ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Gündəm > 2009 > Aprel > 2

Münaqişənin həlli üçün yeni beynəlxalq səylər başlanıb

Amerika və Avropa Birliyi bu məsələdə Türkiyə ilə əlbir hərəkət etmək istəyir, Ermənistanı yola gətirəcək əsas güc isə əvvəlkitək Rusiyadır

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində çoxtərəfli təşəbbüslərin davam etdiyi vaxtda bu münasibətlərə başlıca maneə olan Qarabağ münaqişəsinin çözümü yolunda beynəlxalq səylər də fəallaşır. Çünki «Qarabağ düyünü» açılmadan nə Ermənistan-Türkiyə yolunun açılmasının, nə də ümumilikdə regionda sülh və əməkdaşlığın mümkünsüz olduğu hər kəsə bəllidir. Odur ki, Türkiyə-Ermənistan dialoquna əsas geosiyasi sponsorluq edən ABŞ paralel olaraq Qarabağ münaqişəsinin həllinə diqqəti artırıb.

Amerika prezidenti Barak Obamanın Türkiyəyə səfərini başa vurandan sonra (7 aprel) Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi bunun göstəricisidir. Söhbət əsnasında ABŞ prezidenti Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ölkəsinin atdığı addımlar barədə danışıb, Azərbaycanın dövlət başçısı isə bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyini prezident Obamaya çatdırıb.

Bu arada Qarabağ nizamlanmasında əsas vasitəçilik formatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə ard-arda səfərləri, eləcə də Avropa təmsilçilərinin Bakı və Yerevanla dialoqunun aktivləşməsi də sıx diplomatik trafikdən xəbər verir. Belə görünür ki, beynəlxalq dairələr qarşıdakı Azərbaycan-Ermənistan danışıqlarından nəticə gözləyir və iki ölkə prezidentinin yeni müzakirələri indiyədək olduğundan daha geniş gündəmli olacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin yeni görüşünün mayın əvvəlində Brüssel və ya Praqada (AB-nin «Şərq tərəfdaşlığı» sammitinin harada baş tutacağından asılı olaraq) keçirilməsi nəzərdə tutulur. Prezidentlərin görüşünə hazırlıq məqsədilə ötən həftə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza, bu günlərdə də isə fransalı vasitəçi Bernar Fasye bölgəyə səfər edib.

Aprelin 20-21-də isə Minsk «üçlüyü»nün tam tərkibdə regiona gəlişi gözlənilir. Bu səfərin nəticəsi və prezidentlərin görüşünə hazırlıq olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməsi gözlənilir. Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov məlumat verib.

Təbii ki, mövcud vəziyyətdə Ermənistanla müxtəlif səviyyələrdə müzakirələr, bu ölkəyə yönəlik diplomatik dilətutma və jest addımları da davam etməkdədir. Xəbər verildiyi kimi, İstanbuldakı «Mədəniyyətlərarası dialoq» sammitində ABŞ prezidentinin Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla qısa söhbəti (Türkiyə XİN başçısı Əli Babacan və Türkiyə-Ermənistan danışıqlarına evsahibliyi edən İsveçrənin XİN rəhbəri Mişel Kalmi-Reyin iştirakı ilə) olub. Bundan öncə ABŞ dövlət katibi Hillari Klintonun Ermənistan prezidenti ilə Qarabağ nizamlanması barədə telefon söhbəti olmuşdu.

Avropa dairələri də Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini diqqətlə izləyirlər. «Azərbaycan və erməni xalqlarının Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə hazırlaşması zəruridir. Son on ildə biz Azərbaycan və Ermənstanın mövqeyinin dəyişmədiyinin şahidi olmuşuq. Lakin hər iki ölkə öz cəmiyyətiləri ilə qarşılıqlı kompromisə getməlidir», - deyə Avropa Parlamentinin Ermənistanla əməkdaşlıq üzrə nümayəndə heyətinin rəhbəri Mari-Ann İzler Beqin (Almaniya) dünən Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, münaqişə ətrafındakı hazırkı status-kvo əbədi davam edə bilməz və tərəflər qarşılıqlı kompomis üçün özlərində güc tapmalıdırlar: «Avropa Birliyi bu prosesdə daha böyük rol oynaya bilər». Xanım İzler Beqin xüsusi olaraq vurğulayıb ki, münaqişənin həlli Ermənistanın uzunmüddətli inkişafına yardım edəcək.

Lakin Ermənistanın istər Türkiyə ilə dialoq məsələsində ortaya qoyduğu davranış, istərsə də Qarabağ məsələsində nümayiş etdirdiyi mövqe kompromis əldə olunacağına güman yeri qoymur. Ermənistan XİN başçısı Nalbandyan bəyan edib ki, onun ölkəsi əvvəlkitək Türkiyə ilə münasibətlərin ilkin şərt irəli sürülmədən bərpasına tərəfdardır və bu prosesdə Dağlıq Qarabağ münaqişəsi müzakirə predmeti olmamalıdır: «Ankara ilə münasibətlərin normallaşmasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsi yoxdur və Türkiyə ilə danışıqlarda Qarabağ məsələsi müzakirə obyekti deyil».

Nalbandyan həmçinin nəzərə çatdırıb ki, Türkiyə ilə münasibətlərin normallaşması yolunda erməni tərəfi «soyqrımı» məsələsini unutmaq fikrində deyil: «Yerevan həmişə bəyan edib bə yenə də bəyan edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Osmanlı imperiyası dövründə ermənilərə qarşı soyqırımı törədilməsini şübhə altına ala bilməz. Onlarla ölkə və beynəlxalq təşkilatı erməni soyqırımı tanıyıb və Ermənistan bu addımları alqışlayıb».

Bununla belə, Ermənistan rəhbərliyinin Türkiyə ilə dialoq kontekstində verdiyi bəyanatlarda «soyqırımı» məsələsində əvvəlki israrın nümayiş etdirilmədiyi, erməni tərəfin bu məsələyə əvvəlkitək vurğu etmədiyi nəzərə çarpır. «Türkiyənin «erməni soyqırımı»nı tanıması Ermənistan üçün məqsəd deyil. Bunun tanınması bizim üçün profilaktik xarakter daşıyır və bu ədalət məsələsi ilə bağlıdır», - deyə Ermənistan prezidenti Serj Sarkisyan bildirib. Alman sosioloqu, Frankfurt Universitetinin professoru Tilman Alertə müsahibəsində Yerevan-Ankara dialoqunu şərh edən Sarkisyan işarə edib ki, Türkiyə ilə münasibətərin qurulması üçün erməni tərəf «soyqırımı» məsələsində təmkinli davranmağa hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, «tarixdə ermənilərə qarşı soyqırımın baş verdiyi heç kimdə şübhə doğurmamalıdır».

Sarkisyan Qarabağ nizamlanması ilə bağlı daha açıq danışıb və Ermənistanın bu məsələndə prinsipial mövqeyindən geri çəkilmək niyyəti olmadığını bəyan edib: «Mənim həyatımda ən xoşbəxt gün o vaxt olacaq ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq və Dağlıq Qarabağ müstəqil dövlət olacaq, yaxud da Ermənistana birləşdiriləcək. Həmin gün mən prezident postu ilə də, siyasət fəaliyyətlə də birdəfəlik vidalaşmağa hazıram».

Sarkisyanın sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması heç də dalana girməyib və problemin sülh yolu ilə həlli imkanları var: «Əks təqdirdə mən heç vaxt prezident seçkilərində iştirak etməzdim».

Sarkisyanın iddiasına görə, Dağlıq Qarabağ 1920-ci illərdə Sovet İttifaqının partiya rəhbərliyinin qərarı ilə Azərbaycana verilib və bölgənin erməni xalqı heç vaxt bununla barışmayıb: «30, 40, 50-ci illərdə mütəmadi olaraq etiraz çıxışları olub. Qorbaçovun «yenidənqurma» siyasəti bu məsələni daha açıq gündəmə gətirməyə imkan verdi». Sarkisyan həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsində çalışdığını və bu hərəkatda bilavasitə iştirak etdiyini deyib.

Göründüyü kimi, erməni tərəf hələlik ona edilən jestlər müqabilində Qarabağa dair mövqeyində cüzi korrektəyə belə getmək niyyətində olmadığını göstərir. Belə olan halda həm Ermənistanla dialoqu, həm də Qarabağ nizamlanması prosesini irəli aparmağı hədəfləyən Ankaranın, eləcə də ona bu işdə dəstək verən Amerika və Avropanın səylərinin nəticə verəcəyindən danışmaq hələlik çətindir. Görünür, bu işə Ermənistanı real addımlara vadar edə biləcək əsas qüvvəni - Rusiyanı qoşmadan hansısa nəticəyə ümid bəsləmək əbəsdir. Amma Rusiya bu işə hansı şərtlərlə qoşulacaq və bunun müqabilində Amerikadan, Avropadan, Türkiyənin özündən və nəhayət, bizdən - Azərbaycandan nələri umacaq? Bu sualın arxısında isə çox məqamlar dayanır.

Vüqar Orxan, «525-ci qəzet”, 09.04.2009.

Mövzuya dair:

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycanla Ermənistan arasındakı problem həll edilmədən bizim addım atmağımız mümkün deyil”

“Çox açıq və konkret şəkildə söyləmək istəyirəm: Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan Türkiyə ilə Ermənistan arasındakı çətinlikləri, sıxıntıları aradan qaldırmaq çətindir. Hazırda texniki xarakterli bəzi danışıqlar aparılır və bunda məqsəd Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinin bir az önündə gedərək gələcək addımlara hazırlıq görməkdir”.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğalçı adlandıran və onun işğal olunmuş torpaqları tərk etməsini nəzərdə tutan qərarları icra olunmalıdır: “Minsk “üçlüyü” olan ABŞ, Fransa və Rusiya 17 ildir bu problemi həll edə bilmir. Bu prosesi yaxından izləyirik, amma təəssüf ki, onlar indiyə qədər məsələni həll etməyi bacarmayıblar. Biz isə Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edən Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü irəli sürdük. Məqsədimiz bir tərəfdən Azərbaycanla Ermənistan, digər tərəfdən isə Türkiyə ilə Ermənistan arasındakı problemin həllinə nail olmaqdır”.

Ərdoğan hökumətin Ermənistanla bağlı siyasətini tənqid edən müxalifətin – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) ittihamlarına da cavab verib. O, CHP və MHP-nin bu məsələyə münasibətinin çirkin olduğunu vurğulayıb: “Ermənistanla Azərbaycan arasındakı problem həll edilməsə, bizim addım atmağımız mümkün deyil. Bunu dəfələrlə söylədik. Bunların ya qulaqları eşitmir, ya da iftira kampaniyasını davam etdirmək üçün belə mövqe tuturlar. Onlar nə deyirsə desin, biz bildiyimizi edəcəyik. Çünki bizim olduğumuz yer problemlərin həlli yeridir. Atdığımız addımlar da buna xidmət edir. Biz addımlar atmağa məcburuq”.

Abdulla Gül: “2009-cu ilin Dağlıq Qarabağ probleminin həllində fürsət ili olduğuna inanıram”

“Qafqazdakı əsas problem Ermənistanla Azərbaycan arasındakı Qarabağ problemidir”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Abdulla Gül Böyük Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib. Gül 2009-cu ilin bu məsələdə fürsət ili olduğuna inandığını bildirib. Bununla yanaşı, Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan Ermənistanla əlaqələrin normallaşması ehtimalını rədd etməyib.

Səfir Ann Dersi: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün diskussiyaların genişləndirilməsini zəruri hesab edir”

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması regionda sülh və stabilliyin bərqərar olmasına yardım edə bilər”. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Türkiyə -Ermənistan sərhədlərinin açılması və bu prosesin Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı ABŞ-ın mövqeyini belə şərh edib.

Səfir ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın Bakıya səfəri zamanı bu məsələ ilə bağlı ölkəsinin mövqeyini açıqladığını bildirib: “Lakin mən bu məsələ ilə bağlı 3 əsas məsələni qeyd eləmək istəyirəm. Metyu Brayza izah elədi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini çox mühüm sayır və bu məsələnin həllini tapması üçün diskussiyaların genişləndirilməsini zəruri hesab edir. O öz səfəri zamanı həmçinin qeyd elədi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda sülh və stabilliyin bərqərar olmasına kömək edə bilər”.

ABŞ səfiri həmçinin prezident Barak Obamanın prezident İlham Əliyevə telefon zəngi etdiyini xatırladıb: “ABŞ prezidenti Barak Obama da prezident Əliyevə zəng vurub və çox səmimi dialoq olub. Prezident Obama öz zəngində Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinin davam etməsi arzusunu ifadə edib, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişləri dəstəkləyib. Bu, çox əhəmiyyətli faktdır. O prezidentə bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması regionda münasibətlərin normallaşmasına təsir göstərə bilər”.

APA, 09.04.2009.



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009