Bizim təqvim > İyul > 25
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 25 iyul hansı fakt və olaylarla yadda qalıb?
25 iyul
1918 – Azərbaycan-türk (Osmanlı) qüvvələrinin Kürdəmir-Şamaxı cəbhəsi istiqamətindən Bakıya doğru irəlilədiyini görən daşnak-bolşevik «Bakı Soveti» hökuməti İran (Cənubi Azərbaycan) ərazisindəki ingilis qoşunlarını köməyə çağırmaq barədə qərar qəbul edib.
«Bakı Soveti»nin iclasında bolşevik fraksiyası qərarın əleyhinə olsa da, qurumdakı eser-menşevik-daşnak çoxluğu ingilislərin Bakıya çağırılmasına səs veriblər. Bundan sonra bolşeviklər fraksiyası qurumu tərk edəcəklərini bildiriblər.
İngilis qoşunları Bakıya avqustun əvvəlində daxil olsalar da, ayyarım sonra Qafqaz İslam Ordusunun hücumları altında şəhəri tərk etməyə məcbur oldular.
Əlavə bax:
http://azerbaycanli.org/az/page226.html
http://www.movqe-az.com/2008/05/22/anons=3
* * *
1919 – Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muqan-Lənkəran bölgəsindəki üsyanı yatırıblar.
1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar Rusiyası dövründə buraya köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və burada “Muqan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdilər.
Üsyanın yatırılması zamanı qondarma “respublika”nın rəhbərləri (T.Ulyansev, İ.Kolomiysev və s.) məhv edilmiş, çoxlu sayda silah-sursat qənimət götürülmüşdü.
* * *
1990 – SSRİ-nin siyasi rəhbərliyi - Sov.İKP Mərkəzi Komitəsi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib.
Moskvanın ermənilərə yönəlik bu sərt addımı 1990-cı ilin mayında Ermənistanda keçirilmiş parlament seçkilərində millətçi və müstəqillik tərəfdarı Erməni Ümümmilli Hərəkatının qalib gəlməsi ilə bağlı idi.
Sov.İKP MK-nın qərarına müvafiq olaraq Dağlıq Qarabağda erməni silahlı dəstələrinin qismən tərksilah edilməsi ilə bağlı bir neçə əməliyyat (o cümlədən 1991-ci ilin aprel-may kampaniyası) keçirilmişdi.
Lakin tezliklə erməni millətçiləri Kreml dairələri ilə dil tapmağa müvəffəq oldular və bu qərar da əsas etibarilə kağız üzərində qaldı.
* * *
1992 – Azərbaycan Respublikası ilə Sudan dövləti arasında diplomatik münasibətlər qurulub.
Əlavə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=161&Itemid=43
* * *
Bax:
►24 iyul