Bizim təqvim > Oktyabr > 12
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 12 oktyabr hansı fakt və olaylarla yadda qalıb?
12 oktyabr
1813 – Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb.
Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb.
Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb.
Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahının təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı.
Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib, rus tacirləri İranda güzəştli ticarət (5%-lik gömrük tarifi) hüququ əldə ediblər.
Əlavə bax:
http://azerbaycanli.org/az/page349.html
http://az.wikipedia.org/wiki/G%C3%BCl%C3%BCstan_m%C3%BCqavil%C9%99si_(1813)
http://www.xalqcebhesi.az/news.php?id=8749
* * *
1992 – Moskvada Rusiya və Azərbaycan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə imzalanıb.
Prezidentlər Boris Yeltsin və Əbülfəz Elçibəy tərəfindən imzalanan sənəd iki ölkə arasında münasibətlərin sahmanlamasını vəd etsə də, bu, baş vermədi.
Azərbaycan rəhbərliyinin yeritdiyi səbatsız xarici siyasət üzündən Rusiya ilə münasibətlər ciddi şəkildə pozulmuşdu.
Əlavə bax:
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=340&Itemid=68
http://www.mediaforum.az/print.php?lang=az&article_id=20060220083028342&page=02
* * *
2005 – Gürcüstanın Marneuli rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Əhməd Necdət Sezər iştirak ediblər.
Bundan öncə, 2005-ci il mayın 25-də neft kəmərinin Azərbaycan hissəsinin açılışı keçirilmişdi.
1768 km-lik Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsi 249 km təşkil edir.
Azərbaycan nefti kəmərlə Türkiyənin Ceyhan limanına 2006-cı il mayın 28-də çatdı, BTC-nin təntənəli açılış mərasimi isə 2006-cı il iyulun 13-də keçirildi.
Əlavə bax:
http://azerbaycanli.org/az/page125.html
* * *
Bax:
►11 oktyabr