“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 4 iyul təqvimdə hansı fakt və olaylarla yadda qalıb?
4 iyul
1797 – Qarabağ xanlığının mərkəzi Şuşada sui-qəsd nəticəsində İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. Bundan az öncə Şuşanı işğal edən Qacar şah saraydaxili qəsdin qurbanı olmuşdu.
Türk (azərbaycanlı) əsilli olan Ağa Məhəmməd Qacar İran taxt-tacı uğrunda uzun çəkişmələrdən sonra 1794-cü ildə hakimiyyətə gəlmişdi.
Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran qoşunları Qarabağ xanlığını tərk etdilər. İran taxtına isə Qacarlar sülaləsindən Fətəli şah çıxdı.
Qacarların İranda hakimiyyəti 1925-ci ilədək davam etdi.
Əlavə bax:
http://memorial.aznet.org/politic.shtml
* * *
1858 - Bakıda Xəzər gəmiçiliyi – iticarət gəmilərinin işini tənzimləyən idarə fəaliyyətə başlayıb.
Prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, 1998-ci ildən etibarən iyulun 4-ü Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Əlavə bax:
http://www.caspar.baku.az/azer/company.html
* * *
1992 – Azərbaycan Milli Ordusunun hissələri Dağlıq Qarabağın şimalında aparılan hərbi əməliyyat gedişində keçmiş muxtar vilayətin Mardakert (Ağdərə) rayon mərkəzini erməni hərbi birləşmələrindən azad ediblər.
Ağdərə rayonunun böyük bir hissəsinin nəzarətə götürülməsi nəticəsində Azərbaycan ordusu Qarabağ müharibəsində ciddi mövqe üstünlüyü əldə etmişdi.
Lakin hərbi-strateji baxımdan qeyri-peşəkar və darmacalda hazırlanıb həyata keçirilən əməliyyat tezliklə əks nəticə doğurdu.
1992-ci ilin payızından Azərbaycan Qarabağda itkilərlə üzləşdi, Ağdərə rayonu isə 1993-cü il fevralında qismən, iyunda isə bütünlüklə erməni qüvvələrinin əlinə keçdi.
* * *
Bax:
►3 iyul