ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Effektiv Təşəbbüslər Mərkəzi > Məqalələr > 2008

* * *

1. Davamlı inkişaf: nəzəriyyədən nəticəyə     

Regional inkişaf proqramının uğurlu icrası Azərbaycanın uzunmüddətli sosial-iqtisadi prioritetlərini təmin edir

(«525-ci qəzet», 21.02.2008) 

«Hər bir adamın əməlləri onun gördüyü işlərdə öz əksini tapır. Söz demək, vəd vermək olar. Amma əgər bunların arxasında konkret işlər dayanmırsa, heç bir əhəmiyyəti yoxdur. Ona görə mən həmişə demişəm, bir də demək istəyirəm ki, bizim siyasətimiz bizim işimizdir» - İlham Əliyevin bu sözlərini onun prezidentlik fəaliyyətinin bütün sahələrinə şamil etmək olar. Lakin, zənnimizcə, bu fikrin ən praktik ifadəsini Azərbaycanın sosial-iqtisadi inkişaf mənzərəsində, ələlxüsus da regional inkişaf müstəvisində görmək mümkündür.

Azərbaycanın yeni inkişaf mərhələsinin ən əhatəli fəaliyyət strategiyasını əks etdirən «Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»nın dördüncü ilinə yekun vuruldu. İndiyədək bu proqramın məqsəd və vəzifələri, icra vəziyyəti və perspektivləri ən müxtəlif səviyyələrdə, fərqli rakurslardan nəzərdən keçirilib. Sözsüz ki, proqrama daha əhatəli qiymət onun icrası tam yekunlaşdıqdan sonra veriləcək. Azərbaycanın növbəti mərhələ üzrə sosial-iqtisadi inkişafı da bu nəticələrin üzərində qurulacaq.

Bununla belə, 5 ilə nəzərdə tutulan proqramın artıq 4 ildə əsasən icra olunduğunu nəzərə alsaq, bir sıra məqamları qeyd etmək mümkündür. Söhbət, ilk növbədə, proqramın nəzəri əsaslarının, proqnoz hədəflərinin praktikda necə əks olunmasından gedir. Məlum olduğu kimi, regional inkişaf proqramı İlham Əliyevin 2003-cü ilin prezident seçkiləri kampaniyasında bəyan etdiyi tezislərin əsasında tərtib olunmuşdur.

Azərbaycanın gələcək sosial-iqtisadi inkişaf kursunun vacib istiqamətlərini ehtiva edən həmin tezisləri belə sıralamaq olardı: neft strategiyasının həyata keçirilməsi və bu zəmin üzərində iqtisadiyyatın qeyri-neft sektoruna təkan verilməsi, regionların ahəngdar inkişafının təmin olunması, sahibkarlıq və özəl biznesin fəaliyyətinin təşviq edilməsi, işsizliyin və yoxsulluğun tədricən aradan qaldırılması, ölkədə köklü sosial islahatların başlanması. Qeyd etmək lazımdır ki, bu istiqamətlərdə öncəki illərdə xeyli iş görülmüş, 1996-cı ildən başlanan sabit iqtisadi inkişaf bir sıra proqramların (torpaq islahatı, özəlləşdirmənin birinci mərhələsi) icrası ilə müşayiət olunmuşdu. Azərbaycanın 2004-cü ildən sonra başlanan sürətli iqtisadi inkişafı və neft gəlirləri bu istiqamətdə daha geniş perspektivlər açırdı.

Regional inkişaf proqramının qəbulu məhz bu perspektivlərə hesablanmışdı. Çünki 2004-cü ilədək Azərbaycanın ümumi iqtisadi inkişafında (özəlliklə neft-qaz sahəsində) böyük uğurlar əldə olunsa da, regionlar bu inkişaf tempindən geri qalmışdı. Ölkənin sənaye potensialının, əsas infrastruktur obyektlərinin Bakıda cəmləşməsi, regionlardakı istehsal və xidmət obyektlərinin fəaliyyətinin zəifləməsi əhalinin paytaxta axınını sürətləndirmişdi. Əyalətlərlə paytaxt arasındakı fərq sosial sahədə - səhiyyə, təhsil, kommunal xidmətlər, əhalinin gəlirlərində də aşkar nəzərə çarpırdı.

Odur ki, regionların inkişaf proqramı ölkənin ahəngdar sosial-iqtisadi tərəqqisini təmin etməklə yanaşı, bölgələrdə işsizlik probleminin həllinə əsaslı töhfə verməli idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, proqramın əsas uğurlarından biri məhz bu sahədə əldə olunan nəticələrdir: «2003-cü ildə biz bəyan etmişdik ki, Azərbaycanda yoxsulluğun və işsizliyin aradan qaldırılması üçün 5 il ərzində 600 min yeni iş yeri açılmalıdır. Artıq dörd il ərzində 650 min yeni iş yeri açılmışdır ki, onlardan 480 mini daimi iş yerləridir. Bu o deməkdir ki, insanlar işlə təmin olunur, yerli istehsal güclənir. Yerli istehsalın güclənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edir».

Əlamətdar faktdır ki, ötən müddətdə ölkədə açılan iş yerlərinin 80 faizdən çoxu regionları əhatə edir. Digər tərəfdən, yeni iş yerlərinin 85 faizi qeyri-dövlət sektorunda, o cümlədən 13-14 faizi kənd təsərrüfatında, 10 faizə qədəri emal sənayesində, 9 faizi tikinti sahəsində yaradılıb. Məhz bunun nəticəsidir ki, ötən dörd ildə Azərbaycanda iqtisadiyyatın (ümumi daxili məhsul - ÜDM) yüksək artım tempinə (2 dəfədən çox) müvafiq olaraq qeyri-neft sektoru da sürətli inkişaf müstəvisinə çıxıb və 2004-2007-ci illərdə bu sahədə artım 90 faiz təşkil edib. Təkcə 2007-ci ildə ölkədə 300-dən çox emal sahəsi, 800-dən çox tikinti müəssisəsi, 600-ə yaxın kənd təsərrüfatı müəssisəsi, 1700-dən çox ticarət və xidmət müəssisəsi açılıb ki, onların da təxminən yarısı regionların payına düşür.
Digər tərəfdən, prezident İlham Əliyev bir fikri daima nəzərə çatdırır ki, ölkədə aparılan iqtisadi siyasətin, bu sahədə icra olunan proqramların son məqsədi yüksək statistik göstəricilər deyil, mövcud iqtisadi artımın əhalinin gündəlik həyatında, rifahında öz əksini tapmasıdır. Ötən müddətdə büdcə vəsaitlərinin sürətli artımı, ölkə üzrə yoxsulluq səviyyəsinin ciddi şəkildə azalması buna sübutdur.
2003-cü ildə 1,2 milyard dollar olan dövlət büdcəsi 2008-ci ildə 10 milyard dollardan çoxdur. 2003-cü ilədək Azərbaycanın büdcəsi 12-15 faiz artırdısa, 2004-cü ildən etibarən bu artım ildə 40-70 faiz təşkil edib.

Düzdür, hələlik ölkədə pensiya və minimum əməkhaqqının səviyyəsi əhalinin güzəranını tam təmin etmək imkanında deyil və bunu İlham Əliyev öz çıxışlarında diqqətə çatdırır. Eyni zamanda, ötən müddətdə ölkə başçısının sosial sahədə qəbul etdiyi qərarların mühüm qismi bu istiqamətə yönəlib. O cümlədən minimal pensiya və əməkhaqqı 2003-cü ilin sonundakı 12 manatdan 2008-ci ilin əvvəli üçün 60 manata çatıb. Bu gün ölkədə 80 mindən çox ailə dövlətin ayırdığı ünvanlı sosial yardımla əhatə olunub və bu, hər ailə üçün ayda 80-85 manat (100 dollar) təşkil edir.

Sosial sahədə atılan bu və digər addımların nəticəsində 2003-cü ildə ölkə üzrə 49 faiz təşkil edən yoxsulluq səviyyəsi üç dəfə azalaraq 2008-ci ilin yanvarında 16 faizə enib. Sözsüz ki, aparılan uğurlu iqtisadi siyasət irəlidəki illərdə sosial problemlərin daha sürətli həllinə təkan verəcək. Onu da qeyd edək ki, regional inkişaf proqramının hədəfləri sırasında 2004-2008-ci illərdə ölkə üzrə orta aylıq əmək haqqının 3 dəfə artırılması nəzərdə tutulurdu. Mövcud büdcə proqnozları bu hədəfin reallaşmasına əsas verir. 2004-cü ilin əvvəlində 80 manat həcmində olan orta əməkhaqqının 2008-ci il ərzində 230-240 manata  çatması gözlənilir.

Regional inkişaf proqramının digər proqnozlarından biri 2008-ci ildə ÜDM-in adambaşına düşən həcmini 3000 dollara çatdırmaq idi. 2003-cü ilin sonunda bu göstərici 900 dollar olmuşdu və beş ildə onun 3 dəfədən çox artırmaq kifayət qədər yüksək hədəf sayılırdı. Lakin ölkənin iqtisadi artım tempi bu proqnozları xeyli üstələdi və artıq 2007-ci ilin yekunlarına görə, ÜDM-in adambaşına düşən həcmi 3500 dollar təşkil edib, 2008-ci ilin sonunda bu göstəricinin 4500 dollara (yəni ümumilikdə 5 dəfə artım) çatacağı gözlənilir. Bu isə artıq Şərqi Avropa ölkələrinin göstəricilərinə yaxınlaşmaq deməkdir. Bu gün həmin ölkələrin bir çoxunda sözügedən 8-9 min dollar təşkil edir.

Regionların inkişaf proqramının uğurlu icrası dövlətin sahibkarlığa, özəllikdə aqrar sektora geniş dəstəyi ilə müşayiət olunur. Dövlət tərəfindən hər il sahibkarlara güzəştli kredit olaraq təxminən 100 milyon dollar vəsait ayrılır, təxminən bu qədər də məbləğ (80 milyon manat) fermerlərə dotasiya (hər hektar əkin sahəsi üçün 40 manat) olaraq verilir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması yönündə ardıcıl tədbirlər görülür. Bu baxımdan sahibkarlıq fəaliyyətinin qeydiyyatında «bir pəncərə» sisteminə keçidi xüsusi qeyd etmək gərəkdir.

Ötən müddətdə dövlət tərəfindən həyata keçirilən geniş infrastruktur layihələri də özəl sektorun güclənməsinə xidmət edir. 2003-cü illə müqayisədə 2008-ci ildə dövlət tərəfindən investisiya qoyuluşu ümumilikdə 30 dəfə artaraq 2,8 milyard manata (3,4 milyard dollar) çatacaq. Bir neçə ilə öncəyədək Azərbaycan hökuməti ayrı-ayrı infrastruktur layihələri ilə bağlı xarici kreditorlarla uzun danışıqlar aparmalı olurdu, indi isə ən böyük layihələr ölkəmizin öz imkanları hesabına həyata keçirilir.

Digər tərəfdən, ölkə rəhbərliyi geniş investisiya qoyuluşu siyasətində makroiqtisadi sabitlik məsələsini diqqətdə saxlayır, o cümlədən Neft Fondundan yalnız ən vacib sahələrə maliyyə ayrılır. Məsələn, 2008-ci ildə Neft Fondundan məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşməsinə ümumilikdə 700 milyon dollaradək vəsait xərclənməsi nəzərdə tutulub. Bununla yanaşı, ölkəmizin beynəlxalq müstəvidə özünü etibarlı biznes tərəfdaşı kimi təsdiq etməsi ayrı-ayrı layihələrə xaricdən kredit götürülməsində də heç bir problem yaratmır.

Bu xüsusda bir məqamı qeyd etmək istərdik. Hakimiyyətin sosial-iqtisadi siyasətini təftiş edən müxalifət dairələrinin spekulyativ çıxışlarının bir qismi də Azərbaycanın xarici borcları ilə bağlıdır. Qeyd olunur ki, maliyyə imkanları artan ölkə xaricdən kredit götürülməməlidir. 2007-ci ilin yekunlarına görə, Azərbaycanın xarici borcu 2,272 milyard dollara çatıb və bu, ÜDM-ə nisbətdə təxminən 8 faiz, ölkə əhalisinin sayına nisbətdə isə adambaşına 264 dollar təşkil edir. Onu da qeyd edək ki, beynəlxalq praktikada ÜDM-in 30 faizinədək borclanma normal hal sayılır. Yeri gəlmişkən, 2004-cü ildə Azərbaycanın xarici borcu ÜDM-in 19 faizini təşkil edirdi, yəni ötən müddətdə xarici borc ölkənin iqtisadi imkanlarına real nisbətdə iki dəfədən çox azalıb.

Digər tərəfdən, 2007-ci ilin yekunlarına görə, Azərbaycanın xarici borcundan 3 dəfədən çox valyuta ehtiyatı (7,2 milyard dollar) var və bu vəsaitlər qarşıdakı 10-12 ildə 20-30 dəfə artacaq. Xarici borcun adambaşına nisbətinə gəldikdə isə, Azərbaycanda bu göstərici üzrə əksər MDB ölkələrindən, o cümlədən dünyanın iri neft-qaz ixracatçısı kimi maliyyə sarıdan korluq çəkməyən Rusiyadan (bu ölkənin 47 milyard, yaxud adambaşına 350 dollar xarici borcu var) irələdədir. Bu gün inkişaf etmiş dövlətlər, o cümlədən onlarla ölkəyə kredit paylayan Birləşmiş Ştatlar da beynəlxalq maliyyə qurumlarından milyardlarla dollar borc götürür. Bir sözlə, borclanma yalnız maliyyə imkanları məhdud ölkələr üçün problem sayıla bilər. Misal üçün uzağa getmək lazım deyil. Qonşu Ermənistan xarici borcunun bir qismini (Rusiyaya) özünün sənaye müəssisələri ilə ödəməyə məcburdur.

Azərbaycanın artan iqtisadi vəsaitləri isə ölkə daxilində vəsait qoyuluşunu genişləndirməklə yanaşı, bizə tərəfdaş olan ölkələrə (Gürcüstan, Türkiyə, Ukrayna) investisiya yönəltməyə də imkan yaradır. Ölkəmizin qarşıdakı illərdə gözlənilən iqtisadi yüksəlişi bu sahədə daha geniş layihələri həyata keçirməyə imkan verəcək. O cümlədən regionların inkişafı yeni mərhələyə qədəm qoyacaq. Ölkə başçısının göstərişi ilə 2009-2013-cü illəri əhatə edən yeni proqram hazırlanır və onun başlıca hədəfləri də bəllidir: «Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Yeni proqramda bütün məsələlər, hər bir kəndin məsələsi öz həllini tapmalıdır. Növbəti illərdə daha da fəal işləməliyik ki, Azərbaycanda yoxsulluq, işsizlik tamamilə aradan qaldırılsın».

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu 

* * *

2. BMT-nin Qarabağ qətnaməsi ortaya hansı sualları çıxardı?

Bu suallardan ən mühümü, sözsüz ki, Azərbaycanın beynəlxalq vasitəçilərlə bundan sonrakı münasibətləri ilə bağlıdır

(«525-ci qəzet», 20.03.2008) 

BMT Baş Assambleyasında «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» qətnamənin qəbulu (14 mart), şübhəsiz ki, ölkəmizin üzləşdiyi hərbi təcavüzə beynəlxalq diqqətin artırılması və 20 ilini arxada qoyan Qarabağ münaqişəsinin ədalətli həllinin təmin olunmasına töhfə verəcək bir hadisədir. Eyni zamanda, Qarabağ məsələsi ilə bağlı bundan öncə beynəlxalq təşkilatlarda qəbul edilən digər sənədlər kimi, bu qətnamənin də mahiyyəti və əhəmiyyəti barədə çeşidli mülahizələrin olması təbiidir. Ən azı ona görə ki, həmin mülahizələrin hər birinin müvafiq arqument və motivləri (o cümlədən sırf siyasi səciyyəli) var.

Lakin, zənnimizcə, bu qətnaməni fakt olaraq nə ifrat dərəcədə şişirtməyə, nə də önəmini heç endirməyə gərək var. Bu baxımdan BMT müstəvisində əldə olunan nəticəyə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çeşidli faktorlar fonunda diqqət yetirmək daha məqbul olardı. Üstəlik bu qətnamə ərsəyə gəlməsi ilə ortaya o qədər çox suallar çıxarıb ki, onların üzərində dərindən düşünmək lazımdır.

Öncə ondan başlayaq ki, «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» məsələ hələ 2004-cü ildə BMT Baş Assambleyasısının 59-cu sessiyasının gündəliyinə salınmışdı və bu prosedur heç də asan başa gəlməmişdi. Qarabağ nizamlanmasında yeni mərhələnin (2004-cü ilin yazında start götürən «Praqa prosesi») başlanmasından sonra Bakının bu addımı sülh prosesinə vasitəçilik edən «Minsk üçlüyü» tərəfindən mənfi qarşılanmışdı. Həmsədrlər bildirmişdilər ki, «Praqa prosesi»ndə müəyyən irəliləyişə ümid bəslənildiyi bir şəraitdə Azərbaycanın problemi BMT-nin müzakirəsinə çıxarması sülh imkanlarına zərər vuracaq.

Öz növbəsində Azərbaycanın bu addımı atmağa əsaslı səbəbləri vardı. Çünki Ermənistan, bir tərəfdən, konstruktivlik görüntüsü yaradaraq Azərbaycanla danışıqlar aparır, digər yandan isə, işğal olunmuş ərazilərdə erməni əhalinin məskunlaşmasını genişləndirirdi. 2004-cü ilin sentyabrında Ermənistan mediasında yer alan xəbərlərdə də bildirilirdi ki, atəşkəsin 10 ilində Dağlıq Qarabağ və ətraf rayonlarda 23 min erməni məskunlaşıb və növbəti mərhələdə bu rəqəmin 2-3 dəfə artırılması üçün Ermənistan hökuməti xüsusi proqram qəbul edib.

Təbii ki, Azərbaycan buna seyrçi qala bilməzdi və erməni tərəfin sülh prosesini tərk edəcəyi barədə şantaj bəyanatlarına, eləcə də həmsədrlərin çağırışlarına baxmayaraq məsələni BMT-nin müzakirəsinə çıxarmağa nail oldu. Beləliklə, Qarabağ problemi 1993-cü ildən sonra ilk dəfə BMT-nin gündəminə gəldi. Bu həm də ATƏT-in vasitəçilik formatı olan Minsk qrupunun ötən müddətdə göstərdiyi səmərəsiz fəaliyyətin təsdiqi idi.

Yeri gəlmişkən, 2004-cü ilin oktyabrında məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınması ilə bağlı səsverməyə Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) qatılmamışdı. Fransa nümayəndəsi hər üç həmsədr adından çıxış edərək, bu mövqeyi belə əsaslandırmışdı ki, Azərbaycanın Baş Assambleyanın müzakirəsinə təklif etdiyi məsələ  «münaqişənin ədalətli həllinin axtarışı üzrə səylərə mane ola bilər». O vurğulamışdı ki, həmsədrlər Azərbaycanın verdiyi təklifin səmimiliyinə şübhə etmirlər, lakin hesab edirlər ki, Baş Assambleya belə diskussiyalar üçün uyğun olan forum deyil. Bu mövqedən həm də o  nəticəyə gəlmək olardı ki, həmsədr dövlətlər əslində Qarabağ münaqişəsi üzrə vasitəçilikdə inhisarçılığı əldən vermək istəmirlər.

Həmin səsvermədə 143 dövlət iştirak etmiş, məsələnin gündəliyinə salınmasının lehinə 43, əleyhinə 1 (Ermənistan) dövlət səs vermiş, 99 dövlət bitərəf qalmışdı. Azərbaycanın təşəbbüsünü əsasən müsəlman ölkələri və GUAM-dakı tərəfdaş dəstəkləmişdi. 2004-cü ildəki səsverməni bu günlərdə Baş Assambleyada keçirilmiş səsvermə ilə müqayisə etsək, belə görünə bilər ki, o vaxt Azərbaycanın BMT-dəki mövqeləri indikindən güclü olub. Çünki budəfəki səsvermədə Azərbaycanı 38 ölkə dəstəkləyib, o vaxt təklikdə qalmış Ermənistana isə bu dəfə 6 ölkə qoşulub.

Lakin bu cür müqayisə əslində yanlışdır. Ən azı ona görə ki, 2004-cü ildəki səsvermə, sadəcə, Azərbaycanın təklif etdiyi məsələnin Baş Assambleyanın gündəliyinə salınması ilə bağlı idi. İş konkret qətnamənin qəbuluna gəldikdə kimin hansı mövqe tutacağını söyləmək çətin idi və sonrakı proseslərdə ortaya çıxan mənzərə də bunu təsdiq etdi.

O cümlədən həmsədr ölkələrin Azərbaycanın hazırladığı qətnaməyə qarşı çıxacaqları elə o vaxt qismən aydınlaşmışdı. Belə ki, məsələnin gündəliyə salınması ilə bağlı səsverməyə qatılmayan Minsk «üçlüyü» bilavasitə müzakirələrdə (23 noyabr 2004) fəal iştirak etmişdilər. Motiv isə aydın idi. Həmsədrlər Baş Assambleyada elə bir kompromis qərarın qəbuluna çalışırdılar ki, bir tərəfdən, sülh prosesi əvvəlkitək vasitəçi kimi onların inhisarında qalsın, digər yandan, bu müzakirələrdən sonra danışıqları davam etdirmək mümkün olsun. Nəticədə həmsədrlərin təklifi ilə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyanın göndərilməsi və məsələ üzrə qətnamənin qəbulunun sonraya saxlanılması barədə kompromis əldə olundu.

Əlbəttə, rəsmi Bakı buna razılıq verməyərək Ermənistanın işğalçı hərəkətlərini təsbit edən qətnamənin qəbulunda israr edə bilərdi. Amma reallıqda belə bir qətnamənin qəbulu o vaxt mümkün görünmürdü. Bir də ki, Azərbaycan həmin müzakirələrdə ilkin nəticəyə nail olmuşdu: Qarabağ münaqişəsi tarixində ilk dəfə olaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələri ilə tanış olmaq üçün bölgəyə beynəlxalq missiya göndəriləcəkdi. Düzdür, bu missiyanın səfəri (fevral 2005) və hazırladığı hesabat növbəti dəfə beynəlxalq dairələrin Qarabağ məsələsinə «ikili standartlar»la yanaşdığını göstərdi. Hesabatda işğal olunmuş ərazilərdə məskunlaşma faktları qeydə alınsa da, Ermənistanın dövlət səviyyəsində bu prosesə dəstək vermədiyi bildirilirdi.

Digər tərəfdən, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ Baş Assambleyanın gündəliyində qalmaqda idi və rəsmi Bakı daha əlverişli şəraitdə onun təkrar müzakirəsinə və müvafiq qətnamənin qəbuluna nail ola bilərdi. Nəticədə bu, 2008-ci ilin 14 martında gerçəkləşdi.

İndi isə gələk bilavastə qətnamənin üzərinə. Qətnamənin preambulasında ötən müddətdə BMT müstəvisində Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən bütün qərarlara - Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993), 853 (29 iyul 1993), 874 (14 oktyabr 1993) və 884 (12 noyabr 1993) saylı qətnamələrinə, Baş Assambleyanın 1993-cü il 20 dekabr tarixli «Azərbaycandakı qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım haqqında» və 2006-cı il 7 sentyabr tarixli «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» (işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı) qətnamələrə, həmçinin ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərindəki məskunlaşma faktları ilə bağlı hesabatına istinad edilir.

Doqquz bənddən ibarət qətnamədə aşağıdakılar vurğulanır:

1. Baş Assambleya Azərbaycanın suverenliyinə hörmət edir və onun ərazi bütövlüyünü beynəlxalq qanunlar tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində tanıyır;

2. Baş Assambleya tələb edir ki, işğal olunmuş ərazilərdə mövcud olan Ermənistan hərbi birləşmələri təcili, tam və şərtsiz şəkildə ərazini tərk etsinlər;

3. Baş Assambleya münaqişə dövründə ərazidən qovulmuş sakinlərin geri qaytarılması hüququnu tanıyır və bu qayıdış üçün lazımi şəraitin yaradılmasının, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərin hərtərəfli bərpasının vacibliyini qeyd edir;

4. Baş Assambleya Azərbaycanın tərkibində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına təhlükəsizlik şəraitinin yaradılmasını təmin etməklə onlar üçün effektiv demokratik özünüidarə sisteminin qurulmasını dəstəkləyir;

5. Baş Assambleya bir daha bəyan edir ki, heç bir ölkə Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni saya bilməz və bu vəziyyətin qalmasına yardım edə bilməz;

6. Baş Assambleya beynəlxalq hüquq normaları çərçivəsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və sülhün əldə olunması üçün onların səylərinin artırılmasını arzulayır;

7. Baş Assambleya üzv dövlətləri və beynəlxalq və regional təşkilatları öz səlahiyyətləri çərçivəsində bu münaqişənin həllinə səmərəli yardım etməyə çağırır;

8. Baş Assambleya BMT-nin baş katibindən xahiş edir ki, 62-ci sessiyada qəbul olunan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı” qətnamənin icra olunması ilə bağlı 63-cü sessiyada hesabat hazırlasın;

9. Baş Assambleya «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı bəndin növbəti, 63-cü sessiyanın gündəliyinə salınmasını qərara alır.

Beləliklə, məsələyə dair qətnamə qəbul olunsa da, o, gündəlikdə qalmaqdadır və irəlidə Azərbaycan onunla bağlı təkrar müzakirələrə nail ola bilər. Çünki bu müzakirələri zəruri edən başlıca səbəb - Azərbaycan ərazilərinin işğalı da hələ fakt olaraq qalmaqdadır.

Nəhayət, bu qətnamənin doğurduğu suallar barədə. Birincisi, qətnamə sülh prosesinə hansı təsiri göstərə bilər?

Təxminən 4 illik siyasi-diplomatik səylərin nəticəsi olaraq ərsəyə gələn qətnamə ötən müddətdə Qarabağ nizamlanması üzrə aparılmış çoxsaylı və nəticəsiz danışıqların müəyyən yekunu olmaqla yanaşı, Azərbaycanın bundan sonra izləyəcəyi prinsipial xətti də özündə ehtiva edir. Rəsmi Bakı bir daha bəyan edib ki, Qarabağ nizamlanması üzrə danışıqları BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsində əks olunmuş prinsiplər əsasında aparacaq. Yəni Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünüidarə statusundan söhbət gedə bilər.

Ermənistanın buna qarşı olduğu bəllidir. Bəs həmsədr ölkələr necə?

Baş Assambleyadakı səsvermənin nəticələri və Minsk «üçlüyü»nün son bəyanatı belə düşünməyə əsas verir ki, həmsədr dövlətlər əvvəlkitək ikibaşlı dirlomatiyanı davam etdirlər: bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digər yandan isə, Dağlıq Qarabağı bu çərçivəyə salmaqdan faktiki boyun qaçırır və bu məsələni «sülh danışıqlarının öhdəsinə» buraxırlar. Həmsədr dövlətlərə görə, Azərbaycanın təqdim etdiyi qətnamə layihəsi Dağlıq Qarabağın statusunu bəri başdan konkret çərçivəyə salmaqla sülh prosesinə və «tarazlı həll imkanlarına» yer qoymur və bu üzdən onlar sənədin əleyhinə səs veriblər.

Hərçənd normal məntiqə əsaslansaq, həmsədrlərin bu səsvermədə bitərəf qalması, yaxud səsverməyə qatılmaması daha düzgün olardı. Yəni onlar da, Avropa Birliyi ölkələri, yaxud BMT TŞ-nin daimi üzvü Çin kimi bitərəf qala, ya da heç olmasa, İran kimi, səsverməyə qatılmaya bilərdilər. Bu, onların daim vurğuladıqları neytrallıq statusuna da uyğun gələrdi.

Lakin onlar qətnamənin əleyhinə çıxmaqla faktiki olaraq Ermənistana tərəfkeşlik etdiklərini ortaya qoyublar. Onlar indi bunun belə olmadığını izah etməyə çalışsalar da, BMT Baş Assambleyasındakı səsvermənin «monitoru» hər şeyi açıq-aydın göstərir: orada ABŞ, Rusiya və Fransa Ermənistanın yanında yer alıb.

Bu, gerçəkdən üzərində ciddi düşünüləsi bir mənzərədir. Burada ortaya daha bir sual çıxır. Bu həm də o deməkdirmi ki, Azərbaycan günün birində nəticəsiz sülh danışıqlarından əl çəkib işğal altındakı torpaqlarını öz gücü ilə azad etməyə başlasa, bu dövlətlər onda da bitərəf (seyrçi) qalmayacaq və nəticə etibarilə Ermənistanın yanında yer alacaqlar?

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu 

* * *

3. Gürcüstan seçkiləri: gözlənilən sonluq və ibrətamiz nəticələr

Qonşu ölkədəki siyasi proseslərin cari yekunu seçki ərəfəsində olan Azərbaycan üçün də diqqətəlayiq mənzərə sayıla bilər

(«525-ci qəzet», 24.05.2008) 

Gürcüstanda mayın 21-də keçirilmiş parlament seçkiləri ümumən gözlənilən nəticə - hakim partiyanın qələbəsi ilə yekunlaşsa da, ortaya diqqət yetirilməsi gərəkən bir çox məqamlar da çıxarmış oldu. Bu isə Gürcüstan seçkilərini təkcə bu ölkənin daxili siyasi prosesləri fonunda deyil, daha geniş müstəvidə nəzərdən keçirməyə əsas verir. Çünki nəticə etibarilə Cənubi Qafqazın üç ölkəsinin hər hansı birində cərəyan edən siyasi olaylar, o cümlədən seçki mübarizəsinin yekunları onun qonşuları üçün də təsirsiz ötüşmür.

Digər tərəfdən, həmin proseslər nəticədə regionda marağı və təsiri olan kənar güclərin nüfuz dairəsini, eləcə də Cənubi Qafqaz ölkələrinin hər birinin geosiyasi oriyentirlərini müəyyənləşdirmək baxımından önəmlidir. Xatırladaq ki, bir qədər əvvəl Ermənistanda prezident seçkiləri olub və payızda Azərbaycanda prezident seçkiləri gözlənilir və bu arada Gürcüstanda keçirilən seçkilər həm də bizə müqayisəli təhlil aparmaq üçün əlamətdar bir imkandır.

Təbii ki, Gürcüstandakı 21 may parlament seçkiləri ayrılıqda siyasi proses olaraq deyil, bu il yanvarın 5-də keçirilmiş prezident seçkiləri ilə eyni kontekstdə nəzərdən keçirilməlidir. Çünki nəticə etibarilə hər iki seçki 2007-ci ilin payızında Gürcüstanda başlanan gərginliyin, iqtidar-müxalifət toqquşmalarının siyasi yekunudur. Bu baxımdan parlament seçkiləri iqtidar üçün mövqelərini möhkəmləndirmək, müxalifət üçün prezidentlik yarışında aldığı məğlubiyyətin revanşı üçün müstəsna önəm kəsb edirdi.

Gürcüstan MSK-nın ilkin nəticələrinə görə, prezident Mixail Saakaşvilinin lideri olduğu «Vahid Milli Hərəkat» partiyası yeni parlamentdə mütləq əksəriyyəti - proporsional sistem üzrə səslərin 60 %-ni (75 mandatdan təxminən 50-si), majoritar qaydada isə 75 yerdən 71-ni əldə edib. Hakim partiyadan savayı, müxalifət düşərgəsindən üç qüvvə - «Birləşmiş müxalifət» bloku (17,6%), Xristian-Demokratik Hərəkatı (8,2%), Leyborist Partiyası (7,5% ) proporsional sistem üzrə parlamentə düşüb. Seçkidə iştirak etmiş daha 8 partiya və blok isə 5 %-lik keçid baryerindən xeyli aşağıda nəticə göstərib. Beləliklə, 150 yerlik parlamentdə 120 deputat yeri qazanan hakim partiya faktiki olaraq özünün də gözləmədiyi zəfərə nail olub.

Bu hətta hakim partiyanın bundan öncəki, 2004-cü ilin martında keçirilmiş seçkilərdəki nəticəsindən də yüksək göstərici sayıla bilər. Dörd il əvvəlki seçkilərdə prezident Saakaşvili, spiker Burcanadze və baş nazir Jvaniyanın «Milli hərəkat - demokratlar» bloku 67%  səslə proporsional sistem üzrə 150 yerdən 135-ni əldə etmişdi. O vaxt iqtidar blokundan savayı yalnız bir partiya - «qızılgül hakimiyyətinə» loyal mövqedə dayanan «Yeni sağçılar - sənayeçilər» bloku 7%-lik baryeri aşmağa (15 mandat) müvəffəq olmuşdu. Bununla belə, öncəki parlamentdə majoritar qaydada (cəmisi 75 yer) seçilmiş və Saakaşvili iqtidarına müxalif olan 40-45 deputat (o cümlədən Leyboristlər, Respublikaçılar, devrilmiş Şevardnadzenin «Gürcüstan Vətəndaş İttifaqı»nın təmsilçiləri və s.) vardı. Sonradan iqtidar partiyasından bir neçə parlamentar da müxalifətə keçdi. Nəticədə 225 yerlik parlamentdə (bəzi KİV-lərdə Gürcüstanın öncəki parlamentinin guya 125 deputatdan ibarət olması barədə yanlış rəqəmlər yer alır) müxalifət düşərgəsi yerlərin təxminən 30%-nə nəzarət edirdi. İndiki 150 nəfərlik parlamentdə isə müxalifət düşərgəsi ümumilikdə 20% (30 deputat) yer qazana bilib.

Parlament seçkilərində hakim partiyanın qələbəsi Saakaşvilinin bu ilin yanvarında prezident seçkilərində əldə etdiyi nəticəni (53,4%) də üstələyir. Yada salaq ki, prezident seçkilərində «Birləşmiş müxalifət»in namizədi Levan Qaçeçiladze 25,6, müxalifətin digər namizədlərindən Badri Patarkasişvili 7, Şalva Natelaşvili (leyboristlər) 6,4 faiz səs almışdı. Hətta prezident Saakaşvili də parlament seçkilərindəki belə yüksək nəticəyə təəccübləndiyini gizlətməyib. Eyni zamanda, o, 21 may seçkilərini Gürcüstan xalqının hakimiyyətin apardığı islahatların davam etdirilməsinə, Avratlantika məkanına inteqrasiya xəttinə və ölkənin birləşdirilməsi istiqamətində siyasi kursa böyük dəstəyi kimi qiymətləndirib.

Qeyd edək ki, parlament seçkiləri öncəsi keçirilən rəy sorğuları iqtidar partiyasının qalib gələcəyini göstərsə də, ona maksimum 50-55 faiz səs vəd edirdi. Odur ki, seçkilərin real nəticəsi gözlənilən olsa da, müəyyən mənada sürpriz sayıla bilər. Hərçənd bir neçə ay öncəyə qayıdıb seçkilərə zəmin olmuş siyasi proseslərə nəzər yetirsək, bu yekunun xeyli dərəcədə məntiqi olduğunu görərik.

Gürcüstanda 2007-ci ilin noyabrında başlanan iqtidar-müxalifət qarşıdurması, bir tərəfdən, «qızılgül» hakimiyyəti daxilində yaşanan ixtilafın, digər yandan isə, bu hakimiyyətin dövründə siyasi arenanın güncünə sıxılmış qüvvələrin Saakaşviliyə qarşı mübarizəsinin eyni zamanda meydana çıxması idi. Əslində inqilab yolu ilə hakimiyyətə gəlmiş qüvvələr arasında sonradan ixtilafın olması təbiidir. Rəng, simvol və metodlarından asılı olmayaraq bütün inqilablar bu mərhələdən keçir. Odur ki, 2007-ci ilin payızına qədər də Gürcüstanın hakim komandasından bir sıra önəmli simalar (XİN başçısı vəzifəsindən gedən Salome Zurabişvili, münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri postunu tərk edən Georgi Xaindrava və s.) müxalifətə keçmişdilər.

Lakin məhz Saakaşvilinin ən yaxın silahdaşlarından olmuş, «qızılgül inqilabı»ndan sonra Gürcüstanın baş prokuroru, daxili işlər, müdafiə naziri postunu tutmuş İrakli Okruaşvilinin prezidentə qarşı açıq mübarizəyə keçməsi və tanınmış biznesmen Badri Patarkasişvili başda olmaqla digər müxalifət qüvvələrinin ona qoşulması ölkədə ciddi hakimiyyət davasına meydan açmışdı. Həmin qarşıdurmanın formal səbəbi Saakaşvilinin konstitusiyaya dəyişiklik edərək prezident seçkiləri (2009-cu ilin yanvarında keçirilməli idi) ilə parlament seçkilərinin (2008-ci ilin martında olmalı idi) eyni vaxtda (2008-in payızı) keçirmək niyyətinə etiraz olsa da, gerçək motiv Saakaşvilini nəyin bahasına olursa-olsun devirmək idi.

Başqa sözlə, hakimiyyətin opponentləri Saakaşviliyə qarşı ortaq nifrətdə birləşmişdilər və faktiki olaraq ortaya hansısa alternativ siyasi kurs qoymurdular. Onların NATO-ya inteqrasiya, islahatlar tələbi və s. elə Sakaşvilinin siyasi kursunun təkrarı idi. Eyni zamanda, müxalifət Saakaşvili ilə prezidentlik yarışında uğur qazana bilməyəcəyinin fərqində idi və prezident üsul-idarəsinin ləğv edilməsi, ölkənin parlament respublikasına çevirilməsi uğrunda çıxışlar da buradan qaynaqlanırdı.

Qeyd etmək lazımdır ki, müxalifətin ortaya atdığı bu qeyri-populyar şüar, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri ilə üz-üzə qaldığı bir şəraitdə güclü prezident idarəetməsinin ləğvini tələb etməsi ciddi taktiki səhv idi və nəticədə müxalifətin əleyhinə işləməyə başladı. Belə çıxırdı ki, müxalifət Gürcüstanın mövcud idarəçilik sistemini dağıtmaq üçün hakimiyyətə can atır, sonrası ilə naməlum idi. Nəhayət, müxalifətin prezidentliyə vahid namizəd kimi ortaya çıxardığı Levan Qaçeçiladze bu düşərgəni birləşdirmək və Saakaşvili ilə mübarizə aparmaq gücündə lider deyildi və seçkilərin nəticəsi də bunu təsdiqlədi.

Prezident Saakaşvili isə opponentlərinin bu zəif cəhətləri fonunda cəsarətli addımlar atdı: özünün prezidentlik müddətini bir il azaldaraq 2008-in yanvarında növbədənkənar seçkilərə getdi, Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı referendum keçirməklə müxalifətin əsas spekulyasiya mövzularının birini onun əlindən aldı və nəhayət, parlament seçkilərinin vaxtının (2008-in payızı, yoxsa yazı) müəyyən olunmasını xalqın öhdəsinə buraxdı. Nəticə bu addımlara adekvat oldu. Saakaşvili ikinci müddətə prezident seçildi, əhalinin böyük əksəriyyəti NATO üzvlüyünə səs verərək Saakaşvili iqtidarının bu yöndə siyasətini dəstəklədi.

Müxalifətin yeganə və formal qazancı isə referendumda əhalinin parlament seçkilərinin, prezidentin təklif etdiyi kimi, payızda deyil, yazda (may) keçirilməsinə tərəfdar çıxması oldu. Lakin sonrakı proseslər göstərdi ki, bu, əslində elə prezidentin və hakim partiyanın xeyrinə olan bir nəticə imiş. Çünki prezidentlik yarışında qalib gəlmiş Saakaşvilinin öz partiyasını «isti-isti» parlament seçkilərində də qələbəyə səfərbər etməsi daha asan idi, nəinki sıraları getdikcə dağınıq olan müxalifətin birləşərək Saakaşvilidən revanş götürməsi.

Üstəlik prezident seçkilərindən sonra baş verən bəzi olaylar - Okruaşvilinin siyasi fuqur kimi sıradan çıxaraq mühacirətə (Fransaya) getməsi, müxalifətin əsas maliyyədarlarından olan Patarkasişvilinin Londonda qəfil vəfatı (müxalifət onun ölümündə Saakaşvilini günahlandırmağa çalışsa da, buna müvəffəq olmadı) müxalifət düşərgəsində pərakəndəliyi daha artırdı. Bir sözlə, artıq parlament seçkiləri kampaniyasının əvvəlində Saakaşvili və hakim partiya opponentləri üzərində böyük siyasi üstünlüyü təmin etmişdi.

Nəhayət, Gürcüstanda cərəyan edən bütün bu proseslər fonunda daha bir faktor - Rusiyanın Saakaşvili hakimiyyətini aramsız diskreditasiya etmək cəhdləri nəticə etibarilə prezident və hakim partiyanın xeyrinə işlədi. Əslində Moskvada yaxşı başa düşürlər ki, Gürcüstan artıq onlar üçün nəzarətdən çıxıb, üstəlik bu ölkədə Kremlin açıq «stavka» edə biləcəyi real qüvvənin olmaması da faktdır. Son vaxtlaradək qismən gürcü leyboritstlərinin lideri Natelaşvili Rusiyaya loyal münasibətdə idi, lakin o da ümumi siyasi konyukturanı (özəlliklə NATO üzvlüyü məsələsində) göz önünə alaraq bu xəttdən geriləməyə məcbur olub. Bu arada  Rusiyanın Gürcüstana qarşı təzyiqləri (o cümlədən parlament seçkiləri ərəfəsində Abxaziya ətrafında gərginliyin artırılması, Gürcüstanın pilotsuz təyyarələrinin vurulması  və s.) isə Saakaşvili hakimiyyətinin həm daxildə, ələlxüsus da da xaricdə dəstəyini artırmış oldu.

Belə bir siyasi situasiyada seçkilərə bir neçə blok və partiya şəklində gedən müxalifətin parlamentdə ciddi nəzarət imkanları əldə edəcəyi şübhə doğururdu. Prinsipcə müxalifət də bu məğbuliyyətlə əvvəlcədən barışmışdı və müxalif elektoratın bir qisminin səsverməyə getməməsi (ölkə üzrə səsverməyə qatılım cəmi 55 faiz olub) də bunun göstəricisidir. Nəticədə hakim partiya hətta yanvarda Saakaşvilinin müxalifət namizədinə uduzduğu paytaxt Tbilisidə böyük fərqlə qalib gəldi.

Nəhayət, bütün deyilənlərə yekun olaraq nələri vurğulamaq olar? Sözsüz ki, parlament seçkilərində inamlı qələbə Gürcüstanda hakimiyyətin fəaliyyətinə, yeni islahatlar kursuna güclü etimad kreditidir. Bu seçkilər göstərdi ki, düşünülmüş, praqmatik, ən əsası isə, cəsarətli (istər daxildə olan əyər-əskiklərə, neqativlərə qarşı, istərsə də xarici siyasətdə) kurs həyata keçirildiyi təqdirdə hər hansı gücün müdaxiləsi də onu əngəlləməyə yetərli deyil.

O ki qaldı Gürcüstan hakimiyyətinin bu etimad kreditindən necə yararlanacağına, bunu hər şeydən öncə Saakaşvilinin müxalifətlə gələcək davranışında görmək mümkün olacaq. «Gürcüstanda hakim partiyanın inamlı qələbəsi ölkədaxili siyasi vəziyyətin yumşalması ilə müşayiət olunmalı, iqtidar müxalifətlə daha açıq dialoqa can atmalıdır», - deyə Avrpanın nüfuzlu «Financial Times» qəzeti qeyd edir. Hər halda Saakaşvili də seçkidən sonra verdiyi ilk bəyanatda əldə olunmuş inamlı qələbəyə baxmayaraq bütün siyasi qüvvələrlə, o cümlədən seçkidə məğlub olmuş radikal müxalifətlə anlaşma içində olacağına söz verib.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu

* * *

4. Tarixi birincilik və çağdaş liderlik

Müsəlman Şərqinə ilk parlamentli respublika vermiş Azərbaycanın bu gün regiondakı liderlik mövqeyi də dünya tərəfindən etiraf olunur

(«525-ci qəzet», 24.06.2008) 

Ötən həftə (19 iyun) Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 90 illik yubileyinin yüksək səviyyədə, çoxsaylı xarici qonaqların iştirakı ilə qeyd olunması, bir yandan, bizim öz tariximizə göstərdiyimiz dərin ehtiramın nümayişi idisə, digər yandan, dünya ölkələrinin Azərbaycan xalqına və dövlətinə diqqət və hörmətinin nümunəsi idi. Bu isə təsadüfi deyil. Çünki Azərbaycan xalqı qədim keçmişi, zəngin mədəniyyəti ilə yanaşı, həm də dövlətçilik ənənələri olan, dünya tarixi səhnəsinə böyük dövlətlər çıxarmış xalqdır. 1918-ci ildə qurulan və müsəlman Şərq dünyasının ilk demokratik, parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti də iki il yaşamasına rəğmən xalqımızın dünya sivilizasiyasına mühüm töhfəsi kimi tarixdə iz qoymuşdur. Biz bu tariximizlə fəxr edirik.

Eyni zamanda, bu keçmişi, Azərbaycanın bu tarixi birinciliyini dünyaya yüksək səviyyədə təqdim etmək, Azərbaycanın xalqının qurduğu cümhuriyyətin hansı təməl üzərində kök saldığını, onun zamanın mütərəqqi ideyalarını özündə necə ehtiva etdiyini tanıtmaq bizim tarix və gələcək qarşısında borcumuzdur. Bu baxımdan Xalq Cümhuriyyəti parlamentinin yubileyində geniş tərkibli xarici qonaqların iştirakı əlamətdar hadisə idi.

Qeyd edək ki, Milli Məclisdəki təntənəli yığıncaqda 9 ölkənin (Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Moldova, Belarus, Rumıniya, Polşa) qanunverici orqanının rəhbəri, 18 ölkədən vitse-spikerlər olmaqla ümumilikdə 36 ölkənin 102 parlamentarı, 4 beynəlxalq parlament təşkilatının təmsilçisi, xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələri iştirak edirdi. Azərbaycan parlamentinin yubileyinə nümayəndə göndərən ölkələrin sırası İndoneziyadan Kanadayadək böyük bir coğrafiyanı, Asiya, Avropa, Afrika və Amerika qitələrini əhatə edirdi.

Bu faktın özü Azərbaycanın dünya birliyində qazandığı nüfuzun bariz təsdiqidir. Bu bir gerçəkdir ki, çağdaş dünyada hər bir ölkəyə hörmət və diqqət, ilk növbədə, onun güc və potensialı, regionda və dünyadakı yeri, strateji imkanları ilə ölçülür. Məhz bu faktorların üstünlüyü həmin dövlətə də, onun tarixinə, dövlətçilik ənənələrinə, əldə etdiyi nailiyyətlərə də ehtiramı təmin edir. Bu baxımdan belə yüksək qonaqların Azərbaycan parlamentinin yubileyinə təşrif buyurması, şübhəsiz ki, hər şeydən öncə onların bugünkü Azərbaycan dövlətinin nüfuzuna, regiondakı liderlik mövqeyinə, sürətli inkişafına verdikləri qiymətin göstəricisidir. Eyni zamanda, bu, bizim tariximizin parlaq səhifəsi olan Xalq Cümhuriyyətinin, onun tarixdə qalan nailiyyətlərinin dünyaya, onlarla ölkənin parlament heyətinə layiqli təqdim edilməsi üçün əhəmiyyətli bir fürsət idi.

Biz bilirik və dünya da bilməlidir ki, 1918-ci ilin 28 mayında Xalq Cümhuriyyətinin elan edilməsi spontan bir tarixi bir hadisə deyildi. Bu, həmin dövrdə Azərbaycanda və bütövlükdə regionda gedən proseslərin, ən əsası, Azərbaycan xalqının milli oyanışının nəticəsi idi. Yada salaq ki, hələ 1906-cı ildə Rusiya imperiyasında ilk parlament - Dövlət Duması yaradılarkən Azərbaycandan seçilmiş deputatlar onun işində fəal iştirak etmişdilər.

Dövlət Dumasına dörd çağırış üzrə (1906-1917) ümumilikdə 13 nəfər azərbaycanlı deputat seçilmişdi. Dumada Rusiya müsəlmanlarının fraksiyasına rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun, fraksiyanın aparıcı üzvlərindən Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov və digərlərinin fəaliyyəti həm də Azərbaycanın parlamentarizm tarixinin əsasının qoyulmuşdu. 1918-ci ildə həmin şəxslərin müstəqil Azərbaycan Cümhuriyyətinin, onun parlamentinin qurucuları sırasında yer alması həmin tarixin məntiqi yekunu idi.

Xalq Cümhuriyyəti çox mürəkkəb şəraitdə və qısa zaman kəsiyində mövcud olsa da, Azərbaycan xalqının istiqlalının, dövlətçilik əzminin dünyada tanınmasında böyük rol oynamışdır. Cümhuriyyət parlamenti isə cəmi 17 ay  (7 dekabr 1918 - 27 aprel 1920) fəaliyyət göstərmişdir, amma bu qısa müddətdə müsəlman Şərqində ilk demokratik dövlətin hüquqi təməli yaradılmış, bu sahədə bir çox ilklərə imza atılmışdır. Dünyada birincilər sırasında, Şərq aləmində isə ilk dəfə olaraq məhz Xalq Cümhuriyyətinin parlamenti qadınlara səsvermə hüququ vermişdir. Cümhuriyyət parlamentində Azərbaycanda ordu quruculuğu, iqtisadi, maliyyə, sosial, mədəniyyət, elm və təhsil sahələrinə dair mühüm qanun və qərarlar qəbul edilmişdir. Bu qərar və qanunlarla demokratik idarəetmə, hakimiyyət bölgüsünün təmin olunmasında ilk addımlar atılmışdır.

Xalq Cümhuriyyəti parlamentinin tarixdə iz qoyan digər mühüm özəlliyi onun ölkədəki milli-etnik spektri, siyasi palitranı geniş şəkildə əks etdirməsində idi. 120 nəfərlik parlamentdə azərbaycanlı (türk) əhalisi ilə yanaşı, bütün milli azlıqlar (o cümlədən azsaylı alman, yəhudi, polyak və s. icmaları) təmsilçilik əldə etmişdi. Bu, Xalq Cümhuriyyətinin demokratik prinsiplərə əsaslanan dövlət olduğunun təsdiqi idi. Hətta erməni daşnakları tərəfindən minlərlə azərbaycanlının İrəvandan, digər tarixi yurdlarından qovulduğu, onlara qarşı soyqırımı həyata keçirildiyi vaxtda Cümhuriyyət parlamentində Bakıda və Azərbaycanın digər bölgələrində yaşayan erməni əhalisinə 21 deputat yeri ayrılmışdı.

Parlamentin təşkili ilə bağlı Xalq Cümhuriyyəti Milli Şurasının Azərbaycan əhalisinə müraciətində deyilirdi: «Bütün Azərbaycan vətəndaşları millət və məzhəb fərqi olmadan bir vətənin övladlarıdır. Ümumi vətəndə bərabər yaşamaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər». Bu faktlar bir daha sübut edir ki, Azərbaycan xalqı, onun dövləti hər zaman öz tolerantlığı, bütün millətlərə səmimi münasibəti ilə seçilib.

Xalq Cümhuriyyətinin yaranması, onun demokratik əsaslı parlamentinin təşəkkül tapması tarixi nailliyyət olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Şərq və Qərbin kəsişməsində yerləşən və hər iki sivilizasiyanın dəyərlərini  birləşdirən ölkə olaraq dünyaya verdiyi mühüm mesaj, tarixi töhfə idi. Xalq Cümhuriyyəti dünyaya nümayiş etdirdi ki, İslam mənəviyyatını, ənənələrini liberal Qərb (Avropa) dəyərləri, onun parlamentarizm təcrübəsi ilə optimal  şəkildə birləşdirə və uzlaşdıra bilən dövlətin, dünyəvi və demokratik respublikanın qurulması mümkündür. Bununla da Azərbaycan müsəlman Şərqinə yeni dövlətçilik modelinin nümunəsini vermiş oldu. 

1920-ci ilin 28 aprelindəki bolşevik işğalı ilə Xalq Cümhuriyyəti, onun parlamenti süquta uğrasa da, cümhuriyyət qurucularının gördükləri işlər tarixdə izsiz qalmadı. Üzərindən 70 il  keçəndən sonra Cümhuriyyət yenidən xalqımıza, xalqımız da milli dövlətçiliyinə qovuşdu, Cümhuriyyətin qurucuları, onun fəaliyyətində böyük iz qoymuş şəxsiyyətlərin xidmətləri yenidən tarixdə öz yerini aldı və heç vaxt unudulmamalıdır. Çünki onların hamısı - Topçubaşov da, Xoyski də, Məmmədəmin Rəsulzadə də, digərləri də Azərbaycan xalqının istiqlalı üçün çalışmış və o zamankı şəraitdə mümkün olanı etmişlər.

Bu gün Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir, bizim bayrağımız, himnimiz cümhuriyyətin mirasıdır. Sözsüz ki, tarixdə varislik təkcə zahiri atributlarla ölçülmür. Bizim üçün də Xalq Cümhuriyyətinin varisi olmaq, hər şeydən öncə, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi deməkdir.

Bu yerdə böyük öndər Heydər Əliyevin 1998-ci ildə, Cümhuriyyət parlamentinin 80 illiyi münasibətilə dediyi sözləri yada salmaq yerinə düşər: «Varislik, eyni zamanda, böyük məsuliyyət deməkdir. Hər bir varis varislik prinsipini əziz tutaraq, dövrün,  hadisənin varisi olaraq o hadisəni, o quruluşu daha da yüksəklərə qaldırmalıdır. Biz Cümhuriyyət tarixini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini əldə etmək kifayət deyil, onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik».

Bugünkü Azərbaycan dövlətinin qüdrəti, dünyadakı nüfuzu, inkişaf üfiqləri məhz Heydər Əliyev siyasətinin bariz təzahürüdür. Prezident İlham Əliyev yubiley toplantısındakı nitqində bunu bir daha ifadə etdi: «Bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin seçdiyi yolla uğurla inkişaf edir. Bu yol ondan ibarətdir ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya etməlidir, Azərbaycan öz təbii sərvətlərindən məharətlə istifadə etməli, milli maraqlarını maksimum dərəcədə möhkəmləndirməlidir. Bizim qarşımızda yeni vəzifələr dayanır. Azərbaycanda dövlət quruculuğu imkanları genişlənir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi - bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır».

Bu gün Azərbaycanın parlamenti də, Cümhuriyyət parlamentinin varisi olaraq,  demokratik, hüquqi dövlət quruculuğunda mühüm rol oynayır və Milli Məclisin sədri Oqtay  Əsədov bu barədə yubiley yığıncağının iştirakçılara geniş məlumat verdi. Spikerin də qeyd etdiyi kimi, 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 2500-dən çox qanun və qərar qəbul etmişdir. Digər tərəfdən, Azərbaycanda həm hakimiyyətin qolları arasındakı münasibətlərdə mövcud olan uzlaşma və ahəngdarlıq, həm də bütövlükdə hakimiyyətlə xalq arasındakı vəhdət nəticə etibarilə ölkənin ümumi tərəqqisinə stimul verir.

Təsadüfi deyil ki, parlamentdəki yubiley yığıncağında çıxış edən yüksək qonaqlar da bu məqamı vurğuladılar. Bu çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki roluna hörmətlə yanaşı, bugünkü Azərbaycan dövlətinə, onun rəhbərliyinin həyata keçirdiyi siyasətə dəstək əksini tamışdır.

Polşa Senatının sədri Boqdan Boruseviç:

«Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dünya tarixində mühüm dönüş nöqtəsi idi. Çünki Azərbaycan özünün İstiqlal Bəyannaməsində demokratiya, milliyyətindən və dini etiqadından asılı olmayaraq, vətəndaşların hüquqlarına riayət edilməsi prinsiplərini təsbit etmiş ilk müsəlman ölkəsi oldu. Müstəqilliyin qısa tarixi bizim xalqlarımızın qismətinə düşmüş bənzəyişdir. Tarixi təcrübə, dostluq, strateji tərəfdaşlıq - bizi birləşdirən ümumi cəhətlərdir. Biz Azərbaycanın Avropaya inteqrasiya səylərini dəstəkləyirik».

Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan:

«1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi əsasını qoyduğu yeniliklər sonrakı dövrlərdə bir çox ölkələr üçün nümunə, bütün türk dünyası üçün də önəmli hadisə olmuşdur».

Litva Seymi sədrinin müavini Gintaras Stepanoviçius:

 «Azərbaycan xalqı 1918-ci ildə qazandığı müstəqilliyi xarici təcavüz nəticəsində itirsə də, mübarizədən dönməmişdir. Bu mübarizə 1991-ci ildə müstəqilliyin yenidən bərpası ilə nəticələnmişdir. Bu, Azərbaycan xalqının şanlı tarixidir. Bu müstəqilliyinin qorunmasında və dönməz xarakter almasında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur».

Böyük Britaniya İcmalar Palatasının deputatı baronessa O’Kayn:

«Şərqdə ilk dəfə 1918-ci ildə demokratik parlamentin Azərbaycanda yaranması, burada qadınlara seçmək və seçilmək hüququnun verilməsi tarixi hadisə idi. Bu gün Azərbaycanda gedən demokratik proseslər, iqtisadi inkişaf, uğurlu neft strategiyası başqa dövlətlərə nümunə sayıla bilər. Biz Azərbaycanın inkişafına, onun təbliğatına dəstək verməliyik».

Britaniyalı parlamentar baronessa O’Kaynın bu sözləri bir daha göstərir ki, Azərbaycanın güclənməsi, uğurlu inkişafı onun dünyadakı dostlarının, lobbi imkanlarının sırasını da genişləndirir. Azərbaycana təşrif buyuran hər bir qonaq ölkəmizin sürətli tərəqqisinin, Azərbaycanın inkişaf etmiş, demokratik dünya birliyinə inteqrasiya kursunun bilavasitə şahidi olur. Bu baxımdan Cümhuriyyət parlamentinin yubileyinin yüksək səviyyədə qeyd olunması nəticə etibarilə ölkəmizin dünyadakı nüfuzuna, onun uğurlarının təbliğinə töhfə verəcək mühüm hadisədir. Buradan yüksək təəssüratla geri dönən qonaqların öz ölkələrinin parlamentlərində, beynəlxalq dairələrdə Azərbaycanın xeyrinə deyəcəkləri hər söz bizim nailiyyətimiz deməkdir.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu 

* * *

5. Qarabağı bizə qaytaracaq yeganə qüvvə Azərbaycan ordusudur

Azərbaycan Silahlı Qüvvələrinin artan güc və potensialı bunu hər ötən gün daha əminliklə söyləməyə əsas verir

(«525-ci qəzet», 02.07.2008)  

Bu günlər Azərbaycan tarixinin əlamətdar günlərini qeyd edir. 90  il öncə dünyaya bəyan edilən milli istiqlalımızın, müsəlman Şərqinin ilk demokratik, parlamentli respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi salnaməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki bugünkü Azərbaycan həmin Cümhuriyyətin varisidir, 90 il əvvəl təməli qoyulan, lakin ömrü qısa olan milli dövlətçiliyimiz müstəqil Azərbaycan Respublikasının timsalında uğurlu inkişaf yolu qət edərək öz nüfuzunu dünyaya tanıtmaqdadır. Bunun bariz misallarından biri də Azərbaycan ordusunun keçdiyi inkişaf yolu, Silahlı Qüvvələrimizin bugünkü güc və potensialıdır.

Hər bir dövlət üçün dünyada, yerləşdiyi regionda söz sahibi olmağın başlıca şərtlərindən biri məhz güclü ordu faktorudur. Azərbaycan kimi müstəqilliyi çətin sınaqlardan keçmiş, hərbi təcavüzə məruz qalmış dövlət üçün həmin faktor xüsusilə müstəsna önəm kəsb edir. Milli ordumuzun yaradılmasının 90 illik yubileyinin bu günlərdə böyük təntənə ilə qeyd edilməsi də bizim təcavüzkar düşmənə ən sərrast mesajımız oldu. Paytaxtın Azadlıq meydanında düzənlənən möhtəşəm hərbi parad, bir tərəfdən, Silahlı Qüvvələrimizin gücünün nümayişi idisə, digər yandan, Azərbaycan dövləti və onun rəhbərliyinin hərbi quruculuğa verdiyi diqqətin, onun real nəticələrinin və irəlidəki perspektivlərin göstəricisi idi.

Mübaliğəsiz demək olar ki, 26 iyun hərbi paradı ən yeni tariximizin əlamətdar hadisəsi kimi yaddaşlarda qalacaq. Həmin gün Azərbaycanın xalqı ilk dəfə olaraq öz ordusunu, onun qüvvə və bacarığını, maddi-texniki imkan və üstünlüklərini əyani şəkildə gördü və əminliklə demək olar ki, bu təəssüratdan dərin fəxarət hissi keçirdi. Paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi tədris müəssisələrinin şəxsi heyətinin göz oxşayan keçidi, ən müasir hərbi texnika, artilleriya və raket qurğuları, döyüş vertolyotları, təyyarələr, gəmilərədək hər bir element güclü, nizami, müzəffər yürüşə hazır olan ordunun nümayişi idi.

Bu parad, eyni zamanda, Azərbaycanda hərbi kadr hazırlığı, ordu quruculuğu yoluna nəzər salmaq, Silahlı Qüvvələrimizin bugünkü qürurverici səviyyəyə hansı mərhələlərdən keçərək gəldiyini xatırlamaq üçün əlamətdar bir imkan idi. Özü də söhbət Azərbaycanın müstəqilliyini bərpa etməsindən - 1991-ci ildən sonrakı mürəkkəb dövrdən deyil, daha arxadakı tarixdən - sovetlər dönəmindən 70-ci illərindən gedir. Çünki bugünkü Azərbaycanın sənaye-iqtisadi, elmi-texniki potensialının önəmli bir hissəsi kimi, respublikada hərbi quruculuğun faktiki təməli də məhz o dövrdə qoyulub. Hərçənd bunu indi fakt olaraq konstatasiya etmək bəlkə də çoxlarına asan görünə bilər, gerçək tarix isə belə deyildi.

Təkcə bir məqamı nəzərə alaq ki, Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu illərdə o vaxtkı mərkəzi hakimiyyət «velikorus» şovinizminin ənənəsini örtülü şəkildə davam etdirərək milliləlxüsus müsəlman-türk) respublikalarda hərbi kadr hazırlığına həddən artıq qısqanclıqla yanaşırdı. Azərbaycanın da bolşevik Rusiyası tərəfindən işğalından sonra  müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edilmiş, Cümhuriyyət dövrünün milli zabit heyətinin böyük qismi 20-30-cu illərin repressiyalarının qurbanı olmuşdu. Azərbaycanlılar SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmətə cəlb edilsələr də, onların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılırdı.

Bir sözlə, sovet dövlətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu da məlum siyasi-ideoloji prinsiplərə köklənmişdi, İttifaq ərazisində ali hərbi məktəblər, əsasən, slavyan respublikalarında - Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi. «Bunları görəndə, düşünürdüm, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?», - deyə sonralar böyük lider Heydər Əliyev həmin dövrü belə xatırlayırdı. Onilliklərdən bəri davam edən bu vəziyyəti dəyişmək üçün, mərkəzi hakimiyyəti Azərbaycanda hərbi kadr hazırlığı məktəbinin açılmasına razı salmaq üçün cəsarətli siyasət, diplomatik bacarıq lazım idi.

Heydər Əliyev respublikaya rəhbərliyə başlayandan sonra bu məsələni bir neçə dəfə İttifaq hökuməti qarşısında qaldırmış, Azərbaycandan ildə təxminən 60 min gəncin ordu sıralarına göndərilməsinin, amma onların tam əksəriyyətinin inşaat batalyonlarında xidmət keçməsinin qeyri-normal olduğunu nəzərə çatdırmışdı. Bundan sonra Moskvadan Bakıya təşrif buyuran komissiyalar Azərbaycanda hərbi məktəbə  ehtiyac olmadığını "əsaslandırmağa" çox çalışsalar da, Heydər Əliyev istəyinə nail oldu və 1973-cü ildə Azərbaycanda hərbi kadrlar hazırlayan təlim-tədris ocağı - Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidməti, uzaqgörən addımı idi.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə məhz həmin məktəb respublikada hərbi quruculuğun əsas kadr bazasına çevrildi, onun yetirmələri Silahlı Qüvvələrin zabit heyətində yer aldılar. Təəssüf ki, Azərbaycanın müstəqilliyinin ilk illərində, dövlət quruculuğunun bütün sahələlərində olduğu kimi, hərbi sahədə də sərişitəsiz idarəçilik acınacaqlı vəziyyət yaratmışdı. Ermənistanda milli ordunun yaradılması faktiki olaraq 1991-ci ilin yanvarından qurulsa da, Azərbaycanda bu proses formal olaraq 1991-ci ilin sonunda başlanmışdı. Üstəlik 1992-1993-cü ilin məlum prosesləri, başıpozuq özünümüdafiə dəstələrindən «ibarət olan» ordunun ifrat siyasiləşməsi, bunun nəticəsi olaraq 1993-cü ilin yaz-yayında cəbhədə yaşanan ağır itkilər Silahlı Qüvvələri də iflas həddinə gətirmişdi. Dövləti və onun ordusunu bu iflasdan çıxarmaq üçün bacarıqlı liderə, komandana ehtiyac vardı.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə gerçək ordu quruculuğu faktiki olaraq sıfırdan başlandı. Lakin bu prosesi fundamental həyata keçirmək üçün Azərbaycan dövlətinin dövlətin toparlanması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ən əsası isə, hərbi gücün təməli olan iqtisadiyyatın dirçəldilməsi zəruri idi. Məhz bu amilləri nəzərə alaraq Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə nail oldu. Böyük öndər atəşkəsə razılıq verərkən Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar olduğu kimi, müzəffər ordu quruculuğu üçün nə etmək lazım olduğunu da gözəl bilirdi.

Azərbaycan dövlətinin, onun Silahlı Qüvvələrinin sonrakı inkişaf yolu bu uzaqgörənliyin real təsdiqi oldu. Bu, eyni zamanda, Heydər Əliyevin 70-ci illərdə başladığı hərbi quruculuq yolunun davamı idi. Tarix elə gətirdi ki, böyük öndər 1973-cü ildə təməlini qoyduğu hərbi məktəbin 30 il sonrakı yubileyində də şəxsən iştirak edərək həmin anın xoşbəxtliyini yaşadı. «Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm», - deyə Heydər Əliyev 2003-cü il aprelində keçirilən yubiley toplantısında bildirmişdi.

2003-cü ildən sonrakı dövrü, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində  olduğu kimi, Silahlı Qüvvələrimizin tarixində də yeni inkişaf mərhələsi kimi xarakterizə etmək olar. Bu dövrdə Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişaf ölkənin hərbi-müdafiə potensialının möhkəmlənməsinə, ordunun maddi-texniki bazasının güclənməsinə, şəxsi heyətinin sosial  qayğılarının daha geniş həcmdə həllinə imkanlar yaradıb. Təkcə bir faktı qeyd etmək yetər ki, 2003-cü ildə Azərbaycanın 135 milyon dollar həcmində olan hərbi büdcəsi bu müddətdə 11 dəfədən çox artaraq 2008-ci ildə 1,5 milyard dollara çatıb.

Müqayisə üçün qeyd edək ki, Ermənistan 2008-ci il üzrə hərbi xərcləri 400 milyon dollara yaxın nəzərdə tutulub və bu ölkə həm iqtisadi, həm də bilavasitə hərbi sahədə Azərbaycanla ayaqlaşmaq gücündə olmadığını hər ötən gün daha dərindən hiss edir. Son bir neçə il ərzində Azərbaycanda həmçinin müasir hərbi sənaye kompleksi yaradılıb, bu sahədə ən yeni texnologiya tətbiq olunur, silah, sursat və hərbi avadanlığın istehsalına başlanılıb.

Bu gün Azərbaycan ordusunun texniki təchizatı regionda ən yüksək səviyyədədir. Bir vaxtlar Ermənistan xarici dövlətlərdən aldığı hərbi yardımlar sayəsində özünü Azərbaycandan üstün hiss edirdisə, artıq bu vəziyyət kökündən Azərbaycanın xeyrinə dəyişib. Prezident İlham Əliyev 26 iyun paradındakı çıxışında bunu bir daha nəzərə çatdırdı: «Vaxtilə Ermənistanla Azərbaycan arasında hərbi sahədə olan balans, tarazılıq artıq pozulub.

Bu gün Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur və bu proses davam etdirilir, ordunun güclənməsi üçün nə lazımdırsa, biz bundan sonra da edəcəyik. Çünki Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. Əlbəttə, biz sülh danışıqlarını davam etdirəcəyik. Ancaq, eyni zamanda, güclü ordunun yaranması həm danışıqlar prosesinə müsbət təsir göstərir və göstərəcəkdir, həm də bizə imkan verir ki, biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı işğalçılardan azad edək».

Bəli, Qarabağ müharibəsində artıq 14 ildir ki, atəşkəs rejimi olsa da, nə savaş bitib, nə də sülh danışıqları bir nəticəyə gətirib. Eyni zamanda, bir gerçək hər kəsə bəllidir ki, sülh danışıqları, diplomatiya o vaxt səmərəli olur ki, onun arxasında güclü və düşmənin hesablaşdığı ordu dayanmış olsun. Azərbaycan ordusu da Qarabağ savaşında hələ son sözünü deməyib və mütləq deməlidir.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu

 



Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009