Bizim təqvim > İyun > 26
Tarixdə bu gün: Azərbaycan
-26.06.2009-
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.
Bölmədə Azərbaycan tarixinin ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 26 iyun hansı fakt və olaylarla yadda qalıb?
26 iyun
1917 – Hərbi xadim, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyov (1917-1992) anadan olmuşdur. 1941-1945-ci illər müharibəsində hava hücumundan müdafiə qoşunları tərkibində briqada, diviziya birləşmələri qərargahında müxtəlif mühəndis vəzifələrində çalışmışdır.
H.Rəsulbəyov 1966-1974-cü illərdə Bakı hərbi dairəsinin hava hücumundan müdafiə qoşunlarının komandanı olub. Azərbaycanda milli zabit kadrlarının hazırlanmasına mühüm töhfələr verib.
1975-ci ildə hərbi xidmətdən ehtiyata çıxandan sonra Azərbaycanın (Azərbaycan SSR) rabitə naziri vəzifəsinddə işləmişdir.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/General_H%C3%BCseyn_R%C9%99sulb%C9%99yov_(1998)
* * *
1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə («Qafqaz İslam Ordusu») Nuru paşanın komandanlığı altında «Bakı Kommunası»nın qoşunları ilə qızğın döyüşlər aparırdı.
Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş Qərargah rəisi təyin edildilər.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.
Əlavə bax:
http://www.anl.az/26iyun.htm
http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Demokratik_Respublikas%C4%B1n%C4%B1n_milli_ordusu
* * *
2000 – Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanı ilə 87 məhbus, o cümlədən dövləti cinayətlərə görə məhkum olunmuş 68 nəfər azadlığa çıxıb.
* * *
2008 – Azərbaycan Milli Ordusunun 90 illik yubileyi münasibətilə Bakıda, Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib.
Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi.
Bu, 1992-ci ildən sonra Azərbaycanda müstəqillik tarixində keçirilmiş ikinci hərbi parad idi.
Əlavə bax:
www.azertag.com (26 iyun 2008)
* * *
Bax:
►25 iyun