ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Gündəm > 2009 > Aprel > 6

Türkiyə Qarabağ davasında Azərbaycanın yanında olduğunu bir daha bəyan etdi

Baş nazir Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanı heç vaxt tək buraxmamışıq. Bu, milli məsələdir və mövqeyimiz də bir olmalıdır"

«AKP iqtidarının Azərbaycana baxışı bəllidir. Azərbaycanı heç vaxt yalqız qoymamışıq. Türkiyədəki bəzi qüvvələrin bu məsələdən siyasi məqsədlə istifadə etmələri çirkindir», - bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 21-də lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bəyan edib.

Baş nazir iki ölkə arasında münasibətlərin hər zaman dostluq və qardaşlıq telləri ilə bağlı olduğunu nəzərə çatdıraraq Türkiyənin bütün beynəlxalq toplantılarda Azərbaycanın mövqeyini müdafiə etdiyini bildirib. Ərdoğan Türkiyə hökumətinin Ermənistanla başlanan dialoq sürəcinin də rəsmi Bakının erməni tərəfi ilə apardığı Qarabağ sülh prosesinə paralel həyata keçirildiyini nəzərə çatdırıb: «Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistan arasındakı normallaşma çalışmaları paralel gedir. Bunun xaricində nələrinsə baş verdiyini düşünmək bizə qarşı hörmətsizlikdir. Halbuki bu, milli məsələdir və mövqeyimiz bir olmalıdır».

Baş nazir Türkiyədə bir sıra qüvvələrin bu məsələni sui-istismar mövzusuna çevirərək yanlış ictimai rəy yaradılması, speyulyativ iddiaların yayılması üçün çalışdığını vurğulayıb. Ərdoğan həmçinin bu günlərdə Azərbaycandan Türkiyəyə səfər etmiş xanım millət vəkillərinin Türkiyə rəhbərliyinə işğal olunmuş Qarabağın torpağını hədiyyə etməsi faktını üzüntü ilə qarşıladığını, bunun yanlış hərəkət olduğunu deyib: «Nə yazıqlar ki, belə önəmli həssas mövzu ölkəmizdə istismar aləti edilmişdir. Bu çox üzücüdür. AKP iqtidarının Azərbaycana baxışı bəllidir. Bunu istismar etməyə çalışmaq çirkin və yolverilməz yanaşmadır. Bunu çox açıq söyləyirəm. Azərbaycandan buraya gələnlər də yanlış hərəkət etdilər. Onlar da yanlışlığa yol verdilər».

Ərdoğan Qarabağ münaqişəsinin tezliklə çözülməsi və ümumilikdə bölgədə təhlükəsizlik və sabitliyini bərqərar olması üçün Türkiyənin əlindən gələni edəcəyini bəyan edib. «Biz Minsk qrupu çərçivəsində prosesləri də yaxından izləyirik və bu işi birlikdə sürətlə başa çatdırmağın tərəfdarıyıq. Bundan sonra da bunu davam etdirəcəyik».

Qeyd edək ki, Azərbaycanla bağlı məsələ bir gün öncə (20 aprel) Türkiyə Nazirlər Kabinetininin iclasında da müzakirə olunub. Bu barədə açıqlama verən hökumət sözçüsü, dövlət naziri Cəmil Çiçək Türkiyənin Qarabağ məsələsi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb və AKP hökumətinin Azərbaycanı üzəcək heç bir addımı atmayacağını deyib: «Türkiyənin Dağlıq Qarabağ siyasəti bəllidir və heç bir şəkildə dəyişməyib. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas prinsipimizdir. Bu günə qədər Azərbaycanla hər sahədə münasibətlərimizi davam etdirmişik. Bu prinsipə həmişə riayət edilib. Amma təəssüf ki, son günlər sanki Türkiyə ilə Azərbaycan arasında bir problem varmış kimi vəziyyət çıxıb meydana. İkitərəfli görüşlərdə müəyyən addımlar atmadan açıqlama verməmək prinsipimizə sadiq qalaraq bu barədə açıqlama vermədik. Amma görürük ki, bəziləri bunu səhv təhlil edir. Bizim Azərbaycanla da, Ermənistanla da münasibətlərdə azərbaycanlı qardaşlarımızı üzəcək bir addım atmağımız mümkün deyil. Bunun belə bilinməsini istəyirik. Bizim Cənubi Qafqaz, Azərbaycan və Ermənistana aid fikirlərimiz barədə hər zaman Azərbaycana məlumat verilib. Heç bir şeyi gizlətməmişik».

Bundan bir gün əvvəl (19 aprel) isə Türkiyə baş naziri Ərdoğan Almaniyaya səfəri gedişində jurnalistlərin Türkiyə-Ermənistan dialoqu və Azərbaycanla münasibətlər mövzusunda sualına qısa və birmənalı cavab vermişdi: «Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla sərhədlərin açılmasını unudun».

Ərdoğan eyni fikri ondan bir qədər də öncə (10 aprel) jurnalistlərə açıqlamasında diqqətə çatdırmış, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsində sülh əldə olunmayanadək Türkiyənin Ermənistanla münasibətlərin qurmaq barədə hər hansı sənədin imzalanmayacağını bildirmişdi: «Türkiyə ilə Ermənistan arasında baza prinsipləri ilə bağlı danışıqlar aparıla bilər. Sərhəd məsələsində də müəyyən texniki ön çalışmalar görülə bilər. Lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Azərbaycanla Ermənistan arasında münaqişənin həllinə dair razılaşma əldə olunmayana qədər bizim Ermənistanla hər hansı yekun saziş imzalamağımız mümkün deyil».

Əslində bütün bu bəyanatlardan sonra Türkiyə-Ermənistan dialoqu və bunun Türkiyə-Azərbaycan münasibətlərinə inikası barədə səslənən saysız spekulyasiyalara nöqtə qoymağın vaxtıdır. Hərçənd bəlli siyasi mübarizə kontekstində partiya maraqlarını üstün tutaraq, yaxud da sırf qəzetçilik aludəçiliyi olaraq tiraj dalınca qaçaraq bu mövzunu bundan sonra da gündəmdə saxlayıb spekulyasiya edənlər olacaq.

Məsələn, Türkiyədəki müxalifət qüvvələri üçün bu mövzu hələ uzun müddət AKP iqtidarını atəş xəttinə saxlamaq üçün vasitə olacaq. Təsadüfi deyil ki, CHP lideri Dəniz Baykal dünən partiyasının parlamentdəki qrup toplantısında bu mövzuya xüsusi yer ayırıb və AKP hökumətini Azərbaycanla münasibətlərdə «Türkiyə Cümhuriyyəti tarixinin ən böyük diplomatiya xətasına yol verməkdə» ittiham edib. Onun sözlərinə görə, Türkiyə prezidenti Azərbaycana səfər edərək məsələni Azərbaycan rəhbərliyi ilə üz-üzə müzakirə etməlidir: «Burada «Qarabağ problemi həll olunmadan sərhədlər açılmayacaq» deyə bəyanatlar vermək yetərli deyil». Baykal bu günlərdə CHP-li millət vəkillərinin Azərbaycana səfər etdiyini xatırladıb: «Biz oraya getdik, görüşlər keçirdik, məsələ ilə birbaşa yerində tanış olduq, Azərbaycanda Türkiyəyə qarşı dərin inciklik olduğunu gördük».

Son iki-üç ayda yaşanan proseslər bu mövzunun istər Türkiyədə, istərsə də Azərbaycanda daxili siyasət alətinə çevirməyin hansı mənfi nəticələr doğura biləcəyini aşkar göstərir. Amma bundan daha təhlükəli və yolverilməz olanı mövzunun Azərbaycan-Türkiyə münasibətlərini korlamaq üçün dəridən-qabıqdan çıxan xarici qüvvələrin, ilk sırada isə erməni dairələrinin əlində əlverişli vasitəyə çevrilməsidir. Nə yazıqlar ki, son günlər xeyli dərəcədə məhz bunun şahidi oluruq. Erməni informasiya (yalan təbliğatı) maşını bu vəziyyətdən maksimum dərəcədə yararlanmağa, hətta prosesləri yönləndirməyə çalışmaqdadır.

Bu mövzu aktiv gündəmə gəldiyi vaxtda (fevral ayı) yazıların birində məhz belə bir gedişatın təhlükəli olduğuna diqqət çəkmişdik. Gəlin bir daha xatırlayaq. Türkiyənin guya Ermənistanla münasibətlər qurmaq üçün Azərbaycanın maraqlarını gözardı etməsi, Qarabağ problemini arxa plana keçirməsi barədə xəbər ilk dəfə hansı mənbədən səslənmişdi? Ortada bu iddianın həqiqiliyinə dəlalət edən hər hansı rəsmi mövqe, yaxud açıqlama vardımı?

Ortada yalnız bir erməni jurnalistin («Azadlıq» radiosunun erməni xidməti) dövriyyəyə buraxdığı fikir və onun yaratdığı böyük rezonans vardı. Hərçənd məsələyə bir qədər soyuqqanlı yanaşıb «bir erməninin ortaya atdığı fikirlə bu qədər müzakirə açmağa gərək varmı» sualını da özümüzə verə bilərdik. Bir çoxları belə də etdi. Amma bunu etməyənlər lap çox oldu. Niyə? Amma ortadakı sual təkcə bu deyil.

Türkiyə XİN-dən sözügedən iddianın birmənalı təkzib olunmaması, habelə Bakı ilə Ankara arasında məsələnin rəsmi kanallar vasitəsilə aydınlaşdırılmaması (hər halda bu barədə ictimaiyyət yetərincə bilgiləndirilmədi), ictimai rəydə, necə deyərlər, qapalı qapılar arxasında proseslərin getdiyi qənaətini yaratdı.

Ardınca hər iki ölkədə medianın bəlli kəsimləri əksərən erməni mənbələrinə dayananan spekulyasiyalarla proseslərin rəngini daha da qatılaşdırdı. Hətta iş o yerə çatdı ki, bir cındır erməni saytının (panorama.am) yaydığı «xəbər» Azərbaycan və Türkiyə KİV-lərində «İki türk diplomat Yerevanda dalaşdı» kimi ictimai rəyə sırındı. Hərçənd Türkiyə XİN başçısı Babacanla Azərbaycan XİN başçısının müavini Məmmədquliyevin Yerevandakı ayaqüstü təmasının necə mehriban keçdiyini telekanallardakı görüntülərdən aydın görmək mümkün idi.

Nəhayət, son olaylar bir də onu göstərdi ki, diplomatiyanın bəzi incəlikləri, həssas məqamlar barədə danışıqların bəlli zaman çərçivəsində ictimaiyyətdən gizli tutulması praktikası heç də həmişə müsbət effekt vermir. İllah da ki, bu cür danışıqlar prosesindən rəncidə olan qüvvələrin bolluğu şəriatində. İstər Türkiyə-Ermənistan dialoqu, istər Qarabağ məsələsi, istərsə də Türkiyə-Azərbaycan münasibətləri ətrafında isə nə qədər maraqlı və tərfriqəçi qüvvələr olduğu isə hər kəsə bəllidir. O zaman bu qüvvələrə bəhanə və sui-istimar imkanı verməmək lazımdır.

Vüqar Orxan, “525-ci qəzet”, 22.04.2009.


"Qarabağ>Sülh prosesi>Gündəm" bölməsində digər yazılar:
 

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009