan" adlı bir dövlətin hökmdarı olduğu təsdiqlənmir.

Beləliklə, "Böyük Ermənistan" tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özlərinə "Vətən" yaratmaqdan ötrü özgə torpaqlarını işğal etmək məqsədilə uydurduqları başabəla "milli ideologiyadır", mürtəce dini-ideoloji və terrorçu-işğalçılıq "doktrinasıdır". Bu işğalçı-terrorçu "doktrina" erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur. Və onun əsasında, artıq yuxarıda qeyd etdiyimiz kimi, guya vaxtilə "dənizdən-dənizə" geniş əraziləri əhatə etmiş olan uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək ideyası durur.

"Böyük Ermənistan" "ideyası"nın saxtalığı ondan aydın olur ki, ilk mənbələrdə, yuxarıda qeyd etdiyimiz iki coğrafi vilayət istisna edilməklə, tarixdə nə vaxtsa "Böyük Ermənistan" adlı dövlətin mövcud olması barədə heç bir məlumat yoxdur. Və özlərini az qala regionun "ən qədim xalqı", "Nuh peyğəmbərin övladları" kimi qələmə verən erməni millətçilərinin uydurmalarının əksinə olaraq ermənilər, daha doğrusu, onların ulu babaları hesab olunan qəbilələr, ümumiyyətlə, Asiya qitəsinin yerli əhalisi deyillər, bu regiona köçüb gəlmədirlər.

Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qan qruplarının tədqiqi) araşdırmalar sübut edir ki, uydurma "armenoid irqi" və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi - yerli sakinləri deyillər, ümumiyyətlə, Ön Asiyaya da sonradan gəlmişlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir (Bunak V.V., Crania Armenica, M., 1927, səh. 26).

Bundan əlavə, kəllə quruluşuna görə aparılan antropoloji tədqiqatlar erməniləri qısabaşlılar və ya braxikranlar qrupuna aid edir. Antropoloqlar (böyük alman alimi Virxov və başqa məşhur alimlər) Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirmişlər ki, bu diyarın aborigen əhalisi, yəni, ən qədim yerli sakinləri uzunbaşlılar və ya dolixokranlar qrupuna aiddirlər, yəni, ermənilərin mənsub olduğu qısabaşlılar və ya braxikranlar qrupuna aid deyillər! Bu da bir daha sübut edir ki, indiki ermənilər Qafqazın yerli əhalisi deyillər (Djavaxaşvili İ.A., İstoriə qruzinskoqo naroda, Tiflisğ, 1916, səh. 11-12).

Tədqiqatçılar göstərirlər ki, müasir ermənilərin əcdadları olduğu güman edilən köçəri qəbilələr eramızdan əvvəl təxminən XII əsrdə Balkan yarımadasından hərəkətə başlayıb Kiçik Asiyaya keçmiş və Yuxarı Fərat vadisində (Van gölünə doğru ərazilərdə) məskən salmışlar. Ermənilərin əcdadlarının bu əraziyə gəlmə olduqları tarix elmində sübut edilmiş faktdır (Məsələn, bax: Dğəkonov İ.M., Predıstoriə armənskoqo naroda, Erevan, 1968).

İ.M.Dyakonov həmin əsərində ermənilərin əcdadları olduğu ehtimal edilən qəbilələrin Yuxarı Fərat vadisinə gəlmə olduqlarını tutarlı linqvistik və arxeoloji mənbələrlə sübut edir. O, öz tədqiqatlarını daha da dərinləşdirərək sonralar yenidən bu mövzuya qayıtmış və yuxarıdakı konsepsiyasını təsdiqləyən əlavə dəlillər gətirmişdir (İ.M.Dğəkonov. Malaə Aziə i Armeniə okolo 600 q. do. n.g. i severnıe poxodı vavilonekix üarey "Vestnik drevney istorii", 1981, ¹2, s.34-63).

İ.M.Dyakonovun bu məqaləsindəki bəzi fikirləri oxucuların diqqətinə olduğu kimi çatdırmağı lazım bilirəm: "Protoarməne poəvilisğ v basseyne verxneqo Evfrata v kaçestve prişloqo (a stalo bıtğ, neosedloqo skotovodçeskoqo) naroda v period qospodstva zdesğ luviyskoy i xurritsko-urartskoy üivilizaüiy ... ob avtoxtonnosti protoarmənskoqo net reçi" (s.54-55). "Sleduet uçitıvatğ, çto protoarmənskie prişelğüı, po-vidimomu, sostəli v menğşinstve po sravnenii s mestnım luviyskim i xurritskim naseleniem" (s.59).

Yeri gəlmişkən, İ.M.Dyakonovun göstərdiyi yuxarı Fərat vadisində hökmranlıq edən yerli-aborigen hürrilər Azərbaycan xalqının ulu babalarından biridir. Başqa sözlə, elm çox aydın təsdiq edir ki, bu torpaqlarda, o cümlədən yuxarı Fərat vadisində məhz bizim - azərbaycanlıların ulu babalarından biri olan hürrilər yerli etnosdur, ermənilər isə köçüb gəlmədirlər! Ermənilərin Asiya qitəsinə, o cümlədən də Cənubi Qafqaza gəlmə etnos olduqlarını başqa tədqiqatlar da sübut edir. Məsələn, görkəmli antropoloq V.V.Bunak Göyçə (indiki Sevan) hövzəsində qədim kəllə sümüklərini araşdıraraq qəti qənaətə gəlmişdir ki, bunların sonradan həmin əraziyə köçüb gəlmiş ermənilərlə heç bir əlaqəsi yoxdur (Bax: Bunak V.V. "Çerepa jeleznoqo veka iz Sevanskoqo rayona Armenii - Russkiy atropoloqiçeskiy jurnal", 1928, tom XVII, vıp. 3-4). Odontologiya sahəsində aparılan tədqiqatlar da eyni nəticəni təsdiq edir: "etnik odontologiya erməni etnosunun "Qafqaz mənşəli olduğunu" təsdiq etmir" (Koçiev R.S. Zakavkazğe i Severnıy Kavkaz. - V kn.: Gtniçeskaə odontoloqiə SSSR. Moskva, 1970, s. 135, 141).

Rus Qafqazşünası İ.Şopen isə daha konkret və birmənalı nəticəyə gəlmişdi: ermənilər gəlmədirlər; onlar frigiyalıların və ioniyalıların Qərbdən, yəni, Avropadan Anadolu dağlarının Şimal vadilərinə köçüb gəlmiş nəsilləridir (Şopen İ. Novıe zametki na drevnöö istoriö Kavkaza i eqo obitateley. S.-Peterburq, 1896, s.26). Bir sözlə, bütün yuxarıda göstərilənlər və digər axtarışlar "tarixin atası" Herodotun hələ eramızdan əvvəl V əsrdə yazdığı bir həqiqəti təsdiq edir: ermənilər Kiçik Asiyaya Qərbdən - Avropadan köçüb gəlmişlər; onlar frigiyalıların nəsilləridir (Qerodot. İstoriə v devəti kniqax. I: 180, 194; III: 93; V: 49, 52; VII: 73).

Ermənilərin əcdadları güman edilən qəbilələrin köç saldıqları Yuxarı Fərat vadisi sonralar Urartu dövlətinin, Midiya (Mada) imperiyasının və İran-Əhəməni şahlığının tərkibinə daxil olmuşdur. Əhəməni şahlığının süqutundan sonra Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş və erməni tarixçilərinin "erməniləşdirdiyi", əslində isə ermənilərin əcdadları olduğu güman edilən (!) qəbilələrin yuxarı Fərat vadisində kiçik bir knyazlığı yarandı. Və zaman keçdikcə regiondakı siyasi hadisələrdən istifadə edərək tədriclə güclənən bu knyazlıq (tarixşünaslıqda "erməni çarlığı" da adlandırılır - müəllif) mənşəcə parfiyalı olan (yəni, erməni olmayan!) II Tiqranın (e.ə.95-55) hakimiyyətinin əvvəllərində qonşu ölkələrə (Kiçik Asiyanın qərbinə və Mesopotamiyaya doğru, yəni, Şərqə tərəf - Azərbaycana doğru yox!!!) işğalçı yürüşlər edərək, qısa bir müddət ərzində öz hakimiyyəti altında olan ərazini genişləndirə bildi. Lakin e.ə.66-cı ildə Roma sərkərdəsi Pompey II Tiqranın hərbi qüvvələrini darmadağın etdikdən sonra, Kiçik Asiyanın şərqində mövcud olmuş bu knyazlıq müstəqil dövlət kimi tarix səhnəsindən silinib getmişdir.

Kiçik Asiyanın şərqində ermənilərin yenidən siyasi səhnəyə gəlməsi xristian dininin meydana gəlməsi və yayılması dövrünə təsadüf edir. Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçdilər və özlərinin əlahiddə Qriqorian kilsəsini yaratdılar. Qriqorian kilsəsi, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, pərakəndə erməni icmalarının təkcə dini deyil, eyni zamanda, siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı.

Qriqorian kilsəsinin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq, öz mövqelərini qoruyub saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə "küləyin istiqamətindən" asılı olaraq həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular. Belə ki, ermənilər Xilafət işğalları zamanı Bizansa qarşı Ərəb xəlifələri ilə sövdələşməyə girdilər. Ərəb xəlifələri, bunun müqabilində, Bizansa qarşı təriqətçi-monofizit erməniləri müdafiə etdilər.

Beləliklə, Qriqorian kilsəsi öz təsir dairəsini genişləndirmək və keçmiş erməni knyazlığını dirçəltmək üçün ilk dəfə ərəb işğalları dövründə fəallaşdı. Qonşularına xəyanət edərək ərəb xəlifələrinə sığınan və yadelli təcavüzkarlar tərəfindən müdafiə olunan Qriqorian kilsəsi öz missionerləri vasitəsilə qonşu ərazilərdə, o cümlədən Azərbaycan dövləti olan Qafqaz Albaniyasının qərb-dağlıq ərazilərində (indiki Dağlıq Qarabağda və indiki Ermənistan Respublikasının mövcud olduğu Qərbi Azərbaycan topraqlarında) yaşayan yerli alban-xristian əhali arasında qriqorianlığı yaymağa başladı. Zaman keçdikcə zorla qriqorianlaşdırılmış alban - Azərbaycan tayfalarının erməniləşdirilməsinə başlandı. Bununla da, Xilafət dövründə Qriqorian kilsəsinin dini təsir dairəsi Cənubi Qafqaza doğru genişlənməyə başladı.

Qriqorian missionerlərinin gəlişi ilə Cənubi Qafqaz əvvəlcə dini toqquşmalar, bunun dalınca etnik qarşıdurmalar, daha sonralar isə soyqırımları dövrünə qədəm qoydu. Ərəb xilafəti zəiflədikdən sonra Qriqorian kilsəsi bu dəfə Azərbaycan türk dövlətlərinə - qaraqoyunlulara, ağqoyunlulara, səfəvilərə və nəhayət, Osmanlı imperiyasına sığındı. Azərbaycan Qaraqoyunlu dövlətinin başqa etnoslara, dinlərə dözümlü münasibətindən və himayəsindən istifadə edən Qriqorian kilsəsi 1441-ci ildə öz mərkəzini - erməni katolikosluğunu Azərbaycan torpağına (indiki Ermənistan Respublikasının ərazisinə) - Eçmiədzinə köçürdü. Sonralar Azərbaycan Ağqoyunlu və Səfəvi hökmdarları da qaraqoyunluların siyasətini davam etdirərək erməniləri və erməni katolikoslarını himayə etdilər. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının icazəsi və köməyi ilə Qərbi Azərbaycan torpaqlarında (indiki Ermənistan Respublikasının ərazisində) yeni erməni kilsələri tikildi. Varlanmış erməni katalikosları azərbaycanlılara məxsus torpaqları satın alaraq öz mülklərini daha da genişləndirdilər.

Lakin tarixi şəraitin dəyişməsindən asılı olaraq ermənilər sonralar hər üç Azərbaycan dövlətinə də xəyanət etdilər. Daha sonra Qriqorian kilsəsi və ermənilər Osmanlı sultanları tərəfindən himayə olundular. Zaman keçdikcə ermənilər onlar üçün türklərlə eyni şərait yaratmış Osmanlı imperiyasının maliyyə-iqtisadi və hərbi-siyasi həyatında mühüm mövqelər ələ keçirdilər. Qriqorian kilsəsi və ermənilər, eyni zamanda, Azərbaycan dövlətlərindən, o cümlədən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarından da geniş imtiyazlar qopara bildilər. Osmanlı sultanları kimi, Azərbaycan hökmdarları da Qriqorian kilsəsinə sərbəstlik verdilər. Ölkənin müxtəlif yerlərində, o cümlədən indiki Ermənistan Respublikasının ərazisini əhatə edən Azərbaycan torpaqlarında erməni kilsələri tikildi.

Yuxarıda qeyd edildiyi kimi, 1441-ci ildə erməni kilsəsinin mərkəzi Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə - indiki Eçmiədzinə köçürüldü. Ermənilər Səfəvi dövlətində, xüsusilə, Şah Abbas (1587-1629) dövründə daha mühüm mövqelər ələ keçirdilər. Beləliklə, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin, Osmanlı imperiyasının himayəsi sayəsində Azərbaycanda, Anadoluda, İran ərazisində, Jənubi Qafqazda Qriqorian kilsəsi və ermənilərin mövqeyi xeyli gücləndi.
Tarixi "ənənələrinə" sadiq qalan ermənilər Qərb dövlətlərinin antitürkiyə siyasəti gücləndikcə Osmanlı dövlətinə də xəyanət etdilər. Beləliklə, vaxtı ilə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı dövlətlərinə xidmət edən ermənilər növbəti dəfə mövqelərini dəyişib Qərb hökmdarlarına "xidmət" göstərdilər və Osmanlı imperiyasına arxadan zərbə vurulmasında fəal iştirak etdilər. Bununla tarixdə ermənilərin Qərb dövlətlərinin əlində Azərbaycana və Osmanlı imperiyasına qarşı alətə çevrilməsi dövrü başlandı.

Çar Rusiyası Cənubi Qafqazda işğalçılıq müharibələrinə başladıqda Qriqorian kilsəsi və ermənilər bu dəfə yeni təcavüzkarın tərəfinə keçdilər. Lakin budəfəki xəyanət adi xəyanət deyildi! Ermənilər bu dəfə silahlı dəstələr yaradaraq Rusiya qoşunlarının tərkibində Azərbaycan dövlətlərinə və Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlarda iştirak etməyə başladılar. Və bu yolla Azərbaycan və Anadolu türklərinə qarşı kütləvi qırğınlar həyata keçirdilər. Çar Rusiyasının ermənilərə arxa durması nəticəsində Azərbaycanın xristian alban əhalisinin zorla qriqorianlaşdırılması və müstəqil Alban kilsəsinin təqib olunması gücləndi.

Bununla yanaşı, silahlı erməni quldur dəstələrinin Azərbaycanda və Şərqi Anadoluda dinc türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı. Çar Rusiyası ermənilərin və Qriqorian kilsəsinin bu "xidmətlərini" nəzərə alaraq Osmanlı imperiyası və Qacarlar İranı ərazisindən erməniləri kütləvi surətdə Şimali Azərbaycana, xüsusilə, İrəvan, Qarabağ, Şirvan, Bakı, Gəncə və Naxçıvan xanlıqlarının ərazilərinə köçürdü. Yeri gəlmişkən, çar hökuməti erməniləri Azərbaycan torpaqlarına Rusiya dövlətinin xüsusi nəzarəti altında və mütəşəkkil qaydada köçürür, onlara hər cür qayğı göstərilirdi.

Məsələn, İran və Türkiyə ərazisindən hərəkətə başlayan erməni köçlərini bütün yol boyunca Rusiyanın mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Beləliklə, çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq 1873-cü ilədək Cənubi Qafqaza, əsasən, Şimali Azərbaycan torpaqlarına 334.242 nəfər erməni köçürdü. Sonralar Azərbaycan torpaqlarında xristianlaşdırma siyasəti daha da sürətləndirildi. Bunu arxiv sənədləri çox aydın təsdiq edir.

Belə ki, Cənubi Qafqazda erməni köçkünlərinin sayı 1886-cı ildə 690.615 nəfərə, 1897-ci ildə 786.447 nəfərə, 1916-cı ildə isə 1.211.145 nəfərə çatdırıldı. Bu qanlı siyasəti rusların özləri də təsdiq edirlər. Məsələn N.N.Şavrov hələ 1911-ci ildə yazırdı: "Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar bu vilayətə bizim tərəfimizdən köçürülüblər". Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsas təşkilatçılarından biri olan A.S.Qriboyedov isə Rusiya imperatoruna belə məsləhət verirdi: "Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır".

Beləliklə, çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazın etnik tarixində zorla dəyişiklik əmələ gətirdi: Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə Qacarlar İranı arasında bölüşdürüldükdən və Azərbaycanın müstəqil dövlətləri - xanlıqlar aradan qaldırıldıqdan sonra çar Rusiyası Azərbaycan xalqına qarşı növbəti cinayətə əl atdı, ermənilərə isə növbəti "bəxşiş" verdi: Azərbaycan torpaqlarında (Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında) "Erməni vilayəti" adlı qondarma inzibati idarə vahidi yaratdı.

Yeri gəlmişkən, çar I Nikolay "Erməni vilayəti"nin yaradılması haqqındakı sərəncamı 1828-ci il martın 21-də - Azərbaycan xalqının Novruz bayramı günlərindən birində imzaladı. Məhz Novruz bayramı günlərində iki Azərbaycan xanlığının - Naxçıvan və İrəvan xanlıqlarının ləğv edilib, bu Azərbaycan torpaqlarında köçürülüb gətirilmiş ermənilər üçün xüsusi bir vilayət yaradılması xalqımız üçün həm də mənəvi təhqir idi. "Erməni vilayəti"nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt da sübut edir ki, çar Rusiyası o zaman İran və Türkiyədən nə qədər erməni köçürüb gətirsə də, yenə də bu vilayətin əhalisinin 76,24 faizi azərbaycanlı idi. "Erməni vilayəti"ndə 1125 kənd vardı. Onlardan 1111 Azərbaycan kəndi idi və bu kəndlərdə ancaq azərbaycanlılar yaşayırdılar. Vilayətin qalan 14 kəndində isə azərbaycanlılarla qarışıq şəkildə köçürülüb gətirilmə ermənilər yaşayırdılar. Yeri gəlmişkən, həmin kəndlərin də bir çoxunun adları Azərbaycan-türk mənşəli idi.

Bununla belə, "Erməni vilayəti"ni yaratmaqla çar Rusiyası yenicə işğal etdiyi Azərbaycan torpaqları ilə Osmanlı imperiyası arasında bir "xristian səddi" çəkdi. Eyni zamanda, tarixi Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsasını qoydu.
Bunun ardınca, 1836-cı ildə erməni-Qriqorian kilsəsinin təhriki ilə çar Rusiyası müstəqil Azərbaycan-alban kilsəsini ləğv etdi. Rusiya imperiyası tərəfindən himayə və müdafiə olunan ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başladılar.

"Böyük Ermənistan" "doktrinası" ilə zəhərlənmiş erməni millətçiləri XIX əsrin sonlarında Qriqorian kilsəsinin "xeyir- duası" ilə daha mütəşəkkil fəaliyyətə başladılar. Bir-birinin ardınca millətçi-terrorçu erməni partiyaları ("Hnçak", "Daşnaksutyun" və s.), cəmiyyətləri və terrorçu qruplarının yaradılması dövrü başlandı. Məsələn, 1887-ci ildə yaradılmış "Hnçaq" adlı erməni-millətçi partiyası öz proqramında Osmanlı imperiyası ərazisində müstəqil erməni dövləti yaratmağı qarşısına başlıca məqsəd qoydu. Bu məqsədə nail olmaq üçün əsas vasitə terror aktlarının həyata keçirilməsi idi. Maraqlıdır ki, ermənilər ilk terror aktlarından birini onların "siyasətini" dəstəkləmədiyi üçün Qafqazın mülki işlər rəisi knyaz Qolitsına qarşı həyata keçirdilər (14 oktyabr, 1903-cü il).

1890-cı ildə yaradılmış digər millətçi-terrorçu erməni partiyası olan "Daşnaksutyun" da Türkiyə ərazisində müstəqil erməni dövləti yaratmağı özünün əsas vəzifəsi elan etmişdi. Bu planı həyata keçirmək üçün Osmanlı imperiyası ərazisində "Böyük Ermənistan" təbliğatı gücləndirilməli, silahlı terror dəstələri yaradılmalı, hökumət idarələrinin talan və qarət edilməsinə başlanılmalı idi. "Daşnaksutyun" partiyası, faktiki olaraq, hər biri 10 nəfər "döyüşçüdən" - terrorçudan təşkil olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, "Daşnaksutyun" siyasi partiya deyil, silahlı terror təşkilatı idi.
"Hnçaq" və "Daşnaksutyun" terrorçuları Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri ilə rəqabət aparır, "yarışırdılar".
Rəsmi proqramlarında terroru qarşılarına vəzifə qoyan bu partiya və cəmiyyətlər "türkə ölüm" çağırışı ilə tarixin ən qanlı cinayətlərinə başladılar. Zaman keçdikcə "Böyük Ermənistan" xəstəliyinə tutulmuş erməni terrorçuları onların mənafeyini təmin etməyən qeyri-türk millətlərinin nümayəndələrinə qarşı da qəsdlər törətməyə başladılar.

Birinci dünya müharibəsi (1914-18) dövründə Osmanlı imperiyasının aradan götürüləcəyinə ümid edən ermənilər vətəndaşları olduqları və hər zaman himayə və qayğı gördükləri Türkiyə dövlətinə xəyanət etdilər, Osmanlı imperiyasına qarşı vuruşan çar Rusiyası ilə, həmçinin digər böyük dövlətlərlə geniş əlaqə yaradaraq ümumdünya tarixinin ən qanlı cinayətlərini törətdilər. Çar Rusiyasının silahlandırdığı və digər böyük dövlətlər tərəfindən müdafiə olunan erməni-daşnak quldur dəstələri Şərqi Anadoluda və Azərbaycanda (həm şimalda, həm də cənubda) türk-müsəlman əhalini kütləvi surətdə qırmağa başladılar. Azərbaycanın Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaşayış məntəqələrində yüz minlərlə türk-müsəlman əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi.

Bakıda hakimiyyəti ələ keçirən daşnak S.Şaumyan Birinci dünya müharibəsi cəbhələrindən qayıdan erməni zabit və əsgərlərini səfərbərliyə alaraq, 1918-ci ildə Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından birini törətdi. Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Şamaxı, Göyçay, Kürdəmir, Quba, Salyan, Lənkəran və başqa yerlərdə türk-müsəlman əhali əvvəlcədən düşünülmüş plan əsasında kütləvi surətdə ucdantutma məhv edildi, xalqın min illər boyunca yaratdığı maddi və mənəvi sərvətlər məhv və talan olundu. Birinci dünya müharibəsi başa çatdı. Böyük Atatürk Türkiyəni xilas etdi.

Bununla da, böyük dövlətlərin həmişə bir alət kimi istifadə etdikləri erməni millətçilərinin Şərqi Anadoluda "Böyük Ermənistan" yaratmaq niyyəti iflasa uğradı. Osmanlı dövlətinə xəyanət etmiş ermənilərin yeni dəstələri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına axışıb gəldi. Qərbi Azəbaycanda (indiki Ermənistan Respublikasının ərazisində) ermənilərin sayı daha da artdı. Erməni-daşnak generallarının başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırımlarının yeni dalğası başlandı. Bununla belə, o zamankı mürəkkəb tarixi şəraitdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti xoş məram nümayiş etdirdi. 1918-ci il mayın 29-da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhərini ermənilərin "bir siyasi mərkəzləri olması" xatirinə onlara güzəştə getdi. Beləcə, ermənilərə 100 il bundan əvvəl öz torpağında yer verən Azərbaycan bu dəfə onlara paytaxt şəhəri də bağışladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda - tarixi Azərbaycan ərazisində erməni dövləti yaradıldı.
Lakin daşnaklar bununla kifayətlənmədilər. Növbəti xəyanət və növbəti dəfə Azərbaycandan torpaq qoparmaq üçün məqam gözlədilər.

Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda, ermənilər dərhal onun tərəfinə keçdilər və ağqvardiyaçı generalı Azərbaycana dəvət etdilər. Bu "siyasət" iflasa uğradıqdan sonra da Azərbaycana və Türkiyəyə qarşı yeni-yeni ərazi iddiaları qaldırdılar. Sovet-bolşevik rejimi çar Rusiyasının ənənəvi siyasətinin davamı olaraq erməniləri daim himayə və müdafiə etdi. Ermənistan Sovet Sosialist Respublikasının yaradıldığı Qərbi Azərbaycan torpaqlarında bu torpaqların əsil sahibləri olan azərbaycanlılara qarşı növbəti təqiblər və zorakılıqlar dövrü başlandı. Azərbaycan torpaqları hesabına Ermənistan Sovet Sosialist Respublikasının ərazisi daha da genişləndirildi.

Nəhayət, öz torpaqlarında ermənilərə yer vermiş azərbaycanlıların kütləvi surətdə doğma yurdlarından - Ermənistan ərazisindən deportasiyası həyata keçirildi. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Sovet dövründə Azərbaycan torpaqları hesabına daim yeni-yeni ərazilər ələ keçirən ermənilər Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddialarını davam etdirdilər. Xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatlarına qarşı terror aktları həyata keçirildi.
Dünya sosializm birliyinin və Sovet İttifaqının dağılması ərəfəsində qarşılarına Azərbaycandan yeni ərazilər, o cümlədən Dağlıq Qarabağı qoparmaq məqsədini qoymuş erməni-daşnak millətçiləri və terrorçuları yenidən fəallaşdılar.

Ermənilərin çirkin məqsədlərinə xidmət edən sovet rejiminin başçısı M.Qorbaçov Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi Sovet İttifaqının ali rəhbərliyindən - Siyasi Bürodan uzaqlaşdırdı. Azərbaycan xalqının qatili M.Qorbaçovu ələ alan erməni millətçilərinin təhriki ilə, 1918-20-ci illərdə olduğu kimi, Dağlıq Qarabağda sifarişlə separatçı-erməni terrorçularının qiyamı təşkil edildi. Eyni zamanda, Qərbi Azərbaycanın yerli sakinləri olan azərbaycanlıların tarixi vətənlərindən deportasiyası da başa çatdırıldı.

Beləliklə, XIX yüzilliyin əvvəlində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü olan indiki Ermənistan Respublikasının ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Azərbaycanlılara məxsus olan bütün tarixi abidələr məhv edilmiş, yer adları dəyişdirilmişdir. Bütün bunlar müasir dünyanın gözləri qarşısında baş vermişdir!  Qorbaçovu və Kreml rejimini öz əllərində oyuncağa çevirmiş erməni millətçiləri bütün Sovet imperiyasında azadlıq hərəkatının önündə gedən Bakıya iri qoşun kontingentinin yeridilməsinə və 20 Yanvar 1990-cı il qırğınının həyata keçirilməsinə nail oldular. 20 Yanvar qırğınında Kreml rejiminin azərbaycanlılara divan tutmaq məqsədilə qəsdən Şimali Qafqazdan səfərbərliyə aldıqları ehtiyatda olan erməni əsgər və zabitləri xüsusi "fəallıq" göstərdilər. Erməni millətçiləri və terrorçuları, eyni zamanda, 1990-93-cü illərdə Azərbaycanda baş alıb gedən hərc-mərclikdən və hakimiyyət çəkişmələrindən istifadə etdilər.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini pozaraq, ölkəyə müdaxilə etmiş Ermənistan silahlı birləşmələri Rusiya hərbi qüvvələrinin bilavasitə yaxından köməyilə Dağlıq Qarabağı və ətraf rayonları, respublika ərazisinin 20 faizini işğal etdilər. Bir milyondan çox Azərbaycan vətəndaşı doğma yurd-yuvasından didərgin salındı, öz Vətənində qaçqına və məcburi köçkünə çevrildi. 1992-ci ilin 26 fevralında - 20-ci yüzilliyin sonuna yaxın bütün dünyanın gözləri qarşısında qəddarlığı ilə misli görünməmiş Xocalı soyqırımını törətdilər. İşğal aktını pərdələmək üçün Dağlıq Qarabağda oyuncaq "respublika" yaradıldı. Dağlıq Qarabağ separatçı-terrorçu qruplarının rəhbərləri (R.Köçəryan və b.) Ermənistanda da hakimiyyəti ələ keçirdilər.

İkili standartlar və "xristian həmrəyliyi"nin beynəlxalq münasibətlərdə mühüm rol oynadığı müasir dövrdə, beynəlxalq hüquq normalarına açıq-aşkar zidd olaraq, Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni separatçı-terrorçularının əlində qalmaqdadır. Erməni millətçiləri isə Türkiyə və Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməkdə davam edirlər. İkili standartlar dünyasında erməni terrorçularının Azərbaycan və Türkiyə ərazisində 200 ildən artıq bir müddət ərzində törətdikləri soyqırımları, deportasiyalar, vəhşiliklər, tarixi abidələrin, yaşayış məskənlərinin yerlə yeksan olunması faktları qulaqardına vurulur. "Xristian həmrəyliyi" nümayiş etdirilərək erməni yalanları, saxtakarlıqları həqiqət kimi qəbul olunur. Elə bunun nəticəsidir ki, xarici qüvvələr tərəfindən müdafiə olunan erməni separatçı-terrorçuları və beynəlxalq terroru dəstəkləyən Ermənistan Respublikası Cənubi Qafqazda təhlükəli gərginlik ocağına çevrilmişdir.

Beynəlxalq terrorun ən yaşlı və ən "təcrübəli" dəstələri olan erməni terror təşkilatları himayə olunduqca "Böyük Ermənistan" doktrinası ilə zəhərlənmiş erməni-daşnak terror qrupları və təşkilatları beynəlxalq antiterror alyansının diqqətindən kənarda qaldıqca regionda və dünyada gərginlik də aradan qalxmayacaq, bəşəriyyət terror təhlükəsindən qurtulmayacaqdır. Müasir dünyanın görkəmli siyasi xadimi, Azərbaycan Prezidenti İlham Əliyev özünün bütün yüksək səviyyəli görüşlərində, nitq və çıxışlarında ermənilərin Cənubi Qafqaza gəlmə əhali olduğunu, onların bu ərazidə məskunlaşmasından sonra regionda gərginliyin artdığını, müasir Ermənistan Respublikasının və nəzarətdən kənarda qalmış oyuncaq Dağlıq Qarabağ rejiminin terror yuvalarına çevrildiyini xüsusi olaraq vurğulayır.

Zəngin tarixi biliyə malik olan Azərbaycan Prezidenti indiki Ermənistan Respublikasının tarixi Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində yarandığını bütün dünyaya bəyan edir. Ölkə başçısı bütün müvafiq strukturları erməni saxtakarlarına qarşı informasiya müharibəsində hücuma keçməyə çağırır. Erməni faşizmi üzərində qələbə çalmaq, doğma torpaqlarımızı azad etmək üçün öncə informasiya müharibəsində qalib gəlmək gərəkdir. Bütün xalqımız ölkə başçısının çağırışına cavab verməli, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövləti yaratmaq üçün onun ətrafında daha sıx birləşməlidir.

Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün tutduğu yol yeganə düzgün yoldur: tarixi həqiqəti dünya ictimiyyətinin diqqətinə çatdırmaqla informasiya müharibəsində qələbə çalmaq və hərbi-iqtisadi cəhətdən daha qüdrətli Azərbaycan dövləti yaratmaq! Terror, soyqırımları törədən və zorla özgə torpaqlarına yiyələnməyə çalışan erməni faşizmini diz çökdürmək üçün başqa yol yoxdur!

 “AzərTAc”, 26.01.2009.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009