Bizim təqvim > İyul > 13
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 13 iyul hansı fakt və olaylarla yadda qalıb?
13 iyul
1830 – Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb.
Rusiya çarının bu qərarı 1813 və 1828-ci ildə İranla müharibənin yekunu olaraq işğal olunmuş Şimali Azərbaycan torpaqlarında rus işğalına qarşı kəndli çıxışlarını, qismən də olsa, səngitmək niyyəti daşıyırdı.
* * *
1889 - Görkəmli maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) anadan olub.
Xosrov Axundzadə Qarabağın tanınmış pedaqoqlarından olub. Şuşa Mədəni Maarif Texnikumunun, digər təhsil ocaqlarının qurulmasında fəal iştirak edib.
1960-cı il mayın 10-da vəfat edib.
* * *
1992 – Azərbaycan Respublikası ilə Oman dövləti arasında diplomatik münasibətlər qurulub.
Oman dövləti Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.
Azərbaycan-Oman əlaqələri barədə bax:
http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=124&Itemid=43
* * *
1996 – Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
Bundan az öncə (28 iyun 1996) Azərbaycan Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq” statusu almışdı.
Azərbaycan və Avropa Şurası münasibətləri barədə əlavə bax:
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=598&Itemid=1
* * *
2006 – Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib.
Təntənəli mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri İlham Əliyev, Əhməd Necdət Sezər və Mixeil Saakaşvili, layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə 30-dək ölkənin nüymayəndə heyəti iştirak etmişdi.
BTC neft kəmərinin işə salınması Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi.
1999-cu ilin 18 noyabrında BTC-yə dair “İstanbul bəyannaməsi»nin imzalanması ilə başlanan çətin yol uğurla başa çatmışdı.
Kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 mln. barreldir. Neft kəməri 2008-ci ildən ixrac gücü ilə işləyir.
Əlavə bax:
http://azerbaycanli.org/az/page125.html
* * *
Bax:
►12 iyul