Xəbər verildiyi kimi, martın 23-dən 26-dək İtaliyanın paytaxtı Romada “Avropa təhlükəsizlik arxitekturasında ATƏT-in rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev konfransda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, acı nəticələri, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumat vermiş, təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri hələdə yerinə yetirmədiyini diqqətə çatdırmışdır.
“Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in cari və gələcək rolu” mövzusunda keçirilən konfransmartda Milli Məclisin deputatı Azay Quliyevin çıxışı (Roma, ATƏT PA)
Hörmətli xanımlar və cənablar!
Hörmətli həmkarlar!
Mən ATƏT-in əhatə dairəsinə daxil olan Dağlıq Qarabağda hələ də öz həllini tapmamış, ATƏT prinsiplərini pozan, regional və beynəlxalq sülhü, sabitliyi təhdid edən münaqişə barədə çıxış etmək istərdim. Biz qəbul etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi Azərbaycanın suveren dövlət hüquqlarını, ərazi bütünlüyünü pozmaqla, ölkədə demokratik islahatların keçirilməsinə və davamlı inkişafa yönəlik səyləri zəiflədir, regional əməkdaşlıq və inkişaf üçün ciddi maneələr törədir.
1. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və hazırkı vəziyyət barədə qısa məlumat
Bildiyiniz kimi, bu vaxtadək siyasi həllin mümkün variantı tapılmadığına görə Dağlıq Qarabağ münaqişəsi 21 ildir ki davam etməkdədir. Təkrar olsa da, bildirməliyəm ki, Azərbaycan torpaqlarının (Qarabağ ətrafında Azərbaycanın 7 rayonu da daxil olmaqla) 20 faizindən çoxu hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır; bu işğal və münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından qaçqın düşmüş, məcburi köçkünə çevrilmişdir.
Bakı şəhərində 35.000-dən artıq erməninin yaşamasına baxmayaraq, bu gün Ermənistanda və Dağlıq Qarabağda bir nəfər də olsun azərbaycanlının yaşadığını demək mümkün deyildir. Ermənistanın Qarabağdakı ordusu atəşkəs haqqında razılaşmanı tez-tez pozaraq, cəbhə xəttinə yaxın Azərbaycan mövqelərini hər gün atəşə tutur. Bu səbəbdən hazırkı vəziyyət nə sülh, nə də müharibədir.
2. ATƏT-in vasitəçiliyi
İndi isə beynəlxalq vasitəçilik prosesi haqqında bir neçə kəlmə söyləmək istərdim. Bildiyiniz kimi, 1992-ci ilin fevral ayından etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (indiki ATƏT-in) Minsk qrupu tərəfindən həyata keçirilməkdədir.
Bütövlükdə münaqişənin hüquqi və siyasi həlli BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı və BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixdə qəbul etdiyi qətnamələrdə, həmçinin ATƏT-in müvafiq sənəd və qətnamələrində öz əksini tapan beynəlxalq hüquq və normalara əsaslanmaqdadır. Yuxarıda qeyd edilən BMT TŞ-nın qətnamələri Azərbaycan torpaqlarının işğalına cavab olaraq, 1993-cü ildə qəbul edilmiş və Azərbaycan Respublikasının beynəlxalq sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və milli müqəddəratının qorunmasını təsdiqləmişdir.
Bu qətnamələr Azərbaycanın işğal olunmuş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çəkilməsini, qaçqın və məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılmasını tələb etməkdədir. Təəssüf hissi ilə bildirməliyəm ki, bu qətnamələrin heç birinə əməl etməyən Ermənistan Azərbaycan torpaqlarını hələ də işğalda saxlamaqda davam edir.
3. İndi isə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyi barədə ümumi məlumat vermək istərdim.
Bunlar aşağıdakılardan ibarətdir:
1. Münaqişə Azərbaycan Respublikasının beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri çərçivəsində öz həllini tapmalıdır və buna alternativ yoxdur.
2. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, bütün münaqişə bölgəsinin tərk-silah olunması, yurd-yuvalarını məcburi olaraq tərk etmiş Azərbaycanlı əhalinin öz evlərinə qaytarılması və münaqişədən əvvəlki demoqrafik vəziyyətin bərpa edilməsi.
3. Yalnız bu addımlardan sonra erməni və Azərbaycan icmalarının aktiv iştirakı ilə Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər.
Azərbaycan öz konstitusiyasına əsaslanaraq, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində Dağlıq Qarabağa ən yüksək özünü idarəetmə statusunu verməyə hazır olduğunu dəfələrlə təsdiqləmişdir. Son olaraq, icazə verin bunu nəzərinizə çatdırmaqla çıxışımı yekunlaşdırım: Azərbaycan regionda daimi və ədalətli sülhün əldə edilməsi üçün hələ də danışıqların davam etməsinin tərəfdarıdır. Biz həmçinin, Avropa təhlükəsizliyinin əsasının bir hissəsi kimi regional sülh və sabitlik naminə Ermənistandan da konstruktiv və ədalətli yanaşma gözləyirik.
www.cssn.gov.az, 27.03.2009.