Bizim təqvim > İyul > 22
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 22 iyul hansı fakt və olaylarla yadda qalıb?
22 iyul
1875 – Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Bu gün Azərbaycanda Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında böyük rol oynamış, bütün Qafqazda əks-səda doğurmuşdu.
“Əkinçi”nin maarifçi ideyaları çar Rusiyasının hakim dairələrini narahat etmiş və qəzet 1877-ci ildə bağlanmışdır.
"Əkinçi"dən sonra Azərbaycan mətbuatının yeni səhifələrini açan "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1890) qəzetləri nəşrə başladı.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/%C6%8Fkin%C3%A7i_q%C9%99zeti
http://kultaz.com/2008/07/19/medeniyyet-toxumu-sepen-%E2%80%9Cekinci%E2%80%9D/
* * *
1882 – Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Karabəkir paşa (1882-1946) anadan olub.
1919-cu ildə Osmanlı ordusunun Şərq gəbhəsinə komandanlıq edən Kazım Karabəkir paşa Naxçıvanın erməni-daşnak işğalından qorunmasında, bu bölgənin tarixi Azərbaycan torpağı olaraq qalmasında müstəsna xidmətlər göstərib.
Əlavə bax:
http://tr.wikipedia.org/wiki/Musa_K%C3%A2z%C4%B1m_Karabekir
http://ansiklopedi.turkcebilgi.com/Kaz%C4%B1m_Karabekir
* * *
1884 – Məşhur filosof və tarixçi, Azərbaycanda fəlsəfə elminə mühüm töhfələr vermiş Aleksandr Osipovic Makovelski (1884, Qrodno, Belarus - 16.12.1969) anadan olub.
Polyak əsilli alim 1920-1960-cı illərdə Bakı (Azərbaycan) Dövlət Universitetində dərs deyib, Azərbaycan EA-nın akademiki (1949), Fəlsəfə İnstitutunun direktoru olub.
Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.
Əlavə bax:
http://www.polonia-baku.org/az/makowielski.phtml
* * *
1941 – Xalq artisti, Azərbaycan radiosunun tanınmış diktoru, teatr xadimi Yusif Mehdi oğlu Muxtarov Sabirabad rayonunun Kür kəndində anadan olub.
* * *
1990 – Heydər Əliyev 1982-ci ildən yaşadığı Moskvadan Azərbaycana qayıdıb.
Respublikanın o vaxtkı rəhbərliyi (prezident Ayaz Mütəllibov) onun Bakıda yaşamasına imkan verməmiş və Heydər Əliyev iyulun 22-də doğulub boya-başa çatdığı Naxçıvana getmişdir.
Heydər Əliyev Naxçıvanda xalq kütlələrinin böyük izdihamı ilə qarşılanıb. Bu, böyük siyasətçinin yenidən fəal siyasətə qayıdışı idi.
Əlavə bax:
http://www.1990-1993.nakhchivan.az/
http://www.aliyev-museum.nakhchivan.az/bann/bioqrafiya.html
* * *
1993 – Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi zonasından kənarda olan Tərtər və Qazax rayon mərkəzlərini raket atəşinə tutub. Hər iki şəhərdə ümumilikdə 11 dinc sakin həlak olub, 30-dək adam yaralanıb.
* * *
2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Əlavə bax:
http://scwra.gov.az/view.php?lang=az&menu=0
* * *
►21 iyul