Azərbaycan tarixən tolerant ölkə kimi dünyaya nümunə olub
Azərbaycan-alman tarixi dostluğunu yaşadan Göygöl şəhərində keçirilmiş beynəlxalq konfransda bu fikir bir daha təsdiqini tapdı
Son vaxtlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, ölkəmizdə qədimdən var olmuş tolerantlıq, mədəniyyətlərarası dialoq irsinin dünyaya çatdırılması istiqamətində həm dövlət tərəfindən, həm də qeyri-dövlət xəttilə geniş işlər görülür. Təqdirəlayiq haldır ki, xalqımızın sahib olduğu ümumbəşəri dəyərlərin, bu dəyərlərin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin təbliğinə, son nəticədə Azərbaycanın beynəlxalq nüfuzuna xidmət edən bu mühüm fəaliyyət bölgələrimizin timsalında da özünü göstərir. 2008-ci il avqusutun 23-24-də Göygöl şəhərinin yaranmasının 189-cu ildönümünə həsr olunmuş tədbirlər də həmin amala xidmət edirdi.
Məlum olduğu kimi, indiki Göygöl şəhərinin - keçmiş Helenendorf qəsəbəsinin əsası 1819-cu ildə bu yerlərə köç etmiş alman icması tərəfindən qoyulub. 1938-ci ildə Helenendorf qəsəbəsi Xanlar adlandırılaraq eyniadlı rayonun mərkəzi olub. 2008-ci ilin aprelində isə Milli Məclisin qərarı ilə Xanlara Göygöl adı verilib. Almanlar 1941-ci ildə Stalin tərəfindən Orta Asiyaya sürgün edilənədək azərbaycanlılarla mehribanlıq şəraitində yaşamışlar.
Azərbaycan-alman dostluğunun izləri bu gün də Göygöldə yaşayır, almanların tikdiyi şərabçılıq müəssisələri, digər təsərrüfat obyektləri indi də fəaliyyət göstərir.
2005-ci ildən başlayaraq Göygöl rayonundan millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə Göygöl-Helenendorfun yaranma tarixi «Şəhər günü» tədbirləri ilə qeyd olunur. Budəfəki «Şəhər günü» tədbirləri sırasında Helenendorf almanlarının tarixinə, mədəni irsinə, Azərbaycan-alman dostluğuna həsr olunmuş ikinci (ilk konfrans 2006-cı ildə keçirilmişdi) beynəlxalq konfrans da keçirildi.
Millət vəkili R.Rzayevin həmtəsisçisi olduğu «Effektiv Təşəbbüslər Mərkəzi» (ETM) İctimai Birliyinin və Göygöl rayonu İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda azərbaycanlı və alman tarixçilər, vaxtilə Göygöl şəhərinin (Helenendorfun) təməlini qoymuş alman ailələrinin varisləri, Almaniyadan gəlmiş tələbələr, Milli Məclisin deputatları (14 nəfər), KİV təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Konfrans Effektiv Təşəbbüslər Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə" tədqiqat və təbliğat platformu layihəsi çərçivəsində təşkil olunmuşdu.
Konfransın fəxri qonaqları sırasında Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina, Türkiyənin Bakı böyükelçisi Hulusi Kılıç, Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland yer almışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun da vurğuladığı kimi, Göygöl şəhəri ilk dəfə olaraq bu qədər geniş tərkibli konfransa evsahibliyi edirdi: «Biz Azərbaycanın ucqar bölgəsində beynəlxalq konfrans keçiririk, tariximizi xarici qonaqlara təqdim edirik. Göygölün, Azərbaycanın bir bölgəsinin timsalında bütövlükdə ölkəmizi dünyaya tanıdırıq».
Qeyd edək ki, bu fikir konfransda səslənən əksər çıxışların leytmotivini təşkil edirdi. Göygölün (Helenendorfun) tarixini Azərbaycan-alman dostluğunun bir salnaməsi kimi xarakterizə edən Almaniya səfiri Stankina bu dostluğun iki ölkənin sıx tərəfdaşlığında davam etdiyini bildirdi.
Türkiyə böyükelçisi Kılıç bu cür tədbirlərin həm Azərbaycanın bölgələrinin, həm də bütövlükdə ölkəmizin dünyaya daha geniş şəkildə təqdim olunması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Estoniyanın vitse-spikeri xanım Oyuland isə respublikamızın ucqar bölgəsində böynəlxalq səviyyəli belə tədbirin keçirilməsinin Azərbaycanda regionların yüksək inkişafını göstərən mühüm hadisə kimi qiymətləndirdi.
Konfransda Gölgöl (Helenendorf) şəhərinin təməlini qoymuş Forer qardaşlarının nəslindən olan Tomas Forerin də çıxışı maraqla qarşılandı. Atalarının yurduna gəldiyini iftixarla vurğulayan Forer XX əsrin əvvəlində Helenendorf almanlarının istifadə etdiyi qadın və kişi üst geyimlərindən bir neçəsini, qadınların istifadə etdikləri zinət əşyalarını rayon muzeyinə hədiyyə etdi.
Konfransda Azərbaycan almanlarının tarixinin tədqiqatçılarından Məmməd Cəfərli, tarixçi-arxeoloq, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, ETM-in eksperti Abbas Seyidov, Almaniyanın Bonn Universitetinin professoru, «Euro-Kauk-Asiya» mərkəzinin rəhbəri Eva Mariya Aux Azərbaycanda alman toponimləri, Göygöl (Helenendorf) şəhərinin tarixinin öyrənilməsi, bölgədəki alman abidələrinin tədqiq olunması və Azərbaycan-alman mədəni əlaqələrinin inkişafı mövzusunda məruzələrlə çıxış etdilər.
Onu da qeyd edək ki, Göygöl şəhərində 1857-ci ildə inşa edilmiş alman kirxası (lüteran kilsəsi) Almaniya hökumətinin vəsaiti hesabına təmir olunub və «Şəhər günü» tədbirləri çərçivəsində onun açılışı da keçirildi. Konfrans iştirakçıları burada 67 ildən sonra bərpa edilmiş kilsə saatının ilk zəngini də dinlədilər.
Konfransda çıxış edən millət vəkilləri Siyavuş Novruzov, Məlahət Həsənova, Əkrəm Abdullayev Azərbaycanın bölgələrində xalqımızın tarix və mədəniyyətini, milli zənginliyini, tolerantlığını dünyaya çatdıran bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin önəmini bir daha vurğuladılar.
Millət vəkili Rövşən Rzayev bu işdə həm dövlət, həm də qeyri-dövlət qurumlarının birgə fəaliyyətinin daha da genişlənməsinin vacibiliyini vurğuladı. Mədəniyyətlərarası dialoq, tolerantlıq üzərində qurulan körpünün dünyada sülhə ən böyük töhfə olduğunu vurğulayan millət vəkili Azərbaycanın tarixən bu sahədə digər ölkələrə nümunə olduğunu qeyd etdi: «Müasir dünyada qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi imkanları, hərbi qüdrəti ilə yanaşı, həm də dünyaya layiqli səviyyədə çatdırılan tarixi, mədəniyyəti ilə tanınmalıdır və bu işə hər bir azərbaycanlı imkanı daxilində öz töhfəsini verməlidir».