ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Gündəm > 2009 > Aprel > 8

Yaxın aylarda Qarabağ nizamlanmasına dair «yol xəritəsi» imzalana bilər

Rusiyalı həmsədr prezidentlərin qarşıdakı görüşündə çox şeyin müəyyənləşəcəyini, amerikalı vasitəçi isə yaxın aylarda sülh razılaşmasının imzalana biləcəyini deyir

- 28.04.2009 - Yaxın iki ayda Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək danışıqlarda Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş əldə oluna, hətta tərəflər arasında ilkin razılaşma sənədi - nizamlamanın «yol xəritəsi» imzalana bilər. Bu nikbin fikirləri ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və Bernar Fasye (Fransa) regiona səfərlərinin nəticələrinə dair aprelin 27-də Yerevanda keçirdikləri mətbuat konfransında bəyan ediblər.

Xatırladaq ki, aprelin 21-dən bölgədə səfərdə olan həmsədrlər əvvəlcə Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparmış, sonra Xankəndiyə gedərək Dağlıq Qarabağ separatçıları ilə görüşmüş, ardınca Bakıya gələrək Azərbaycan prezidenti və XİN başçısı ilə müzakirələr (24 aprel) keçirmiş, aprelin 25-də yenidən Yerevana qayıtmışdılar. Vasitəçilər Ermənistan rəhbərliyi ilə təkrar müzakirələr apardıqdan sonra aprelin 27-də mətbuat konfransı keçirmişlər.

Qeyd edək ki, həmsədrlərin budəfəki sıx qrafikli regional turnesi Azərbaycan və Ermənistan rəhbərlərinin mayın 7-də Praqada (Avropa Birliyinin «Şərq tərəfdaşlığı» sammitində) gözlənilən görüşünə hazırlıq məqsədi daşıyırdı. Vasitəçilər Bakıdan dönərkən prezidentlərin bu görüşə razılıq verdiklərini bildirmişdilər. Bununla belə, həmsədrlərin təkrar Yerevana gedərək erməni tərəfi ilə əlavə müzakirələr aparması qarşıdakı görüşdə Qarabağa dair kritik müzakirələrin olacağına işarədir.

Yada salaq ki, prezidentlər Sürix görüşündə (28 yanvar) həmsədrlərə nizamlamanın baza prinsiplərinə dair yeni təkliflər hazırlamağı tövsiyə etmişdilər. Son bir ayda amerikalı vasitəçi Brayza regiona iki dəfə səfər edərək tərəflərlə bu yöndə müzakirələr aparmışdı.

Həmsədrlərin dünən Yerevanda verdikləri nikbin açıqlamalardan belə qənaətə gəlmək olar ki, tərəflər arasında indiyədək ziddiyyət doğurmuş baza prinsipləri ilə bağlı müəyyən yaxınlaşma meyli var və Praqa görüşündən, onun ardınca isə iyunda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan görüşdən ciddi nəticələr gözlənilir. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşməsi təşəbbüsünü Rusiya rəhbəri Dmitri Medvedev irəli sürüb. Bu məsələ Medvedevin aprelin 17 və 23-də Moskvada Azərbaycan və Ermənistan rəhbərləri ilə keçirdiyi görüşlərdə müzakirə olunub.

Lakin prezidentlərin iyunda yenidən görüşüb-görüşməyəcəyi, habelə tərəflər arasında konsensusa doğru irəliləyişin olub-olmadığı məhz Praqa görüşündən sonra bəlli olacaq. Fransalı vasitəçi Fasyenin sözlərinə görə, prezidentlər arzu edərsə, həmsədrlər onların iyunda Sankt-Peterburqda görüşünü təşkil eləməyə hazırdırlar: «Hər şey prezidentlərin istəyindən və qarşılıqlı anlaşma əldə olunmasından asılıdır. Hələlik tərəflərin heç birindən növbəti görüşlə bağlı müsbət cavab almamışıq». O həmçinin vasitəçilərin Praqa görüşündən sonra vəziyyəti dəyərləndirmək üçün yenidən regiona gələcəklərini deyib.

Praqa görüşünə gəldikdə isə, vasitəçilər bu görüşdə nizamlamanın ən mürəkkəb məqamlarının diqqətə alıncağını etiraf ediblər. Qeyd edək ki, indiyədək Qarabağ danışıqların başlıca düyün nöqtəsi Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və bölgə ətrafında işğal olunmuş rayonların azad edilməsi ilə bağlı olub. «Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşü çox konseptual və faydalı olacaq. Bu görüşün təşkili ilə bağlı hər iki ölkənin lideri ilə uzun müddət danışıqlar aparılıb. Görüş çərçivəsində çoxsaylı Madrid prinsiplərindən (2007-ci ilin noyabrında vasitəçilərin Azərbaycan və Ermənistan XİN başçıları ilə Madrid görüşündə təqdim etdikləri nizamlamanın baza prinsipləri - V.O.) bəziləri müzakirə olunacaq», - deyə fransalı həmsədr Fasye bildirib.

Fransalı diplomat ötən cümə Bakıda ifadə etdiyi nikbinliyi Yerevanda da təkrarlayaraq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesində «yaxşı ruh mövcud olduğunu» deyib. Onun sözlərinə görə, 2009-cu ilin dörd ayı ərzində vasitəçilərin müxtəlif formatlarda regiona 8-10 dəfə səfər etməsi də bunun göstəricisidir.

Rusiyalı vasitəçi Merzlyakov da Qarabağ münaqişəsinin nizamlanması prosesini irəli aparmaq üçün «münbit şəraitin yarandığını» vurğulayıb: «Nizamlanma prosesini irəli aparmaq üçün münbit şərait mövcuddur və bunu bütün tərəflər anlayırlar».

Eyni fikri amerikalı vasitəçi Brayza da bəyan edib. Amerikalı vasitəçi həmçinin regiona səfər gedişində Dağlıq Qarabağa baş çəkmələrini dəyərləndirib: «Danışıqlar Bakı və Yerevan arasında aparılır. Eyni zamanda, biz Xankəndi əhalisinin də fikirlərini öyrənməliyik. Bu onlara bir hörmət əlamətidir».

Minsk qrupunun həmsədrləri son günlər Türkiyə və Ermənistan arasında gedən dialoqun da Qarabağ sülh prosesinə müsbət təsir edə biləcəyi qənaətindədirlər. «ABŞ, Fransa və Rusiya həmişə hesab edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionun inkişafı üçün faydalı olacaq»,- deyə amerikalı həmsədr Brayza bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında razılaşma bütün regionun fəaliyyətini və potensial enerjisini əks etdirir və sürətləndirir: “Bu enerji Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcək. Biz hesab edirik ki, hər iki proses paralel olaraq, ayrı-ayrılıqda aparılacaq. Və prosesin sürəti də fərqli olacaq. Həmsədrlərin şahidi olduğu inkişaf bunu təsdiqləyir”.

Fransalı həmsədr Fasye isə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi uğurla davam edərsə, bu bütün region ölkələrinə pozitiv təsir göstərəcək. “Türkiyə ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən biridir və həmsədr olaraq fəaliyyətimiz dövründə Türkiyənin dəstəyinin azalmasını hiss etməmişik. “Yol xəritəsi”nin hazırlanması barədə bəyanat prosesin başlanğıcıdır və qarşıda uzun bir yol var. Bu müddət ərzində sənəddə hər hansı məqamın konkretləşməsi zamanı biz də paralel olaraq öz tərəfimizdən Qarabağ məsələsinin həllinə dair səyləri artıracağıq”, - deyə o vurğulayıb.

Fransalı həmsədr bəyan edib ki, son dönəmdə Azərbaycan və Ermənistan rəhbərləri arasında sülhə doğru ciddi addımlar atmaq niyyəti özünü göstərir: «Müəyyən məqamda belə təsəvvür yaranmışdı ki, dövlət başçıları öz xalqlarını problemin həllinə hazırlamağa o qədər də həvəsli deyillər. Ancaq bu gün əsaslı şəkildə əminik ki, Ermənistan və Azərbaycan prezidentləri öz ölkələrinin əhalisini mehriban qonşular kimi bir arada yaşamağa hazırlamaq niyyətindədirlər».

Rusiyalı həmsədr Merzlyakov isə yaxın zamanlarda Ermənistanla Azərbaycan arasında danışıqların ilkin yekunu olaraq Qarabağ münaqişəsinin nizamlanmasına dair “yol xəritəsi”nin də imzalana biləcəyini istisna etmir: «Hər şey prezidentlər səviyyəsində qərarların qəbulundan, nizamlanmanın baza prinsiplərinin onlar tərəfindən təsdiqlənməsindən sonra sülh sazişinin hansı formada hazırlanacağından asılıdır. Prinsiplər təsdiqləndikdən sonra biz sülh sazişinin layihəsi üzərində işə başlayacağıq”.

Bu nikbinliyi bir qədər də inkişaf etdirən amerikalı vasitəçi Brayza hətta yaxın aylarda tərəflər arasında Qarabağ münaqişəsinin həllinə dair razılaşma imzalanmasını da mümkün sayır». «Dəqiq vaxt söyləyə bilmərik. Amma mən ümid edirəm ki, bir neçə ay ərzində problemin həlli mümkündür», - deyə o, bildirib.

Bir sözlə, Qarabağ münaqişəsi üzrə vasitəçilər yekdil şəkildə növbəti nikbin bəyanatları səsləndiriblər. Bu bəyanatların nə qədər söz, nə qədər isə reallıq olacağını isə yaxın zaman göstərəcək.

Vüqar Orxan, “525-ci qəzet”, 28.04.2009.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009