ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Effektiv təşəbbüslər mərkəzi > 2006

1. Qiymət artımı: bu addım zəruri idimi?

(«525-ci qəzet», yanvar 2006)
 

Yeni ilin əvvəlində ölkənin iqtisadi həyatında baş verən ən əlamətdar hadisə Azərbaycan hökumətində yeni bir müstəqil nəzarət orqanının meydana çıxması oldu. Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən tənzimlənən qiymətlərin üzərində dövlət nəzarətinin təmin edilməsini həyata keçirən Tarif (qiymət) Şurasının funksiyaları genişləndirildi və ona müstəqil icra strukturu statusu verildi. Bu, iqtisadi inkişaf naziri Heydər Babayevin Şuraya sədr gəlməsinin yeganə təzahürü deyil. 

Cənab Babayevin Tarif (qiymət) Şurasının sədri olaraq 2006-cı ildə keçirdiyi ilk toplantıda dizel yanacağı da daxil olmaqla 3 neft məhsulunun qiymətləri artırıldı. Tarif (qiymət) Şurasının qərarı ilə dizel yanacağının, ağ neft və məişət soba yanacağının qiyməti 36 qəpiyə (1600 AZM) çatdırıldı. Bu qərardan əvvəl dizel yanacağının qiyməti 18 qəpik, ağ neft 16 qəpik, soba yanacağı 11 qəpik təşkil edirdi. Bundan başqa aviasiya yanacağının da bir tonunun qiyməti 210,7 AZN-dən 280,6 AZN-ə qaldırıldı. Qiymətlər yanvarın 6-dan tətbiq edilməyə başlandı.

Tarif Şurasının bu qərarı cəmiyyətdə ciddi rezonans doğurdu. Xüsusən də, sürücülərin kütləvi etiraz aksiyaları, ayrı-ayrı sahibkarlıq qruplarının narazılığı, qiymətlərin artırılması ilə irəli sürülən tələblər sanki hökumətə qarşı bu qərarının ləğv edilməsi ətrafında aşağılardan gələn bir etiraz dalğasının görüntüsü yaratdı.

Əslində isə nə baş verdi - qiymətlərin dəyişməsi zəruri idimi? Tarif Şurasının gətirdiyi əsaslar qiymətlərin dəyişdirilməsi üçün kifayət qədər zərurət yaradırdımı? Bəs bu, daxili bazarda qiymətlərin artmasına, yaxud ən azından gözləntilərdən doğa biləcək inflyasiya yarada bilərmi? Son vaxtlar bu mövzuda geniş diskussiyalar gedir.

Bu diskussiyalarda maraq doğuran bir elementi müşahidə etmək mükündür - demək olar ki, əksər ekspertlər hökumətin bu addımının zəruriliyini qəbul edir, daha çox onun sosial təbəqələrə təsirinin yumşaldılmasının vacibliyini önə çəkirdilər.

 
Əsas səbəblər
 

Beləliklə, yuxarıda verilən suallara cavabı arayaq, ən azı ona görə ki, ölkənin yanacaq-energetika sektorunda baş verən prosesləri təhlil etmədən hökumətin bu addımının əsaslı olub-olmamasını müəyyən etmək çətindir. Tarif Şurasının qiymətlərin artımı üçün gətirdiyi əsaslar bir neçədir.

Birincisi, bu daxili bazar qiymətlərinin dünya bazar qiymətlərinə yaxınaşdırmaq istiqamətində atılan addım olmaqla yanacaq-energetika sektorunun gizli subsidiyalaşdırılmasının azaldılmasını nəzərdə tutur.

Sirr deyil ki, əsasını yanacaq-energetika kompleksi təşkil edən Azərbaycan iqtisadiyyatı demək olar ki, əsasən subsidiyalaşdırma mexanizmi üzərinə köklənib. Bu ondan irəli gəlir ki, hasilat sənayesinin təqdim etdiyi xammalın satış qiymətləri dövlət tərəfindən tənzimlənir və daxili sənaye kompleksinin fəaliyyəti üçün təqdim olunan enerjidaşıyıcıları (neft, qaz, enerji və s.) öz maya dəyərindən ucuz şəkildə istehlakçılara verilir. Məsələn, dünya bazarlarında neftin qiymətləri son üç ildə artmaqda davam edir və xam neftin bir bareli 60 dollara (1 tonu 420 dollara) yaxın ikən, ARDNŞ hasil etdiyi neft və neft məhsullarını bundan 6-7 dəfə aşağı qiymətə satır. Bu elə bir qiymətdir ki, hətta şirkətin neftin hasil olunmasına çəkdiyi xərcləri, yəni maya dəyərini örtmür. Neft məhsullarında bu fərq xam neftə nisbətən aşağı olsa da, nisbətdə yenə yüksəkdir. Məsələn, qiymət artımına qədər dizel yanacağının daxili qiyməti dünya bazar qiymətindən 3 dəfə, ağ neftin qiyməti 4 dəfə, aviasiya kerosininin 2,5 dəfə az idi.

Birbaşa təqdim edilməyən, dolayı hesab edilən belə subsidiyalaşdırma kvazisubsidiyalaşdırma, yəni gizli subsidiyalaşdırma adlanır. Bunun səviyyəsi yuxarı olduqca, iqtisadi sistemin səmərəli işləməsi haqqında yanlış təsəvvür yaranır. Prezident İlham Əliyev bir dəfə iqtisadiyyatın subsidiyalaşdırılması səviyyəsi ilə bağlı belə bir göstəricisini xatırlatmışdı - 1 milyard dollar. Bu dövlətin gizli subsidiyalaşdırmadan gördüyü birbaşa zərərdir və hələ özündə iqtisadi sistemin digər həlqələrindəki nəticələri əks etdirmir.

Məsələn, ARDNŞ-in böyük həcmdə dizel yanacağını alan müştəriləri sırasında özəl təşkilatlar, xüsusilə də böyük avtomobil parklarına məxsus olan xarici neft şirkətləri vardır. Bu o deməkdir ki, ucuz daxili qiymət tətbiq etməklə dövlət öz gəlirini başqa bir formada həmin şirkətlərə verir, yəni onları subsidiyalaşdırır. Şirkətlər ucuz xmmal, ucuz elektrik enerjisi alır, ucuz yanacaqdan istifadə edir. Baxmayaraq ki, onlar istehlak etdiklərinin pulunu tam həcmdə ödəyirlər, amma bu istənilən halda həmin xammalın alınmasına, əldə edilməsinə verilən xərcləri örtmür, dövlət öz zərərinə olsa da, onların ehtiyaclarını dövlət büdcəsinin itirilən gəlirləri hesabına maliyyələşdirir. Bu düzgün maliyyələşmə hesab edilə bilməz və maliyyə axınlarının mütləq qaydada salğamlaşdırılmasına ehtiyac vardır. Beynəlxalq Valyuta Fondunun qiymətlərin artımı ilə bağlı tövsiyələri ayrı-ayrı zamanlarda nə qədər tənqid atəşinə tutulsa da, mahiyyət etibarilə, onun əsasında düzgün arqumentləşdirmə durur - əsasını yanacaq-energetika kompleksi Azərbaycan iqtisadiyyatı bazar qanunları ilə işləməlidir. Əks halda, o yalnız xəstə iqtisadiyyat olaraq qalacaq.

Dizel yanacağının qiymət artımı birinci növbədə, bu sahədə subsidiyalaşdırmanın məhdudlaşdırılmasına gətirməlidir. Əlbəttə, razılaşmaq lazımdır ki, son qiymət artımı yeganə olmaya bilər və kompleksin tam sağlamlaşması üçün dünya bazar qiymətləri ilə daxili qiymətlər arasında fərq minimallaşdırılmalıdır.

İkincisi, qiymət artımı dizel yanacağının ölkədən qeyri-rəsmi şəkildə çıxarılmasının qarşısını almaq məqsədi güdür. Qeyd edək ki, hökumət rəsmiləri etiraf etməsə də, bu çox ciddi problem olaraq qalırdı. Daxili bazarda ucuz qiymətə alınaraq ya eləcə dizel yanacağı şəklində, ya da digər neft məhsullarına qatılmaqla yaxın ölkələrin bazarlarına çıxarılırdı. Ekspertlərin təxmini hesablamalarına görə, belə üsulla hər ay 15 min tona yaxın dizel yanacağı kənara çıxarılırdı. Nəticədə təkcə ARDNŞ deyil, həm də dövlət büdcəsi külli miqdarda itki verirdi. Məlumat üçün bildirək ki, məsələn, bütünlükdə gələn il ölkədə 692 min ton dizel yanacağının istehlak olacağı proqnozlaşdırılır. Əlbəttə, sual oluna bilər ki, burada problem başqadır - yəni administrativ nəzarət rıçaqları kifayət qədər effektli deyil. Lakin istənilən halda, təcrübə göstərir ki, problemin iqtisadi həlli çözülməyincə heç bir inzibati nəzarət mexanizmi qaçaqmalçılığın qarşısını almaq iqtidarında deyil.

Üçüncüsü, daxili bazarda dizel yanacağının keyfiyyətini artıracaq. Qeyd edildiyi kimi, yanacağının bu növünün ucuz olması səbəbindən onun digər neft məhsullarına qatılması və pərakəndə satışa çıxarılması kimi hallar mövcud idi. Digər tərəfdən bu dəfə qiymət artımından əldə edilən gəlirlər tam şəkildə büdcəyə getməyəcək, gəlirlərin bir hissəsi də ARDNŞ-in sərəncamında qalacaq. Bu vəsaitlərin neftayırma zavodlarının emal texnologiyaların təkmilləşdirilməsinə yönəldiləcəyi gözlənilir. Qeyd edək ki, Azərbaycan neftinin emal dərinliyi aşağı faiz təşkil etdiyindən neft məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətliyi aşağıdır. Azərbaycan əsasən yanacağı yaxın bölgəyə satır və Gürcüstan bu sırada ön yerdədir. Bu baxımdan yanacağın keyfiyyətinin artırılması neftayırma sektorunda mühüm problemlərdən biridir və istər daxili, istərsə də xarici bazarlara çıxış üçün bu problemin həlli zəruri xarakter daşıyır.

Dördüncüsü, qiymət artımı dövlət büdcəsinin gəlirlərini artıracaq. Mahiyyət etibarilə qiymətlərin dəyişməsindən ən real qazancı dövlət büdcəsi alacaq. Hesablamalara görə, bu 82 mln. yeni manat həcmində əlavə gəlir gətirməlidir. Bu isə dövlət büdcəsinin gələn il üçün daxilolmalarının 2,6 faizi deməkdir.

Qeyd edək ki, neft məhsullarının qiymət artımı əsasən aksizlərin artımı hesabına həyata keçirilir. Neft məhsullarının, o cümlədən dizelin qiymət strukturunda vergilərin xüsusi çəkisi kifayət qədər yüksəkdir və qiymət artımlarının tənzimlənməsi aksizlərin hesabına həyata keçirildikdə bu gəlirlər dövlət büdcəsinə daxil olur. Beləliklə, bu dəfəki qiymət artımı nəticəsində dövlət büdcəsinə aksizlər üzrə 21 mln. manat, ƏDV üzrə 30 mln. manat, mənfəət vergisi üzrə 31 mln. manat əlavə vəsaitin daxil olacağı gözlənilir. Dövlət büdcəsinin əlavə gəlirləri hökumətə bu qiymət artımından doğa biləcək təsirlərin neytrallaşdırılması və gəlirlərin daha rasional istifadə olunmasına imkan verir.

 
Təsir və əks--təsir
 

Dizel yanacağının qiymət artımının iqtisadi sistemə təsirini qiymətləndirmək üçün ilk növbədə həmin yanacağın istehlakçı qrupları üzrə bölünməsinə nəzər yetirmək lazımdır. Mütəxəssislərin qiymətləndirmələrinə görə, yanacağın əsas hissəsi - 60 faizə yaxını nəqliyyat sektorunda istifadə olunur. Bura dövlət təşkilatları, özəl şirkətlər və şəhər nəqliyyatına məxsus bütün avtomobil parkı daxildir. Təbii ki, qiymət artımı ilk növbədə özünü məhz nəqliyyat sektorunda biruzə verir.

Bununla belə, yanacağın qiymətlərinin dəyişməsinin sektorun fəaliyyətini iflic vəziyyətə salacağı ilə bağlı ayrı-ayrı fikirlər spekulyasiya mövzusundan başqa bir şey deyil. Birincisi, dizel yanacağının istehlakçıları sırasında böyük xüsusi çəkiyə malik kateqoriya dövlət icra strukturlarının avtomobil parklarıdır. Bura müdafiə və daxili işlər nazirliklərinin avtomobil parkı, həmçinin digər dövlət orqanlarının xidməti avtomobil parkları daxildir. Qiymətin artımı bu təşkilatların xərclər smetasında öz əksini tapır, lakin onların dizel yanacağı ilə təmin edilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.

İkincisi, qiymətlərin dəyişməsi şəhər nəqliyyatının xərclərinə təsir edir. Lakin mütəxəssislərin apardığı araşdırmalar belə söyləməyə əsas verir ki, xərclərin səmərəli bölgüsü və şəhər nəqliyyatında bürokratik inzibati idarəetmənn aradan qaldırılması, marşrutlarda rəqabət prosesinin təmin edilməsi qiymət artımını nəinki kompensasiya etməyə imkan verəcək, hətta bu sahədə əlavə gəlirlərin yaranmasına şərait yaradacaq. Bircə faktı qeyd etmək lazımdır ki, sürücülərin gündəlik xərclərində verginin xüsusi çəkisi 6 faizə yaxın, yanacağın xüsusi çəkisi qiymət artımından sonra 40 faizə yaxın təşkil edir. Qalan vəsait marşrut sahiblərinə, dispetçer xidmətinə, ayrı-ayrı lüzumsuz xərclərə yönəlir.

Bundan başqa, şəhər nəqliyyatının heç də hamısı dizel yanacağından istifadə etmir və bir çox avtobuslar benzinlə çalışır. Şəhər meriyasının paytaxta irihəcmli avtobuslar gətirməsi vədləri nəhayət ki, reallaşarsa nəqliyyatın böyük əksəriyyəti benzinə keçmiş olacaq ki, bu da həmin avtobuslar üçün öz xərclərini örtməyə kifayət edir.

Ekspertlər hesab edir ki, nəqliyyat sektorunda inhisarçılıq və direktiv qaydalar hökm sürdüyündən burada artım baş verməyəcək, lakin dizel resurslarının 15-18 faizinin istehlak olunduğu kənd təsərrüfatında qiymətlərin 10-15 faiz səviyyəsində dəyişə bilməsi mümkündür. Yəqin ki, bu yeganə sahədir ki, qiymət artımı həqiqətən də xidmətlərin dəyərinin artımına və bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının qiymətlərinə əhəmiyyətli təsir edə bilər. Lakin hər bir iqtisadi sistemin səmərəli fəaliyyəti öz inkişafı naminə etmək istədiyi güzəştin ünvanlı olmasından asılıdır.

Bu baxımdan mütəxəssislərin fikrincə, hökumət kənd təsərrüfatının subsidiyalaşdırılması ilə bağlı konsepsiya qəbul etməlidir, yəni kənd təsərrüfatı sektoru ünvanlı subsidiyalaşdırılmalıdır. Belə subsidiyalaşdırma bir çox ölkələrdə tətbiq olunur. Ən azından qonşu İranın uğurlu təcrübəsi buna misal ola bilər. Qeyd edək ki, belə bir yanaşma hökumət kuluarlarında da müzakirə olunur və yaxın zamanlarda Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Nazirliyinin təkliflərlə çıxış edəcəyi gözlənilir. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşdığı bir məqamda bu məsələ xüsusilə aktualdır, çünki, təşkilata üzv olduqdan sonra hökumətin subsidiyalaşdırmanı geniş tətbiq etməsi məhdudlaşa bilər.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu ilə əldə edilmiş razılaşmaya görə, hökumət 2008-ci ilə qədər enerjidaşıyıcıların və kommunal xidmətlərin qiymətinin qaldırılmasını tam şəkildə başa çatdırmalıdır. Bu qiymət artımı 2004-cü ildə başlanıb və o zaman qiymət artımı bütün neft məhsullarına şamil olunmuşdu. Qeyd edək ki, 2004-cü ilin noyabr ayına qədər neft məhsullarının qiyməti yalnız 1998-ci ildə artırılmışdı və o zaman bu artım artıq labüd idi. 2004-cü ilin noyabrında aparılan qiymət dəyişikliyi zamanısa avtomobil benzini Aİ-96 11,1 faiz, Aİ-92 12,5 faiz, Aİ-80 13,3 faiz, dize yanacağı 12,5 faiz, məişət soba yanacağı 10 faiz, ağ neft 14,3 faiz artırılmışdı. Bu artımlar topdansatış qiymətinə tətbiq olunmamış, yalnız qiymətə tətbiq olunan aksizlər artırılmışdı və bununla da qiymət artımından bütün gəlir dövlətin büdcəsinə gedirdi. O zaman dizelin qiymətinə də 15 faizlik aksiz tətbiq olundu, ağ neft üçün aksizlər isə 2,78 faizdən 22,3 faizə qədər artırıldı. Beləliklə, son iki ildə dizel yanacağının qiyməti 750 manatdan 1800 manata qədər artırılıb.

Qeyd etdiyimiz kimi, qiymət artımları BVF ilə razılaşmaya əsasən aparılır və Fondun hökumətin bu addımını dəstəkləməsi təəccüblü deyil. Fond ekspertləri hesab edir ki, düzgün qiymət siyasəti olmasa, iqtisadiyyat səmərəli işləməyəcək. Eyni zamanda, dövlət belə məsələləri kompeks həll etməli və əlində olan imkanlardan maksimum bəhrələnməlidir. Fondun 2004-cü ildə hökumətə verdiyi niyyət məktubunda qiymət artımına getmək tövsiyyə olunmuşdu və bunun müəyyən mərhələlərlə və əhalinin aztəminatlı hissəsinn mənafelərini qorumaqla edilməsi göstərilirdi.

Beləliklə, əhalinin aztəminatlı hissəsinin qiymət artımlarının təsirindən müdafiə olunması öncül məsələ olaraq ortaya çıxır.

Aprel ayından aztəminatlı ailələrə ünvanlı sosial yardım mexanizminin işə salınacağı hökumətin qiymət artımına getməsinə bəraət qazandırır. Hökumət total güzəştləri ləğv edir, əvəzində aztəminatlı ailələr geniş güzəştlər mexanizmi formalaşdırır. İndi güzəştdən istifadə etmək üçün hər bir vətəndaş bu statusu almaq üçün müəyyən kriteriyalara uyğun gəlməlidir. Razılaşmaq lazımdır ki, belə ünvanlılıq sosial güzəştlərdən istifadə edənlərin sayını kəskin azaldacaq və böyük maliyyə resurslarına qənaət etməyə imkan verəcək. Belə halda, aztəminatlı kateqoriyadan olan vətəndaşların qiymət sıçrayışlarının təsirindən qorumaq daha asan görünür.

Digər bir məsələ yanacağın qiymət artımının inflyasiya törətmə təhlükəsi ilə bağlıdır. BVF hesab edir ki, enerjidaşıyıcaların qiymətləri mərhələlərlə qaldırılmalıdır. Azərbacanda maliyyə bazarı zəif inkişaf edib, iqtisadiyyatın monetizasiyası aşağı səviyyədədir və bu müəyyən ehtiyatlanmalara əsas verə bilər. Hərçənd, mütəxəssislərin fikrincə, qiymətlərin bu dəfəki artımı inflyasiya üçün əsas vermir, çünki, bu birdəfəlik addımdır. Söhbət müəyyən mənada inflyasiya gözləntisinin doğura biləcəyi təhlükədən gedirsə, onun da nəticələri aradan qaldırıla bilər.

Digər neft məhsullarına gəlincə, bunların sırasında əhalinin istehlak etdiyi ağ neftin qiymətinin artmasının da ciddi bir dəyişikliyə səbəb olmayacağı gözlənilir. Çünki ağ neftdən istifadə edən aztəmintlı ailələrin mühüm bir qrupu - qaçqınlar və məcburi köçkünlər müəyyən limit daxilində büdcə vəsaitləri hesabına həmin yanacağın dəyərini alırlar.

Beləliklə, qiymət artımının müsbət və mənfi təsirlərini qiymətləndirərkən, məsələyə səthi yanaşmaq düzgün olmazdı. Əgər bu artımın iqtisadi sistem üçün plyusları - ilk baxışdan görünməsə belə - çoxdursa, buna getmək lazımdır. Hökumətin yanacaq-energetika kompleksindəki qiymətlərin tənzimlənməsi ilə bağlı xüsusi konsepsiyası olmalı və bu konsepsiya ölkə iqtisadiyyatının əsasını təşkil edən bu kompleksin qısa perspektivdə sağlamlaşdırılmasına nail olmağa imkan verməlidir.

 

Azərbaycana yaxın ölkələrin bazarlarında neft məhsullarının müqayisəli qiymətləri

 
Ölkələr
Valyuta
Dizel yanacağı
Etilləş- diril- məmiş benzin
Valyuta
Dizel yanacağı
Etilləş-diril- məmiş benzin
Valyuta
Dizel yanacağı
Etilləş- diril- məmiş benzin
Azərbaycan
USD
0,39
0,39
AZM
1 800,00
1 800,00
AZN
0,3600
0,3600
Gürcüstan
USD
0,68
0,70
AZM
3 104,89
3 234,26
AZN
0,6210
0,6469
Rusiya
USD
0,56
0,61
AZM
2 563,60
2 786,53
AZN
0,5127
0,5573
Ukrayna
USD
0,68
0,70
AZM
3 122,56
3 214,40
AZN
0,6245
0,6429
Qazaxıstan
USD
0,44
0,45
AZM
2 020,48
2 066,40
AZN
0,4041
0,4133
Belarus
USD
0,54
0,66
AZM
2 479,68
3 030,72
AZN
0,4959
0,6061
 
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
 
 
 

2. Terrorla demokratiya arasında məsafə nə qədərdir?

Yaxud «Həmas»ın Fələstin seçkilərində əldə etdiyi lokal uğurdan hansı qlobal nəticələr çıxarmaq lazımdır?

("525-ci qəzet", 04.02.2006)
 

Yaxın Şərqdə yenidən təlamütlü dövr başlayıb. Hərçənd tarixə nəzər salsaq, görərik ki, bu regionda Fələstin münaqişəsinin alovlanandan bu yana ötən yarım əsrdə sakitlik, ümumiyyətlə, nisbi xarakter daşıyıb. Bununla belə, bölgədə cərəyan edən son proseslər, o cümlədən fələstinlilərlə sülhə nail olmağa cəhd edən İsrail baş naziri Ariel Şaronun ölüm yatağına düşməsi, bunun ardınca isə Fələstində keçirilən parlament seçkilərində İsraili yer üzündən silməyi qarşısına məqsəd qoyan radikal islam təmayüllü "Həmas" təşkilatının qələbə çalması Yaxın Şərqin siyasi mənzərəsini olduqca tündləşdirib.

Əslində "Həmas"ın Fələstindəki seçkilərdə müəyyən uğur qazanacağı gözlənilsə də, onun parlamentdə çoxluğu ələ keçirərək (Fələstin parlamentində 132 yerdən 74-nü) hakimiyyətə gələcəyi real hesab edilmirdi. Xatırladaq ki, bu, Fələstin Milli Muxtariyyətinin yarandığı 1994-cü ildən bu yana burada keçirilmiş sayca ikinci parlament seçkiləridir. İlk seçkilərin keçirildiyi 1996-cı ildən bu yana muxtariyyətdə Yasir Ərəfatın "Fəth" partiyası hakimiyyətdə idi. Eyni zamanda, bu seçkilər nəticə etibarilə Yaxın Şərq sülh prosesinin, o cümlədən Fələstin dövlətinin qurulmasının perspektivinə işıq salmalı idi.

Məlum olduğu kimi, müstəqil Fələstin dövlətinin yaradılmasının beynəlxalq-hüquqi əsası hələ 1947-ci ildə BMT-nin qəbul etdiyi 181 saylı qətnamə ilə qoyulub. Həmin qətnaməyə görə, o vaxtadək Britaniyanın protektoratı olmuş ərazidə iki dövlət, yəhudi və ərəb dövləti yaradılmalı idi. İsrail dövləti bir il sonra, 1948-ci ildə elan edildi. Fələstinli ərəblərin dövlət qurmaq cəhdlərinin nəticəsi isə, necə deyərlər, göz qabağındadır. Ystəlik 1967-ci ildən İsrail fələstinlilərin torpaqlarını işğal altında saxlayır. Yalnız 1993-cü ildə fələstinlilər dövlət qurmağa haqq etdikləri torpaqda muxtariyyət əldə etdilər.

Ötən müddətdə BMT-nin bu yöndə qəbul etdiyi digər qətnamələr də havada qalıb. Ymumiyyətlə, Fələstin münaqişəsinin başlandığı dövrdən bu yana BMT-də bu problemlə bağlı 500-yə yaxın qətnamə qəbul edilib, o cümlədən 50-yə yaxın sənəddə İsraildən işğal etdiyi torpaqları azad etməsini tələb olunub. Bu statistika Qarabağ münaqişəsində beynəlxalq çağırışlara və BMT qətnamələrinə bəzən həddən ziyadə önəm verən bizlər üçün də maraqlı olmalıdır.

Nəhayət, iki il öncə İsrail hökuməti İordan çayının qərb sahili və Qəzza zolağında işğal edilmiş əraziləri qismən azad etməyə razılıq verdi. Hərçənd baş nazir Şaronun iradəsi əsasında qəbul edilən bu qərar mahiyyət etibarilə Fələstin probleminin həllini deyil, İsrailin Fələstindən "təhlükəsizlik divarı" vasitəsilə ayrılmasını ön görən bu addımdır. Üstəlik o, İsrailin 1967-ci ildə işğal etdiyi bütün əraziləri əhatə etmir və ən əsası Fələstin dövlətinin elan edilməsi məsələsi əvvəlkitək açıq qalır. Və belə bir şəraitdə Fələstində ekstremist təmayüllü "Həmas" seçki yolu ilə, yəni demokratik qaydada xalqın əksəriyyətinin dəstəyini qazanaraq hakimiyyətə gəlir.

"Həmas" (Hərəkat əl-Müqavama əl-İslamiyyə - ərəbcədən tərcümədə "İslam müqavimit hərəkatı" deməkdir) 1987-ci ildə Misirin "Müsəlman qardaşları" radikal islamçı qruplaşmasının (1928-ci ildə misirli Həsən əl-Bənnanın Britaniya müstəmləkəçiliyinə qarşı mübarizə məqsədilə yaratdığı təşkilat) bilvasitə iştirakı ilə yaradılıb. Maraqlıdır ki, "Həmas"ın ortaya çıxmasında İsrailin xüsusi xidmət orqanları da maraqlı olublar. İsrail dairələrinə görə, bu təşkilat Yasir Ərəfatın Fələstin Azadlığı Təşkilatını və onun tərkib hissəsi olan "Fəth" hərəkatını qismən neytrallaşdırmalı idi.

Çünki "Fəth" fələstin millətçiliyi üzərində köklənsə də, mahiyyətcə solçu təmayüllü təşkilatdır və islam ideyalarına köklənən radikal "Həmas" ona real alternativ ola bilərdi.

Gerçəkdə isə "Həmas" öz fəaliyyəti ilə Ərəfata ciddi müxalifət olmaqla yanaşı, ilk növbədə İsrail üçün başağrısı oldu. 1993-cü ildə ABŞ-ın səyləri ilə Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında əldə edilən Oslo razılaşmasını (bu razılaşma ilə Fələstin Milli Muxtariyyəti yaranıb) tanımayan "Həmas" 1996-cı ildə Fələstində keçirilmiş ilk parlament seçkilərini də boykot etmişdi. Təşkilat İsrailin məhv edilməsini və 1947-ci ilədək mövcud olmuş protektoratlığın bütün ərazisində Fələstin ərəb dövlətinin yaradılmasını özünün başlıca şüarı elan etdi. Bu, praktik baxımdan tamamilə qeyri-real olsa da, mahiyyət etibarilə fələstinlilər və onların mübarizəsinə dəstək verən çeşidli islamçı qruplaşmalar üçün çox cəlbedici bir ideya idi. 90-cı illərdə "Həmas" Fələstinin digər ekstremist qruplaşmalarını kölgədə qoydu.

Təsadüfi deyil ki, təşkilat bu müddətdə Qərbin, o cümlədən ABŞ və Avropa Birliyinin beynəlxalq terrorizmlə bağlı "qara siyahıları"nda hər zaman ön sırada olub. Son illər, xüsusilə 2004-cü ildə Ərəfatın vəfatından sonra "Həmas" Fələstində dominant qüvvəyə çevrilmişdi. Üstəlik "Həmas"ın təkcə ərəb dünyasında deyil, İranda da geniş dəstəyə malik olması onun maliyyə və manevr imkanlarını kifayət qədər geniş edirdi. Bu baxımdan "Həmas" həm də İslam dünyasında sünni və şiə məzhəblərinin uzlaşmasını təmin edə bilən radikal qüvvə kimi nəzərdən keçirilir.

Qərbdə "Həmas"ın qələbəsi əsasən bir prizmadan, terrorçu təşkilatın demokratik yolla hakimiyyətə gəlməsi prizmasından şərh edilir.

Eyni zamanda, Qərb bu faktı Yaxın Şərqdə islam təməlçiliyinin intişar tapması və bu tendensiyanın digər ərəb ölkələrinə də sirayət etməsi baxımından təhlükəli amil hesab edir. Hərçənd "Həmas"ı heç də bütün dünya terrorçu təşkilat kimi qəbul etmir. Rusiya, Çin kimi BMT TŞ-nin daimi üzvlərinin "Həmas"a münasibəti Qərbin baxışından fərqlidir. Müsəlman ölkələrinin əksəriyyətində isə "Həmas"ın fəaliyyəti Fələstinin azadlığı uğrunda haqq savaşı aparan təşkilat kimi təqdir olunur.

Ümumiyyətlə, bugünədək beynəlxalq müstəvidə terror anlaşıyına universal tərif verilmədiyindən və milli-azadlıq mübarizəsi idə terrorizmin hüdudları dəqiqləşmədiyindən bu məsələdən hər kəs özünün siyasi və geosiyasi spekulyasiyasına uyğun istifadə edir. Digər tərəfdən, dünya praktikasında terrordan böyük siyasətə gedən yolun çox qısa olduğunu təsdiqliyən faktlar yetərincədir. Elə Avropanın özündə, Şimali İrlandiyadakı "Şinn Feyn" terror təşkilatının siyasət müstəvisinə keçidini xatırlamaq olar. Fələstinin yaxın tarixi isə buna ən bariz nümunədir.

Məgər Ərəfat Qərb tərəfindən qəbul edilən siyasətçi zirvəsinə, oradan isə Hobel sülh mükafatına doğru terrordan keçərək gəlməmişdimi? O cümlədən Qərb Fələstin administrasiyasının indiki prezidenti Mahmud Abbasın "Əbu Mazen" adı altında keçən terror keçmişindən xəbərsiz deyil.

Yəni "Həmas"ın böyük siyasətə gəlişi heç də əlahiddə bir yolla baş verməyib. Fərq yalnız ondadır ki, Ərəfat da, Abbas da Qərb tərəfindən legitim qüvvə kimi qəbul edilməzdən öncə Qərbin oyun qaydalarını qəbul edərək ekstremist mövqelərdən qismən əl çəkmişdilər. Qərb isə bu illər ərzində Fələstin administrasiyasını geniş subsidiyalar ayırıb.

Yeri gəlmişkən, 2006-cı ildə təkcə Avropa Birliyi Fələstinə 304 milyon dollar yardım göstərməyi planlaşdırır. Amma indi bunun gerçəkləşməsi üçün "Həmas" terrordan siyasi müstəviyə keçməlidir. Hələlik "Həmas" bu keçidə meylli olmadığını göstərir. İsrail hərbiyyəsinin 2004-cü ildə "Həmas"ın qurucusu şeyx Əhməd Yasini qətlə yetirməsini nəzərə alsaq, bu təşkilatın siyasi müstəvidə Təl-Əvivlə danışıqlar masası arxasına oturması və deməli, Yaxın Şərq sülh prosesinin perspektivi də dumanlı görünür.

O ki qaldı, "Həmas"ın Fələstində klerikal dövlət (ən pis variant kimi Taliban modeli qeyd olunur) qurmaq ehtimalına, bunun gerçəkləşəcəyi böyük şübhə doğurur. Əvvala, "Həmas", bəzi Qərb dairələrinin mülahizələrinin əksinə olaraq, "Taliban" deyil. "Həmas" radikal islam təmayülünə baxmayaraq, qadın azadlığını təqdir edir, onun sıralarında Avropa təhsili görmüş xeyli qadın aktivistlər var. Təşkilat seçki kamapaniyasında xüsusi olaraq bəyan edirdi ki, onun məqsədi Fələstində şəriət dövləti qurmaq deyil. Baxmayaraq ki, bu bəyanatları skeptik qəbul edənlər də var.

Lakin bütün sadalananlarla bərabər, "Həmas"ın əldə etdiyi uğur daha geniş prizmada siyasi nəticələr çıxarmağı zəruri edən hadisə kimi nəzərdən keçirilməlidir. Bu faktın Fələstin reallığı kontekstində hansı nəticələr doğuracağından asılı olmayaraq qeyd etmək mümkündür ki, "Həmas"ın simasında radikal islamçı təşkilatın seçki yolu ilə hakimiyyətə gəlməsi bütün Yaxın Şərq, daha geniş müstəvidə isə müsəlman dünyasında yeni siyasi küləklərin əsdiyini bir daha təsdiqləyir.

Söhbət islam dəyərlərini ideologiya olaraq qəbul edən qüvvələrin (gerçəkdə bu qüvvələrin hansı məqsədlər güddüyü və o məqsədlər naminə hansı vasitələrdən yararlandığı başqa mövzudur) ayrı-ayrı müsəlman ölkələrində dominant gücə çevrilməsi tendensiyasından gedir. Özü də, qeyd etdiyimiz kimi, bu, zor gücünə deyil, Qərbin mütərəqqi bəşəri dəyər kimi arxalandığı demokratiya (azad seçki) mexanizmi vasitəsilə gerçəkləşir.

Xatırladaq ki, İordaniyada "Müsəlman qardaşları" partiyası artıq parlamentdə geniş fraksiya ilə təmsil olunur. Bu cərəyanın təşəkkül tapdığı Misirin özündə radikal islamçılar "bitərəf namizədlər" adı altında parlamentə keçərək orada yerlərin dörddə birini tutublar. Dünyəvi ölkə kimi tanınan Suriyada islam təməlçiliyinə söykənən qüvvələrin açıq siyasi fəaliyyətinə imkan verilmədiyi üçün onlar qeyri-leqal vəziyyətdə ciddi güc olaraq fəaliyyət göstərirlər. Amerikanın yenidən qurmağa çalışdığı İrakda şiə partiyası parlamentdə birinci fraksiyadır.

Nəhayət, bir çox ərəb ölkələri ilə ziddiyyətləri olan İran regiondakı İraq hadisələri kontestində ərəb dünyası ilə xeyli yaxınlaşıb. Bir sözlə, dünyanın mühüm geosiyasi və geoiqtisadi xətlərinin kəsişdiyi, beynəlxalq sülh və təhlükəsizlik üçün həlledici sayılan regionda siyasi islam təşəkkül tapmaqdadır.

Burada ən azı iki qlobal nəticədən danışmaq lazımdır. Birincisi, Qərb, başda ABŞ olmaqla, uzun illər müsəlman dünyasına münasibətdə yeritdiyi aşağılayıcı siyasətlə özləri üçün bumeranq effektinə nail olublar. Qərb dairələrinin daha çox təməlçi, ekstremist və terrorçu kimi təqdim etməyə çalışdığı islam ideogiyası Qərbi, necə deyərlər, onun öz silahı (azad seçki) ilə tərksilah edir. Təsadüfi deyil ki, ABŞ prezidenti Corc Buş "Həmas"ın qələbəsindən məyus olduğunu gizlətməsə də, bu faktı bütövlükdə demokratiyanın uğuru kimi səciyyələndirərək "Bu fakt onu göstərir ki, Yaxın Şərq ciddi dəyişikliklər istəyir" deyə əlavə edib.

Buşun tezisini bir qədər genişləndirərək qeyd etmək olar ki, təkcə Yaxın Şərq deyil, Qərbin praktik olaraq hesablaşmadığı və beynəlxalq müstəvinin güncündə gördüyü müsəlman aləmi özünə münasibətdə illərdən bəri davam edən bu ikili standartlar siyasətinin kökündən dəyişməsini, qlobal mənada Qərb-Şərq münasibətlərinin yeniləşməsini istəyir. Bu, "Həmas"ın prinsipcə lokal sayılacaq uğurundan çıxan ikinci qlobal nəticədir.

Başqa sözlə, Qərb (öncəliklə Amerika) özünün arxalandığı demokratiya və fundamental insan haqları meyarlarının dünya çapında həyat fəlsəfəsi olmasını istəyirsə, hər şeydən öncə dünyanın yerdə qalan hissəsinə münasibətdə strateji baxışlarını özünün geoiqtisadi çıxarlara uyğun deyil, həmin meyarlar üzərində kökləməlidir. Əgər demokratiya mahiyyət etibarilə universal dəyər və qlobal oyun qaydalarıdırsa, həmin qaydalar hamı üçün eyni olmalıdır. Əks təqdirdə, Qərb aləmi bu və ya digər müsəlman ölkəsinin timsalında silahı ona tuşlanan yeni "Həmas"ların demokratik yolla hakimiyyət başına gəlməsini bundan sonra da seyr etməli olacaq.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu

 
 

3. Rambuyedən sonra: haraya, necə?

Qarabağda atəşkəsdən ötən 12 ildə az qala dünyanın yarısını dolanan sülh yolunun bundan sonrası artıq daha çox Azərbaycanın özündən asılıdır

("525-ci qəzet", 18.02.2006)
 

Bir həftə öncə Fransa paytaxtında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundu nəticəsiz başa çatdı. Beynəlxalq vasitəçilər Paris yaxınlığındakı qədim Rambuye qəsrindəki ikigünlük müzakirələrin nikbin yekununa nə qədər ümid bəsləsələr də, sonda təəssüflərini etiraf etməli oldular. "Nizamlanmanın bir sıra aspektləri üzrə intensiv müzakirələr aparılsa da, bir sıra çətin prinsiplər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olmadı", - deyə ATƏT Minsk qrupu həmsədrləri Rambuye danışıqlarından sonra bəyan etdilər. "Biz indi düşünməliyik görək bundan sonra hansı istiqamətdə hərəkət edək, çünki nəticə yoxdur, tərəflər arasında razılaşma əldə olunmayıb" - amerikali diplomat Stiven Mənnin bu etirafı isə həm də vasitəçilərin çətin yolayrıcında qaldığını göstərir. Səmərəsiz danışıqlar prosesinin bundan sonra daha nə qədər davam edəcəyi onlar üçün aktual sualdır.

Bununla belə, yaranmış vəziyyətdə vasitəçilərdən daha çox məhz münaqişə tərəflərinin yolayrıcında qaldığı faktdır. Özü də bu, eyni dərəcədə həm Ermənistana, həm də Azərbaycana aiddir. Ermənistan üçün sözügedən yolayrıcı işğalçı siyasəti davamı etdirməklə özünü geniş iqtisadi inkişaf perspektivindən məhrum etmək, yaxud bunun əksinə nail olmaq üçün Azərbaycanla kompromisə getmək arasında seçimdirsə, Azərbaycan üçün bu, mövcud vəziyyəti saxlamaqla Ermənistanı tədricən konstruktivliyə vadar etmək xəttini yürütmək, yaxud, beynəlxalq dairələrin də tövsiyə etdiyi kimi, ermənilərlə yarımçıq sülhə gedib Dağlıq Qarabağın müəyyən zamandan sonra Azərbaycandan qopmasını rəsmiləşdirəcək referenduma razılaşmaq arasında seçimdir.

Sözsüz ki, ikinci yol Azərbaycan üçün prinsip olaraq qəbuledilməzdir və bu başdan istisna oluna bilər. Digər yandan, birinci istiqamət də birvektorlu deyil, onunla yola necə davam etmək də mürəkkəb görünür. Eyni zamanda, qeyd oluna bilər ki, ortada toxunmadığımız üçüncü yol da var - müharibə yolu. Lakin məsələyə geniş kontekstdə baxaraq hərbin bütün parametrlərini nəzərə alsaq, yəqin edərik ki, bu da elə prinsip etibarilə birinci istiqamətin tərkib hissəsidir. Çünki Azərbaycanın istər hərbi qüdrətini sürətlə artırması, istərsə də günün birində işğal altındakı əraziləri azad etmək üçün başlayacağı hərbi əməliyyat nəticə etibarilə Ermənistanı konstruktiv sülhə məcbur etmək məqsədini güdür.

Təbii ki, Qarabağ danışıqlarının arxada qalan 12 ilini göz önünə alaraq düşünmək olar ki, belə gedərsə, bu məqsəd, ümumiyyətlə, qeyri-real görünür. Ötən illərdə atılan saysız addımlar, sınaqdan çıxarılan çeşidli rıçaqlar hələ ki Ermənistanın aqressiv mövqeyinə əhəmiyyətli təsir etməyib və Rambuye görüşü də bunu təsdiqləyir. Belə olan halda Azərbaycan XİH başçısının Fransadakı danışıqlardan sonra "İndi gərək oturaq və düşünək görək, bundan sonra nə edəcəyik, hansı addımları atacağıq" sözləri heç də ümumfəlsəfi mahiyyət kəsb etmir. Doğurdan da, beynəlxalq dairələrin xeyli ümidlər bəslədiyi Rambuye raundunun nəticəsiz bitməsindən sonra sülh prosesinin hansı səmtdə və necə gedəcəyi indi çox aktual sualdır.

Təsadüfi deyil ki, beynəlxalq dairələrin açıqlamalarında Azərbaycan və Ermənistan rəhbərlərinin budəfəki görüşündə real irəliləyişin əldə edilməməsinə daha çox təəssüf ifadə olunur. Özəlliklə ABŞ bu xüsusda daha mütəəssir görünür. Yəqin həm də ona görə ki, Rambuye görüşü öncəsi dövlət katibi Kondoliza Rays Azərbaycan və Ermənistan rəhbərlərinə telefon edərək onlara kompromis yolunda cəsarətli olmağı        tövsiyə etmişdi. Hərçənd yaxın tarixi yada salsaq, görərik ki, hələ Bill Klinton və onun dövlət katibi xanım Madlen Obraytdan bu yana Vaşinqton dəfələrlə Qarabağ məsələsində telefon diplomatiyası ilə nəyəsə nail olmağa uğursuz cəhdlər edib.

Eyni zamanda, hər dəfə ABŞ və digər vasitəçi tərəfin belə cəhdlərindən sonra görünən o olub ki, həmin kompromis çağırışları ilk növbədə Azərbaycana ünvanlanıb. Elə 2005-ci ilin yayında bilavasitə gündəmə gələn referendum məsələsi də bu qəbildən qəbul edilməlidir. Rambuye görüşü öncəsi və sonra çeşidli beynəlxalq dairələrdən gələn açıqlamaları ümumiləşdirsək, qeyd edə bilərik ki, onlar Azərbaycanı nəticə etibarilə bu addıma təşviq etmək niyyəti güdüblər. Ystəlik fransalı həmsədr Bernar Fasye Rambuye görüşündən bir gün əvvəl nəzərə çatdırmışdı ki, referendum məsələsi danışıqlar masasındakı müzakirə elementləri sırasındadır.

Digər tərəfdən, hələ Rambuyedən öncə bəlli idi ki, Azərbaycan tərəfi beynəlxalq dairələrin tövsiyə etdiyi referendum avantürasına getməyəcək. Təkcə ona görə yox ki, bu, qeyd etdiyimiz kimi, yarımçıq sülhə aparan addımdır. Bu baxımdan 1996-cı ilin avqustunda Rusiyanın çeçen separatçıları ilə bağladığı Xasavyurt sazişinin (münaqişədəki vəziyyətin 5 il müddətinə dondurulması və status məsələsinin referendum yolu barədə) sonrakı aqibətini xatırlamaq kifayətdir.

Bununla yanaşı, Azərbaycan üçün referendum məsələsi hər şeydən öncə ona görə qəbuledilməzdir ki, o, nə vaxt keçirilməsindən asılı olmayaraq, Dağlıq Qarabağın Azərbaycandan qopmasının rəsmiləşməsi ilə nəticələnəcək. Hətta Dağlıq Qarabağın azərbaycanlı əhalisi tam şəkildə geri qayıtsa belə, onların elektoral baxımdan bu referedumun nəticəsinə elə bir təsiri olmayacaq.

Məhz buna görə prezident İlham Əliyevin Fransaya getməzdən öncə, yanvarın 31-də keçirilən hökumət müşavirəsində bu məsələ üzərində xüsusi dayanaraq Azərbaycanın bu addıma heç vaxt getməyəcəyini açıq şəkildə bəyan etmişdi: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Heç bir qərar qəbul edilməyəcək ki, nə bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaratsın ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın". Sözsüz ki, bu bəyanat təkcə Azərbaycan cəmiyyətinə deyil, ondan daha ziyadə beynəlxalq vasitəçilərə ünvanlanmışdı ki, onlarda Azərbaycanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyinə dair hər hansı illüziya yaranmasın.

Rambuye danışıqlarından sonra tez-tez səslənən fikirlərdən biri də odur ki, artıq Qarabağ nizamlanmasında "Praqa prosesi" adlanan mərhələ başa çatıb və prosesdə yeni dövrün yetişməsini gözləmək lazımdır. Bu qəbildən mülahizələr öncəki illərdə də səslənib. O cümlədən 2001-ci ildə Paris və Ki Uest danışıqlarından da müsbət nəticə hasil olmayandan sonra bənzər fikirlər gündəmə gəlmişdi. 2003-cü ildə Azərbaycanda yeni prezident seçiləndən sonra isə bir sıra dairələr danışıqların, ümumiyyətlə, sıfırdan başlanacağını bildirirdilər.

Hərçənd o vaxt da, indi də bir gerçəyi qeyd etmək lazım gəlib ki, əgər danışıqlar prosesi tərəfləri prinsipal məsələdə, yəni Dağlıq Qarabağ münaqişəsinin hansı çərçivədə həllinə dair ortaq məxrəcə gətirməyibsə, deməli, sülh prosesi elə sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, prezident İlham Əliyev də bu məqamı dəfələrlə vurğulayıb. Bu baxımdan "Praqa prosesi" də, bundan sonra ortaya çıxacaq hansısa yeni mərhələ də nizamlanın mahiyyətinin deyil, onun formal tərəfinin ifadəsi kimi qəbul edilməlidir.

Eyni zamanda, yaranmış vəziyyətdə bir vacib məqamı vurğulamaq gərəkdir. Belə mülahizə var ki, sülh prosesinin getdikdə uzanması ermənilərin isə xeyrinədir. Yəni onlar bu yolla Qarabağ münaqişəsindəki status-kvonu möhkəmləndirirlər. Ermənistanın da ötən illərdə danışıqlar prosesində tutduğu mövqə də bu tezisə əsaslınıb. Ermənistan bu münaqişədə özünü qalib sayır, Azərbaycanın 20 faiz ərazisinə nəzarət etməsini əsas tutaraq özünü arxayın və aqressiv aparır. Digər yandan, ermənilər prinsip etibarilə bu münaqişənin qarşılıqlı kompromis şərtilə çözüləcəyini və çözümün Azərbaycanın ərazi bütövlüyünü ehtiva edəcəyini dərk edirlər. Bu halda Ermənistanın yalnız bir taktiki yolu qalır - o da danışıqları müxtəlif yollarla uzatmaq, daha doğrusu, onun imitasiyası ilə məşğul olmaq. Rambuye görüşü də bu yöndən istisna olmadı.

Belə olan təqdirdə Azərbaycan tərəfi nə etməlidir? Təbii ki, ilk növbədə Ermənistanı indiki aqressivliyindən daşındırmaq üçün kompleks addımlar daha intensiv şəkildə davam etdirilməlidir. Bu fəaliyyət həm beynəxalq müstəvidə Ermənistanın işğalçılığının ardıcıl şəkildə ifşası, həm də Azərbaycanın özünün Ermənistana qarşı təsir rıçaqlarından istifadə yönündə getməlidir. O cümlədən ölkənin hərbi qüdrətinin artırılması istiqamətində.

Azərbaycanın son illərdə hərbi büdcəsinin qat-qat artması (2003-cü ildəki 135 milyondan 2006-cı ildə 600 milyon dollara) faktının ermənilərdə ən azı psixoloji kompleks doğurduğu gerçəkdir. Düzdür, Yerevanda hələ də düşünürlər ki, Azərbaycan nizamlama prosesində, necə deyərlər, tələsən tərəfdir, çünki onlara görə, hər ötən gün Qarabağın Azərbaycandan müstəqilliyini daha da möhkəmlədir.

Lakin ermənilər bu iddialarında bir prinsipial yanlışlığa yol verirlər. Çünki Qarabağ münaqişəsində atəşkəsin mövcud olduğu 12 ildə nəinki Dağlıq Qarabağın Azərbaycandan qoparılması rəsmiləşməyib, əksinə, bu illər ərzində beynəlxalq birliyin problemə münasibəti ciddi şəkildə dəyişib. Əgər 10-12 il öncə dünyada bu münaqişəyə Qarabağ ermənilərinin milli müqəddəratını təyinetmə uğrunda mübarizəsi kimi yanaşma üstünlük təşkil edirdisə, indi beynəlxalq birlik problemi Ermənistanın Azərbaycana ərazi iddiası prizmasından qiymətləndirir.

Yəni, zahirən pafoslu səslənsə də, həqiqətən bu prosesdə zaman da nəticə etibarilə Azərbaycanın xeyrinə işləyir.

Ermənistanda onu da görürlər ki, Azərbaycan məruz qaldığı işğala, 1 milyon nəfərdən çox qaçqın və köçkünü olmasına rəğmən nəhəng iqtisadi layihələr həyata keçirir. Təkcə neft və qaz layihələri ilə Azərbaycan iqtisadiyyatına hər gün 10 milyon dollar sərmayə yatırılır. İldə ölkəsinə ən çoxu 100-150 milyon xarici sərmayə cəlb edə bilməyən Ermənistan üçün bu, kifayət qədər təsirli statistikadır. Üstəlik bu fərq tendensiyasının ermənilərə yaxşı bir şey vəd etmədiyini ayrı-ayrı beynəlxalq dairələr, o cümlədən vasitəçilər də mütəmadi olaraq Yerevana anlatmağa çalışırlar. "Regional inkişaf Ermənistandan yan keçir. Boru kəmərləri, dəmir yolları tikilir, Ermənistan isə bütün regionla iqtisadi inteqrasiyadan ala biləcəyi faydanı əlindən çıxarır. Ölkə ordu üçün çox yüksək qiymət ödəyir və onu saxlamağa məcburdur" - Minsk qrupunun amerikalı həmsədri Stiven Mənnin hələ iki il öncə vurğuladığı bu fikir Yerevan üçün hər ötən gün dünənkindən daha aktual olur.

Öz növbəsində Azərbaycan rəhbərliyinin son vaxtlar nizamlama prosesində tutduğu siyasi xətt onu göstərir ki, rəsmi Bakı danışıqların zahiri intensivliyinə meyl göstərmir. 2003-cü ilin dekabrından bu yana prezidentlər arasında cəmisi 6 görüş keçirilib.

Halbuki 1999-2002-ci illərdə üst-üstə 20-dən çox görüş keçirilmişdi. Azərbaycan rəhbərliyi bəyan edib ki, yalnız real danışıqların tərəfdarıdır və əgər konkret nəticə gözlənirmirsə, heç görüşməyə də ehtiyac yoxdur. Başqa sözlə, bu münaqişədə sülh təkcə Azərbaycana deyil, Ermənistana da lazımdır. Və tədricən elə etmək lazımdır ki, ermənilər sülhə bizdən çox ehtiyac duymağa başlasınlar.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu

 

4. Qarabağ münaqişəsi Rusiyaya nə qədər zərər vurur?

Yaxud Moskva neçə milyard dolların müqabilində bu problemin ədalətli həllinə dəstək verə bilər?

("525-ci qəzet", 28.02.2006)

 

Rusiya prezidenti Vladimir Putinin Bakıya ikigünlük səfərinin yekunları siyasi gündəmin prioritet mövzusu olaraq qalır. Üstəlik Putinin Bakıda verdiyi açıqlamalar ümumilikdə Kremlin regional siyasəti baxımından xüsusi maraq doğururdu. Səfər protokol qaydalarına görə işgüzar xarakterli olsa da, faktiki olaraq tammiqyaslı rəsmi səfər sayıla bilərdi. Prezident Putin formal olaraq Bakıya "Azərbaycanda Rusiya ili"nin açılışı münasibətilə gəlmişdi. Amma səfər gedişində həm prezidentlər, həm də heyətlər səviyyəsində geniş müzakirələr aparıldı. Hökumətlərarası komissiyanın toplantısı, ikinci Azərbaycan-Rusiya iqtisadi forumu keçirildi, həmçinin ikitərəfli sənədlər, o cümlədən dövlət başçıları tərəfindən birgə siyasi bəyanat imzalandı.

Yeri gəlmişkən, siyasi bəyanat bir qayda olaraq dövlət başçılarının rəsmi səfərlərinin yekununda imzalanır və 2001-ci ilin yanvarında Rusiya prezidentinin Bakıya rəsmi səfəri, 2002-ci ilin yanvarında prezident Heydər Əliyevin Rusiyaya dövlət səfəri və 2004-cü ilin martında prezident İlham Əliyevin Moskvaya rəsmi səfəri zamanı analoji sənəd imzalanışdı. Bu faktın özü göstərir ki, hər iki tərəf bu səfərə xüsusi önəm verib. Təbii ki, tərəflərin hər biri bu səfərdən özü üçün prinsipial məqsədlər güdürdü və səfərin gedişi göstərdi ki, bu maraqların həm üst-üstə düşən, həm də hələlik kəsişməyən istiqamətləri mövcuddur.

O ki qaldı sərlövhədəki suallara, onlar səfər zamanı səslənən bəyanatlardan, daha dəqiqi, Rusiya prezidentinin bizim üçün bir nömrəli prioritet olan Dağlıq Qarabağ münaqişəsi barədə bəyanatından qaynaqlanır. Sözügedən sualları hərfi mənada qəbul etmək lazım deyil. Yəni burada söhbət ondan getmir ki, biz Rusiyaya nə qədər pul verməliyik ki, o, Qarabağ məsələsinin həllində bizə kömək etsin. Hərçənd məhz buna bənzər obıvatelsayağı suallar Qarabağ münaqişəsi başlayandan bizim ictimai (kütləvi) şüurumuzda kifayət qədər dəbdə olub və hələ də dövriyyədən çıxmayıb. Odur ki, məsələnin "obıvatel" üzünü bir kənara qoyaq və onun prinsipial tərəfinə diqqət yetirək.

Əlbəttə, Qarabağ münaqişəsinin bugünədək həll edilməsindən ən çox zərər görən Azərbaycandır. Eyni zamanda, o da gerçəkdir ki, bu münaqişənin davam etməsindən qarşı tərəf, təcavüzkar Ermənistan da yetərincə ziyan görür. Öz işğalçı siyasəti üzündən düşdüyü təcrid vəziyyəti Ermənistanı iri regional əməkdaşlıq layihələrindən, nəqliyyat arteriyalarından kənarda qoyub, onun xarici ölkələrlə, ələlxüsus Rusiya ilə iqtisadi əlaqələri xeyli dərəcədə axsayır. Həhayət, bu münaqişədən dolayı ziyan görən region ölkələri də var və heç şübhəsiz ki, Rusiya bu sırada öndə gedir.

"Bizim Azərbaycanla əmtəə dövriyyəmiz son iki il ərzində ikiqat artaraq 1 milyard dollara çatıb. Dağlıq Qarabağ münaqişəsi olmasaydı, yəqin ki, bu rəqəm 5 milyard dollara çatardı" - prezident Putinin Bakıda səsləndirdiyi bu bəyanat qeyd etdiyimiz fikrin təsdiqi üçün effektli arqument sayıla bilər. Təbii ki, bu bəyanatı, sadəcə, iqtisadi prizmadan dəyərləndirmək düzgün olmazdı. Putinin bu müqayisəli arifmetikası geniş anlamda siyasi və geosiyasi mahiyyət daşıyır. Rusiya Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistanla tammənalı regional əməkdaşlıq və strateji partnyorluq həyata keçirə bilməmədiyini bildirir.

Qeyd oluna bilər ki, Moskvanın strateji münasibətlər sarıdan Ermənistanla elə bir problemi yoxdur. Amma strateji münasibətlər yalnız hərbi-siyasi müstəvini əhatə etmir və hazırkı dünya reallıqlarını diqqət alsaq, bu daha çox məhz iqtisadi faktorlarla bağlı məsələdir. Bu baxımdan Putinin sözügedən bəyanatı mühüm iqtisadi reallığın etirafıdır. 2005-ci ilin yekunlarına görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 350 milyon dollar, yəni bizə nisbətən üç dəfə az olub. Qarabağ münaqişəsi və onun Ermənistan üçün yuxarıda qeyd etdiyimiz iqtisadi fəsadları olmasaydı, yəqin ki, bu rəqəm də, Putinin dediyi kimi, ən azı beş dəfə çox olardı.

Yeri gəlmişkən, Rusiya prezidenti Qarabağ münaqişəsinin iqtisadi fəsadları barədə bəyanatı bir neçə ilə öncə məhz Yerevandan səsləndirmişdi. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır. Çünki bu, istər Azərbaycanla, istərsə də Ermənistanla dolğun əməkdaşlıq üçün bizə geniş imkan verəcək. İndiki qeyri-normal vəziyyətin davam etməsi isə bu əlaqələrin inkişafında təbii məhdudiyyət yaradır. Biz bu vəziyyətin dəyişməsində olduqca maraqlıyıq", - deyə Rusiya prezidenti 2001-ci ilin payızında Ermənistana rəsmi səfəri zamanı qeyd etmişdi. Sonralar Rusiya rəhbəri bu fikri erməni həmkarı ilə görüşlərdə bir neçə dəfə təkrarlayıb və təsadüfi deyil ki, Bakıda da onu nəzərə çatdırdı.

Eyni zamanda, bu, Rusiyanın Qarabağ məsələsinə münasibəti ilə bağlı indiyədək, daha doğrusu, Yeltsin dönəmində eşitdiyimiz bəyanatlardan ən azı formaca fərqli yanaşmadır.

Yeltsin vaxtında Rusiya dairələri belə bir fikri gizlətmirdilər ki, nə qədər ki, Qarabağ münaqişəsi (bu tezis postsovet məkanındakı digər münaqişələr üçün də keçərlidir) həll olunmayacaq, o qədər Moskva Azərbaycanı və Ermənistanı nəzarətdə saxlayacaq. Əksinə, bu münaqişənin aradan qalxması Rusiyanın regiona praktik təsir imkanlarını zəiflədəcək.

Əlbəttə, Putinin hakimiyyətə gəlişindən sonra Moskvanın bu prinsipial baxışında köklü dəyişikliyin baş verdiyini iddia etmək yanlışlıq olardı. Moskva hələ də postsovet məkanındakı münaqişələri özünün geosiyasi maraqları prizmasından nəzərdən keçirir.

Lakin, bununla yanaşı, Moskva artıq bu münaqişələrin "dondurulmuş" vəziyyətdə qalmasının özü üçün mənfi tərəflərini də görməmiş deyil və postsovet ölkərindəki münaqişələrin özünün bu ölkələrlə tammiqyaslı əməkdaşlığı üçün mənfi fon yaratdığını etiraf edir: "Bu münaqişələr qarşımızı kəsir, buna görə də çox istəyirik ki, onlar həll olunsun. Rusiya, həqiqətən çox istəyir ki, postsovet məkanındakı bütün münaqişələr həll edilsin. Əgər kimsə deyirsə ki, bu, belə deyil, o, ya yanılır, yaxud da xalqlarımızı aldatmağa çalışır".

Təbii ki, Putinin bu sözlərini deklarativ mülahizə kimi də qəbul etmək olar. Ən azı ona görə ki, Rusiya rəhbərinin məxsusi olaraq altını cızdığı "həqiqətən çox istəyir" ifadəsi hələlik Rusiyanın postsovet məkanındakı münaqişələrə, o cümlədən Qarabağ münaqişəsinə münasibətində real addımlara transformasiya olunmayıb. Eyni zamanda, Rusiya bu münaqişələrə münasibətində neytrallıq görüntüsündən əl çəkmək niyyətində də görünmür: "Biz razılığa gəlməyə çalışan tərəflərdən kiməsə hər hansı təzyiq göstərməyi özümüz üçün tamamilə istisna edirik. Biz yalnız əldə olunmuş razılaşmaların təminatçısı rolunu yerinə yetirə bilərik".

Prezident Putin Rusiya diplomatları üçün artıq zərb-məsələ olmuş bir fikri Bakıda bir daha səsləndirəcəyi tamamilə gözlənilən idi. O cümlədən Putinin azərbaycanlı jurnalistin Rusiyanın Qarabağ nizamlanmasındakı vasitəçilik səyləri barədə sualına cavabında Ermənistan prezidentini Moskvaya dəvət edəcəyini və onunla bu yöndə bir daha məsləhətləşmələr aparacağını bildirməsi də bizim üçün yenilik olmadı. Çünki bənzər bəyanatları da daha öncə də eşitmişik. Ystəlik Robert Köçəryan elə bir ay öncə Moskvada idi və Rusiya rəhbərinin onunla məsləhətləşmək imkanı olmuşdu.

Beləliklə, Rusiya bəyan edir ki, onun Qarabağ məsələsinin tezliklə həll olunmasında köklü iqtisadi maraqları var. Eyni zamanda, Moskva bu münaqişənin həllini tapması üçün Ermənistanı təcavüzkarlıqdan çəkindirəcək addımlar atmaq istəmir.

Bəs belə olanda Azərbaycan nə etməlidir? Zənnimizcə, bu vəziyyətdə Azərbaycan üçün ən optimal yol Rusiya ilə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Əgər Rusiya Azərbaycanla iqtisadi münasibətlərin daha da dərinləşməsində bilavasitə maraqlıdırsa və etiraf edirsə ki, Qarabağ münaqişəsi bu münasibətlərin inkişafına mane olur, onda Azərbaycan bu faktordan maksimum yararlanmalıdır.

Digər tərəfdən, son bir neçə ilin statistikasındakı tendensiya da bunu sübut edir. 2002-cü ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 300 milyon dollar təşkil edirdi. Son üç ildə bu rəqəm sürətlə artaraq 1 milyard dolları ötüb.

Və əgər Rusiya belə artım tepmindən sonra bəyan edirsə ki, Qarabağ məsələsi olmasaydı, ticarət dövriyyəsinin həcmi indikindən ən azı 4 milyard dollar çox olardı, onda, kobud desək, Rusiyanı bu sahədə "stavka" daha da artırmağa təşviq etmək gərəkdir. Düzdür, Rusiya ilə ikitərəfli ticarətdəki bu artımın nəticə etibarilə Moskvanın Qarabağ münaqişəsinin həllinə baxışının bizim xeyrimizə dəyişəcəyini düşünmək sadəlövlük olardı. Lakin bu tendensiyanın bizim üçün əlverişli tərəfi də var. Ən azı ona görə ki, bu tendensiya Rusiya dairələrində Azərbaycanla tərəfdaşlığın nə dərəcədə sərfəli olduğu qənaətini gücləndirmiş olacaq.

Azərbaycanın iqtisadi yöndən Rusiya üçün Ermənistanla müqayisədə qat-qat cəlbedici ölkə olduğu faktdır və əslində Moskvada bunu heç vaxt gizlətməyiblər də. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin sürətli inkişafı isə iqtisadi resurslarına görə bizimlə müqayisəyə gəlməyəcək Ermənistan üçün ən azı mühüm siyasi təsir vasitəsidir.

Təsadüfi deyil ki, son vaxtlar Rusiyada postsovet məkanına münasibətində aşkar praqmatizm faktorunun önə çəkilməsini ən çox narahatlıqla qarşılayan məhz Ermənistandır. Təkcə onu xatırlamaq yetər ki, uzun illər Ermənistanı iqtisadi dotasiyada saxlayan Moskva hələ 2002-ci ildə onu Ermənistanı 100 milyon dollarlıq borcunu qaytarmaq üçün özünün strateji sənaye obyektlərinin səhmləri ilə ödəməyə məcbur etmişdi.

Bu fakt nümayiş etdirdi ki, Rusiya üçün "qarın qardaşdan irəlidir" və Moskva Yerevana bildirdi ki, strateji tərəfdaşlıq öz yerində, amma sən də yediyinin pulunu verməlisən.

Burada bir vacib məqamı da vurğulamaq lazımdır. İstər son iki ildə Azərbaycan prezdentinin Rusiyaya səfərlərinin, istərsə də Putinin Bakıya son səfərinin iqtisadi tərəfini şərh edən bir sıra icmalçılar iddia edirlər ki, Azərbaycanın iqtisadi potensialını Rusiya şirkətləri üçün açması şimal qonşumuzun bizə iqtisadi anneksiyası ilə nəticələnə bilər.

Birmənalı şəkildə qeyd etmək olar ki, bu iddialar tamamilə subyektivdir. Bəli, belə təhlükə real ola bilərdi, əgər Azərbaycan Rusiya ilə münasibətlərini onun iqtisadi basqısı altında qurmuş olaydı. Amma Azərbaycanda aparılan iqtisadi kurs və xarici sərmayələrə açıq qapı siyasəti ilk növbədə Azərbaycanın milli maraqlarını ehtiva edib və bu xəttin bundan sonra da uğurla davam etdiriləcəyinə şübhə yoxdur. Ona qalırsa, ötən illər ərzində Qərb, o cümlədən ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyublar və burada heç bir iqtisadi anneksiyadan söhbət getmir. Azərbaycan hər bir tərəfdaşı ilə münasibətləri qarşılıqlı fayda və qarşılıqlı mənfəət prinsiplərinə əsasən qurur.

Bu xüsusda prezident İ.Əliyevin 2004-cü ilin fevralında Moskvaya səfəri gedişində keçirdiyi mətbuat konfransında söylədiyi fikri xatırlatmaq yerinə düşər. Rusiya jurnalistinin "Azərbaycan iqtisadiyyatının dirçəlməsində Rusiya sərmayəsinin imkanlarını necə qiymətləndirirsiniz" sualına cavabında prezident vurğulamışdı ki, "Azərbaycan iqtisadiyyatının Rusiya tərəfindən dirçəldilməsinə ehtiyac yoxdur": "Azərbaycanda iqtisadi yüksəliş var və dünyanın ən böyük şirkətləri bizimlə əməkdaşlığa can atır. Bu kontekstdə Azərbaycan Rusiya şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı alqışlayır. Bir sözlə, Azərbaycan bu əməkdaşlıqda nə qədər maraqlıdırsa, Rusiya da bir o qədər maraqlıdır".

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
 
 

5. Biz kimlərdən və niyə inciyirik?

Bir daha ermənilərlə apardığımız informasiya savaşının bəzi detalları barədə

("525-ci qəzet", 29.04.2006)

 

Ermənistanın Azərbaycana qarşı açdığı savaşın təkcə hərb meydanını, yaxud siyasi-diplomatik müstəvini əhatə etmədiyi bəllidir. Bu müharibənin daha geniş müstəvisini ermənilərin bizə qarşı apardığı total təbliğat və qaralama kampaniyası, geniş miqyasda götürsək, informasiya savaşı təşkil edir. Bu savaş Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzündən, Qarabağ münaqişəsindən xeyli öncə başlayıb, heç zaman ara verməyib, bu gün də davam edir və birmənalı şəkildə demək olar ki, nə vaxtsa Qarabağ problemi kompromis bir həllini tapandan sonra da ermənilər bu savaşı dayandırmayacaqlar.

Bu gün biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ayrı-ayrı mərhələlərini təhlil edə, bu işğalçılığın hansı terror və soyqırımı siyasəti ilə müşayiət olunduğunu çeşidli faktlar diqqətə çatdıra bilərik. Ən azı ona görə ki, bu işğalçılıq və terror siyasətinin əlimizdə yetərincə olmasa da, konkret statistikası, materialları mövcuddur. Eyni zamanda, Qarabağ probleminin tarixinə diqqət yetirsək görərik ki, ermənilər Azərbaycan xalqına və dövlətinə qarşı açıq təcavüz və terrora keçməzdən öncə bu işğalçılığı bizim tariximizə, mədəniyyətimizə qarşı aparıblar. Bu kampaniyanın gerçək miqyas və istiqamətlərini isə birmənalı müəyyən etmək mümkün deyil. İnformasiya savaşı hər gün, hər yerdə və ən müxtəlif kontekstərdə aparıla bilir. Necə ki, ermənilər illərdən bəri bu hüdudsuz savaşı Azərbaycana və azərbaycanlılara qarşı aparırlar.

Bu günlər biz həmin savaşın yeni bir istiqaməti ilə üz-üzəyik. Ermənilərin son aylarda xüsusi vüsət verdiyi "xaçkarlar" mövzusu, Naxçıvanda guya ermənilərə məxsus tarix və mədəniyyət abidələrinin məhv edilməsi barədə başlatdıqları geniş kampaniya prinsip etibarilə ictimai rəyə bəllidir. Əslində bu kampaniya mahiyyəti üzrə yeni deyil. Ermənilərin, Dağlıq Qarabağla yanaşı, Naxçıvanla bağlı iddiaları da uzun zamandan bəri ortadadır və zaman-zaman müxtəlif səpkidə özünü göstərib.

Söhbət təkcə ondan getmir ki, 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Dağlıq Qarabağla bərabər, Naxçıvanı da hədəf almışdı və Azərbaycanın bu bölgəsini də işğal aqibəti gözləyə bilərdi. Naxçıvanın beynəlxalq huquqi təminata malik muxtariyyət statusu və bu bölgəni Azərbaycanın tərkib hissəsi kimi qeyd-şərtsiz təsbit edən hüquqi aktlar (1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanan Moskva müqaviləsi və onun əsasında 1921-ci oktyabrın 13-də Cənubi Qafqazın üç respublikasının iştirakı ilə imzalanan Qars sazişi) ermənilərə ən böyük gözdağıdır və məhz həmin faktor 90-cı illərin əvvəlində Ermənistanın bu bölgəyə qarşı təcavüzünün qarşısının alınmasında həlledici oldu. Yeri gəlmişkən, 1998-ci il dekabrın 29-da qüvvəyə minmiş Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasında da bölgənin muxtariyyətinin hüquqi əsasları kimi 1921-ci ilin Moskva və Qars müqavilələri təsbit olunub.

Odur ki, Ermənistanda da yaxşı başa düşürlər ki, onların Naxçıvanla bağlı iddialarının praktik müstəvidə gerçəkləşməsi qeyri-mümkündür. Ermənilərin ara-sıra SSRİ-nin dağılması ilə yaranmış yeni beynəlxalq-siyasi situasiyanı önə çəkərək Moskva və Qars müqavilələrinin şərtlərinə yenidən baxılması barədə çıxışlar etməsi də sırf siyasi spekulyasiyadır. Elə bu iddiaların qeyri-reallığını dərk etdiklərindəndir ki, ermənilər Naxçıvanla bağlı kampaniyanı məhz yuxarıda qeyd etdiyimiz informasiya müstəvisində aparmağa, bu bölgəni "tarixi erməni torpağı" kimi təqdim edən total təbliğat müharibəsinə güc veriblər.

Hələ 1998-ci ildə kütləvi informasiya vasitələrində Ermənistanda "Naxçıvan" adlı cəmiyyətin fəaliyyəti, ermənilərin bu cəmiyyəti beynəlxalq təşkilatlarda, o cümlədən UNESCO-da qeydiyyata almaq, Azərbaycan tərəfin guya Naxçıvan ərazisindəki erməni tarixi və mədəniyyətinə dair abidələri məhv etməsini dünyaya çatdırmaq yönündə çalışmaları barədə xəbərlər yer almışdı. O vaxt bu məlumatlar Azərbaycanda elə də geniş böyük rezonans doğurmadı, məsələ Milli Məclisdə cari müzakirələr gedişində bir neçə dəfə gündəmə gəldi, mətbuatın bir müddət gündəmində qaldı, sonra yaddan çıxdı.

Qeyd etmək lazımdır ki, erməni tərəfdən də həmin vaxtdan sonra bu mövzuda yeni bir şey eşidilmədi. Düşünmək olardı ki, ermənilər Naxçıvan mövzusunda kampaniyanın perspektivsizliyini göz önünə alaraq bu fikirdən, necə deyərlər, vaz keçiblər. Lakin biz belə düşünə bilərdik. Ermənilər isə heç vaxt. Sonrakı proseslər göstərdi ki, ermənilər bu müddətdə sadəcə öz imkanlarını və gələcək addımlarını götür-qoy etməklə məşğul olublar.

Nəticədə 2003-cü ildən başlayaraq "Naxçıvandakı erməni abidələri" mövzusu yenidən Ermənistanın Azərbaycana qarşı informasiya savaşının əsas istiqamətlərindən birinə çevrildi. 2004-2005-ci illərdə ermənilər bu mövzunu müxtəlif beynəlxalq dairələrdə gündəmə gətirmək, o cümlədən ayrı-ayrı xarici ölkələrin mətbuat səhifələrində yazılar dərc etdirmək, Naxçıvanda "erməni xaçkarları"nın mövcudluğunu "əsaslandıran" müxtəlif "ekspertlərin" fikirlərini tirajlamaqla məşğul idilər.

Hətta "Naxçıvandakı erməni tarixi-mədəniyyət abidələri"nə həsr olunmuş çoxseriyalı sənədli film də çəkməyə başladılar. Maraqlıdır ki, həmin seriyadan birinci film ermənilərin bu günlər barəsində xüsusilə geniş ajiotaj qaldırdıqları köhnə Culfa (Cuqa) haqqındadır və film hələ 2003-cü ildə istehsal olunsa da, ermənilər onu məhz indi beynəlxalq prokata çıxarmağa hazırlaşırlar. Onlar yaxın aylarda həmin filmi Rusiya, Yunanıstan, Livan və s. ölkələrdə nümayiş etdirmək niyyətindədirlər.

Ermənilərin niyə bu filmi indi ortaya çıxarması bizdə təəccüb doğurmamalıdır. Necə ki, bu günlərdə Ermənistanın ABŞ-dakı səfirliyi vasitəsilə Vaşinqtonda "Naxçıvanda məhv edilmiş erməni abidələri" haqqında fotosərgi təşkil etməsi, yaxın aylarda Fransada keçiriləcək "Ermənistan ili" çərçivəsində xaçkarların sərgisini təşkil etmək planları və bu qəbildən bizlərə hələlik bəlli olmayan sair addımlarının da məhz indiyə təsadüf etməsi təəccüblə qarşılanmamalıdır. Etiraf etmək lazımdır ki, ermənilər Azərbaycana qarşı apardıqları çoxşaxəli işğalçılıq savaşında hansı həssas zərbəni nə vaxt vurmağı yaxşı düşünə bilirlər.

2006-cı ilin əvvəlindən başlayaraq ermənilərin "Naxçıvan-xaçkar" mövzusunda geniş informasiya məkanında, saysız internet səhifələrində apardıqları kampaniyanı, bu mövzuda bir sıra nüfuzlu Avropa qəzetlərində antiazərbaycan təbliğatlı məqalələrin dərcini, nəhayət, fevral ayında müsəlman ölkələri ilə Avropa arasında "karikatura savaşı"nın (Məhəmməd peyğəmbərə yönəlik təhqirlərə cavab olaraq müsəlman ölkələrində geniş etiraz aksiyalarının keçirilməsi) ən qızğın çağında Avropa Parlamentində Azərbaycanı erməni-xristian xaçkarlarını dağıtmaqda ittiham edən qətnamənin qəbulunu nəzərə alsaq, görərik ki, ermənilər bu savaşa çox köklü və hərtərəfli hazırlaşıblar və bu hadisələr təsadüfən üst-üstə düşmür. Yaxud götürək Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovskinin mart ayında Yerevana səfəri zamanı Azərbaycanı erməni abidələrinin məhvində ittiham edən bəyanat verməsini.

Əlbəttə, Piotrovskinin ermənilərlə etnik bağlığı, onun Yerevanda doğulması və anasının erməni olması kimi faktlar Azərbaycan cəmiyyətinə məlumdur. Bu üzdən bizim üçün onun Yerevanda səsləndirdiyi bəyanat prinsipcə təəccüblü deyil. Amma, bununla yanaşı, etiraf etməliyik ki, Piotrovski dünyada tanınmış alimdir və onun bu və ya digər məsələyə dair mövqeyi müəyyən rezonans doğurur. Həhayət, onu da etiraf etmək pis olmazdı ki, ermənilər Piotrovskini Yerevana Rusiyada "Ermənistan ili"nin qeyd olunduğu vaxtda dəvət etmişdilər. Necə ki, ötən il Ermənistanda "Rusiya ili" keçiriləndə də ermənilər istər Moskvada, istərsə də Yerevanda bu tip xeyli səfərlər təşkil etmişdilər. Əlbəttə, Ermitajın direktoru ana vətəni olan Yerevana istədiyi vaxt gedə bilər. Amma bu səfərin məhz sözügedən tədbir çərçivəsində gerçəkləşməsi özlüyündə əlamətdar siyasi faktdır və ermənilər bu cür faktların bəhrələnməyi gözəl bacarırlar.

Buradaca yada salmaq olar ki, bu il Azərbaycanda da "Rusiya ili" keçirilir. Eləcə də ötən il Rusiyada "Azərbaycan ili" keçirilmişdi. İndi baxaq görək, biz bu mühüm imkanlardan Qarabağ mövzusunda, ermənilərlə apardığımız informasiya savaşı kontekstində necə yararlanmışıq, o cümlədən Rusiyadan neçə nəfər dünya miqyaslı alimi, tarixçini Bakıya dəvət etmişik və onlar burada Qarabağa, Ermənistan-Azərbaycan münaqişəsinə dair hansı tarixi həqiqətləri səsləndiriblər.

Əlbəttə, bu yerdə ən asan cavab bu olar ki, Rusiya hər zaman Ermənistana dəstək verib, Rusiyanın tarixçi-alimləri də ermənilərin sözünü deyəcək və s. Amma bu real cavab və vəziyyətdən çıxış yolu deyil. Vaxtilə ermənilər keçmiş SSRİ-nin mətbuat səhifələrində Qarabağ münaqişəsinə informasiya-təbliğat hazırlığını aparanda da, təəssüf ki, biz məsələyə əksərən belə prizmadan yanaşmışıq. Mahiyyət etibarilə isə ermənilərin 1998-ci il öncəsi və sonra keçmiş mərkəzin elmi dairələrindəki tanınmış şəxslərdən istifadə edərək apardıqları təbliğat kampaniyası ilə onların indi "Naxçıvandakı erməni izləri", "xaçkarlar" mövzusu ətrafında apardıqları kampaniya o qədər də fərqlənmir.

Məqsəd isə aydındır. Ermənilər bu kampaniya ilə bir tərəfdən Azərbaycanı beynəlxalq miqyasda diskreditasiya etmək, digər yandan isə beynəlxalq aləmin diqqətini Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən, Dağlıq Qarabağ probleminin gerçək mahiyyətindən yayındırmağı məqsəd güdürlər.

Piotrovskinin Yerevandakı bəyanatından sonra düşünmək olardı ki, bizim əlaqədar qurumlar, tarixçi alimlərimiz ona sanballı və adekvat bir cavab verəcək, onun ermənipərəst mövqeyini konkret elmi dəlillərlə, faktlarla ifşa edərək bu şəxsi, necə deyərlər, açıq elmi mübahisə meydanına dəvət edəcəklər. Təəssüf ki, biz bunun şahidi olmadıq. Hə elmi dairələrdən, nə də ilgili dövlət qurumlarından bu yöndə kəsərli, sanballı bir mövqe gördük. Ola bilsin ki, ayrılıqda kimsə Piotrovskinin bu çıxışı barədə ona müraciət edib, onun yanlış fikirlərinə adekvat cavab verməyə çalışıb. Amma bu olubsa da, Azərbaycan cəmiyyətinin bu barədə xəbəri yoxdur.

Lakin, yenə qeyd edək ki, bu cür addımları biz ilk növbədə elmi dairələrmizdən və müvafiq dövlət idarələrindən gözləyirdik. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Piotrovskiyə ünvanladığı bəyanat barədə isə danışmağa dəyməz. Çünki bu bəyanat da yuxarıda qeyd etdiymiz "filankəs onsuz da ermənidir" kimi məişət tezisindən uzağa gedə bilməmişdi. Etiraf etməliyik ki, bu cür primitiv üsulla erməni hiyləgərliyi ilə mübarizə aparmaq olmaz. Biz erməni saxtakarlığını, onların yalanlarını gerçək və dünyanın qəbul edəcəyi tarixi dəlillərlə ifşa etməyi bacarmalıyıq.

Əgər biz bu gün deyirsək ki, ermənilərin Naxçıvanla bağlı, orada guya erməni xaçkarlarının məhv edilməsi ilə bağlı iddiaları tamamilə əsassızdır, yaxud ermənilərin söz etdiyi xaçkarların gerçəkdə qədim Azərbaycanın tarixinə aid olan, Qafqaz Albaniyası mədəniyyətinin nümunəsi olan xaçdaşlar olduğunu dönə-dönə vurğulayırıqsa, onda bu dəlil-sübutları özümüzdən savayı dünyanın da diqqətinə çatdırmağı bacarmalıyıq.

Təxminən bir aydan sonra Avropa Şurasının xüsusi missiyası Ermənistanda və Azərbaycanda tarixi-mədəniyyət abidələrinin vəziyyəti ilə tanış olmaq üçün regiona gələcək. Biz həmin missiyaya nələri, hansı faktları və necə təqdim edəcəyik? Bu barədə düşünməliyik. Daha doğrusu, bu barədə indi yox, daha öncə düşünmək lazım idi. Və bütün bunlardan sonra da inciyirik ki, Qarabağda muzeylərimizin, mədəniyyət nümunələrimizin tar-mar olmasından dünya niyə xəbərsizdir və niyə bu barədə filan-filan beynəlxalq dairələr susurlar? Bax bu sual üzərində öncə özümüz düşünməli, sonra hansısa əcnəbidən ona cavab tələb etməliyik.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
 
 

6. Ukrayna, "narıncı inqilab", ikinci hissə...

İlyarım öncə olduğu kimi, yenə bu ölkədəki siyasi proseslər postsovet məkanı üçün önəmli vektor ola bilər

(“525-ci qəzet”, 01.04.2006)
 

Ukraynada martın 26-da keçirilmiş parlament seçkilərinin nəticələri diqqət mərkəzində qalmaqdadır. Bu nəticələr Azərbaycan daxil, bütün postsovet məkanı üçün əlamətdar maraq kəsb edir. Əvvəla, Ukraynada keçirilən seçkilər onun dövlət quruluşunda mühüm yeniliklərə yol açmalıdır. Söhbət Ukraynanın prezident üsul-idarəli respublikadan parlament respublikasına çevrilməsindən gedir. MDB məkanında ilk dəfə olaraq məhz Ukrayna bu yolu seçib və həmin seçimin digər ölkələr üçün nə dərəcədə presedent olub-olmayacağı önəmlidir.

İkincisi, bu, Ukraynada "narıncı hakimiyyət"in düzənlədiyi ilk seçkilər idi və onun necə yekunlaşması təkcə Ukrayna üçün deyil, ümumilikdə postsovet üçün bir müddət aparıcı siyasi vektor halına gəlmiş "məxməri inqilab" əhvalının real zaman anlayışına nə dərəcədə dözümlü olduğunu nümayiş etdirməli idi.

Nəhayət, üçüncüsü, bu seçkilərin nəticəsi praktik olaraq Ukraynanın xarici siyasət prioritetləri üçün hansı fəsadlar doğuracağı, konkret olaraq Kiyevin Rusiya və Qərblə münasibətlərinin necə inkişaf edəcəyi baxımından əhəmiyyət kəsb edir. Çünki MDB məkanının əsas füqurlarından biri kimi Ukraynanın hər iki istiqamətdə hansı addımlar atacağı bu coğrafiyadakı qalan ölkələr üçün də vacib məsələdir.

Təsadüfi deyil ki, hazırda Ukrayna seçkilərinin nəticələri ilə bağlı səslənən əksər mülahizələr məhz bu üç kontekstdə nəzərdən keçirilir. Lakin onlara keçməzdən öncə həmin seçkilərin bir vacib nəticəsini qeyd etmək lazımdır. Çünki həmin nəticə bütün hallarda, yəni qeyd olunan kontekstlərdən asılı olmayaraq, prioritet əhəmiyyət kəsb edir. Bu, Ukraynadakı seçkilərin tam demokratik və şəffaf şəkildə keçirilməsidir. Düzdür, istər seçki kampaniyası dövründə, istərsə də səsvermə zamanı müəyyən qüsurlar ("qara piar"ın geniş yayılması, seçici siyahılarında problemlər və s.) qeydə alınıb, lakin mahiyyət etibarilə bu seçkilər Avropada tətbiq edilən demokratik seçki parametrlərinə uyğun gəlib və bu məqamı seçkiləri müşahidə etmiş beynəlxalq müşahidəçilər missiyası da vurğulayıb.

Əlamətdardır ki, ilk dəfə olaraq postsovet məkanında keçirilmiş seçkilərə Qərb müşahidəçiləri (ATƏT, Avropa Şurası, Avropa Birliyi və s.) ilə MDB-ni təmsil edən müşahidəçilər yekdil qiymət veriblər. İndiyədək, Rusiya da daxil, MDB-nin bu və ya digər ölkəsində keçirilən seçkilərə münasibətdə onların qənaəti xeyli fərqli olurdu. O cümlədən MDB məkanında "məxməri dəyişikliklər"in avanqardı olmuş Gürcüstanda 2004-cü ilin yanvarında keçirilmiş prezident və həmin ilin martında keçirilmiş parlament seçkiləri də ikili qiymət almışdı. Ystəlik həmin seçkilərə ümumən şəffaf keçsə də, demokratik rəqabət imkanları təmin edilməmişdi, nə prezident seçkilərində Mixail Saakaşviliyə ciddi rəqibi vardı, nə də parlament yarışında "qızılgül inqilabı" koalisiyasına real müqavivət göstərəcək siyasi qüvvə.

Odur ki, məhz Ukraynadakı seçkilər "məxməri inqilab"dan doğan hakimiyyətin demokratiya sınağından necə çıxdığını müəyyənləşdirmək baxımından əlamətdar bir hadisə idi. Bu baxımdan Viktor Yuşşenko iqtidarının bu sınaqdan uğurla çıxdığını konstatasiya etmək olar. Hərçənd bilavasitə Yuşşenkonun özü və komandası üçün seçkinin nəticəsi o qədər də uğurlu sayıla bilməz, çünki prezident partiyası ("Bizim Ukrayna" bloku) seçkini yalnız üçüncü yerdə başa vurub.

Diqqətə alsaq ki, bu seçkilərdən sonra Ukraynada siyasi sistem ciddi konstitusion dəyişikliyə məruz qalacaq və prezident öz səlahiyyətlərinin bir qismini Ali Radaya və oradakı deputat çoxluğun formalaşdıracağı hökumətə verəcək, onda Yuşşenkonun partiyasının seçkilərdəki uğursuzluğu daha ciddi həcmdə nəzərə çarpar.

Xatırladaq ki, Ukraynanın parlament respublikasına çevrilməsi ideyası hələ prezident Leonid Kuçma tərəfindən 2004-cü ilin əvvəlində irəli sürülmüşdü. Bəzi müşahidəçilərə görə, Kuçma bu yolla prezidentlikdən gedəndən sonra yenidən iqtidara qayıdışını (parlament seçkilərində qələbə və baş nazir postu) təmin etməyi nəzərdə tuturdu. Amma iş elə gətirdi ki, bu konstitusion dəyişiklər paketi 2004-cü ilin sonunda "narıncı inqilab"ın yaratdığı hüquqi dalandan əsas çıxış yoluna çevrildi və o zaman prezidentlik postu uğrunda yarışan bütün tərəflər onu qəbul etdilər.

Yuşşenko və tərəfdarları bu addıma gedərkən düşünürdülər ki, 2006-cı ilin parlament seçkisi (konstitusion dəyişiklik məhz bundan sonra qüvvəyə minməlidir) onsuz da "narıncı komanda"nın qələbəsi ilə nəticələnəcək və prezident-parlament münasibətlərində hansısa problem yaşanmayacaq. Yuşşenkonun rəqibi, o vaxtkı baş nazir Viktor Yanukoviç isə həmin paketi onu ona görə qəbul etdi ki, prinsip etibarilə prezidentlik yarışını uduzduğunu dərk etmişdi ki, bu konstitusion dəyişiklik sayəsində parlament müstəvisində revanş götürərək faktiki hakimiyyətə qayıdacağını nəzərdə tuturdu.

Lakin ilyarım öncəki bu qənaətlər, daha dəqiqi, Yuşşenkonun planları bir qədər sonra, 2005-ci ilin sentyabrında baş verən olaylarla xeyli dərəcədə sıradan çıxdı. "Narıncı koalisiya"nın ikinci füquru hesab edilən Yuliya Timoşenkonun baş nazir postundan getməsi və iqtidar komandasının çat verməsi Ukraynadakı sonrakı proseslər üçün həlledici faktor oldu. Və bu gün Ukraynadakı parlament seçkilərindən sonra yaranmış situasiya xeyli dərəcədə məhz həmin hadisənin yekunudur.

Ümumilikdə götürdükdə isə, istər 2005-ci ilin payızında "narıncı hakimiyyət"in parçalanması, istərsə də Ali Radaya seçkilərin bu cür başa çatması Ukraynada ilyarım öncə baş vermiş inqilabın prinsipcə gözlənilən nəticələri kimi nəzərdən keçirilməlidir. Bu baxımdan Ukraynadakı parlament seçkilərini "narıncı inqilab" ikinci hissəsi hesab etmək olar, hərçənd bəziləri Yanukoviçin partiyasının seçkini birinci yerdə başa vurmasını "narıncı hakimiyyət"ə qarşı əksinqilab kimi də qiymətləndirirlər. Amma məsələ nəyin necə adlandırılmasından çox, proseslərin mahiyyətindədir. Mahiyyəti dəqiqləşdirmək üçün bir qədər geriyə, Ukraynada 2004-cü ilin sonunda baş verən olaylardan sonraya nəzər yetirmək lazımdır.

Məlumdur ki, hər bir inqilabdan sonra istər ümumilikdə xalq kütləsi, indiki ifadələrlə desək, elektorat, istərsə də "inqilab övladları", yəni bu dalğada hakimiyyətə gəlmiş qüvvələr kəmhövsələ olur və öz məqsədlərinə tezliklə (bəzən nəyin bahasına olursa-olsun) çatmağı düşünürlər. Ukraynada xalqın əksər hissəsi üçün bu məqsəd ilk növbədə sosial rifah halının yaxşılaşması idisə, inqilabın iqtidara gətirdiyi qüvvələrin çoxu üçün başlıcası şəxsi mənafelər, ölkənin nəhəng iqtisadi piroqunun bölüşdürülsməsindən maksimum çox pay qoparmaq niyyəti idi. İnqilablardan sonra baş verən bu cür pay bölgüləri isə gec-tez maraqların toqquşması və dünənki müttəfiqlərin bir-birinə rəqib, hətta düşmən kəsilməsi ilə nəticələnir.

Əslində Ukraynada belə gedişatı "narıncı inqilab"ın ən qızğın çağında proqnozlaşdırmaq mümkün idi. Həmin olaylarda siyasi yönündən və fəaliyyət spektrindən asılı olmayaraq ən müxtəlif qüvvələr - Qərbpərəst mötədil Viktor Yuşşenko, millətçi-populist Yuliya Timoşenko, onların satellitləri olan marjinal qruplar, daha sonra bu koalisiyaya qoşulmuş Ali Radanın sədri, siyasi mövqe və prinsipləri dəqiq bəlli olmayan Vladimir Litvin, prezident seçkilərinin üçüncü tur səsverməsi ərəfəsində qüvvələr nisbətinin narıncıya doğru dəyişdiyini görərək inqilab düşərgəsinə qoşulan sosialistlər və başqaları bir araya gələndə prinsipcə aydın idi ki, bu qarmaqarışıq spektr müəyyən zaman kəsiyindən sonra ziddiyyətli çalarlara ayrıla bilər.

Nəticədə cəmisi 9 ay sonra əhali arasında reytinqi minimuma enmiş Ukrayna hakimiyyətində ixtilaf və "narıncı inqilab" liderlərinin siyasi mübarizə cəbhəsində əks tərəflərdə yer alması baş verdi. Bu isə təkcə Ukrayna miqyasında deyil, bu ölkədə baş verənləri diqqətlə izləyən postsovet məkanı üçün "məxməri inqilab" fəlsəfəsinin ciddi aşınmaya məruz qalması demək idi. Təsadüfi deyil ki, o vaxt prezident Yuşşenkonun baş nazir Timoşenkonu istefaya göndərməsi "narıncı inqilab"ın əsas sponsoru olmuş Qərb dairələrində də sıradan bir olay kimi qarşılanmamışdı. Postsosialist məkanında "məxməri inqilab" praktikasının müəlliflərindən sayıla biləcək ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt isə hələ 2005-ci ilin yayında Çexiyanın "Praqa-Fronta" qəzetinə müsahibəsində Ukraynada gedən proseslərin onda narahatlıq doğurduğunu, bu tendensiyanın nəticdə "narıncı hakimiyyət" üçün əksinqilabla yekunlaşa biləcəyini bildirmişdi.

Maraqlıdır ki, indi Yanukoviçin Regionlar Partiyasının seçkidən birinci çıxmasını (32 faiz) bir sıra Qərb dairələri elə bu cür səciyyələndirlər. Bunun əksini iddia edənlər isə Yuşşenkonun partiyası isə Timoşenkonun blokunun topladığı səsləri (müvafiq olaraq 14 və 22 faiz) ümumiləşdirərək nəticənin "narıncı inqlilab"ın xeyrinə olduğunu bildirirlər.

Gerçəkdə isə bu gün Ukrayna üçün hansı rəngin və onun arxasındakı siyasi blokların deyil, onun özünün dövlət olaraq inkişafı və əhalisinin rifahı önəm kəsb edir. Bu baxımdan Ukraynanın Qərb və ya Rusiya istiqamətində gedəcəyi də prinsip etibarilə daha çox geosiyasi nəzəriyyə məsələsidir, nəinki praktik siyasət predmeti.

Düzdür, yuxarıda qeyd olunan konstitusion dəyişikliklərin özəlliyini nəzərə alsaq, Ali Radada formalaşacaq yeni hökumətin sifətinin xeyli dərəcədə Ukraynanın beynəlxalq siması üçün də həlledici olacağını demək olar. Bəzi icmalçılar isə (xüsusilə Rusiyada) hesab edirlər ki, yeni hökumət koalisiyasının hansı qüvvələrdən təşkil ediləcəyi ölkənin Ukraynanın xarici siyasət vektorunu birmənalı şəkildə müəyyənləşdirəcək. Başqa sözlə, əgər "narıncı koalisiya" (Yuşşenko-Timoşenko) bərpa olunsa, Ukrayna Avropaya doğru gedəcək, Yanukoviç baş nazir olsa isə, əksinə, ölkə Rusiyanın ağuşuna düşəcək.

Lakin bu mülahizələr əksəriyyət etibarilə spekulyativ səciyyə daşıyır. Çünki tərəflərin elan etdikləri siyasi prioritetlərə diqqətlə baxsaq, görərik ki, onlar arasında elə strateji əhəmiyyətli ziddiyyət yoxdur. Məsələn, Yanukoviçin Rusiyayönümlü kimi tanınan partiyası əsas prioritetlər kimi Rusiya ilə sıx tərəfdaşlıq (ilk növbədə iqtisadi) münasibətlərini, rus dilinə ikinci dövlət dili statusunun verilməsi, Ukraynanın Avropa Birliyinə (AB) inteqrasiyasını, amma NATO-ya üzvlük ideyasından vaz keçməsini önə sürürlər. Yuşşenko da Rusiya ilə sıx tərəfdaşlıq münasibətlərini rədd etmir və Ukraynanın AB-yə və NATO-ya qəbulunu prioritet məqsəd sayır rus dilinin ikinci dövlət dili olmasına isə qarşıdır. Timoşenkonun partiyası da eyni prioritetləri elan edib, sadəcə, onları bir qədər millətçilik sousu ilə təqdim edir.

Qeyd etmək lazımdır kim, rus dili məsələsi Yanukoviç tərəfindən daha çox ölkədəki rus əhalisinin səsini qazanmaq üçün irəli atılıb və seçkidən sonra onu bir kənara qoymaq olar. Belədə görünür ki, NATO-ya üzvlük məsələsini çıxmaqla qalan strateji məqamlarda tərəflərin mövqeləri faktiki olaraq ortaqdır: Rusiya ilə tərəfdaşlıq, amma Avropa evinə inteqrasiya.

Deməli, Radada formalaşacaq bu və ya digər koalisiya bir-birindən radikal şəkildə fərqlənməyəcək. O ki qaldı NATO-ya üzvlük məsələsinə, bunu da zamanın öhdəsinə buraxmaq lazımdır. Hər halda Kuçma da 1994-cü ildə hakimiyyətə gələndə qatı NATO əleyhdarı kimi tanınırdı, amma 2002-ci ildə Ukraynanın alyansa üzvlüyündən dəm vururdu. Ukraynanın xalqı üçün isə, təbii ki, hansısa beynəlxalq təşkilata üzvlükdən daha öncəsi isə ölkənin iqtisadi inkişafı və sosial rifahın təmin olunmasıdır. Sıravi əhali inqilabın onlara vəd etdiyi nemətlərdən birini (demokratiya) artıq alıb, ikincisini isə (sosial rifah) hələ gözləməkdədir. Rifah isə inqilabi addımlarla deyil, sabitlik və təkamül şəraitində həyata keçirilən islahatlarla mümkündür.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
 
 

7. ABŞ-Azərbaycan tərəfdaşlığı: cavabsız sual qaldımı?        

Azərbaycan prezidentinin Vaşinqton səfəri bu xüsusda gündəmdə olan bütün sualları cavablandırdı

("525-ci qəzet", 06.05.2006 )

 

Prezident İlham Əliyevin ABŞ-a səfərindən öncə olduğu kimi, səfərdən sonra da KİV-də bu mövzuda çeşidli rəy və təhlillər yer alır. Bu da təbiidir. Azərbaycanın dünyanın bir nömrəli fövqəldövləti ilə münasibətləri hər zaman geniş maraq və müzakirə mövzusu olub, üstəlik prezidentin Vaşinqtona səfəri öncəsi bu mövzuda çoxlu spekulyasiyalar dövriyyədə idi. Digər yandan, səfərin Azərbaycanın qapıbir qonşusu İranla ABŞ arasında gərginliyin dərinləşdiyi dövrə təsadüf etməsi "Prezident ABŞ-a niyə gedir" sualına əlavə aktuallıq gətirmişdi. Dövlət başçısı Vaşinqtondan dönəndən sonra da bu mövzuda suallar qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan prezidentinin Vaşinqton görüşləri bu xüsusda demək olar ki, bütün sualları ümumən cavablandırıb.

Hələ səfər öncəsi dövriyyədə olan sualların birincisi prezidentin ABŞ-a niyə məhz indi getməsi ilə bağlı idi. O cümlədən müxalifət dairələrinin mülahizələrinə görə, prezidentin bu vaxtadək ABŞ-a getməməsi Bakı ilə Vaşinqton arasında münasibətlərin soyuqluğundan xəbər verirdi. Bu iddianın nə qədər ciddi olduğu üzərində dayanmaq istəmirik, ən azı ona görə ki, dövlətlərarası münasibətlərin mahiyyətini prezidentlərin səfərlərinin dövriliyi ilə ölçülməsi məntiqdən uzaqdır.

Belə məntiqə görə Türkiyənin Azərbaycana münasibəti soyuq olmalıdır, çünki qardaş ölkənin prezidenti bu postu tutduğu 6 ildə cəmi iki dəfə Bakıya rəsmi səfər edib. Yeri gəlmişkən, məsələyə bu cür spekulyativ yanaşma təkcə bizim müxalifətə xas cəhət deyil. Türkiyədə də Rəcəb Tayyib Ərdoğanın baş nazir seçiləndən sonra iki il çox müddətdə (2005-ci ilin iyununadək) Vaşinqtona dəvət almaması bu ölkənin müxalifəti tərəfindən ABŞ-ın AKP hökumətinə soyuq münasibətinin göstəricisi kimi yozulurdu.

Gerçəkdə isə dövlətlərarası münasibətlərdə soyuqluqdan o zaman bəhs etmək məntiqi olar ki, onlar arasında dialoq mahiyyət etibarilə zəifləsin. Azərbaycanla ABŞ arasındakı münasibətlərin ötən iki il yarımda (həmçinin ondan öncəki dövrdə) xronikasına diqqət yetirsək, tərəflər arasında dialoqun kəsintisiz davam etdiyinin, ABŞ-Azərbaycan tərəfdaşlığının müxtəlif sahələr üzrə davamlı olaraq inkişaf etdiyini təsbit edə bilərik.

O ki qaldı dövlət başçıları səviyyəsində dialoqa, prezidentlər İ.Əliyev və C.Buş 2004-cü ilin yayında İstanbulda NATO zirvəsində görüşmüşdülər, 2005-ci ildə onlar arasında aktiv məktub mübadiləsi olub, bundan əlavə ABŞ dövlət katibi müəyyən məsələlərlə bağlı Azərbaycan prezidentinə telefon edib. Bu müddətdə Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror kampaniyasında fəal iştirakını davam etdirib, iki ölkə arasında münasibətlərin təməlini təşkil edən energetika sahəsində işbirliyi daha da dərinləşib. Bir sözlə, tərəflər arasında münasibətlər təbii axarında, qarşılıqlı etimad və dəstəyə dayanan tərəfdaşlıq formatında davam edib.

Və əgər bütün bunlardan sonra iki ölkə prezidentinin bilavasitə bir araya gəlməsinə ehtiyac yaranırsa, bu o deməkdir ki, tərəflər müəyyən məsələlər üzrə mövqelərini bir daha dəqiqləşdirmək, diplomatik leksikonda deyildiyi kimi, saatlarını yoxlamaq istəyiblər. Səfərin məhz indi gerçəkləşməsi, o cümlədən onun ABŞ-İran qarşıdurmasının artdığı dövrdə düşməsi də təsadüf sayıla bilməz. Buradan çıxan başlıca nəticə odur ki, tərəflər bir sıra məsələlər üzrə məhz indi yüksək səviyyəli danışıqlara gərək duyublar və İran mövzusu da həmin müzakirələrin bir hissəsini təşkil edir. Necə ki, son aylar ABŞ-ın "Minsk üçlüyü" formatında vasitəçilik səylərini artırmaq, Qarabağ münaqişəsinin sahmanlanmasına təkan vermək niyyəti bəllidir və bu mövzu da prezidentin Vaşinqton səfərinin gündəminin önəmli bölümünü təşkil etməli idi. Odur ki, səfər öncəsi onun "yalnız İranla bağlı olduğu", yaxud onun Vaşinqtonda "Qarabağı vermək üçün getdiyi" kimi iddialar sırf siyasi möhtəkirlik nümunəsi idi. Səfərdən sonra bəzi dairələrin "ABŞ-ın Azərbaycan rəhbərinə demokratiya dərsi verməsi" kimi bəyanatları da həmin möhtəkirliyin davamıdır.

Bu cür spekulyasiyaların Amerika-Azərbaycan münasibətlərinin gerçək şəklini ehtiva etmədiyinə əmin olmaq üçün, sadəcə, bu münasibətlərinin təməl prinsiplərinə nəzər salmaq vacibdir. Bu xüsusda ilk növbədə bir məqam vurğulanmalıdır ki, ABŞ Azərbaycanı özünə strateji tərəfdaş hesab edir və bizimlə bütün münasibətlərini də bu təməl üzərində kökləyir. Eynilə Bakının Vaşinqtonla tərəfdaşlığı da onun strateji seçimidir. Başqa sözlə, ABŞ-Azərbaycan tərəfdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərin detalları ilə hesablanmır, əksinə, həmin münasibətlərin özü iki ölkənin strateji tərəfdaşlığı ilə şərtlənir, ondan irəli gəlir.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığının isə üç təməl istiqaməti mövcuddur. Bunlardan birincisi enerji sahəsində əməkdaşlıqdır, geniş mənada iqtisadi münasibətlər toplusudur. Bunu ona görə birinci qeyd edirik ki, Azərbaycan-ABŞ əməkdaşlığı 1994-cü ildə məhz bu sahə üzrə təşəkkül tapmağa başlayıb. Vaşinqtonla Bakının münasibətlərinin ikinci mühüm sahəsini təhlükəsizlik məsələlərində əməkdaşlıq təşkil edir. Bu əməkdaşlıq spektri özəlliklə 2001-ci ilin 11 sentyabrından sonra genişlənməyə başlayıb. Həmin olaydan sonra Azərbaycan ABŞ-ın başladığı beynəlxalq antiterror kampaniyasının ön sıralarında yer alması Vaşinqton üçün strateji önəm kəsb edir və təsadüfi deyil ki, iki ölkə arasındakı bütün səviyyəli dialoqlarda ABŞ bu əməkdaşlığa görə Azərbaycana minnətdarlıq edir. Prezident Buşun Azərbaycan rəhbəri ilə görüşü də istisna olmadı, o, bir daha Azərbaycanın İraqdakı sülhyaratma fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Nəhayət, iki ölkənin münasibətlərinin üçüncü vacib spektri ölkəmizdə aparılan islahatlar, o cümlədən demokratikləşmə sahəsində əməkdaşlıq təşkil edir. Qeyd etmək lazımdır ki, indiyədək ABŞ-Azərbaycan münasibətlərinə dair ən müxtəlif şərhlərdə bu məsələ əlahiddə yer tutub. Xüsusilə Azərbaycanda keçirilən seçkilərdən sonra Amerikadan səslənən tənqidi fikirləri diqqətə alan əksər dairələr məhz demokratiya məsələsində Vaşinqton-Bakı əməkdaşlığının geridə qaldığını vurğulayır, bəziləri isə ABŞ-ın digər iki sahə üzrə strateji çıxarlarını öndə tutaraq demokratiya məsələsinə çox zaman göz yumduğunu qeyd edirlər.

Lakin bu cür yanaşma prinsip etibarilə yanlışdır. Çünki ABŞ-Azərbaycan əməkdaşlığının, yaxud konkret olaraq Vaşinqtonun Azərbaycandakı maraqlarının bir istiqamətini digərindən ayırmaq, onlardan hansınınsa prioritet, digərinin ikinci dərəcəli olduğunu vurğulamaq məsələnin mahiyyətini təhrif etməkdir. ABŞ-Azərbaycan münasibətlərinin bütün spektrini toplu halında, vahid kontekstdə nəzərədən keçirmək lazımdır. Bu kontekstdə bir məsələnin müəyyən zaman kəsiyində önə çıxması, digərinin arxa plana keçməsi ilk baxışdan belə görünə bilər.

Məsələn, Azərbaycan və ABŞ rəhbərlərinin görüşündən sonra gözləmək olardı ki, prezident Buş öncə iki ölkənin enerji, yaxud təhlükəsizlik sahəsində əməkdaşlığından söz açacaq. Amma o, öncə demokratiya sahəsində əməkdaşlıqdan danışdı və Azərbaycan prezidentinin bu yöndə addımlarını yüksək qiymətləndirdi: "Biz zəruri məsələlər haqqında fikir mübadiləsi apardıq və vurğuladıq ki, belə müasir müsəlman ölkəsi öz vətəndaşlarının qayğısına qalır və bilir ki, demokratiya gələcəyin əsasını təşkil edir. Cənab prezident, mən sizin rəhbərliyinizi yüksək dəyərləndirirəm". Başqa sözlə, ABŞ rəhbəri bir daha təsdiq etdi ki, iki ölkə rəhbərliyinin demokratiya dəyərləri barədə fikirləri prinsip etibarilə üst-üstə düşür.

Öz növbəsində Azərbaycan prezidenti də istər Vaşinqtondakı digər görüşləri sırasında, istərsə də ABŞ rəhbəri ilə danışıqların yekununda bu məqamı bir neçə dəfə vurğuladı. Prezident səfərin birinci günü Vaşinqtondakı Beynəlxalq Münasibətlər Şurasında bu barədə suallara aydınlıq gətirmişdi, onun ABŞ-ın qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşü isə məxsusi olaraq bu mövzuya həsr olunmuşdu. Prezident Azərbaycandakı demokratik inkişaf tempi ilə bağlı tənqidi çıxışlar edən qurumların nümayəndələri ilə bilavasitə görüşməklə bu məsələdə tam açıq fikir mübadiləsinə hazır olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın demokratik islahatlar kursuna sadiqliyini də şəxsən təsdiqləmiş oldu. "Mən tam əminəm ki, siyasi və iqtisadi inkişaf paralel getməsə, onda iqtisadi islahatlar və demokratikləşmə prosesi uğurlu olmayacaq. Ona görə də, biz hər iki istiqamətdə uğurla addımlayırıq. Burada reallıq və onun qavranılması var. Qavranılmaya gəldikdə, bəzən o, reallığı əks etdirməyən informasiyaya əsaslanır", - deyə prezident Amerika siyasi auditoriyasının "Sizin demokratiya ilə bağlı konsepsiyanız nədən ibarətdir" sualına konkret cavab verdi.

Təsadüfi deyil ki, auditoriya da prezidentlə açıq təmasdan sonra özlüyündə "Niyə digər MDB ölkələrindən fərqli olaraq Azərbaycanda "məxməri inqilab" baş verməyib" sualına cavab tapmış oldu. Hətta iştirakçılardan biri Azərbaycan prezidentini ABŞ-a səfərdə müşayiət edən, onunla barabər auditoriyanın suallarını ingilis dilində və tutarlı arqumentlərlə cavablandıran gənc nazirləri müsbət xarakterizə edərək "Ətrafınızdakı bu şəxsləri gördükdə mənə elə gəlir ki, siz fərqli bir strategiya seçmisiniz" deyə bildirdi. Amerika auditoriyasından səslənən bu etiraf həm də onun göstəricisi idi ki, prezident İ.Əliyevin Vaşinqtona səfəri təkcə onun özünün deyil, bütövlükdə onun komandasının, daha geniş anlamda isə Azərbaycan dövlətinin apardığı inkişaf və islahatlar siyasətinin siyasi benefisi idi.

Əslində İ.Əliyevin şəxs olaraq Amerikada tanınmasına ehtiyac yox idi. Amerikanın siyasi dairələri, biznes qurumları onu hələ 1994-cü ildən, İ.Əliyevin ARDNŞ-in vitse-prezidenti kimi Azərbaycanın xarici neft müqavilələrinin hazırlanması ilə bağlı Amerikaya çoxsaylı səfərlərindən tanıyırdı. Bu illər ərzində İ.Əliyev ABŞ Konqresində, hökumət dairələrində, Amerika siyasi elitasının təmçilçiləri ilə saysız görüşlər keçirmişdi. O cümlədən ABŞ-ın indiki prezidenti ilə şəxsi dostluq münasibətləri də həmin illərdə yaranmışdı. Təkcə bir faktı xatırlamaq yetər ki, o vaxt Texas ştatının qubernatoru olan C.Buş İ.Əliyevlə yaxın dostluğunun təsdiqi kimi 1996-cı ildə ona ildə "Fəxri texaslı" adını təqdim etmişdi. 2003-cü ilin avqustunda isə İ.Əliyev Azərbaycanın baş naziri təyin ediləndə onu ilk təbrik edənlərdən biri prezident Buş olmuş və onun gələcək liderliyi ilə ABŞ-Azərbaycan tərəfdaşlığının daha da güclənəcəyinə inamını bildirmişdi: "Biz ölkələrimizi daha da yaxınlaşdıracaq əsas sahələrdə əməkdaşlığı genişləndirmək üçün sizinlə işləməkdə davam edirik". Böyük siyasətdə bu cür dostluq münasibətləri mühüm faktordur. Çünki liderlərin dostluğu nəticə etibarilə dövlətlərin dostluğuna təkan verir.

Bütün bu tarixi faktlar fonunda Azərbaycan prezidentinin Vaşinqtona səfərinin yüksək səviyyədə keçməsi tamamilə təbii və gözlənilən idi. Eyni zamanda, səfər gedişində "Azərbaycan Amerikanın antiiran koalisiyasana qoşulacaq", yaxd "Vaşinqton Bakını Qarabağ məsələsində ağır güzəştlərə məcbur edəcək" kimi spekulyasiyalara son qoyulması, dövlət başçısının Amerika ilə strateji tərəfdaşlıqla yanaşı, digər qonşularla mehriban münasibətləri də zərbə altına qoymayacağını ("Azərbaycan qarşıdurma zonası deyil") birmənalı şəkildə bəyan etməsi göstərdi ki, Azərbaycan öz siyasətini milli və dövləti maraqlarını göz önündə tutaraq həyata keçirir və bütün tərəfdaşları ilə, hətta o, dünyanın bir nömrəli fövqəldövləti olsa belə, münasibətlərini bərabərhüquqlu partnyorluq şəklində qurur: "Mən buraya öhdəlik götürmək üçün gəlməmişəm. Mən tamhüquqlu tərəfdaş kimi, dost kimi gəlmişəm. Bu baxımdan bizim aramızda heç bir fikir ayrılığı yoxdur".

Effektiv Təşəbbüslər Mərkəzinin analatik qrupu

 
 
 
8. Vaxtında getməyi bacarmaq lazımdır

Dövlət vəzifəsini zamanında və könüllü tərk etmək həm də siyasi uzaqgörənlik əlamətidir

(«525-ci qəzet», 27.05.2006)

 

Başa çatan həftə bir sıra mövzularla yanaşı, daxili siyasətdə daha çox baş nazirin 1-ci müavini Abbas Abbasovun istefası ətrafında gedən diskussiyalarla yadda qaldı. Bu da təsadüfi deyil. Tam 14 il ölkənin ali icra hakimiyyəti sistemində üçüncü (prezident və baş nazirdən sonra) postu tutmuş şəxsin birdən-birə, özü də ictimai rəydə barəsində hansısa mənfi qənaətin olmadığı bir vaxtda, könüllü istefa verməsi Azərbaycan reallığı üçün mühüm yenilik idi. Əgər 15 illik müstəqillik dövrünə nəzər salsaq, indiyədək dövlət postundan bu cür gedişin olmadığını qeyd edə bilərik.

Düzdür, Azərbaycanda bundan öncə də ən yüksək dövlət vəzifələrindən könüllü (formal olaraq) istefalar olub. Misal kimi, 1992-ci ilin martında Ayaz Mütəllibovun prezident, Elmira Qafarovanın Ali Sovetin sədri postundan, yenə həmin ilin mayında Yaqub Məmmədovun spiker vəzifəsindən, 1993-cü ilin iyununda Pənah Hüseynovun baş nazir, İsa Qəmbərin parlament sədri vəzifəsindən getməsini, həmin il boyu baş vermiş digər istefaları, nəhayət, 1994-cü ilin yanvarında Lalə Şövkət Hacıyevanın dövlət katibi postundan, 1996-cı ilin sentyabrında Rəsul Quliyevin Milli Məclis sədrliyindən istefalarını yada salmaq olar. Lakin bu istefaların prinsip etibarilə heç birinin könüllü şəkildə baş vermədiyi yaxşı məlumdur. Onların bir qismi (1992-1993-cü illərdə) ölkədə yaranmış ağır böhran nəticəsində və xalq kütlələrinin təzyiqi altında baş verib, digərləri isə bilavasitə hakimiyyətdaxili ixtilaf və ziddiyyətlər səbəbindən bu addımı atmalı olublar.

Hətta sadalanan istefalardan fərqli olaraq,1996-cı ildə o vaxtkı baş nazir Fuad Quliyevin, 1998-ci ildə XİN başçısı Həsən Həsənovun sakit və heç bir ixtilaf-filan doğurmayan istefaları da tam könüllülük prinsipi əsasında gerçəkləşməmişdi. Birinci bu addımı səhhətindəki problemlər üzündən atmış, ikinci isə XİN ətrafında yaranmış maliyyə qalmaqalı üzündən postunu tərk etməli olmuşdu.

Odur ki, A.Abbasovun istefası bütün parametrlərinə görə, bu xüsusda bir ilk sayıla bilər. Özü də söhbət, sadəcə, istefanın könüllü olmasında deyil. A.Abbasov hökumətdə yüksək post tutduğu 14 il ərzində özünü bacarıqlı təsərrüfatçı təsdiqləyib və ictimai rəydə kifayət qədər müsbət imici olan təcrübəli dövlət xadimi kimi tanınıb. Təsadüfi deyil ki, o, baş nazirin 1-ci müavini postuna hələ AXC hakimiyyəti dövründə təyin olunub və 1993-cü ilin yayındakı hakimiyyət dəyişikliyindən sonra da həmin postda qalıb.

Eyni zamanda, o, özünün də qeyd etdiyi kimi, məhz Heydər Əliyevin rəhbərliyi altında bir dövlət xadimi kimi üstün cəhətlərini tam şəkildə realizə edə bilib. 1993-1994-cü illərdə ölkədə yaşanan ərzaq (taxıl) probleminin aradan qaldırılmasında, Azərbaycanın MDB ölkələri, özəlliklə Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin bərqərar olmasında o, Heydər Əliyev komandasının üzvü kimi çox iş görüb. 2003-cü ilin prezident seçkilərindən sonra da ictimai rəydə müsbət xarakterizə olunan və İlham Əliyev komandasının aparıcı nümayəndələrindən biri kimi qəbul edilib.

Məhz elə onun müsbət imicini, o cümlədən dövlət başçısı tərəfindən təqdir olunan fəaliyyətini nəzərə alan ictimai rəy ilk anda istefa faktını təəccüblə qarşıladı. Hətta bu faktın pərdəarxası, cəmiyyətə bəlli olmayan hansısa gizlinləri barədə fərziyyələr səslənməyə başladı. Gerçəkdə isə bu istefanın arxasında müəmma axtarmağa elə bir əsas yoxdur. Ona görə də bu faktı normal siyasi münasibətlərin

bərqərar olduğu demokratik cəmiyyətlərdə tamamilə təbii sayılan bir istefa mədəniyyətinin Azərbaycan reallığında hələlik presedent sayıla biləcək bir təcəssümü hesab etmək lazımdır.

Necə ki, prezident də A.Abbasovun istefasını qəbul edərkən məhz bu məqamı xüsusi qeyd etdi: "Bu, çox əlamətdar bir hadisədir. Azərbaycanın müasir tarixində ilk dəfə belə bir hadisə baş verir. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki ölkəmiz yeniləşir, müasirləşir, münasibətlər, davranış qaydaları, bütün mədəni normalar yeni müstəviyə qalxır. Vəzifəyə gəlmək, vəzifədən getmək - bu, təbii prosesdir və belə də olmalıdır". Dövlət başçısının A.Abbasovu "İstiqlal" ordeni ilə təltif etməsi isə onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.

Beləliklə, A.Abbasov dövlət postundakı qüsursuz fəaliyyətinə, ölkə başçısının onun işindən razı olmasına rəğmən vəzifəsindən könüllü istefa verdi. Bu addım hər şeydən öncə onun təcrübəli bir dövlət adamı kimi Azərbaycanda gedən yeniləşmə prosesinə, həyata keçirilən islahatlara daha adekvat səfərbər olmağı bacaran gənc kadrların önə çəkilməsinə obyektiv və sağlam məntiq nəzərindən yanaşdığını göstərir. "Başa düşürəm ki, kadrlar arasında durmadan rotasiya getməli, idarəçiliyə yeniləşən şəraitə uyğun, müasir düşüncəli insanlar cəlb edilməlidir", - deyə o, prezidentə müraciətində bildirir. Bu həm də zamanın və gedişatın nəbzini hiss edərək tutduğu vəzifədən vaxtında əl çəkməyi bacaran bir şəxsin addımıdır. Azərbaycan xalqı arasında buna yaxşı mənada "üzü sulu getmək" də deyirlər.

Təbii ki, A.Abbasovun istefasından sonra bu faktın hakimiyyətin yüksək eşelonunda doğura biləcəyi rezonans, həmçinin iqtidar komandasında kimlərə mesaj olacağı barədə fikirlər indi xüsusilə aktualdır. Bu baxımdan əsasən iki məqam vurğulanır. Birinci qrup mülahizələrə görə, sözügedən istefa hökumət komandasında uzun müddətdən bəri təmsil olunan və bir növ zaman limitini başa vuran şəxslərə "çamadan hazırlığı" xəbərdarlığı olmalıdır. Digər mülahizələrə görə, baş nazirin 1-ci müavininin bu şəkildə vəzifədən getməsi ümumilikdə Nazirlər Kabineti sistemində köklü struktur islahatlarının başlanacağından xəbər verir və A.Abbasov hökumətin ən stajlı üzvü kimi öz addımı ilə bu islahatların daha çevik aparılmasına bir növ meydan açmış olub. Prinsipcə hər iki qənaətin bu və ya digər dərəcədə gerçəyə yaxın olması mümkündür. Amma nə dərəcədə, bunu aydınlaşdırmaq lazımdır.

Ölkə prezidenti həyata keçirilən inkişaf strategiyası və islahatlar kursuna müvafiq olaraq hakim komanda daxilində də zəruri yeniləşmə aparmaqdadır. Özəlliklə 2005-ci ilin oktyabrında meydana gələn olaylar, hakim komanda daxilində prezidentə və onlara həvalə edilən vəzifəyə xilaf çıxan bir neçə dövlət məmurunun istefaya göndərilərək cinayət məsuliyyətinə cəlb edilməsi idarəçilik sistemində nəzərdə tutulan islah prosesini xeyli sürətləndirmiş oldu. O vaxt bir sıra icmalçıların haqlı olaraq "məxməri inqilab"ın Azərbaycan variantı" kimi xarakterizə etdiyi bu proses sonrakı aylarda yeni müstəviyə keçdi.

2005-ci ilin oktyabrından sonrakı dövr istər hakim komandanın kadr nöqteyi-nəzərindən təzələnməsi, istərsə də ümumilikdə icra sistemində struktur islahatları (yeni nazirliklərin yaradılması, ayrı-ayrı sahələr üzrə icra səlahiyyətlərinin yenidən bölüşdürülməsi) xüsusilə yaddaqalan olub. Ümumilikdə prezident İ.Əliyevin iki il yarım ərzində həyata keçirdiyi kadr dəyişikliyinə nəzərən qeyd etməliyik ki, bu müddətdə mərkəzi icra hakimiyyətində vəzifə sahiblərinin yarıdan çoxu, yerli icra sistemində isə kadrların təxminən üçdə ikisi dəyişdirilib.

Ötən müddətdə rabitə və informasiya texnologiyaları, xarici işlər, milli təhlükəsizlik, kənd təsərrüfatı, səhiyyə, iqtisadi inkişaf, əmək və əhalinin sosial müdafiəsi, yanacaq və energetika, mədəniyyət və turizm, gənclər və idman, maliyyə nazirləri, Dövlət Gömrük Komitəsinin (DGK), ARDNŞ-in rəhbərləri yeniləri ilə əvəzlənib. Prezidentin İcra Aparatında bir neçə mühüm postda - prezidentin işlər idarəsinin, yerli icra orqanları ilə iş üzrə və dövlət nəzarəti şöbələrinin rəhbərləri də dəyişdirilib.

Bununla yanaşı, dövlət başçısı bir neçə hökumət üzvünə yeni, daha məsul icra sahələrini həvalə edib. Bu cür rotasiya həm də prezidetin ayrı-ayrı hökumət təmsilçilərinin fəaliyyətinə müsbət münasibətinin göstəricisidir. Məsələn, uzun müddət DGK-ya rəhbərlik etmiş Kəmaləddin Heydərov indi yeni yaradılan Fövqəladə Hallar Hazirliyinə rəhbərlik edir, ARDNŞ-in prezidenti Natiq Əliyev yanacaq və energetika naziri təyin edilib. Bu həm də onun göstəricisidir ki, ayrı-ayrı dövlət məmurunun müsbət fəaliyyət əmsalı onun tutduğu vəzifədə nə qədər işləməsindən bilavasitə asılı deyil. Əsas meyar onun şəxsi keyfiyyətindən, idarəçilik bacarığından asılıdır.

Əgər vəzifəli şəxs ona həvalə edilən sahəni yarıtmaz idarə edirsə və bu fakt bütövlükdə cəmiyyət tərəfindən mənfi rəy alırsa, onda onun həmin kresloda neçə il əyləşməsi önəmli deyil. Məsələn, bu gün Azərbaycan cəmiyyətində az adam tapılar ki, ölkənin təhsil sistemində yaranmış vəziyyətdən, bu sahədəki səbatsız idarəçilikdən narazılıq etməsin. Özü də nazir Misir Mərdanov bu postu kifayət uzun müddətdir ki (1997-ci ildən) tutur. Yəni onun təhsil sistemini böhrandan çıxarmaq üçün kifayət qədər zamanı olub, amma ortada müsbət nəticə yoxdur. Paytaxtın icra başçısı Hacıbala Abutalıbov isə bəzi hökumət məmurları ilə müqayisədə bu vəzifədə (2001-ci ildən) nisbətən təzə sayıla bilər. İnsafən, qısa müddətdə Bakının abadlaşdırılması üçün xeyli iş görüb. Məhz onun dövründə Bakı böyük tikinti meydanına çevrilib. Amma bunun neqativ tərəfi də göz qabağındadır. Əgər bu gün Azərbaycanın paytaxtı eninə-boyuna tikilə-tikilə gedirsə və bir-birinin böyrünə dürtülmüş göydələnlərdəki inşaatdan şəhər sakinlərinin başına sözün həqiqi mənasında daş yağırsa, onda ortaya şəhər rəhbərliyinə ünvanlanmalı olan çoxlu acı suallar çıxır.

Belə acı sualların mümkün ünvanları arasında hökumətin həqiqətən "qocaman" üzvlərini də qeyd etmək olar. Məsələn, Ramil Usubov 1994-cü ilin sonundan DİH-ə rəbhbərlik edir, onun həmkarı Səfər Əbiyev 1995-ci ilin yanvarından müdafiə naziridir. Daxili işlər sistemindəki idarəçilik problemlərinin qalınlığını təkcə nazirlə paytaxt polisinin başçısı arasında mətbuatda arası kəsilməyən "soyuq savaş" təsdiqləmir, bu problemlərin dərinliyinə ötən bir ildə hələ də qatı tam açılmamış "Qara kəmər" şəbəkəsi də bariz işarədir. Müdafiə Nazirliyində idarəetmənin səmərəsi barədə isə, mətbuatda geniş yer alan məlumatlarla yanaşı, hərbçilərimizin az qala hər həftə çeşidli qəzalardan həlak olması faktlarına əsasən də nəticə çıxarmaq mümkündür.

Nəhayət, A.Abbasovun istefasının mesaj ünvanı olacaq əsas instansiya - Nazirlər Kabineti barədə. Bu sistemdə köklü struktur islahatlarının aparılacağı barədə illərdən bəri söhbət gedir və belə görünür ki, artıq həmin proses yetişib. Hər halda bu gün Nazirlər Kabinetinin əksər strukturları ilə Prezidentin İcra Aparatının ayrı-ayrı şöbələrinin bir-birini təkrarlaması faktdır. Baş nazirin bir neçə müavininin kurasiya sahələrinin (məsələn, fövqəladə hallar, hərbi-sənaye kompleksi, humanitar sahə) isə konkret nazirliklər tərəfindən onsuz da əhatə olunması bəllidir. Yeri gəlmişkən, A.Abbasovdan sonra baş nazirin dörd müavini (Abid Şərifov, Elçin Əfəndiyev, Yaqub Eyyubov, Əli Həsənov) qalıb. Onların arasında bu postu 1993-cü ildən tutan da var, vitse-premyer postuna "təzəlikcə" (2001-ci ildən) təyin edilən də. Hər halda istənilən vəzifə müvəqqətidir və yaxşı olar ki, kürsüdə qocalmadan onu tərk etməyi bacarasan.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
 
 
9. Azərbaycanın təntənəsi

Dünyanın göz dikdiyi Bakı-Tbilisi-Ceyhan xətti hər şeydən öncə Azərbaycanın təhlükəsizlik və rifah kəməri olacaq

("525-ci qəzet", 18.07.2006)
 

İqtisadi qüdrətinə, mühəndis-texniki qurğu olaraq əzəmətinə və nəhayət, geosiyasi əhəmiyyətinə görə müasir dünyanın ən nəhəng enerji ixrac layihəsi olan Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin istifadəyə verilməsinin təkcə Azərbaycan və yerləşdiyimiz region üçün deyil, geniş anlamda dünya üçün HADİSƏ olduğu şəksizdir. Ən azı ona görə ki, bu kəmərlə dünyanın enerji təchizatı sisteminə yeni və olduqca önəmli arteriya əlavə olunub. Odur ki, hətta uzun illər BTC-yə fərqli geosiyasi ambisiyalar bucağından baxanlar üçün bu FAKT etiraf edilməlidir, çünki o, gözardı edilməsi mümkün olmayacaq qədər nəhəng və barizdir.

Bu günlər dünyanın aparıcı informasiya vasitələri bu tarixi olayın çeşidli parametrlər üzrə önəmini incələməkdə, BTC-nin Azərbaycana və onun tərəfdaşlarına gətirəcəyi dividendləri, bu layihədən hansı dairələrin nə dərəcədə uduzduğunu hesablamaqdadır. Bütövlükdə isə BTC-nin hələ ideya olaraq gündəmə gəlməsindən bu yana onun barəsində yazılıb-cizilənləri təsəvvürə gətirə bilsək, birmənalı şəkildə qeyd edə bilərik ki, indiyədək dünyada heç bir enerji layihəsi bu qədər müzakirə və mübahisə predmeti olmayıb. Heç bir neft kəməri barəsində dünya mediası bu qədər yazı, təhlil və xəbər "istehsal" etməmişdi. Təbii ki, bu mövzu ətrafında ajiotaj hələ bundan sonra uzun zaman davam edəcək.

Bununla belə, indilik bir gerçəyi qeyd-şərtsiz təsdiq etmək lazımdır: Azərbaycanın Xəzər dənizindəki neftini Qara dənizin sahilindəki Gürcüstan üzərindən keçirərək Türkiyənin cənub hüdudlarına - Aralıq dənizi sahillərinə çatdıran və "üç dənizin əfsanəsi"ni gerçək tarixə həkk edən bu nəhəng boru xətti Azərbaycan dövlətinin qələbəsi, bu dövlətin qurucusu Heydər Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Çünki bu layihə kağız üzərində cızılan ilk ştrixlərindən son qaynaq əməliyyatınadək məhz onun əzmi, prinsipallığı və fədakarlığı sayəsində ərsəyə gəlib. Bu layihənin gerçəkləşməsi yolunda ən böyük təhdidlərlə, ən ağır çətinliklərlə də hamıdan öncə Azərbaycan dövləti və onun lideri üzləşib.

BTC-nin başa çatmasını, bu kəmərlə ilk neftin nəql ediləcəyi tarixi günü hamıdan və hər kəsdən çox məhz Heydər Əliyev səbirsizliklə gözləyirdi və bu onun haqqı idi. "Mən neft Ceyhana çatandan sonra oraya getmək və oradakı təntənədə iştirak etmək arzusundayam. Mən o günü gözləyirəm", - Heydər Əliyev bu sözləri 2003-cü il mayın 26-da, BTC-nin genişmiqyaslı inşaat işlərinin başlandığı gün bp şirkətinin prezidenti Con Braunla söhbətləşərkən demişdi. Həmin vaxt o, səhhətində yaranmış ciddi problemlərin fərqində idi. Amma nikbinliyini itirməyərək BTC-nin təntənəsini görəcəyinə ümidli idi. Ömür buna vəfa etmədi. Amma bu günlər onun Haqq dərgahındakı ruhu şaddır. Heydər Əliyevin həyatının amalı adlandırırdığı layihə artıq sona çatıb. O, BTC kəmərinin reallaşması, həyata vəsiqə alması üçün hər şeyi etdi və indi bu möhtəşəm kəmər də haqlı olaraq öz banisinin adını yaşadır.

BTC-nin Azərbaycana və onun tərəfdaşlarına xidmətə başladığı bu günlərdə onun möhtəşəm tarixçəsini, dəf etdiyi aşırımları xatırlamaq həm də Azərbaycanın müstəqilliyinin bu illərdə hansı sınaqlardan keçdiyini yada salmaq deməkdir. Bu sınaqların ilk aşırımı 1994-cü il sentyabrın 20-də, müstəqil Azərbaycanın yeni neft strategiyasını dünyaya bəyan edən "Əsrin müqaviləsi"nin imzalandığı gün aşılmışdı. O vaxt Ermənistanla ağır müharibədə yenicə atəşkəsə nail olmuş Azərbaycan mürəkkəb dövrü yaşayırdı. İqtisadiyyat böhran içərisində idi, ölkədə siyasi sabitlik tam bərqərar olunmamışdı. Azərbaycan bu cür nəhəng müqavilənin imzalanması üçün riskli bir ölkə kimi tanınırdı, illik büdcəsi 250-300 milyon dollar olan bir ölkəyə milyardlarla dollar xarici sərmayəni cəlb etmək üçün Heydər Əliyev simasında siyasi bacarıq nümayişi zəruri idi və o buna müvəffəq oldu. "Əsrin müqaviləsi"ndən dərhal sonra Azərbaycanda meydana gələn olaylar, 1994-cü il oktyabrında, daha sonra 1995-ci ilin martında edilən dövlət çevrilişi cəhdləri isə bu yolun nə qədər keşməkeşli olacağına sübut idi.

Azərbaycanın müstəqil neft salnaməsini ilk səhifədəcə qapatmağa çalışanlar istəklərinə müvəffəq olmadılar, "Əsrin müqaviləsi"ni ağır sınaqlardan çıxarmağa müvəffəq olan Heydər Əliyev isə artıq bu müqavilə çərçivəsində istehsal olunacaq neftin dünya bazarlarına çıxarılması barədə düşünürdü. Bu isə Xəzərdəki neft yataqlarının işlənməsinə xarici sərmayədarların cəlb olunmasından daha müşkül məsələ idi. "O vaxt bölgədə və müəyyən mənada dünyada Bakı-Tbilisi-Ceyhan neft kəmərinə inam böyük deyildi, bu işin həyata keçirilməsi böyük çətinliklərlə müşayiət olunurdu. Kəmərin inşasının qarşısının alınmasına çalışanlar, maneə törədənlər var idi", - deyə həmin tarixin bilavasitə iştirakçısı olmuş prezident İlham Əliyev iyulun 13-də Ceyhandakı təntənələrdə ötənlərii bir daha yada saldı.

Lakin bütün bunlara rəğmən Azərbaycan bunca mürəkkəb sınaqlar qarşısında uğur qazanmağa, necə deyərlər, məhkum idi. Çünki bu sınaqları dəf etməyi bacaran və başladığı yolu sona çatdıracağına zərrə qədər də onun şübhə etməyən lideri vardı. "Bizim qarşımızda hələ böyük çətinliklər var. "Əsrin müqaviləsi" imzalananda da biz böyük çətinliklərlə rastlaşdıq. Lakin mən Bakı-Tbilisi-Ceyhan kəmərinin uğuruna inanıram. Ymidvaram ki, bizim bu gün gördüyümüz iş gələcək üçün böyük töhfələr verəcək", - Heydər Əliyev bu nikbin sözləri 1998-ci il oktyabrın 29-da BTC layihəsi ilə bağlı "Ankara bəyannaməsi" imzalanmasından sonra Türkiyə Böyük Millət Məclisindəki çıxışında bildirmişdi. Üstündən bir il sonra, 1999-cu ilin 18 noyabrında İstanbulda ABŞ prezidenti Bill Klintonun da iştirakı ilə BTC-yə yaşıl işıq yandıran əsas sənədlər paketinin imza mərasimində o, layihənin uğuruna əminliyini bir daha vurğulamışdı: "Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkmək üçün bizim qarşımızda çox böyük maneələr vardı. Ancaq biz öz iradəmizi itirmədik və başladığımız işi axıra çatdıracağıq". BTC tarixinin sonrakı xronikası bu əzm və əminliyin parlaq təsdiqi oldu, 2002-ci il sentyabrın 18-də Heydər Əliyev şəxsən BTC-nin təməlini atdı. Və bu günlər "Əsrin kəməri"nin işə düşməsi, bir tərəfdən, Azərbaycanın və onun tərəfdaşlarının qələbəsidirsə, digər tərəfdən, bu layihəyə ilk gündən pəl vurmağa çalışan qüvvələrin məğlubiyyəti deməkdir.

Bu xüsusda bir vacib məqamı da qeyd etmək lazımdır. Azərbaycan rəhbərliyi istər ümumilikdə Xəzərdəki layihələrin, istərsə də ayrılıqda BTC-nin həyata keçirilməsində heç vaxt neft faktorundan regionda qarşıdurma yaratmaq istiqamətində yararlanmayıb. Hərçənd məhz Xəzər nefti ətrafında gedən böyük geosiyasi çarpışma belə ssenarini zaman-zaman qaçılmaz edib. Bəllidir ki, Qərb ölkələri, o cümlədən Amerika BTC layihəsinə Xəzərin enerji ehtiyatlarının Rusiyanın nəzarətindən kənar olaraq dünya bazarına daşınması baxımdan müstəsna önəm veriblər. Öz növbəsində Rusiya BTC-nin əleyhinə olduğunu açıq və ya üstüörtülü şəkildə daima büruzə verib. Çünki BTC perspektiv etibarilə təkcə Azərbaycan neftinin deyil, bütövlükdə Xəzər və Mərkəzi Asiya regionundakı neftin dünya bazarına çıxarılması üçün nəhəng dəhliz kimi nəzərdə tutulub və bu yaxınlarda Qazaxıstanın layihəyə qoşulması da bunu sübutlayır. Bütün bunlar isə bölgənin karbohidrogen ehtiyatlarının Qərbə nəqlində (tranzitində) monopolist ölkə olan Rusiyanın maraqlarına zidd idi.

Azərbaycan rəhbərliyi də Moskvanın BTC-ni əngəlləmək üçün çox şeyə əl atacağını yaxşı bilirdi. Düzdür, bu layihənin arxasında Qərbin, hər şeydən öncə Amerikanın strateji maraqları dururdu və Bakı Rusiyanın mümkün təhdidləri qarşısında Vaşinqtonun dəstəyinə arxalana bilərdi. Lakin Heydər Əliyev bu məsələdə Rusiya ilə açıq konfrontasiya və radikalizm yolunu deyil, onunla praqmatik davranmaq, Moskvanın Azərbaycanın müstəqil neft siyasətinə mənfi baxışını tədricən neytrallaşdırmaq xəttini tutdu. Çünki əks halda Xəzər hövzəsinin Rusiya-Amerika qarşıdurması meydanına çevrilməsi Azərbaycana da, onun neft strategiyasına ağır zərbə vura bilərdi. Buna görə də Azərbaycan rəhbərliyi düzgün olaraq hələ "Əsrin müqaviləsi"ndə Rusiyaya ("LUKoyl" şirkətinə) 10 faizlik pay ayırmaqla onun geosiyasi ambisiyasını bir qədər zəiflətmiş oldu.

"Əsrin müqaviləsi"nin ilk nefti də Rusiya ərazisi ilə, Bakı-Novorossiysk kəməri ilə nəql edildi. Hərçənd o zaman Rusiyada da gözəl başa düşürdülər ki, 1997-ci ilin 12 noyabrında "Çıraq-1" platformasından hasil edilən ilk neftin bu ölkə ərazisi ilə nəqli Bakının strateji deyil, taktiki seçimidir. Bununla belə, Azərbaycan rəhbərliyi bu addımları ilə göstərdi ki, regionda ümumi əməkdaşlıq atmosferinin bərqərar olması üçün praktik müstəvi mövcuddur və BTC-ni də antirusiya layihəsi kimi qəbul edib ona qarşı çıxmaqdansa, bu müstəvidən qarşılıqlı şəkildə yararlanmaq daha məqsədəuyğundur. Təsadüfi deyil ki, bu günlər Rusiya dairələrində, açıq etiraf etməsələr də (Moskva bu layihə ilə regiondakı maraqlarının xeyli itkiyə məruz qalması ilə hələ barışmayıb), BTC-dən yaxşı mənada yararlanmağı mümkün görürlər. Rusiyaın ayrı-ayrı şirkətlərinin, o cümlədən "Əsrin müqaviləsi"ndəki 10 faiz payını yapon biznesinə satıb gedən həmyerlimiz Vahid Ələkbərovun "LUKoyl" şirkətinin indi BTC-yə müştəri gözü ilə baxması da bunun təsdiqidir.

BTC-dən birmənalı şəkildə kənarda qalan Ermənistan isə, Rusiyadan fərqli olaraq, onu belə bir əməkdaşlıq təklifi gözləmədiyini bilir. BTC ilk gündən Ermənistan üçün böyük gözdağı, onun regional əməkdaşlıq müstəvisindən bəhrələnməsini mümkünsüz edən bir layihə olub. Təsadüfi deyil ki, bu günlər BTC-nin Azərbaycana və onun tərəfdaşlarına real gəlir gətirməyə başlaması Ermənistanda xüsusilə böyük yanğı doğurub. 

Təkcə kəmərin tranzit tariflərindən Türkiyə ildə 250-300 milyon dollaradək, Gürcüstan isə 50-60 milyon dollar gəlir götürəcək. Azərbaycanın yaxın 20 ildə BTC ilə nəql ediləcək neftdən gəliri ən ehtiyatlı hesablamalara görə (neftin dünya bazarında orta qiyməti 1 barrel üçün 45 dollar götürülməklə) 150 milyard dollar arasında gözlənilir. Gerçəkdə isə neft qiymətlərindəki hazırkı artım tempi nəzərə alınsa, bu rəqəm 250, hətta 300 milyard, yəni ildə orta hesabla 15 milyard dollar ola bilər. Müqayisə üçün deyək ki, hazırda Azərbaycanın dövlət büdcəsi 4,5 milyard dollardır.

Düzdür, bu rəqəmlərə skeptik baxıb "Bundan bizə nə?" deyənlər də var. Amma belələrini bu bədgümanlığa görə qınamağa dəyməz. Neftin bizə verəcəyini dərhal və bilavasitə (öz güzəranımızda, şəxsi rifahımızda) görmək istəyi prinsipcə təbii və başadüşüləndir. O cümlədən neftlə zəngin olan ayrı-ayrı ölkələrin acı təcrübəsi də belə pessimizmə əsas verə bilər.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev də BTC təntənələrindəki çıxışında cəmiyyətə məhz bu yöndə açıq mesaj verdi: "Biz müxtəlif ölkələrin təcrübəsini öyrənmişik. Əfsuslar olsun ki, bəzi hallarda neft ölkəyə, xalqlara rifah deyil, çətinliklər gətirir, sosial ədalətsizlik, problemlər, gərginlik gətirir. Biz isə istəyirik ki, neft Azərbaycana sülh, inkişaf gətirsin, əməkdaşlıq gətirsin, xalqımızın rifah halı yaxşılaşsın və bütün görülən işlər bu məqsədi güdür".

Bəli, bu gün BTC ilə bağlı hamımızın və ayrılıqda hər birimizin gözləntiləri var. O, Azərbaycan dövlətinin qüdrətini, onun təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda, bu dövlətin hər bir vətəndaşının firavanlığını saxlayacaq bir kəmər olmalıdır. Buna inanmaq lazımdır. Odur ki, bu günlər dünyanın dörd yanından bizə gələn təbrikləri qəbul edərkən xalq və dövlət olaraq özümüz də özümüzü təbrik etməliyik. Bəli, biz bunu bacardıq!

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
 
 
10. Böyük pullar mənəviyyatı pozduqda təhlükəyə çevrilir
(«525-ci qəzet», avqust 2006)
Rövşən Quliyev, iqtisad elmləri doktoru, Effektiv Təşəbbüslər Mərkəzinin eksperti
 

Demokratiyanın mühüm nailiyyətlərindən biri ondan ibarətdir ki, o, insanlara öz nadanlıqlarını nümayiş etdirməyə imkan verir.

 

Bizi yaxalamaqda olan iqtisadi problemlərin mahiyyətini başa düşmək üçün məsələyə deduktiv yanaşmaq lazımdır. Necə deyərlər, əgər uzun müddət ürək bulanmasından əziyyət çəkirsinizsə, bu heç də o demək deyil ki, mədəniz soyuqlayıb, yaxud malyariyaya tutulmusunuz. Ola bilər ki, kimsə mütəmadi olaraq yeməyinizə nəsə qarışdırır? Deməli, hər şeydən öncə sayıq olmaq lazımdır.

 
İKİ HƏQİQƏT
 

1. Biz "homo economicus"uq. Bu isə o deməkdir ki, müasir insanların böyük əksəriyyəti öz davranışında iqtisadi səmərə prinsipinə əsaslanır: nəsə istehsal edir və satır və yaxud, sadəcə olaraq, olanıını satır ki, ona zəruri olan başqa bir şeyi alsın. Bu gün dünyada demək olar ki, hər şey satılır: ərzaq, paltar, nəqliyyat vasitəsi, silah, intellekt, səs, bədən və hətta əqidə.

Kustar istehsalat dövründə tələb təklifi üstələdiyindən satış problemi yox idi.

Kütləvi istehsalat adlanan dövr başlanandan sonra isə malları alıcıya sırıyırlar. Məhz buna görə vaxtilə tələbə əsaslanan iqtisadi nəzəriyyə artıq təklif iqtisadiyyatına transformasiya olunmuş və təsadüfi deyil ki, müasir iqtisad elminin mühüm bir

sahəsi olan marketinq yalnız son vaxtlar təşəkkül tapmağa başlamışdır.

2. Soyğunçuluq və oğruluq çoxdandan bəri bir çox dövlətlərin siyasətinə çevrilmişdir. Oğrunun isə azı üç davranış motivi var: ya satmağa bir şeyi yoxdur, ya kleptomandır, ya da görməmiş.

Peşəkar soyğunçu isə kasıb evə girmir.

 

AZƏRBAYCAN DA SATIR... NEFT

 

Satlıq mal iki cür olur: təkrar istehsal olunan və olunmayan. Birincisi sabit, ikincisi isə müvəqqəti gəlir gətirir. Məsələn, torpağa lazımi qaydada qulluq etməklə ildə, azı, bir dəfə məhsul götürmək olar. Neft satan ölkə isə bədənini satan gözəlçəyə bənzəyir. Neftin varsa, xüsusi bacarıq və əziyyətə, reklama ehtiyac yoxdur, sadəcə hasil edib bazara çıxarmaq kifayətdir. Alıcılar ətrafında pərvanə kimi fırlanır. Lakin gözəllik kimi neft də tükənir və onda dünən naz elədiyin müştərilərin qarşısında əl açıb dilənirsən.

 

AZƏRBAYCAN İQTİSADİYYATINDA NƏ BAŞ VERİR?

 

Son vaxtlar Azərbaycanda (və eləcə də onun hüdudlarından kənarda) gözlənilən böyük neft gəlirləri ilə bağlı canfəşanlıq müşahidə olunur.

"Holland sindromu". Uzunmüddətli monoixracatın təzühürü sayılan bu fonomen iqtisadi nəzəriyyədə bir neçə teoremlə ifadə olunur. Bu "iqtisadi və sosial patalogiya"nın əsas əlamətlərindən biri inflyasiya və revalvasiya, onun başlıca neqativ nəticəsi isə iqtisadiyyatın neftdən kənar sahələrini bürüyən böhrandır. Və neft tükənəndə milli iqtisadiyyat quru yerdə qalır.

Bəziləri buna «Holland xəstəliyi» də deyir. Lakin «sindrom» sözü daha düzgündür. Çünki bu, cismin yox, ruhun qüsurudur, daşıyıcıları vətəndaşlar və hökumət olan milli iqtisadi ruhun.

 

"Holland sindromu" ətrafında hay-küy bəzən qəribə, hətta tam destruktiv fikirlərlə müşayiət olunur. Belə təsəvvür yaranır ki, kimsə dilənçilik aqitəbitini ictimai şüura sanki bir qəzavü-qədər kimi təlqin etməyə çalışır və cəmiyyəti onun ağır nəticəsi ilə barışmağa təhrik edir: bu gün əldə olunan nəhəng gəlirlərin mütləq nəticəsi sabahkı yoxsulluqdur. Absurd deyilmi?

Nə qədər qəribə olsa da, belə bir halın izahı sırf iqtisadiyyatdan bir qədər uzaq sahələrdə yerləşir. Bu, itirilmiş zaman, itirilmiş və əldə olunmamış vərdişlər problemi ilə bağlı olan bir məsələdir.

Bundan əlavə, bu problemin mənəvi tərəfi də var. Çünki əgər böyük pullar insanların əxlaqını pozub onları bekarçılığa sövq edirsə, onların daxili inkişaf stimullarını məhv edirsə, o halda belə gəlir böyük fəlakət mənbəyi ola bilər. Yeri gəlmişkən, bu həqiqət eyni dərəcədə həm fərdə, həm də ümumilikdə cəmiyyətə və ölkəyə aiddir.

 

Bəs inflyasiya və revalvasiya? Təəssüf ki, iki problem hökuməti də, Azərbaycanın iqtisadi bomondunu da ən çox narahat edir və əksər hallarda digər makro və mezoiqtisadi indikatorlardan ayrılıqda nəzərdən keçirilməklə əsas problemlərdən yayındırır. Ona görə də bu məsələyə bir qədər aydınlıq gətirək.

 
İNFLYASİYA
 

Son vaxtlar bu "azar" barədə çox danışır və yazırlar. Özü də çox pul qoparmaq istəyən həkim kimi məsələni elə şişirdirlər ki, özləri də buna inanır və bütün diqqətlərini "inflyasiya ilə mübarizə"yə yönəltməklə, məsələnin əsas məğzini, necə deyərlər, ağacların arxasındakı meşəni görə bilmirlər.

Halbuki iqtisadiyyatın başlıca məqsədi Azərbaycanda inflyasiya, ələlxüsus da revalvasiya ilə mübarizə aparmaq deyil, iqtisadi inkişaf olmalıdır. İqtisadi inkişafda isə normal inflyasiyanın olması tamamilə təbiidir. Hətta tanınmış "antiinflyasiyaçı" olan Fridmen inflyasiyanı iqtisadi artım üçün nəinki məqbul, hətta zəruri hesab edirdi. Düzdür, bu zaman o, əsl monetarist kimi, onu ildə 2-3 faiz həddində saxlamağı tövsiyə edirdi. Amma unutmayaq ki, bu, inkişaf etmiş stabil iqtisadiyyatlara aiddir.

Azərbaycana gəldikdə isə, burada inflyasiyanın ümumən məlum üç səbəbi ilə yanaşı, bir spesifik səbəbi də özünü göstərir ki, bu da öz növbəsində inflyasiyanın yuxarıda qeyd olunan həddən yüksək olmasına gətirir.

Onları bir-bir nəzərdən keçirək.

Birinci səbəb tələbat inflyasiyasıdır ki, o, əhalinin gəlirlərinin yüksək artım tempi ilə bağlıdır. İkincisi, həm yerli, həm də idxal olunan mallarda özünü göstərən təklif inflyasiyasıdır ki, onun artımı da əsasən enerji daşıyıcılarının qiymətinin artması nəticəsində baş verir. Üçüncüsü, istehsal, idxal və satışda olan süni monopoliyaların doğurduğu inflyasiyadır. Nəhayət, təkcə Azərbaycan üçün deyil, əksər tranzitiv ölkələr üçün də spesifik sayılan eyniadlı mal və xidmətlərin qiymətlərinin dünya qiymətlərindən xeyli aşağı olmasıdır ki, bu da təbii olaraq inflyasiyanı sttimullaşdırır.

 
REVALVASİYA
 

Təəssüf ki, hətta səriştəli məmurlar və alimlər tərəfindən də bu prosesin qarşısının alınması barədə çağırışlar tez-tez eşidilir. Əsas izah da bu olur ki, bəs yerli istehsalı qorumaq və ixracatı stimullaşdırmaq lazımdır. Halbuki bu, məsələyə tamamilə yanlış və ziyanlı yanaşmadır! İqtisadçılar arasında çox məşhur olan bir kəlamı xatırlatmaq istərdim: "Valyuta nə qədər yumşaq olsa, tualet kağızı bir o qədər sərt olur". Bəli, valyutanın yumşaqlığı ixracı yüngülləşdirir. Amma nəyin bahasına? Daha doğrusu, nə dərəcədə ucuz? Məgər iqtisadiyyatda əsas məqsəd ixracatdır? Elədirsə,gəlin sərvətimizi havayı ixrac edək, onda şəksiz hamı alar. Yenə ağacların arxasındakı meşə unudulur. Yox, cənablar! İxracat son məqsəd ola bilməz. Bir daha xatırladası oluram ki, iqtisadiyyatın son məqsədi davamlı inkişafdır. Və yalnız o ölkə güclü sayılır ki, onun valyutası da möhkəmdir, malı da satılır.

Və məhz Azərbaycan kimi zəngin təbii ehtiyatlara və fərsiz təhsil sistemimizin bütün residivlərinə rəğmən hələ də özünü qoruyub saxlamış intellektual və sahibkarlıq potensialına malik olan bir ölkə başqalarından daha çox bu cür güclü olmağa layiqdir. Və bu, şişirtmə deyil, reallıqdır.

Bu günədək sadalanan istehsal faktorları sırasında, bəlkə də, mühüm halqa olan maliyyə çatışmırdı. Amma indi gələcəyə inamla baxmaq üçün hər şeyimiz var.

O ki qaldı Azərbaycanda Ümumi Daxili Məhsulun dinamik şəkildə artımına, bu şəraitdə eyni zamanda qiymətlərin artımı və manatın möhkəmlənməsi təbii və hətta zəruri prosesdir. Odur ki, inflyasiya və revalvasiya ilə deyil, onların neqativ təzahürləri ilə mübarizə aparmaq lazımdır. Yeri gəlmişkən, bu xüsusda Azərbaycan hökumətinin çox ümidverici bir addımı kimi ünvanlı sosial yardımlarla bağlı görülən tədbirləri qeyd etmək lazımdır ki, bunun icra keyfiyyətindən çox şey asılıdır.

 

BÖYÜK POTENSİALIN İSTİFADƏSİZ QALMASININ SƏBƏBLƏRİ

 

Onları həmişəki kimi iki kateqoriyaya - obyektiv, yəni bizdən asılı olmayan və subyektiv, yəni bizim günahımız üzündən meydana gələn səbəblərə ayırmaq olar. Subyektiv səbəblərdən başlayaq. Bu xüsusda əvvəlcə xammal ixrac edən ölkələrin iqtisadi yöndən geri qalması barədə məşhur iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlisin versiyasını nəzərdən keçirək. Onun fikrincə, burada əsas səbəb neft gəlirləri uğrunda klanlararası mübarizədir ki, o da iqtisadiyyatın inkişafını əngəlləyir. Azərbaycan timsalında bu dəlili tutarlı hesab etmək olmaz. Əvvəla, artıq 12 ildən çoxdur ki, ölkə dəyişməz kursla addımlayır. Siyasi, əsasən də seçkiqabağı təlatümlər xırda və qısamüddətli toqquşmlardan o yana getmir. Ona görə də bu izahatı Azərbaycan üçün yalnız o baxımdan uyğun hesab etmək olar ki, ölkədəki iri məmur-sahibkarların qeyri-sabit vəziyyəti onları uzunmüddətli sahibkarlıq layihələrinə sərmayə qoymaqdan çəkindirir. Bu da ölkədə mənzil tikintisi, restoran, mehmanxana və şou biznesinin vüsətli inkişafında özünü göstərir.

Bu baxımdan iqtisadiyyat elmində məlum olan Samuelson-Balass teoremi özünü doğruldur. Həmin teoremə görə, korrupsiyalı ölkədə iqtisadiyyatın qeyri-real sektorları inkişaf edir. Bununla belə, Stiqlisin versiyasında diqqətdən kənarda qalan bir məqama nəzər yetirmək maraqlıdır: bəs nə üçün neft ixrac edən ölkələrdə klanlararası mübarizə güclənir? Və niyə bu hal, tutalım, Norveçdə baş vermir?

Bəlkə ona görə ki, Norveç Avropanın digər güclü dövlətlərinin qonşuluğunda yerləşir, Nigeriya, Venesuela, Azərbaycan isə belə qonşuluqdan uzaq düşərək "yiyəsiz" qalıblar?

Bu gün Azərbaycanın başlıca daxili problemi korrupsiyadır ki, o da öz növbəsində yerlərdə fərsiz icra menecmenti və məmur özbaşnalığı, süni monopolizm, "beyin axını" və millətin sahibkarlıq resurslarının xaricə üz tutması, istehsalat və məişət infrastrukturunun, təhsil, səhiyyə və digər xidmətlərin aşağı səviyyədə olması, yüksək səviyyəli bürokrat-oliqarxların milli iqtisadiyyata sərmayə qoymaqdan çəkinməsi və bu səbəbdən Azərbaycanda qeyri-sağlam maraqları olan xarici güc mərkəzlərində özlərinə havadar axtarmları, habelə digər neqativ sosial-siyasi prosesləri doğurur.

İndi isə daha az önəmli olmayan obyektiv (kənar) səbəbləri gözdən keçirək:

1. Heç bir xarici ölkə, illah da ki o, Azərbaycandan neft idxal edirsə, bizim iqtisadiyyatımızın, ələlxüsus da ixracatımızın diversifikasiyasında (şaxələnməsində) maraqlı deyil.

2. Azərbaycana böyük neft gəlirləri gəlməyə başlayandan sonra buğda zəmisini hücum çəkən çəyirtkə ordusu kimi xaricdən bizə cürbəcür mal və xidmət təklifi axını başlayacaq və onların reallaşması nəticəsində neft pulları ölkəni tərk edəcək.

3. Bu sırada çox mühüm olan bir səbəb də vardır ki, hələlik bu yöndə geniş diskussiya yaratmaq istəmədiyimizdən onu açıqlamırfq.

Bütün hallarda Azərbaycanı böyük neft gəlirləri fonunda sərt iqtisadi və siyasi pressinq gözləyir, ta bu pullar öz əvvəlki yiyələrinə qayıdana qədər. Və Dünya Ticarət Təşkilatı da (Azərbaycanın onun sıralarına daxil olacağı şəksizdir, əsas məsələ odur ki, nə vaxt və hansı şərtlərlə), bu qəbildən olan digər beynəlxalq institutlar da nəticə etibarilə həmin məqsədə xidmət edəcək.

 
NƏ ETMƏLİ?
 

Vəziyyət mürəkkəb görünsə də, əslində sadədir və bu suala iqtisad fakültəsinin istənilən əlaçı tələbəsi cavab verə bilər.

Birincisi, neft gəlirlərinin çox böyük hissəsini istehlak sahəsinə deyil, potensial rəqabətqabiliyyətli klasterlərə (ingiliscədən tərcümədə "toplama") yönəltmək lazımdır. Klaster iqtisadi sahələrin elə bir məcmusudur ki, bunlardan biri lokomotiv rolu oynamaqla digərləri onun inkişafına xidmət edir. İkincisi, investisiyalar bu klasterlərin infrastrukturuna yönəldilməlidir. Üçüncüsü, xüsusən həmin klasterlərə əlaqəli insan kapitalına investisiya qoymaq lazımdır.

Əgər bu istiqamətdə radikal tədbirlər görülməsə, Azərbaycanı gerçəkdən "holland sindromu"ndan doğacaq elə çətin zamanlar gözləyir ki, bunu indi ən qorxulu yuxumuzda belə görə bilmərik.

Başlıca sual «bunları necə etməli?» sualıdır. Bu sualın cavabı həqiqətən mürəkkəbdir, amma müşkül deyil...

 
 
 
11. Erməni terrorunun qatı açılmamış izləri

Ötən əsrin əvvəlində daşnakların Azərbaycanda yaşayan almanlara qarşı həyata keçirdikləri qanlı cinayətlər bu qəbildəndir

(«525-ci qəzet», 16.09.2006)

 

Erməni millətçilərinin zaman-zaman türklərə qarşı həyata keçirdikləri düşmənçilik siyasətinin, soyqırımı və terrorun qanlı tarixinə dair hər yeni faktla tanışlıq bu antibəşəri "salnamə"nin hələ nə qədər səhifəsinin gizli qaldığını təsəvvür etməyə imkan verir. Erməni şovinizmindən boy verən bu qanlı fəaliyyət əslində heç vaxt ara verməyib. Qarabağ münaqişəsinin başlayandan sonra 30-dan çox qanlı təxribatda yüzlərlə soydaşımızın həyatına son qoyan erməni terror şəbəkəsinin bu gün dinc dayandığını da düşünmək sadəlövlük olardı. Ən azı ona görə ki, erməni şovinizminin tərənnümü, türklərə və onlarla dostluq münasibətlərində olan digər millətlərə qarşı düşmənçilik toxumu ilə yoğrulmuş erməni təşkilatları bu gün də aktiv siyasətdədir.

Bu gün Ermənistanda hakimiyyətdə olan "Daşnaksütyun" partiyası hələ 1892-ci ildə Tiflisdə keçirdiyi ilk qurultayında təkcə türklərə deyil, sərsəm "erməni ideyası"na dəstək verməyən hər bir kəsə qarşı terroru təqdir edən siyasi şüar qəbul etmişdi: "Türkü hər yerdə öldür, sənin sözündən dönənləri, erməni xainlərini qətlə yetir, intiqam al!". Sonrakı dövrlərdə erməni terrorunun qanlı səhifələrini yazmış çoxsaylı erməni təxribatçı qrupları daşnakların bu nəzəriyyəsindən "bəhrələnmişdi".

1970-1980-ci illərdə Avropa və Amerikada erməni terror təşkilatları türklərə qarşı 200-dən çox terror aktı həyata keçirmiş, o cümlədən onlarla türk diplomatını qətlə yetirmişdi. 1977-ci ildə erməni Stepan Zatikyanın başçılıq etdiyi terrorçu qrupun Moskvada törətdiyi partlayışlar, 1980-ci illərdə Avropanın bəzi ölkələrində və Amerikada qeyri-türkləri də hədəf alan terror aktları, nəhayət, lap təzə misal kimi, 2005-ci ilin mayında Tbilisidə ABŞ prezidenti Corc Buşa sui-qəsd etmək üstündə tutularaq ömürlük həbsə məhkum edilən Vladimir Arutyutyanın əməli də həmin daşnak nəzəriyyəsinin məhsulu olub.

Bu siyahını çox-çox uzatmaq olar. Eyni zamanda, erməni terrorunun hələ qatı açılmamış izləri də çoxdur və zaman keçdikcə onlar da tarixin mühakiməsinə çıxarılır. Bir qədər əvvəl AMEA-nın İnsan Haqları İnstitutu 1918-ci ildə Şaumyanın, Amazaspın, Lalayanın başçılıq etdikləri erməni-daşnak təxribat dəstələrinin Qubada yerli yəhudi əhalisinə qarşı törətdikləri qırğınlarla bağlı faktları ictimaiyyətə təqdim etmişdi.

Sözsüz ki, bu yöndə hələ gizli qalan tarixi faktların aşkara çıxarılmasında müvafiq dövlət strukturları ilə yanaşı, bu işə öz töhfəsini vermək imkanında olan ayrı-ayrı qeyri-dövlət qurumlarının, tədqiqatçı alimlərin, nəhayət, kütləvi informasiya vasitələrinin üzərinə də məsuliyyət düşür.

Təsadüfi deyil ki, ölkə prezidenti öz çıxışlarında mütəmadi olaraq bu məqamı nəzərə çatdırır. "Bu gün erməni lobbi təşkilatlarının gündəlik fəaliyyəti Azərbaycana qarşı yalan, böhtan kampaniyası aparmaqdır. Ona görə biz də bu məsələdə çox fəal olmalıyıq ki, xarici ölkələrin təkcə dövlət qurumlarına yox, mətbuatına, geniş ictimaiyyətinə tarixi reallıqlar çatdırılsın. Çünki bizim təbliğatımız faktlara əsaslanır, yalana yox", - deyə prezident İlham Əliyev bu yaxınlarda Azərbaycanın diplomatik korpusu ilə görüşündə bildirmişdi.

Erməni millətçilərinin ötən əsrin əvvəlində indiki Xanlar rayonu ərazisində yaşamış almanlara qarşı həyata keçirdikləri qanlı cinayətlər də indiyədək geniş ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub. Bu günlərdə Effektiv Təşəbbüslər Mərkəzinin Xanlar şəhərində təşkil etdiyi elmi-praktik konfrans həmin tarixi gizlinlərin aşkara çıxarılması yönündə mühüm hadisə sayıla bilər.

Xanlar rayonundan millət vəkili, Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu" daimi komissiyası sədrinin müavini Rövşən Rzayevin təşəbbüsü ilə keçirilən konfransda Azərbaycanın tarixçi alimləri ilə yanaşı, Bonn Universitetinin professoru, Qafqaz almanlarının tarixinin tədqiqatçısı xanım Eva Mariya Auxun başçılıq etdiyi alman nümayəndə heyəti də iştirak edirdi. Qonaqlar arasında XIX əsrin əvvəlində Azərbaycana gəlmiş alman kolonistlərinin tanınmış nəsillərindən birinin - Forerlər ailəsinin nümayəndəsi Tomas Forer də yer almışdı. İki əsr öncə bu torpaqlara pənah gətirmiş əcdadlarının azərbaycanlılarla dostluq içində yaşadıqlarını nəzərə çatdıran T.Forer alman kolonistlərinin indiki nəslinin də Azərbaycana ən səmimi hisslər bəslədiyini bildirdi.

Xatırladaq ki, almanların Rusiya imperiyasının əyalətlərinə köçü hələ XVIII əsrin əvvəlində I Pyotrun təşəbbüsü ilə başlanmışdı. Ondan sonra II Yekaterinanın çarlığı dövründə bu proses davam etmişdi. XIX əvvəlində imperator I Aleksandr (o, Baden şahzadəsi Yelizavetaya evlənmiş, bacısı Yekaterinanı isə Vürtemberq kralı Fridrix Vilhelmə ərə vermişdi) alman koloniyalarının təşviqini daha da genişləndirdi. 1816-1817-ci illərdən başlayaraq Avropada Napoleon müharibələrindən yoxsul vəziyyətə düşmüş minlərlə alman Qafqaza, o cümlədən Azərbaycana köç etməyə başladı. 1819-cu ildə Vürttemberq krallığından olan ilk alman koloniyası Gəncə yaxınlığına gəlib çıxmış və burada Helenendorf (indiki Xanlar) yaşayış məntəqəsinin əsasını qoymuşdular.

Təxminən eyni vaxtda Rusiya imperiyası cənubda Osmanlı və İranla müharibələr aparırdı və onların nəticəsi olaraq Azərbaycana, o cümlədən Gəncəbasar bölgəsinə ermənilərin də köçürülməsi başlanmışdı. Lakin, alman kolonistlərindən fərqli olaraq, ermənilər bu torpaqlara mənfur niyyət və istilaçılıq arzusu ilə gəlmişdilər. Onlar çox tezliklə təkcə azərbaycanlılara deyil, alman icmasına da qarşı düşmənçilik hissini büruzə verməyə başlamışdılar. Ymumiyyətlə, almanların Xanlardakı 122 illik tarixinin bütün mərhələləri ermənilərin bu xalqa qarşı fitnəkarlıq əməlləri ilə zəngindir və tarix elmləri doktoru, professor Abbas Seyidov konfransdakı məruzəsində bu barədə konkret faktları diqqətə çatdırdı.

Bu faktlar içərisində ən diqqətçəkəni 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində "Daşnaksütyun" partiyasının üzvlərinə qarşı açılmış cinayət işi barədə sənəd idi. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun" partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilir.

Qeyd edək ki, 1905-1907-ci illər erməni millətçilərinin Azərbaycanın müxtəlif bölgələrində - Bakıda, Qarabağda, o cümlədən Gəncəbasar bölgəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdiyi dövr olub və çox güman ki, daşnakların Helenendorf almanlarından terror yolu ilə topladıqları pullar da bu yöndə xərclənirmiş. Bu pulu verməkdən boyun qaçıran alman kolonistini qətlə yetirməklə isə daşnaklar öz partiyalarının 1892-ci ildə qəbul etdiyi məlum şüara ("Sənin sözündən dönənləri, erməni xainlərini qətlə yetir!"), erməni iqçiliyinin fəlsəfəsinə tam uyğun hərəkət etmişdilər.

Bu acı faktların almaniyalı qonaqlara təsirini onların üzündən oxumaq mümkün idi, bəziləri göz yaşını saxlaya bilmirdi. Professor Eva Mariya Aux isə öz təəssüratını "Biz daşnak terroru haqqında çox eşitmişdik. Amma bu gün ilk dəfə bu barədə faktları təsdiq edən konkret sənədlərlə tanış oluruq" sözləri ilə bölüşdü.

Erməni millətçilərinin Helenendorf (Xanlar) almanlarına qarşı terror və təqib siyasəti Birinci Dünya müharibəsi dövründə (1914-1918) ilə daha da genişlənir. Rusiya imperiyasının Almaniya ilə müharibəsindən istifadə edən erməni dairələri imperiya rəhbərliyindəki havadarlarının köməyi ilə almanların bu torpaqlardan köçürülməsinə çalışırdılar. 1917-ci ildə onlar bu niyyətə qismən nail olurlar: almanların torpaq sahibkarlığı ləğv edilir, Helenendorfa və ətraf bölgələrə isə Türkiyə və İrandan yeni erməni dəstələri köçürülür. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və Leninin Almaniya ilə separat sülh bağlaması alman kolonistlərini sürgündən təhlükəsindən qurtarır, amma bu müvəqqəti "xilas" idi.

1920-ci ildə sovetləşmənin başlaması ermənilər yenə mərkəzdəki havadarlarının köməyi ilə almanları sıxışdırmağa başlayırlar. Almanların qurduğu "Konkordiya" şərabçılıq firması, digər müəssisələr ləğv olunur, onların bir qismi həbslərə məruz qalır. 30-cu illərdə isə rayonun daxili işlər ("NKVD") və partiya-təsərrüfat orqanlarında məsul vəzifələri ələ keçirən ermənilər almanlarla daha qəddarlıqla davranır, onların tezliklə sürgünə göndəriləcəyini və bu torpaqların ermənilərə qismət olacağını bildirirlər. Bu dövrdə rayonda onlarla alman "antisovet fəaliyyəti"ndə günahlandırılaraq "NKVD"-dəki erməni cəlladların əli ilə güllələnir, digərləri (o cümlədən Helenendorfun əsasını qoymuş Hummellərin bir çoxu) Sibirə sürgün edilir. Ermənilərin mənfur davranışı almanları o həddə çatdırır ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına "Ermənilər qaniçəndirlər, onlar kəndliləri son damla qanına qədər sorurlar" şüarları yapışdırırlar.

Nəhayət, İkinci Dünya müharibəsinin başlanması ilə erməni millətçiləri niyyətlərinə çatırlar. 1941-ci ili oktyabrın 8-də Stalin imzaladığı qərara əsasən, Gürcüstandan 23580 nəfər, Azərbaycandan 22741 nəfər (onların təxminən yarısı Xanlar almanları idi), Ermənistandan isə 212 nəfər (Ermənistanda yalnız bu qədər almanın məskən salması da erməni millətçiliyinin göstəricisi idi) alman Qazaxıstan çöllərinə sürgün edilir. Almanların təsərrüfat sahələri, evləri, mal-qarası isə yeni gələn ermənilərə qismət olur. Stalinin sağ əli olan Mikoyanın səyləri ilə bu ərazilərə təkcə Ermənistandan deyil, İrandan da yüzlərlə erməni ailəsi köçürülür. Hal-hazırda Xanlarda yaşayan 72 yaşlı yeganə alman Viktor Klayn həmin tarixi və erməni millətçilərindən çəkdikləri zilləti göz yaşı içində xatırlayır. Almanların mal-mülkünə sahib olan ermənilər bununla kifayətlənməyərək Xanlardakı alman qəbiristanlığına da sahib çıxmağa çalışıblar, oradakı bir sıra qəbirlərin baş daşları "erməniləşdirilib". Uzun illər diqqətdənkənar qalmış bu vandalizm faktları da professor A. Seyidovun rəhbərlik etdiyi ekspert qrupun apardığı tədqiqat nəticəsində ortaya çıxıb.

Özgənin malına, torpağına, tarixinə sahib çıxmaq ermənilərin, necə deyərlər, qədim peşəsidir. Bu xüsusda 1943-cü ildə Gürcüstanın Cavaxetiya bölgəsindən Ahıska türklərinin deportasiyasından sonra onların ev-eşiklərinin ermənilərə qismət olmasını, yenə həmin il Tehran konfransında Mikoyanın vasitəçiliyi ilə Stalinlə görüşən İran ermənilərinin xaricdəki zəngin erməni diasporunun Ermənistana köçərək "sovet dövlətinin rifahı naminə çalışmaq istədiklərini" bildirməsini və bununla 1947-ci ildə yüz min azərbaycanlının deportasiyasına hazırlığın başlanmasını da yada salmaq olar.

Lakin bu faktları, sadəcə, xatırlamaq yetərli deyil. Bu gün arxivlərdə erməni millətçilərinin tarix boyu türklərə, bu torpaqlarda yaşamış digər millətlərin nümayəndələrinə qarşı apardıqları məqsədyönlü terror və qətliamları təsdiqləyən hələ çoxlu materiallar var. Onları gün işığına çıxarmaq, xarici dillərə tərcümə edib yaymaq lazımdır. Dünyanın dörd yanında erməni yalanlarının ayaq tutub yeridiyi vaxtda bunu etməmək gerçək tarix qarşısında bağışlanmaz səhv olar.

Vüqar ORXAN
 

12. Fransa parlamenti niyə ermənilərin sözünü deyir?

Bu süala səmimi və qərəzsiz olub gerçək cavabı tapa bilsək, onda bir çox məqamlar da özlüyündə aydınlaşar

(«525-ci qəzet», 19.10.2006)
 

Fransa parlamentində "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi istər Türkiyədə, istərsə də Azərbaycanda geniş narazılıq dalğasına rəvac verməklə yanaşı, özlüyündə bir çox sualları da gündəmə gətirib. Əslində zaman-zaman türklərə qarşı düşmənlik ruhunda yoğrulmuş "erməni oyunları"na ev sahibliyi edən Fransanın parlamentində bir qanun layihəsinin ortaya çıxması prinsipcə gözlənilməz deyildi. İndiyədək "erməni soyqırımı" bir sıra ölkələrin parlamentində tanınsa da, ilk dəfə məhz Fransa parlamenti bu barədə konkret qanun qəbul edib və o, 2001-ci ilin yanvarında prezident Jak Şirak tərəfindən imzalanaraq qüvvəyə minib.

Fransalı deputatların Avropa Parlamentində mütəmadi olaraq Türkiyə əleyhinə təşəbbüsləri, Parisin Türkiyə-Avropa Birliyi dialoqunda birinciyə qarşı həddən ziyadə qərəzli mövqe nümayiş etdirməsi də məlum faktlardır. Fransanın Türkiyə və türklərə qarşı belə davranışının arxasında tarixi yaddaşdan qaynaqlanan qərəzin dayandığı, uzun illər Avropada sözünü və gücünü yeritmiş Osmanlıdan sonra müasir Türkiyənin də "köhnə qitə"də söz sahibi olmaq istəyinin Fransada qısqanclıq və əndişə doğurduğu da bəllidir.

Odur ki, bu məqamları kənara qoyub Fransa parlamentində yeni "erməni qanunu"nun ortaya çıxmasının digər xüsuslarına nəzər yetirək. Birincisi, söhbət nədən gedir?

Söhbət hər şeydən öncə ondan gedir ki, Fransa parlamentinin qərarı "erməni soyqırımı"nı tanıma müstəvisindən yeni müstəviyə keçirərək onu cinayət-prosessual hüququn predmetinə çevirir. Əgər 2001-ci ildə Fransa parlamentinin "erməni soyqırımı"nı tanıması daha çox siyasi mahiyyət kəsb edirdisə, indiki qanun layihəsi bu "soyqırımı"nı tanımayanlara qarşı konkert cinayət məsuliyyəti nəzərdə tutur. Sənədə görə, Fransada hər hansı yerli və ya xarici vətəndaşın "erməni soyqırımı"nı inkar edən fikir söyləməsi (yaxud bu fikri mətbuatda yayması) cinayət məsuliyyəti doğurur və həmin şəxs 1 ilədək həbs, yaxud 45 min avro cərimə ilə cəzalandırıla bilər.

Yəqin ki, bu layihəyə səs verən Fransa parlamentarları onun Türkiyədə, həmçinin Azərbaycanda, eləcə də Avropadakı türk (azərbaycanlı) diasporunda hiddət doğuracağını nəzərə almamış deyildilər. Eyni zamanda, onlar bu qərarın Fransanın Avropadakı demokratik, insan haqlarına sayqı göstərən dövlət imicinə müəyyən kölgə salacağını da düşünməmiş deyillər. Lakin buna rəğmən konyuktur siyasi maraqları, qarşıdan gələn (2007-ci ilin yazında) parlament seçkilərində yarım milyon erməninin səsini göz önünə alan parlamentarlar bu qanun layihəsinin qəbuluna səs verdilər.

Fransa Sosialist Partiyasından olan deputatlar (qanun layihəsinin təşəbbüskarları), onları dəstəkləyən kommunistlər, habelə hakim partiya olan Fransa Milli Hərəkat Birliyinin deputat fraksiyasının bir qrupu (başda daxili işlər naziri Nikola Sarkozi olmaqla) bu addımla əslində öz ölkələrinin beynəlxalq imicinə "ayı xidməti" göstərmiş olublar. Fransa parlametinin qərarına Avropa Birliyi və ATƏT rəsmilərindən, Avropanın (elə Fransanın özünün də) mediasından gələn təpkilər də bunu təsdiqləyir. Çünki sözügedən qanun layihəsi təməl insan haqlarının parçası olan söz və ifadə azadlığını məhdudlaşdırmağı hədəfləyir.

"Fransa parlamentində erməni genosidinin kriminallaşdırılması barədə qanun layihəsinin qəbulu bu ölkəni söz azadlığına düşmən edir. Üstəlik fransız deputatlar ermənilərlə bağlı uzaq tarixə dair belə qanun qəbul edərkən bir qədər yaxın tarixə də nəzər salmağa və İkinci dünya müharibəsində nasistlərə kömək edərək yəhudilərə qarşı soyqırımında iştirakçı olmuş soydaşlarını da xatırlamalıdırlar. Digər yandan, Fransa erməni məsələsini Türkiyənin Avropa Birliyinə qəbulunu önləmək üçün bir maneə kimi görür və ondan istifadə edir" - Britaniyanın "The Observer" qəzetinin bu qənaəti Avropa mediasının Fransa parlamentinə bəlkə də ən sərrast reaksiyası sayıla bilər.

Digər yandan, Fransada söz və fikir azadlığını yasaqlayan belə bir qanunun qüvvəyə minməsi nəticə etibarilə Avropanın digər ölkələri üçün də təhlükəli presedent yarada bilər və təsadüfi deyil ki, AB və ATƏT təmsilçiləri bəyanatlarında bu məqamı önə çəkirlər.

Hərçənd gerçəkdə belə bir presedent Avropada artıq mövcuddur. Çünki Fransa parlamentindən keçən qanun layihəsinin eynisi üç il öncə İsveçrə qanunvericiliyində təsbit edilib. Bu ölkədə qüvvədə olan "İrqçililiklə mübarizə haqqında" qanunun müddəalarına görə, soyqırımı faktının inkar edilməsi soyqırım təbliğatına bərabər tutulur və bunu etmiş şəxs 6 aydan 3 ilədək həbs və ya 5 min İsveçrə frankı məbləğində cərimə ilə cəzalandırıla bilər. Sözügedən qanun yəhudi soyqırımı (Holokost) ilə bağlı qəbul edilib. Lakin 2003-cü ilin dekabrında İsveçrə Federal Məclisinin "erməni soyqırımı"nın tanınmasına dair akt qəbul etməsi ilə bu məsələ də həmin qanunun təsir dairəsinə düşüb. Üstəlik 2005-ci ildə İsveçrə məhkəmələri həmin qanuna əsas götürərək Türk Tarix Qurumunun başçısı professor Yusif Halaçoğlu və Türkiyə İşçi Partiyasının başqanı Doğu Perincək barəsində cinayət işləri açıb.

Bənzər qanun layihəsi ötən il Belçika parlamentində (o da "erməni soyqırımı"nı tanıyıb) də gündəmə gəlmişdi. Lakin sonradan ölkədə yaşayan türklərin etiraz aksiyalarından, həmçinin rəsmi Ankara sərt mövqeyindən sonra belçikalı parlamentarlar onun qəbulundan vaz keçdilər. Amma yəqin söyləmək olar ki, "erməni qanunu" Fransa Senatından da keçib qüvvəyə minsə, bu fakt müxtəlif vaxtlarda "erməni soyqırımı" tanımış ayrı-ayrı Avropa ölkələrinin parlamentlərində analoji qanunvericilik aktlarına rəvac verə bilər.

Düzdür, Fransa hökumət rəsmiləri, prezident Şirak qanun layihəsinin parlamentin yuxarı palatasından keçməməsi üçün səy göstərcəklərini ifadə ediblər. Amma bu daha çox hipotetik məsələdir, o cümlədən prezident Şirakın Türkiyə baş naziri ilə telefon söhbətində verdiyi sözün üstündə duracağı da şübhə doğurur.

Bu yerdə biz Fransa parlamentində "erməni layihəsi"nin ortaya çıxmasının doğurduğu ikinci mühüm sualla üzləşirik: biz indiyədək bu cür təşəbbüsləri önləmək üçün praktik olaraq nə etmişik? Təəssüflə etiraf etməliyik ki, bu xüsusda olduqca az iş görmüşük. Özü də bu, Türkiyəyə də, bizə də eyni dərəcədə aiddir.

Bu günlər Türkiyədə Fransa parlamentinin qərarına cavab olaraq çeşidli addımlar nəzərdən keçirilir. Fransa ilə iqtisadi əlaqələrin məhdudlaşdırılması, bu ölkənin mallarının boykot edilməsi, Fransa şirkətlərinin Türkiyədə tenderlərə buraxılmaması kimi çağırışlar da bolluq təşkil edir. Hərçənd bu cür iqtisadi metodların effekt verəcəyi sual doğurur. Hazırda Türkiyə ilə Fransa arasında ticarət dövriyyəsi təxminən 10 milyard dollar təşkil edir ki, onun da üçdə ikisini Türkiyənin bu ölkədən idxalatı təşkil edir. Digər yandan, Fransa ilə əlaqələr Türkiyənin xarici ticarətinin 5-6 faizini təşkil edir. Türkiyənin Fransanın xarici ticarətində payı isə 1,3 faizdir. Başqa sözlə, ticari əlaqələrin kəsilməsi Fransadan çox Türkiyə üçün təsirli ötüşə bilər. Türkiyədəki Fransa şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması da həmin şirkətlərin müəssisələrində (təkcə "Total" şirkətinin Türkiyədə 500-ə yaxın yanacaqdoldurma məntəqəsi var) çalışan türk işçilərə zərər vurmuş olacaq.

Xatırladaq ki, Türkiyədə Fransa ilə "iqtisadi dildə" danışmaq barədə bənzər çağırışlar beş il öncə, bu ölkədə "erməni soyqırımı" tanınanda da gündəmə gəlmişdi və nəticədə elə çağırış olaraq qaldı. Bu bir daha deməyə əsas verir ki, belə situasiyalarda inzibati və xeyli dərəcə populist olan metodlarla real nəticə əldə etmək faktiki mümkünsüzdür.

Türkiyədən fərqli olaraq, Azərbaycanda Fransa ilə iqtisadi əlaqələri kəsmək çağırışları səslənmir. Amma bizdə də səslənən əksər çağırışlar bənzər motivasiya üzərində köklənib. Məsələn, Fransanın Qarabağ danışıqları üzrə vasitəçilikdən kənarlaşdırılması barədə çağırışlar səslənir. Yenə xatırlamağa dəyər ki, bənzər çağırışlar 2001-ci ildə də səslənmişdi. Amma o vaxt da bəlli idi, indi də aydındır ki, Fransanın Minsk qrupu həmsədrliyindən kənarlaşdırılması Azərbaycanın təkbaşına imkanları xaricindədir.

Əlbəttə, Azərbaycan Fransa parlamentinin məlum qərarının bu ölkənin Qarabağ sülh prosesindəki vasitəçiliyini şübhə altına aldığını həm Parisin, həm də ümumilikdə beynəlxalq birliyin diqqətinə çatdırılmalıdır. Amma bundan daha vacib olanı erməni lobbisinin Fransada (yaxud başqa ölkədə) ictimai rəyə təsir etməklə, siyasi və hüquqi müstəvidə imkanlarını işə salmaqla bizə qarşı açdıqları savaşa adekvat müstəvidə cavab vermək yollarını aramaqdır.

Əgər bu gün Fransa ermənilərinin ölkənin siyasi dairələrində, o cümlədən parlametdə geniş dayaqları varsa, əgər Fransanın ad çıxarmış vəkillərindən biri olan və prezident Şirakın ailəsinin də şəxsi vəkili olduğu bildirilən, 2001-2003-cü illərdə hətta Fransanın ədliyyə naziri işləmiş Patrik Dəvəçiyan bu gün bu ölkənin parlamentində meydan sulayararaq "erməni soyqırımı"nı inkar edənlərə həbsxana yolu göstərirsə, bu o demək deyil ki, biz (Türkiyə və Azərbaycan olaraq) əlimizi yanımıza salıb bu vəziyyətlə barışmalıyıq.

Bəli, ermənilərin Fransada geniş lobbisi var, amma onu da etiraf edək ki, bu ölkədə təxminən erməni əhalisinin sayı qədər (400 minə yaxın) türk icması (o cümlədən azərbaycanlılar) yaşayır. Onda bu çoxsaylı icmanın niyə indiyədək Fransa siyasətində fəal mövqelərə gələ bilməməsi, sanballı lobbi şəbəkəsi yarada bilməməsi barədə düşünmək lazımdır.

Əgər "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin lehinə 106 deputat səs veribsə, bu, ermənilərin Fransa parlamentindəki güclü dayaqlarından xəbər verir. Amma, eyni zamanda, nəzər almalıyıq ki, Fransa parlamentində 577 deputat var, deməli, nəzəri olaraq, onların 471-i ermənilərin sözünü demir. Bəs onlardan neçəsi bizim sözümüzü deyir? Buna nail olmaq üçün indiyədək istər Türkiyə, istərsə də Azərbaycan olaraq fransız parlamentarları arasında (eləcə də Amerika Konqresində, digər parlamentlərdə) nə dərəcədə fəal lobbiçilik işi apara bilmişik? Suallar çoxdur.

Odur ki, bu və ya digər ölkədə ermənilərin səsi ucadan eşidilirsə, bunun səbəbini həmin ölkənin ermənipərəst olmasında deyil, ermənilərin oralarda aktiv, bizim isə, əksinə, passiv olmağımızda axtarmaq lazımdır. Əgər ermənilər 90 il öncə dünya müharibəsi zamanı vermiş olayların saxta tarixini "erməni soyqırımı" kimi bir çox ölkələrdə qəbul etdirməyə nail olursa, nədən biz 14 il öncə, dünyanın unuda bilməyəcəyi lap yaxın tarixdə Xocalıda baş verən qətliamı beynəlxalq müstəvidə tanıtdırmaq üçün fəal olmayaq.

Hər il Azərbaycanın Milli Məclisi bu yöndə bəyanat və müraciətlər qəbul edir, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən erməni şovinizminin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı xahiş edir. Amma bu məsələ tək xahişlə həll olunan deyil. Bunun üçün ardıcıl, fasiləsiz və ən azı ermənilər qədər inadkar çalışıb mübarizə aparmaq, necə deyərlər, həqiqəti dünyanın "gözünə soxmaq" lazımdır ki, onu, nəhayət, görsünlər.

Təbii ki, bu işdə Azərbaycan və Türkiyənin bütün səviyyələrdə qüvvələrini səfərbər etməsi vacib şərtdir. Eyni zamanda, prezident İlham Əliyevin də haqlı olaraq qeyd etdiyi kimi, "ermənilərin yaxşı münasibətdə olduğu ölkələrlə onlardan daha yaxşı münasibət qurmağa çalışmalıyaq ki, diplomatiyada ermənilərin meydanında oynamağı bacaraq". Sonuncu tezis erməni təbliğat maşınının geniş imkanları olan Fransaya xüsusilə aiddir. Əlbəttə, bu yerdə yenə ən asan yola əl atıb deyə bilərik ki, "Fransa hər zaman Ermənistana dəstək verib və onların sözünü deyəcək", yaxud "Şirakın əsli ermənidir" və s. Amma, gəlin, nəhayət, etiraf edək ki, bu cür taktika vəziyyətdən çıxış yolu deyil və bənzər situasiyalarda "filankəs onsuz da ermənidir" kimi məişət tezisindən uzağa gedə bilmədikcə erməni hiyləgərliyi ilə mübarizə aparmağımız da müşkül olacaq.

Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
 


Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009