Bizim təqvim > İyun > 27
Tarixdə bu gün: Azərbaycan
Saytımızda yeni bölməni – “Bizim təqvim” rubrikası altında “Tarixdə bu gün: Azərbaycan” bölməsini təqdim edirik. Elektron xronoqraf formatında nəzərdə tutulan bölmədə Azərbaycan tarixinin təqvimin günlərində həkk olunmuş hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər yer alacaq.
Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 27 iyun hansı fakt və olaylarla yadda qalıb?
27 iyun
1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət «Qafqaz İslam Ordusu» Göyçay yaxınlığındakı döyüşdə «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər.
Bu zəfər Xalq Cümhuriyyəti hökumətinin ölkəyə tam nəzarəti ələ keşirməsi üçün başlanan hərbi əməliyyatların gedişində önəmli dönüş olub.
«Qafqaz İslam Ordusu»nun hissələri daşnak-bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks-hücuma keçiblər.
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub.
1921 – Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Ermənistan SSR-in Dağlıq Qarabağa iddiasını rədd edib. MK-nın qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanırdı.
Bu, ermənilərin Qarabağ iddialarına Azərbaycanın bolşevik rəhbərliyi tərəfdən verilən ilk cavab idi.
1924 – Görkəmli aktyor, xalq artisti Məlik Dadaşov (1924-1996) Bakıda anadan olub.
Uzun illər Milli Dram Teatrında fəaliyyət göstərib, səhnədə və televiziya tamaşalarında bir çox rolları ilə yaddaşlarda qalıb.
Azərbaycan kinosunda bir sıra unudulmaz obrazlar (“Dəli Kür” (Molla Sadıq), “Ulduzlar sönmür” (General Mehmandarov), “26 Bakı komissarı” (Əzizbəyov), “Birisi gün gecə yarısı” (Nəriman Nərimanov), “Axırıncı aşırım” (Qəmlo), “O dünyadan salam” (Şeyx Nəsrulla), “Fəryad” (Aram Xaçaturyan) və s.) yaradıb.
Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1996-cı il dekabrın 3-də vəfat edib.
Bax həmçinin:
1991 – Azərbaycanın Ali Soveti respublikanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul edib.
SSRİ-nin yeni ittifaq dövləti ilə əvəzlənməsi barədə qərar 1991-ci il 17 mart referendumundan sonra qəbul olunmuşdu. Yeni ittifaq müqaviləsi avqustun 20-də Moskvada imzalanmalı idi.
1991 – Erməni silahlı birləşmələri Dağlıq Qarabağın Martuni (indiki Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edərək 6 sakini qətlə yetiriblər.
Bu, Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin azərbaycanlı yaşayış məntəqəsinə ilk böyük hücumu idi. Qaradağlı kəndi 1992-ci ilin fevralında erməni silahlı qüvvələri tərəfindən işğal olundu, onlarla sakin öldürüldü və əsir götürüldü.
Bax həmçinin:
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=25680
http://az.apa.az/print.php?id=146847
1993 – Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın şimalında Ağdərə (Mardakert) rayon mərkəzini ələ keçiriblər. Ağdarə rayonunun böyük hissəsi və rayon mərkəzi 1992-ci ilin yayında Azərbaycan ordu hissələrinin nəzarətinə keçmişdi.
Ermənilər 1993-ci ilin iyununda Ağdərə şəhəri ilə yanaşı, rayonun bir neçə kəndini də ələ keçirdilər.
Ağdərə istiqəmətində irəliləyən erməni qüvvələrinin hücumlarını dəf edə bilməyən Azərbaycanın ordu hissələri geri çəkilərək Ağdam şəhərinin bir neçə kilometrliyində gərar tutmuşdular.
Bax:
26 iyun