ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Müstəqillik yolunda > 18 oktyabr 1991

Müstəqilliyimizin 20 yaşı tamam oldu

Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi...

18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib.

Həmin gün respublika parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nı qəbul edib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.

Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə olay deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.

71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.

Bu gün Azərbaycanıın dövlət müstəqilliyini bərpa etməsinin növbəti ildönümünü qeyd edərkən bu tarixi hadisəni zəruri edən tarixi xronikaya nəzər salmaq vacibdir.

* * *

Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi.

Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi.

Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Azərbaycanın dövlət müstəqilliyi yolunda konstitusion müstəvidə ilk taleyüklü sınağı 1991-ci il martın 17-də keçirilən və SSRİ-nin saxlanmasına münasibəti öyrənən referendum ola bilərdi. Lakin Ayaz Mütəllibov komandası Azərbaycanın müstəqil dövlətçilik barədə düşünmədiyini və imperiya (guya onun yeniləşmiş variantında) boyunduruğunda yaşamaq istədiyini sübutlamaq yolunu tutmuşdu.

Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və sovet dövlətinə etirazını bildirdi. 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edən Heydər Əliyev Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı.

Lakin respublikanın rəhbərliyi nəinki bu çağırışları eşitmədi, üstəlik 1991-ci ilin 19-21 avqust hadisələrində tamamilə səbatsız mövqe tutdu, irticaçı "QKÇP" qiyamını dəstəklədi. "QKÇP"nin iflasından sonra əksər müttəfiq respublikalar dövlət müstəqilliyini rəsmən bəyan edərək müvafiq konstitusion aktlar qəbul etdilər. Dünya birliyi SSRİ-nin yerində meydana gələn yeni müstəqil dövlətləri sırasına qatmağa başlamışdı. Azərbaycanın o vaxtkı rəhbərliyi siyasi astagəlliyinə sadiq idi.

Əvəzində Azərbaycan xalqı imperiyanın bərpası cəhdlərinə qəti etirazını nümayiş etdirdi. Azərbaycanın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mitinqlər başlandı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Mütəllibov iqtidarı xalqın əzmi qarşısında geri çəkilməli oldu.

Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı.

Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və ya qanun qəbul etdilər.

Ali Sovetin sessiyasında Azərbaycanın Milli Ordusunun yaradılması məsələsi gündəmə gəlsə də, respublika rəhbərliyi buna qarşı çıxdı və Ali Sovet "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərarla kifayətləndi. Qərarın icrası isə kağız üzərində qaldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı separatçılıq hərəkatı isə genişlənirdi.

Sentyabrın 1-də separatçılar Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətini itirmiş Xalq Deputatları Soveti adından qondarma "Dağlıq Qarabağ Erməni Respublikası"nın yaradılması barədə "qərar" qəbul etdilər. Separatçıların bu qərarı elan edilən gün "Azadlıq" meydanında AXC mitinqlərinin gurhaguru idi. Cəbhə Mütəllibovu hakimiyyətdən salmaq üçün ümumrespublika tətili elan etmişdi.

Hakimiyyət uğrunda mübarizə gedirdi. Qarabağ məsələsi bu mübarizənin tozanağında faktiki görünməz olmuşdu.

Yalnız sentyabrın 3-də Ali Sovetin Rəyasət Heyəti separatçıların Azərbaycan Konsititusiyasına zidd hərəkətinə münasibət bildirdi. Lakin qərarda Dağlıq Qarabağda baş verənlərə alayarımçıq qiymət verilir, təsirli tədbirlər əvəzinə vilayətin erməni icması ilə dialoqu gücləndirmək, haqlı etiraz çıxışını genişləndirən xalqa isə... "dözümlü və təmkinli olmaq" tövsiyə edilirdi.

Lakin hətta bütün bunlardan sonra da Mütəllibov komandası Azərbaycanı SSRİ tərkibində saxlamaq, mərkəzdə - Moskvada fəaliyyətinə xitam verilmiş Kommunist Partiyasını yaşatmaq siyasəti yeridirdi. Yalnız sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası 33-cü fövqəladə qurultayını çağıraraq özünün buraxıldığını bəyan etdi.

Ali Sovetin oktyabrın 8-də işə başlanan növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük müzakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak etmişdi. Adbaad səsvermdə "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" yekdilliklə qəbul olundu.

 
   Ali Sovetdə müstəqillik haqqında Konstitusiya Aktının qəbulundan sonra, 18 oktyabr 1991.

Konstitusiya Aktının preambulasında 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi, 70 il ərzində sovet rejimi tərəfindən Azərbaycan Respublikasına qarşı müstəmləkəçilik siyasətinin yeridildiyi vurğulanırdı. Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsaslandığı qeyd edilirdi.

6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktı ümumilikdə sanballı sənəd olsa da, bir sıra nöqsanlardan xali deyildi. Xüsusilə 1-3-cü maddələrdə hüquqi-siyasi nöqteyi-nəzərdən o qədər də mükəmməl olmayan, sonralar beynəlxalq müstəvidə ermənilərin çeşidli spekulyasiyalarına rəvac verən təsnifat yer almışdı.

Həmin maddələrə əsasən, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi hesab olunurdu. Azərbaycan SSR haqqında isə heç nə deyilmir, Azərbaycanın 71 illik tarixi hüquqi müstəvidə təsbit olunmurdu.

Qeyd edək ki, ermənilər Dağlıq Qarabağın Azərbaycana mənsubluğunu şübhə altına qoymaq üçün məhz bu məqamdan özlərinə uyğun şəkildə bəhrələnərək davamlı olaraq möhtəkirlik edirlər. Çünki Dağlıq Qarabağı Azərbaycanın muxtar inzibati ərazisi kimi birmənalı təsbit edən və beynəlxalq hüquq baxımından mühüm fakt olan qərar 1923-cü ildə, yəni Azərbaycan SSR vaxtında qəbul edilib. 1991-ci ilin Konstitusiya Aktında Azərbaycan SSR-in hüquqi tarixinin əks olunmaması ermənilərə guya Dağlıq Qarabağın heç vaxt Azərbaycanın yurisdiksiyasında olmadığı barədə spekulyasiya etmək bəhanəsi verir.

Buradaca bir məqamı da qeyd etməyi vacib sayırıq. Neçə illərdir ki, 18 Oktyabr yaxınlaşanda Konstitusiya Aktının mətninin kimlər tərəfindən hazırlanması ilə ucuz bir yarış gedir. Odur ki, bu məsələdə özlərinin "misilsiz tarixi xidmətlərini" gözə soxmaq istəyən siyasətbazlara xatırlatmaq istərdik ki, həmin sənəd xeyli dərəcədə o vaxtadək müstəqilliyini elan etmiş digər SSRİ respublikalarının analoji konstitusiya aktlarından köçürülmüşdü və bunu müstəsna önəmli xidmət kimi qələmə vermək təəssüf doğurur.

Müstəsna önəmli olan Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi idi. Tarix və gələcək nəsillər üçün önəmli olan Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının mətninin konkret kimlər tərəfindən yazılması deyil, bu dövlətin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi daha önəmlidir.

Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. 1991-ci il noyabrın 9-da Türkiyənin baş naziri Məsud Yılmaz Bakıya telefon açaraq Türkiyə hökumətinin qərarını Azərbaycan rəhbərliyinə çatdırdı.

Dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi, Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. Dekabrın 9-da İKT Azərbaycanı sıralarına qəbul etdi.

Dekabrın 11-də müstəqilliyimizi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Dekabrın 13-də Pakistan analoji bəyanat verdi.

Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və 95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik faktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası, 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu.

Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə, dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı. İrəlidə müstəqilliyin mürəkkəb, keşməkeşli illəri dururdu...

Vüqar Orxan, www.azerbaycanli.org

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009