Bizim təqvim > İyun > 25
Tarixdə bu gün: Azərbaycan
-25.06.2009-
Saytımızda yeni bölməni – “Bizim təqvim” rubrikası altında “Tarixdə bu gün: Azərbaycan” bölməsini təqdim edirik. Elektron xronoqraf formatında nəzərdə tutulan bölmədə Azərbaycan tarixinin təqvimin günlərində həkk olunmuş hadisə və faktları, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər yer alacaq.
Bu işin böyük bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş, zənginləşdirilmiş elektron variantı yer alacaq. Bununla yanaşı, hörmətli oxucularda bu bölməyə aid əlavə fakt və materiallar (təqvimin günləri üzrə) varsa, onları bizimlə bölüşməyi (vuqar@azerbaycanli.org) rica edirik.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 25 iyun hansı fakt və olaylarla yadda qalıb?
25 iyun
1907 – Azərbaycanın xalq artisti Sona Hacıyeva (1907-1979) Şəki şəhərində anadan olmuşdur. Sona Hacıyeva 1920-ci ildən ömrünün sonunadək Milli Dram Teatrının səhnəsində Azərbaycan və dünya dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaratmışdır. "Bəxtiyar", "Qızmar Günəş Altında", "O Olmasın, Bu Olsun", "Səhər" filmlərinə çəkilən Sona Hacıyeva milli kinomuzun tarixində də özünəməxsus iz qoymuşdur.
Bax həmçinin:
1987 – Sov.İKP MK-nın plenumu “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. “Yenidənqurma” siyasəti dörd sonra SSRİ-nin süqutu ilə nəticələndi.
1992 – İstanbulda Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Yeni regional təşkilatın yaradılması barədə “İstanbul bəyannaməsi”ni 9 ölkənin (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) başçısı, o cümlədən Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy imzalamışdı.
1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, ən son isə Serbiya (2004-cü ildə) təşkilata üzv oldu. 1994-cü ildən QİƏT-in Parlament Assambleyası (PA) fəaliyyət göstərir. 1998-ci ilin Yalta sammitində QİƏT-in nizamnaməsi (1999-cu il mayın 1-dən qüvvəyə minib) qəbul edildi, onun daimi katibliyi (İstanbul şəhərində) yaradıldı. 1999-cu ilin 8 oktyabrında BMT Baş Assambleyasının 54-cü sessiyasından QİƏT-ə BMT-də müşahidəçi təşkilat statusu verilib. Sonrakı dövrdə təşkilatın bir sıra sttukturları, Qara dəniz İqtisadi Ticarət Bankı, QİƏT Fondu və s. təsis olunub.
Təşkilatda sədrlik 6 ayda bir dəyişir. 2009-cu ilin mayından QİƏT-ə Azərbaycan sədrlik edir.
Bax həmçinin:
1996 – Azərbaycan Respublikası ilə Peru arasında diplomatik münasibətlər qurulub.
2005 – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə ilk dəfə olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəçiləri Bakı səması üzərində nümunəvi uçuşlar və yüsək pilotaj nümayiş etdiriblər.
2001-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi yaradılmış və bu tədris müəssisəsinə ilk müdavimlər dəstəsi qəbul olunmuşdu.
Bax:
24 iyun