Qarabağ > Sülh prosesi > 2009 > May > 5
Vasitəçilər sülh danışıqlarında irəliləyişin olmasında israr edirlər
Metyu Brayza: “Cənab Novruz Məmmədov Praqa görüşündə iştirak etmədiyi üçün orada nə baş verdiyini bilmir. Mən bilirəm, çünki orada olmuşam”
-16.05.2009-

Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən (7 may) sonra sülh prosesinin gedişi və perspektivləri ilə bağlı vasitəçilərlə rəsmi Bakı adından verilən açıqlamalarda ciddi fikir ayrılığının qalması diqqət çəkir. Xatırladaq ki, prezidentlərin Praqa görüşündən dərhal sonra birgə açıqlama verən Minsk Qrupunun amerikalı, rusiyalı və fransalı həmsədrləri danışıqların konstruktiv keçdiyini, tərəflərin ziddiyyət doğuran məsələlərdə qismən yaxınlaşmaya nail olduqlarını vurğulamışdılar.
Amerikalı vasitəçi Metyu Brayza isə bir qədər konkret danışaraq tərəflərin nizamlamanı baza prinsiplərini razılaşdırmaq ərəfəsində olduqlarını bildirmişdi. Bunun ardınca Türkiyə mediası amerikalı vasitəçiyə istinadən Praqa görüşündə indiyədək danışıqların düyün nöqtələrindən olmuş mövzu - Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşməsi məsələsinin diqqətə alındığı və Azərbaycan tərəfin ilk dəfə statusun necə müəyyənləşəcəyinə dair müzakirələrin başlanmasına razılıq verdiyini bildirdi.
Eyni zamanda, yenə Brayzaya istinadən, Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi müddətində bölgə üçün müvəqqəti statusa, daha doğrusu, mövcud status-kvonun qalmasına razılaşdığı qeyd olunurdu. Həmçinin erməni tərəfin ilkin mərhələdə beş rayonu azad etməyə, Kəlbəcəri isə sülh razılaşması əldə ediləndən 5 il sonra azad etməyə prinsip olaraq razılıq verdiyi bildirilirdi.
Xəbərlərə görə, bundan sonrakı mərhələdə danışıqlarda həllini gözləyən iki əsas məsələ qalıb: Laçın rayonu ərazisindən Dağlıq Qarabağla Ermənistan arasında quru yol əlaqəsi üçün yaradılacaq dəhlizin müəyyənləşməsi və Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmasının qrafikinin razılaşdırılması.
Qeyd etmək lazımdır ki, bu açıqlama və xəbərlər erməni tərəfdə elə də ajiotaj doğurmadı. Erməni rəsmiləri əvvəlkitək yalnız onu vurğulayırlar ki, Dağlıq Qarabağın yekun statusu oradakı əhalinin öz müqəddəratını təyin etməsinə yol açacaq referendumla həll olunmalıdır. Ermənilərə görə, həmsədrlərin bəhs etdiyi tərəflər arasında uzlaşma və Azərbaycanın statusun təyinatı barədə müzakirələrə razılaşması nəticə etibarilə buna aparıb çıxaracaq.
Rəsmi Bakı isə vasitəçilərin bu açıqlamalarını aşkar narazılıqla qarşıladı. Əvvəlcə XİN başçısı Elmar Məmmədyarov Praqa görüşündə elə bir irəliləyişin olmadığını və erməni tərəfin əvvəlkitək qeyri-konstuktiv davrandığını bildirdi. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə həmsədrləri guya Praqa görüşündə irəliləyiş olması barədə Azərbaycan rəhbərliyi ilə razılaşdırılmamış bəyanat verməkdə, amerikalı vasitəçi Brayzanı isə ABŞ prezidentini sülh prosesi barədə yanlış məlumatlandırmaqda ittiham etdi.
Prezident Administrasiyasının rəsmisi konkret ifadə etməsə də, əslində başa düşülən odur ki, rəsmi Bakını ciddi narazı edən məqam həmsədrlərin Dağlıq Qarabağın statusunun müəyyənləşməsinə dair müzakirələrin (ətraf rayonlar azad edilmədən) başlanması barədə söylədikləri fikirdir. Buradan belə qənaətə gəlmək olar ki, Praqa görüşündə Azərbaycan tərəfi bu müzakirələrə ilkin razılıq ifadə edib, amma erməni tərəfi öz payına düşən (rayonların azad edilməsi) razılığı ifadə etməyib.
Yaxud da vasitəçilər sözügedən müzakirələrə Azərbaycanı razı salmaq üçün belə məqsədli kampaniya aparır, referendum və öz müqəddəratını təyinetmə prinsipini bizə qəbul etdirməyə çalışırlar. Azərbaycan rəsmilərinin həmsədrlərin, özəlliklə amerikalı vasitəçinin bəyanatlarına etirazı daha çox ikinci versiyanı düşünməyə əsas verir. Bu baxımdan vasitəçilərin sülh prosesində irəliləyiş olmasında israr etməsi, Azərbaycan tərəfin isə bunu rədd etməsi maraq doğurur.
Qeyd edək ki, prezidentlərin Sankt-Peterburq görüşünə hazırlıq məqsədilə regiona səfərə çıxan və dünən Bakıda görüşlər keçirən fransalı həmsədr Bernar Fasye də «sülh prosesinin ciddi şəkildə davam etdiyini» vurğulayıb.
Fransalı həmsədri dünən prezident İlham Əliyevlə görüşüb. Bir gün öncə (14 may) isə diplomat Yerevanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla müzakirələr aparmışdı. «Aparılan danışıqların detallarını açıqlaya bilmirəm. Amma proses ciddi şəkildə davam edir”, - deyə Fasye bildirib.
Amerikalı vasitəçi Brayza isə iyunda Sankt-Peterburqda gözlənilən görüşdə nizamlamaya dair ciddi nəticənin əldə olunacağını gözləyir. Onun sözlərinə görə, Praqa danışıqlarındakı irəliləmə bunun üçün əsas yaradıb. Diplomat Praqa görüşü barədə daha öncə verdiyi bəyanatların üstündə durduğunu bir daha vurğulayıb.
«Mən mübahisə etməyə hazıram ki, Praqa görüşü Azərbaycan və Ermənistan prezidentlərin hazırkı həmsədrlərin şahidi olduğu ən konstruktiv görüşü oldu. Düzdür, gözlədiyimiz sıçrayış olmadı, ancaq eyni zamanda prezidentlərin müzakirə etdiyi mövzular, mən inanıram ki, onların Sankt-Peterburq görüşündə sıçrayışa nail olmaları üçün əsas yaradıb», - deyə Brayza APA-nın ABŞ bürosuna müsahibəsində bildirib.
Brayzanın sözlərinə görə, Praqa görüşündə həqiqətən də baza prinsipləri arasında az sayda qalmış və razılaşdırılmayan müddəalar üzrə yaxınlaşma əldə olunub: «Mən dediyim sözlərin üzərində dayanıram. Prezidentlər danışıqlar apararkən ilk dəfə olaraq baza prinsiplərinin az sayda razılaşdırılmayan məqamları üzrə razılaşmaya gəldiklərini qeyd etdilər. Mən bütün baza prinsipləri haqqında danışmıram. Onların çoxu konseptual olaraq razılaşdırılıb, lakin ortada çoxlu sayda detal var ki, hələ də müzakirə olunmalıdır. Məhz bu az sayda razılaşdırılmayan baza ideyaları üzərində prezidentlər göstərdilər ki, razılaşıblar».
Amerikalı vasitəçi Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri N.Məmmədov tərəfindən ona ünvanlanan tənqidə də əlamətdar cavab verib: «Mən Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri və həmsədr həmkarlarım görüşü tərk edəndən sonra bəyanatımı vermişəm. Mən vasitəçiyəm və özüm proseslərə qiymət verirəm. Cənab Məmmədov bu görüşlərin heç birində iştirak etməyib. Yəni o, həmin görüşlərdə olmadığı üçün orada nə baş verdiyini bilmir. Mən bilirəm, çünki orada olmuşam».
Brayzanın sözlərinə görə, həmsədrlər, Azərbaycan tərəfin tələbinin əksinə olaraq, ona görə Ermənistanı işğalçı dövlət adlandırmırlar ki, onlar siyasətçi deyil, vasitəçilik edən diplomatlardırlar: «Həmsədrlər Avropa Şurası, BMT kimi siyasi təşkilat deyil. Bizim işimiz tərəflər arasında sülhün necə yaradılmasına kömək etməkdir. Bizim işimiz onları razılaşdırmaqdır, siyasi bəyanatlar vermək deyil».
Bununla belə, amerikal vasitəçi Praqa görüşündə konrket hansı yöndə irəliləyiş olması, eləcə də Ermənistanın işğal olunmuş ərazilərdən azad olunması müqabilində Dağlıq Qarabağın statusu ilə bağlı tələblərinə aydınlıq gətirməyib: «Həmişəki kimi mən danışıqlarımızın spesifik detalları barədə danışmaq istəməzdim. Gördüyüm odur ki, Azərbaycan tərəfi çox irəliləyiş olmamasından məyus olub. Mən də arzu edərdim ki, orada daha çox irəliləyiş olsun. Deyə bilərəm ki, Azərbaycan prezidenti çox konstruktiv idi. Ermənistan prezidentini də tanıdığım dövrdən kifayət qədər konstruktiv və cəsarətli gördüm. Ümid edirəm ki, biz həmsədrlər yaxşı işləsək, Sankt-Peterburqda hər iki tərəf özünü mümkün qədər rahat hissə edəcək. Nəticədə Praqada gözlədiyimiz sıçrayışı növbəti görüşdə əldə edə biləcəyik».
Qeyd edək ki, amerikalı vasitəçinin nikbinliyi ilə Azərbaycan tərəfin sülh prosesi ilə bağlı bədbinliyi arasında ziddiyyət dünən də maraqlı açıqlamalarla davam edib. Prezident Administrasiyasının şöbə müdiri N.Məmmədov amerikalı həmsədrdən fərqli olaraq Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinə yönəlik hər hansı ciddi irəliləyiş gözləmədiyini bildirib. «Çox təəssüflər olsun ki, bu istiqamətdə proseslər Azərbaycanı təmin etmir. Rəsmi deyirəm, həmsədrlərin necə bəyanat verməsindən asılı olmayaraq Ermənistanın prezidenti ilə indiyədək danışıqlarda heç bir irəliləyiş əldə edilməyib», - deyə o, «Turan» agentliyinə müsahibəsində bildirib.
Prezident Administrasiyası rəsmisi deyib ki, həmsədrlərin təklifi ilə mərhələli həll prosesi kiçikdən böyüyə, sadədən mürəkkəbə doğru hərəkəti ehtiva edir: “Amma sadə məsələlərin sonunda bir neçə fundamental prinsip dayanır. Bunlar Dağlıq Qarabağın müqəddəratı, qoşunların işğal olunmuş ərazilərdən nə vaxt çıxarılması, hansı ölkələrin sülhməramlı qüvvələrinin yerləşdirilməsi, referendumun hansı formada, necə və nə vaxt keçirilməsi kimi məsələlərdir. Bu vacib məsələlərdə Ermənistan tərəfi tam qeyri-konstruktivlik nümayiş etdirir. Bu qeyri-konstruktivliyi isə həmsədrlər və digər qüvvələr sanki normal qəbul edir”.
Vüqar Orxan, “525-ci qəzet”, 16.05.2009.