ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Diaspor > Təşkilatlanr > Avropa > AAK

Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçildi

Konqresin III qurultayına Avropanın 25 ölkəsindən nümayəndələr qatılıb

Aprelin 14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III qurultayı keçirilib. Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar qatılıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının deputatı Haqqı Kəskin, millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı, AAK-ın üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

AAK prezidenti Natiq Ağamirov qurultay iştirakçılarını və qonaqları salamlayıb. O deyib ki, AAK təsis edilərkən Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, onların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin görülməsi qarşıya əsas məqsəd kimi qoyulub. Ötən dövr ərzində AAK öz imkanları daxilində Avropada güclü Azərbaycan diasporunun formalaşdırılmasına səy göstərib, soydaşlarımızın təşkilatlanması istiqamətində tədbirlər görməyə çalışıb. AAK Avropadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların ictimai-siyasi proseslərə təsir imkanlarının artırılması, azərbaycanlıların hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra işlər görüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultay iştirakçılarına prezident İlham Əliyevin salamlarını çatdırıb. Azərbaycan dövlətinin diaspor siyasətindən ərtaflı danışan Dövlət Komitəsinin sədri AAK-ın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işində quruma uğurlar arzu edib. Komitə sədri bu qurultayın çox önəmli dövrə təsadüf etdiyini də vurğulayıb. Deyib ki, Azərbaycan ətrafında və ümumiyyətlə dünya siyasətində baş verən bugünkü hadisələr diasporumuzun bundan da sıx birləşməsini və daha da güclənməsini zəruri edir.

Sonra "Biz 50 milyonluq xalqıq" sənədli filmi göstərilib. Filmin nümayişindən sonra AAK prezidenti Natiq Ağamirov II qurultaydan ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri barədə hesabat məruzəsini təqdim edib. O bildirib ki, 2007-ci ilin mart-may aylarında AAK-ın II qurultayının qətnaməsinə uyğun olaraq Konqresin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramının layihəsi hazırlanıb və təsdiq edilib.

Qərara alınıb ki, bu sənəddən irəli gələn tədbirlər planı hazırlansın. O, sənədə uyğun həyata keçirilən işlərdən danışıb. N.Ağamirovun sözlərinə görə, 2007-ci il ərzində Avropa ölkələrində yaşayan azərbaycanlı qadınları öz ətrafında birləşdirən bir neçə təşkilat yaradılıb. Sentyabr ayında Danimarkada "Azərbaycan qadını Danimarkada" adlı yeni təşkilat təsis edilib. Noyabr ayında Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi "Sara Xatun" Qadın Cəmiyyəti fəaliyyətə başlayıb. 2007-ci ilin mühüm hadisələrindən biri də Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF) lobbi təşkilatı kimi Avropa Parlamentində rəsmi qeydiyyatdan keçməsi olub.

Bundan başqa, AAK Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsinə dair təkliflərini təqdim edib və bu təkliflərin böyük əksəriyyəti nəzərə alınıb. Ötən il Konqres Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək, mədəni dəyərlərimizin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq məqsədilə "Sarı gəlin" xalq mahnısının tarixi haqqında bütün materialları özündə əks etdirən (Azərbaycan, alman, fransız, rus, ingilis dillərində), mahnının Azərbaycan və türk dillərində bütün ifa variantlarının toplandığı audio-diskin hazırlanması təmin olunub.

AAK prezidenti Avropada diaspor təşkilatlarının keçirdiyi bir çox tədbirlərin Dövlət Komitəsinin hərtərəfli dəstəyi ilə reallaşdığını da deyib. "İndiki mərhələdə diaspor işi könüllülüklə yanaşı, peşəkarlıq tələb edir. Bu peşəkarlığın ortaya qoyulmasında isə ən böyük ümidimiz gənclərədir. Sevindirici haldır ki, belə bir nəsil artıq yetişib və onların peşəkar kimi formalaşması üçün hər cür şərait, imkan var". N.Ağamirov təklif edib ki, Dövlət Komitəsinin, BDU-nun, yaxud da XİN-in Diplomatiya Akademiyasının nəzdində bu peşəkarların hazırlanması məqsədilə təhsil mərkəzi yaradılsın.

Almaniya Bundestaqının türk deputatı Haqqı Kəskin, AAK-ın vitse prezidenti Başar Kömür, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və başqa çıxış edənlər Azərbaycan və Türkiyənin tarix boyu sevincinin, kədərinin bərabər olduğunu vurğulayıblar.Daha sonra çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bu yaxınlarda II qurultayını keçirmiş qurumun fəaliyyəti, gördüyü işlər barədə danışıb.

"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova bildirib ki, Avropaya nə qədər sürətlə inteqrasiya etmək istəyiriksə, qadınlara bir o qədər işləmək və öz imkanlarını reallaşdırmaq fürsəti vermək lazımdır. O təklif edib ki, AAK üzvü olan təşkilatlarda təmsil olunan qadınların forumu keçirilsin.

Çıxışlardan sonra qurultayın qətnaməsi qəbul olunub. AAK-ın sıralarına yeni üzvlər daxil olub. Təkliflər nəzərə alınmaqla Konqresin növbəti qurultaya qədər fəaliyyət proqramının tərtib edilməsi qərara alınıb. AAK-ın strukturunda da dəyişiklik edilib. Konqresinin fəaliyyətinin operativliyini, qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis edilib.

TADEF sədri Bilal Dündar və BAK-ın fəxri prezidenti Sahil Qasımov I vitse-prezidentlər, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Srtasburq Azərbaycan Evinin rəhbəri Mustafa Alınca, Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova isə vitse-prezidentlər seçiliblər. Sonra 27 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi təsdiqlənib.

Mayns-Azərbaycan Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, əvvəlki tərkibdə AAK-ın I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilib.

DİDK sədri Nazim İbrahimov AAK-ın gənclər qolunun gücləndirilməsi, konqresdə təmsil olunan təşkilatların ətrafınfakı gənclərin potensialından, imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsi yaradılması təklifini irəli sürüb. Qurultay bu təklifi qəbul edib. Sonda Azərbaycan prezidentinə müraciət qəbul olunub. Qeyd edək ki, AAK-ın IV Qurultayı 2011-ci ildə Şərqi Avropa ölkələrinin birində keçiriləcək.
P.Sultanova, “525-ci qəzet”, 16.04.2009.

Mövzuya dair:

Avropa Azərbaycanlıları Konqresinin III qurultayı keçirilib

Avropa azərbaycanlılarının təşkilatlanması prosesində yeni mərhələ

Natiq Ağamirov: “Ötən beş il ərzində AAK Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, soydaşlarımız arasında həmrəyliyin təmin olunması, mədəni irsimizin təbliği ilə bağlı bir çox işlər görüb”

Aprelin 14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin III qurultayı keçirilib. Diaspor hərəkatımızda xüsusi yeri olan bu təşkilatın növbəti qurultayının Avropadakı Azərbaycan diasporunun tarixində yeni bir mərhələ sayıla bilər. AAK-ın qurucularından biri, son qurultayadək təşkilatın prezidenti olmuş Natiq Ağamirovla müsahibə bu barədədir.

- Natiq müəllim, Avropa Azərbaycanlıları Konqresinin yaradılmasından beş il keçir. Bu müddət ərzində Konqres qarşısına qoyduğu məqsədlərə çata bilibmi?

- 2004-cü ildə təsis edilmiş Avropa Azərbaycanlıları Konqresinin yaradılmasında əsas məqsəd Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini koordinasiya etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 il öncə Almaniyanın paytaxtı Berlində keçirilən AAK-ın təsis konfransının iştirakçılarına müraciətində demişdir: "Avropada yaşayan azərbaycanlı icmalarının bütün istiqamətlər üzrə daha böyük imkanları, istifadə olunmamış potensialı mövcuddur. Bu ölkələrdə həmvətənlərimizin birləşməsi, təşkilatlanması hələ də lazımi səviyyədə deyildir. Diasporumuz sözün həqiqi mənasında, hələ tam formalaşmayıb, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələr kifayət qədər möhkəm və davamlı deyildir. Yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında onların təsiri zəif hiss olunur...  Əminəm ki, Konqres öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək, Avropada yaşayan azərbaycanlıların həyatında, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin olunmasında, diasporumuzun güclənməsində əhəmiyyətli rol oynayacaqdır".

AAK-ın Nizamnaməsində regionda məskunlaşmış azərbaycanlıların milli-mədəni xüsusiyyətlərinin qorunmasının, eləcə də insan hüquq və azadlıqlarının təminatının həyata keçirilməsi Konqresin əsas vəzifələri kimi təsbit edilmişdir. Ötən beş il ərzində AAK Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımız arasında birliyin və həmrəyliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirə bilib.

Bu gün AAK-da təmsil olunan diaspor təşkilatlarının sayı 65-ə çatıb. AAK-ın dəstəyi ilə Avropanın bir çox ölkələrində yeni diaspor təşkilatları təsis edilib. AAK-ın yaradılması Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması prosesini daha da sürətləndirdi, diaspor təşkilatlarının fəaliyyətini keyfiyyətcə yeni müstəviyə çıxardı. Bunun sayəsində Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasına, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, mədəni irsimizin təbliği sahəsində daha genişmiqyaslı işlərin aparılmasına imkan yaranmışdır.

Diaspor təşkilatlarımız bir çox ölkələrdə siyasət və dövlət adamları, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri ilə əlaqələr qura biliblər. Bu əlaqələr Azərbaycan həqiqətlərinin təbliği, xalqımızın milli maraqlarının müdafiəsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan diasporu xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində çox ciddi səy göstərir. Hər il Xocalı soyqırımının, 20 Yanvar faciəsinin ildönümləri, 31 mart Azərbaycanlıların soyqırımı günü Avropanın bir çox ölkələrində qeyd edilir, etiraz aksiyaları təşkil olunur, kütləvi informasiya vasitələrində bu barədə məlumatlar dərc edilir, elmi-praktik konfranslar keçirilir. Bütün bunlar Azərbaycan diasporunun əvvəlki illərlə müqayisədə daha fəal iş apardığını söyləməyə imkan verir.

- 2007-ci ildə keçirilmiş II qurultay AAK-ın fəaliyyətində hansı dönüş yaratdı?

- Avropa Azərbaycanlıları Konqresinin II qurultayı 2007-ci ilin mart ayının 10-da Bakıda keçirilmişdir. Qurultayın işində Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 84 Azərbaycan diaspor təşkilatından 139 nümayəndə iştirak edirdi. Toplantıda AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi, qitədəki Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dövlətimizin ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi və bu sahədə ciddi addımların atılması ilə bağlı da təkliflər səsləndirildi.

Qurultayın qətnaməsinə uyğun olaraq Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illəri əhatə edən Fəaliyyət Proqramının layihəsı hazırlanmışdır. Sənəddə AAK-a üzv təşkilatların, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Avropa ölkələrindəki səfirliklərinin də rəy və təklifləri nəzərə alınmışdır.

2007-ci il iyulun 6-da Almaniyanın Mayns şəhərində Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirdə 2007-2009-cu illər üçün Fəaliyyət Proqramı təsdiq edilmişdir. Proqramın əsasında Konqresə üzv olan diaspor təşkilatarıyla, Diasporla İş üzrə Dövlət Komitəsi, digər müvafiq dövlət və qeyri-dövlət qurumları ilə razılaşdırılmış Tədbirlər Planı hazırlanıb həyata keçirilir.

Bu məqsədlə Konqresin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının bir sıra ictimai və dövlət təşkilatlarıyla, o cümlədən Təhsil, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərinin və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə görüşlər keçirilmiş, AAK-ın 2007-2009-cu illər üçün nəzərdə tutulmuş Tədbirlər Planı ilə bağlı məsələlər müzakirə edilmişdir.

Görüşlər zamanı Avropa ölkələrində yaşayan azərbaycanlıların övladlarının milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması, onların Ana dilini, xalqımızın tarixini, ölkəmizin coğrafiyasını mükəmməl səviyyədə öyrənməsi üçün müvafiq imkanların yaradılması; Avropanın bir çox ölkəsində fəaliyyət göstərən "Həftə sonu" məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu məktəblərə Azərbaycandan müəllimlərin ezam edilməsi, habelə orada çalışan müəllimlərin Azərbaycana pedaqoji kurslara göndərilməsi; Avropada orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirmiş azərbaycanlı məzunların Avropa və MDB ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi; Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin nəticələri barədə avropalı iş adamlarının daha dolğun məlumatlandırılması, onların ölkəmizə investisiya qoymağa təşviq edilməsi məqsədilə ölkəmizin iqtisadi inkişaf potensialı və təbii resursları ilə bağlı simpoziumun keçirilməsi; Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avropadakı azərbaycanlı iş adamlarının Forumunun təşkili və bir sıra digər məsələlərlə bağlı müzakirələr keçirilmişdir. Ötən dövr ərzində nəzərdə tutulmuş tədbirlərin müəyyən hissəsinin icrası mümkün oldu. Eyni zamanda, hələ qarşıda həllini gözləyən vəzifələr də var.

- Qeyd etdiniz ki ötən dövrdə yeni diaspor təşkilatları yaradılıb. Bu barədə daha geniş məlumat verə bilərsinizmi?

- Bu gün Avropa ölkələrində 100-dən çox Azərbaycan diaspor təşkilatı var. Onların böyük bir hissəsi AAK-da təmsil olunur. Azərbaycanlıların təşkilatlanması prosesi bu gün də davam edir. 2007-ci ildə Fransanın Strasburq şəhərində Azərbaycanlı Tələbələrin Avropa Forumunun Strasburq şöbəsi, Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası, Berlində "AZİZ-Almaniya" Beynəlxalq Assosiasiyası, Danimarkada "Azərbaycan qadını Danimarkada", Londonda Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi "Sara Xatun" Qadın Cəmiyyəti, Höteborg-Azərbaycan strategiya və araşdırmalar mərkəzi, Çexiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Birliyi, Bolqar-Azərbaycan Dostluq Mərkəzi və digər təşkilatlar yaradılmışdır. Ümumiyyətlə AAK-ın yaradılmasından sonrakı dövrdə bir çox ölkələrdə yeni diaspor təşkilatları təsis edilib. Bu təşkilatların yaradılmasında əsas məqsəd azərbaycanlıların daha geniş kontingentini diaspor hərəkatına cəlb etməkdən ibarətdir.

- Avropa Azərbaycanlıları Konqresi fəaliyyəti dövründə Avropada Azərbaycan lobbisinin yaradılması istiqamətində nə kimi işlər görüb?

- Lobbi quruculuğu bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. Ötən dövrdə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai xadimləri, dövlət adamları, siyasi partiyaların nümayəndələri ilə təmasların qurulmasına xüsusi diqqət yetiriblər. Bu istiqamətdə müəyyən nailiyyətlər də var.

2007-ci ildə Litva Respublikasının Baş naziri Gediminas Kirkilasın Litva Respublikasının hökuməti nəzdində fəaliyyət göstərən Milli İcmalar Şurasının üzvləri ilə keçirilmiş görüşündə Azərbaycan diasporunun nümayəndələri də təmsil olunmuşdu. 2007-ci ilin may ayında Mayns Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Almaniya Federativ Respublikasının Mayns Şəhər Bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilmişdi. 2009-cu ildə Y.Boytelin dəvəti ilə Azərbaycan diasporunun nümayəndələri Maynsda keçirilən Azsaylı Xalqların Beynəlxalq festivalında iştirak etmişdir.

2007-ci ildə "Azər-Çex" Cəmiyyətinin nümayəndələri Çexiya Respublikasının Prezidenti Vatslav Klausla görüşmüş, Azərbaycan icmasının fəaliyyəti barədə ona məlumat vermişlər. Noyabr ayında Niderland Krallığının Amsterdam şəhərində "Avropa Qeyri-Hökumət Təşkilatlarının Hüquqi Şərtləri və Perspektivləri" mövzusunda keçirilmiş qurultayda Avropa Azərbaycanlıları Konqresi və "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin nümayəndələri iştirak etmişlər. Avropada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dövlətin demokratik sistemindəki rolu barədə də müzakirələrin aparıldığı tədbirdə Amsterdam Universitetinin alimləri Azərbaycan diaspor təşkilatları ilə birlikdə Qafqaza aid I Beynəlxalq Konfrans keçirilməsi barədə razılığa gəlmişlər.

Bütün bunlar onun nəticəsidir ki, azərbaycanlı icmaları indi yaşadıqları ölkələrin siyasi elitası, qeyri-dövlət strukturları, kütləvi informasiya vasitələri ilə daha geniş əlaqələr qurmağa nail olurlar. Bizim məqsədimiz isə bu prosesin davamlı olmasını təmin etməkdən ibarətdir. Maksimum dərəcədə çalışmalıyıq ki, Avropada xalqımız və ölkəmiz haqqında obyektiv təsəvvür formalaşdıra bilək. Bunun üçün isə hər bir ölkədə söz və nüfuz sahibi olan insanları Azərbaycan haqqında daha dolğun və obyektiv məlumatlandırmaq lazımdır. Çünki Azərbaycan haqqında həqiqətləri onların dili ilə Avropaya çatdırsaq bu daha yaxşı effekt verə bilər. Eyni zamanda, əlbəttə ki, azərbaycanlılar da yaşadıqları ölkələrdə söz və nüfuz sahibi olmağa çalışmalıdırlar ki, cəmiyyət onların sözünə, verdiyi məlumatların ciddiliyinə inansın.

- Son günlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı məsələ ictimaiyyətin geniş müzakirə mövzusuna çevrilib. Avropada yaşayan azərbaycanlıların bu məsələyə reaksiyası necədir? 

- Türkiyənin Ermənistanla sərhədlərini bağlaması ötən əsrin 90-cı illərinin əvvəllərindən müəyyənləşdirilmiş bir dövlət siyasətidir. Türkiyə həmişə bəyan etmişdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə sərhədlər açılmayacaq. Amma bu gün Ermənistanın havadarlarının təzyiqi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi həmin siyasəti zərbə altına salır. Hesab edirik ki, Ermənistanla sərhədlərin açılması Türkiyə ilə Azərbaycanın qardaşlıq və dostluq münasibətlərinin ruhuna ziddir. Sərhədlərin açılması ilə birinci növbədə Türkiyənin özünün siyasi həyatında çaxnaşma yaranar. Bu, təbii ki, Türkiyəni istəməyən dövlətlərin maraqlarına uyğundur. Sərhədlərin açılması Ermənistan tərəfinə sərf edir. Bu isə Ermənistana qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi təcrid siyasətinə kölgə sala bilər.

Bizim mövqeyimizi Avropadakı türk diaspor təşkilatları da bölüşürlər. Bizimlə söhbət zamanı türk diaspor təşkilatlarının nümayəndələri sərhədlərin açılmasının qəti əleyhinə olduqlarını və bu məsələnin son günlərdə geniş müzakirə mövzusuna çevrilməsindən narahatlıqlarını bildirirlər. Avropada yaşayan azərbaycanlılar sərhədlərin açılmasına qəti etiraz edir və Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq türk dünyasının bütövlüyünə xidmət edən bütün məsələlərdə olduğu kimi bunda da Avropadakı türk diaspor təşkilatları ilə vahid mövqedən çıxış edirik.

- Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayında hansı məsələlər müzakirə ediləcək?

- Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinin 9.2. maddəsinə əsasən təşkilatın ali orqanı olan qurultayların iki ildən bir keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müddətə Konqresin Fəaliyyət Proqramı tərtib olunur və rəhbərliyi seçilir.  Qurultayda AAK-ın ötən dövrdəki fəaliyyətinə qiymət veriləcək, təşkilatın qarşısında duran vəzifələr müəyyənləşdiriləcək və Konqresin Nizamnaməsində müəyyən edilmiş rotasiya prinsipinə uyğun olaraq rəhbər strukturları formalaşdırılacaq. Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, xalqlarımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması planlaşdırılır. Eyni zamanda, qurultayda AAK-ın daha çevik və dinamik bir təşkilata çevrilməsi ilə bağlı irəli sürülmüş bəzi təkliflərin də müzakirəsi gözlənilir. Hesab edirik ki, bu qurultay Avropadakı Azərbaycan diasporunun tarixində yeni bir mərhələ olacaq.

Sonda bir məqamı da xüsusi vurğulayaq ki, Azərbaycan diasporunun mühüm bir spesifik cəhəti də var: dünyaya səpələnmiş soydaşlarımızın bir qismi müxtəlif səbəblərdən respublikamızı tərk etmiş azərbaycanlılardır. Onlar harada yaşamalarından asılı olmayaraq özlərini azərbaycanlı hiss edir, millətimizi xaricdə layiqincə təmsil etməyə çalışırlar. Müstəqil Azərbaycanın daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlar onların milli şüurunu, özünüdərkini, torpağa bağlılığını günü-gündən möhkəmləndirir. Eyni zamanda, Avropa ölkələrində məskunlaşmış azərbaycanlı diaspor təşkilatları da soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Şübhəsiz, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən mütəşəkkil, sanballı bir qüvvəyə çevrilməsi yolunda çox işlər görülməlidir. Əminliklə demək olar ki, Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayında qəbul olunacaq qərarlar milli diaspor quruculuğu prosesinə mühüm töhfə olmaqla, bu geosiyasi arealda məskunlaşmış dünya azərbaycanlılarının daha sıx birliyinə, əməli fəaliyyətinə geniş imkanlar açacaqdır.
Müsahibəni apardı:
Elnur Hacalıyev, "Azərbaycan", 14.04.2009.

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009