ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Metodoloji baxış > Musa Qasımlı

Tarix problemlərimizə metodoloji baxış

Musa Qasımlı,
tarix elmləri doktoru, professor

Dövlət müstəqilliyinin elan olunmasından qısa müddət keçməsinə baxmayaraq, ölkəmizdə tarix sahəsində tədqiqatların aparılmasında uğurlar qazanılıb. Dəyərli əsərlər yazılıb. Məhdud sayda olsa da, alimlərimiz xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Amma tariximizə dair aparılan tədqiqatlar heç şübhəsiz, problemlərsiz də deyil.

Bəs elə isə tədqiqatlarımızda nələr çatışmır? Tarix problemlərinə yanaşmada araşdırmanın metodoloji prinsiplərinin bütün tələbləri gözlənilirmi?

Bu və ya digər məsələlər barədə geniş fikir mübadiləsinin və müzakirələrin aparılmasına ciddi ehtiyac duyulur.

Tarixi bilməyin faydası

Tarixi bilməyin faydasını izah etməyə ehtiyac yoxdur. İlk baxışda çox sadə bir məsələdir. Lakin sadə olduğu qədər də mürəkkəbdir. Müasir dövrümüz texnika dövrüdür. İnsan icad etdiyi raketlərlə kosmosa uçur. Bir zamanlar vaxt alaraq insan əli ilə görülən işlər qısa müddət ərzində kompyuterlə yerinə yetirilir. Dünya ən yeni texnologiyaların sayəsində xeyli kiçik olub. Tərəfdarlarının və əleyhdarlarının olmasına baxmayaraq, qloballaşma prosesləri gedir.

Amma bütün bunlarla yanaşı dövrümüz həm də tarixçi təfəkkürü ilə düşünmə dövrüdür. Əvvəllər tarixi yalnız keçmiş haqqında elm kimi qiymətləndirirdilər. Bir qədər keçmiş tarixi konkret zaman və məkan daxilində insanların fəaliyyətini öyrənən elm olaraq dəyərləndirdilər.

Tarix bilavasitə görünməyən, ünsiyyətdə olunmayan, lakin mənbələrlə keçmişdən bu günümüzə gələn, günümüzdə ortaya çıxan tənqidçi və şərhçi bir anlayışla verilən elmdir. Tarix keçmişlə insanın yaşadığı dövr arasında bitməyən, sonu olmayan bir dialoqdur. Bəşəriyyət mövcud olduqca tarix də olacaq, deməli, baş verən hadisə və proseslər barəsində tədqiqatlar da aparılacaq.

Bu günün tarixi dünəndən, daha əvvəllərdən, uzun əsrlərin qaranlıqlarından qaynaqlanır. Tarix və müasirlik bir-biri ilə sıx bağlıdır. Tarix eyni zamanda xatirə, təcrübə və mülahizə elmidir. Həqiqət təbiətin qoynunda rəsm çəkən rəssam üçün nədirsə, tarixçi üçün də o olmalıdır. Rəssam işlədiyi obyekt ilə bilavasitə ünsiyyətdə olur, onun gözü qarşısındadır. Tarixçi isə yalnız toz basmış, saralmış, soyuq mənbələrin vasitəsi ilə tarixlə əlaqə yaradır. Keçmiş tarix hər kəsə fərqli görünür. Tarixçi əsərində duyğu və düşüncələrini dilə gətirir.

Tarixə yaradıcı, rəğbətlə və bəzən də xəyali yanaşılır. Suallar seli tarixçini rahat buraxmır. Bunsuz tədqiqat işi olmaz ki. Belə olmasaydı, onda bütün tədqiqat işləri eyni məzmun və məna daşıyardı. Bir araşdırma işi aparıldıqdan sonra başqa tədqiqat işlərinə heç ehtiyac da qalmazdı. Beləliklə, alternativ düşüncə və deməli, elm və inkişaf da olmazdı.

Tarix elmi insanların fəaliyyəti nəticəsində meydana gələn hadisə və prosesləri öyrənir. Tarixin təbiəti insandır. İstər fərd olsun, istər cəmiyyət. Bəzilərinə görə, tarix böyük işlər görmüş şəxsiyyətlərin fəaliyyəti, insanların bacardığı işlərin, yer üzündə çalışmış böyük adamların tarixidir. Dünyada qazanılmış uğurlar görkəmli adamların fikir və düşüncələrinin konkret maddi nəticələridir. Belə yanaşmada dünya tarixinin ruhunu böyük adamlar təşkil edir. Həmin adamlar dahilər, dühalar və ya qəhrəmanlar olaraq qiymətləndirilir.

Məlumdur ki, insanlar fərqli düşüncəyə sahibdirlər. Tarixin meydana gəlməsində, hadisələrin bu və ya başqa şəkildə inkişafına onların düşüncələrinin,bunun nəticəsi olaraq fəaliyyətlərinin təsiri şəksizdir. Ona görə də tarixçi sadəcə fikirlərə diqqət yetirməyib, bu fikirlərin içindəki duyğu və həyəcanın köklərinə enməlidir. Tarixi şəxsiyyətin aldığı tərbiyə, ailə mühiti, yaşadığı rejimdə dillə deyilməyən, lakin üstüörtülü şəkildə həyata keçirilən işlərinə diqqət yetirməyə borcludur. Bunsuz tarixçinin yazdığı əsərin elə də böyük əhəmiyyəti olmaz. Fərdlərin fərqli psixoloji özünəməxsusluqları olduğu kimi, cəmiyyətlərin də fərqlilikləri vardır. Tarixçi cəmiyyətin psixologiyasını diqqətdən qaçırmamalıdır.

Tarixi hadisə və proseslərə iqtisadi amillərin təsiri şübhəsizdir. Amma tarix yalnız iqtisadi amillərin təsiri altında baş vermir. Ona dövrün müvafiq hakim ideologiyası da təsir edir. Tarixi hadisə və proseslərə yanaşma zamanı tarixçinin diqqət yetirməsi vacib olan əsas-başlıca və xüsusi amillər var. Əsas-başlıca amillərin rolu adətən dəyişmir. Onlar tarixin lokomotivləridir. Xüsusi amillər isə hadisədən-hadisəyə dəyişir, bir-birindən fərqlənirlər. Bu bir qanunauyğunluqdur. Tarixçinin məharəti onların hər ikisinə birdən lazımi əhəmiyyət verib, vəhdətdə görüb araşdırmaqdır. Cəmiyyət və cəmiyyətin yerləşdiyi məkan arasında bağlılığı da tarixçi gözdən qaçırmamalıdır.

Tarix sadəcə bir problemin araşdırılmasına həsr edilmiş elm deyil. İnsanlara doğru nəticələrə gəlmələri üçün istiqamət verən bir düşüncə tərzidir. Bütün insanların təkcə öz təcrübələrini deyil, keçmişi öyrənməyə, ondan güc almağa və daim təcrübə qazanmağa ehtiyacı var. Hər bir millət tarixdə ata və babalarının qazandığı uğurlarla fəxr edir. Onu zənginləşdirməyə çalışır. Bu isə həmin milləti qürurlu edir, tərəqqiyə, yeni-yeni uğurlar qazanmağa aparır.

Əks-təqdirdə isə millət yerində sayır, daha sonra isə tənəzzülə gedir. Hər bir xalq haradan gəlib haraya getdiyini yaxşı bilməlidir. Bunda isə tarixi biliyə yiyələnməyin böyük faydası vardır. Keçmişini bilməyən bir millət tarixi yaddaşını, qan yaddaşını unutmuş, sellərə qərq olmuş, milli kimliyini itirmiş, assimilyasiya olunmuş kimidir. Onu yaxşı gələcək gözləmir. Tarixdə olmuş, lakin indi mövcudiyyətini qorumayan xalqların və dövlətlərin tarixini xatırlamaq bu elmin faydası barədə çox şey deyir.

Tarixi keçmişi- istər yaxın olsun, istərsə də uzaq tarixi adi insanlar bilavasitə görə bilmirlər. Onu tarixçinin əsərləri vasitəsi ilə öyrənirlər. Tarixçinin mənbələri yaxşı bilməsi və layiqli əsərlər yazması eyni zamanda müasir dəyərlərin daha yaxşı təqdir edilməsinə imkan verir. Tarixi oxucuya çatdıran tarixçilərdir. Tarixçi tarixdən kül yox, od götürməlidir. Tarixinin ən parlaq səhifələrini sevgi və şövq ilə xalqına çatdırmalıdır. Xalqının təkcə məhdud, lokal tarixini deyil, dünya siyasətində tutduğu yeri qabartmalıdır. Mənfiliklərdən isə ibrət almağa kömək etməlidir.

Əlbəttə, tarixi yaxşı bilməklə insan hər şeyi əvvəlcədən görə bilməz. Bu, heç mümkün də deyil. Lakin tarixin yaxşı bilinməsi gələcəyi görməyə çalışmaq üçün imkan verir, gələcək barədə yaxşı düşünməyə vadar edir. Tarixi keçmişə tənqidi təfəkkürlə yanaşma, ciddi araşdırmaların aparılması millətin özünü tanımasına, buraxılan səhvləri təkrar etməməsinə və deməli, tərəqqisinə imkan verir.

Tarixin bilinməsi sadəcə intellektual deyil, hətta ən sadə, təhsilsiz insanın başında huş, yaddaş və özünütanıma duyğusu da oyadır. Tarixin bilinməsi mənəvi dəyərlərin qorunması və inkişafına kömək edir. Ailədən başlayıb millətə və dövlətə doğru formalaşmış sevgini daha da gücləndirir. Fərdin, bütövlükdə millətin dövləti ilə olan sıx bağlılığını möhkəmləndirir. Beləliklə, tarixin bilinməsi bir fərdin mənsub olduğu millətin, üstündə yaşadığı Vətən torpağının keçmişini öyrənmə, haradan gəlib haraya getmə istəyini ortaya qoyur.

Tarixi biliyin mükəmməl formalaşması xalqın və onun mənsub olduğu dövlətin güclü olmasına kömək edən amillərdən biridir. Ona görə də ölkəmizdə tarixi tədqiqatlara xüsusi diqqət yetirilməsində, dövlət qayğısının artırılmasında və ən dəyərli araşdırma işlərinin aparılmasının təşviq edilməsində fayda görürəm.

Uğurlar, problemlər və vəzifələr

Məlumdur ki, soyuq müharibə şəraitində iki dünya sisteminin mübarizəsi və qarşıdurması tarixçilərin mövqeyinə də müvafiq təsir edirdi. Tarix elmi başlıca olaraq siyasi məqsədlərə xidmətə yönəldilmişdi. Sovet sistemi xalqımızın gerçək milli tarixinin yazılmasına imkan vermirdi. Bu da səbəbsiz deyildi. Çünki milli tarixin olduğu kimi yazılması xalqın milli özünüdərkinin formalaşmasına, milli şüurunun inkişafına və deməli, müstəqilliyinə doğru aparan yolda əsas ideoloji silaha çevrilirdi.

SSRİ-nin dağılması və Azərbaycan xalqının yenidən dövlət müstəqilliyini bərpa etməsi ilə tarix elminin inkişafında keyfiyyətcə yeni bir mərhələ açıldı. Yabançı marksizm-leninizm ideologiyasının buxovlarından azad olan tarixçilər sərbəst nəfəs aldılar. İdeoloji stereotiplər dağıldı. Artıq tarixçiyə "bunu yaz, onu yazma" hökmü edən yoxdur. Yuxarıdan göstərişlərin verilməsi də aradan qalxıb. Tarixçi öz fəaliyyətində azaddır. Araşdırılması qadağan edilən mövzular yoxdur.

Dövlət müstəqilliyinin bərpasından keçən dövrdəki tarix araşdırmalarının ümumi təhlili göstərir ki, tarix elmimizdə kifayət qədər uğurlar qazanılıb. Dəyərli əsərlər yazılıb. Hətta müxtəlif dillərə tərcümə edilib. Müstəqilliyə qədərki tariximizdə heç bir zaman xarici ölkələrdə Azərbaycan tarixçilərinin əsərləri bəlkə də çap olunmamışdı. Müstəqilliyin yaratdığı ən böyük imkanlardan biri milli tariximizə dair dəyərli əsərlərin yazılması və tərcümə olunaraq xarici ölkələrdə çap edilməsidir. Nəinki elmi məqalələr, həmçinin iri həcmli monoqrafiyalar dünyanın nüfuzlu ölkələrində dərc edilir. Azərbaycan tarixçiləri bəzi xarici ölkələrdə kifayət qədər yaxşı tanınırlar.

Məlum olduğu kimi, tədqiqatçı tərəfindən araşdırılan tarixi hadisə və prosesləri doğru qoymaq, onlara düzgün yanaşmaq, elmi əsaslandırılmış nəticələr çıxarmaq və xalqda düzgün tarixi bilik formalaşdırmaq xeyli çətin və mürəkkəb bir işdir. Bundan ötrü tədqiqatçının yüksək araşdırıcılıq məharəti və tarixi tədqiqatların metodologiyasına dərindən yiyələnməsı lazımdır. İstənilən konkret tarixi hadisə müəyyən məkan və zaman daxilində yalnız bir dəfə baş verir.

Məkan və zaman çərçivəsindən kənarda heç bir tarix yoxdur. Xalqsız və ölkəsiz tarix olmadığı kimi, yer üzündə tarixsiz də xalq yoxdur. Ən kiçik xalqın belə, öz tarixi var. Deməli, tarix həmişə millidir. Belə olduqda soruşulur: xalqların və ölkələrin digərləri ilə bəzən toqquşan, bəzən də uyğun gələn tarixini yazmaq qədər çətin, mürəkkəb bir iş varmı? Tarixi hadisə və proseslər tədqiqatlarda olduğu kimi təqdim edilirmi? Ümumiyyətlə, tarixi olduğu kimi öyrənməyə və təqdim etməyə tarixçinin bütün imkanları varmı? Yoxdursa, bunun səbəbləri nədir? Belə vəziyyət niyə görə baş verir?

Tarix həm də bəşəridir. Çünki dünya artıq vahid bir ev halına gəlib. Deməli, tarixi hadisə və proseslərin digərlərindən ayrılaraq əlahiddə, lokal qiymətləndirilməsi də birtərəfli olardı. Tarix bir dəfə yaradılır, amma bir neçə dəfə yazılır. Tarixi yazmaq onu yaratmaq qədər çətindir. Yazan yaradılanı olduğu kimi yazmağa çalışmalıdır. Bəzən əvvəllər öyrənilən tarixi hadisə və proseslər yeni tədqiqatların nəticəsində təsdiq edilir, bəzən yanlışlıqlar düzəldilir, bəzən isə tamamilə əksinə yazılır.

Dünənə qədər doğru olanlar zaman keçdikdən sonra yanlış hesab edilir. Araşdırma zamanı tarixi faktlar yalnız bir dəfə elmi dövriyyəyə gətirilmir. Onlara dəfələrlə müraciət edilir. Hadisə və proseslərin, faktların zaman keçdikcə yenidən qiymətləndirilməsinə ehtiyac duyulur. Yaxın zamanlaradək əhəmiyyətli olan bir fakt yeni şəraitdə bəzən əvvəlki dəyərini itirir, inkar edilir, lazımsız sayılır.

Əksinə, bir vaxtlar əhəmiyyətsiz hesab olunan hər hansı bir fakt tamamilə yeni məna və əhəmiyyət kəsb edir. Əlbəttə, tarix bir-birindən təcrid olunmuş fakt və hadisələrin məcmusundan ibarət deyil. Tarixdə hər şey bir-biri ilə əlaqələdir. Tarix bütöv və sistem halındadır. Tarix bəlkə də riyaziyyat qədər konkret və dəqiq elmdir. Lakin onun yazılması heç də həmişə dəqiq və konkret olmur.

Tarix ictimai həyatın elə bir sahəsidir ki, insanlar onu öyrənirlər, amma bəzən ibrət almırlar, səhvləri yenidən təkrar edirlər. Bu da səbəbsiz deyil. Çünki tarixi hadisə və proseslərə siyasi, iqtisadi, milli-mənəvi və s. amillər, maraqlar ciddi təsir edir. Mənafelər toqquşur. Tədqiqatçı isə maraqlar olan yerdə həqiqəti üzə çıxarmaqda, tarixi olduğu kimi yazmaqda çətinlik çəkir.

Müstəqillik illərində tarix elmimizin qarşısında çoxlu mühüm vəzifələr durur. Bunları əsasən bir neçə qrupda ümumiləşdirmək olar: əvvəlki dövrlərdə yazılmış əsərlərdə məqsədli şəkildə edilmiş saxtalaşdırmaların və yanlışlıqların aradan qaldırılması; mənbə qıtlığı nəticəsində yaranmış çatışmazlıqların düzəldilməsi; indiyədək öyrənilməyən və ya öyrənilməsi qadağan edilmiş problemlərin araşdırılması; Azərbaycana qarşı yönəldilmiş təhdidlərin və təcavüzün tarixini təkzibedilməz mənbə və faktlarla öyrənilməsi və s.

Bu sahələrdə uğurların qazanılması inkaredilməz olmadığı kimi, həmin uğurların əsasən ayrı-ayrı tarixçilərin gərgin əməyi və səyləri nəticəsində əldə edildiyi də şəksizdir. Amma tarixi tədqiqatlarımızın vəziyyətini ideallaşdırmaq da doğru olmazdı. O bütün digər ölkələrin tarix tədqiqatlarında olduğu kimi, problemlərdən qətiyyən xali deyil. Bunlar barədə istənilən qədər yazmaq olar. Amma məqsədimiz bu deyildir.

Heç kəsə sirr deyil ki, əgər sovet dövründə tarix elmimiz yabançı ideoloji prinsiplərin təsiri və təzyiqlərindən əziyyət çəkirdisə, indi isə populizmdən, tarixi fakt və hadisələri, prosesləri olduğu kimi deyil, istədiyi kimi yazmaq, şərh, təhlil etmək və nəticələr çıxarmaqdan əziyyət çəkir. Tarix tədqiqatlarımızda təəssüf ki, hələ də rəvayətçiliyə, arxiv materiallarının bir-birinin ardınca düzülərək təhlil edilmədən verilməsinə, çoxlu sayda rəqəmlərin gətirilərək şərh edilmədən sırıdılmasına və ya "hesabdarlığa", quru sxematikliyə rast gəlinir. Bunlar bizə sovet tarix elmindən qalan mirasdır. Sadə dillə öyrədən, izah edən, araşdıran, proqnozlaşdıran, praqmatikliyə yönələn tarixi tədqiqatlarımız hələ kifayət qədər deyil.

Məlum olduğu kimi, tarix sahəsində tədqiqatlarında son nöqtə heç vaxt qoyulmur. Hətta gənc bir tarixçi əvvəllər yazılmış əsərləri və gəlinən nəticələri yeni bir faktı üzə çıxarmaqla dəyişdirə bilir. Təzə tarixi fakt və ya faktlar qrupu, onların təhlili tamamilə yeni tarixi bilik, təfəkkür formalaşdırmaq gücündədir. Bilindiyi kimi, bəşəriyyət tarixi, o cümlədən xalqımızın minilliklər tarixi heç bir zaman əvvəlcədən müəyyənləşdirilmiş sxemlər üzrə inkişaf etməyib. Onda daim enib-qalxmalar olub.

Tarix ümumiyyətlə, ziqzaqlı, dolanbaclıdır. Tarixçi tarixinin bu və ya başqa dövrünü sevməyə bilər, amma ona daim hörmətlə yanaşmağa borcludur. Çünki bu onun öz xalqının tarixidir. Hamar, ütülü tarix olmadığı kimi, ideal tarixi tədqiqat da yoxdur. Xalqın tarixi yalnız şanlı səhifələrdən ibarət olmur. Onda qara, utanc gətirən səhifələr də olur. Tarixi yersiz siyasiləşdirmək, müasirləşdirmək ziyanlıdır. Tarixçinin birinci dərəcəli vəzifəsi tarixi ütülü deyil, olduğu kimi yazmaq, doğru nəticələr çıxarmaq, xalqı üzləşə biləcəyi vəziyyətlərdən itkisiz və ya daha az itkisiz çıxmağa hazırlamaqdır.

Tədqiqatçıların qarşısında duran vəzifələrdən biri təcavüzkar separatizm və Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ probleminin tarixinə və müasir vəziyyətinə dair elmi əsaslandırılmış, dərin və ən kəskin tənqidə tab gətirə biləcək əsərlərin yazılması və əsassız iddiaları irəli sürənlərə layiqli cavabın verilməsidir. Bu sahədə artıq xeyli işlər görülüb. Ancaq hələ xeyli məsələlər həllini gözləyir. Əgər hər şey qaydasında olsaydı, onda indiki vəziyyət niyə yaranardı? Tarix elmimiz bu məsələlərdə kütlə psixologiyasının, küçədəki rəyin ardınca sürünməməlidir.

Əksinə, daha qabağa gedərək dərin və tutarlı faktlara əsaslanmalıdır. İctimai rəyi yönəltməlidir. Əsassız erməni iddialarına cavab verilməsində tarixçinin subyektiv baxışından, mülahizələrindən daha çox tarixi fakt və həqiqətlərin üzə çıxarılaraq verilməsi, dərindən təhlil edilməsi əhəmiyyətlidir. Saxta informasiya əsasında çıxarılan nəticə də yanlış olur və ən kiçicik tənqidə tab gətirə bilmir.

Əsassız erməni iddialarına qarşı sistemli şəkildə fundamental əsərlərin yazılması heç şübhəsiz, Azərbaycan tarixçilərinin qarşısında duran vəzifələrdən biridir. Biz bədxahlarımızın, düşmənlərimizin yazdıqları saxtakarlıqlara cavab verməklə vaxt itirməkdən daha çox, önə keçib rəqibimizi yazdıqlarımıza cavab verməkdən ötrü düşünməyə, zamanını sərf etməyə çalışan vəziyyətə salmalıyıq. Suallarımıza cavab gözləyən, cavab soruşan olmalıyıq.

İndiyədək xalqımızın itirdiklərinin bir təqsiri də heç şübhəsiz, biz tarixçilərin üzərinə düşür. Əgər tarixçilərimiz tariximizə dair hadisə və prosesləri, xüsusən xarici təcavüz və təhdidlərlə bağlı problemləri olduğu kimi zamanında araşdırıb xalqımızın ixtiyarına buraxsaydılar, ona doğru tarixi biliklər versəydilər, bəlkə də indiki vəziyyət yaranmazdı. Yaransaydı da az itkilərlə, bəlkə də itkilərsiz çıxardıq. Ölkəmizdə hər il onlarla dissertasiya işləri yazılır və müdafiə olunur.

Heç şübhəsiz, bu sahədə ciddi işlər var və indi də aparılır. Dərin analitik təhlilə dayanan əsərlərə də rast gəlinir. Amma dissertant, elmi rəhbər, opponentlər, aparıcı təşkilatlar və bir neçə başqa şəxsdən başqa dissertasiyaları oxuyan demək olar ki, tapılmır. Dissertasiya işlərini kitabxanaların fondlarında toz basır. Bu isə bizə köhnə sistemdən qalan mirasdır. Və ziyanlıdır.

Görünür, bu vəziyyətdən xilas olmağın, daha səmərəli formaların tapılmasının zamanı yetişib. Araşdırmalarımızda bir çoxunda hekayəçilik, nağılçılıq, uzun-uzadı şərhçilik üstünlük təşkil edir. Qabaqcıl dünya ölkələrindəki tarixi tədqiqatlara xas olan praqmatiklik, proqnozlaşdırma çatışmır. Yazılan əsərlərin praktik dəyəri bəzən çox aşağı səviyyədə olur. Amma indi tamam başqa bir dövrdür. Həllini gözləyən sahələrdən biri sosial tarix sahəsində araşdırmaların aparılmaması və ya az aparılmasıdır. Geneologiya sahəsində işlərin yazılmasına bizdə yalnız yenicə başlanır.

Ən başlıca problem isə araşdırmaların metodologiyasının zəif bilinməsi və ya bilinməməsidir. Bu sahədə də müəyyən boşluqların olduğu göz qabağındadır. Tədqiqat işlərində metodoloji prinsiplər və metodlar ümumi şəkildə göstərilsə də, metodologiya və metodların mahiyyətinin nədən ibarət olduğu dərindən bilinmir. Metodologiya kifayət qədər mənimsənilmir. Tarixin nəzəriyyəsi, fəlsəfəsi, sosiologiyasının zəif bilindiyi hamıya aydındır.

Məqalənin yazılmasında əsas məqsəd xeyli geniş olan tarixi tədqiqatların metodoloji problemlərini ayrı-ayrı təhlil etmək deyil, onun yalnız bəzi məqamlarına toxunmaq, XIX-XX əsrlər tarixinin bir neçə, xüsusən Azərbaycanın işğalı və bölüşdürülməsi, Cümhuriyyət və sovet dövrləri, tarixi şəxsiyyətlər problemlərinə yanaşmaya dair metodoloji meyarlar barədə öz mülahizələrimizi bildirmək və tarixçilərimizi müzakirəyə dəvət etməkdir. 

Tarix və siyasət

İstər tarixçilər arasında, istərsə də mətbuatda belə fikirlərə tez-tez rast gəlinir: tarix elmi siyasətə qurban verilir. Fikrimizcə, burada yazılmış və yazılmamış dünya siyasi hakimiyyət təsirindən və tarixi ənənələrdən gələn müəyyən həqiqət anı var. Ayrı-ayrı böyük ölkələrdə tarixi hadisə və proseslərə zaman-zaman dəyişilən münasibət deyilənləri təsdiq edir. Əslində tarixin özü elə başdan-başa siyasətdir. Həm dolayısı anlamda, həm də birbaşa. Siyasətdən kənar tarixi hadisə və proses olmur.

Bu gün tarixçilərin araşdırdığı tarix keçmişdə yeridilən konkret siyasətdir. İstər diplomatiya tarixi olsun, istər müharibələr tarixi, istər mədəniyyət tarixi, istərsə də iqtisadiyyat tarixi problemləri və s. Sadalanan və sadalanmayan bu və ya digər problemlər müəyyən zaman çərçivəsində yeridilən siyasətin nəticəsində olub, həmin tarix yaradılıb. Müharibə aparan dövlətlər onları daim öz maraqları baxımından qiymətləndiriblər. Məğlub olan ölkədə hərbi əməliyyatların başa çatmasının qələbə kimi bayram edilməsinə dair çoxlu nümunələr var. Çox da uzağa getmək lazım deyil.

Məsələn, Qəzza bölgəsində aparılan müharibə nəticəsində vurulan ziyanlara, dağıntılara, min nəfərdən çox fələstinli ərəbin öldürülməsinə, infrastrukturun dağıdılmasına baxmayaraq, İsrail ordularının çıxarılmasını Həmas bayram kimi qeyd etdi. İsrail də qələbə qazandığını bildirdi. Belə yanaşma niyə baş verir, səbəbləri nədir? Burada əsl qələbə kimin tərəfindədir? Bir neçə illər sonra tarixçi bütün bunlara necə doğru qiymət verə biləcək?

Deməli, bu günün siyasəti gələcəyin tarixidir. Baş verən hadisə və proseslərə bir neçə on illər sonrakı tədqiqatçının gözü ilə yanaşdıqda maraqlı bir mənzərə alınacaq. Öz əksini soyuq arxiv mənbələrində tapan tarixi hər bir ölkənin tarixçisi öz xalqının milli maraqları baxımından yazacaq. Beləliklə, bir hadisə və prosesə müxtəlif yanaşmaları özündə əks etdirən mənbələr əsasında yazılan əsərlər də fərqli olacaq. Oxucu üçün həqiqəti müəyyənləşdirmək isə xeyli çətinlik törədəcək. Bir hadisə və proses barəsində fərqli tarixi biliklər formalaşacaq. Hər bir ölkənin və xalqın öz tarixi həqiqəti olacaq.

Tarix bir cür baş verir, amma ona yanaşma müxtəlif cür olur. Tarixi hadisə və proseslərin araşdırılmasına tədqiqatçının sinfi, partiya, hətta milli və dini mənsubiyyəti, ailə tərbiyəsi, təhsili, bu və ya digər tarixi şəxsiyyətə rəğbəti və nifrəti də təsir edir. Belə olduqda soruşulur: maraqların toqquşması, müxtəlif qütblərdəki qüvvələrin üz-üzə gəlməsi nəticəsində yaranmış tarixi obyektiv yazmaq mümkündürmü?

Ümumiyyətlə, baş verən tarixə uyğun olaraq yazılan obyektiv tarixi əsər varmı? Dövlətlərin, hakimiyyətə gələn və gedən ayrı-ayrı partiyaların həyata keçirdiyi daxili və xarici siyasəti uzun illər sonra obyektiv yazmaq nə qədər mümkündür? Konkret olaraq həyata keçirilən hər hansı bir siyasət öz əksini müxtəlif xarakterli mənbələrdə tapdığından, hakimiyyət, müxalifət və bitərəf qüvvələrin maraqlarını əks etdirən çoxlu ilkin mənbələr olduğundan tarixi maksimum obyektiv yazmaq asandırmı? Düzxətli olmayan, özündə çoxlu mürəkkəblikləri, gözəgörünən və görünməyən tərəfləri birləşdirən tarixi ideallaşdırmaq nə dərəcədə doğrudur?

Tarixçi tədqiqatını topladığı faktların əsasında yazır. Yalnız istədiyi, ona lazım olan, qarşıya qoyduğu məqsədə nail olmağa kömək edən faktları götürür. İşə başlayanda nə nəticə əldə edəcəyini də əvvəlcədən müəyyənləşdirir. Başqa cür aparılan tədqiqat işi tikinti materiallarının toplanmasına və hansı məqsədlər üçün tikiləcəyi bilinmədən başlanan inşaat işlərinə bənzəyir. Hər bir tarixçinin problemə yanaşması subyektivdir. Məlumdur ki, toplanmış bütün tarixi faktlar heç də həmişə tam olmur.

Deməli, bu və ya digər tarixi faktın və faktların təhlili əsasında aparılan tədqiqatda da heç bir ümumiləşdirmə, nəticə son olmur. Dərin, yaxşı tədqiqatçı heç vaxt araşdırmasının bitkin olduğuna iddia etmir, "hər şeyi mən yazdım" demir. Deyirsə, artıq bu, tarix elminin inkişafı deyil, donuqluqdur, ətalətdir. Həmin tarixçinin isə tarixi tədqiqatların metodologiyasından ya xəbəri yoxdur, ya onu zəif bilir, ya da özündən müştəbehdir.

Əksinə, gələcək tədqiqatçılar üçün qapı açıq qoyulursa, onda inkişaf üçün imkanlar saxlanılır. Tarix daim yenidən öyrənilməyə və təhlil edilməyə ehtiyac duyur. Sonrakı tədqiqatlar zamanı yeni faktlar üzə çıxdıqca vəziyyət də dəyişir. Bu faktlar tarixçiyə əvvəllər məlum olmayan həqiqətləri açır. Əvvəllər adi hesab edilən tarixi faktlar, yeni siyasi şəraitdə daha ciddi əhəmiyyət kəsb edir.

Hətta əvvəllər formalaşmış tarixi biliklər sistemini vurub dağıda bilir. Burada siyasi şəraitin təsiri və rolu danılmazdır. Məsələn, bir zamanlar sovet dövründə V.İ.Lenini kimsənin tənqid etməyə nəinki gücü çatmırdı, heç buna imkan da verilmirdi. 80-ci illərin sonlarında və SSRİ dağıldıqdan sonra isə tarixçilər Lenini istədikləri kimi tənqid etməyə başladılar. Apardığı tədqiqatda son nöqtə qoyduğunu deməyən, fikirlərini diskussiya üçün açıq saxlayan, nəinki yaşadığı dövrdəki həmkarlarını, həmçinin gələcək tarixçiləri onun əsərləri və baxışlarına yenidən baxmağa səsləyən tarixçi böyükdür.

Bütün tarixi dövrlər və problemlər üzrə mükəmməl tarixçi olmaq mümkün deyil. Buna heç insanın fiziki imkanı da yoxdur. Ona görə də həmin tarixçidən sonra gələn və yeni faktları üzə çıxaran gənc bir tədqiqatçı əvvəllər yazılmış əsərlərə fərqli baxışı ortaya qoyur və beləliklə, tarixin açılmamış, gizli, yeni qatlarını üzə çıxarır. Burada çox şey tarixçinin araşdırıcılıq bacarığından, mötəbərlik dərəcəsinə görə hansı mənbələrlə işləməsindən, onları necə öyrənməsindən və nəticələr çıxarmasından asılıdır.

Tarixçi və tarixi mənbələr

Məlumdur ki, tarixçi tədqiqatını mənbələr əsasında aparır. Tarixçi araşdırdığı tarixi keçmişlə heç bir zaman birbaşa ünsiyyət qura bilmir. Onunla mənbələr vasitəsi ilə tanış olur. Tarixi tədqiqatın özünəməxsusluğu da elə bundan ibarətdir. Tarixçi ilə tarix arasında vasitə, körpü tarixi mənbədir. Tarix mənbələri mötəbərlik dərəcəsinə görə bir neçə qrupa bölünür. Onları adətən ən mötəbər, mötəbərliyi az olan, mötəbərliyi şübhə doğuran və mötəbər olmayan mənbələrə və s. ayırırlar.

Ən mötəbər mənbələr heç şübhəsiz, uzun illər boyu arxivlərdə saxlanılan məxfi rəsmi dövlət sənədləri, gizli rəsmi yazışmalar, zamanında bilinməyən dövlət və hökumət siyasətini müəyyənləşdirən məlumatlar və göstərişlərdir. Mənbələr xarakterinə görə də müxtəlifdir. Baş vermiş bir hadisə mənbələrdə çox vaxt fərqli əks olunur.

Məsələn, 1917-ci il oktyabr çevrilişi bolşeviklər mənbələrində bir cür, o vaxtadək hakimiyyətdə olmuş müvəqqəti hökumət və strukturları, xarici ölkələrin rəsmi qurumları tərəfindən isə tamam əks qiymətləndirilir. Belə şəraitdə əgər tədqiqatçı bu və ya digər tərəfin mövqeyini müdafiə edəcəksə, onda heç vaxt obyektivliyə iddia edə bilməyəcək. Əksinə, bütün tərəflərin mövqelərini verməyə cəhd edən tarixçi obyektivliyə çalışdığı üçün digərlərindən fərqlənəcək.

Üzərində işlədiyi mənbəni təhlil və şərh vermədən təqdim edən tarixçinin əsəri necə yüksək dəyərli ola bilər? Bəzən bütöv bir arxiv sənədi və ya digər tarixi mənbə kitabın səhifələrində heç bir təhlil aparılmadan bir-birinin ardınca düzülərək təqdim edilir. Bunun tarixi tədqiqatların metodologiyasına uyğun olmadığı və bütövlükdə müasir tarixçiliyə uyğun gəlmədiyi kimsədə şübhə doğurmamalıdır. Tarixçi əldə etdiyi mənbədəki məlumatları əgər digər mənbələrlə tənqidi təhlil əsasında müqayisə edirsə, o zaman müəyyən obyektivliyə də iddia edə bilər.

Tarixi mənbənin informasiya verimi adətən tükənmir. Tarixçilər bir mənbəyə müxtəlif yöndən yanaşaraq bir neçə məqsəd üçün istifadə edirlər. Fərqli qiymətləndirirlər. Tarixçi üçün ən mötəbər mənbə məxfi rəsmi sənədləri özündə birləşdirənlərdir. Ayrı-ayrı qeyri-rəsmi şəxslərin yazdıqları şəxsi məktublar, mülahizələr subyektiv xarakter daşıyıb tədqiqat zamanı əhəmiyyət daşısalar da, mötəbər mənbə olmağa iddialılar cərgəsində arxada gəlirlər. Mənbənin zahiri və daxili tənqidini verməyən tarixçinin əsəri mükəmməl olmağa necə iddia edə bilər? Ümumiyyətlə, tam mükəmməl, bitkin, araşdırılmasına son qoyulmuş problem heç bir zaman olmur.

Məlum olduğu kimi, bəzi arxiv sənədləri uzun illər boyu məxfi saxlanılır. Tədqiqatçıların istifadəsinə verilmir. Bəzi ölkələrdə məxfiliyin müddəti 30, bəzilərində 50 il və s.-dir. Belə olduqda "filan problemin araşdırılması dövrü hələ gəlib çatmayıb" deyənlər də tapılır. Bu yanaşma doğru olmadığı kimi, tədqiqatlara yanaşma baxımından da ziyanlıdır. Çünki tarixçi həmin sənədlərin nə vaxtsa açıldığını oturub gözləyə bilməz. Buna heç fiziki imkan da yoxdur. Ona görə də tədqiqatçı tədqiqat obyekti kimi seçdiyi problemi istifadəsi mümkün olan mənbələr əsasında araşdırır, gələcək araşdırıcılar isə bu problemə qayıdaraq öyrənilməsini yeni mənbələrlə dərinləşdirirlər.

Beləliklə, tarix araşdırmalarında qazanılan uğurlar möhkəmləndirilir. Yaxşı əsərlər meydana çıxır. Amma ən mötəbər mənbələr əsasında yazılmış əsərlər əgər gözəl yazılmırsa, geniş oxucu kütləsi də tapa bilmir. Onsuz da indiki informasiya texnologiyaları dövründə çoxlu amillərin təsiri altında kitab oxuyanların sayı getdikcə azalır.

Elə isə tarixçinin əsərinin dili necə olmalıdır? Əsərin dili Tədqiqatçılar çox gözəl bilirlər ki, əsərin dili xeyli vacib olan məsələlərdən biridir.Tarixçi araşdırdığı problemi mürəkkəb, hərtərəfli, dərindən araşdırmağa çalışmalı, lakin sadə, anlaşıqlı yazmalıdır. Buna əməl etmək çətin olsa da, zəruridir. Monoqrafiyalarda bir səhifədə "arayışda deyilirdi ki," "...göstərilirdi ki," və s. yazılması, bir cümlədə bir neçə dəfə "ki" verilməsi, mübtəda ilə xəbərin yerinin dəyişik salınması təkcə oxucunu yormur, eyni zamanda tarix dilimizi korlayır. Ana dilimizi zibilləyir.

Tədqiqatlarımızda ana dilimizin saflığının qorunması araşdırıcıların ən mühüm qayğılarından biri olmalıdır. Elm adamlarının, tarixlə maraqlanan sadə oxucunun başa düşmədiyi dildə yazılan bir əsəri necə uğurlu saymaq olar? Belə əsərlərin müəllifləri bilərəkdən və ya bilməyərəkdən ana dilimizi inkişaf etdirmirlər, əksinə ağırlaşdıraraq geri atırlar. Tarixçi ana dilini təkcə sevməməlidir. Onu zənginləşdirməyi bacarmasa da, qorumağa borcludur. Çünki bu, onun ana dilidir, anasının dilidir. Fikrimizcə, ölkəmizin dilçi alimləri və tarixçilərinin birgə iştirakı ilə tarixi tədqiqatlarda dil məsələlərinə həsr edilmiş müzakirələrin keçirilməsi faydalı olardı.

Azərbaycanın işğalı və bölüşdürülməsi probleminə baxış

Müasir Azərbaycan tarixşünaslığında birmənalı, lakin Rusiya tarixçiliyində fərqli dəyərləndirilən hadisələrdən biri heç şübhəsiz, çarizmin apardığı müharibələr nəticəsində Azərbaycanın bölüşdürülməsi, ondan sonra baş verən proseslər və nəticələridir? Sovet dövründə bu işğal birləşmə, könüllü qatılma kimi qiymətləndirilib. Azərbaycanda buna etiraz edən tarixçilərin fikirləri yad sayılıb.

Azərbaycanın bölüşdürülməsi rəsmi imperiya tarixçiliyi baxımından birləşmə, könüllü qatılmadırsa, həm çarizm, həm də sovet rejimi şəraitində Azərbaycan xalq tarixi baxımından qiymətləndirilib yazılmasa da, işğaldır. Müstəqil Azərbaycan tarixçiliyi baxımından da işğaldır. Və tamamilə tarixi gerçəkliyi əks etdirən doğru nəticədir. İşğala isə normal tarixçi bəraət qazandıra bilməz. Qazandırırsa, deməli artıq tarix siyasətə qurban verilir. Azərbaycanın işğalı probleminə dünya siyasətindən kənar, Avropa dövlətlərinin Şərq siyasəti nəzərə alınmadan qiymət vermək də heç şübhəsiz, natamam olardı.

Fikrimizcə, indiyədək tarix araşdırmalarında bu işğalların dünya siyasəti, dövrün beynəlxalq münasibətləri ilə sıx əlaqədə daha dərindən öyrənilməməsi və ya zəif bilinməsi yaranmış boşluqlardan biridir. Çarizm işğalı ilə bütöv bir xalq iki yerə bölündü. Bu günə qədər də davam edən Cənubi Azərbaycan, bölünmüş Vətən ifadələri yarandı. Azərbaycan ərazisinə yadellilər yerləşdirildi. Azərbaycanlılar daim sıxışdırıldılar. Hərb sənətindən, dövlət idarəçiliyindən uzaqlaşdırıldılar. Azərbaycanın təbii sərvətləri vəhşicəsinə talan edildi. İnsanlarımız Sibir sürgünlərində, çarizm həbsxanalarında çürüdülər.

Bu gün də ölkəmizin inkişafına mane olan, xalqımızı fəlakətlərə salan əsassız erməni iddialarının kökü məhz çarizm işğalları ilə qoyuldu. Başqa yüzlərlə faciə baş verdi. Amma çarizm işğalının digər tərəfləri də var. Onların diqqətdən qaçırılması aparılan tədqiqat işlərini bitərəf və natamam edir. Sual yaranır: bütün ağır nəticələrinə baxmayaraq, çarizmin Azərbaycanda siyasəti yalnız mənfimi olub? Heç bir müsbət element olmayıbmı? Fikrimizcə, tarix elmimizdə indiyədək yol verilən boşluqlardan biri də budur.

Müstəmləkəçilik siyasəti tarixinin öyrənilməsi göstərir ki, müstəmləkə rejimləri və siyasəti ümumən mənfi olsa da, onların nəticələri yalnız pisliklərdən ibarət olmur. Müstəmləklərdə yeridilən siyasət nəticəsində müəyyən müsbət işlər də görülür. Mənfiliklər içərisində müsbət tərəfləri görmək də tarixçinin borcudur.

Məsələn, Birinci Dünya müharibəsi illərində Almaniyanın apardığı sualtı müharibə Antanta ölkələrinin Afrikadakı müstəmləkləri ilə ticarət-iqtisadi əlaqələrinə ziyan vursa da, onu kəssə də, müstəmləkə ərazilərində yeni ictimai münasibətlərin yaranmasına, milli sənayeçilərin yaranmasına və inkişafa kömək etdi. İran Rusiya ilə müqayisədə geri qalmış bir ölkə idi. Azərbaycanın şimalı İran ilə müqayisədə daha inkişaf etmiş bir ölkə tərəfindən işğal edilərək birləşdirildi. Azərbaycanda xanlıqlar arasında birliyin olmaması işğalı asanlaşdırdı. Azərbaycan xanlıqlar formasında işğal edildi.

Əgər Azərbaycan xanlıqları arasında birlik yaransaydı, xalq bir olsaydı, onda ərazilərimiz bəlkə də işğal edilə bilməzdi. Xalq ümumi problemlərə yanaşmada yekdil, bir olmalıdır. Xalqın sıx vəhdəti lazımdır. Bu, həmin hadisələrdən müstəqillik dövrü üçün alınan başlıca ibrətlərdən biridir. Azərbaycanlılar qarabağlı, şirvanlı, naxçıvanlı, gəncəli, lənkəranlı və s. kimi imperiyanın tərkibinə daxil edildilər. 1918-ci ildə isə vahid dövlət, vahid xalq kimi imperiyanın tərkibindən çıxdılar. Şimalda xalqımız millətləşmə prosesini cənuba nisbətən daha tez keçdi. Rusiya vasitəsi ilə azərbaycanlılar müasir Avropa elmi və mədəniyyəti ilə daha yaxından tanış oldular.

Başlıca məqsədi imperiyanın müstəmləkəçilik niyyətlərinə xidmət olsa da, Azərbaycanda maarifçilik, müasir tipli məktəblərin açılması, milli teatrın yaradılması, milli mətbuatın qurulması, milli özünüdərk, milli şüur, milli hərəkat, sənayeləşmənin aparılması, müxtəlif ictimai təşkilatların meydana gəlməsi, ölkəmizi müstəqilliyə aparan siyasi partiya və təşkilatların formalaşması da məhz çarizmin hakimiyyəti illərində baş verib.

Əlbəttə, tarix tədqiqatlarının metodologiyasını zəif bilən kimsə yanlış olaraq məni çarizmin işğalçılıq siyasətinə bəraət qazandırmaqda təqsirləndirə bilər. Amma qətiyyən belə deyil. Tarix olduğu kimi verilsə, faydalı olar. Biz maraqlarımıza uyğun olan hadisə və prosesləri ideallaşdırmaqla, xalqımıza dərin, doğru tarixi bilik verməməklə və ya bunu istəməməklə nə qazanırıq? Bunların olduğu kimi yazılması xalqın ən çətin anlarda Azərbaycan xalqının mübarizlik ruhunun məhv edilməsinin və əzminin qırılmasının mümkün olmadığını göstərmək baxımından əhəmiyyətlidir. Bu problemə rəsmi mərkəzçilik tarix konsepsiyası baxımından yanaşmaq müstəmləkəçilik siyasətinə bəraət qazandırmaq, deməli, xalqda müstəqillik hisslərini zəiflətmək, qulçuluq psixologiyasına haqq qazandırmaqdır.

Tarix tədqiqatları xalqda özünəinam hissi yaratmağa xidmət etməlidir. Azərbaycan xalqı isə işğalla barışmadı. Azərbaycanın istiqlalına aparan yol məhz çarizmin və müvəqqəti hökumətin hakimiyyəti illərindən başladı. Bu mübarizənin önündə çarizm dövründə qabaqcıl ali məktəblərdə təhsil almış milli ziyalılar getdilər. İstiqlal fikri və mübarizəsinin bütün ağırlığını məhz onlar öz çiyinlərində daşıdılar. Milli burjuaziya bu mübarizədə fəal iştirak etmədi. Əsasən dolayısı yolla öz töhfəsini verdi. Niyə görə? Ona təsir edən amillər öyrənilməlidir.

Məlumdur ki, çarizm azərbaycanlılar içərisindən imkanlı adamların çıxmasında maraqlı deyildi. Azərbaycanlılar yalnız müəyyən çərçivədə və nəzarət altında humanitar fəaliyyət göstərə bilərdilər. Maliyyə vəsaitləri onların əlində çox cəmlənə bilməzdi. Buna görə də çarizm azərbaycanlı iş adamlarını daim sıxışdırır, ziyalıları isə təzyiqlər altında saxlayırdı. Sonralar sistem dəyişsə də, sovet dövründə azərbaycanlı milli ziyalıların repressiya olunmalarına təsir edən çoxlu amillərdən biri də məhz bu idi. Çarizmin müstəmləkə siyasətinin obyektiv araşdırılması nəticəsində işıq üzü görən kitablar xalqda ələbaxımlıq əhval-ruhiyyəsi yaratmamalı, tarixi hadisə və prosesləri obyektiv qiymətləndirməyə imkan verməli, Cümhuriyyətin elanına necə çətinliklərlə və hansı yollarla gəlib çatdığı barədə dolğun təsəvvür yaratmalıdır.

Cümhuriyyət dövrü tariximizə baxış

Cümhuriyyət elan edildiyi vaxtdan bəri bu dövr tarixinə münasibət heç də həmişə birmənalı olmayıb. Əslində Rusiyada rejimlər və sistemlər dəyişsə də, Cümhuriyyət dövrü tarixinə yanaşmada mühacir ağqvardiyaçı ədəbiyyatın yanaşması ilə sovet ədəbiyyatının baxışı arasında elə bir fərq yox idi. Sovet tarixçiliyinin məsələyə yanaşması sırf mərkəzçilik, imperiya baxışlarını ifadə edirdi. İndiki rus tarixçiliyi də onlardan fərqlənmir. Bunun da çoxlu səbəbləri var. Məsələyə siyasi, imperiya baxışı üstünlük təşkil edir. Bir-birilərindən fərqlənmələrinə baxmayaraq, onların hamısını Azərbaycan tarixinə qərəzli münasibət birləşdirir. Sovet dövründə Azərbaycan SSRİ-nin tərkib hissəsi olduğundan mərkəz və yerli tarixçiliyin məsələyə yanaşması da fərqlənməyib.

Cümhuriyyət dövrü tarixinə obyektiv qiymət vermək üçün şərait Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra başlandı. Lakin tarixi tədqiqatlarda duyğusallıqdan, populizmdən doğan müəyyən boşluqların özünü göstərdiyi hamıya aydındır. Bəziləri dövrün bir neçə tarixi şəxsiyyətini yerli-yersiz tənqid etsələr də, bütövlükdə Cümhuriyyət dövrü tarixini müsbət qələmə alıblar. Cümhuriyyət dövrü tariximizin üstündən xətt çəkmək indiki müstəqilliyimizin əleyhinə olmaq deməkdir. Amma müstəqil Azərbaycan tarixçiliyinin Cümhuriyyət dövrünə yanaşması yalnız duyğularla bağlı olmamalıdır. Hərçənd bu amilin təsiri tarix araşdırmalarında, ən yaxşı əsərlərdə belə, indiyədək olub və bundan sonra da olacaq.

Çünki Cümhuriyyət dövrü tarixi istər sovet dövründə Azərbaycan xalq tarixi, istərsə də indiki müstəqillik dövründə rəsmi tarixçilik nöqteyi-nəzərindən qiymətləndirilsə, şərəfli bir tarixdir. Hər bir xalq və onun gələcək nəsilləri belə tarixi yaratması ilə yalnız fəxr edə bilər. Cümhuriyyət dövrü tarixi heç şübhəsiz, Xalq tariximizin parlaq səhifəsidir. Eyni zamanda zəngin dövlətçilik tariximizin bir səhifəsidir. Həmin dövrün rəsmi Azərbaycan tarixçiliyi nöqteyi-nəzərindən yazılmasının gərəkliyi kimsədə şübhə doğurmamalıdır. Müsəlman dünyasına Cümhuriyyət məfkurəsini və müasir respublika üsul-idarəsini ilk olaraq Azərbaycan xalqı gətirdi. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqların azadlıq yolunda çıraq yandırdı, istiqlala səslədi, onlara örnək oldu.

Dövlət müstəqiliyinin bərpasından iki onilliyə yaxın bir dövr keçib. Cümhuriyyət dövrü tarixinə duyğulu, hissiyyatlı yanaşma dövrü də artıq keçib getməlidir. Dəyərli əsərlər yazılsa da, ciddi, daha dərin, tənqidi təhlilə əsaslanan araşdırmalar aparılmasının zamanı çoxdan yetişib. Azərbaycan Cümhuriyyətinin yaradılmasını bəzən yalnız Osmanlı yardımları ilə əlaqələndirənlərə də rast gəlinir. Əlbəttə, bu, doğru elmi-tarixi yanaşma deyil. Çünki dövləti xaricdən gələn qüvvə qurmur. Dövlətin qurulmasında xarici qüvvə ikinci, üçüncü dərəcəli rol oynayır. Dövlətin qurulması üçün ilk növbədə xalq, onun ərazisi olmalı, sonra isə hökuməti qurulmalıdır. Xalq və onun ərazisi yoxdursa, dövlət xarici yardımların köməyi ilə necə qurula bilər?

1918-ci ilədək Azərbaycan xalqı, ərazisi var idi. Azərbaycan xalqı çarizm zülmündən xilas olmaq uğrunda uzun illər mübarizə aparmışdı. Müharibənin gedişində yaranmış şəraitdə isə Milli Şura yuxarıdan xalqın istiqlalını elan etdi, çətinliklə olsa da hökumətini və onun strukturlarını qurdu. Osmanlı yardımları Cümhuriyyətin qurulmasında mühüm xarici amil rolunu oynadı. Osmanlının regionda yeritdiyi hərbi və diplomatik fəaliyyəti Azərbyacan xalqının arzu və istəkləri ilə üst-üstə düşürdü.

Azərbaycan Cümhuriyyətini xalqımız qarşısında xidmətləri olan Nuru Paşa qurmadığı kimi, Türkiyə Cümhuriyyətini də Azərbaycanın yardımları yaratmadı. Türkiyənin istiqlal savaşında qələbə qazanmasında başlıca amil Mustafa Kamal Paşanın rəhbərliyi altında türk xalqının qırılmaz əzmi, iradəsi oldu. Sovet Rusiyasının, o cümlədən Azərbaycanın yardımları da yalnız köməkçi rolunu oynadı. Azərbaycanda da bu böyük tarixi missiyanı xalqın özü yerinə yetirdi.

Fikrimizcə, bu dövrdə daxili siyasətdə buraxılan nöqsanlar dərindən öyrənilməlidir. Niyə görə iqtisadi islahatlar aparılmadı? Kəndli hərəkatı nəyə görə mövcud idi? Bu yalnız xarici amillərin təsiri altındamı baş verirdi? Niyə görə bəzi azərbaycanlı ziyalılar Cümhuriyyət hakimiyyətinə laqeyd qalmışdılar?  Və sair. Onların öyrənilməsinin tarixdən ibrət almaq baxımından böyük əhəmiyyət daşıdığı şəksizdir.

Diqqətə alınması lazım gələn məsələlərdən biri heç şübhəsiz, bolşevik orduları Azərbaycan ərazisinə daxil olarkən yaranmış vəziyyətdir. Burada tənqidi təhlil ya çatışmır, ya da zəifdir. Çoxlu suallara dərin elmi cavabın verilməsində fayda var. Nəyə görə Cümhuriyyət uğrunda işğalçıya ilk günlər ciddi müqavimət göstərilmədi? Nəyə görə ağır döyüşlər getmədi və ingilis mənbələrində deyildiyi kimi, Bakıda qarışıqlıqda yalnız iki nəfər öldü? Nəyə görə məhz bolşevik ordu hissələrinin müsadirələri başladıqdan və bölgələrin işğalı həyata keçirildikdən sonra müqavimət, azadlıq hərəkatı başladı?

Bu və ya digər məsələlər tarixdən ibrət almaq və buraxılan səhvləri təkrarlamamaq üçün obyektiv araşdırılmağa ehtiyac duyur. Tarixi fakt, hadisə və prosesləri olduğu kimi şərh etməyə çalışmaq lazımdır. Tarixi fakt və tarixə yaxın faktlar arasında obyektiv hakim yalnız hadisə və proseslərin nəticəsidir. Hər bir şeyə nəticəsinə görə qiymət verilir. Onları ideallaşdırmağa lüzum yoxdur. Hər bir xalq öz psixologiyasına, düşüncəsinə və fəaliyyətinə uyğun olaraq tarixini yaradır. Bundan kənarda xalqın tarixi yoxdur. Xalqın psixologiyasında ümumi cəhətlərlə yanaşı, çoxlu müxtəlifliklər də olur. Onu isə qətiyyən vahidləşdirmək, ümumiləşdirmək doğru deyil.

Müəyyən nöqsanlara baxmayaraq, Azərbaycan Cümhuriyyəti qətiyyən daxili amillərin nəticəsində deyil, bilavasitə bolşevik Rusiyasının işğalı nəticəsində süqut etdi. Bu işğala çoxlu beynəlxalq faktorlar ciddi təsir göstərdi. Amma əgər Cümhuriyyət qurulmasaydı, Azərbaycan Rusiya tərəfindən necə işğal ediləcəkdi? SSRİ-nin tərkibinə hansı formada qatılacaqdı? Formal olaraq müstəqil respublika olardımı? Azərbaycan SSR yaradılmasaydı, Cümhuriyyətin varisi olan indiki Azərbaycan Respublikasını yaratmaq asan olardımı? Tariximizə varislikdə, üzvi əlaqədə baxmaqda fayda görürəm.

Əgər bolşevik Rusiyasının işğalı olmasaydı, müstəqil Azərbaycan 1918-ci il sərhədləri və təbii sərvətləri ilə 90 ildən çox mövcud olsaydı, onda ölkəmiz indi hansı inkişaf səviyyəsində olardı? Azərbaycan xaqlının və dövlətinin dünya siyasətində yeri necə olardı? Amma baş verənlər artıq tarixdir. Onu dəyişdirməyə kimsənin gücü çatmaz. Belə tarixlərdən biri də bizim sovet dövrü tariximizdir. 
    
Sovet dövrü tariximizə yanaşma 

Tədqiqatlarda qiymət verilməsi müəyyən çətinliklər yaradan dövrlərdən biri heç şübhəsiz, sovet dövrü tarixidir. Sovet dövründə tarixçinin SSRİ tarixinə yanaşması ilə indiki yanaşma arasında xeyli fərqlər var. Və bu da təbiidir. Sovet dövründə mədh edilən bir tarix 80-ci illərin sonu-90-cı illərin əvvəllərindən başlayaraq və indi də əksinə olaraq kəskin tənqid edilir. Az qala üstündən xətt çəkilir. Bu vəziyyət tarix və siyasətin nisbətinə konkret nümunədir.

Sovet dövründə tənqidi kimsənin ağlına gəlməyən, gəlsə də susulan bu tarix, istənilən siyasi, dövlət xadimi istənilən kimi tənqid edilir. Amma sovet dövrü tarixi yalnız ağ və ya qara səhifələrdən ibarət deyil. Onun müxtəlif çalarları var. Və həmin cəhətlərə də diqqət yetirilməlidir.

Sovet dövrü tarixi Azərbaycan xalqının tarixinin ayrılmaz bir hissəsidir. Bu dövr Azərbaycan tarixi bizim həm Rəsmi, həm də Xalq tariximizdir. Çünki işğal edilsə də, mərkəzdən idarə edilsə də, Azərbaycanın formal olaraq rəsmi hakimiyyət orqanları fəaliyyət göstərirdi. Bu dövrə yanaşmada Rəsmi tarix və Xalq tarixinin hər ikisinin qızıl ortağı gözlənilməlidir. Məlumdur ki, sovet dövründə hakim ideologiya və rəsmi xətt mərkəz tarixçiliyinə üstünlük verirdi. SSRİ-də "bir qazanda qovrulan" xalqların gerçək tarixi barədə susulurdu. Bu da səbəbsiz deyildi. Çünki xalqın gerçək tarixinin yazılması milli özünüdərkin, milli şüurun güclənməsinə, milli azadlıq hərəkatının artmasına və ayrılmasına təsir edərdi.

Bolşevik işğalı Azərbaycanın dövlət müstəqilliyinə son qoydu, xalqı öz təbii inkişaf yolundan döndərdi, milli ziyalıları məhv etdi. Canını birtəhər qurtaran milli qüvvələr xarici ölkələrə mühacirət etdilər. Mərkəz Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə daşıyıb apardı. Azərbaycanın ənənəvi kənd təsərrüfatı strukturu dağıdıldı, yerinə kollektivləşmə adı altında yabançı kolxoz quruluşu gətirildi və s. Amma sovet dövrü tarixi başdan-başa mənfiliklərdən ibarət deyil.

Sovet dövrü tarixinin 20, 30, 40-cı illəri ilə 50, 60, 70, 80-ci illəri bir-birindən kifayət qədər fərqlənirdilər. Bütün bu illərin hamısında kommunist ideologiyası, vahid sistem mövcud olsa da, ictimai mühitdə kifayət qədər fərqliliklər var idi. Tarixçinin borcu bütün sovet dövrünü ümumiləşdirib bir qəlibə salmaq deyil, onun müxtəlif tərəflərini, çalarlarını göstərməkdir. Sovet dövrünü tamamilə pisləmək obyektiv tarixi gerçəkliyi əks etdirmir. Ümumiyyətlə, tarixi tədqiqatın məqsədi pisləmək və ya tərifləmək olmamalıdır. Tarixi istədiyi kimi deyil, olduğu kimi yazmaq lazımdır.

Əlbəttə, qeyd etdiyimiz kimi, sovet dövrü yalnız mənfiliklərdən ibarət olmayıb. Azərbaycanda sənayeləşdirmə həyata keçirilib, dövrün qabaqcıl sənaye sahələri yaradılıb, şəhərlər salınıb, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilib. Respublikada ali və orta məktəblərin geniş şəbəkəsi yaradılıb, savadsızlıq ləğv edilib, mətbuatımız inkişaf edib, dərsliklərimiz yaradılıb, ədəbi dilimiz formalaşıb və zənginləşib.

Sovet sistemi istiqlal fikrini nə qədər məhv etmək istəsə də, onu sıradan çıxara bilməyib. İndiki müstəqilliyimiz sovet sistemi daxilində - Azərbaycan şair, yazıçı və alimlərinin əsərlərində, dövlət xadimlərinin adı çəkmədən həyata keçirdikləri konkret fəaliyyətləri nəticəsində intişar tapıb. İstiqlal fikri rəsmi sovet orqanlarına tədricən yol açıb.

Bugünkü müstəqil dövlətçiliyimizin və xalqımızın yaşaması, inkişafı məsuliyyətini öz üzərlərinə götürmüş siyasi, dövlət, ictimai xadimlər, elm, mədəniyyət, incəsənət adamları sovet dövründə doğulub, təhsil alıb və formalaşıblar. Sovet dövründə dövlət və hökumət strukturları yaranıb. Müdafiə Nazirliyindən başqa bütün nazirliklər Moskvaya tabe etdirilsə də, movcud olub, rəsmən fəaliyyət göstəriblər. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra məhz həmin strukturların bazasında müstəqil dövlət və hökumət orqanları qurulub. Biz tariximizə vəhdətdə, daim inkişaf edən dinamikada baxmalıyıq.

Müstəqillik dövrü tariximizə münasibət. 

Rəsmi tarixi, yoxsa Xalq tarixi?  

 

Rəsmi, Hakimiyyət tarixi ilə Xalq tarixi arasında dəqiq sərhədi, suayırıcını tapmaq xeyli çətindir. Bu məsələ tarix nəzəriyyəçiləri arasında daim mübahisələr doğurub. Bəzi ölkələrdə, məsələn ABŞ-da Hakimiyyət tarixi və Xalq tarixi orta məktəblərdə ayrı-ayrı fənlər kimi tədris olunur. Birincidə üstünlük rəsmi hakimiyyətin və ya hökumətin tarixinin öyrədilməsinə, ikincində isə xalqın keçdiyi yola, etnoqrafiyasına, məişətinə, mədəniyyətinə və s. verilir. Aydındır ki, xalqsız hakimiyyət olmaz. Dünyada müstəqil dövləti və milli hakimiyyəti olmayan xalqlar çoxdur. Onların da tarixi var. Xalqı tərəqqiyə və geri aparan hökumətlərdir. Hökumət sözünün mənası da elə hökm etmək, idarə etməkdir.

Milli hakimiyyət şəraitində Xalq tarixi və Hakimiyyət tarixi sıx çulğalaşıb. Onları bir-birindən ayırmaq demək olar ki, mümkün deyil. Çünki hakimiyyət xalqın içindən çıxan şəxslərdən formalaşır. Müstəqillik dövrümüzün tarixi çox qısadır. Cəmi 20 ilə yaxındır. Bu dövrü araşdırmaq ilk baxışda asan görünür. Sanki hər şey bilinir. Çünki hər şey gözümüzün qarşısında baş verib. Amma əslində belə deyil.Yaxın tarixi araşdırmağın bəzi çətinlikləri var. Ən başlıcası ondan ibarətdir ki, mötəbər mənbələrin çoxundan hələ də tarixçilərin xəbəri yoxdur. İstifadəsi mümkün deyil.

Müstəqillik dövrü tariximizin problemlərini araşdırarkən Dövlət tarixçiliyi, Rəsmi tarixçilik doktrinası lazımdır. Onun da hakim ideologiyasının azərbaycançılıq olduğu kimsədə şübhə doğurmamalıdır. İdeologiyasız, siyasətsiz dövlət yoxdur. Deməli, tarix də yoxdur. Müstəqillik şəraitində hakimiyyətin tarixi elə xalqın öz tarixidir. Çünki xalq hakimiyyətin qəbul etdiyi qanun və qərarlar altında yaşayır, fəaliyyət göstərir, tərəqqi və ya tənəzzül edir. Müstəqillik dövrü tarixi yazılarkən dövlət əleyhinə baş vermiş qiyamların, terror aktları cəhdlərinin verilməsi dövlət quruculuğunda ortaya çıxan problemlərin həlli istiqamətində tariximizin mənfi, acı təcrübəsindən ibrət alınması baxımından əhəmiyyətlidirsə, onların yersiz qabardılması və doğru izah edilməməsi isə xeyli ziyanlıdır.

Tarixçinin əsəri xalqa müstəqil dövlətçilik hisslərini aşılamalıdır. Tarixi şəxsiyyətlərə münasibət Tədqiqatlarda ən mürəkkəb və mübahisə doğuran məsələlərdən biri tarixi şəxsiyyətlərə qiymət verilməsidir. Bəzi nəzəriyyəçilərə görə, tarix elə ayrı-ayrı böyük şəxsiyyətlərin tarixindən ibarətdir. Tarixi şəxsiyyətlərə verilən qiymət zaman-zaman bəzən siyasi konyuktura və rejimlərə uyğun olaraq dəyişilib. Bir zamanlar verilən qiymət müəyyən vaxt keçdikdən sonra tamamilə fərqli olub. Bəzən tədqiqatçılar tarixi şəxsiyyətləri ya ittiham edirlər, ya da ideallaşdırırlar. Belə yanaşmaların hər ikisi heç şübhəsiz, yanlışdır.

Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində fəaliyyət göstərir. Mücərrəd fəaliyyət göstərən tarixi şəxsiyyət olmadığı kimi, ideal tarixi şəxsiyyət də yoxdur. Tarixi şəxsiyyətlər də insanlardır. Onlar səhvlərdən xali deyil. Tarixçi tarixi şəxsiyyətə qiymət verərkən sənədləri dərindən öyrənməli, mənbələrdəki təkcə açıq-aşkar məsələləri deyil, onlarda gizlənən üstüörtülü mətləbləri, pərdəarxası tərəflərini, mahiyyətini açmalıdır. Faktları qiymətləndirməkdən əvvəl onların obyektivliyini müəyyənləşdirməlidir.

Tarixi şəxsiyyətə özündən sonra gələnlərlə deyil, özündən əvvəlki tarixi şəxsiyyətlərlə müqayisədə qiymət verildikdə doğru olar. Çünki tarixi şəxsiyyətlərin bir neçə on illər sonra dünya tarixinin necə inkişaf edəcəyini tam bilmələri mümkün deyil. Onlar konkret şəraitdə fəaliyyət göstərirlər. Tarixi şəxsiyyətə qiymət verilərkən bir sıra suallara əsaslı cavab verilməlidir: şəxsiyyət özündən əvvəlkinə nisbətən ölkəsinə yeni nə gətirdi? Bu yeniliklər cəmiyyəti və dövləti irəlimi apardı, yoxsa gerimi atdı? Tarixi şəxsiyyətin etdiklərindən hansılar indiki müstəqillik dövründə yarayır, xeyir gətirir?

Yaşadığı dövrdən xeyli uzağı, qabağı görən, vaxtdan uca olan, hadisə və proseslərə istiqamət verən, dövlətinin qüdrətini artıran, xalqını tərəqqiyə aparan tarixi şəxsiyyət böyükdür və xalqı durduqca yaşayır. Xalqı irəli apara, güclü komanda yarada, vəzifəsini lazımi şəkildə yerinə yetirə, xalq, dövlət və tarix qarşısında məsuliyyətini dərk edə, səhvlərinin hansı nəticələr doğura biləcəyini görə bilməyən, hadisə və proseslərin yedəyində sürünən zəif və iradəsiz dövlət xadimlərini tarixdən silib atmaq mümkün olmadığı kimi, onlara böyük demək də mümkün deyil.

Siyasi fəaliyyəti dövründə bir neçə dəfə partiya dəyişən və özünün dediyi kimi, "ictimai rəyə tüpürməyən" Böyük Britaniyanın baş naziri U.Çerçildən vəzifədən getdikdən sonra soruşurlar ki, hakimiyyəti illərində gördüyü hansı işləri səhv hesab edir. Cavabında o, "mən işləri görərkən kimlərin nə düşünəcəyini fikirləşmədim, konkret şəraitdə ingilis xalqı üçün nəyi doğru, faydalı bildimsə, onu da etdim"-cavabını verir.

Doğrudan da tarixi şəxsiyyət konkret, real şəraitə uyğun olaraq hərəkət edir. Onların həyata keçirdikləri həm zamanında, həm də bir neçə illər sonra faydalı olursa, xalqın inkişafına kömək edirsə, o zaman tarixi şəxsiyyətlər böyük olurlar. Yaşadığı dövrdən qabağı görən, vaxtından, zamanından uca duran tarixi şəxsiyyətlər dahidirlər. Dövlət xadimlərinə dedikləri sözlərə deyil, əsasən konkret işlərinə görə qiymət verilir.

Çarizm dövründə ağır şərtlər altında xalqın maariflənməsi, inkişafı və müstəqilliyi yolunda çalışmış şəxslər böyükdürlər. Azərbaycanlıların həmin dövrün müxtəlif siyasi təşkilat və cərəyanlarında təmsil olunmaları tariximizin zənginliyinin, xalqımızın intellektual səviyyəsinin göstəricisidir. Həmin cərəyanları təmsil edən, iştirakçısı olan ictimai-siyasi xadimləri bir-birinə qarşı qoymaq qətiyyən doğru deyil, tarix elminin metodoloji prinsiplərinə ziddir. Onların bu və ya digər cərəyanda nəyə görə təmsil olunmalarının, xalqın inkişafı yolları barədə fərqli düşünmələrinin əsas səbəbləri, fəaliyyətləri və nəticələri hərtərəfli araşdırılmalı, təhlil edilməlidir.

Cümhuriyyət dövrü xadimlərinə qiymət verərkən də çox ehtiyatlı olmaq lazımdır. Onları nədəsə ittiham etmək doğru deyil. Cümhuriyyət xadimləri öz əməlləri ilə Azərbaycan üçün böyük bir tarix yaratdılar. Xalqa rəhbərlik edərək yoxdan bir var qurdular. Azərbaycan müstəqil, xalqımız mövcud olduqca onlar da daim yaşayacaqlar. Sovet dövrünün tarixi şəxsiyyətləri də bizimdir. Əgər hamısı pisdirlərsə, onları yetirən, içərisindən çıxdıqları xalq haqqında nə düşünərlər? Onları niyə görə məhz bu sistemdə fəaliyyət göstərdikləri üçün tənqid etmək olmaz. Həmin şəxslər öz iradələrindən asılı olmayaraq, bu dövrdə və ya ondan əvvəl doğulublar, sovet sistemi şəraitində işləyiblər. O zaman başqa bir ideologiya və sistem mövcud deyildi. Onlar həmin quruluşu dəyişmək gücündə deyildilər. Bu, onların təqsiri deyil. Tarixçi araşdırmalıdır ki, onlardan hansıları sovet sistemi şəraitində xalqı üçün xeyirli işlər gördülər. Hansının hakimiyyəti illərində xalq daha az itkilər verdi, tərəqqi etdi.

Tarixçi onların fəaliyyətini təhlil etməli, nəyi və necə etdiklərini, konkret şəraitdə necə hərəkət etdiklərini öyrənməli, nəticələr çıxarmalı, gələcək liderlər üçün istifadəyə yararlı olan tarixi biliklər verməldir. Tarixçi tarixi şəxsiyyətləri ittiham etməməli, onlara divan tutmamalıdır. Tarixi tədqiqatın məqsədi heç də bu olmamalıdır.

Tarixçi bu və ya digər tarixi şəxsiyyəti sevməyə bilər. Bunu ona qadağan etmək olmaz və heç doğru da deyil. Amma ona hörmətlə yanaşmalıdır. Çünki istər çarizm, istər Cümhuriyyət, istər sovet, istərsə də müstəqillik dövrünün tarixi, dövlət xadimlərinin fəaliyyəti Azərbaycan tarixinin, deməli tədqiqatçının öz tarixinin tərkib hissəsidir. Tarixi şəxsiyyət tarixdə yerini artıq öz fəaliyyəti ilə müəyyənləşdirib. Hər hansı tarixçinin subyektiv qiymət verməsi onun artıq qazandığı rolu dəyişdirə bilmir. Yalnız haqqında fərqli fikirlər, bəzən də yanlış təsəvvür formalaşdırır.

Yuxarıda göstərilən bu və ya digər mülahizələr fikrimizcə, bəzi konkret işlərin həyata keçirilməsini zəruri edir. İlk növbədə tarix elminin faydalandığı elm sahələrinin-fəlsəfə, sosiologiya, iqtisadiyyat, antropologiya, arxeologiya, etnoqrafiya, mədəniyyət tarixi, tarixi coğrafiya və başqa fənlərin universitetlərin tarix fakültələrində dərindən, müasir tələblər baxımından tədris edilməsində fayda görürəm. Tarix və siyasi elmlər üzrə təhsil alan magistr və aspirantlara tarix fəlsəfəsinin, tarixi və siyasi tədqiqatların metodologiyasının mükəmməl öyrədilməsini əhəmiyyətli hesab edirəm. Tarix tədqiqatlarının metodologiyasına həsr edilmiş müzakirə və seminarların keçirilməsi faydalı olardı.

“525-ci qəzet”, 7, 14, 21, 28  fevral, 7 mart 2009-cu il.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009