|
Kitabxana > Ədəbiyyat > Poeziya > Nüsrət Kəsəmənli
Nüsrət Kəsəmənli
(1946-2003)
Etiraf
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...
Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Birce yol üzümə durmamısan heç.
Hər kəs taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.
Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsen.
İsti bir sevgiden yazmişam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...
Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacim olmusan.
Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...
Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.
Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq-
Gözümün nurudur yolumun üstə.
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...
* * *
Sən demə, təzədən sevmək olarmış
Sən demə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.
Ürək bulud kimi boşalırsa da,
Demək bulud kimi, təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur
Sən demə, təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir.
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.
Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər görməmişikmi?!
Sən demə, təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça,
Nə də kölgədir ki, qaçasan qova,
Ya da sən qovasan, o səndən qaça.
Çixarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.
İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlarə pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...
Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevilir insan,
Sen demə, hər zaman sevmək olarmış.
* * *
Səni unutsam...
Mən səni unuda bilmirəm, axı,
Unutsam, nələri unudam gərək,
Göylərə baxmışıq aylı gecədə,
Unutsam göyləri unudam gərək.
Dənizi unudum, ya dalğaları,
Xatirən yadımdan çıxaydı, barı,
Payızda xəzanı, qışdasa qarı,
Baharda gülləri unudam gərək.
De, necə unudum mən səni necə,
Sevgi durna deyil, payızda köçə,
Yuxuma gəlirsən mənim hər gecə,
Ayları, illəri unudam gərək.
Sənin xəyalındır həsrətlə baxan,
Adındır hər saat qarşıma çıxan,
Qarışıb şəklinə gözümdən axan,
Yağışı, selləri unudam gərək.
Sinəmdə peşiman ürəyin qaldı,
Uçdun, əllərimdə lələyin qaldı,
Nələri itirdim,bax, nəyim qaldı,
Nələri, nələri unudam gərək...
* * *
► Nüsrət Kəsəmənli haqqında bax:
|
|