Azərbaycan dünyada > Avroatlantika kursu > Azərbaycan-Almaniya > 2009 > May > 2
Almaniyanın Azərbaycandakı fövqəladə və salahiyyətli səfiri Per Stankina:
“Biz bir-birimizə etibar edirik”

-26.05.2009-
Bu yaxınlarda Azərbaycan-Almaniya biznes forumu keçirildi. Forumda Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per Stankina Azərbaycanı alman biznesmenləri üçün əlverişli ölkə kimi dəyərləndirdi. Bu baxımdan cənab səfirə Azərbaycanla Almaniya arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Nabukko layihəsi barədə bir neçə sualla müraciət etdik.
Müsahibəyə Azərbaycan və Almaniya arasındakı əlaqələrin dərin tarixi və mədəni köklərinə toxunmaqla başladıq.
- Cənab səfir, Azərbaycan və Almaniya arasında əlaqələr dərin tarixi və mədəni köklərə malikdir. Hələ XIX əsrin ortalarından Azərbaycan ərazisində alman mühacirlərinin koloniyaları mövcud olub. Bu amil ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə necə təsir göstərir?
- Çox sevindirici haldır ki, siz Azərbaycandakı almanlar barədə söhbət açırsınız. Həqiqətən, almanların Azərbaycanda çox zəngin irsi mövcuddur. Bu irs ölkələrimiz arasındakı əlaqələrdə bu gün də vacib rol oynayır. Xüsusən də hər iki parlament arasında mövcud olan əlaqələrdə. Bugünkü Göygöl bölgəsini, yəni keçmişdə almanlar məskunlaşmış Helenendorfu təmsil edən deputat Rövşən Rzayev Almaniya Bundestaqı və onun deputatları ilə sıx əlaqə yaratmışdır. Ümumiyyətlə, Azərbaycanda almanların xatirəsi məmnuniyyətlə yad edilir. Hər bir siyasi danışıqlarda bu mövzuya toxunulur.
- Ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səfirlik hansı layihələri həyata keçirməyi planlaşdırır?
- Səfirlik son illər mədəniyyət sahəsində işini olduqca gücləndirmişdir. 2008-ci ildə Almaniyada müvəffəqiyyətlə keçirilən Azərbaycan mədəniyyəti ili bizim burada Almaniyanın yaşam tərzini təqdim etmək zərurətini yaratdı. 2009-cu ildən səfirlik Azərbaycanda “Almaniya ilə tanışlıq” devizi adı altında alman mədəniyyəti həftəliyi həyata keçirir. Biz tədbirlərimizi iki dildə əks etdirən gözəl bir proqram tərtib etmişik. Bu il Azərbaycanın 6 şəhərində 50-dən çox tədbir keçiriləcək.
- 1999-cu ildə Ulu öndərimiz Heydər Əliyev 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərini Almaniyaya qaytardı. Bu cür alicənab hərəkətlər ölkələr arasında dostluq və inamın möhkəmlənməsinə böyük təsir göstərir. Bu qəbildən Almaniya tərəfindən nəyə ümid etmək olar?
- Mərhum Prezident Heydər Əliyev Bremen qalereyasına məxsus olan sənəd əsərlərini geri qaytarmışdır. Buna görə biz ona dərin minnətdarıq. Bu gün də bu amil ikitərəfli münasibətlərimizin vacib təməl daşını təşkil edir. Biz bir-birimizə etibar edirik və hər iki xalq öz mədəni irslərinin vacibliyini dərk edir.
- Bu yaxınlarda Azərbaycan-Almaniya biznes forumu keçirildi. Forumda siz Azərbaycanı alman biznesmenləri üçün əlverişli ölkə kimi dəyərləndirdiniz. Əlverişli ölkə deyəndə nələri nəzərdə tutursunuz?
- Bakıdakı alman səfirliyi alman sahibkarlarının diqqətini Azərbaycan iş adamlarının təklif etdiyi geniş imkanlara yönəltməyi öz vəzifəsi bilir. Son illər Bakıya çoxlu sayda iş adamlarından ibarət nümayəndə heyətləri səfər edir. Sonuncu belə səfər bir neçə həftə bundan öncə olmuşdu. O zaman mən onlara məlumat verərkən Azərbaycanın yüksək iqtisadi inkişafına, ölkədəki yenidənqurma işlərinə işarə etmişdim. Almaniya infrastrukturun yenidən qurulması və sənayenin modernləşdirilməsi üçün yüksək kvalifikasiyalı tərəfdaşdır. Almaniyanın maşınqayırma sənayesi və mühəndisliyi dünya üzrə yüksək nüfuza malikdir. Azərbaycan da alman məhsullarının keyfiyyətinə yaxşı bələddir.
- Azərbaycanla Almaniya arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi məsələləri barədə nə deyə bilərsiniz? Nabukko layihəsi Almaniyanı nə dərəcədə maraqlandırır?
- Hər iki hökumət ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yüksəlməsi uğrunda çalışır. Bu yüksələn ticarət dövriyyəsi vasitəsi ilə həyata keçirilir. Belə ki, son illər ticarət dövriyyəsi 2,5 mlrd. avroya yüksəlmişdir. Bununla yanaşı birbaşa investisiya sahəsi də var. İmkanlı Azərbaycan müəssisələri Almaniyada investisiya qoyurlar. Biz alman sahibkarlarını Azərbaycana cəlb etmək və bura sərmayə qoymaq istiqamətində iş aparırıq.
Azərbaycan Almaniyanın birbaşa qonşusu olmadığından və genişlənmiş Avropa İttifaqı alman sahibkarlarına bilavasitə geniş imkanlar açdığından, bu bir qədər çətin idi. Uğurlu investisiya üçün müvafiq investisiya mühitinin olması vacibdir. İnvestisiya mühitinin yaxşılaşdırılması uğrunda bütün iştirakçı tərəflər iş görürlər. Enerji ehtiyatlarının böyük bir hissəsini ixrac edən Almaniya üçün Nabukko layihəsi böyük əhəmiyyət daşıyır. Biz bu layihədə maraqlı olan dövlət və şirkətlər arasında danışıqların tezliklə və uğurla başa çatmasını arzulayırıq.
- Almaniya Azərbaycanın Avropada ən əhəmiyyətli tərəfdaşlarından hesab olunur. Xüsusilə Avropaya inteqrasiya istiqamətində Almaniya Azərbaycana hansı köməyi göstərə bilər?
- Avropaya yaxınlaşmaq Azərbaycanın bəyan etdiyi siyasi məqsədidir. Almaniya bu siyasi səyləri birmənalı olaraq dəstəkləyir. Biz bir çox sahələrdə səy göstərir və çalışırıq ki, Azərbaycanın hakimiyyət orqanlarına yardım göstərək. Şəxsən mən hüquqi məsləhət layihəsini bizim ən vacib layihələrdən biri hesab edirəm. Bu layihədə biz Milli Məclisə, həmçinin Ali Məhkəməyə müasir ədliyyə idarəçiliyinin qurulması, ixtisaslaşmış hakimlərin təhsili, müasir bazar iqtisadiyyatı prinsipləri üzərində qurulmuş dövlət üçün uyğun qanunların təkmilləşdirilməsi sahəsində öz dəstəyimizi təklif edirik.
- Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəal üzvüdür. Almaniya bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasını müdafiə edir. Bununla belə BMT Baş Məclisinin 62-ci iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” qətnaməsi qəbul edilərkən Almaniya bitərəf mövqe nümayiş etdirdi. Bunu nə ilə izah edərdiniz? Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Almaniyadan nə kimi kömək gözləyə bilərik?
- BMT-də təmsil olunan Avropa dövlətləri, eləcə də qurumun digər üzv dövlətlərinin çoxu səsvermə zamanı bitərəf qaldılar. Avropa Birliyi ATƏT-i münaqişənin həllinə qadir olan forum kimi görür, ona görə də Minsk qrupunun səylərinə dəstək verir. Minsk qrupuna üzv dövlətlərin həmsədr ölkələrinin bu qətnaməyə qarşı çıxmaları da məhz bununla bağlıdır. Almaniya Azərbaycan və Ermənistan tərəflərinin əhalinin mümkün kompromislərə hazırlaması istiqamətində səylərini təqdirəlayiq hal sayır. Münaqişə tərəfləri arasında uzunmüddətli sülhə yalnız qarşılıqlı razılıq nəticəsində nail olmaq mümkündür. Bizim ölkəmiz bu məsələdə böyük həvəslə mümkün olan yardımı edəcəkdir. Lakin əsas məsuliyyət münaqişə tərəflərinin üzərindədir.
- Sizcə, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində parlament diplomatiyası nə dərəcədə inkişaf edib və bu əlaqələrin gələcək perspektivləri nədən ibarətdir?
- Əgər siz “parlament diplomatiyası” adı altında Bundestaq və Milli Məclis üzvlərinin kontakt, danışıqlar və şəxsi görüşlərini nəzərdə tutursunuzsa, bununla kifayətlənmək olmaz. Əlbəttə, hər iki dövlətin əhalisi səviyyəsində siyasi münasibətlər mümkündür. Almaniyada minlərlə azərbaycanlı, Azərbaycanda isə yüzlərlə alman yaşayır. Bunu 2008-ci ildə Almaniyada keçirilən Azərbaycan ili, eləcə də mədəni əlaqələrin genişlənməsində Almaniya səfirliyinin uzun illər boyu səyləri bir daha sübut edir.
Bununla yanaşı digər səviyyələrdə də münasibətlər mövcuddur. Burada parlament və icra orqanları səviyyəsində əməkdaşlığı qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Almaniyada rəsmi səfərdə olub. Nazirlərimiz qarşılıqlı səfərlər edirlər. Bundan əlavə bir çox dövlət nümayəndə heyətləri, biznesmenlər arasında görüşlər keçirilir, eyni zamanda, siyasi əməkdaşlıq da mövcuddur. Azərbaycanın da iştirakçısı olduğu Avropa qonşuluq siyasəti nəticəsində hər iki tərəfin administrasiyası TVİNNİNQ proqramı çərçivəsində intensiv əməkdaşlıq edirlər. Hazırda Almaniya bu proqram üzrə enerji və ekoloji məsələlərlə bağlı hakimiyyət orqanları ilə fikir mübadiləsi aparır. Bu sahədə növbəti addım almanların rəhbərliyi ilə statistika sahəsində aparılacaq təlimatlardır.
Ən nəhayət, ədliyyə sahəsində əlaqələr də kifayət qədər sıxdır. Azərbaycan hakimləri və Ali Məhkəmənin sədri dəfələrlə Almaniyada olublar. Eləcə də alman hakimləri Azərbaycanda məruzələrlə çıxış ediblər. Bir müddət əvvəl Almaniyanın Konstitusiya Məhkəməsinin sədri professor doktor Ziqfrid Bross burada olub və Almaniya Konstitusiya Məhkəməsinin 60 illiyi ilə əlaqədar, eləcə də Almaniyanın birləşməsinin 20 illiyinə həsr olunmuş məruzə ilə yenidən Bakıda çıxış edəcəyi gözlənilir.
Milli Məclis və Bundestaq arasında münasibətlər həqiqətən də sıxdır və dostluq üzərində qurulub. Bir səfir kimi mən buna çox şadam.
Belə münasibətlər parlamentlər arasında qarşılıqlı anlaşmanı asanlaşdırır və bizi irəliyə aparır. Almaniya Bundestaqında çox güclü “Cənubi Qafqaz Dostluq Qrupu” fəaliyyət göstərir. Bu qrupa deputat Ştefan Rayxe rəhbərlik edir və o, son yarım ildə artıq 3-4 dəfə Bakıda olub. Bunun qarşılığında Milli Məclisdə fəaliyyət göstərən dostluq qrupunun üzvləri də son aylarda Almaniyaya səfərlər ediblər.
Yekunda mən demək istərdim ki, parlament diplomatiyasının çox önəmli rolu var. Bununla yanaşı ölkələrimizi yaxınlaşdırmaq üçün digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək vacibdir. Mən Almaniya hökumətinin başçısı Angela Merkelin yaxın zamanda Bakıya səfər edəcəyinə ümid edirəm.
“Milli Məclis” jurnalı, №11, may-iyun 2009.
http://jurnal.meclis.gov.az/news.php?id=53