ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1918-1920-ci illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1918-1920-ci illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

14 ferval 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə - Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar. Ümumrusiya Müəssislər Məclisinə seckilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seckilərdə uduzduqları üçün Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Belə olan halda Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi.

 

23 fevral 1918 - Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya - gürcü sosial-demokratlar (menşeviklər) 32, «Müsavat» partiyası 30, ermənilərin «Daşnaksütyun» partiyası 27 deputatla təmsil olunmuşdu. Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların «İttihad», «Hümmət», müsəlman sosialistlər qrupları (14 nəfər) yer almışdı. Azərbaycanlı deputat fraksiyasına (44 nəfər) «Müsavat»ın lideri Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi.

 

30-31 mart 1918 - Bakıda erməni-daşnak və bolşevik dəstləri azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. Şaumyanın (“Bakı Soveti”) tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər. Martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Erməni dəstələri bir çox tikililərə, «İsmailiyyə» binasına, Təzəpir məscidinə od vurmuşdular. Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib. Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

 

22 aprel 1918 - Zaqafaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı (44 nəfər) deputatların fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başşılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı.

 

25 aprel 1918 - Bakıda hakimiyyəti ələ almış Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilı düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi. “Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi. Bakı Kommunası Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı yaradılmışdı. Hər iki qurumda təmsil olunan ermənilər isə əslində əlbir fəaliyyət göstərirdilər.

 

22 may 1918 - SSRİ xalq artisti, görkəmli aktyor, rejissor, pedaqoq Mehdi Məmmədov (1918-1984) anadan olub. Milli Dram Teatrında 1946-cı ildən rejissor və aktyor kimi fəaliyyət göstərib. Mehdi Məmmədovun quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur.

 

26 may 1918 - Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan ediblər. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi.  

 

27 may 1918 - Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycan Milli Şurasını yaradıblar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərlik Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə («Müsavat»), müavini Əhməd bəy Ağayev, İcraiyyə Komitəsinin (hökumətin) sədri isə Fətəli xan Xoyski (bitərəf) seçilib.

 

28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrliyi ilə (Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Batumda Osmanlı ilə danışıqlarda idi) keçən iclasda iştirak edən 26 deputatın yekdil səsi ilə «İstiqlal Bəyannaməsi» qəbul olunub. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Hökumətdə «Müsavat» 3, müsəlman sosialistlər 2, «Hümmət» və «İttihad» hərəyə 1 yer almışdı, 2 nəfər bitərəf nazir (o cümlədən F.Xoyski) vardı. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi.

 

4 iyun 1918 - Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Azərbaycan Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb.

 

10 iyun 1918 – Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti”nin qoşunları Gəncə istiqamətində yürüşə başlayıb. Məqsəd Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflisdən Gəncəyə köçməsini əngəlləmək və şəhəri ələ keçirmək idi. Bu arada Nuru paşanın komandanlığı altında Gəncədə yerləşməyə başlayan türk (Osmanlı) ordu hissələri Cümhuriyyət hökumətinin şəhərə gəlişinə hazırlıq görürdü. 

 

16 iyun 1918 - Xalq Cümhuriyyətinin Milli Şurası və müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçüb. Türk ordu hissələri Xalq Cümhuriyyətinin hərbi dəstələrilə Qafqaz İslam Ordusu adı altında birləşdirilib və vahid komandanlıq Nuru paşaya həvalə edilib.

 

17 iyun 1918 - Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edib. Bu addım Nuru paşanın tövsiyəsi ilə Cümhuriyyətin əsaslarını möhkəmləndirmək, daşnak-bolşevik qüvvələri ilə mübarizədə çevik qərarlar qəbul etmək naminə atılmışdı. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa verib və onun rəhbərliyi ilə ikinci hökumət qurulub.

 

24 iyun 1918Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının (ikinci hökumət) qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib. 

 

26 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə («Qafqaz İslam Ordusu») Nuru paşanın komandanlığı altında «Bakı Kommunası»nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sülkeviç Baş Qərargah rəisi təyin edildilər. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.

 

27 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili Xalq Cümhuriyyəti ərazisində dövlət dili elan olunub.

 

11 iyul 1918 – Görkəmli şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin («Yeni məktəb», «Türk ədəbiyyatına ilk qədəm») hazırlanmasında iştirak edib. Uşaqlar üçün şeir və hekayələri xüsusilə məşhurluq qazanıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə düçar olaraq vəfat edib.

 

15 iyul 1918 – Azərbycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırilması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında da çoxsaylı materiallar toplamışdı. Həmin sənədlər əsasında Xalq Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart «Soyqırımı günü» elan edilib.

 

31 iyul 1918 – Daşnak-bolşevik «Bakı Soveti»də parçalanma baş verib. Erməni daşnaklar eser və menşeviklərlə birləşərək bolşevik hökumətini – Stepan Şumayanın başçılıq etdiyi Bakı Kommunasını (Bakı Xalq Komissarları Soveti) deviriblər. Daşnak-eser-menşeviklər Qafqaz Islam Ordusunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarının köməyə çağırılmasını istəyirdi, bolşevik Rusiyasının planlarını yerinə yetirən Şaumyanın komandası isə buna qarşı idi.

 

1 iyul 1918 – Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi və Fəhlə-əsgər deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb. “Bakı Kommunası”nın süqutundan sonra yaranan qurum da bolşeviklər kimi eyni məqsədi - Xalq Cümhuriyyəti hökumətinin Bakıya gəlişinin qarşısını almağı güdürdü. Lakin onlar buna müyyəsər olmadlar. İngilislərin Bakıya çağırılması da işə yaramadı. 

 

4 avqust 1918 – General Denstervilin komandanlıq ediyi ingilis hərbi qüvvələrinin ilk dəstəsi Bakıya gəlib. Bakıda hakimiyyəti ələ almış eser-menşevik və daşnak «Sentrokaspi diktaturası» Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Qafqaz İslam Ordusunun Bakıya hücumunun qarşısını almaq üçün İrandakı ingilis qoşunlarını köməyə çağırmışdı. Ənzəli limanından yola çıxan ingilis desantının əsas hissəsi avqustun 9-17-də Bakı Bakı limanına yan aldı.

 

15 sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını "Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk etmişdi. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. 

 

17 sentyabr 1918Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin «Bakı Kommunası»nın və eser-menşevik-daşnak «Sentrokaspi» hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

 

20 sentyabr 1918 – Türkmənistanın Xəzər sahilindəki Krasnovodsk (indiki Türkmənbaşı) şəhəri yaxınlığındakı Ağcaqum çölündə "26 Bakı komissarları" güllələnib. Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası” süqut edəndən (31 iyul) sonra onun üzvləri “Sentrokaspi” hökuməti tərəfindən həbs edilmiş, Qafqaz İslam Ordusunun şəhərə hücumu zamanı isə Krasnovodska qacmışdılar. Orada «26-lar» ingilislərin nəzarətində olan yerli eser hökuməti tərəfindən tutulmuş və Bakını əldən verməkdə ittiham olunaraq güllələnmişdilər. "26-lar" sovet tarixində müsbət ideoloji retuşda təqdim olunurdu, Bakıda onların xatirəsinə abidə qurulmuşdu. Sovetlər dağılandan sonra "Bakı Kommunası”nın gerçək tarixi, Azərbaycan xalqına qarşı cinayətləri uzə çıxdı.

 

9 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli (mavi, qırmızı, yaşıl) dövlət bayrağının qəbul olunması barədə qərar çıxarıb. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra üçrəngli bayraq qırmızı sovet bayrağı ilə əvəzləndi. Ölkəmiz müstəqilliyini bərpa edəndən (1991) sonra Xalq Cümhuriyyətin bayrağı Azərbaycanın dövlət rəmzi kimi qəbul olundu.

 

16 noyabr 1918 – Osmanlı dövləti ilə I Dünya meharibəsinin qəlibləri olan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) arasında bağlanmış Mudros sazişinə (30 oktyabr 1918) əsasən, türk qoşunları Bakını tərk edib. Noyabrın 17-də isə Bakıya general V.Tomsonun komandanlığı altında ingilis hərbi kontingenti daxil oldu. Bakıya 5 min ingilis hərbçisi gəlmişdi. İngilis hərbi kontingenti 1919-cu ilin avqustunadək Bakıda qaldı.

 

16 noyabr 1918 - Xalq Cümühriyyətinin müvəqqəti parlamenti - Milli Şura beş aylıq fasilədən sonra yenidən toplanaraq yeni parlamentin təşkili barədə qərar qəbul edib. Seçki qanunun hazırlanması üçün Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadənin sədrliyi ilə komissiya yaradılıb.

 

19 noyabr 1918 - Azərbaycan Milli Şurasının Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli parlamentinin (Müəssislər Məclisi) çağrılması barədə qərar qəbul edilib. Yeni parlamentin 120 deputatdan ibarət olması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer erməni əhalisinə, 10 yer ruslara, 4 yer milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb. Qərara əsasən, müsəlman fraksiyasının 44 nəfərini Milli Şuranın üzvləri təşkil etməli, 36 deputat əlavə olaraq şəhər və qəzalardan seçilməli idi. Parlament Azərbaycan əhalisinin (2,7 mln. nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə olmaqla formalaşmalı idi.

 

7 dekabr 1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb. «Müsavat» fraksiyasının (lideri M.Rəsulzadə) təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. İclasda müvəqqəti Nazirlər Şurasının istefası qəbul edilib və yeni (üçüncü) hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb. Parlament ölkə əhalisinin 24 min nəfərinə 1 deputat olmaqla formalaşmışdı.  Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi. Parlamentdə 120 deputat, 11 fraksiya vardı. 17 ay müddətində 145 iclas keçirilmiş, 230-dək qanun qəbul olunmuşdu.

 

26 dekabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Fətəli xan Xoyskinin rəhbərliyi ilə qurulan 3-cü hökumət kabinetini təsdiqləyib. Yeni koalisyon hökumətdə 14 nəfər nazir yer almışdı. Onların arasında 3 rus nazir də vardı. Cümhuriyyət rəhbərliyi bununla həm rusları parlamentdə iştiraka (10 yer) təşviq etmək, həm də demokratik əsaslı hökumətlə Bakıdakı ingilis komandanlığının dəstəyini qazanmaq niyyəti güdürdü.

 

28 dekabr 1918 - Bakıda ingilis hərbi qüvvələrinin komandanı general V.Tomson F.Xoyskinin rəhbərlik etdiyi hökuməti Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan edib.

 

25 fevral 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb. Ayyarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.

 

14 aprel 1919 – Nəsib bəy Usubbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib. Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə «Müsavat»la yanaşı, «Əhrar», sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir («Daşnaksütyun») də yer almışdı. 

 

25 aprel 1919 - Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni «Muğan Sovet Respublikası» elan ediblər.

 

8 may 1919 – Tanınmış bəstəkar və pedaqoq Soltan Hacıbəyov (1919-1974) Şuşada anadan olmuşdur. Vətənpərvərlik mövzusunda simfonik əsərlərin müallifi kimi tanınıb, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

 

11 iyun 1919 - Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsi yaradılıb. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində baş qaldıran qiyamlar (Muğan-Lənkəran bölgəsində bolşeviklər tərəfindən təşviq edilən rusların (molokanların) qiyamı, Qarabağ, Naxçıvan və Zəngəzurda ermənilərin Xalq Cümhuriyyəti əleyhinə silahlı çıxışları) hökuməti bu addıma məcbur etmişdi.

 

14 iyun 1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.

 

16 iyun 1919 - Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başladı. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir-birinə dəstək verməli idilər. Lakin 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi.

 

25 iyul 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muqan-Lənkəran bölgəsindəki üsyanı yatırıblar. 1919-cu ilin mayında bölgədəki rus əhalisi (çar Rusiyası dövründə buraya köçürülmüş molokanlar) bolşeviklərin təşviqi ilə üsyan qaldırmış və burada “Muqan Sovet Respublikası” adlı qondarma qurumun yarandığını elan etmişdilər.

 

18 avqust 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust fərmanı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları Günü kimi qeyd olunur.

 

1 sentyabr 1919 – Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Xalq Cümhuriyyətinin parlamenti həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi. Noyabrın 15-də Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb.

 

23 noyabr 1919 - Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin sahmanlanması ilə bağlı müvəqqəti saziş imzalanıb. ABŞ diplomatlarının vasitəçiliyi ilə Tiflisdə imzalanan sənədə görə, tərəflər arasında mübahisəli məsələlər Ermənistan-Azərbaycan konfransında həllini tapmalı idi.

 

14-21 dekabr 1919 - Bakıda Azərbaycan-Ermənistan konfransı işə başlayıb. Konfrans nəticəsiz bitdi, Zəngəzur daxil olmaqla heç bir məsələdə razılıq əldə olunmadı.

 

22 dekabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu, 5-ci hökumət kabineti parlamentdə təsdiqlənib. 1919-cu il sentyabrın 13-də baş nazir Nəsib bəy Yusifbəyli hökumətin sədri vəzifəsindən istefa vermişdi. Cümhuriyyətin yeni hökuməti də  N.Yusifbəylinin baş nazirliyi ilə təşkil olundu.

 

11 yanvar 1920 – I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu. Paris sülh konfransının rəsmi qərarın yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə rəsmən təqdim olundu.

 

Yanvar 1920 - RSFSR-in xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən general Denikinə qarşı müharibəyə qoşulmaq tələbi ilə Bakıya iki nota göndərib. Azərbaycan bolşevik Rusiyasının tələbini rədd etdi.

 

11-12 fevral 1920 - Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranıb. Partiyanın təsis qurultayında qəbul olunan proqramda Xalq Cümhuriyyəti hökumətini yıxmaq üçün silahlı üsyan xətti irəli sürülüb. Bolşevik Rusiyasının siyasətini həyata keçirən AK(b)P-nin rəhbəri isə Azərbaycan xalqının qatı düşməni, erməni millətçisi Anastas Mikoyan idi.

 

7 mart 1920 - Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanı Bakıya göndərib.

 

17 mart 1920 - Bolşevik Rusiyasının rəhbəri Lenin Bakını işğal etmək barədə Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına teleqram göndərib. İnqilab Şurasının üzvləri Smilqa və Orcenikidzeyə göndərilən teleqramda deyilirdi: “Bakını zəbt etmək bizə olduqca zəruridir, bütün səylərinizi buna verin”. 

 

20 mart 1920Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında «Sülh və dostluq haqqında» müqavilə imzalanıb. Müqaviləyə əsasən, İran Azərbaycanın istiqlalını və Xalq Cümhuriyyətini rəsmən tanımış oldu.

 

21 mart 1920 - Qarabağda və Gəncəbasarda erməni silahlılarının Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Cümhuriyyət hökuməti həmin bölgələrə əlavə qüvvələr göndərib. Paytaxt faktiki müdafiəsiz qalmışdı və bu, XI rus ordusunun Bakıya maneəsiz daxil olmasına imkan verdi.

 

30 mart 1920 – Azərbaycan Xalq Cümhuriyyətində növbəti hökumət böhranı yaranıb. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət kabineti istefa verib. Yeni hökuməti qurmaq isə artıq mümkün olmadı. Hökuməti qurmaq tapşırılmış Məmmədhəsən Hacınski (beşinci hökumətdə daxili işlər naziri) bolşeviklərlə (Azərbaycan Kommunist Partiyası) əməkdaşlığın tərəfdarı idi. Aprelin ortalarında Hacınski «Müsavat» partiyasından istefa verərək Azərbaycan K(b)P-yə daxil oldu. Aprelin 15-də hökuməti tərk etmiş “İttihad” və sosialistlərin ardınca “Əhrar” partiyası da koalisiyadan çıxıb.

27 aprel 1920 - Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları rus ordusuna müqavimət göstərə bilmədi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.

 

28 aprel 1920 - Azərbaycanda sovet hakimiyyətinin qurulduğu, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilib. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan AK(b)P MK-ya məxsus idi. 

 

 

17 mart 1918 - Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutublar, mindən çox müsəlman-türk qətlə yetirilib.

 

9 avqust 1919 – Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan tam asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib.

Razılaşma Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında xalq hərəkatını alovlandırıb. Təbrizdə ingilis hökmranlığına qarşı çıxışlar başlanıb, İran şahının valisi şəhərdən qovulub. Bundan sonra əhalinin tələbi ilə ingilis hərbi birləşmələri də Təbrizdən çıxarılıb.

İngilislərlə İran arasındakı saziş, Cənubi Azərbaycandan fərqli olaraq, Şimali Azərbaycan üçün müsbət cəhətə malik idi. Sənəddə İran tərəfi Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hər hansı ərazi iddiası olmadığını bildirmişdi.

 

7 aprel 1920Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbrizdə üsyan başlanıb. Bu, 1905-1911-ci illər inqilabından sonra İranda yaşayan azərbaycanlıların ikinci milli azadlıq hərəkatı idi. Təbriz üsyanı qan tökülmədən qalib gəldi, Tehrandan göndərilmiş silahlı qüvvələr hədisələrə müdaxilə etməyə cəsarət göstərmədilər. 

Həmin gün Xiyabani Təbriz əhalisi qarşısındakı çıxışında dеdi: "Bu gün dünya camaatına rəsmən bildiririk ki, biz Vüsuqüddövlə və ingilis talançı sazişini bağlamış hökumət əlеyhinə üsyan еtmişik".

 

24 iyun 1920 – Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Xalq qarşısında çıxış edən Xiyabani Cənubi Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. 

Təbrizdə Cənubi Azərbaycan Milli Hökumətinin fəaliyyətə başlaması ümumxalq bayramına çevrilib. Milli Hökumətin qərarı ilə mərkəzdən göndərilmiş bütün dövlət məmurları, İran valisi də daxil olmaqla, Təbrizdən çıxarılıblar.

Şеyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli hökumət vəliəhdlərin iqamətgahı olan Alaqapıda fəaliyyətə başladı. Qocalmış və Tеhrandan pul tələb еtməkdən başqa bir şеyə yaramayan vali Еynuddövlə oğlu Şəmsülmülkü də götürüb Təbrizdən çıxdı. Şеyxin dеmokratik islahatları onun mövqеyini daha da möhkəmləndirdi.

Milli hökumət Azərbaycanın bütün şəhərlərinə öz adamlarını göndərdi. Öz hərbi qüvvələrini formalaşdırdı. Maarif, mədəniyyət, səhiyyə, ədliyyə, vəqf, hərbi və s. sahələrlə bağlı nazirliklər yaradılmışdı.

Lakin Şеyx milli haqlara və dеmokratiyaya İran daxilində qovuşmaq istəyirdi. Təbrizə İrana nicat vеrəcək qüvvə kimi baxırdı. Şеyxin müstəqillik anlayışı İran daxilində muxtariyyatdan qabağa gеtməmişdi.

Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi. Milli Hökumət müstəqil demokratik respublika funksiyasını yerinə yetirirdi. Bununla belə, Cənubi Azərbaycan türklərinin tamamilə müstəqil yaşamaq əzminə rəğmən, Milli Hökumət bütün İranın demokratikləşdirilməsi və ölkədə konstitusiyalı quruluş yaradılması, başqa sözlə, Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Lakin Milli Hökumətin ömrü bir neçə ay oldu.

 

14 sentyabr 1920 – Cənubi Azərbaycan Milli Hökumətinin rəhbəri Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetidilib. Şah rejimi bir tərəfdən Xiyabani ilə danışıqlar aparır, ona müxtəlif vədlər verir, digər tərəfdən, Təbrizə hücum planı hazırlayırdı. 1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücuma başladılar. Şəhər üsyançıları iki gün qəhrəmancasına müqavimət göstərdilər. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Cənubi Azərbaycan türkləriin istiqlal mübarizəsinin daha bir səhifəsi faciəli şəkildə sona çatdı.

* * *

1920-ci il sеntyabrın 11-də İran qüvvələri gizli şəkildə rus kazak başçıları ilə görüşüb Təbrizin tutulma planını müzakirə еtdi. 12 sеntyabrda sübh çağı kazaklar Təbrizə qəflətən hücum еdib Alaqapını tutdular. Bu zaman milli hökumətin qüvvələri təxribat nəticəsində şəhərdən çıxarılmış, Şеyxin ətrafında çox az adam qalmışdı.

Xiyabani iki gеcə Şеyx Həsən xanın еvində qaldı. Şеyx Həsən xanın İran qüvvələrindən can təhlükəsizliyi istəmək təklifinə cavab olaraq o dеdi: "Mən ölməyi təslim olmaqdan üstün tuturam. Düşmənlərin qarşısında diz çökmərəm. Mən məşrutiyyət dövrünün uşağıyam. Ərəb xilafətinə baş əyməyən Babək Xürrəminin sülaləsindənəm".

 

Sеntyabrın 14-də günortadan sonra kazaklar onun gizləndiyi yеri tapıb Şеyxə atəş açdılar. Onu qan içində küçənin ortasına atıb döyməyə başladılar, qolunu sındırdılar və Şеyx canını tapşırdı. Öz nitqləri ilə, əməlləri ilə bütün Azərbaycanı təlatümə gətirən dеmokratiya işığı söndürüləndə Şеyx ömrünün qırxıncı payızını hələ yaşamamışdı.

(Mənbə: Cəmil Həsənli. Günеy Azərbaycan:Tеhran - Bakı - Moskva arasında (1939-1945). Bakı, «Diplomat» nəşriyyatı, 1998.  səh.36)

 

Geri ►Xronoqraf: 1813-2013

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009