ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



O taylı-bu taylı tariximiz: 1813-2013: xronoqraf > 1906-1911-ci illər

O taylı - bu taylı tariximiz

Xronoqraf

1906-1911-ci illər

Şimali Azərbaycan

Cənubi Azərbaycan

15 yanvar 1906 - Sankt-Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı (15-23 yanvar) işə başlayıb. Qurultayda Rusiya Müsəlman İttifaqının («İttifaqi-müslimin», 1905-ci ilin avqustunda Ümumrusiya müsəlmanlarının qurultayında təsis olunmuşdu) birinci Dövlət Dumasına seçkilərlə baglı taktikası müzakirə edilib, yeni proqram qəbul olunub.

 

7 aprel 1906 – Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamışdı. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.

 

16 aprel 1906 - "Dəbistan" maarifçi jurnalı Bakıda nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.

 

27 aprel 1906 - Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti - I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdi. 448 nəfərlik Dumada 36 müsəlman deputat vardı və müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi.

 

1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcədən «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər.

 

7 yanvar 1907 – Azərbaycanın tanınmış qeoloqu, akademik Mirəli Qaşqay (1907-1977) Cəncədə anadan olmuşdur. Görkəmli alim bütün ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir. M.Qaşqayın "Azərbaycan əsasi və ultrasəsi süxurları", "Azərbaycan mineral suları", “Daşkəsənin petrologiyası və metallogeniyası", "Alunitlər, onların genezisi və istifadəsi" və s. fundamental əsərləri dünya elminə qiymətli töhfədir. 1977-ci il aprelin 23-də Bakıda vəfat etmişdir.

 

20 fevral 1907 - Çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı.

 

12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının və bir çox mahnıların mahnıların ( "Oxu, tar","Qurban adına", “Həkim qız","Oxu, gözəl" və s.) müəllifidir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.

 

16 may 1907 – Azərbaycan tanınmış pediatrı və səhiyyə təşkilatçısı, professor Kubra Fərəcova (1907-1988) anadan olmuşdur. Azərbaycan SSR xalq səhiyyə komissarının müavini, səhiyyə naziri, respublika Ali Soveti Rəyasət Heyətinin katibi olub.

 

19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.

 

1 noyabr 1907 – Rusiyası imperiyasının parlamentinin yeni heyəti - III Dövlət Duması fəaliyyətə başlayıb. III Dövlət Dumasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi. Öncəki iki Dumadan (1905-1906) fərqli olaraq, III Dövlət Duması beşillik səlahiyyət müddətini sonadək (iyun 1912) işlədi.

 

15 dekabr 1907 - Görkəmli torpaqşünas alim, akademik Həsən Əliyev (1907-1993) anadan olmuşdur.

 

22 yanvar 1908 – Məşhur fizik, Nobel mükafatı laureatı Lev Davıdoviç Landau (1908-1968) Bakıda anadan olub. Landau 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elə həmin il ağır avtomobil qəzasına düşüb və səhhətinin pisləşməsi üzündən bir daha elmi yaradıcılığa qayıda bilməyib. 1968-ci il aprelin 1-də Moskvada vəfat edib.

 

5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşviq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. Stalin repressiyasının qurbanı olub. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.

 

1 iyul 1909 – Tanınmış kimyaçı alim, akademik Rüstəm İsmayılov (1909-1972) anadan olub. Rüstəm İsmayılov neft kimyası və neft emalı texnologiyasına aid mühüm tədqiqatların müəllifidir. Azərbaycanın neftayırma sənayesində termik krekinq texnologiyasının əsaslı surətdə təkmilləşdirilməsində R.İsmayılovun xidməti böyükdür. O, Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Rüstəm İsmayılov 1967-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1972-ci il iyunun 1-də Bakıda vəfat etmişdir.

 

22 yanvar 1910 – Iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov (1910-1945) Lənkəranda anadan olub. 1942-ci ilin dekabrında Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri polkovnik H.Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1945-ci il yanvarın 24-də general-mayor Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1991-ci ildə SSRİ Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə H.Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

 

25 fevral 1910 – Akademik İmam Mustafayev (1910-1997) Qax rayonunda anadan olub. İmam Mustafayev sovet Azərbaycanın rəhbərlərindən biri, 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olub. Azərbaycanda aqrar elmin (taxılçılıq) inkişafında, elmi kadrların hazırlanmasında xidmətlər göstərib.

 

5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

 

19 may 1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes) və s. Rus (A.Puşkin, N.Nekrasov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

 

15 dekabr 1910 - Tanınmış geoloq, akademik Şəfayət Mehdiyev (1910 - 1993) anadan olub.

 

14 yanvar 1911 – Görkəmli riyaziyyatçı alim Zahid İsmayıl oğlu Xəlilov (1911-1974) Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olub. 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Azərbaycan Elmlər Akademiyasının prezidenti (1962-1967) olub.

 

25 dekabr 1911 - Tanınmış hərbi xadim, general-mayor Teymur Bünyadov (1911-1974) anadan olub.  

 

İranda Məşrutə inqilabı (1906-1911) və Cənubi Azərbaycan

5 avqust 1906 – İranın Qacarlar sülaləsindən olan hökmdarı Müzəfərəddin şah ölkədə başlanan inqilab dağlasını və monarxiya əleyhinə kütləvi çıxışları səngitmək üçün Konstitusiyanın hazırlanması barədə fərman verib. Konstitusiyanın (Məşrutə) qəbulu İranda inqilabın əsas tələblərindən idi.

 

1906-cı il sentyabrın 9-da şah Şura Məclisinin təsis edilməsi haqqında fərman imzaladı. Tezliklə bütün əyalət və vilayətlərdə məclisə nümayəndələrin seçilməsi başladı.

1906 – Yazıçı Gəncəli Yunis oğlu Səbahi (1906-1990) Mərənd yaxınlığında Miyad kəndində anadan olmuşdur. 7 yaşında ailəsi Şimali Azərbaycana köçüb. Orta məktəbi Gəncədə bitirib, 1932-ci ildə ADU-nun dil və ədəbiyyat fakültəsini başa vuraraq orta məktəbdə işləyib. Gənclik illərindən şeirlər yazıb, sonralar nasir və tənqidçi kimi məşhurlaşıb. 1946-cı ildə Cənubi Azərbaycana qayıdıb, yeni təsis edilmiş Təbriz Universitetində Azərbaycan dilinin tədris edib. Milli hökumət devriləndən sonra doqquz ay zindanda, iki il Bəndərabad və Loristanda sürgündə qaldıqdan Təbrizə qayıdıb.

1961-ci ildən bəri «Dostlar görüşür» adı ilə təşkil olunmuş ədəbi məclislərdə iştirak etmişdir. Onun «Şeyrimiz zamanla ayaqlaşır» kitabı həm Cənubi, həm də Şimali Azərbaycanda yaranan müasir şeirimizin inkişaf yollarını və bədii keyfiyyətləri dərindən işıqlandıran qiymətli elmi-tənqidi bir əsərdir. «Varlıq» və « Yoldaş» jurnallarında ədəbi və tənqidi məqalələr çap etdirir. 1990-cı ilin sentyabrın 6-da Tehranda dünyasını dəyişib. Ölümündən sonra “Ötən günlər” xatirə-pоvеsti çap olunub.

 

30 dekabr 1906 - İran hökmdarı Müzəfərəddin şah Konstitusiyanın qüvvəyə minməsi barədə fərman verib. Fərmanın verilməsi ilə İran konstitusiyalı monarxiyaya çevrilib. Şah ölkədə inqilab dağlasını səngitmək üçün Konstitusiyanın qəbuluna razılıq vermişdi. Bu, İran inqilabının ilk mühüm uğuru idi.

 

 

Tehranda yaradılan «Milli məclis»ə paralel olaraq Təbrizdə «Azərbaycan milli məclisi» quruldu. Lakin 1907-ci ilin əvvəlində taxta çıxan Məhəmmədəli şah atasının imzaladığı konstitusiyanı tanımaq istəmirdi. Bu xəbər Təbrizdə hərəkatın genişlənməsinə təkan verdi.

 

8 fevral 1907Təbrizdə “Gizli Mərkəz”in başçılığı ilə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttar xanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.

Təbriz şəhərində real hakimiyyət əyalət şurasının əlinə keçdi. İran inqilabının taleyi bu şəhərdə həll olunmağa başlamışdı.

 

1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak hərbi dəstəsi Məşrutəyə zərbə endirmək məqsədi ilə Məclisin və paytaxtdakı Azərbaycan Şurasının binalarını top atəşinə tutdu. Mərkəzi hökumət Azərbaycana ordu göndərsə də, xalq tərəfindən müqavimətə rast gəldi.

Bundan sonra Təbriz 11 ay mühasirədə qalmışdı. Xalq aclıq və bir çox başqa çətinliklərlə üzləşsə də, təslim olmamışdı. Təbriz İran məşrutə inqilabının mərkəzinə çevrilmişdi. Şah qüvvələri üzərində qələbənin qazanılmasında böyük xidmətləri olan Səttar xanBağır xanı xalq məhəbbətlə «Sərdare-milli» və «Salare-milli» (milli sərkərdə) adlandırmışdı.

 

Məşrutə inqilabı Cənubi Azərbaycanda mətbuatın inkişafına da təkan verdi. İnqilab dalğası bir çox qəzetlərin nəşrinə təkan verdi. 1906-cı ildə Təbrizdə «İttahad», «Azad», «Dəbistan», «Əcnümən», «Azərbaycan», 1907-ci ildə «Hərfehəqq», «Mücahid», 1908-ci ildə «İttihad» (II), «Həşərətül-ərz»,  “Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət», 1909-cu ildə «İstiqlal», «Buqələmun», 1910-cu ildə «Təbriz», «Şəfəq», 1911-ci ildə «Səadət» qəzetləri nəşrə başladı. Bu illərdə Urmiyə şəhərində «Fərvərdin» (1911) və «Fəryad» (1907) qəzetləri, Həmədanda «Ülfət» (1907), Kəmaliyyə (1910), «Səadət» (1907), Ərdəbildə «Bərge-səbz» (1908) qəzeti, «Şəfəq» (1911), «Mükafat» (1909) qəzetləri nəşr olunurdu.

 

«Əncümən» qəzeti Təbrizdə Məşrutə inqilabı zamanı nəşrə başlayan (19 oktyabr 1906) ilk mətbu orqanı idi. Məşrutə qanunu elan edildikdən sonra işıq üzü görən qəzet əvvəlcə «Ruznaməyi-milli» («Milli qəzet»), sonra «Cəridəyi-milli» adı ilə çıxdı. Daha sonra «Azərbaycan əyalət əncüməni»nin rəsmi orqanı kimi «Əncümən» adı ilə yayıldı. Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə çapa başlayan qəzet ilk illərdə həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə həftədə 3 dəfə çap olunub. Nəşri 1911-ci ilədək davam etmişdir.

 

23 iyun 1908 – Tehranda əksinqilabi çevriliş olub, Konstitusiya tərəfdarlarına divan tutulub. Tehrandakı əskinqilabi çevrilişdən sonra inqilabın ikinci mərhələsi başlandı və fəal proseslər Tehrandan Təbrizə, Cənubi Azərbaycana keçdi. Tezliklə Səttarxanın başçılıq etdiyi fədailər dəstəsi Təbrizi ələ keçirərək onu İran inqilabının mərkəzi elan etdilər.

 

18 iyul 1908 – Səttarxanın başçılıq etdiyi inqilab (Məşrutə-Konstitusiya inqilabı) Təbrizdə qələbə çalıb. Səttarxanın fədailər dəstəsi şəhəri “ağ bayraqlar”dan təmizləyib, Təbriz İran inqilabının mərkəzinə çevrilib. Bir qədər sonra, 1909-cu ildə Cənubi Azərbaycanda demokratik hakimiyyət orqanları qurulmağa başlandı. 1910-cu ilin martında Səttərxanın fədailəri Tehrana yürüşə başladılar, lakin İran monarxiyasının çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut etdi. Təbrizə daxil olan Rusiya qoşunları inqilabçılara divan tutdular.

 

19 mart 1910 – Səttarxanın rəhbərliyi ilə İranda şah rejiminə qarşı başlanan inqilab Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra Tehrana doğru yürüş başlanıb. Səttarxan və Bağırxanın başçılıq etdiyi fədai dəstələri Təbrizdən Tehrana yola düşüblər. Lakin şah rejiminin çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut (1911) etdi. Təbrizə daxil olan Rusiya qoşunları inqilabçılara divan tutdular.

 

28 oktyabr 1911 - Görkəmli yazıçı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (1911-1993) Cənubi Azərbaycanın Sərab kəndində doğulub. «Gələcək gün», «Böyük dayaq» romanları, povest və hekayələr, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) olub. SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinə, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.

 

Geri ►Xronoqraf: 1813-2013

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009