Bizim təqvim > İyul > 26
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 iyul hansı fakt və olaylarla yadda qalıb?
26 iyul
1938 - Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbitlənib.
Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil - Qusar, Zuvand - Lerik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardımlı rayonları adlandırılıb.
Bundan əlavə, Zubovka kəndi Əli Bayramlı (indiki Şirvan) şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor (indiki Şəmkir), Helenendorf qəsəbəsi isə Xanlar (indiki Göygöl) qəsəbəsi adlandırılıb.
* * *
1992 – SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki hərbi donanmasının Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində ilk dəfə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.
SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı. 1992-ci il aprelində Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradılmışdı.
Rusiya ilə aparılan gərgin danışıqlar Xəzər hərbi donanmasının 25 faizinin və Bakı Hərbi Dənizçilik Məktəbinin Azərbaycan Respublikasının sərəncamına verilməsi ilə yekunlaşdı.
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi isə 1918-ci ilin 5 avqustundan hesablanır. Həmin gün Xəzərdə keçmiş Rusiya imperiyasına məxsus hərbi gəmilərin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dəniz donanması yaradılmışdı.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_H%C9%99rbi_D%C9%99niz_Q%C3%BCvv%C9%99l%C9%99ri
http://anspress.com/index.php?nid=12566
* * *
Bax:
►25 iyul