Azərbaycan dünyada > Avroatlantika kursu > Azərbaycan-NATO > 2009 > Aprel
NATO baş katibi Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayır
Yaap de Hoop Sxeffer: “Ərazi bütövlüyü danışıqlar prosesində müzakirə mövzusuna çevrilməməlidir”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 29-da Brüsseldə, NATO-nun mənzil qərargahında təşkilatın baş katibi Yaap de Hoop Sxeffer ilə görüşmüşdür. Görüşdən sonra Prezident İlham Əliyev Şimali Atlantika Şurasında NATO-nun üzvü olan dövlətlərin Şuradakı daimi nümayəndələri və səfirləri qarşısında çıxış etmiş, müzakirələr aparılmışdır. Müzakirələrdən sonra Prezident İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer birgə mətbuat konfransı keçirmişlər.
Azərbaycan Prezidenti və NATO-nun baş katibi əvvəlcə bəyanatlarla çıxış etmişlər.
NATO-nun baş katibi Yaap de Hoop Sxefferin bəyanatı:
- Sabahınız xeyir, xanımlar və cənablar. Deyə bilərəm ki, Baş katib kimi mən və Şimali Atlantika Şurası Azərbaycan Prezidenti cənab Əliyevi Şimali Atlantika Şurasında yenidən qəbul etməkdən olduqca məmnunuq.
Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Artıq on beş ildir ki, “Sülh naminə tərəfdaşlıq” proqramı, 2005-ci ildən etibarən isə “Fərdi tərəfdaşlığın əməliyyat plan”ı çərçivəsində çalışırıq. Təbii ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda mühüm iştirakçıdır. Azərbaycan enerji təhlükəsizliyi baxımından çox vacib bir ölkədir və NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz həmin tərəfdaşlığı genişləndiririk. Mən Əfqanıstanda İSAF əməliyyatları çərçivəsində Azərbaycanın verdiyi vacib töhfəsinə görə Prezident Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu işləri davam etdiririk və gələcəkdə də bu əsaslarla işləyəcəyik.
Bir neçə il bundan əvvəl mən Prezident Əliyevlə şəxsi münasibətlər qurmuşuq. Bunu nəyə görə deyirəm? Mən NATO-nun baş katibi olmağımla yanaşı, ATƏT-in keçmişdə fəaliyyətdə olan sədri kimi ümidvar olduğumu bildirmək istəyirəm və arzulayıram ki, Dağlıq Qarabağ münaqişəsi, bu problemi NATO dövlət və hökumət başçılarının bu ayın əvvəlində Strasburqda keçirilmiş Zirvə görüşündə qeyd edildiyi kimi, çox vacib bildiyim mühüm prinsip – ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapmalıdır.
Prezident Əliyev Azərbaycandakı vəziyyət, regiondakı enerji durumu və siyasi vəziyyət haqqında çox maraqlı təqdimatla çıxış etdi. Təbii ki, Prezident Əliyev Dağlıq Qarabağ məsələsinə də diqqət yetirdi. Cənab Prezident, Sizi burada görməyimizdən çox şad olduq və məmnuniyyətlə sözü Sizə verirəm.
Prezident İlham Əliyevin bəyanatı:
- Çox sağ olun, cənab baş katib. Dəvətə görə bir daha olduqca minnətdaram. Burada yenidən olmağıma və Sizinlə görüşmək, eləcə də Şurada çıxış etmək imkanına görə çox şadam.
İlk öncə, mən, cənab baş katib, şəxsən Sizə Azərbaycan-NATO münasibətlərinə verdiyiniz töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq. Sizin baş katib kimi fəaliyyətiniz təşkilatı daha da gücləndirmişdir. Eyni zamanda, apardığınız iş Azərbaycan kimi ölkələri təşkilata daha da yaxınlaşdırmış və bir çox tədbirlərdə iştirakını mümkün etmişdir. Artıq öncə qeyd etdiyim kimi, təkcə ötən il Azərbaycan təmsilçiləri NATO-nun təşkil etdiyi 200-dən çox əməkdaşlıq tədbirində iştirak etmişlər. Biz bu tərəfdaşlığı yüksək dəyərləndiririk. Azərbaycan Əfqanıstanda öz hərbçilərinin sayını iki dəfə artırmaq üzrədir. Biz öz regionumuz və bütün dünyada sülh, sabitlik və təhlükəsizlik kimi ümumi işə və antiterror əməliyyatlarına verdiyimiz töhfəni davam etdirəcəyik.
Bu gün müzakirə etdiyimiz məsələlər arasında təbii ki, NATO ilə Azərbaycan arasında münasibətlərə və regional vəziyyətə dair məsələlər var idi. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya olduqca minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik.
Bu gün biz enerji təhlükəsizliyi və əməkdaşlığını müzakirə etdik. Regionda enerji təhlükəsizliyi olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil. Enerji təhlükəsizliyi və əməkdaşlığı bu gün dünyada daha əhəmiyyətli məsələlərə çevrilmişdir. Yaxşı resurslara, infrastruktura və coğrafi mövqeyə, o cümlədən önəmli kommunikasiyalara, siyasi əlaqələrə və qonşuluğa malik olan Azərbaycan, təbii ki, gələcəkdə daha mühüm rol oynamağı planlaşdırır.
Bu günə qədər rolumuz regional hüdudlarla məhdudlaşırdı. İndi isə, hesab edirəm ki, qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Boru kəmərlərimiz, neft və qaz ehtiyatları regionun bugünkü sabitliyi və təhlükəsizliyinə xidmət edir və gələcəkdə qlobal enerji təhlükəsizliyinə töhfə verəcəkdir. Buna görə, bu məsələlər gündəliyimizdə davamlı olaraq birinci yeri tutacaqdır.
Azərbaycan siyasi və iqtisadi dəyişikliklər siyasətini aparmaqdadır. Bu günə qədər həmin siyasət uğurlu olmuşdur. NATO-Azərbaycan əlaqələri, o cümlədən “Fərdi tərəfdaşlığın əməliyyat planı” formatı ölkəmizdə ümumi siyasi dəyişikliklərdə mühüm rol oynayır.
Yekun olaraq, bildirmək istəyirəm ki, biz NATO ilə əlaqələri yüksək dəyərləndiririk. Münasibətlərimizin uzun - 15 illik tarixi var. Həmin vaxtdan biz “Sülh naminə tərəfdaşlıq” proqramının üzvüyük və bu səmərəli əməkdaşlığı davam etdirmək istəyirik.
NATO-nun baş katibi Qarabağ münaqişəsi ilə bağlı fikrini AzərTAc-ın müxbirinin sualına cavabında da nəzərə çatdırmışdır.
Sual: Ermənistanın Azərbaycana davam edən təcavüzü bölgədə sülhün və sabitliyin təmin olunmasına zərər vurur. NATO-nun bu yaxınlarda keçirilmiş yubiley sammitinin bəyannaməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıq ifadə olunur. Perspektivdə bu münaqişənin həllini necə görürsünüz?
Cavab: İcazə verin onunla başlayım ki, əvvəlcə qeyd etdiyim kimi, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa rol oynamır və buna çalışmır. Vaxtilə ATƏT-in fəaliyyətdə olan sədri kimi mən məsələ ilə yaxından məşğul olmuşam. Minsk qrupu, əlbəttə ki, məsələ üçün müvafiq qurumdur.
Lakin siz və mən, həmçinin qeyd etdiyimiz kimi, NATO-nun üzvü olan dövlət və hökumət başçılarının Strasburqda keçirilmiş Zirvə görüşündə bir daha qeyd edilən qaydada əsas prinsip ərazi bütövlüyü prinsipidir. Ərazi bütövlüyü danışıqlar prosesində müzakirə mövzusuna çevrilməməlidir. Buna görə də, mən sizin diqqətinizi Strasburq Sammitində qəbul edilmiş bəyannaməyə yönəltdim, çünki bildiyiniz kimi, vacib prinsip bundan ibarətdir. Lakin hazırda NATO, Şimali Atlantika Alyansı Dağlıq Qarabağ probleminin həllində rol oynamağa çalışmır.
AzərTAc, 30.04.2009.
Yeri gəlmişkən:
Ermənistan NATO baş katibinin bəyanatına etiraz olaraq Gürcüstandakı təlimlərə qatılmayıb
Ermənistan mayın 6-dan iyunun 3-dək Gürcüstanda keçiriləcək “Cooperative Lancer/Cooperative Longbow” adlı NATO təlimlərində iştirakdan imtina edib. Rəsmi Yerevanın təlimlərdə iştirakdan imtina etməsinə səbəb NATO-nun baş katibi Yaap de Hoop Sxefferin aprelin 29-da Brüsseldə prezident İlham Əliyevlə birlikdə keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış etməsidir. Qeyd edək ki, müxtəlif səbəblərə görə Latviya, Estoniya və Qazaxıstan hərbçiləri də Gürcüstanda keçiriləcək NATO təlimlərinə qatılmayıblar. Vaziani hərbi bazasında keçiriləcək təlimlərdə Azərbaycan hərbçiləri iştirak edirlər.
Prezident İlham Əliyev: “Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək”
Azərbaycan prezidenti İlham Əliyevin 28-də Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə “Azərbaycan: Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaş” mövzusunda görüşü olub. AzərTAC-ın yaydığı məlumata görə, görüşü açıq elan edən mərkəzin rəhbəri Hans Martens Azərbaycanın Avropa qurumları və Avropa İttifaqı ilə əlaqələrinin müvəffəqiyyətlə genişləndiyini söyləyib. O, Azərbaycanın Avropa Qonşuluq Siyasətində fəal iştirak etdiyini, və enerji sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və qeydə alınan iqtisadi inkişaf göstəriciləri barədə iştirakçıları məlumatlandırıb: “İqtisadiyyatda özəl sektorun payı xeyli artıb, əlverişli biznes mühiti yaranıb, demokratikləşmə, qanunun aliliyi sahələrində islahatlar aparılır. Azərbaycanda neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində tədbirlər görülür, transmilli enerji layihələrinin həyata keçirilməsi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, indi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aparılan uğurlu iqtisadi siyasət beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı ölkə elan edib”.
Azərbaycanda neft hasilatının getdikcə artdığını deyən prezident İlham Əliyev ölkəmizin tranzit imkanlarını da yüksək qiymətləndirib: “Azərbaycan yerləşdiyi bölgədə regional əməkdaşlığa böyük önəm verir. Buna baxmayaraq, regionda hələ həllini tapmayan problemlər var. İyirmi ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar bu işğalı pisləyən qətnamələr qəbul etsə də, Ermənistan bu sənədlərə məhəl qoymur. Azərbaycanın mövqeyi qətidir - işğal olunan ərazilər boşaldılmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Daha sonra sualları cavablandıran dövlət başçısı bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, onun ətrafındakı 7 rayonu da işğal edib, həmin ərazilərdəki infrastrukturu məhv edib. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək: “Münaqişənin yeganə həll yolu Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsidir. Bundan sonra Azərbaycan Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verə bilər. İşğal siyasətinin sonu yoxdur”.
Ölkəmizin regiondakı mövqeyi ilə bağlı suala cavab verən dövlət başçısı bildirib ki, Azərbaycan Xəzər hövzəsində geniş tranzit imkanlarına malikdir və bu imkanları bütün tərəfdaş ölkələrlə paylaşır. Azərbaycanın məqsədinin dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək olduğunu diqqətə çatdıran prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi inkişafı nəticəsində son illərdə ölkədə 700 mindən çox yeni iş yeri yaradılıb, bununla da insanların rifah halı yaxşılaşıb, ölkəmizin maliyyə imkanları genişlənib: “Bir müddət öncə Azərbaycan qaz idxal edən ölkə idi. İndi isə ölkəmiz əsas qaz ixracatçılarından birinə çevrilib. Azərbaycan qazı hazırda Gürcüstana, Türkiyəyə, oradan da Avropa İttifaqı bazarına ixrac olunur”.
Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində əməkdaşlıq Azərbaycana və Avropa İttifaqına fayda verəcək. Türkiyə-Ermənistan əlaqələri ilə bağlı suala cavabında Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan heç bir dövlətin siyasətinə qarışmır: “Amma məlumdur ki, Ermənistan-Türkiyə sərhədləri Azərbaycan ərazilərinin işğalına görə bağlanmışdı. Bu işğal indi də davam edir”.
29.04.2009.