Qarabağ > Sülh prosesi > 2009 > Avqust
Metyu Brayza: “Dağlıq Qarabağ ətrafındakı yeddi rayon Azərbaycana qaytarılacaq”
“Dağlıq Qarabağın statusunu isə orada yaşayan əhali müəyyənləşdirməlidir. Referendumun keçirilməsi əsas məqamlardan biri olacaq”
-11.08.2009-

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı “Madrid prinsipləri” ətrafında diskussiyalar ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın ötən həftəsonu Yerevanda verdiyi açıqlamalarla yenidən aktivləşib.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan prezidentləri iyulun 17-də Moskvada keçirilən görüşdən sonra vasitəçilərə Qarabağ nizamlanmasına dair çərçivə sənədinin – 2007-ci ildən danışıqlar masasında olan “Madrid prinsipləri”nin təkmilləşdirilməsi barədə tapşırıq veiblər. “Madrid sənədi”nin yenilənmiş variantı Qarabağ nizamlanmasına dair düyün nöqtələrinin (ilk növbədə, Dağlıq Qarabağın statusu ilə bağlı) açılmasına zəmin yaratmalıdır.
Amerikalı vasitəçi Brayza da bu məqsədlə regiona səfərə çıxıb. Avqustun 7-9-da Yerevanda olan Brayza Ermənistan rəhbərliyi və müxalifət liderləri ilə görüşlərlə yanaşı, Yerevanda erməni gənclərin keçirdiyi “Euroforum-Armenia” adlı konfransda da çıxış edib.
Çıxışında Qarabağ nizamlanmasına geniş yer ayıran Brayza Ermənistanla Azərbaycan arasında sülhün regionda demokratiya, regional inkişaf və stabilliyin təminatı olacağını deyib. Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Helsinki Son Aktına əsasən həyata keçirilməlidir. Yəni güc tətbiq edilməməli, dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək hüququ təmin olunmalıdır.
Brayza bildirib ki, erməni tərəfin Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarması sülhün əsas elementlərindən birini təşkil etməlidir. Amerikalı diplomat bir qədər əvvəl Azərbaycan prezidentinin də səsləndirdiyi bəyanata istinad edərək münaqişədə sülhün Dağlıq Qarabağın ətrafındakı 5 rayonun dərhal, Laçın və Kəlbəcərin isə 5 il ərzində rəsmi Bakının nəzarətinə qaytarılması yolu ilə təmin olunacağını bildirib.
Amerikalı diplomat əlavə edib ki, Qarabağ sülh prosesinin digər mühüm elementi bölgənin statusunun müəyyənləşməsidir. Brayza bildirib ki, bu məsələ hazırda müzakirə mövzusudur və vasitəçilər tərəflər arasında uzlaşma tapmağa çalışırlar.
Onun sözlərinə görə, hələlik bölgənin idarəetmə prinsipləri məsələsi açıqdır. Brayza bildirib ki, Qarabağın əhalisi öz rəhbərini seçəcək. Onun sözlərinə görə, regionun müvəqqəti statusu yerli əhali arasında müvafiq səsvermə (oxu: referendum – V.O.) keçirildiyi müddətə kimi qüvvədə qalacaq və yalnız bu səsvermədın sonra tam qətiləşəcək.
Brayza bölgədə sülhməramlı qüvvələrin yerçəşdiriləcəyini, bu qüvvələrin tərkibinin Azərbaycan və Ermənistan tərəfindən müəyyən ediləcəyini deyib: “Hər bir tərəfin istəmədiyi ölkənin sülhməramlıq missiyasını yerinə yetirməsinə veto qoymaq hüququ olacaq”. Həmçinin Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olması nəzərdə tutulub. Azərbaycanla işğal olunmuş ərazilər arasında olan minalı ərazilər isə təmizlənəcək.
Qeyd edək ki, erməni tərəfin informasiya vasitələri, daha öncə olduğu kimi, bu dəfə də amerikalı vasitəçinin sözlərini özünəməxsus tərzdə təqdim edib. “News.am” agentliyi, eləcə də ernənilərə bağlı “Regnum” agentliyi (Rusiya) Brayzaya istinadən belə bir sitat yayıb k, “Azərbaycanın ərazi bütövlüyü Qarabağ ətrafındakı yeddi rayon qaytarılması deməkdir”. Həmin xəbərlərə görə, amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun dərhal və daha 2 rayonun beş il müddətində Azərbaycana verilməsi ərazi bütövlüyünü təmin etməlidir. Başqa sözlə, Dağlıq Qarabağın özü amerikalı vasitəçi tərəfindən Azərbaycanın tərkib hissəsi, onun ərazi bütövlüyünün elementi kimi nəzərə alınmır.
Amerikalı həmsədr isə Ermənistan KİV-nin ona istinadən yaydığı "Azərbaycanın ərazi bütövlüyü Qarabağ ətrafındakı 7 rayon deməkdir" cümləsini təkzib edib. Brayza ANS TV-yə açıqlamasında bildirib ki, o, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Bakının nəzarətinə qaytarılmasını Azərbaycanın ərazi bütövlüyünün prinsipi kimi qeyd edib.
"Hamı bilir ki, Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycanın ərazisidir. Ermənistan KİV-də yazıldığı kimi 7 rayonun qaytarılıması Azərbaycanın ərazi bütövlüyünün bərpası demək olduğunu deməmişəm. Mən deyirəm ki, 7 rayonun qaytarılması Azərbaycanın ərazi bütövlüyü prinsipini əks etdirir" , -deyə Brayza bildirib.
Dağlıq Qarabağın statusuna gəldikdə isə, Brayza statusun orada yaşayan əhalinin müəyyənləşdirməli olduğunu vurğulayıb. Bununla belə, o, referendumun nə vaxt və hansı şərtlərlə keçirilməsinin hələ açıq qaldığını deyib: “Biz hələ münaqişənin necə nəticələnəciyini bilmirik. Amma referendumun keçirilməsi əsas məqamlardan biri olacaq”.
Brayza onu da bildirib ki, referendum istənilən halda azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasından, erməni və azərbaycanlı əhali arasında davamlı sülh və etimadın bərqərar olmasından sonra keçiriləcək: “Qarabağda elə şərait olmalıdr ki, orada yaşayan əhaliyə qarşı heç bir təhlükə yaranmasın. Orada elə şarait olmalıdır ki, bütün əhali, o cümlədən azərbaycanlılar da Qarabağa qayıtdıqdan sonra sakit və rahat yaşasınlar”.
Qeyd edək ki, Ermənistandakı görüşlərdən sonra dünən Tiflisə yollanan amerikalı diplomatın Bakıya avqustun 12-də gələcəyi gözlənilir. Onun ardınca fransalı həmsədr Fasye də Bakı və Yerevana səfər edərək “Madrid sənədi”nin müddəaları ilə bağlı tərəflərlə müzakirələr aparacaq. Məqsəd Azərbaycan və Ermənistan rəhbərlərinin yeni görüşünü (sentyabr-oktyabr) hazırlamaqdır.
“525-ci qəzet”, 11.08.2009.