Rusiya həmişəkitək bildirir ki, Azərbaycanı özünə dost və tərəfdaş kimi görür, amma iş konkret mövqeyə gəldikdə təfərrüata varmaq istəmir
(«525-ci qəzet», 23.05.2007)
Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Bakı-Moskva münasibətlərinin heç də rəvan olmadığı vaxtda Azərbaycana səfəri gözlənildiyi kimi də keçdi. Diplomatik ifadə tərzindən kənara çıxmayan Rusiya XİN rəhbəri indiyədək dəfələrlə eşitdiyimiz siyasi bəyanatları təkrarlamaqla yetindi: «Rusiya Azərbaycanı özünə dost və strateji tərəfdaş kimi görür. Biz münasibətlərimizin daha da dərinləşdirilməsini istəyirik». Qarabağ məsələsi ilə bağlı ifadələr də yeni deyildi: «Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədri, həm də Azərbaycanla Ermənistanın dostu kimi bu münaqişənin həlli üçün əlindən gələni edəcək.
Əminəm ki, tərəflərin siyasi iradəsi nəticəsində hamını razı salacaq həll variantını tapmaq mümkün olacaq». Azərbaycan xarici işlər nazirinin bu xüsusda açıqlamasında da yeni fikir yox idi: «Biz rusiyalı həmsədrin Minsk qrupu çərçivəsində aktiv fəaliyyətindən razıyıq. Hesab edirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynamalıdır».
İki ölkənin xarici siyasət idarəsi rəhbərinin səsləndirdiyi bu «növbətçi» diplomatik şablonlar indiyədək Azərbaycan və Rusiya rəhbərlərinin çeşidli görüşlərində, birgə siyasi bəyanatlarda dəfələrlə diqqətə çatdırılıb. Azərbaycan rəhbərliyi dəfələrlə Rusiyanın nəzərinə çatdırıb ki, bu ölkədən Qarabağ probleminin həllində, ölkəmizin ərazi bütövlüyü məsələsində daha prinsipial mövqe gözləyir.
Kreml də hər dəfə bildirib ki, bundan artığını edə bilməz, çünki bu münaqişədə tərəf tutmaq istəmir. Gerçəkdə isə Rusiyanın Qarabağ məsələsində nə qədər «bitərəf» olduğu bu münaqişənin tarixindən də, indisindən də bəllidir. Moskva hər yeri gələndə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, indiyədək Qarabağ münaqişəsinin məhz bu çərçivədə həllinə yönəlik bir kəlmə belə işlətməyib. Hərçənd Qarabağ münaqişəsində vasitəçilik edən digər ölkələr də bu baxımdan Rusiyadan geri qalmır, amma indilik onlarla işimiz olmadığı üçün bu məsələni bir kənara qoyaq.
Çünki Rusiya ilə münasibətlərimizdə aydınlaşdırılması gərəkən bir sıra konkret xüsuslar. Lavrovun səfəri öncəsi Bakı Rusiyaya bu ölkənin çeşidli qurumlarının Dağlıq Qarabağdakı erməni separatizminin himayə olunması, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasına yönəlik hərəkətləri ilə bağlı iki etiraz notası vermişdi. Azərbaycan XİN aprelin sonunda Rusiyanın RTR kanalında Naxçıvanın tarixi Ermənistan ərazisi təqdim olunmasına, mayın əvvəlində isə Rusiyada nəşr olunmuş «Böyük Ensiklopediya»da Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsinə etiraz etmişdi. Hər iki notada nəzərə çatdırılırdı ki, bu cür tarixi və mövcud gerçəkliyi təhrif edən bu cür faktlar Azərbaycan-Rusiya əlaqələrinin ruhuna ziddir, bu ölkənin Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi kimi roluna və ümumilikdə Rusiyanın Azərbaycan ictimai rəyindəki imicinə mənfi təsir edir.
Ötən müddətdə Moskva birinci notaya alayarımçıq cavab verib. Rusiya tərəfin izahatına görə, Rusiyada senzura olmadığı üçün dövlətin RTR kanalına təsir göstərmək imkanı yoxdur. Rusiya səfiri Vasili İstratovun ötən həftə verdiyi açıqlamadan belə qənaətə gəlmək olar ki, Moskvanın ikinci notaya cavabı da birincidən fərqlənməyəcək. Odur ki, bu məsələyə dair Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşdən sonra necə münasibət bildirəcəyi maraq doğururdu.
Lakin Rusiya naziri bu mövzuya heç toxunmadı. Azərbaycan XİN rəhbərinin sözlərindən isə məlum oldu ki, rusiyalı həmkarı bu məsələ ilə bağlı daha öncə verilmiş izahata yeni heç nə əlavə etməyib. «Təbii ki, bu cavab bizi qane etmir. Biz istərdik ki, Rusiya XİN bu barədə daha aydın mövqe ifadə etsin, çünki Rusiya telekanalı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alıb» - Məmmədyarovun sözlərindən bəlli olur ki, Bakı bu məsələni bitmiş hesab etmir. Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın bu xüsusda mövqeyini xarici işlər nazirinin müavini Araz Əzimov Moskvaya səfəri gedişində rusiyalı həmkarlarının diqqətə çatdırmışdı. Eyni zamanda, o qeyd etmişdi ki, Rusiya tərəfin ölkədə senzura olmadığını əsas gətirərək RTR kanalının fəaliyyətinə müdaxilə etmədiyini bildirməsi məsuliyyətdən yayınmaqdan savayı bir şey deyil. Ən azı ona görə ki, RTR özəl deyil, dövlət telekanalıdır.
Qeyd edək ki, Rusiya rəsmilərinin «bizdə senzura yoxdur» deyərək bu məsələdən yayınması məlum bir taktikadır. Əslində bir çox ölkələr (özəlliklə Qərbdə) bənzər situasiyalarda belə davranırlar. Bu baxımdan Rusiya tərəfin izahatını yalnız «Böyük Ensiklopediya» nəşri ilə bağlı qismən qəbul etmək olar. Çünki sözügedən eksiklopediya həqiqətən də dövlət sifarişi ilə deyil, Rusiyanın ən iri özəl nəşriyyat-poliqrafiya qurumu olan «Terra» holdinqi tərəfindən hazırlanıb. Digər yandan, 62 cildlik bu nəşrin önsözündə deyilir ki, o, prezident Vladimir Putinin fərmanı ilə nəşr olunan «Böyük Rusiya ensiklopediyası»ndan (30 cild, 2004-cü ildən nəşr olunur, hələlik 12 cildi çapdan çıxıb) fərqli olaraq qeyri-siyasi üslubda, yalnız mövcud faktları əks etdirməklə hazırlanıb və müəlliflərə sərbəstlik verilib.
Yeri gəlmişkən, «Böyük Ensiklopediya»nın Elmi-Redaksiya Şurasına Rusiya EA-nın 10 akademiki, o cümlədən EA-nın vitse-prezidenti Gennadi Mesyas daxildir. Bütövlükdə isə nəşrin hazırlanmasında 500 nəfərlik müəllif heyəti iştirak edib. Onların arasında, sözsüz ki, erməni müəlliflər də var. Odur ki, nəşrin üslubu onlara da xeyli sərbəstlik verib.
Bu nəşrin «Dağlıq Qarabağ Respublikası»ndan bəhs cildinin (42-ci cild) tirajının müsadirə olunması və onun müvafiq düzəlişdən sonra yenidən çap olunmasına (Bakı Moskvadan bunu tələb edir) gəldikdə , bu real görünmür. Nəşriyyatın rəhbərliyi də çətin ki, bu qeyri-kommersiya addımını atsın. Onu da qeyd etmək lazımdır ki, «Böyük Ensiklopediya»nın 62 cildinin hamısı 2006-cı ildə çap olunub və bütöv dəst olaraq realizə olunur. Qiyməti də ucuz deyil - 75 min rubl (təxminən 3 min dollar). Bundan əlavə, nəşriyyat «Böyük Ensiklopediya»ya əlavə olaraq yeni məlumatlar, düzəlişlər və s. nəzərdə tutan illik əlavə cildlərin çap ediləcəyini bildirir və nəzəri cəhətdən yalnız bu əlavə cildlərdə Dağlıq Qarabağa dair bizi qane edəcək hansısa düzəliş ya qeydin yer almasına ümid bəsləmək olar.
O ki qaldı RTR kanalına, onun məhz dövlətin nəzarətində olduğunu dəqiqləşdirmək üçün uzağa getmək lazım deyil. Telekanalın mülkiyyətçisinin dövlət olduğu onun internet saytında açıq-aydın qeyd olunub. Yeri gəlmişkən, 2007-ci il üçün «Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkəti»nə dövlət büdcəsindən 330 milyon dollardan çox maliyyə ayrılıb.
Bu sadalananlardan sonra bir suala cavab axtarmaq gərəkdir: Azərbaycan bu vəziyyətdə nə etməlidir? Təbii ki, qarşı tərəfi sənin suverenliyinə qeyd-şərtsiz hörmətini təmin etmək üçün adekvat addımlar atılmalıdır. Hansı?
Bax bu barədə ciddi düşünməyə dəyər. Əlbəttə, indi deyilə bilər ki, Azərbaycanın da müvafiq nəşriyyatları Rusiya tərəfinə cavab addımı kimi bu ölkənin ərazi bütövlüyünü, suverenliyini şübhə altına alan ensiklopediyalar nəşr edə, yaxud bizim dövlət televiziyası da RTR sayaq hərəkət edə bilər. Bəli, edə bilər, amma bunu optimal çıxış yolu saymaq düzgün olmazdı. Zənnimizcə, bu cür postfaktum səciyyəli «cavab addımları»ndansa, biz daha çox bu cür proses və olayları qabaqlamağı bacarmalıyıq. Məsələn, Rusiyanın elmi institutlarında xeyli azərbaycanlı alim fəaliyyət göstərir, amma onlardan kimsə bu ensiklopediyanın müəlliflər heyətində yer alıbmı, yaxud buna cəhd edilibmi?
Digər yandan, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin hesabatında Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər barədə yer almış yanlışlığın bərpası ilə bağlı rəsmi Bakının nümayiş etdirdiyi prinsipiallıq bu məsələdə müsbət presedent ola bilər. Hər halda, Rusiya rəsmilərinin də qeyd etdiyi kimi, bu ölkənin Azərbaycandakı maraqları və Azərbaycanla sıx tərəfdaşlıq etmək istəyi Amerikanın maraq və istəyindən az deyil ki, çoxdur. Özü də söhbət təkcə siyasi, iqtisadi, yaxud hərbi-təhlükəsizlik məsələlərindən getmir. «Biz Azərbaycanla humanitar sahədə əməkdaşlıq, Rusiya ali məktəblərinin Azərbaycanda filiallarının sayının artırılması, Rusiya ərazisində Azərbaycan dilinin tədrisi və s. məsələlərdə maraqlıyıq» - bunu Lavrov bildirdi. Elə isə gəlin, bu məsələdə bir-birimizin mənafelərimizə, ən azı dövlət suverenliyimizə qarşılıqlı hörmət edək.
Amma hələlik anlaşılan odur ki, Kremlin pəncərəsindən Azərbaycan heç də olduğu kimi, yaxud biz istəyən kimi görünmür: rusiyalı «dostları»mız gah Qarabağı başqa cür görürlər, gah Naxçıvanı. Yeri gəlmişkən, mayın 27-də ermənilər Moskvadakı «Mərkəzi Ədiblər Evi»ndə Qarabağa dair növbəti konfrans keçirməyi planlaşdırırlar. Tədbirin təşkilatçılarından biri də «DQR-in Rusiyadakı nümayəndəliyi»dir…
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
2. Avropada təhlükəsizlik sistemi və Azərbaycan
Son gəlişmələr ölkəmizin bu xüsusda nə dərəcədə strateji önəmə malik olduğunu bir daha təsdiqləyir
(«525-ci qəzet», 09.06.2007)
Son günlərin beynəlxalq müstəvidə ən çox müzakirə olunan mövzularından biri Avropada təhlüksizlik sistemi, daha doğrusu, bu sistemin - yaxşı və ya pis - indiyədək mövcud olmuş nisbi tarazlıq modelinin faktiki sıradan çıxması təhlükəsi ilə bağlıdır. Bu təhlükə isə dünyanın bir nömrəli fövqəldövləti olan Birləşmiş Ştatlarla ən azı hərbi-strateji baxımdan ondan geri qalmayan Rusiyanın qarşılıqlı təhdidedici addımlarından qaynaqlanır. ABŞ-ın Şərqi Avropada yeni raket hücumundan müdafiə (RHM) sistemi qurmaq planlarını elan etməsi, Rusiyanın buna cavab addımları atacağını bəyan etməsi «köhnə qitə»nin yenidən «soyuq müharibə» arenasına çevriləcəyinə dair fikirlərə yol açıb.
Təsadüfi deyil ki, iyunun 6-8-də Almaniyanın Hayligendamm şəhərində keçirilən «Böyük 8-lik» (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya) sammitində də başlıca müzakirə məsələlərindən biri məhz bu mövzu idi. Nəzərə alsaq ki, Azərbaycan Avropanın bir hissəsidir, onda bu məsələnin bizim üçün önəm kəsb etdiyini xüsusi vurğulamağa gərək yoxdur. Üstəlik Azərbaycanın adı həm Amerikanın Avropa üzrə yeni RHM planlarında hallanır, həm də ölkəmiz Rusiyanın birtərəfli qaydada tərk edəcəyini bildirdiyi «Avropada adi silahlı qüvvələr haqqında» müqavilənin iştirakçısıdır.
Məhz belə bir fonda «Böyük 8-lik» sammitində açıqlanan əlamətdar xəbər, yəni Rusiyanın Azərbaycan ərazisində icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasının (RLS) Amerika ilə birgə istifadəsini təklif etməsi və ölkəmizin bir anlamda dünyanın gündəminə gəlməsi bu önəm faktoruna əlavə, özü də strateji bir anlam gətirmiş olur. Təbii ki, bu xüsusda fikir və təhlillər, eləcə də Rusiyanın bu təklifinə Amerikanın nəticə etibarilə necə yanaşacağı və nəhayət, Azərbaycanın bu geostrateji proseslərdəki yeri barədə rəylər hələ çox səslənəcək.
Bununla belə, artıq indidən bir məqam bəllidir ki, bütün bu gəlişmələr hər şeydən öncə Azərbaycanın dövlət olaraq strateji yerinin bir daha təsdiqlənməsi deməkdir.
Başqa sözlə, Azərbaycan bununla artıq qlobal təhlükəsizliyin (o sıradan Avropa təhlükəsizlik sisteminin) çox önəmli bir iştirakçısına çevrilmiş olur. Digər yandan, bu olayların bir qədər öncəsinə nəzər salsaq, proseslərin məhz bu nəticəyə varacağının heç də gözlənilməz olmadığını görərik.
Qeyd etmək lazımdır ki, ABŞ-ın dünyanın müxtəlif regionlarını əhatə edəcək yeni «təhlükəsizlik çətiri» yaratmaq barədə planları 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra aktuallaşmışdı. Özəlliklə İraq kampaniyasının başlamasından sonra Amerika özünə düşmən hesab etdiyi («şəh məhvəri») ayrı-ayrı ölkələrdən gələ biləcək mümkün təhdidləri önləmək üçün qlobal təhlükəsizlik sistemini yenidən qurmağı zəruri sayırdı.
Bəllidir ki, «soyuq müharibə» dönəmində Amerikanın strateji təhlükəsizlik sistemi əsasən SSRİ-dən gələ biləcək raket zərbələrini önləməyə (eləcə də SSRİ-nin antiraket sipəri də Amerika və NATO-dan gələ biləcək zərbələrə) hədəflənmişdi. Ona görə də «soyuq müharibə»nin ən azı rəsmən başa çatmasından və Moskva ilə Vaşinqtonun nüvə başlıqlarını bir-birinə tuşlamadıqlarını yenə ən azı rəsmən bəyan etməsindən sonra əslində bu qarşılıqlı təhlükə(sizlik) sistemlərinə yeni baxış lazım idi. 2001-ci ilin 11 sentyabr olayları və Amerikanın artıq dünyanın başqa nöqtələrini (dövlətlərini) özü üçün təhlükə mənbəyi görməsi isə bu dəyişikliyi faktiki zəruri edirdi.
Odur ki, 2003-ci ilin noyabrında Vaşinqton bu yöndə planlarını rəsmən açıqlamışdı. Prezident Corc Buş beynəlxalq terrorizmlə mübarizəni daha effektiv aparmaq üçün Amerikanın qlobal təhlükəsizlik sisteminin yenidən qurulacağını bəyan etmiş və dünyanın müxtəlif regionlarını əhatə edəcək «təhlükəsizlik çətirləri»nin, mobil hərbi bazaların təşkil olunacağını bildirmişdi. O vaxt Birləşmiş Ştatlar bu mövzuda bir sıra ölkələrlə, həmçinin Xəzər regionu üzrə Azərbaycan və Qazaxıstanla danışıqlar aparmışdı.
2003-cü ilin dekabrında Bakıya səfər edən ABŞ-ın müdafiə naziri Donald Ramsfeld «Xəzər mühafizəsi» («Caspian Guard») layihəsinin konturlarını Azərbaycan rəhbərliyi ilə müzakirə etmiş və bu sistemin Xəzərdə (su və hava məkanında) beynəlxalq terrorizm, silah qaçaqmalçılığı, narkotrafik və s.-lə mübarizə üçün effektli ola biləcəyini demişdi. ABŞ bu layihənin artıq 2004-cü ildən icrasına başlamağı nəzərdə tutsa da, onun Xəzərin o tayındakı tərəfdaşı - Qazaxıstan bu ideyanı qəbul etmədi. Astana bildirmişdi ki, bu layihə Xəzər ətrafında əlavə gərginliyə rəvac verər, çünki hövzənin iki ölkəsi - Rusiya və İran - Xəzər üzərində «Amerika çətiri»nə qəti qarşıdır.
Əslində bu tezis bizim üçün də keçərli idi, bununla belə, rəsmi Bakı Pentaqonun təşəbbüsünə rədd cavabı verməyərək onu müzakirə etməyə hazır olduğunu bildirmişdi. Düzdür, həmin vaxtdan sonra bu məsələdə elə bir konkret gəlişmə nəzərə çarpmayıb, lakin Amerikanın bu təşəbbüsdən tamamilə vaz keçdiyini də düşünmək yanlış olardı. Eyni zamanda, o da məlumdur ki, Amerika hazırda Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində respublika ərazisində bir neçə mobil RLS qurulmasında iştirak edir. Başqa sözlə, Qazıxıstanın imtinasından sonra Pentaqon regional «təhlükəsizlik çətiri» ideyasını Azərbaycanla birgə və daha lokal miqyasda həyata keçirmək qərarına gəldi.
Digər yandan, 2007-ci ilin əvvəlindən Azərbaycan və ümumilikdə Cənubi Qafqaz Amerikanın daha qlobal planında, yeni RHM sistemi çərçivəsində gündəmə gəldi. Özünün qlobal təhlükəsizlik sistemini yenidən qurmağa başlayan ABŞ yeni RHM sisteminin 10 yerüstü komponentindən 3-nü Avropada yerləşdirmək niyyətini elan etdi. Həmin komponentlərdən 2-nin Şərqi Avropada, konkret olaraq Çexiya və Polşada (2011-2013-cü illərdə) yerləşdiriləcəyi bildirilir.
Bununla yanaşı, ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyinin direktoru general Henri Oberinq 2007-ci ilin martında bu məsələni Brüsseldə NATO ilə (alyansda Amerikanın yeni RHM planlarına münasibət birmənalı deyil) müzakirə edərkən bildirmişdi ki, Vaşinqton raket əleyhinə daha bir mobil radar sistemini də Cənubi Qafqazda yerləşdirməyi planlaşdırır.
Amerikalı general təfərrüata varmasa da, söhbətin Gürcüstan yaxud Azərbaycandan getdiyini yəqin etmək çətin deyildi. Hər halda ABŞ radarlarının Rusiyanın regiondakı forpostu olan Ermənistanda yerləşdirilməsini düşünmək siyasi fantaziya olardı. Eyni zamanda, amerikalı general Cənubi Qafqazda qurulması nəzərdə tutulan radar sisteminin «İrana istiqamətlənəcəyini» deyərək Rusiyanın bundan əndişələnməsinə əsas olmadığını nəzərə çatdırmışdı.
Pentaqon generalının açıqlamasından sonra həm Tbilisi, həm də Bakı rəsmiləri Amerika ilə bu yöndə hər hansı müzakirə aparmadıqlarını bəyan etmişdilər. Hərçənd bunun əksini gözləmək də sadəlövhlük olardı. Bir qədər bundan əvvəl, may ayında isə Britaniyanın «Financial Times <http://www.regnum.ru/look/46696e616e6369616c2054696d6573/>» Gürcüstanın XİN başçısı Gela Bejuaşviliyə istinadən Amerikanın Avropadakı üçüncü radar sistemini Gürcüstanda yerləşdirmək barədə danışıqlar aparıldığını yazmışdı. Düzdür, sonradan gürcü nazir bunu təkzib etdi və qəzetin onun sözlərini təhrif etdiyini dedi. Bejuaşvili bildirmişdi ki, müsahibəsində, sadəcə, nəzəri cəhətdən belə bir müzakirənin mümkünlüyünü deyib, gerçəkdə isə, Amerika ilə bu yöndə hər hansı danışıq aparılmır.
Ötən müddətdə özəlliklə Rusiya dairələrində Azərbaycanın sözügedən radar sisteminə evsahibliyi edəcəyi barədə spekulyasiyalar da yetərincə səslənib.
Rusiya ekspertlərinə görə, əgər sözügedən sistem, amerikalıların dediyi kimi, İranın mümkün raket hücumlarına qarşı nəzərdə tutulursa, onun üçün ən əlverişli yer məhz Azərbaycan ərazisidir. Digər yandan, Rusiya tərəfi ABŞ-ın ona verdiyi izahatla qane deyildi və istər Şərqi Avropada, istərsə də perspektivdə Cənubi Qafqazda qurulacaq radar sistemlərini məhz özünə təhlükə hesab etdiyini dəfələrlə nəzərə çatdırıb. Rusiya həmçinin xəbərdarlıq etmişdi ki, Çexiya və Polşada radar sistemləri yerləşdirilsə, buna cavab olaraq təkcə «Avropada adi silahlar haqqında» çoxtərəfli müqavilədən deyil, həmçinin ABŞ-la 1987-ci ildə imzalanmış «Yaxın və orta mənzilli raketlər haqqında» ikitərəfli müqavilədən (vaxtkı 2012-ci ildə başa çatır) birtərəfli qaydada çıxacaq.
Bütün bunlarla yanaşı, Rusiyanın mühüm bir nigarançılığı Azərbaycan sarıdan idi. Moskva narahatlıq keçirirdi ki, Azərbaycan Qəbələ RLS-in Rusiya tərəfdən icarə müddəti bitəndən sonra (2012-ci ildə) bu strateji obyekti ABŞ-ın istifadəsinə verə bilər. Bu isə bölgədə ABŞ-Rusiya gərginliyinin kritik həddə gəlməsi demək olardı. Odur ki, əslində Rusiya tərəfi Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə hazır idi. Çünki bununla Rusiya həm də Amerikanı yeni radar sistemləri planlarından qismən daşındıra bilərdi. Təsadüfi deyil ki, hələ bir neçə ay öncə bu məsələ məhz Rusiya KİV-i tərəfindən ortaya atılmış, ardınca Rusiyanın Bakı böyükelçisi, daha sonra isə (mayın sonunda) Bakıda səfərdə olan Rusiya XİN başçısı bunu rəsmən təsdiqləmişdilər. Qeyd edək ki, həmin vaxt ABŞ-ın Bakıdakı səfirliyindən Rusiya ilə Qəbələ RLS-ə dair hər hansı danışıq aparılmadığı bildirilmişdi.
Bununla belə, iyunun 7-də Rusiya prezidentinin amerikalı həmkarı ilə görüşdə rəsmən açıqladığı bu təklifin qarşı tərəf üçün tam sürpriz olduğunu düşünməyə dəyməz. Sözsüz ki, Amerika tərəfi məsələdən hali idi və belə bir təklifin səslənəcəyini gözləyirdi. Bunu prezident Buşun Putinin təklifinə reaksiyası da təsdiqləyir. Öz növbəsində ABŞ prezidenti bu xüsusda birmənalı cavab verməyərək Rusiya prezidentinin «çox maraqlı və ciddi təklifi»nin iki ölkənin hərbi ekspertləri, diplomatları tərəfindən incələnəcəyini deyib. Eyni zamanda, bu mövzu ilə bağlı Amerika və ümumilikdə Qərb dairələrində səslənən ilkin mülahizələrə əsasən demək olar ki, Vaşinqton Qəbələ RLS-dən Rusiya ilə birgə istifadəyə (icarəyə) razılaşsa da, ən azı Şərqi Avropadakı planlarından tam əl çəkməyəcək. Amerika bu xüsusda yalnız Cənubi Qafqazda yerləşdirmək istədiyin üçüncü radar firindən daşına bilər.
Son olaraq bir daha Azərbaycanın bu proseslərdəki yerinə qayıdaraq nəyi qeyd etmək olar? Təbii ki, regionda rəqabət, mübarizə deyil, əməkdaşlıq müstəvisi olmaq niyyətini dəfələrlə nəzərə çatdırmış Azərbaycan üçün Rusiya ilə ABŞ-ın bu mühüm məsələdə anlaşması pozitiv sayıla bilər. Ən azı bu, Bakını Amerikadan nə vaxtsa gələ biləcək yeni radar sistemi təklifi qarşısında çətin bir dilemmadan qurtamış olacaq. Belə bir anlaşma həm də Bakının yeritdiyi tarazlı, balanslaşdırılmış xarici siyasət kursunun parametrlərinə uyğundur.
Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya və ABŞ-ın qlobal təhlükəsizlik mübahisəsində məhz bizim vasitəmizlə uzlaşma tapması Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirər. Avropanın enerji təhlükəsizliyində artıq real rol oynamağa başlayan ölkəmiz həm də qlobal strateji təhlükəsizlik sisteminə mühüm töhfə vermiş olar. Bu isə nəticə etibarilə Azərbaycanın özünün təhlükəsizliyi, sərhədlərinin toxunulmazlığı məsələsində siyasi mövqelərinin möhkəmlənməsi deməkdir.
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
3. GUAM: 10 il sonra - sözdən əmələ keçid
Hələ bir il öncəyədək iflasından bəhs edilən təşkilat artıq Avrasiya məkanında güc mərkəzinə çevrilir
(«525-ci qəzet», 23.06.2007)
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM ölkələri dövlət başçılarının bu həftə (18-19 iyun) Bakıda keçirilən sammitinin nəticələri istər regional, istərsə də beynəlxalq müstəvidə müzakarə mövzusu olaraq qalmaqdadır. Çünki Bakı sammiti həm GUAM-ın təşkilat kimi özünütəsdiqi baxımından mühüm qərarların qəbulu ilə yekunlaşdı, həm də onun səmərəli işbirliyi müstəvisi kimi digər ölkələr üçün cəlbediciliyini nümayiş etdirdi. İlk dəfə olaraq GUAM sammitində dörd iştirakçı ölkədən savayı rekord sayda (20-dən çox ölkədən) xarici təmsilçi, o cümlədən üç ölkənin (Polşa, Rumıniya, Litva) prezidenti iştirak edirdi.
Eyni zamanda, sammitin yekununda qəbul edilən sənədlər GUAM-ın təşkilat olaraq inkişaf istiqamətlərini daha aydın şəkilləndirdi. Liderlərin çıxışlarından və «Bakı Bəyannaməsi»nin müddəalarından göründüyü kimi, GUAM-da üç əsas məsələ prioritetlik təşkil edir: üzv ölkələrin energetika, nəqliyyat və s. sahədə əməkdaşlığının dərinləşdirilməsi və GUAM-ın geoiqtisadi güc mərkəzi təşəkkül tapması, demokratik inkişaf və Avropaya inteqrasiya yolunda GUAM-ın digər ölkələr üçün də cazib müstəviyə - yeni Avroatlantika dəhlizinə çevrilməsi, nəhayət, üzv ölkələrin aqressiv separatizmlə əlbir mübarizəsi.
Təbii ki, bu istiqamətlərin hər biri nəticə etibarilə GUAM-ın təşkilati güc və sanbalını təmin etməlidir. Özəlliklə üçüncü qeyd etdiyimiz məsələ - Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi problem olan münaqişələrin həlli yönündə praktik işbirliyi birliyin özünütəsdiqi üçün vacib məsələdir. Çünki bu ölkələri 10 il öncə əməkdaşlığa sövq edən əsas faktorlardan biri də məhz onların ərazilərindəki münaqişələr, separatizm ocaqları olub.
Qeyd etmək lazımdır ki, son bir neçə ildə GUAM formatında bu istiqamətdə siyasi koordinasiya və əməkdaşlıq daha fəal nəzərə çarpır. Bu xüsusda «dördlüyün» beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Baş Assambleyasında birgə qətnamə layihələri ilə çıxış etməsi təqdirəlayiqdir. Xatırladaq ki, bu sahədə son təşəbbüs olan GUAM ölkələrində «dondurulmuş» münaqişələrlə bağlı məsələ 2006-cı il il BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə salınıb, lakin hələlik müzakirəyə çıxarılmayıb.
Digər tərəfdən, GUAM-daxili inteqrasiyasının güclənməsi və bu regional təşkilata beynəlxalq diqqətin artması üzv ölkələrə qarşılaşdıqları separatizm probleminin sahmanlanmasında əlavə siyasi imkanlar saxlayır. Azərbaycan prezidentinin Bakı sammitində vurğuladığı kimi, əgər bu problem GUAM ölkələrinin zəif vaxtlarında onların ərazi bütövlüyünü sarsıda bilməyibsə, bundan sonra bunun baş verəcəyini düşünmək sadəlövhlük olardı: «Ölkələrimizin ən çox iqtisadi və siyasi çətinliklərlə üzləşdiyi dövrdə əgər bu qeyri-leqal rejimlərin müstəqilliyi tanınmadısa, onlar ölkələrimizin artıq sabit inkişaf yoluna çıxdığı və bütün Avrasiya məkanında çox mühüm rol oynadığı bir vaxtda da heç zaman tanınmayacaqdır. GUAM getdikcə böyük siyasi nüfuz qazanan təşkilatdır və ölkələrimizin ərazi bütövlüyünün bərpası məsələsində dəqiq mövqeyi var. Biz nə qədər güclü olsaq, kriminal separatçı rejimlərin öhdəsindən bir o qədər asan gələrik».
Qeyd edək ki, GUAM ölkələrini təhdid edən separatizm problemi təşkilatın öncəki sammitlərində də aparıcı mövzulardan olsa da, məhz Bakı sammitində bu barədə tamamilə aydın və birmənalı mövqe bəyan edildi: bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət üsulu ilə çözülməlidir. «Başqa alternativ olmayacaqdır. Əlbəttə, GUAM ölkələrinə aid olan bu üç münaqişənin həllində bu yolla gediləcəkdir. Qoy, heç kim məsələnin digər üsullarla, hansısa model əsasında həll edilməsi barədə fərsiz ideyalarla yaşamasın», - deyə Ukrayna prezidenti Viktor Yuşşenko bu məqamı bir daha nəzərə çatdırdı. Yeri gəlmişkən, sammitdə GUAM-ın sülhməramlı kontengenti barədə ilkin razılığın əldə olunması da üzv ölkələrinin bu istiqamətdə praktik əməkdaşlığının göstəricisidir. Artıq sülhməramlı taburun ilkin say tərkibi (530 hərbçi) və onun ATƏT, yaxud BMT-nin mandatı çərçivəsində fəaliyyət göstərəcəyi elan olunub.
Sözsüz ki, GUAM-ın təşkilat olaraq praktik fəaliyyətinin təmin olunmasında başlıca amil üzv ölkələrin sıx və səmərəli iqtisadi işbirliyinin təmin olunmasıdır və bu yöndə də Bakı sammiti əlamətdar qərarlarla yadda qaldı. Hələ ötənilki (Kiyev) sammitdə gündəmdə olan Odessa-Brodı-Qdansk (Ukrayna-Polşa) neft boru kəməri Bakı görüşündə daha praktik müzakirə predmetinə çevrildi və yaxın gələcəkdə istismara veriləcək enerji xətti həm də GUAM-ı Avropa Birliyinə baxlayacaq növbəti önəmli faktor olacaq. Əgər indiyədək bu istiqamətdə strateji xətlər kimi Azərbaycan və Gürcüstan ərazisindən keçən və Türkiyə vasitəsilə Avropaya açılan neft (Bakı-Tbilisi-Ceyhan) və qaz (Bakı-Tbilisi-Ərzurum) kəmərləri nəzərdən keçirilirdisə, Ukrayanın təklif etdiyi layihə ilə bu bağlar daha da möhkəmlənəcək. Perspektivdə isə daha bir regional layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bir qolunun Ukrayna vasitəsilə (Gürcüstandan Krıma bərə nəqliyyatının genişləndirilməsi ilə) Avropaya uzanması nəzərdə tutulur.
Bir sözlə, artıq GUAM-da yeni inkişaf mərhələsi başlayır və üzv-dövlətləri birləşdirən ümumi maraqlar təşkilatın möhkəmlənməsinə təkan verir. Bu artıq sırf regional çərçivədən kənara çıxan, Xəzər, Qara dəniz və Baltikyanı regionlar formatında təşəkkül taparaq ciddi beynəlxalq qurum halına gələn bir əməkdaşlıq müstəvisidir və onun bütövlükdə Avrasiya məkanında geniş perspektivləri var. Halbuki son illərədək GUAM ətrafında gedən proseslərdən bədbin nəticə çıxaranlar onun təşkilat olaraq iflasını proqnozlaşdırırdılar.
Bu xüsusda GUAM-ın bir əməkdaşlıq ideyasından praktik təşkilat müstəvisinədək keçdiyi yola qısa nəzər salmaqda yarar var. Xatırladaq ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın məşvərətçi forumu kimi ortaya çıxan GUAM-ın əsası 1997-ci il oktyabrın 10-da Strasburqda, bu dövlətlərin prezidentlərinin Avropa Şurası sammiti çərçivəsində keçirilən görüşündə qoyulub. Ondan bir qədər öncə isə bu dörd postsovet ölkəsinin MDB müstəvisində nəzərəçarpacaq tərəfdaşlığı vardı.
Bu formatın meydana çıxmasında 1997-ci ilin əvvəlində MDB-də «Kollektiv təhlükəsizlik haqqında» müqavilə (1992-ci ilin mayında imzalanmışdı) ətrafında ortaya çıxan fikir ayrılığı və nəticədə Rusiyanın beş postsovet respublikası (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan) ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaratması müəyyən rol oynamışdı. Sözügedən müqaviləni ratifikasiya etməyən, eləcə də «Avropada adi silahları haqqında» müqavilə üzrə keçmiş SSRİ-nin hərbi arsenalının bölgüsündən narazı olan dörd respublikanın sıx siyasi koordinasiyası zərurət halına gəlmişdi. Bundan əlavə, Rusiya yuxarıda qeyd olunan ölkələrlə (Ermənistan istisna olmaqla) vahid iqtisadi məkan - «Gömrük birliyi» yaratmaq planlarını da elan etmişdi. Yeri gəlmişkən, həmin birlik ötən müddətdə bir neçə dəfə şəkil dəyişdirərək hazırda Avrasiya İqtisadi Birliyi («YevrAzES») adı ilə fəaliyyət göstərir.
Bir sözlə, MDB daxilində ayırıcı xətlərin yaranmasında məhz Rusiya təhrikedici rol oynamışdı və bu baxımdan GUAM birliyinin ortaya çıxması əslində Qərbin, özəlliklə ABŞ-ın marağında idi. Təsadüfi deyil ki, Moskva ilk gündən GUAM-ı Amerikanın geosiyasi layihəsi olaraq qəbul edərək ona qarşı açıq neqativ mövqe tutmuşdu. Hərçənd GUAM ölkələri ilk gündən bəyan etmişdilər ki, bu regional əməkdaşlıq formatı nə Rusiyaya qarşı yönəlib, nə də MDB-nin parçalanmasını məqsəd güdür. Onu da xüsusi vurğulamaq lazımdır ki, GUAM-ın postsovet məkanında konfrantasiya mənbəyi kimi deyil, xoşməramlı əməkdaşlıq müstəvisi kimi qəbul edilməsində Azərbaycan prezidenti Heydər Əliyevin müstəsna rolu olmuşdu. O həm də ilk illər GUAM sammitlərinə əvəzsiz sədrlik edirdi.
1999-cu ilin aprelində Vaşinqtondakı NATO sammitində Özbəkistanın da GUAM-a daxil olması ilə qurum beşliyə (GUÖAM-a) çevrildi. Qeyd edək ki, o vaxt Özbəkistan da MDB-nin «Kollektiv təhlükəsizlik müqaviləsi»ni ratifikasiya etməmişdi və eyni zamanda, GUAM-a Avropa iqtisadi bazarına çıxış üçün önəmli dəhliz kimi baxırdı. Lakin Daşkəndin Qərbyönümlü kursu uzun çəkmədi və nəticədə Moskva onu özünün geosiyasi orbitinə qaytardı. 2003-cü ildə GUÖAM-da fəaliyyətini dayandıran Özbəkistan iki il sonra KTMT-yə, daha sonra isə «YevrAzES»-ə qoşuldu.
Bununla belə, Özbəkistanın GUAM-da yer alması təşkilata beynəlxalq marağı gücləndirmişdi və o, Avropa-Asiya iqtisadi-nəqliyyat dəhlizinin əsas komponenti kimi nəzərdən keçirilirdi. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti" gedişində beşlik formatında prezidentlərin görüşündən sonra təşkilata bir sıra ölkələrin müşahidəçi olaraq qoşulması gündəmə gəlmişdi. Yeri gəlmişkən, həmin görüşdə Ukraynanın təşəbbüsü ilə GUÖAM-ın illik zirvə toplantılarının hər yay Yaltada keçirilməsi qərara alınmışdı və bu praktika 2003-cü ilədək davam etdi. 2001-2003-cü illərdəki sammitlərdə təşkilatın struktur və fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar alındı, onun rəsmən regional təşkilat kimi qeydə alınması üçün BMT-yə müraciət qəbul olundu.
2001-ci ildə qəbul olunan "Yalta xartiyası"nı isə təşkilatın ilk nizamnaməsi hesab etmək olar. Orada təşkilatın statusu, funksional sistemi, o cümlədən sədrlik institutu yer almışdı. 2002-ci ildə isə təşkilatın iqtisadi bazisinin təmin olunması üçün mühüm sənəd - "Azad ticarət zonası haqqında" saziş imzalandı. Yeri gəlmişkən, GUAM məkanında AB modelinə yaxın azad ticarət zolağının yaradılmasını ön görən bu saziş hələ də praktik müstəviyə gəlməyib.
2003-cü il GUAM daxilində müəyyən ixtilaflarla yadda qaldı. Özbəkistanın təşkilatı tərk etməsinin ardınca Moldova ilə Ukrayna arasında narazılıq yarandı. Moldovanın Odessa-Brodı-Qdansk layihəsində tranzit ölkə kimi yer almaq istəyi, eləcə də Dnestryanı münaqişədə Ukraynadan fəal dəstək umması Kiyev tərəfindən adekvat qarşılanmadı. 2004-cü ildə GUAM-ın bir təşkilat kimi perspektivləri faktiki heçə enmişdi və artıq hər kəs onun iflasından danışırdı. Bu müddətdə GUAM-la bağlı birmənalı mövqe tutan yalnız iki ölkə vardı: Azərbaycan və Gürcüstan. Eyni zamanda, bəlli idi ki, Ukrayna kimi böyük ölkə bu formatda fəal rol almadan təşkilatın perspektivləri barədə danışmıq çətin olacaq. Təsadüfi deyil ki, 2004-cü ilin sonunda Ukraynada Yuşşenkonun hakimiyyətə gəlməsindən sonra GUAM-da hərəkətlənmə başlandı. 2005-ci ilin aprelindəki Kişinyov sammiti bunun ilk nəticəsi sayıla bilərdi.
Lakin hətta bundan sonra da GUAM-ın perspektivi barədə birmənalı fikir yox idi. Üstəlik 2005-ci ilin dekabrında Kiyevdə Gürcüstan və Ukrayna rəhbərlərinin təşəbbüsü itlə Baltik, Qara və Xəzər dənizlərini əhatə edəcək yeni regional qurumun - Demokratik Seçim Birliyinin təsis edilməsi GUAM-ın tarixin arxivinə veriləcəyi barədə gümanlar yaratmışdı. Çünki bu təsisat faktiki olaraq GUAM-ın dublikatı idi. Nəhayət, 2006-cı ilin mayında GUAM-ın Kiyev sammiti bütün spekulyasiyalara son qoydu.
Təşkilat yeni - Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM adı ilə özünü doğrultmaq yoluna qədəm qoydu. Bu baxımdan Bakı sammiti təşkilatın 10 illik tarixçəsinin yekunu və real perspektivə doğru yolunun başlanğıcı sayıla bilər. Təsadüfi deyil ki, məhz Bakı sammitindən sonra Avropa Birliyi 2007-2010-cu illər üzrə GUAM-la əməkdaşlıq üzrə 1 mlrd. dollarlıq maliyyəti olan proqramını elan edib.
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
4. Qarabağa aparan yol: sülh və müharibə arasında
Və ya bir daha azərbaycanlı və erməni ziyalılarının qarşılıqlı səfərləri barədə
(«525-ci qəzet», 12.07.2007)
Artıq neçə gündür ki, Azərbaycan ziyalılarının Dağlıq Qarabağ və Yerevana, Ermənistan ziyalılarının isə Bakıya səfəri (28 iyun) ətrafında istər kütləvi informasiya vasitələrində, istərsə də bütövlükdə ictimaiyyət arasında müzakirələr gedir. Prinsipcə bu ictimai maraq təbii sayılmalıdır. Ən azı ona görə ki, Qarabağ münaqişəsi başlayandan bu yana ilk dəfə olaraq iki ölkənin nüfuzlu ictimaiyyət xadimləri arasında belə bir səfər gerçəkləşib. Üstəlik bu barədə qarşılıqlı razılaşma üçüncü (vasitəçi) tərəf olmadan əldə olunub: iki ölkənin Rusiyadakı səfirləri (Azərbaycan və Ermənistanın keçmiş mədəniyyət nazirləri) birgə təşəbbüslə çıxış ediblər, prezidentlər də ona razılıq veriblər.
Bununla belə, bu günlər ərzində davam edən ajiotaja, özəlliklə mətbuat səhifələrində gedən qızğın «lehinə» və «əleyhinə» mübahisələrinə nəzər saldıqda görürük ki, bu çıxışlar əksəriyyət etibarilə səfərin mahiyyətindən daha çox onun bir epizodu - Azərbaycan nümayəndələrinin Xankəndidə Dağlıq Qarabağ ermənilərinin lideri, separatçı rejimin rəhbəri ilə görüşü üzərində qurulub. Təsadüfi deyil ki, bu səfəri neqativ yöndən şərh edənlərin hamısı məhz bu məqamı vurğulayaraq onun Dağlıq Qarabağdakı tanınmamış qurumun rəsmiləşdirilməsinə xidmət etdiyini bildirirlər. Hərçənd fakta obyektiv prizmadan baxsaq, bunun belə olmadığını yəqin edərik.
Əvvala, bundan öncə də Azərbaycanın səfir postundan da yüksək vəzifəli diplomatları da, eləcə də ictimaiyyət təmsilçiləri (QHT rəhbərləri, jurnalistlər) dəfələrlə Dağlıq Qarabağ ermənilərinin rəhbərləri ilə qeyri-formal görüşlər keçiriblər, amma onların heç biri nəinki DQR»-in tanınmasına gətirib çıxarmayıb, heç bu anlama gəlməyib və bu yöndə səciyyələndirilməyib də. İkincisi, istər postsovet məkanında, istərsə də ondan kənarda cərəyan edən münaqişələrə nəzər yetirsək, nəinki hakimiyyət, yaxud ictimaiyyət nümayəndələrinin, dövlət rəhbərlərinin də çözüm naminə separatçı liderlərlə dialoqa getdiyini görərik. Nəticədə həmin separatçı rejimlərin heç birinin statusu rəsmiləşməyib.
Sözsüz ki, azərbaycanlı ziyalıların Dağlıq Qarabağa səfərini «topa tutan» çıxışların tam əksəriyyəti siyasi səciyyəlidir. Bu çıxışlardakı emosiya da həmçinin. Lakin, gəlin, etiraf edək ki, Dağlıq Qarabağa, yaxud Ermənistana səfər etmiş ziyalıların heç birinin vətənpərvərliyi, milli təəssübkeşliyi onları bu addımda ittiham edənlərdən analoji hiss və duyğularından əskik deyil ki, bəlkə də artıqdır. Digər tərəfdən, təəssüf ki, bu səfərə pozitiv yanaşanların da bir çoxunun mülahizələrində siyasi konyüktur özünü göstərir.
Məhz bu səbəbdəndir ki, ziyalıların Qarabağa səfərini pisləyənlər də, bunu alqışılayanlar da öz fikir və arqumentlərini qarşı (opponent) tərəfi təhqir etmək, lağa qoymaqla ifadə edirlər. Vəziyyət o həddə çatıb ki, ziyalıların səfəri ətrafında «lehinə» və «əleyhinə» çıxışların böyük bir qismi məsələnin mahiyyətini bir kənara qoyaraq qarşılıqlı ittiham kampaniyasına çevrilib və bu kampaniya böyük ölçüdə ictimai rəyi yönləndirmək məqsədi güdür.
Halbuki bir məqamı etiraf etmək gərəkdir ki, əsasən mətbuat səhifələrində özünü büruzə verən bu ajiotajdan fərqli olaraq, cəmiyyətin siyasi konyukturdan uzaq duran əksər kəsimində sözügedən səfərə münasibət daha təmkinli, dözümlü və anlayışlıdır.
Zənnimizcə, məsələnin ən mühüm və rasional cəhətini də elə burada axtarmaq lazımdır.
Digər yandan, Qarabağ münaqişəsində hazırkı vəziyyətin anatomiyası,
eləcə də bu problemin ötən müddət ərzində istər Azərbaycan, istərsə də erməni cəmiyyətində doğurduğu psixoloji dəyişikliklər bu cür səfərlərin, «xalq diplomatiyası» adlandırılan sülhməramlı təşəbbüslərin zamanının yetişdiyini, bu addımların indi daha effektli ola biləcəyini göstərir.
Əgər 1994-cü ildə əldə olunan atəşkəsdən bu yana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kontekstinə diqqət yetirsək, onun siyasi, hərbi, iqtisadi və geosiyasi fonunda ciddi dəyişikliklər baş verdiyini təsdiq edə bilərik. Bu gün Qarabağ problemi 10-12 il öncəkindən xeyli dərəcədə çox regional münaqişə halına gəlib və onun arxasında daha geniş geosiyasi faktorlar dayanır.
Bu məqamda Ermənistanın vəziyyətini xüsusi qeyd etmək lazımdır. Bu ölkə, bir tərəfdən, özünün Qərbə inteqrasiya xəttini və Avropa ölkələri ailəsində layiqli yer tutmaq niyyətini nümayiş etdirməyə çalışırsa, digər yandan, Qarabağ məsələsində tutduğu qeyri-konstruktiv mövqeyi ilə Qərbin regionda həyata keçirdiyi iri layihələrdən, əməkdaşlıq imkanlarından özünü təcrid edib. Bundan əlavə, Ermənistanın yeritdiyi xarici siyasət, özəlliklə onun hərbi doktrinasının «paternalist» mahiyyəti, Moskvadan asılılığı o qədər güclüdür ki, Rusiya Ermənistanı açıq şəkildə özünün regiondakı forpostu adlandırır.
Ermənistandan fərqli olaraq, Azərbaycan sözdə deyil, real olaraq tarazlı, regiona nüfuz edən qüvvələr balansını dolğun şəkildə uzlaşdıran çoxvektorlu xarici siyasət yeridir. Bu isə nəticədə Azərbaycana Qarabağ münaqişəsinin həllində Ermənistana nisbətən daha geniş potensial imkanlar saxlayır. Ermənistan ötən müddətdə nəinki cəbhədə əldə etdiyi hərbi-taktiki üstünlüyü Azərbaycan üzərində hərbi-siyasi və diplomatik dominantlığa çevirməyə, yəni Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını beynəlxalq-hüquqi müstəvidə rəsmilişdirməyə nail olmayıb, əksinə, Azərbaycandan ciddi şəkildə geri qalmağa başlayıb. Azərbaycanın artan iqtisadi və hərbi-strateji imkanları, dünyada Qarabağ probleminə daha ədalətli münasibətin bərqərar olması buna sübutdur.
Bununla yanaşı, Azərbaycanın da bu xüsusda müəyyən problemləri var. Belə ki, Azərbaycanın qlobal inteqrasiya layihələrinə cəlb olunması, regionda ciddi geosiyasi faktora çevrilməsi hər nə qədər müsbət nəticə olsa da, bu qarşılıqlı asılılığın mənfi cəhətləri də yox deyil. Çünki biz qloballaşma müstəvisinə nüfuz etdikcə buna mütənasib şəkildə qlobal faktorları da daha həssas şəkildə nəzərə almağa məcburuq. Əgər, tutaq ki, 90-cı illərin əvvəlində Cənubi Qafqazın, necə deyərlər, geosiyasi «yiyəsizlik» vəziyyətində olduğu vaxt təcavüzkara qarşı hərbi əməliyyat aparmaq siyasi baxımdan nisbətən asan idisə, indi bunu etmək daha çətindir, mövcud qlobal siyasi, geosiyasi və geoiqtisadi proseslər fonunda bu addım ciddi beynəlxalq-siyasi fəsadlar doğura bilər.
Bir sözlə, indi Qarabağ münaqişəsi ətrafında elə bir mürəkkəb situasiya yaranıb ki, Ermənistan üçün DAĞLIQ QARABAĞI İLHAQ ETMƏK MÜMKÜN DEYİL, Azərbaycan üçün isə İŞĞAL OLUNMUŞ TORPAQLARI SİLAH GÜCÜNƏ AZAD ETMƏK ÇOX ÇƏTİNDİR. Hərçənd bu müqayisədə («MÜMKÜN DEYİL» və «ÇOX ÇƏTİNDİR») Azərbaycanın vəziyyəti Ermənistana nisbətən daha üstündür.
Digər yandan, bu vəziyyət Qarabağ münaqişəsi ətrafında Ermənistan və Azərbaycandakı ictimai-psixoloji mühitə də öz təsirini göstərir. Hər iki ölkənin ictimaiyyətinin bu münaqişədən ciddi şəkildə usandığı bir gerçəkdir. Eyni zamanda, erməni cəmiyyəti üçün düşdüyü təcrid vəziyyətinin ağırlığı da, QARABAĞIN AZƏRBAYCANDAN QOPARILMASININ MÜMKÜNSÜZLÜYÜ də hər keçən gün daha aşkar gerçək halına gəlir.
Bundan əlavə, erməni xalqı onu özünütəcrid girdabına salmış millətçilik ideologiyasının doğurduğu daxili siyasi-psixoloji böhranla üz-üzə qaldığının fərqindədir. Bütün bunlar nəticə etibarilə erməni cəmiyyətini Qarabağ məsələsinin həllində Azərbaycanla sülhə aramağa vadar edəcək faktorlardır və Ermənistanın siyasi rəhbərliyi hələlik bu gerçəyi açıqda etiraf etməsə də, sonda ondan qaça bilməyəcək.
Azərbaycan cəmiyyətinə gəldikdə isə, ötən müddət ərzində Qarabağ münaqişəsinə baxışda bizim ictimai şüurumuzda mühüm psixoloji dəyişikliklər baş verib. Qarabağ cəbhəsindəki məğlubiyyətin və münaqişənin ilk mərhələsində Ermənistanın hərbi-taktiki üstünlüyünün Azərbaycan cəmiyyətində doğurduğu böhran artıq arxada qalıb. Cəmiyyət indi əvvəlkindən daha aydın başa düşür ki, biz Ermənistanla müharibəni deyil, sadəcə, döyüşü uduzmuşuq və bu münaqişədə potensial zəfər imkanları bizim tərəfimizdədir.
Digər yandan, ilk baxışdan nə qədər təzadlı görünsə də, Ermənistanın hərbi təcavüzünün mövcud fəsadlarına rəğmən Azərbaycan cəmiyyətində Qarabağ münaqişəsini qisasçılıq və qarşı tərəfə nifrət ruhunda deyil, ermənilərlə sülh razılaşması və dinc qonşuluq əsasında həll etmək meyli daha çox hakimdir. Təbii ki, bu sülh yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsi əsasında mümkün ola bilər.
Bir sözlə, Azərbaycan həm dövlət, həm də cəmiyyət olaraq bütün əsas parametrlər üzrə Qarabağ münaqişəsində Ermənistan üzərində potensial üstünlüyə malikdir. Və bu üstünlük müqabilində Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək niyyəti ona beynəlxalq müstəvidə əlavə siyasi dividendlər qazandırır. Azərbaycanlı ziyalıların Dağlıq Qarabağa (Xankəndi və Şuşaya) və Ermənistana səfərini də məhz bu kontekstdən dəyərləndirmək lazımdır.
Məlumdur ki, beynəlxalq dairələr Azərbaycan və Ermənistan rəhbərliyinə mütamadi müracəitlərində iki ölkə ictimaiyyəti arasında qarşılıqlı etimad atmosferinin bərqərar olması üçün bu cür addımları təşviq etməyə çağırıblar. Təsadüfi deyil ki, ABŞ, Rusiya, Avropa Birliyinin rəsmiləri, həmçinin Azərbaycanla Ermənistanı Qarabağ problemini dinc yola həll etmək öhdəliyi ilə sıralarına almış Avropa Şurasının rəhbərliyi ziyalıların bu səfəri yekdilləklə alqışladılar.
Yeri gəlmişkən, Azərbaycan və Ermənistan ictimaiyyət xadimləri arasında sülhməramlı səfərlərin başlanması 2005-ci il yanvarın 25-də AŞPA-da Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş 1416 saylı qətnamənin qismən icrası deməkdir. Həmin qətnamənin 11-ci bəndində iki ölkə arasında ictimai səviyyədə (o cümlədən KİV-də) «qarşılıqlı barışığı, etimad yaradılmasını və qarşılıqlı anlaşmanı təşviq etməyə çağırış» yer alıb.
Bu xüsusda iki vacib məqamı da qeyd etmək lazımdır. Birincisi, Dağlıq Qarabağa və Ermənistana səfər edən ziyalı heyətinin çox optimal bir şəkildə seçildiyini və onun tərkibində əslən Şuşadan olan və təkcə Azərbaycan miqyasında deyil, onun hüdudlarından kənarda da tanınan elm, mədəniyyət xadimlərinin yer almasını təqdir etmək gərəkdir. Əslində bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının nüfuzlu bir nümayəndə heyəti idi və şuşalı ziyalıların işğal altındakı ata yurduna səfəri heç də simvolik bir aksiya deyildi. Bu, eyni zamanda, beynəlxalq müstəvidə erməni təbliğatının Şuşanı erməni şəhəri, Dağlıq Qarabağı erməni torpağı kimi təqdim etmək cəhdlərinə və ümumilikdə Ermənistanın Qarabağda apardığı etnik təmizləmə siyasətinə qarşı bir aksiya idi.
Digər yandan, bu səfər hər nə qədər qeyri-siyasi, «xalq diplomatiyası» səciyyəli addım kimi təqdim olunsa da, fakt etibarilə Azərbaycanın Qarabağ siyasətinin tərkib hissəsidir və nümayəndə heyətinin rəhbəri, səfir Polad Bülbüloğlunun da qeyd etdiyi kimi, bu rəsmi siyasətlə heç bir ziddiyyət təşkil etmir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Ermənistanın nüfuzlu elm və mədəniyyət xadimləri ilə görüşdə ölkəmizin bu xüsusda prinsipial mövqeyini bir daha vurğulayaraq münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında və Dağlıq Qarabağa yüksək muxtariyyət verilməklə həll edilə biləciyini nəzərə çatdırdı.
Azərbaycan rəhbərliyi iki ölkə ziyalılarının qarşılıqlı sülhməramlı səfərlərinə razılıq verməklə erməni tərəfinə də, beynəlxalq ictimaiyyətə də bir daha nümayiş etdirir ki,
münaqişənin dinc yolla həlli üçün ən son imkandan belə yararlanmağa hazırdır və bunun üçün qarşı tərəfə sülh qapısını son anadək açıq saxlayacaq. Eyni zamanda, erməni tərəfi də, sülh prosesini təşviq edən beynəlxalq dairələr də yəqin bilməlidirlər ki, münaqişənin həllində real irəliləyiş əldə edilmədiyi təqdirdə Azərbaycanın sülhpərəst «açıq qapı» siyasəti də nəhayətsiz ola bilməz və nə vaxtsa həmin «qapı» bağlana bilər. Son nəticədə Azərbaycanın işğal altındakı torpaqlarını güc vasitəsilə azad etmək hüququnu heç kim onun əlindən almayıb. Bu, Azərbaycanın təbii haqqıdır və BMT-nin Nizamnaməsi bizə bu huququ tanıyır.
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
5. Güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir
Qardaş ölkədə baş verən siyasi yenilənmə sabit demokratiya və dövlətçiliyin uğuru sayılmalıdır
(«525-ci qəzet», 03.09.2007)
Türkiyədə dörd aya yaxın davam edən və zaman-zaman böhranlı proseslərlə də müşayiət olunan gərgin siyasi mövsümün sakit, ən əsası isə demokratik və konstitusion çərçivədə başa çatması, sözsüz ki, həm diqqətə, həm də təqdirə layiqdir. Təsadüfi deyil ki, son günlər dünya siyasətinin də nəzəri xeyli dərəcədə Türkiyədə cərəyan edən proseslərə yönəlmiş, özəlliklə 22 iyul parlament seçkilərində hakim partiyanın qələbəsindən sonra prezidentlik yarışının necə yekunlaşacağı böyük maraq doğururdu. Çünki bu ölkədə son aylar yaşanan bütün siyasi proseslərə məhz prezidentlik məsələsi, daha doğrusu, yeni prezidentin Konstitusiya ilə nəzərdə tutulmuş vaxtda (2007-ci il mayın 16-dək) seçilməməsi rəvac vermişdi.
Bu baxımdan 22 iyul parlament seçkilərindən sonra da yeni prezidentin seçilməməsi nəticə etibarilə Türkiyəni dərin böhran zolağına sala bilərdi ki, oradan da ölkənin necə çıxacağı böyük suallar doğurardı. Xatırladaq ki, Türkiyənin yaxın tarixində (1980-ci ildə) belə bir vəziyyət yaşanmışdı. O vaxt bir neçə ay müddətində yeni prezidenti seçmək mümkün olmamış, dərinləşən siyasi və iqtisadi böhran, sağçı-solçu mübarizəsinin qarşıalınmaz həddə yuvarlanması hərbi çevrilişlə nəticələnmişdi. Bu isə öz növbəsində Türkiyənin demokratik inkişafını, o cümlədən Avropaya inteqrasiyasını bir neçə il geriyə atmış, ölkənin Avropa Şurasında üzvlüyü dondurulmuşdu. Bu baxımdan istər 22 iyulda Ədalət və İnkişaf Partiyasının (AKP) daha güclü xalq dəstəyi ilə ikinci dəfə təkbaşına iqtidar olmaq haqqı qazanması, istərsə də bu partiyanın namizədi Abdullah Gülün hələ bir neçə ay öncə haqq etdiyi prezident postuna seçilməsi, təbii ki, Türkiyədə həm demokratiyanın, həm də sabit dövlətçiliyin böyük uğuru sayılmalıdır.
Bununla belə, bu gün təkcə Türkiyədə deyil, həmçinin xarici dairələrdə (o cümlədən Azərbaycanda) ölkənin yeni prezidenti ilə bağlı müzakirə və mübahisələr davam etməkdədir. Sözsüz ki, bu xüsusda başlıca diqqət çəkilən məqam Gülün islamçı siyasi keçmişi ilə bağlıdır. Dünyəvilik (laiklik) prinsipinin əlahiddə önəm verildiyi, hətta bəzən siyasi fetişizm halına gəldiyi Türkiyə üçün bu olduqca həssas bir məsələdir. Baxmayaraq ki, AKP iqtidarda olduğu beş ildə islamçı deyil, mühafizəkar-mərkəzçi bir ideologiya ilə Türkiyənin demokratik, dünyəvi Avropa dövləti olması üçün çalışdığını əməldə sübuta yetirib, həmin həssaslıq hələ də qalmaqdadır. Bu, özəlliklə Gülün prezident seçilməsinə münasibətdə özünü göstərir.
Əslində Türkiyədə prezidentlik institutunun tarixinə nəzər salsaq, indiyədək prezident olmuş şəxslərin az bir qisminin bu posta məhz peşəkar siyasətçilikdən gəldiyini görərik. 1923-1938-ci illərdə ölkənin prezidenti olmuş Mustafa Kamal Atatürk və onu bu postda əvəz etmiş İsmət İnönü (1938-1950-ci illər) dövlət rəhbərliyinə hərbiyyədən gəlmişdilər. Atatürk Qurtuluş savaşına komandanlıq edəndə İnönü onun ən yaxın silahdaşı, həmçinin bir müddət Baş Qərargah rəisi olmuşdu.
Yeri gəlmişkən, onların hər ikisi prezident postuna 4 dəfə seçilmişdi. 1950-ci ildə Türkiyənin ilk qeyri-hərbçi prezidenti seçilən Cəlal Bayar (əslində o da peşəkar siyasətçi deyildi) 10 il sonra, 1960-cı ilin 27 may hərbi çevrilişi nəticəsində vəzifədən kənarlaşdırıldı, ömürlük həbsə məhkum olundu. Onu prezidentliyə gətirmiş Demokrat Partiyasının lideri, baş nazir Adnan Menderesin aqibəti isə daha ağır oldu, o, hərbi tribunalın qərarı ilə edam edildi.
Bundan sonra Türkiyədə yenidən hərbi elitanın prezidentlik dövrü başlanır. 1961-ci ildə hərbi çevrilişin rəhbərlərindən olan general Camal Gursel, 1966-cı ildə Baş Qərargah rəisi Cövdət Sunay, sonra (1973-cü ildə) istefada olan admiral Fəxri Korutürk prezident oldu. Ondan sonra isə yuxarıda qeyd etdiyimiz 1980-ci il 12 sentyabr hərbi çevrilişi oldu, Baş Qərargah rəisi Kənan Evren əvvəlcə Milli Təhlükəsizlik Şurasının sədri, 1982-ci ildən isə prezident kimi dövlətə rəbərlik etdi.
Nəhayət, 1989-cu ildə baş nazir, Ana Vətən Partiyasının lideri Turqut Özal Türkiyənin 8-ci prezidenti seçildi, 1993-cü ildə onun vəfatından sonra daha bir siyasi lider, baş nazir və Doğru Yol Partiyasının başqanı Süleyman Dəmirəl prezident oldu. 2000-ci ildə üçlü iqtidar koalisiyasının (DSP-MHP-ANAP) dəstəyi ilə yenə qeyri-siyasətçi, Konstitusiya Məhkəməsinin sədri Əhməd Necdət Sezər ölkənin 10-cu prezidenti seçildi.
Beləliklə, Gül peşəkar siyasətdən Çankaya Köşkünə gəlmiş üçüncü prezidentdir. Başqa sözlə, Türkiyədə prezidentlik institutuna uzun illər faktiki nəzarət etmiş, eyni zamanda, dünyəvi dövlətçiliyin və Atatürk prinsiplərinin danılmaz qarantı olmuş hərbi elita üçün siyasətçinin Çankayaya gəlişi özlüyündə bir həssas məsələdir. O ki qaldı həmin şəxs dinçi siyasətdən bu mövqeyə gəlib çıxmış şəxs ola. Hərçənd istər Ərdoğan, istərsə də Gül hələ iqtidara gəlməmişdən öncə, 2002-ci il seçkiləri kampaniyasında «Milli Görüş» (Nəcməddin Ərbakanın əsasını qoyduğu islamçı siyasi cərəyan) «köynəklərini çoxdan çıxardıqlarını», Türkiyənin gələcəyini dini və milli köklərinə bağlı, amma üzü demokratik Avropaya doğru gördüklərini bəyan etmişdilər. Bu isə qısa tərifdə «müsəlman demokratiyası», yaxud «demokratik İslam» deməkdir.
Təsadüfi deyil ki, AKP-nin 22 iyul seçkilərində qələbəsi Qərb dairələrində məhz «müsəlman demokratiyası»nın uğuru kimi qiymətləndirilir. Eyni zamanda, istər AKP-nin yenidən təkbaşına iqtidar olması, istərsə də Gülün prezident seçilməsi Qərbdə müsbət rezonans doğurub. Təkcə ona görə yox ki, AKP iqtidarı ABŞ və Avropa Birliyi (AB) ilə sıx müttəfiqlik siyasəti yeridib və bundan sonra da onu davam etdirəcək. Qərbdə artıq dərk edirlər ki, siyasi İslam təkcə onların çəkindiyi təməlçilik, İran nümunəsindəki fundamentalizm demək deyil, onun bu gün Türkiyədə hakimiyyətdə olan demokratik variantı, təqdir olunası nümunəsi də var. «İslam və demokratiya bir-birinə zidd deyil» - bu, AB-nin prezidenti Joze Manuel Barrozunun bu günlərdə etdiyi, amma müsəlman dünyasının çoxdan gözlədiyi etirafdır. Bu günlər Qərb mətbuatında İslam və demokratiya mövzusunda dərc olunan çoxsaylı yazılar da bu etirafın dolayı təsdiqidir.
Öz növbəsində AKP iqtidarı Türkiyənin demokratik Qərblə, Avropa ilə bütünləşməsi kursunu daha inamla davam etdirəcəyini bildirir. Halbuki bu proses ötən illərdə dəfələrlə irəli-geri hərəkət edib, yəni de-fakto yerində sayıb. Son olaraq 1996-cı ildə Ərbakanın (Rifah Partiyası) hakimiyyətə gəlişi ilə Türkiyənin AB yolçuluğu dayanmışdı. AKP rəhbərliyi isə artıq iqtidara gəldiyindən dərhal sonra vaxtilə sıralarında olduğu «Rifah»dan tam fərqli siyasət yeridəcəyini nümayiş etdirdi.
Təsadüfi deyil ki, Türkiyənin AB yolunda ən çox məsafə qət edən iqtidarı elə AKP iqtidarı olub. Gül isə xarici işlər naziri postunda bu prosesə ən çox töhfə vermiş şəxsdir. Xüsusilə AKP iqtidarının ilk iki ili Türkiyədə geniş hüquqi, siyasi və iqtisadi islahatlarla zəngin olub. Nəticədə 2004-cü ilin dekabrında AB Türkiyə ilə üzvlük müzakirələrinə başlamaq barədə ilkin qərar aldı, 2005-ci il oktyabrın 3-də isə Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələrə rəsmən start verildi.
Düzdür, bu proses heç də Ankaranın gözlədiyi tepmdə davam etmir, o cümlədən ortada hələ də Avropa dairələrinin Türkiyəyə qısqanc və qərəzli münasibətini göstərən yetərincə fakt var. Bununla belə, Türkiyədə AKP iqtidarının özünü yeniləməsi, eləcə də siyasi hakimiyyətin üç əsas elementinin (parlament çoxluğu, hökumət və prezident) AB-yə inteqrasiya kursu seçmiş bu partiyanın nəzarətində olması həmin proses üçün zəruri olan qərarların qəbulunu sürətləndirmiş olacaq. O cümlədən XİN başçısı postunda böyük diplomatik təcrübə əldə edən Gül prezidentlik fəaliyyətində də xarici siyasətə geniş yer ayırmaqla bu prosesə əlavə impuls verə biləcək.
Güclü Türkiyə isə həm də güclü Azərbaycan deməkdir. Bu baxımdan Türkiyədə siyasi və iqtisadi istiqrarın, bu ölkənin regionda, Avroatlantik məkanda və bütövlükdə dünyada mövqelərinin daha da güclənməsi onunla eyni inkişaf kursu seçmiş Azərbaycan üçün müstəsna önəm kəsb edir. Və növbəti illərdə iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə daha ardıcıl və sürətli inkişafını gözləmək lazımdır. AKP iqtidarı Azərbaycanla strateji tərəfdaşlığın önəmini xüsusi vurğulamaqla yanaşı, Türkiyənin Qarabağ davasında sonadək Azərbaycanın yanında olduğunu dəfələrlə və birmənalı bəyan edib.
Öz növbəsində Azərbaycan üçün də Türkiyə ilə müttəfiqliyi heç nə əvəz edə bilməz. «Ölkələrimiz həmişə bir-birinə dayaq, arxa olacaq. Bizim gücümüz birliyimizdədir. Azərbaycan üçün Türkiyə ilə strateji əlaqələrə, Türkiyə üçün də Azərbaycanla münasibətlərə alternativ yoxdur və ola bilməz» - prezident İlham Əliyevin bəyan etdiyi bu sözlər iki ölkənin strateji bağlarının ən lakonik ifadəsidir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti Türkiyənin yeni prezidentinə təbrik məktubunda bu məqamı bir daha vurğulayıb: «Azərbaycan və Türkiyə bir-birinə qırılmaz tellərlə bağlıdır. Qardaş xalqlarımızın iradə və məramından qaynaqlanan bugünkü dövlətlərarası münasibətlərimiz isə strateji müttəfiqliyin zirvəsindədir. Əminəm ki, ən böyük sərvətimiz olan birliyimizi qoruyub saxlamaq və daim möhkəmləndirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik».
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
6.Ukrayna: «narıncı inqilab», üçüncü hissə…
Demokratiya sınağından uğurla çıxan bu ölkənin indi siyasi sabitlik və iqtisadi tərəqqiyə daha çox ehtiyacı var
(«525-ci qəzet», 06.10.2007)
Ukraynada ötən bazar (30.09.2007) keçirilmiş parlament seçkiləri aktiv müzakirə mövzusu olaraq qalmaqdadır. Əvvala, ona görə ki, bu seçkilərin də yekunu Ukraynada uzun müddətdən bəri davam edən siyasi sabitsizliyə birmənalı nöqtə qoyacaq kimi görünmür. Digər yandan, Ukrayna kimi regionun böyük və strateji əhəmiyyətli ölkəsində proseslər nəticə etibarilə postsovet məkanında geosiyasi mənzərəyə də təsir göstərən əhəmiyyətli faktordur. Nəhayət, bu seçkilər Ukrayna cəmiyyətinin üç il əvvəl yaşadığı «narıncı» inqilaba cari münasibətini müəyyənləşdirmək baxımından əlamətdar idi və müzakirələrin böyük bir qismi də elə bu xüsusdadır.
Bu baxımdan seçkinin ilk və birmənalı müsbət tərəfi kimi onun yüksək demokratik səviyyədə keçirilməsini qeyd etmək lazımdır. Beynəlxalq müşahidəçilərin yekdil rəyinə görə, seçkilər, xırda texniki qüsurlar istisna olmaqla, Avropa standartlarına uyğun keçib. Xatırladaq ki, ilyarım öncə, 2006-cı ilin martında Ukrayna Ali Radasına keçirilmiş seçkilər də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymət almışdı.
Yeri gəlmişkən, hələlik «məxməri» inqilablardan keçmiş digər postsovet ölkələri demokratiya məsələsində Qərbdən belə birmənalı qiymət almayıb. O cümlədən 2004-cü ildə Gürcüstanda keçirilmiş prezident və parlament seçkiləri beynəlxalq müşahidəçilərin yekdil müsbət rəyini almamışdı. Bu baxımdan Gürcüstan üçün əsas demokratiya testi, yəqin ki, 2008-ci ildə keçiriləcək prezident və parlament seçkiləri olacaq.
Bununla yanaşı, Ukrayna seçkilərinin demokratikliyinə vurğu edənlər, ələlxüsus Qərb icmalçıları bu seçkilərin ölkədə çoxdan gözlənilən siyasi istiqrar və sosial-iqtisadi tərəqqiyə nə dərəcədə yol açacağına dair birmənalı fikir söyləməkdə çətinlik çəkirlər. Seçkiləri geniş şərh edən Qərb (özəlliklə ABŞ və Britaniya) mətbuatı bir məqama diqqət çəkir ki, Ukrayna əhalisi artıq üçüncü ildir davam edən «iki Viktorun mübarizəsi»ndən (prezident Viktor Yuşşenko və onun siyasi rəqibi Viktor Yanukoviç) usanıb. Çünki bu mübarizə sosial-iqtisadi həyatda mənfi izlər qoyub, son üç ildə ölkədə iqtisadi artım orta hesabla 4-7 faizdən çox olmayıb.
İki ildə iki parlament seçkisi. Çox deyilmi?
Həqiqətən də Ukraynada 2004-cü ilin prezident seçkilərindən bu yana səngiməyən siyasi gərginlik və permanent seçki atmosferi «narıncılar»la onların opponentləri arasında revanşist mübarizədə keçib. 2004-cü ilin dekabrında «narıncı» inqilabla məğlub olan baş nazir Yanukoviç 2006-cı ildəki parlament seçkilərində lideri olduğu Regionlar Partiyasının qələbəsi ilə revanş götürdü və geniş səlahiyyətli premyer kreslosuna sahib oldu. Lakin həmin seçkilər Ukraynaya zəruri siyasi istiqrarı gətirmədi. Əksinə, hökumət və parlament çoxluğu ilə prezident hakimiyyəti arasında aylarla sürən dartışma nəticədə ölkəni erkən parlament seçkilərinə götürdü. Budəfəki seçkiləri isə «narıncı» qüvvələrin (prezident Yuşşenkonun fəxri lideri olduğu «Bizim Ukrayna» və «Yuliya Timoşenko bloku») «regionlar» üzərində qismən siyasi revanşı hesab etmək olar, çünki onlar Yanukoviçin baş nazirliyə yolunu faktiki kəsiblər.
Xatırladaq ki, 2006-cı ilin 26 mart seçkilərində Yanukoviçin partiyası 32% (186 yer), Timoşenkonun bloku 22% (129 yer), «Bizim Ukrayna» 14% (81 yer), sosialistlər 6% (33 yer), kommunistlər isə 4% (21 yer) səs toplamışdılar.
Nəticədə «regionlar»-sosialistlər-kommunistlər üçlüyü (Ali Radadakı 450 yerdən 240-ı) hökumət koalisiyası qurmuşdu. 2007-ci ilin 30 sentyabr seçkilərində ilk üç sırada yerlər dəyişməsə də, konkret nəticələrdə fərqlər var. Belə ki, Regionlar Partiyası 34,2% (176 yer), «Yuliya Timoşenko bloku» 30,8% (156 yer), «Bizim Ukrayna» 14,2% (71 yer) səs toplayıb. Sonrakı yerləri Kommunist Partiyası 5,4% (27 yer) və keçmiş spiker Litvinin seçki bloku 3,9% (20 yer) bölüşdürür.
Göründüyü kimi, ötənilki seçkilərdən fərqli olaraq, bu dəfə «Bizim Ukrayna» və Timoşenko bloku ikilikdə hökumət qura (227 deputat) bilər. Hərçənd bir nəfər deputat üstünlüyü ilə quralan koalisiyanın dayanıqlığı nisbi ola bilər. Çünki, ötən il olduğu kimi, yenə «regionlar» tərəfdən bir neçə «narıncı» deputatın ələ alınması ilə bu koalisiya pozula bilər. Bu halda narıncı tandem hökumətin daha davamlı olması üçün üçüncü iştirakçıya ehtiyac duyar ki, həmin rolu da Litvinin bloku oynaya bilər, lakin bunun da problemli tərəfləri var. Məsələn, eks-spiker Litvin kiçik fraksiyası ilə böyük iddialarla çıxış edə, o cümlədən parlament sədri vəzifəsinə təkrar əyləşmək istəyə bilər. Ötənilki seçkilərdə eyni rolu sosialist fraksiyası oynamış və onun lideri Oleq Moroz «narıncılar»dan spikeri postuna razılıq almadıqdan sonra Yanukoviçin tərəfinə keçmiş və Ali Radanın sədri seçilmişdi.
Bir sözlə, Ukraynada son iki ildə iki parlament seçkisi keçirilsə də, nəticə yenə ölkədə sabit inkişafı birmənalı təminat vermir. Bu isə Ukraynada hələ «narıncı» inqilab zamanı ortaya çıxmış mənzərinin, şərq və qərb regionları arasında coğrafi-siyasi bölgünün ciddi ölçüdə qaldığını göstərir. Rusiyaya meylli şərq regionları əvvəlkitək Yanukoviçə və kommunistlərə, qərb regionları isə Timoşenko və Yuşşenkonun liderliyindəki bloklara səs veriblər.
Belə bir vəziyyətdə Ukraynada bir il sonra daha bir parlament seçkisi keçirilə bilər, amma bunun yekun mənzərəyə ciddi təsir edəcəyini gözləməyə dəyməz. Təbii ki, növbəti ildə daha bir seçkini nə Ukrayna cəmiyyəti, nə də ölkə prezidenti istəyir. Odur ki, Yuşşenko, ötənilki seçkilərdən sonra olduğu kimi, yenə ölkədə siyasi və sosial-iqtisadi istiqrar naminə daha geniş dabanlı hökumət koalisiyasının qurulmasında maraqlıdır və seçkinin əsas qaliblərinə bu yöndə çağırışla çıxış edib.
«Narıncı» ittifaq ikinci sınaqdan çıxa biləcəkmi?
Lakin prezident Yuşşenkonun geniş koalisiya qurmaq təklifini «regionlar», «Bizim Ukrayna», eləcə də Litvinin bloku müsbət qarşılasa da, xanım Timoşenko, ötən il olduğu kimi, yenə bu ideyaya qarşı çıxır. Çünki bu təklifin formal məntiqinə görə, parlamentdəki fraksiyaların sıralanması üzrə baş nazir postunu Yanukoviç tutmalıdır, Timoşenkonun isə onun rəhbərliyi altında işləməsi mümkünsüzdür. Odur ki, Timoşenko prezidentə özünün baş nazirliyində «narıncı» koalisiyanı qurmağı təklif edib. O həmçinin baş nazir olması müqabilində «Bizim Ukrayna»ya spiker postu və hökumətdə geniş təmsilçilik vəd edir.
Bununla belə, həm Yuşşenko, həm də onun yaxın ətrafı 2005-ci ildə ilk «narıncı» hökumətin aqibətini yaxşı xatırladığından bu məsələdə ehtiyatlı davranmağa məcburdur. Məlum olduğu kimi, «narıncı» inqilabdan sonra xanım Timoşenkonun rəhbərliyi ilə formalaşan hökumətin ömrü cəmisi doqquz ay olmuşdu. Üstəlik Timoşenkonun ambisioz xarakterini nəzərə alan prezident ətrafı əvvəldən onun premyerliyinə isti yanaşmamışdı. Timoşenkonun qeyri-ardıcıl, daha çox populist iqtisadi qərarları, o cümlədən Ukraynada Kuçma dövründə keçirilmiş özəlləşdirmənin nəticələrini təftiş edərək bir sıra strateji sənaye müəssisələrini təkrar özəlləşdirməyə çıxarmaq niyyəti ölkədəki iqtisadi mühitə və xaricdən sərmayə axınına mənfi təsir göstərmişdi. Bu müddətdə prezidentin ətrafındakı oliqarxlarla baş nazirə yaxın biznes dairələri arasında amansız nüfuz mübarizəsi ölkə iqtisadiyyatını faktiki iflic etmişdi. Nəticədə Yuşşenko 2005-ci ilin sentyabrında «narıncı» hökumətə son vermişdi.
Odur ki, indi prezident Yuşşenko yeni mənzərənin təkrarlanmaması üçün ikinci «narıncı» hökumət ideyası qarşısında götür-qoy etməyə məcburdur. Çünki ikinci «narıncı» hökumətin də fəaliyyəti uğursuz olsa, bu, Ukrayna cəmiyyətində «narıncı» ideallara inamı daha da sarsıda bilər. Digər tərəfdən, budəfəki seçkilərdən Timoşenkonun daha böyük uğurla çıxması onun hökumət başçısı postunda ambisiyalarını da artırmış olacaq. 30 sentyabr seçkilərində həm «regionlar», həm də prezident partiyası faktiki mandat itkisinə məruz qaldığı halda Timoşenkonun bloku deputat fraksiyasını təxminən 30 yer artıra bilib.
Digər tərəfdən, prezidentin adı ilə eyniləşdirilən «Bizim Ukrayna»nın sosial bazasının ötən seçkilərdə müqayisədə dəyişməyib, amma Timoşenko elektoral dəstəyini 8-9 faiz artırıb. Bu isə o deməkdir ki, getdikcə nüfuzu artan Timoşenko növbəti (2009-cu il) prezident seçkilərində artıq Yuşşenkoya ciddi rəqib də ola bilər. Lakin bu bir qədər uzaq perspektivin məsələsidir, indiliksə həm Yuşşenko, həm də Timoşenkonun seçkilərdən öncə nümayiş etdirdikləri nisbi anlaşma atmosferini davam etdirəcəkləri daha labüd görünür.
Geosiyasi yarışda hesab hələlik Qərbin xeyrinədir
Bütövlükdə götürdükdə Ukraynadakı budəfəki seçkilərin nəticəsi Qərbi daha çox razı salıb, Rusiya isə rəğbət bəslədiyi «regionlar»ın formal qələbəsinə rəğmən faktiki uduzmuş vəziyyətdədir. Ukraynada 2004-cü ildən bu yana cərəyan edən prosesləri üç mərhələyə bölməli olsaq, Qərbin üçüncü hissədən sonra 2:1 irəlidə olduğunu qeyd etmək olar. Hərçənd Qərbdə budəfəki nikbinlik 2004-cü ilin sonundakı kimi eyforik deyil. Bununla belə, Ukrayanın bu seçkilərdən sonra Qərbə daha da yaxınlaşacağı və qurulması yəqin görünən ikinci «narıncı» hökumətin Avratlantik məkana inteqrasiyada daha cəsarətli olacağı Avropada məmnunluq doğurur.
Təsadüfi deyil ki, Ukraynada «narıncı» qüvvələrin ümumi qələbəsi aydınlaşandan dərhal sonra Rusiya yenə geoiqtisadi silahını - «qaz dəyənəyi»ni işə salıb. «Qazprom» Ukraynanın ona 1,3 milyard dollar cari borcu olduğunu və bu məbləğin dərhal ödənilməyəcəyi təqdirdə qazın kəsiləcəyini bəyan edib. Belə çıxır ki, Moskva indiyədək həmin borca ona görə göz yumub ki, Ukraynada hökumətə Yanukoviç başçılıq edirmiş və premyer kreslosu üzərində xanım Timoşenkonun silueti görününcə, Moskvada geosiyasi qıcıq özünü büruzə verib.
Düzdür, Ukrayna rəsmiləri borcun noyabrın 1-dək ödəniləcəyini bəyan ediblər, lakin Moskvanın yeni iddialarla çıxış edəcəyi, o cümlədən qazın qiymətini qaldıracağı şəksizdir. Bu isə Ukrayna tranziti ilə qaz alan Avropa ölkələrini narahat etməyə bilməz. Çünki onlar 2005-ci ilin sonunda Moskva ilə Kiyev arasındakı «qaz müharibəsi»nin fəsadlarını hələ unutmayıblar. Odur ki, irəlidə «Ukrayna meydanı»nda Qərblə Rusiyanın geosiyasi nüfuz mübarizəsinin yeni raundlarını gözləmək lazımdır.
Hərçənd gerçəkdə bu gün Ukrayna üçün qlobal mübarizəyə meydan olmaqdan daha önəmlisi istiqrarlı inkişaf yoluna çıxmaqdır.
Bu baxımdan Ukraynanın Qərb və ya Rusiya istiqamətində gedəcəyi də daha çox geosiyasi nəzəriyyə məsələsidir, nəinki praktik siyasət predmeti. Çünki istər «narıncı» qüvvələrin, istərsə onların opponentlərinin siyasi prioritetlərə diqqətlə baxsaq, ortada prinsipial ziddiyyət olmadığını görərik. Yanukoviç Rusiya ilə sıx tərəfdaşlıq (ilk növbədə iqtisadi) münasibətlərini və eyni zamanda, Ukraynanın Avropa Birliyinə inteqrasiyasını prioritet sayır, NATO-ya inteqrasiyada isə ehtiyatlı davranır. Yuşşenko da Rusiya ilə sıx tərəfdaşlığa qarşı deyil, bununla yanaşı, Ukraynanın yönünün AB və NATO-ya doğru olduğunu bildirir. Timoşenko da eyni prioritetləri elan edib, sadəcə, onları bir qədər millətçilik sousu ilə təqdim edir. Yəni NATO məsələsini çıxmaqla qalan strateji məqamlarda tərəflərin mövqeləri faktiki ortaqdır: Rusiya ilə tərəfdaşlıq, amma Avropaya inteqrasiya.
O ki qaldı NATO-ya üzvlük məsələsinə, bunu da zamanın öhdəsinə buraxmaq lazımdır. Bir də ki, ümumi təhlükəsizlik məsələlərindən öncə Ukrayna üçün indilik vacib olan sabit demokratiya və iqtisadi rifahdır. Buna isə inqilabi sarsıntılarla deyil, sabitlik və təkamül şəraitində islahatlarla nail olmaq mümkündür.
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
7. Demokratiya və qızılgül
(«525-ci qəzet», 13.11.2007)
Əslində qızılgül simvolunu siyasətə Gürcüstan milli demokratları gətirməyiblər. Qonşu ölkədəki məlum inqilabdan çox-çox öncədən qızılgül Avropada sosial-demokratiyanın simvollarından biridir. Bununla belə, məhz Gürcüstandakı «qızılgül inqilabı»ndan sonra bu simvol müasir dünya siyasətində xüsusi yer qazanıb. 2003-cü ilin noyabrında Mixail Saakaşvilinin liderliyi altında Gürcüstanda «qızılgül inqilabı» qələbə çalanda mütərəqqi dünya bunu alqışlamışdı. Çünki bu, bütün geosiyasi məqamları ilə yanaşı, həm də demokratiyanın qan-qadasız qələbəsi idi.
Həmin inqilab günlərində parlamentə qızılgüllə daxil olub demokratiyanın təntənəsini bəyan etmiş liderin nə vaxtsa o parlamentin qarşısında onu protest etməyə çıxan opponentlərini gözyaşardıcı qaz və dəyənəklə dağıdacağını kimsə düşünməsə də, bunu nəzəri cəhətdən təxmin etmək mümkün idi. Ən azı ona görə ki, demokratiya (daha dəqiqi isə, hakimiyyət) uğrunda mübarizə zaman və şəraitdən asılı olaraq qızılgüllə də aparıla bilər, daş və dəyənəklə də. Üstəlik hər bir halda buna demokratik fon vermək mümkündür.
Necə deyərlər, demokratiya heç də həmişə qızılgül ətirli olmur. Demokratik qanunçuluğun bəzən sərt qadağaları (elə qızılgülün tikanları kimi), göz ağrıdan qaz və dəyənəyi də var. Bunu Qərbin ən demokratik sayılan ölkələrində də nümayişçilərlə polisin zaman-zaman yaşanan toqquşmalarında görmək mümkündür. Gürcüstandakı son olaylar da bu qəbildən istisna deyil. Hərçənd bunun əksini iddia edənlər də var.
«Qızılgül inqilabı»: dörd il sonra
Əslində inqilab yolu ilə hakimiyyət gəlmiş qüvvələrin arasında sonradan parçalanma və ixtilafın baş verməsi təbiidir. Rəng, simvol və metodlarından asılı olmayaraq bütün inqilablar nəticə etibarilə bu mərhələdən keçir. Eyni zamanda, inqilabdan yoğrulmuş hakimiyyət heç də dayanıqlı olmur. Bu baxımdan Gürcüstandakı «qızılgül hakimiyyəti»nin vəziyyəti bənzər inqilablardan keçmiş Ukrayna və Qırğızıstana nisbətən hətta daha sabit hesab etmək olar.
Hərçənd bu müddətdə «qızılgül hakimiyyəti»ndə də müəyyən yarpaq tökümü baş verib, Saakaşvilinin komandasından istefa vermiş ayrı-ayrı şəxslər ona qarşı müxalifətə keçiblər. 2005-ci ildə XİN başçısı vəzifəsindən istefa vermiş Salome Zurabişvili indi müxalifət partiyasının lideridir. 2006-cı ildə münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri postunu tərk edən Georgi Xaindrava hazırda prezidentə qarşı qatı opponentlər sırasındadır. Nəhayət, bu sırada ən qalmaqallı olay Saakaşvilinin ən yaxın silahdaşlarından olmuş, «qızılgül inqilabı»ndan sonra Gürcüstanın baş prokuroru, daxili işlər, daha sonra isə müdafiə naziri (2006-cı ilin noyabrınadək) postunu tutmuş İrakli Okruaşvilinin prezidentə qarşı sərt ittihamlarla çıxış etməsi oldu.
Yada salaq ki, Okruaşvili bu il sentyabrın 25-də yaxın dostu, tanınmış biznesmen Badri Patarkasişvilinin «İmedi» telekanalında prezident Saakaşvilini sifarişli qətllərdə, korrupsiyada ittiham edən hay-küylü çıxışı ilə gündəmə gəlmişdi. Həmin vaxt keçmiş müdafiə nazirinə qarşı korrupsiya ittihamları ilə bağlı araşdırma aparılırdı və əksər mülahizələrə görə, Okruaşvili gözlənilən həbsdən yayınmaq üçün açıq siyasi gedişlər etməyə başlamışdı. Bundan iki gün sonra o, həqiqətən həbs olundu, daha sonra isə onun prezidentə qarşı iftira atdığını boynuna aldığı və 6 milyon dollar girov müqabilində barəsində həbs qətimkan qərarının dəyişildiyi bildirildi.
Maraqlıdır ki, Okruaşvili azadlığa çıxdıqdan sonra öz hərəkətlərinə heç bir aydınlıq gətirmədi və mətbuat qarşısına çıxmadı. Müxalifətin 2 noyabrda başlanan mitinqi öncəsi Almaniyaya gedən sabiq nazir oradan bəyan etdi ki, bəs prezidentə qarşı bütün ittihamlarının üzərində durur və istintaqa etirafı isə təzyiq altına edibmiş. Bir sözlə, Okruaşvilinin bu müddətdə şübhəli və çoxlu suallar doğuran davranışı onun parlaq müxalifət lideri olmaq imkanlarını faktiki heç endirib.
Hazırda Saakaşviliyə qarşı birləşmiş müxalifətin sıralarında onun keçmiş silahdaşları ilə yanaşı, kifayət qədər qarışıq siyasi qüvvələr də toplanıb. Onlar «qızılgül inqilabı»ndan sonra parlamentdə yer ala bilməmiş qüvvələrdir. 2004-cü ildə keçirilmiş parlament seçkilərində proporsional sistem üzrə 7 faizlik həddi Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası (Burcanadze-Jvaniya bloku ilə birlikdə) və «qızılgül iqtidarı»na qarşı qarşı yumşaq müxalifətdə olan «Yeni sağçılar - sənayeçilər» bloku aşa bilmişdi. Saakaşvilinin partiyası proporsional sistem üzrə 150 yerdən 135-ni əldə etmişdi, həmçinin majoritar sistem üzrə (75 yer) seçilmiş deputatların təxminən üçdə biri hakim partiyanın təmsilçiləri idi. Bir sözlə, bu günlər Tbilisinin mərkəzi meydanlarında Saakaşviliyə qarşı çıxışlar edən müxalifətin əksəriyyətini «qızılgül inqilabı»ndan sonra siyasi arenanın güncündə qalmış və hakimiyyətdən siyasi revanş almaq istəyən qüvvələrdir.
Rusiyanın «barmağı»: hər zaman və hər yerdə
Gürcüstandakı müxalifət-iqtidar qarşıdurmasının formal səbəbi kimi hakimiyyət opponentlərinin prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsinə etirazı göstərilsə də, əslində bunun daha geniş - həm daxildən, həm də xaricdən qaynaqlanan motivləri var. Xatırladaq ki, Gürcüstanda axırıcı prezident seçkisi (5 ildən bir keçirilir) 2004-cü ilin yanvarında, parlament seçkisi isə (4 ildən bir keçirilir) 2004-cü ilin martında keçirilib. Ötən il prezident Saakaşvili özünün prezidentlik müddətini bir neçə ay azaltmaq, parlamentin fəaliyyət müddətini isə bir neçə ay artırmaqla hər iki seçkinin eyni vaxtda, 2008-ci ilin payızında keçirilməsinə dair qanunun qəbuluna nail olub. Prezidentin əsas motivi bu olub ki, hər iki seçkinin eyni vaxtda keçirilməsi həm siyasi proseslərin axarı, həm də ölkə büdcəsinə qənaət baxımından daha əlverişlidir.
Müxalifət isə əvvəldən bu dəyişikliyin əleyhinə olub. Müxalifət liderlərinə görə, prezident bu təşəbbüslə lideri olduğu Vahid Milli Hərəkat Partiyasını parlament seçkilərində labüd məğlubiyyətdən xilas etmək məqsədi güdür.
Qeyd edək ki, «qızılgül inqilabı»ndan sonra Saakaşvilinin partiyasının reytinqi xeyli aşağı düşsə də, onun şəxsi kifayət qədər yüksəkdir və seçkilərin eyni vaxtda keçirilməsi taktiki yöndən həqiqətən Saakaşvilinin xeyrinə idi. Bu baxımdan müxalifətin seçkinin vaxtının, eləcə də seçki komissiyalarının tərkibinin (parlamentdəki qüvvələr nisbətinə görə, seçki komissiyalarında hakim partiya mütləq çoxluğa malikdir) dəyişdirilməsi tələbi ilə başlanan aksiyalarında sonradan prezidentin istefası tələbinin önə çıxması da təsadüfi deyildi.
Əslində bu gün Gürcüstan müxalifəti Saakaşvili ilə təkbətək mübarizədə (prezidentlik yarışında) uğur qazana bilməyəcəyinin fərqindədir və müxalifətin Gürcüstanda, ümumiyyətlə, prezident üsul-idarəsinin ləğv edilməsi, ölkənin parlament respublikasına çevirilməsi uğrunda çıxışlar etməsi də buradan qaynaqlanır. Yeri gəlmişkən, bu xüsusda Gürcüstanın dini rəhbəri II İliya da müxalifətlə həmrəydir və o, Gürcüstanda, bir sıra Avropa ölkələrində olduğu kimi, parlamentli respublika ilə yanaşı, konstitusion monarxiyanın da yaradılmasının və vaxtilə Gürcüstanda çarlıq etmiş Baqrationi nəslinin taxt-taca qaytırılmasının tərəfdarı kimi çıxış edir.
Eyni zamanda, müxalifətin hakimiyyətə qarşı son çıxışlarının yalnız daxili faktorlardan qaynaqlanmadığı yəqindir. Rusiya ilk gündən Gürcüstandakı «qızılgül hakimiyyəti»nə qarşı sərt mövqedə olub. Şevardnadze dönəmində də Moskva-Tbilisi münasibətləri rəvan deyildi və mütəmadi gərginliklə müşayiət olunurdu. Bununla belə, o vaxt Gürcüstan siyasətində Rusiyanın yararlana biləcəyi qüvvələr, ilk növbədə Acarıstan lideri Aslan Abaşidze vardı ki, onun partiyası parlamentdə ikinci fraksiya idi. Lakin 2004-cü ilin yazında Saakaşvilinin Acarıstanı Abaşidzenin (əslində Rusiyanın) əlindən alması və onun özünün biabırçı şəkildə Moskvaya qaçmağa məcbur etməsi şimal qonşusuna yönəlik həssas siyasi sillə idi. Odur ki, Rusiyanın da Gürcüstan hakimiyyətindən əvəz çıxmaq niyyəti şübhəsizdir.
Düzdür, inqilabdan sonrakı müddətdə Saakaşvili Rusiya ilə münasibətləri sahmanlamaq üçün müəyyən səylər göstərdi. O hətta ilk xarici səfərini Moskvaya edərək Gürcüstandakı Rusiya investisiyalarının təhlükəsizliyinə, Rusiya hərbi bazalarının çıxarılmasından sonra ölkədə NATO və ya Amerika bazalarını yerləşdirməyəcəyinə dair vədlər də vermişdi. Lakin Rusiya tərəfi gürcü liderin bu jestlərinə qarşılıq vermədi. Moskvada yaxşı başa düşürlər ki, Gürcüstanın yönü artıq başqa səmtədir. İndi Rusiya hərbi-siyasi və iqtisadi təzyiq metodları ilə öhdəsindən heç cür gələ bilmədiyi və başda Amerika olmaqla Qərbin maksimum dəstək verdiyi Gürcüstanda revanş götürmək üçün bəlkə də son cəhdlərini edir.
Lakin Gürcüstanda Rusiyanın açıq stavka edəcəyi real qüvvə yoxdur və bu üzdən Moskva bu ölkədə vəziyyəti bütün vasitələrdə gərgindəşdirmək yolunu tutub. Onu da qeyd edək ki Gürcüstandakı son olaylar bu ölkədən Rusiya bazalarının çıxarılmasının yekunlaşdığı vaxta təsadüf edir. Noyabrın 8-də Batumidəki bazadan sonuncu eşelon Rusiyaya yola salınıb. Gürcüstandan əlinin tədricən üzüldüyünü görən Rusiya üçün indi bütün aqressiv addımlar, o cümlədən Saakaşviliyə qarşı revanşist mübarizəyə qalxan gürcü siyasətçilərinə dolayı yardım keçərlidir. Son olaylar fonunda Gürcüstan rəhbərliyinin Rusiya səfirliyinin bir neçə əməkdaşını müxalifətlə gizli sövdələşmə və casusluq ittihamları ilə ölkədən çıxarması da buna sübutdur. Bundan əlavə, eks-prezident Zviad Qamsaxurdiyanın oğlu daxil olmaqla bir neçə siyasi liderə qarşı Rusiyaya casusluq etmək ittihamı irəli sürülüb. Yada salaq ki, 2006-cı ilin payızında da bir neçə rus zabiti casusluq ittihamı ilə Gürcüstandan çıxarılmış, bəzi siyasətçilər isə Rusiyanın təşviqi ilə dövlət çevrilişinə hazırlaşmaqda ittiham edərək həbs olunmuşdu.
Demokratiyanın sınağı, yaxud bundan sonra nə olacaq?
Bir sözlə, Saakaşvili ötən dörd ildə ölkədə demokratik islahatlar aparılması, korrupsiya ilə mübarizə, qanunçuluğun bərqərar olması, iqtisadi inkişaf (dörd ildə ölkə büdcəsi beş dəfəyədək artıb) sahəsində nəzərəçarpacaq uğurlara nail olsa da, Gürcüstan dövlətçiliyi üçün bəlkə də əsas problem olan Rusiya ilə münasibətləri heç cür sahmanlaya bilməyib. Daha doğrusu, Moskva buna heç vəchlə imkan verməyib.
Odur ki, indi Gürcüstan rəhbəri Rusiyanın da təşviqi ilə ortaya çıxan növbəti siyasi böhrandan çıxmaq üçün özünün prezidentlik müddətinin bir ilinin itirilməsi hesabına da olsa, növbədənkənar seçkilərə (2008-ci il yanvarın 5-də) getmək qərarına gəlib. Prezident seçkisi ilə eyni vaxtda keçiriləcək referendumla isə parlament seçkilərinin vaxtına aydınlıq gəlməlidir. Bu həm də Gürcüstanda demokratiya üçün mühüm bir sınaq olacaq.
Təsadüfi deyil ki, Saakaşvilinin müxalifətə qarşı sərt tədbirlərini, ölkədə müvəqqəti fövqəladə vəziyyət tətbiq etməsini narazılıq edən Qərb dairələri prezidentin son qərarını müsbət qarşılayıblar. Müxalifətin mövcud şəraitdə Saakaşviliyə qarşı güclü lider çıxarmaq imkanının olmadığını nəzərə alsaq, yanvardakı növbədənkənar seçkilərdə Gürcüstan prezidentinin təkrar seçiləcəyi prinsipcə şübhə doğurmur. Hərçənd bu ölkədə siyasi sabitliyin tezliklə bərqərar olacağını (prezidentlik yarışının ardınca parlament seçkiləri başlayacaq) gözləmək real deyil. Qonşu və strateji tərəfdaş olan bu ölkədə istiqrarın tezliklə bərqərar olması isə nəticə etibarilə elə bizim də marağımızdadır.
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
8. Rəsmiləşdirilmiş deportasiya
100 min azərbaycanlının Ermənistan ərazisindəki tarixi torpaqlarından didərgin salan deportasiya aktından 60 il ötür
(«525-ci qəzet», 20.12.2007)
Erməni millətçiləri və onların havadarları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin uzun və qanlı tarixi var. Müxtəlif mərhələrlə gerçəkləşdirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, yüz illər boyu yaşadıqları doğma yerlərdən didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus tarixi-mədəni abidələr viran edilib.
Azərbaycanın 1813-ci və 1828-ci illərdə Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 1920-ci ildə sovetləşmədən sonra Zəngəzurun ermənilərə verilməsi, 1923-cü ildə Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması bu siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Bu sırada 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından deportasiyası ayrıca yer tutur. Çünki bu deportasiya, azərbaycanlılara qarşı ondan öncə və sonra həyata keçirilmiş etnik təmizləmədən fərqli olaraq, necə deyərlər, «dəftərə-kitaba» salınmış, tam rəsmiləşdirilmişdi. Həmin deportasiyanı rəsmiləşdirmiş hüquqi aktdan - SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 23 dekabr 1947-ci il tarixli qərarından 60 il ötür. Sovet dövlətinin rəhbəri, SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin imzaladığı qərar illərdən bəri xalqımıza qarşı etnik tənzimləmə siyasətini müxtəlif üsullarla ört-basdır etmiş ermənilərin daha bir fitnəkar ssenarisi idi. Çünki qərarı Stalin imzalasa da, onun təşəbbüskarı və mətnini hazırlayan ermənilərin Kremldəki başbiləni, SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan olmuşdu.
Uzun illər erməni şovinist ideologiyasına rəhbərlik etmiş bu şəxsin təkcə azərbaycanlılara və Azərbaycanda yaşamış digər millətlərə deyil, bütövlükdə Qafqaz xalqlarına qarşı törətdiyi cinayət əməllərinin miqyası, təəssüf ki, hələ də geniş ictimaiyyətə bəlli deyil. Ötən əsrin əvvəllərində daşnakların arasında siyasi hazırlıq keçmiş Mikoyan 1915-ci ildə Şaumyanın dəstəyi ilə bolşevik partiyasına üzv olmuşdu.
Əslində isə o, ömrü boyu kommunist və leninçi maskası altında gizlənmiş erməni şovinisti olub və keçmiş SSRİ-nin partiya-sovet rəhbərliyində təmsil olunduğu uzun illər ərzində məhz bu ideyaya qulluq edib. Necə ki, onun ideya rəhbəri Şaumyan da bolşevik adı altında maskalanmış daşnak lideri olub. Təsadüfi deyil ki, Şaumyanın başçılığı ilə 1918-ci ilin martında Bakıda azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğın və terrorda Mikoyan fəal iştirak etmişdi. 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra isə o, Bakıya gələrək Azərbaycan Həmkarlar Şurasının sədri olmuşdu.
Sonralar Mikoyan uzun illər SSRİ-nin maddi təchizat və xarici ticarət naziri, Nazirlər Soveti sədrinin müavini vəzifələrini tutub, bu postlarda erməni diasporu ilə sıx əlaqədə olub, Sovet İttifaqının muzeylərinin misilsiz eksponatlarını dəyər-dəyməzinə erməni milyonçularına satıb. Lakin Mikoyanın şovinist erməni ideologiyasına ən böyük xidməti Qafqazdakı bir çox xalqların deportasiyasına rəhbərlik etməsi və onların yerində erməni əhalisini (o cümlədən Yaxın Şərq ölkələrindən, İrandan SSRİ-yə köçən erməniləri) yerləşdirməsi olub. Mikoyan bu işlərə hələ 1924-1926-cı illərdə Şimali Qafqaz partiya təşkilatına rəhbərlik edərkən başlamışdı. Bu gün Şimali Qafqazda, həmçinin Rusiyanın Rostov, Krasnodar, Stavropol vilayətlərində erməni əhalisinin geniş yayılması məhz Mikoyanın xidmətidir.
Yeri gəlmişkən, 1941-1945-ci illərdə SSRİ Dövlət Müdafiə Komitəsinin üzvü kimi müharibə zonasından əhalinin köçürülməsinə cavabdeh olan Mikoyan Qafqazdakı, o cümlədən Azərbaycandakı alman əhalisinin Orta Asiya və Sibirə deportasiyasına da rəhbərlik etmişdi. Həmin deportasiya zamanı Azərbaycanın Xanlar, Şəmkir və digər bölgələrindən köçürülən 20 mindən çox alman əhalinin ev-eşiyi, əmlakı isə ermənilərə qismət olmuşdu. Çünki Mikoyanın göstərişi ilə bu yerlərə Ermənistandan, həmçinin İrandan yüzlərlə erməni ailəsi köçürülmüşdü.
Mikoyan başda olmaqla ermənilərin Moskvadakı başbilənləri Ermənistanı azərbaycanlı əhalidən təmizləmək üçün fəaliyyətə isə hələ 1930-cu illərdə başlamışdılar. Əsas səbəb (bəhanə) də o göstərilirdi ki, xarici ölkələrdəki imkanlı ermənilər Ermənistana gələrək sovet dövlətinin tərəqqisinə xidmət etmək istəyirlər, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var.
«Çıxış yolu» kimi Ermənistan SSR-dən azərbaycanlıların Azərbaycan SSR-ə köçürülməsi göstərilirdi. Azərbaycan SSR-in o vaxtkı rəhbəri Mircəfər Bağırov bir müddət buna müqavimət göstərməyə cəhd etsə də, 1941-1945-ci illər müharibəsi ermənilərə əlamətdar şans verdi. 1943-cü ilin payızında SSRİ, ABŞ və Britaniya rəhbərlərinin Tehran konfransı zamanı İrandakı erməni diasporunun liderləri Mikoyanın yaxın dostu, SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotovun vasitəçiliyi ilə bu niyyətlərini Stalinə çatdırmışdılar. Tehran konfransında kefi kök olan Stalin də buna ilkin razılıq vermişdi.
Beləliklə, müharibədən sonra Mikoyan fitnəkar kampaniyaya hazırlığa başladı. Bu arada erməni erməni diasporunun səyləri ilə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan Ermənistana 50 min erməni köçmüşdü. 1947-ci ilin əvvəlində bu sıraya Fələstin, Fransa, Misir və İraqdan daha 35 min erməni əlavə olundu. Bu «hazırlıq»dan sonra Ermənistan KP MK-nin katibi Arutyunov xaricdən gələn ermənilərin yerləşdirilməsi ilə bağlı çətinliklərin olduğunu Moskvaya məruzə etdi və Mikoyan Stalinin Tehranda erməni liderlərinə verdiyi vədi nəzərə alaraq «səmərəli» təklif irəli sürdü: Ermənistandakı azərbaycanlıların bir hissəsi Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Təklifə əsasən, belə bir köçürülmə həm də Azərbaycanda kənd təsərrüfatının (pambıqçılığın) inkişafına xidmət etməli idi.
Nəticədə Stalin SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarını imzaladı. Qərara əsasən, 1948-1950-ci illər ərzində Ermənistanın dağlıq rayonlarında yaşayan 100 min azərbaycanlı «könüllü surətdə» Azərbaycanın SSR-in Kür-Araz ovlağına (İmişli, Saatlı, Sabirabad və s.) köçürülməli idi. Proses dərhal başlamışdı, azərbaycanlı kolxozçuların əməkgünlərinin hesablanmasına cəmi 10 gün vaxt verilmişdi. Tarixi yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara özləri cəmisi 2 ton (ailə başına) yük (mal-qara, yataq, mebel və s.) götürməyə icazə verilirdi.
Bundan əlavə, köçənlərin hər birinə 300 rubl (ailə başçısına 1000 rubl) pul verilirdi. Köçürülmə üçün isə mal-qara daşınan vaqonlar ayrılmışdı. Ən acınacaqlı isə o idi ki, Ermənistanın dağ rayonlarında əsasən maldarlıqla məşğul olan azərbaycanlılar bundan sonra qızmar iqlimdə pambıq becərməli idilər. Deportasiya olunanları ağır yaşayış şəraiti, səfalət və xəstəliklər gözləyirdi.
SSRİ hökumətinin sərt qərarı Azərbaycan SSR-nin rəhbərliyində də narazılıq doğurmuşdu. Bağırov Stalinə müraciət edərək köçürülmənin qrafiki və şərtlərini bir qədər yumşaltmağı xahiş etdi. 1948-ci il martın 10-da SSRİ Nazirlər Sovetinin sədri Stalinin imzası ilə ikinci qərar verildi. 754 saylı qərara əsasən, köçürülən azərbaycanlılara özləri ilə daşınan əmlaklarını götürməyə (mal-qara, kənd təsərrüfatı texnikası) icazə verilirdi. Amma ermənilər bu qərarın da icrasına əngəl törədir, lazımi qədər vaqon və nəqliyyat ayırmırdılar, bir sıra yerlərdə köçmək istəməyən azərbaycanlılarla Ermənistanın hüquq-mühafizə orqanları arasında münaqişələr olurdu.
Statistik məlumatlara görə, 1948-ci ildə 11046 nəfər, 1949-cu ildə 10595, 1950-ci ildə isə 14361 nəfər köçürülmüşdü. Qalanlar isə 1951-1953-cü illərdə köçürüldü. Köçürülən əhalinin ağır həyat şəraitini, habelə onların peşə vərdişlərini nəzərə alan Azərbaycan SSR rəhbərliyi onların bir hissəsini dağ rayonlarında, o cümlədən Qarabağda yerləşdirməyə çalışsa da, Moskvadakı ermənilər bunun qarşısını qətiyyətlə aldılar.
Ermənistan rəhbərliyi isə 100 min azərbaycanlının deportasiyasından sonra boşalmış ərazilərdə xaricdən gələn ermənilərlə məskunlaşdırmağa tələsmirdi. Çünki ermənilərin heç belə fikri də yox idi. Xaricdən gələn ermənilər Ermənistanın dağ rayonlarında kolxozçuluq etmək fikrində deyildilər və tezliklə SSRİ-nin müxtəlif şəhərlərinə dağılışdılar. Bu fakt Ermənistanın özünün arxiv sənədləri ilə də təsdiqlənir. Məsələn, deportasiyadan xeyli sonra, 1975-ci ilin yanvarında keçirilən Ermənistan KP MK-nın plenumunda qeyd olunmuşdu ki, respublikada 1948-1953-cü illərdə azərbaycanlıların köçürülməsindən sonra boşalmış 476 kənd yalnız qismən məskunlaşdırılıb. Bundan daha 15 il sonra, 1990-cı ilin 11 noyabrında «Qolos Armenii» qəzetində dərc olunan məqalədə həmin kəndlərin hələ də tam məskunlaşdırılmadığı nəzərə çatdırılırdı.
Hərçənd həmin vaxt Ermənistanda artıq azərbaycanlı qalmamışdı. Çünki Stalin deportasiyasından 40 il sonra, 1987-ci ilin dekabrında Ermənistan SSR ərazisindəki tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı etnik təmizləmənin son mərhələsi başlanmışdı. Özü də bu dəfə, 1947-ci ildə başlanan deportasiyadan fərqli olaraq, azərbaycanlıların tarixi torpaqlarından zorla qovulması heç bir sənəd, formal qərarla müşayiət olunmurdu. Bu, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən qəddar etnik təmizləmə kampaniyası idi. 216 azərbaycanlı bu deportasiyanın qurbanı oldu.
Sonuncu köç qarlı dağları aşaraq, ayaqyalın, hər şeyini atıb Azərbaycana pənah gətirdi. Çünki artıq nə sovet dövləti, nə də onun «xüsusi deportasiya qatarları» var idi. Beləcə Ermənistan SSR-dən sonuncu azərbaycanlıların - ümumilikdə 250 minə yaxın insan deportasiya olunması ilə ermənilərin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmənin daha bir səhifəsi qapanmışdı.
Bu gün bu tarixi gerçəkləri bir daha yada salmaqla yanaşı, onların dünyaya, beynəlxalq ictimaiyyətə hələ də yetərincə çatdırılmadığını, bu istiqamətdə hələ çox işləri görməli olduğumuzu da etiraf etməliyik. Biz bu və hələ də tarixin gizli səhifələri arasında qalan digər faktları dünyaya daha geniş şəkildə yaymalıyıq ki, dünya erməni yalanları ilə yanaşı, gerçək tarixdən, həqiqətlərdən də xəbərdar olsun. Təbii ki, bu işləri qısa zamanda etmək real deyil. Ermənilərin dünyanın bir çox ölkələrinə səpələnən diasporunun böyük maliyyə, siyasi və ictimai resurslarına arxalanan təbliğat maşını olduqca güclüdür.
Bununla belə, son illər bu istiqamətdə həm dövlət qurumları, həm də qeyri-rəsmi səviyyədə xeyli iş görülüb. Eyni zamanda, Azərbaycan diasporunun daha da təşkilatlanması, eləcə də Türkiyə və Azərbaycanın diaspor və lobbiçilik sahəsində işbirliyinin güclənməsi istiqamətində mühüm addımlar atılıb. 2006-cı ildə Bakıda dünya azərbaycanlılarının 2-ci qurultayının, həmçinin bu il prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Türkiyənin diaspor nümayəndələrinin birgə forumunun keçirilməsi bu yöndə əlamətdar hadisə olub.
Zənnimcə, bu xüsusda ən başlıca problem, prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bizim bu sahədə indiyədək daha çox müdafiə mövqeyindən çıxış etməyimiz olub. Halbuki, dövlət başçısının haqlı olaraq vurğuladığı kimi, biz öz həqiqətlərimizi dünyaya təqdim etmək, ermənilərin yalan təbliğatının önünü kəsmək üçün daha fəal olmalı, hücum taktikasına keçməliyik. Çünki, ermənilərdən fərqli olaraq, bizim təbliğatımız saxta tarixə və yalana deyil, gerçək faktlara əsaslanır.