və bu mövzu ətrafında səslənən spekulyasiyalar barədə
(Yanvar 2005, «525-ci qəzet»)
Azərbaycan Respublikasında hər kəs istirahət hüququna malikdir. O cümlədən hər bir vətəndaş hansı işdə işləməsindən asılı olmayaraq qanunla ildə ən azı bir dəfə və 21 təqvim günündən az olmamaq şərtilə məzuniyyət götürə bilər. Bu müddəa Azərbaycanın Əsas Qanununun 37-ci maddəsində təsbit olunub. Yəni Konstitusiya hər birimizə işləməklə yanaşı, istirahət etmək hüququ da verib və prinsipcə heç bir vəğəndaş başqasının bu hüquqdan necə istifadə etməsini spekulyasiya mövzusuna çevirmək barədə düşünmür. Bu da tamamilə normal və təbiidir. >>>ətraflı
2. «Xoşməramlı» missionerlər,
yaxud ATƏT-in xüsusi missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə niyə gəlmişdi və orada hansı faktları aşkarladı?
(«525-ci qəzet», fevral 2005-ci il)
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma faktlarını araşdırmaq üçün regiona təşrif buyurmuş ATƏT ekspertləri fevralın 7-də missiyalarını başa vuraraq Vyanaya, ATƏT-in mənzil-qərargahına qayıdıblar. Təxminən 10 gün ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonda monitorinq keçirən missiyanın fəaliyyəti ilə bağlı məruzənin bir aya hazır olacağı və ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim ediləcəyi bildirilir.
Təbii ki, missiyanın məramı və fəaliyyəti hələ uzun müddət mətbuatın, ekspertlərin, icmalçıların diqqət mərkəzində olacaq. Bu araşdırmanın Qarabağ münaqişəsinin nizamlanması prosesinə, Minsk qrupu həmsədrlərinin gələcək fəaliyyətinə, habelə münaqişə tərəflərinin mövqelərinə necə təsir göstərəcəyi barədə mübahisə və diskussiyalar da davam edəcək.
Eyni zamanda, missiyanın bölgədə olduğu müddətdə Azərbaycanın və Ermənistanın kütləvi informasiya vasitələrinin, çeşidli dairələrin bu presendentə birmənalı yanaşmadığı gerçəkdir. Bu hadisəni Azərbaycanın siyasi-diplomatik uğuru kimi qiymətləndirənlər də var, əksinə, onun nəticə etibarilə Ermənistanın təcavüzkar siyasətini diqqətdən yayındıran və Dağlıq Qarabağ konfliktinin gerçək mahiyyətini təhrif edən bir missiya olduğunu vurğulayanlar da.
Sözügedən mülahizələrdə reallıq dərəcəsinin nə qədər olduğunu aydınlaşdırmaq üçün, zənnimizcə, bir qədər geri qayıdıb, ümumiyyətlə, bu missiyanın hansı proseslərin nəticəsi olaraq ortaya çıxdığını diqqətə almaq lazımdır.
Xatırladaq ki, ATƏT-in bölgəyə xüsusi missiyasının göndərilməsi barədə qərar ötən ilin sonunda BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı müzakirələrdən sonra qəbul olunub. Qeyd etmək lazımdır ki, rəsmi Bakı beynəlxalq birliyin diqqətini dəfələrlə sözügedən problemə cəlb etsə də, məhz 2004-cü ildə bu yöndə fəal praktik addımlar atıldı. 2004-cü ilin sentyabrın BMT Baş Assambleyasının sesiyasında çıxış edən dövlət başçısıı İlham Əliyev BMT-ni Azərbaycanın üzləşdiyi humanitar fəlakətə seyrçi qalmaqda suçladı və beynəlxalq birliyi Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinə münasibət bildirməyə çağırdı.
Bundan sonra ölkə rəhbərliyi XİN-ə məsələ ilə bağlı hazırlıq işi aparmağı tapşırdı və oktyabrda Azərbaycanın BMT-dəki nümayəndəlsi Yaşar Əliyev Baş Assambleyaya müvafiq məktub təqdim etdi. Məktubda nəzərə çatdırılırdı ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 12 il ərzində münaqişənin nizamlanmasında hər hansı bir nəticəyə nail ola bilməyib. Yerevan isə bu vəziyyətdən istifadə edərək işğal etdiyi ərazilərdə demoqrafik durumu süni surətdə dəyişdirmək məqsədilə orada məskunlaşdırma siyasəti aparır, Ermənistandan və dünyanın müxtəlif ölkələrindən ermənilər bu ərazilərə köçürülür.
Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamələrindən (1993-cü ildə qəbul olunmuş 822, 853. 874 və 884 saylı qətnamələr) 11 il sonra bu məsələnin yenidən beynəlxalq birliyin müzakirəsinə çıxarılması özlüyündə əlamətdar fakt idi. Üstəlik bu dəfə məsələ BMT müstəvisinə keyfiyyətcə yeni rakursda - Ermənistanın Azərbaycana qarşı təcavüzünün konkret nəticələrinin, yəni işğal olunmuş ərazilərdə həyata keçirilən məskunlaşdırma siyasətinin geniş müzakirəsi məqsədilə çıxarılmışdı. Və ilk gündən bu prosesi əngəlləmək üçün bütün imkanlarını işə salan rəsmi Yerevan BMT-dəki müzakirələrdən ciddi şəkildə narahat olduğunu büruzə vermişdi.
Ermənilərin narahatlığı başa düşülən idi. BMT-dəki müzakirələr Ermənistanın Azərbaycana təcavüzünün miqyas və fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, problemin ədalətli şəkildə nizamlanmasına müəyyən impuls vermiş olacaqdı.
Qeyd etmək lazımdır ki, dünyanın bu və digər bölgəsində baş vermiş işğal faktının sonradan həmin ərazilərdə demoqrafik durumun dəyişdirilməsi və əhali məskunlaşdırılması ilə müşayiət olunması beynəlxalq hüquqda (o cümlədən 1949-cu ilin Cenevrə sazişində) yolverilməz hal sayılır. Baxmayaraq ki, bir ölkənin digərinə təcavüzü də beynəlxalq hüquq, o cümlədən BMT-nin Nizamnaməsi ilə qadağandır. Lakin bu, necə deyərlər, başqa bir mövzunun predmetidir. Etnik təmizləmə isə beynəlxalq yurisdiksiyada bəşəriyyət əleyhinə ən ağır cinayətlərin (məsələn, genosid) sırasına daxildir. Təsadüfi deyil ki, bu mövzu BMT çərçivəsində xüsusi həssaslıqla müzakirə edilən məsələlərdəndir. O cümlədən Fələstin problemi müzakirə edilərkən İsrailin işğal olunmuş ərazilərdəki məskunlaşdırma siyasəti dəfələrlə pislənilib və bununla bağlı müvafiq qətnamələr qəbul olunub. Həmin qətnamələrin aqibətinə bir qədər sonra qayıdacağıq.
İndiliksə bir məqamın altını çızaq ki, Ermənistanın cidd-cəhdlərinə, şantaj bəyanatlarına (Yerevan bəyan edirdi ki, məsələ BMT-nin müzakirəsinə çıxarılsa, danışıqlar prosesindən imtina edəcək, erməni lobbisi isə Bakını niyyətindən döndərmək üçün hətta ABŞ-ın dövlət katibinə müraciət etmişdi), habelə Yerevanın mövqeyini dolayısilə müdafiə edən həmsədrlərin tövsiyələrinə (ABŞ, Fransa və Rusiyanın BMT-dəki təmsilçiləri Baş Asambleyadakı müzakirələrin Qarabağ nizamlanmasına mənfi təsir göstərəcəyini iddia edərək Bakını bu niyyətdən vax keçməyə çağırırdılar) rəğmən Azərbaycan ilkin məqsədinə nail oldu. "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı məsələ Baş Assambleyanın 59-cu sessiyasının gündəliyinə salındı və noyabrın 23-də sessiyanın geniş iclasında müzakirə olundu.
Maraqlıdır ki, məsələnin gündəliyə salınması ilə bağlı səsverməyə qatılmayan Minsk üçlüyü bilavasitə müzakirələrdə fəal iştirak etdilər. Motiv isə aydır idi. Azərbaycanı inadından döndərməyə müvəffəq olmayan həmsədr dövlətlər Baş Assambleyadakı müzakirələr nəticəsində kompromis bir qərarın qəbul olunmasını istəyirdilər. Əks halda, onların iştirakı olmadan qəbul ediləcək hər hansı qərar nəticə etibarilə Minsk üçlüyünün, yəni Qarabağ nizamlanmasında geosiyasi inhisarı kimsə ilə bölüşmək istəməyən böyük dövlətlərin maraqlarına ziddi ola bilərdi.
Və münaqişə bölgəsinə ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsi barədə razılığın əldə edilməsi həmin kompromis nəticə oldu. Rəsmi Bakı bununla razılaşdı və məsələ ilə bağlı Baş Assambleyada qətnamənin qəbulu qeyri-müəyyən vaxta saxlanıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Minsk üçlüyünün dəstəklədiyi bu variantla razılaşmağa məcbur idi. Bakı müzakirələrlə bağlı Baş Assambleyada konkret qətnamənin qəbulunda israr etməklə ən yaxşı halda Ermənistanı qınayan, amma əsasən müsəlman dövlətlərinin səs verəçəyi formal bir sənədin qəbuluna nail olacaqdı. Belə sənədlər isə onsuz da İslam Konfransı Təşkilatı çərçivəsində hər il qəbul olunur.
Bu bir gerçəkdir ki, BMT-də qəbul edilən sənədlər yalnız ona böyük dövlətlər (ilk növbədə ABŞ) səs verdikdə müəyyən siyasi effektə malik olur. Digər tərəfdən, beynəlxalq faktaraşdırıcı missiyanın bölgəyə gəlişi Azərbaycanın maraqlarına cavab verirdi. Qarabağ münaqişəsinin tarixi ərzində ilk dəfə gerçəkləşən bu fakt özlüyündə əlamətdar bir presendent idi. Azərbaycan uzun müddət idi ki, Ermənistanın işğalçılıq faktlarını təhqiq edəcək bir missiyanın regiona gəlişini gözləyirdi.
Qeyd etmək lazımdır ki, ermənilər də belə bir missiyanın bölgəyə gəlişini gözləyirdilər və ona ciddi hazırlaşırdılar. Bəziləri üçün qəribə görünə bilər, amma ermənilər indiyədək bir neçə dəfə ATƏT-ə və Avropa Şurasına riyakar müraciətlər edərək «Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti görmək üçün» bölgəyə xüsusi missiya göndərilməsini istəyiblər. Sözsüz ki, ermənilər belə bir missiyaların vasitəsilə məhz özlərinə yarayan faktların, yəni Dağlıq Qarabağdakı ermənilərin «tarixən məruz qaldıqları təqib və sıxışdırılma faktları»nı dünya ictimaiyyətinə çatdırmaq niyyəti güdüblər.
Təsadüfi deyil ki, Yerevan faktaraşdırıcı missiyanın yaradılması barədə qərarı razılıqla qarşıladığını bildirmişdi və XİN başçısı Vardan Oskanyan bəyan etmişdi ki, Ermənistan həmin komissiya qarşısında 1991-1992-ci illərdə keçmiş Şaumyan (indiki Goranboy və Xanlar rayonlarının ərazisi) rayonunu tərk etmiş ermənilərin geri qaytarılması məsələsini də qaldırmaq niyyətindədir. Eyni zamanda, Oskanyan hələ o vaxt etiraf etmişdi ki, bəli, Dağlıq Qarabağ ətrayındakı rayonlarda erməni əhalisinin qeyri-mütəşəkkil və rəsmi strukturların iştirakı olmadan yerləşməsi faktları var, amma həmin ermənilər vaxtilə sözügedən Şaumyan rayonunu, habelə Bakını, Sumqayıtı, Gəncəni və s. tərk etmiş ermənilərdir.
Öz növbəsində Azərbaycan bu iddiaların əsassız olduğunu və işğal edilmiş ərazilərdə məskunlaşdırmanın bilavasitə Ermənistanın dövlət qurumları tərəfindən həyata keçirildiyini nəzərə çatdırmışdı. XİN başçısı E.Məmmədyarov Baş Assambleyadakı çıxışında Ermənistan hökumətinin həyata keçirdiyi "Qarabağa qayıdış" proqramınını detalları barədə sessiya iştirakçılarına məlumat verərək bu proqram çərçivəsində təkcə Laçın rayonunun ərazisində 13 min erməninin məskunlaşdığını bildirmişdi. Nazir nəzərə çatdırmışdı ki, bununla bağlı faktlar ABŞ Dövlət Departamentinin hesabatında və bir sıra xarici mətbuat vasitələrində öz əksini tapıb.
Qeyd etmək lazımdır ki, bu faktlar Ermənistanın özünün KİV-ində də dəfələrlə yer alıb. 2004-cü ilin sentyabrında "Azq" qəzetinə müsahibə verən qondarma "DQR"-in miqrasiya və məskunlaşdırma idarəsinin rəhbəri Serj Əmirxanyan etiraf etmişdi ki, atəşkəsin 10 ilində (1994-2004-cü illər) Dağlıq Qarabağ və ətraf rayonlarda 23 min erməni məskunlaşıb. O cümlədən Zəngilan və Cəbrayılın Arazboyu kəndlərində müvafiq olaraq 130 və 70 ailə yerləşdirilib. Onun bildirdiyinə görə, 2002-ci ildə işğal olunmuş ərazilərə 05, 2003-cü ildə 165, 2004-cü ilin yanvar-avqust aylarında isə 120 ailə (623 nəfər) köçürülüb.
Məhz bu gerçəkləri nəzərə alan Azərbaycan ümid edirdi ki, bölgəyə gələcək missiya hər şeyi obyektiv araşdıracaq və Ermənistanın işğalçılıq siyasətinin miqyasını öz gözü ilə görəcək. Çünki məsələyə, Ermənistan tərəfin iddia etdiyi kimi, Bakıdan və digər yerlərdən köçmüş ermənilərlə bağlı kontekstdə yanaşılsa, onda gərək 1988-1989-cu illərdə Ermənistandan deportasiya olunmuş 250 min nəfər azərbaycanlının taleyi də müzakirə obyekti olsun. Bu isə nəticə etibarilə Azərbaycanın BMT Baş Assambleyasına çıxardığı məsələnin konkret mahiyyətinin təhrif olunmasına gətirib çıxara bilərdi. Və təəssüflə qeyd olunmalıdır ki, ATƏT missiyası regiondakı «təhqiqatları» ilə ermənilərin bu niyyətinə, yəni problemi geniş tarixi kontekstə yayaraq onun faktiki mahiyyətinin nisbətən arxa plana keçməsinə şərait yaratmış oldu.
Əslində bu missiyanın tərkibi formalaşanda onun obyektiv olacağına ciddi şübhələr yaranmışdı. Missiya ATƏT sədrinin mandatı ilə yaradılsa da, onun məhz Minsk qrupunun formatında təşkil edilməsi (belə çıxırdı ki, Azərbaycan Minsk qrupunun fəaliyyətindən və onun işğal olunmuş ərazilərdə aparılan məskunlaşdırma faktlarına seyrçi qalmasında BMT-yə şikayət edir və həmin şikayətin araşdırılması da həmin Minsk qrupuna tapşırılır) və üstəlik həmin heyətdə Minsk qrupunun 9 üzvündən biri olan Türkiyənin yer almaması bütövlükdə bu missiyanın məramı və fəaliyyəti barədə fikir yürütməyə əsas verirdi. Monitorinqin ilk günündən aydın oldu ki, bu qrup işğal olunmuş ərazilərdə Ermənistanın həyata keçirdiyi məskunlaşdırma siyasətinin miqyasını olduğu kimi konstatasiya etməyə meylli deyil.
Əksinə, prosesin gedişatı göstərdi ki, missiya ona verilmiş mandatın çərçivəsini aşaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün deyil, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı faktları araşdırmaq üçün gəlib.
Əslində bu da bizim üçün yenilik olmamalıdır. Çünki ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 13 il ərzində nə bu münaqişənin gerçək miqyaslarını görüb, nə də Ermənistanın həyata keçirdiyi təcavüz və etnik təmizləmə faktlarını qeydə alıb. Əks təqdirdə heç bölgəyə xüsusi missiyanın ezam edilməsinə ehtiyac olmazdı. Çünki həmin Minsk qrupunun üzvləri ötən illər ərzində dəfələrdə bölgəyə səfər ediblər, o cümlədən Dağlıq Qarabağın ətrafındakı rayonlarda olublar və orada ermənilərin məskunlaşdığını da, necə deyərlər, bilməmiş deyirlər. Və bütün bunlardan sonra beynəlxalq vasitəçilər münaqişəyə və onun tərəflərinə balanslaşdırılmış münasibət bəsləməkdə davam ediblər, təcavüzkarla təcavüzün qurbanını tərəzinin fərqli gözlərinə qoymağa bir dəfə də olsun cəhd göstərməyiblər.
Missiya üzvlərinin ilk gündən separatçı rejimin təmsilçiləri ilə sıx təmasda olması (halbuki onlar Bakıda keçirdikləri mətbuat konfransında yalnız ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin və onun səhra köməkçilərinin müşayiəti ilə (onlar işğal olunmuş ərazilərin xəritəsini əzbər bilirlər) hərəkət edəcəklərini iddia edirdilər) də onların obyektivliyinə şübhə etməyə əsas verir. Hər halda Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ATƏT missiyası ilə təmaslarından məmnun qaldıqlarını gizlətmirlər və missiyanın fəaliyyəti üçün gərəkən bütün şəraiti (nəqliyyat, mühafizə, tərcüməçilər, ərzaq, gecələmə üçün şərait və s.) təmin etdiklərini fəxrlə bəyan edirlər. Missiyanı bütün marşrutu boyunca qondarma respublikanın «xarici işlər naziri»nin müavini Masis Mailyan müşayiət edib. Üstəlik monitronqin sonunda missiya üzvləri Xankəndidə separatçı rejimin rəhbərliyi ilə görüşüb.
Özlərini sırf texniki missiya adlandıran qrupun üzvlərinin Kəlbəcər rayonunda «Dadivank» adlı «erməni monastırı»na baş çəkirməsi və orada xristian müqəddəslərin xatirəsinə şam yandırması isə bu qrupun ümumilikdə məramı barədə, necə deyərlər, düşünməyə əsas verir. Bu fakt həmin qrupun Qarabağda işğal faktlarını araşdıran missiyadan çox xristian təəssükeşliyindən qalmayan missioner qrupununa bənzədiyinin göstəricisi deyilmi?..
Bütün sadalanları yekunlaşdıraraq nə demək olar? Əvvala, yuxırada qeyd etdiyimiz kimi,
rəsmi Bakının işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı məsələni BMT Baş Assambleyasının müzakirəsinə çıxarandan sonra məsələ ilə bağlı xüsusi faktaraşdırıcı missiyasının yaradılması və bölgəyə ezam olunması özlüyündə əlamətdar hadisədir. Azərbaycan Ermənistanın məskunlaşdırma siyasəti haqqında həqiqəti ən yüksək kürsüdən beynəlxalq birliyə bəyan edib və bununla bağlı xüsusi missiya regiona göndərilib. Amma bu faktı Azərbaycanın maraqları baxımından o halda tamamilə müsbət saymaq olar ki, həmin missiya onun üzərinə qoyulmuş və bizim də umduğumuz ədalətli fəaliyyəti həyata keçirərək ortaya obyektiv bir nəticə qoymuş olsun.
O ki qaldı bu missiyanın nəticələrinə, zənnimizcə, burada söhbət yalnız siyasi nəticələrdən gedə bilər. Çünki indiyədək beynəlxalq praktikada analoji missiyaların hazırladığı hesabatların real nəticəsi qeydə alınmayıb. Misal üçün İsralin işğal etdiyi Fələsində həyata keçirilən məskunlaşdırma faktlarının araşdırılması ilə bağlı çoxsaylı missiyaları qeyd etmək olar. İsrailin 1967-ci ildən bəri işğal altında saxladığı Fələstin torpaqlarında yəhudilərin yerləşdiyi ümümilikdə 100-ə yaşayış məntəqəsi var və həmin məntəqələrdə 200 mindən 400 minədək yəhudi yaşayır. Eyni zamanda, indiyədək BMT müstəvisində İsrailin Fələstini işğal etməsini pisləyən 70-ə yaxın, o cümlədən işğal olunmuş ərazilərdə həyata keçirdiyi məskunlaşdırma siyasətini pisləyən 30-a yaxın qətnamə qəbul ounub. Amma İsrailin strateji partnyoru olan ABŞ bu ölkəyə qarşı sərt qərarların qəbulunu hər zaman (xüsusilə Təhlükəsizlik Şurasında veto hüququ ilə) önləyib.
Eyni zamanda, beynəlxalq praktikadan belə bir fakt da məlumdur ki, 1979-cu ildə ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Kemp-Devid sülhündən sonra İsrail dövləti 1967-ci ildə işğal etdiyi Sinay yarımadasını Misirə qaytarıb və həmin ərazidə saldığı yəhudi yaşayış məntəqələrini ləğv edib. Amma bu fakt da, necə deyərlər, böyük siyasətin nəticəsidir.
Öz növbəsində Azərbaycan da istər faktaraşdırıcı missiyanın ortaya qoyacağı hesabatın müzakirəsində, istərsə də BMT Baş Assambleyasında hələ də açıq qalan məsələ ilə bağlı yekun qətnamənin qəbul olunmasında diplomatik fəallığını davam etdirməklə bərabər, böyük siyasətin reallıqlarını da nəzərə almalıdlır…
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
3. Birinci ledi
Azərbaycan cəmiyyəti onu daha yaxından tanımağa başlayır
(«525-ci qəzet», 22 fevral 2005-ci il)
Respublikamızda ilk dəfə olaraq ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakilə əlamətdar bir müsabiqə - «İlin qadını» sorğusu keçirilib. Məlum olduğu kimi, analoji sorğular dünyanın başqa ölkələrində də təşkil edilib və bu tədbirlər qadınların IV Beynəlxalq konfransının (1995-ci ildə Pekində keçirilmişdi) 10 illiyinə həsr olunmuş BMT-nin 49-cu xüsusi sessiyasına hazırlıq çərçivəsində keçirilir.
«Lider Qadınlar» ictimai birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva «İlin qadını» elan edilib. Bu fakta müxtəlif aspektlərdən yanaşmaq olar, lakin, zənnimizcə, başlıca məqam ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq ictimaiyyətin diqqəti ölkənin birinci xanımının şəxsiyyəti üzərində köklənib. Təbii ki, bunu birinci növbədə Mehriban xanımın aktiv ictimai fəaliyyətinin, o cümlədən xeyriyyəçilik fəaliyyətinin cəmiyyət tərəfindən adekvat qiymətləndirilməsi kimi xarakterizə etmək lazımdır.
Eyni zamanda, bu fakt Azərbaycanda dövlət (hakimiyyət) - cəmiyyət münasibətlərində yeni ştirxlərin üzə çıxdığının göstəricisidir. İctimai rəy artıq yalnız dövlət rəhbərinin şəxsiyyətinə, onun addımlarına deyil, ölkənin birinci xanımının fəaliyyətinə də münasibət bildirir. Bu faktı həmçinin Azərbaycan cəmiyyətinin hakimiyyətə, rəsmiyyətə münasibətində əvvəllər mövcud olmuş stereotiplərin tədricən yox olması kontekstində dəyərləndirmək lazımdır.
Bu əlamətdar tendensiya hələ bir neçəil öncə özünü büruzə verməyə başlamışdı. Mərhum prezident Heydər Əliyevin paytaxtda və regionlarda əhali ilə qeyri-rəsmi təmasları, müxtəlif bayram tədbirlərində, o cümlədən Novruz şənliklərində sıravi insanlarla səmimi iltifat quraraq onlarla birlikdə əylənməsi - bütün bu faktlar ilk baxışdan formal təsir bağışlasa da, əslində Azərbaycan cəmiyyətinin uzun illər öyrəşdiyi və rəhbər simasının, bir növ rəsmiyyətin zəruri ştrixləri sayılmış stereotiplərin aradan qalxması idi.
Azərbaycanda yeni prezident seçiləndən sonra da bu təqdirəlayiq tendensiya davam etməkdədir. Cəmiyyət prezident İlham Əliyevin əhali ilə qeyri-formal iltifatına, yaxud onun avtomobilin sükanı arxasına keçərək paytaxtı gəzməyə çıxmasına müsbət rezonans verir. Bu faktlar nəticə etibarilə Azərbaycanda hakimiyyətlə cəmiyyət arasındakı rəsmiyyət pərdəsinin qalxmasına, bu münasibətlərin daha şəffaf və qarşılıqlı etimad atmosferində qurulmasına dəlalət edən nuanslardır. Qeyd etmək lazımdır ki, bütün sivil ölkələr üçün xarakterik olan bu tendensiya özündə demokratik və plüralist cəmiyyətin (vətəndaş cəmiyyətinin) formalaşmasını da ehtiva edən uzun bir prosesdir və Azərbaycanda da dövlət-cəmiyyət münasibətləri bu yolu keçməlildir.
Lakin hakimiyyətin cəmiyyətə açılması, dövlət rəhbərinin, onun ətrafının, habelə şəxsi həyatının, ailəsinin sıravi insanlar üçün əlçatan (təbii ki, bütün normal cəmiyyətlərdə qəbul olunmuş ictimai etika çərçivəsində) olması təkcə sözügedən formal stereotiplərin ləğvi ilə məhdudlaşmır. Bu xüsusda çox vacib missiyanı daşıyan və dövlətin birinci adamının ictimai şüurdakı simasını bir növ tamamlayan bir şəxs də var. Bu, dövlət başçısının xanımı, yaxud, bütün dünyada qəbul olunmuş sözlə ifadə etsək, ölkənin birinci ledisidir.
“Birinci ledi” anlaşıyı ayrı-ayrı ölkələrdə dövlətçilik ənənələrindən, siyasi sistemdən, milli-mental dəyərlərdən və s. asılı olaraq müxtəlif səpkidə qəbul olunsa da, onun bütün ölkələr üçün eyni olan parametri var. Bu, dövlətin birinci xanımının yüksək ictimai statusudur. Ölkənin birinci ledisinin şəxsiyyətinə ictimai maraq miqyasına görə yalnız dövlət başçısına olan maraqla müqasiyə edilə bilər.
Yeri gəlmişkən, “birinci ledi” ifadəsi XIX əsrin ortalarında ABŞ-da meydana gəlib. Hərçənd uzun müddət Amerika cəmiyyətində birinci ledinin statusu dekorativ səciyyə kəsb edib. XX əsrdə bu status daha real və ictimai əhəmiyyətli şəkil aldı. Teodor Ruzveltin və Vudro Vilsonun hakimiyyəti gövründə onların xanımları faktiki olaraq Ağ ev administrasiyasının katibliyinə rəhbərlik edirdilər. ABŞ prezidenti vəzifəsinə 4 dəfə seçilmiş Franklin Ruzveltin həyat yoldaşı Eleanor Ruzvelt geniş ictimai fəallıyyətlə məşğul olur, Konqresdə çıxışlar edir, aktual məsələlərlə bağlı müsahibələr verir, mətbuatda məqalələr dərc etdirirdi. Bu fəallığın məntiqi davamı kimi o, ABŞ-ın BMT-dəki təmsilçisi oldu və “İnsan haqları Bəyannaməsi”nin müəlliflərindən biri kimi tarixə düşdü. Nəhayət, ABŞ tarixində ən populyar birinci ledi olmuş Hillari Klinton böyük siyasətdə də qüvvəsini sınadı və hazırda Senatın üzvüdür, 2008-ci il seçkiləri üçün isə demokratların əsas namizədi sayıılr. Bugünkü Amerika reallığında birinci ledi hakimiyyət elitasının mühüm simalarından biri kimi qəbul olunur, onun Ağ evdə geniş ştata malik ayrıca ofisi var və amerikalılar seçkilərdə təkcə prezident və vitse-prezidentliyə namizədlərə deyil, həmçinin gələcək birinci lediyə səs verirlər və sonuncu məqam elektoral baxımdan heç də az rol oynamır.
Digər ölkələrdə birinci ledi faktoru, ABŞ-dakı qədər fəal mövqelərə malik olmasa da, yuxarıda qeyd etdiyimiz kimi, daima ictimaiyyətin diqqət mərkəzindədir. Patriarxal ənənələrin və poliqamiyanın hakim olduğu müsəlman-ərəb ölkələrində də birinci ledinin şəxsiyyəti, bu və ya digər hərəkəti geniş ictimai diskussiya doğurur. Asiya ölkələrinin birinci lediləri isə hətta regional təşkilat (16 ölkənin təmsi olunduğu “birinci ledilər klubu”na hazırda Pakistan prezidentinin xanımı sədrlik edir) təsis ediblər və mütəmadi sammitlərini keçirirlər. O ki qaldı Avropaya, burada da birinci ledilər daha çox ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olurlar, müxtəlif qeyri-hökumət fondlarına rəhbərlik edirlər. Hətta fəal siyasətə qoşulanlar da var.
Qeyd edək ki, postsovet ölkələrində birinci ledi institutu (belə demək mümkünsə) hələ yeni formalaşır. Sovet dövründə dövlət başçının şəxsi həyatı və ailəsi geniş ictimaiyyət üçün qapalı mövzu olub. Yalnız 80-ci illərin sonunda, yəni SSRİ qüruba doğru gedərkən bu “ənənə” pozuldu. Sovet cəmiyyəti SSRİ-nin birinci (və sonuncu) prezidenti ilə yanaşı onun xanımını, sovet dövlətinin birinci ledisini də tanıdı. Lakin Raisa Maksimovnanın hədsiz təkəbbürü və ictimai rəyi qıcıqlandıran manerası (yeri gəldi-gəlmədi, bu və digər məsələyə münasibət bildirməsi, jurnalistlərin M.Qorbaçova ünvanladığı siyasi sualları da onun əvəzindən cavablandırması) bu tanışlıqda yalnız mənfi izlər qoydu və nəticə etibarilə M.Qorbaçovun ölkə daxilindəki mənfi reputasiyasına da “əsaslı töhfə” verdi. Odur ki, R.Qorbaçovanın “nümunəsi” biinci ledi məsələsində mənfi örnək sayıla bilər.
Ölkəmizin müstəqilliyini bərpa etməsindən 14 il keçsə də, “birinci ledi” anlayışı Azərbaycan cəmiyyəti üçün hələ yenidir. Bunun isə, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Bəllidir ki, mərhum dövlət başçısı Heydər Əliyevin xanımı hələ o, Moskvada, SSRİ rəhbərliyində işləyərkən dünyasını dəyişmişdi. Düzdür, Azərbaycan cəmiyyəti akademik Zərifə Əliyevanı kifayət qədər tanıyırdı və onun böyük alim, qayğıkeş həkim və bir Azərbaycan qadını kimi xatirəsi ictimaiyyətin yaddaşında yaşayır. Bununla belə, qeyd etdiyimiz kimi, sovet reallıqları çərçivəsində ölkənin, respublikanın birinci şəxsinin xanımının sözün indiki mənasında birinci ledi rolunda çıxış etməsi mümkünsüz idi.
Eyni zamanda, mərhum H.Əliyevin ayrı-ayrı müsahibələrindəki, o cümlədən V.Mustafayevin filmindəki xatirələri Azərbaycan cəmiyyəti üçün əlamətdar açıqlamalar olmaqla bərabər, ictimai fikirdə dövlət başçısı və xanımı barəsində kifayət qədər komplekssiz rəyin formalaşması üçün əhəmiyyətli ştirxlər sayıla bilərdi. Bu açıqlamalardan aydın olurdu ki, əgər ömür vəfa etsəydi, müstəqil Azərbaycanın əhalisi Zərifə xanımın simasında aktiv ictimai fəaliyyətlə məşğul olan və birinci ledi missiyasını bacarıqla yerinə yetirən bir qadını görəcəkdi.
O ki qaldı Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu dövrə, Azərbaycan cəmiyyəti nə bu şəxslərin prezident kimi normal fəaliyyətini gördü, nə də onların həyat yoldaşlarını tanıdı. A.Mütəllibovun xanımı bir neçə dəfə onu rəsmi mərasimlərdə müşayiət edərkən televiziya ekranında görünmüşdü, amma ölkə əhalisi qatı demokrat və liberal dəyərlərin daşıyıcısı kimi təqdim olunan mərhum Ə.Elçibəyin yanında onun xanımını heç televiziya ekranında da görmədi. Yerli mətbuat bu ştrixin üzərindən ümumən sakit keçsə də, o, Azərbaycana təşrif buyuran, habelə Ə.Elçibəyin xarici səfərlərini işıqlandıran əcnəbi jurnalistlərin diqqətindən yayınmamışdı.
Nəhayət, Azərbaycan cəmiyyəti ilk dəfə olaraq dövlət başçısı İlham Əliyevin və onun xanımının timsalında ictimaiyyətlə səmimi münasibətlərdən çəkinməyən, onunla qarşılıqlı iltifat qurmağa çalışan prezident ailəsini gördü. Qeyd etmək lazımdır ki, Azərbaycan ictimaiyyəti Mehriban xanımı o hələ birinci ledi statusunu qazanmamışdan xeyli əvvəl tanımağa başlamışdı. M.Əliyeva ali tibb təhsili (M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib) alsa da, doğulub-böyüdüyü mühit etibarilə ədəbiyyata, mədəniyyətə yaxından bağlı insandır və 1995-ci ildə onun təşəbbüsü ilə “Azərbaycan Mədəniyyətinin Dostları” xeyriyyə fondunun təsis edilməsi bunun göstəricisi idi. Fond ötən müddətdə Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq müstəvidə təbliğində, habelə xeyriyyəçilik sahəsində, milli mədəniyyətimizin qocaman korifeylərinə yardımlar edilməsində aktiv fəaliyyət göstərib. 1996-cı ildən üç dildə (Azərbaycan, rus və ingilis) nəşr olunan “Azərbaycan-İrs” jurnalı isə mədəniyyətimizin dünyaya tanıdılmasında önəmli missiyanı yerinə yetirir. Azərbaycan muğamının beynəlxalq səviyyədə tanınması və UNESCO tərəfindən dünya mədəni irsinin inciləri sırasına daxil edilməsində Fondun müstəsna xidməti olub.
UNESCO-nun rəhbərliyi M.Əliyevanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib və 2004-cü ilin sentyabrında ona təşkilatın Xoş məramlı səfiri statusu verilib. Nəzərə alsaq ki, belə fəxri titulu dünya üzrə 42 nəfər daşıyır və M.Əliyeva müsəlman aləmindən bu ada layiq görülmüş üç qadından biri (Mərakeşin şahzadəsi Lalla Məryəm və dünyanın məşhur xeyriyyə təşkilatlarından olan «Həriri Fond»un rəhbəri, Livanın keçmiş baş naziri Rafiq Həririnin bacısı Bahia Həriri də bu ada layiq görülüb), türkdilli ölkələrin isə yeganə qadın təmsilçisidir, həmin vəzifənin nə qədər məsuliyyətli olduğunu başa düşmək olar.
Ölkəmizin birinci ledisi bu mötəbər təşkilatda təkcə Azərbaycanın deyil, bütün türk xalqlarının mədəni irsinin təbliğatçısı kimi şərəfli missiyanı yerinə yetirməkdədir. Ötən ilin dekabrında Kazan şəhərində (Tatarıstan) UNESCO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair regional seminarında Mehriban xanım bu yöndə konkret təşəbbüslə çıxış edərək türk xalqlarının mədəniyyətini əhatə edən regional layihələr hazırlanacağını bildirib. Digər tərəfdən, UNESCO-nun Xoş məramlı səfiri statusu Azərbaycanın bir nömrəli probleminin dünya ictimaiyyətinə çatdırılması baxımdan əhəmiyyətli bir vasitədir.
Təsadüfi deyil ki, M.Əliyeva UNESCO-nun Xoş məramlı səfiri kimi iştirak etdiyi ilk beynəlxalq forumda həmin məsələni önə çəkib və dünya xəzinəsinə dəyərli töhfələr vermiş Azərbaycanın mədəni irsinin Ermənistanın təcavüzünə məruz qaldığını vurğulayıb. O, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb ki, UNESCO Azərbaycan muğamını bütün bəşəriyyətin inciləri siyahısına daxil edib, amma muğamın vətəni olan Şuşa, Qarabağın digər dilbər guşələri Ermənistanın işğalı altındadır, bu ərazilərdə Azərbaycan xalqının qədim memarlıq və mədəniyyət abidələri məhv edilib.
M.Əliyevanın Azərbaycan müsiqisinin şah əsəri olan muğamın inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyəti də diqqətəlayiqdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu yaxınlarda başladığı təşəbbüs - Muğam Mərkəzinin yaradılması layihəsi ümumilikdə Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisə sayılmalıdır. Mərkəz Azərbaycan muğamının dünya miqyasına çıxarılmasında, beynəlxalq muğam simpoziumlarının, festivalların təşkilındə mühüm rol oynayacaq.
Azərbaycanın birinci ledisinin ictimai fəaliyyətinin əhəmiyyətli bir istiqamətini də onun idman sahəsində gördüyü işlər təşkil edir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən M.Əliyeva həmin vəzifədə özünü bacarıqlı təşkilatçı kimi tanıdıb. Qısa müddətdə bu zərif idman növü Azərbaycanda geniş yayılmağa başlayıb, Azərbaycan gimnastları beynəlxalq miqyasda ilk uğurlarını qazanıblar. 2003 və 2004-cü illərdə bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının Bakıda keçirilməsi, həmçinin 2005-ci ildə bu idman növü üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinə dair qərarın qəbul olunması M.Əliyevanın rəhbərlik etidiyi federasiyanın beynəlxalq nüfuzunun göstəricisidir.
Bununla belə, mübaliğəsiz qeyd etmək olar ki, Azərbaycanın birinci xanımının ictimai fəaliyyətinin ən dəyərli və bütün cəmiyyətin diqqətini çəkən istiqaməti onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun başladığı geniş sosial proqramlardır. Əgər indiyədək M.Əliyevanın fəaliyyəti ölkə həyatının ayrı-ayrı sahələrini (mədəniyyət, idman) əhatə edirdisə, cəmiyyətin ən həssas, diqqət və mərhəmətə ən çox ehtiyac duyan hissəsinə - yetim, kimsəsiz, ağır xəstəliyə düçar olmuş, əqli və fiziki qüsurları olan uşaqlara, habelə çətin sosial şəraitdə yaşayan məcburi köçkünlərin övladlarına qayğı göstərilməsi ümumxalq əhəmiyyətli bir işdir. Sözsüz ki, bu kateqoriyaya aid olan uşaqların qibtəedilməz durumu, həmçinin mövcud büdcə imkanları daxilində onlara göstərilən dövlət qayğısının yetərli olmaması hakimiyyətə də, cəmiyyətə də yaxşı bəllidir. Eyni zamanda, o da aydındır ki, dünyanın heç bir ölkəsində bu qəbildən olan insanlara qayğı və diqqət yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır.
Odur ki, birinci ledinin başladığı iş qeyri-dövlət resurslarını bu istiqamətə səfərbər etmək, digər yaşıdları kimi deyə-gülə yaşamaq imkanından mərhum olan uşaqların problemlərini bütün cəmiyyətin sosial prioritetləri sırasına daxil etmək məqsədi daşıyır. Heydər Əliyev Fondu ötən ildən başlayaraq bu istiqamətdə bir sıra tədbirlər (məcburi köçkün uşaqlarına yardımların göstərilməsi, paytaxtda bir neçə internat məktəbinin təmiri, diabetli və talassemiyalı uşaqlara yardım proqramları və s.) həyata keçirir. Fond tərəfindən hazırlanan və 2005-ci ilin yanvarından həyata keçirilməyə başlanan geniş proqram isə Bakıdakı internat məktəbləri və uşaq evlərinin yenidən qurulmasını nəzərdə tutur. Proqram çərçivəsində sözügedən müəssisələrə baş çəkən M.Əliyeva harada (təkcə Əzizbəyov rayonunda 41 belə müəssisə var) konkret hansı yardımın zəruri olduğunu şəxsən dəqiqləşdirir.
Lakin bu xüsusda artıq indidən özünü göstərən bir nüansı qeyd etmək lazımdır. M.Əliyeva paytaxtdakı internat və uşaq evləri ilə tanışlığı zamanı belə bir məqam diqqəti çəkdi ki, bu ziyarəti təşkil edən hökumət nümayəndələri onun təkcə çoxsaylı problemləri olan müəssisələrə (belələri əksəriyyət təşkil edir) deyil, həmçinin normal şəraiti (əsasən xarici donorların yardımı hesabına) olan müəssisələrə də baş çəkməsinə çalışırlar.
Əlbəttə, bu, xoş niyyətlə, yəni problemləri yoluna qoyulmuş, bir növ nümunəvi sayılacaq məktəb və internatların da olduğunu göstərmək üçün edilirsə, normal qarşılana bilər. Amma görünən odur ki, bəzi məmurlar birinci ledini kurasiyalarında olan sosial müəssiəsələrə (təbii ki, söhbət «nümunəvi» müəsisələrdən gedir) dəvət etməklə daha çox şəxsi niyyət güdürlər və özlərini reklam etmək istəyirlər. Özünü reklam etmək istəyən müxtəlif qeyri-dövlət qurumlarının, xeyriyyə təşkilatlarının da bu «yarışa» qoşulduğu bildirilir. Bu isə nəticə etibarilə ölkənin birinci ledisinin diqqət və etimadından sui-istifadə deməkdir və belə arzuolunmaz tendensiyanın cəmiyyətdə hansı rezonansı doğuracağını dərk etmək çətin deyil.
O ki qaldı ölkə əhalisinin birinci ledinin fəaliyyətinə verəcəyi qiymətə, yuxarıda qeyd etdiyimiz sorğunun nəticələri bu yöndə yalnız ilk ictimai mesaj sayıla bilər. Ən azı ona görə ki, Mehriban xanım birinci ledi simasında cəmiyyət qarşısına yeni çıxıb və onun bu ictimai vəzifədə görəcəyi əsas işlər hələ qarşıdadır. M.Əliyevanın indiyədək nümayiş etdiridiyi ictimai fəallıq, habelə beynəlxalq aləmdəki nüfuzu düşünməyə əsas verir ki, o, Azərbaycanın birinci ledisi statusunda da cəmiyyətin ən yüksək etimadına nail olacaq.
«Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Kimsənsə, elə də olmalısan. Özgələrin rollarını və obrazlarını gərək üzərinə götürməyəsən» - Mehriban xanımın özünə kredo seçdiyi bu sözlər, zənnimizcə, onun gələcək fəaliyyətinin qırmızı xəttini təşkil edəcək. O, birinci ledi kimi daşıdığı ictimai məsuliyyəti də, bu məsuliyyətin ağırlığını da yaxşı dərk edir.
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
4. "Qarabağ düyünü"nün açılması niyə ləngiyir?
Yaxud real siyasətlə praktik nəticəyə çatmaq üçün nə qədər yol qət etmək gərəkdir?
("525-ci qəzet", 4 mapt 2005-ci il)
Son vaxtlar beynəlxalq arenada Qarabağ probleminə münasibətdə əlamətdar tendensiyanı müşahidə edirik. Bir-birinin ardınca dünyanın aparıcı siyasət mərkəzləri Azərbaycanın ən ağır və illərdən bəri ədalətli çözüm gözləyən dərdinə kifayət qədər obyektiv və ən əsası isə adekvat, yəni bu problemin nədən yaranıb və niyə bu həddə gəlib çatdığını inikas etdirən yanaşma tərzini ortaya qoyurlar. Avropa Şurası Parlament Assambeyasında Qarabağ məsələsi ilə bağlı qətnamənin qəbulu, Azərbaycanın tələbi ilə təsis edilmiş beynəlxalq faktaraşdırıcı missiyanın işğal olunmuş bölgələrə səfər etməsi, Ermənistanın Azərbaycana təcavüzünün ən dəhşətli səhifəsi sayılan Xocalı soyqırımının dünyanın bir nömrəli fövqəldövlətinin qanunverici orqanında gündəmə gəlməsi və ABŞ konqresmenlərinin Ermənistanın işğalçılıq siyasətini ifşa edən bəyanatlar verməsi və nəhayət, son olaraq ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatında Ermənistanın işğal etdiyi torpaqlarda dövlət səviyyəsində məskunlaşdırma siyasəti həyata keçirdiyinin qeyd olunması - bütün bunlar 2005-ci ilin ilk iki ayının mühüm yekunlarıdır.
Eyni zamanda, bu faktları müsbət prizmadan qəbul edən ictimai rəydə haqlı olaraq sual ortaya çıxır ki, niyə sadalanlar məhz indiyə, yəni 2005-ci ilin əvvəlinə təsadüf edir və həmin nəticələrə bir neçə il öncə nail olmaq mümkün deyildimi? Məsələyə pessimst yanaşanların da öz sualları var - əgər 10 ildən sonra Qarabağ məsələsində bu nəticələr əldə edilibsə, məsələn, ABŞ Konqresində Xocalı soyqırımı barədə gerçəklər yalnız indi səslənirsə, onda bu siyasəti nə dərəcədə effektli saymaq olar?
Qeyd etmək lazımdır ki, hər iki yanaşma tərzi kütləvi şüura xasdır, geniş mənada götürsək, cəmiyyətin böyük hissəsi məhz bu cür düşünür. İctimai fikir daha çox faktlara, praktik nəticəyə, bir sözlə, məsələnin görünən tərəflərinə istinadən formalaşır.
Azərbaycanın Qarabağla bağlı siyasətinin ilk real nəticələrinin niyə indiyə təsadüf etməsini dəqiqləşdirmək üçün isə məsələnin, necə deyərlər, kökünə nəzər salmaq lazımdır. Özəlliklə erməni lobbisinin böyük imkanlara malik olduğu ABŞ Konqesində ilk dəfə olaraq Azərbaycanın üzləşdiyi təcavüz barədə həqiqətin açıq şəkildə səslənməsi bu fakta bir qədər geniş aspektdə yanaşmanı zəruri edir. Təkcə ona görə yox ki, konqresmenlər Dən Barton və Solomon Ortisin Nümayəndələr Palatasındakı çıxışlar oradakı erməni lobbisi üçün şok effekti doğurub, həm də görə ki, bu fakt Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanınıb qəbul olunması istiqamətində aparılan ardıcıl işin hələlik ilk nəticəsidir. Təsadüfi deyil ki, erməni lobbisi də konkret olaraq bu faktı deyil, perspektivi göz önünə alaraq bildirir ki, böyük neftin Bakı-Ceyhanla axmağa hazırlaşdığı vaxtda Azərbaycanın lobbiçilik imkanlarının da intişar tapması Amerika siyasətindəki erməni maraqları üçün yaxşı heç nə vəd etmir.
Qeyd etmək lazımdır ki, Azərbaycan həqiqətlərinin ABŞ Konqresinə çıxmasını şərh edən əksər icmalçılar bu prosesin kökünü 2003-cü ilin avqustunda Bakıda Milli Məclislə Konqres arasında imzalanmış memorandumda axtarırlar. Həqiqətən də sözügedən memorandum Azərbaycan və ABŞ parlamentləri arasındakı münasibətləri keyfiyyətcə yeni məcraya saldı, ilk dəfə olaraq Milli Məclislə Konqres arasında birgə işçi qrup yarandı və hazırda həmin qrupa Amerika tərəfdən yuxarıda adını çəkdiyimiz S.Ortis rəhbərlik edir. Bununla belə, məsələnin kökünü yalnız bu fakta bağlamaq ən azı gerçəkliyi təhrif etməkdir. Çünki belədə sual ortaya çıxa bilər ki, əgər ABŞ Konqresinin diqqətini Azərbaycan həqiqətlərinə yönəltmək üçün sadəcə bir işçi qrupun yaradılması kifayət idisə, onda o niyə daha öncə yaradılmırdı. Bax məsələnin kökü də elə bundadır ki, belə bir qrupun 4-5 il öncə ortaya çıxması real idimi? Bu cür əməkdaşlıq qruplarının yaranması üçün Konqreslə, oradakı nüfuz dairələri ilə uzun-uzadı işləmək lazımdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, qardaş Türkiyə Konqresdə belə bir qrupun yaradılmasına yalnız 2001-ci ildə müvəffəq olub və 21 konqresmendən ibarət "Türkiyənin dostları qrupu" təsis edilib və yeri gəlmişkən, bu gün Konqresdə Azərbaycanın haqq sözünü ifadə edən D.Barton və S.Ortis də həmin qrupun üzvləridir. Halbuki Türkiyə 20-ci əsrin ikinci yarısından ABŞ-ın ən yaxın (o cümlədən 1952-ci ildən NATO alyansında) müttəfiqidir.
Digər yandan, Amerikada konqresmenlər üçün səlahiyyət müddəti ilə bağlı məhdudiyyət yoxdur və Konqresdə elə təmsilçilər var ki, 20 ildir bu vəzifəni daşıyırlar. Yəni hər hansı konqresmen bu və ya digər ölkənin dostuna çevririlsə, bu dostluq və əməkdaşlıq uzun illər davam edir. Misal üçün Nümayəndələr Palatasında ən mühüm postlardan birini, büdcə təxsisatarı komitəsinin sədri vəzifəsini tutmuş respublikaçı Bob Livinqston uzun illər Türkiyənin Konqresdəki ən yaxın dostu (təəssüf ki, 2004-cü il seçkilərində növbəti dəfə Konqresə seçilə bilmədi) olub, "erməni soyqırımı" nın Konqresin gündəminə gəlməsinə qarşı dəfələrlə çıxışlar edib. Yaxud da illərdən bəri Amerikada erməni lobbisinə rəhbərlik edən, o cümlədən 1992-ci ildə Azərbaycana qarşı 907-ci qadağanın ("Azadlığa Dəstək Aktı"na düzəliş) əsas müəlliflərindən olmuş Frenk Pallone və Co Knollenberqi (hazırda Konqresdə "Ermənistanın dostları qrupu"nun həmsədrləridir) misal göstərmək olar.
Yeri gəlmişkən, 2003-cü ilin avqustunda Bakıda baş nazir İlham Əliyevlə görüşdə ABŞ konqresmenlərdən biri, Nümayəndələr Palatasının hərbi işlər komitəsi sədrirnin müavini Kurt Ueldon maraqlı bir faktı etiraf etdi. O bildirdi ki, 1986-cı ildə ilk dəfə Konqresə seçilərkən konqresmenlərin çoxu Azərbaycanın harada olduğunu xəritədə belə göstərə bilmirdilər. Halbuki o vaxt ABŞ ictimaiyyəti "erməni həqiqətləri"ndən yetərincə xəbərdar idi. Məsələn, 1986-cı ildə Kaliforniyanın qubernatoru erməni əsilli Corc (Qurqen) Dokmecyan (1982-ci ildən 1991-ci ilədək bu vəzifədə olub) Amerikada ilk dəfə olaraq "erməni soyqırımı"nı tanınmasına (rəhbərlik etdiyi ştatda) dair akta imza atmışdı. Məhz bu presedentdən sonra erməni diasporu ABŞ-ın daha 10 ştatında analoci qərarların qəbuluna nail oldu. 1990-cı ildə isə həmin Dokmecyan Kaliforniyada Mixail Qorbaçov üçün təmtəraqlı qəbul təşkil etdi və ona Qarabağ məsələsinin ədalətli həllini, yəni bu ərazinin Ermənistana verilməsini ön görən təkliflərini çatdırdı.
Azərbaycan həqiqətlərinin ABŞ siyasi elitasına çatdırılması üçün ilk addımdlar isə hələ bir neçə il sonra atılacaqdı.
Çünki ölkəmiz formal müstəqilliyini 1991-ci ildə əldə etsə də, 1994-cü ilədək Azərbaycanın ABŞ-a yönəlik siyasəti faktiki olaraq mövcud deyildi. Xalq Cəbhəsinin hakimiyyətlə olduğu bir ildə isə Amerikanın bizdən, bizim isə Amerikadan xəbərsiz olduğumuzu açıq söyləyə bilərik. Məhz bunun nəticəsi idi ki, Qarabağ məsələsi barədə yalnız ermənipərəst qanunvericilərin bəyanatları əsasında məlumatlanan Konqres 1992-ci ilin noyabrında məlum 907-ci qadağanı qəbul etdi. Azərbaycanın hakimiyyəti isə bu qərardan yalnız 1993-cü ilin yanvarında, yəni qərar prezident Buş (ata) tərəfindən təsdiqlənərək qüvvəyə minəndən sonra xəbər tutmuşdu.
Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın ABŞ-la dialoqunda əsas mövzulardan biri məhz 907-ci qadağa oldu. Eyni zamanda, Azərbaycan rəhbərliyi başa düşürdü ki, bu qadağanın ləğvi müşkül bir işdir. Çünki Amerikada Konqresin qəbul etdiyi hansısa qanunun sonradan ləğv edilməsinə dair presedent, demək olar ki, yoxdur. Odur ki, söhbət 907-nin yalnız qismən yumşaldılmasından, maksimum isə onun qüvvəsinin müəyyən müddətə "dondurulmasından" gedə bilərdi. Hərçənd Azərbaycan hakimiyyətinin bəzi "optimist" təmsilçiləri bunun əksini iddia edərək populist bəyanatlar verirdilər. Məsələn, 1997-ci ildə prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri ərəfəsində o vaxtkı dövlət katibi Vəfa Quluzadə bəyan edirdi ki, "artıq Amerikadakı erməni lobbisinin orunğa sütunu sındırılıb və 907-ci qadağa uzağı bir ilə ləğv ediləcək".
Yeri gəlmişkən, məhz belə populist bəyanatların nəticəsində Azərbaycan cəmiyyəti Qarabağ nizamlanması ilə bağlı əsassız, reallıqdan uzaq optimizmə köklənmiş oldu. Bü gün Azərbaycan cəmiyyətində aktual olan "Qarabağ məsələsi niyə bu vaxtadək həll olunmayıb" ritorikasının arxasında da xeyli dərəcədə bu məqam dayanır.
Qarabağ məsələsinin həllini yaxınlaşdırmaq üçün isə ilk növbədə bu problemi beynəlxalq birliyə, dünyanın böyük güclərinə adekvat şəkildə çatdırmaq, dünyanı Azərbaycanın ədalətli mövqeyini inandırmaq lazım idi. Uzun və gərgin fəaliyyət tələb edən bu hədəf barədə 1997-ci ildə maksimalist bəyanatlar vermək ən azı sadəlövhlük idi.
Necə ki, ABŞ-la enerci sektorunda strateci əməkdaşlığın ilk günlərindən Azərbaycan cəmiyyətində (və elə hakimiyyətdə də) belə rəy formalaşmışdı ki, Amerikaya verəcəymiz neftin müqabilində ondan Qarabağ probleminə ən azı ədalətli yanaşma, perspektivdə isə dəstək görəcəyik. "Birləşmiş Ştatlar Azərbaycanı özünə etibarlı tərəfdaş sayır" - prezident Bill Klintonun 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalanandan sonra bəyan etdiyi bu sözləri Bakıda çoxları hərfi mənada qəbul etmişdi. Lakin tezliklə məlum oldu ki, Amerikanın Azərbaycanın probleminə diqqətcil olması üçün yalnız neft amili yetərli deyil. Bu ölkənin sənin problemlərinə diqqət kəsilməsi üçün onunla daima işləmək lazımdır. Özü də yalnız hökumətlə yox.
Təsadüfi deyil ki, 1994-cü ildən ARDNŞ-in vitse-prezidenti kimi Azərbaycanın neft strategiyasının reallaşmasında, o cümlədən Bakı ilə Vaşinqton apasındakı enerci əməkdaşlığının təşəkkül tapmasında müstəsna fəaliyyət göstərən İlham Əliyev eyni zamanda Azərbaycan həqiqətlərinin ABŞ siyasi dairələrinə, Konqresə çatdırılması istiqamətində də aktiv çalışmağa başladı. Qeyd etiək lazımdır ki, 1994-1996-cı illərdə bu müzakirələr nisbətən ikinci planda qalırdısa, 1997-ci ildən sonra (artıq Azərbaycanın neft strategiyası işə düşmüş, əsas müqavilələr imzalanmışdı) Qarabağ mövzusu Vaşinqtonla dialoqda prioritet məsələ oldu. 1997-ci ilin yayında prezident H.Əliyevin ABŞ-a rəsmi səfəri isə bu xüsusda əlamətdar mərhələ oldu. Azərbaycan rəhbəri ABŞ-da olduğu 10 gün müddətində bu ölkənin siyasi dairələrində, özəlliklə Konqres üzvlərində Qarabağ münaqişəsinə obyektiv baxış yaratmaq üçün çoxsaylı görüşlər keçirdi, erməni təbliğatı (və təşviqatı) ilə "beyinləri yuyulmuş" bəzi konqresmenlərə Azərbaycanın məruz qaldığı təcavüzün miqyasını sübut etmək etmək üçün saatlarla vaxt sərf etdi.
Həmin gərgin müzakirələrdə iştirak edən ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev bir neçə aydan sonra, 1997-ci ilin noyabrında bu missiyanı təkbaşına davam etdirməli oldu. ABŞ Konqresində "Azərbaycanın dostları qrupu" təşkilatlanması yönündə ilk praktik addımlar da həmin dövrə təsadüf edir. Vaşinqtonda ABŞ konqresmenləri ilə, o cümlədən bayaq adını çəkdiyimiz B.Livinqstonla görüşlər keçirən İlham Əliyev 907-ci qadağanın ilk növbədə Amerikanın Azərbaycandakı maraqlarına zərər vuran diskriminasiya aktı olduğunu onların nəzərə çatdırdı. Onun Amerika qanunvericilərinə ünvanladığı "Məgər erməni lobbisi Azərbaycanla ABŞ arasında həyata keçiriləcək böyük müştərək layihələrdən də əhəmiyyətlidir" sualı isə heç də ritorik deyildi və Vaşinqton bu sualın gerçəkliyini 2001-ci ilin payızında, beynəlxalq antiteror kampaniyasında Azərbaycanın dəstəyinə ehtiyac duyandan sonra qəbul etməyə məcbur oldu.
1998-ci ilin noyabrında yenidən ABŞ-a səfər edən İlham Əliyev Konqresdə bir sıra görüşlər keçirdi, Azərbaycanın yaxın dostuna çevrilən senator Sem Braunbeklə görüşdə "Böyük İpək yolu" layihəsi ətrafında geniş müzakirələr apardı. Xatırladaq ki, həmin ilin sentyabrında Bakıda "Böyük İpək yolu" (TRACECA) konfransı keçirilmişdi, Ermənistan isə nəhəng regional əməkdaşlıq layihəsindən kənarda qalmışqdı. Bir qədər sonra S.Braunbekin hazırladığı və Azərbaycanın bu layihədə mövqelərini daha da möhkəmlədən "İpək yolu strategiyası aktı" Senatda qəbul edildi. Eyni zamanda, bu qanunvericilik aktı ilə 907-ci qadağa qismən yumşaldı.
Həmin səfər gedişində diqqətçəkən digər məqam Amerikadakı müsəlman diasporu ilə əlaqələrin qurulması oldu. İlham Əliyev Vaşinqton İslam Mərkəzində Amerika müsəlmanlarının nümayəndələri ilə görüşdə onları Azərbaycanın haqq işinə dəstək verməyə çağırdı, bu istiqamətdə konkret addımlar müzakirə olundu. Yeri gəlmişkən, 2002-ci ildə ilk dəfə olaraq sıravi amerikalıların ABŞ-ın Ermənistana yardımına etiraz olaraq başlatdığı kampaniyanın iştirakçıları arasında bu ölkənin müsəlman icmasının xeyli nümayəndəsi vardı. Bəlkə bu birilərinə xırda bir fakt kimi görünə bilər, amma Amerika gerçəkliyindən xəbərdar olanlar yaxşı bilirlər ki, bu ölkədə siyasi mühitə atilmış toxumun cücərməsi üçün illər lazım olur. Azərbaycan rəhbərliyinin 1997-ci ildən aktiv şəkildə başladığı iş də 2003-cü ildə Konqresdə "Azərbaycanın dostları qrupu"nun yaranması ilə praktik bəhrəsini verdi.
Sonda yenidən ABŞ konqresmenlərinin məlum bəyanatlarına qayıdaraq bir mühüm məqamı qeyd etmək istərdik. Hər iki konqresmen Ermənistanın Azərbaycana təcavüzündən danışarkən 2005-ci ilin yanvarında AŞPA-da qəbul olunmuş Qarabağa dair qətnaməyə istinad edirlər. Bu isə o deməkdir ki, bəzilərinin formal, deklarativ sənəd kimi qəbul etdiyi bu qətnamə artıq praktik rolunu oynamağa başlayıb. Necə ki, dörd il öncə ölkəmizin AŞPA-dakı nümayəndə heyəti Azərbaycan həqiqətlərinin beynəlxalq ictimayyətə çatdırılması yönündə ilk addımlarını atarkən bəziləri bunu formal, praktik əhəmiyyəti olmayacaq iş kimi qiymətləndirdi.
Lakin 2001-ci il aprelindən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyevin Strasburqda Ermənistanı təsavüzkarlığını pisləyən ilk çıxışı ilə başlanan bu yol heç də "yel dəyirmanları ilə" mübarizə olmadı, əksinə, Azərbaycanın haqq mövqeyi ifadə edən onlarla sənəd Avropa Şurasından keçdi və yekun olaraq məlum qətnamə qəbul edildi. Təbii ki, bu yekun hələ son deyil, Azərbaycan öz problemini beynəlxalq birliyə qəbul etdirmək, ən əsası isə ondan bu problemin həlli ilə bağlı real dəstək almaq üçün hələ çox iş görməlidir. Amma mühüm olanı odur ki, bu işin təməli və məqsədə aparan realist siyasət var.
"Qarabağ düyünü"nün açılması da populist bəyanatlarla deyil, məhz real siyasətlə mümkündür. Bəli, bu məsələ çox uzandı və ictimai şüurda yaranan suallar başadüşüləndir. Amma bir gerçəyi də nəzərə almaq lazımdır ki, bu düyünün heç də bütün ipləri bizim əlimizdə deyil. Odur ki, hansı ipi nə vaxt çəkmək məsələsində son dərəcədə tədbirli olmaq gərəkdir.
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
5. DİN-dəki "qara kəmər"in ucu kimin əlindədir?
"Paqonlu qulyabanı»ların ifşasından sonra cəmiyyətin cavab gözlədiyi ilk sual budur
("525-ci qəzet", 19 mapt 2005-ci il)
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən martın 10-da həyata keçirilmiş "Qara kəmər" əməliyyatı nəticəsində adam oğurluğu, qətllər və digər ağır cinayətlər törətmiş bandanın ifşa ediləməsi cəmiyyətdə böyük rezonans doğurub. Son illərdə paytaxtda törədilmiş bir sıra dəhşətli cinayətin üstünün, nəhayət, açılması əhali tərəfindən müsbət qarşılanıb. Əslində bu bandanın ötən doqquz ildə törətdiyi cinayətlərin hər biri ictimai rəydə ciddi narahatlıq və çoxsaylı suallar doğurmuşdu. Cəmiyyət üçün ən aktual sual da sözügedən cinayətlərin bunca müddət ərzində ölkənin hüquq-mühafizə orqanları tərəfindən niyə açılmaması ilə bağlı idi.
Əslində həmin sualın cavabı da hazır idi: əgər cinayətlər açılmırsa, deməli, bunu istəməyən qüvvələr var, həm də kənarda yox, elə hüqüq-mühafizə orqanlarının özündə. Necə deyərlər, elin sözü əzəl-axır düz olur və MTN-nin həyata keçirdiyi əməliyyatın nəticəsi də bunu təsdiqlədi - bandanın başında hansısa residivist-cinayətkar deyil, Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov dayanırmış. Təbii ki, belə yüksək çinli, özü də məhz cinayət-axtarış işi "məşğul olan" orqan əməkdaşının törətdiyi cinayətlər elə-belə açılmazdı. Burada bir məqamı xatırlatmağa dəyər ki, ölkədə adam oğurluğu və ağır cinayətlərlə bağlı kriminogen situasiyanın ağırlığını nəzərə alan mərhum dövlət başçısı Heydər Əliyev hələ 1999-cu ildə bu sahədə ciddi tədbirlər görülməsi üçün DİN-ə və Baş Prokurorluğa xüsusi tapşırıq vermişdi. Öz növbəsində sözügedən instansiyaların rəhbərliyi birgə təhqiqat qrupu yaratmışdı və həmin qrupa DİN-dən baş əməliyyat müvəkkili Hacı Məmmədov, prokurorluqdan isə baş kriminalist, mərhum Rövşən Əliyev təhkim olunmuşdular. Bu "işbirliyi"nin ikinci üçün necə nəticələndiyi bəllidir.
Eyni zamanda, R.Əliyevin 2002-ci ildə qətlə yetirilməsi ilə bağlı cinayətin üç il ərzində açılmaması düşünməyə əsas verir ki, onun ölümünə sifariş vermiş H.Məmmədov bu işdə təkbaşına olmayıb və ən azı bu cinayətin bağlı qalacağına arxayın olub. Bu arxayınçılıq isə heç də onun peşəkər keyfiyyətləri ilə bağlı olan məsələ (yəni iş o qədər "təmiz" görülüb ki, heç bir iz qalmayıb) deyil. İzi itirməyin, necə deyərlər, daha sadə üsulu var: müəyyən şəxslərə müəyyən miqdarda pul verirsən, istintaqın yönünü başqa səmtə dəyişirsən, vəssalam. Odur ki, H.Məmmədovun hüquq-mühafizə orqanları sistemindəki mümkün "krışa"sı barədə danışdıqda ilk növbədə bu məqam nəzərdə tutulur. Hərçənd bu "krışa"nın mahiyyəti daha dərin və cinayət tərkibli ola bilər və bunu da başlanan istintaq aydınlaşdırmalıdır.
Təsadüfi deyil ki, bu gün ictimai rəyi maraqlandıran əsas sual məhz bu yöndədir. Hərçənd "qara kəmər" şərti adı verilmiş əməliyyatın özü bu suala qismən cavab verir. Əgər dövlət başçısı tərəfindən bu əməliyyat DİN-ə deyil, məhz MTN-ə həvalə edilibsə və onun gedişindən birincinin xəbəri olmayıbsa, buradan müəyyən nəticə çıxarmaq o qədər də çətin deyil. Prezident özü də martın 12-də jurnalistlərə müsahibəsində bu məqamı xüsusi vurğuladı.
Dövlət başçısı təəssüflə qeyd etdi ki, sözügedən cinayət əməlləri ilə bağlı indiyədək dəfələrlə istintaq-axtarış işləri (təbii ki, DİN və prokurorluq tərəfindən) aparılsa da, heç bir nəticə verməyib: "Odur ki, mənim tərəfimdən belə bir qərar qəbul olundu ki, bu məsələni MTN-ə həvalə edim. Halbuki bu, onların birbaşa funksiyası deyil". Bu qərardan çıxan nəticə odur ki, əvvəla, sözügedən cinayətkər şəbəkənin ("qara kəmər"in) ucu gedib DİN-ə çıxdığına görə, dövlət başçısı əməliyyatı bu quruma etibar etməyib, ikincisi, həmin şəbəkənin cinayət əməlləri artıq dövlət təhlükəsizliyinə (vətəndaşların həyat təhlükəsizliyi isə onun tərkib hissəsidir) təhdid olduğu üçün prezident bu işi MTN-ə tapşırıb. Burada bir faktı da xatırlatmaq yerinə düşər ki, ötən ilin avqustunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş vermiş məlum cinayət işinin (imtahan cavablarının kənara ötürülməsi) açılması da ölkə başçısı tərəfindən DİN-ə deyil, MTN-ə tapşırılmışdı və nəticəsi tezliklə ictimaiyyətə bəlli oldu.
Və indi ictimaiyyət də bilmək istəyir ki, əgər 1996-cı ildən bu yana çoxsaylı dəhşətli cinayətlərə "imza atmış" banda ikicə həftə ərzində MTN tərəfindən ifşa olunursa, niyə vəzifəsi bilavasitə cinayətkarlıqla mübarizə aparmaq orqan olan DİN bu işi doqquz il ərzində görə bilmirdi. Təbii ki, burada DİN-in yalnız səbatsız kadrlardan, MTN-in isə yalnız peşəkarlardan ibarət olduğunu düşünmək yersiz olardı. Çünki indiyədək DİN tərəfindən kifayət qədər ağır cinayətlər, o cümlədən təhqiqatı bilavasitə MTN-in öhdəsinə düşən əməllər açılıb. Yeri gəlmişkən, nazir Ramil Usubov jurnalisitlərə açıqlamasında bu faktı xüsusilə qeyd edib. Digər yandan, MTN-nin hazırkı rəhbəri də keçmiş polis işçisidir və bu vəzifəyə DİN-in rəhbər strukturlarından gəlib. Maraqlıdır ki, Eldar Mahmudov 2004-cü ilin iyulunda MTN-in başçısı təyin edilənədək DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi olub. Həmin idarənin şöbə rəisi Azər İsmayılov isə H.Məmmədovun qətlə yetirdiyi şəxslərdən biridir.
Deməli, bu və ya digər cinayətin üstünün açılmamasında söhbət yalnız maraqlardan və onların harada kəsişməsindən gedə bilər. Əks təqdirdə, mümkün olan şey deyil ki, H.Məmmədovun əməllərindən ən azı onun işlədiyi idarədə kimsə xəbərdar olmasın. Təsadüfi deyil ki, bu sualı prezident də səsləndirdi və cavabını da qismən açıqladı: "Necə olub ki, on il ərzində bu cinayətkar dəstə bu əməlləri edib? Çünki yəqin əmin idi ki, bu cinayətlərin üstü açılmayacaq". Bu əməllərin üstünün açılmamasının isə, yuxarıda qeyd etdiyimiz kimi, çox sadə üsulu var və güman ki, H,Məmmədov kriminal biznesdən qazandığı pulların bir qismini bu istiqamətdə sərf edib. H.Məmmədovun təkcə doqquz adam oğurluğu faktı (bu hələlik onun etiraf etdiyi və istintaqa bəlli olan rəqəmdir) üzrə "qazancı" 5 milyon dollardan çox olub, onun mənzilindən 35 evin və torpaq sahəsinin qeydiyyat şəhadətnaməsi çıxıb. Sözsüz ki, o bu qədər mal-mülkü təkbaşına "yeyə" bilməzdi. Cinayət yolu ilə əldə edilmiş pulların digər vəzifə sahibləri ilə bölüşdürülməsinin isə bir adı var - korrupsiya.
Azərbaycanda bir çox sahələr kimi, hüquq-mühafizə sisteminin də korrupsiyaya uğradığı sirr deyil və bu gerçək dəfələrlə ölkə rəhbərliyi tərəfindən də etiraf olunub. Eyni zamanda, ölkə rəhbərliyi bu bəla ilə mübarizə aparmaq üçün ardıcıl və sərt tədbirlər görür. Cari ilin əvvəlində ölkə rəhbərliyinin penitensiar sistemdə, konkret olaraq Ədliyyə Nazirilyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində baş alıb gedən korrupsiya şəbəkəsinə qarşı başladığı tədbirləri yada salaq. Dövlət başçısı bu sahədəki vəziyyəti təsvir edərkən onun miqyasından dəhşətə gəldiyini bildirmişdi.
Eyni zamanda, cəmiyyət də "içəridə" nələrin baş verdiyinin və bu sistemdə korrupsiyanın hansı həddə çatdığını şahidi oldu. Fevral ayında cəzaçəkmə yerlərində meydana gələn olaylar əslində qeyd olunan şəbəkənin dövlətin başladığı antikorrupsiya mübarizəsinə qarşı bir qiyamı idi. Və bu sahədə görülən sərt tədbirlər artıq ilk nəticəsini verib - vəzifədən sui-istifadə hallarına, dövlət vəsaitinin israfına və digər nöqsanlara yol verdiklərinə görə 20-dən çox rəhbər vəzifəli şəxs vəzifədən azad olunub, ayrı-ayrı faktlarla bağlı cinayət işləri açılıb.
Ölkə rəhbərliyinin DİN-də yüksək vəzifə tutan "poqonlu qulyabanı"ların ifşa edilməsinə yönəlik sərt tədbirlərini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır. Dövlətin təməl sütunlarından olan bir sistemdə belə dəhşətli kriminal dəstənin özünə yuva tapması nəticə etibarilə dövlətə meydan oxumaq deməkdir və təsadüfi deyil ki, prezident həmin bandanın zərərsizləşdirilməsini ilk növbədə dövlətçiliyin böyük uğuru kimi qiymətləndirdi. Bu hadisə həmçinin nümayiş etdirdi ki, ölkə rəhbərliyi dövlət sistemində özünə yer tapmış və cəmiyyəti dərindən narahat edən kriminallaşmış ünsürlərə qarşı sərt tədbirləri davam etdirmək əzmindədir.
Lakin bu xüsusda bir vacib məqamı vurğulamaq lazımdır. Son olaylardan ümumiləşdirilmiş nəticələr çıxaran bəzi dairələr Azərbaycan polisinin, ümumilikdə hüquq-mühafizə qurumlarının fəaliyyətini yalnız qara fonda təqdim etməyə çalışır. Hətta "poqonlu qulyabanı"ların üzə çıxmasından sonra bütövlükdə DİN-in bir qurum kimi mövcudluğunun məqsədəuyğunluğunu şühbə altına alanlar da tapılır. Ələlxüsus hakimiyyətin opponentlərinin Azərbaycanı kriminallaşmış dövlət kimi səciyyələndirməsi məsələyə qeyri-adekvat və dayaz yanaşmadır. "Poqonlu qulyabanı"lar problemi (hüquq-mühafizə orqanlarının əməkdaşlarının kriminal aləmlə çulğalaşması) dünyanın bir çox yerində, hətta demokratiyanın möhkəm təşəkkül tapdığı ölkələrdə də mövcuddur.
Odur ki, belə faktlara obyektiv və gerçəkçi yanaşmaq lazımdır. Gerçəklik isə ondan ibarətdir ki, aşkar edilən fakt Azərbaycanın daxili işlər orqanlarının üzərinə düşmüş ağır bir ləkədir. Və ölkə rəhbərliyi bu ləkənin yuyulması üçün DİN başçısına konkret tapşırıq verib. Təəssüf ki, DİN rəhbərliyi özü vaxtında bu cinayət faktını aşkarlamayıb. Əlbəttə, düşünmək olar ki, nazirin xəbəri olmayıb. Lakin əgər daxili işlər naziri rəhbərlik etdiyi qurumda nələrin baş verdiyindən xəbər tuta bilmirsə, bu ən azı onun peşəkarlığına xələl gətirə bilən faktdır. Yox, əgər bu fakt məlum olubsa, onda sual yapanıp ki, niyə ona qapşı tədbipləp göpülməyib?
Odup ki, bu məsələdə cəmiyyətin keçirdiyi narahatlıq və ictimai pəydə optaya çıxan suallap tamamilə əsaslıdıp.
Əgər R.Usubov bu hadisədən sonra vəzifəsi ilə vidalaşmayıbsa, bu ilk növbədə dövlət başçısının ona göstəpdiyi alicənablığın göstəpicisidip. Öz növbəsində R.Usubov bir zabit kiim dövlət rəhbərinin ona göstərdiyi etimad, tutduğu vəzifə, daşıdığı poqon və nəhayət, təhlükəsizliyinə cavabdeh olduğu insanlar qarşısında məsuliyyətini nəzərə alaraq üzərinə düşəni etməlidir. Bu məsuliyyətə isə yalnız bir şərtlə qatlaşmaq mümkündür: H.Məmmədovun bandasını birləşdirən "qara kəmər"in bütün əhatə dairəsini üzə çıxarmaq. Çünki əgər bu kəmərin bir ucu polkovnik-leytenant H.Məmmədovun əlindədirsə, digər ucu ona himayədarlıq edən və məntiqlə daha yüksək poqon sahib(lər)inin əlində olmalıdır.
Təsadüfi deyil ki, H.Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş A.İsmayılovun ailəsi də, R.Əliyevin hazırda prokurorluq sistemində işləyən oğlu da Hacının bu şəbəkədə yalnız "peşka" olduğunu bildirirlər. H.Məmmədovun istintaqın ilk günündən bütün cinayətləri təkbaşına üzərinə götürməsi də bu yöndə sualları artırır. Bundan əlavə, MTN və Baş Prokurorluğun birgə məlumatında qeyd olunur ki, əməliyyat nəticəsində H.Məmmədovdan başqa bandanın daha 11 üzvü həbs olunub. Amma indiyədək həmin 11 nəfərdən yalnız 5 nəfərin (o cümlədən 2 çeçenin), DİN əməkdaşlarından isə bir nəfərin - Nərimanov Rayon Mühafizə İdarəsinin növbətçi baş inspektoru, kapitanı Eldar Rəhimovun adı açıqlanıb. Buradan belə qənaətə gəlmək olar ki, həmin 11 nəfərin siyahısı dəqiqləşməyib və şəraitə uyğun olaraq korrektələr edilə bilər. Yeri gəlmişkən, əməliyyatın ilk günü (10 mart) KİV-ə verilən qeyri-rəsmi məlumatda tutulanlar arasında DİN-in Cinayət-Axtarış Baş İdarəsinin rəisi Zakir Nəsirovun qardaşının da adı hallanırdı, lakin rəsmi məlumatda onun adı yox idi. Digər yandan, mərhum A.İsmayılovun bacısı R.Naibova qardaşının ölümündə H.Məmmədovun əlininin olması barədə vaxtilə Baş Prokurorluğa müraciətlər etdiyini, lakin bu müraciətlərin nəticəsiz qaldığını deyir.
İndi isə məlum olup ki, Baş Ppokupopluq da hələ 2001-ci ildə H.Məmmədovdan şübhələnipmiş və onun həpəkətləpini izləmək üçün MTH-ə pəsmən müpaciət edib. Lakin MTH-nin o vaxtkı pəhbəpi Hamiq Abbasov bu yöndə heç bip apaşdıpma apapmayıb. Əgəp belədipsə, onda sual yapanıp ki, niyə baş ppokupop MTH başçısının laqeydliyi bapədə ölkə pəhbəpliyinə məlumat vepməyib. Belə çıxıp ki, əslində sözügedən instansiyalap bu məsələni özləpindən uzaq edəpək bip-bipinə ötüpübləp. Hiyəsi yenə suallap doğupup. Bütün bunlap isə nəticə etibapilə o deməkdir ki, "poqonlu qulyabanı"ların mümkün şəbəkəsi yalnız DİN-lə məhdudlaşmaya bilər...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
6. Gürcüstanın erməni problemi
Bu problemin arxasında dayanan məqamlar bizə çox tanışdır
(«525-ci qəzet», 9 aprel 2005-ci il)
Son günlər Cavaxetiya bölgəsindəki ermənilərin radikal çıxışları və burada yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Tbilisi-Moskva danışıqlarının düyünə düşməsi bütövlükdə Gürcüstan dövlətçiliyi üçün tarixən təhdid rolunu oynamış bir problemi yenidən aktuallaşdırıb. Gürcüstanın zaman-zaman qarşılaşdığı erməni probleminin bizə də yaxşı tanış olduğunu diqqətə alaraq onun mahiyyətinə, arxasında hansı faktorların dayandığına bir qədər geniş nəzər salmaq istərdik.
Gürcüstanın cənub-qərbində yerləşən Samsxe-Cavaxeti quberniyasının tərkibinə 6 rayon daxildir - Adıgen, Aspindz, Borjomi, Axaltsixa, Axalkalaki və Ninosminda. Sonuncu üç rayonun əhalisi əsasən ermənilərdən ibarətdir. Eyni zamanda, bölgənin 5 rayonu (Borjomi istisna olmaqla) Türkiyə ilə, Hinosminda və Adıgen rayonları isə Ermənistanla həmsərhəddir. Gürcüstanın Türkiyə ilə iki əsas gömrük qapısından biri (Vale), həmçinin Ermənistanla gömrük-keçid məntəqəsi (Bavra) bu bölgədə yerləşir. Beləliklə, Samsxe-Cavaxeti geosiyasi nöqteyi-nəzərdən Gürcüstan üçün olduqca önəmli bir bölgədir. Lakin bu bölgənin Gürcüstan üçün önəmini xüsusilə artıran və hazırkı vəziyyətdə müəyyən mənada rəsmi Tbilisi üçün başağrısı edən iki mühüm faktor da var.
Birincisi, yuxarıda qeyd etdiyimiz demoqrafik faktor, yəni bu bölgədə erməni əhalisinin kompakt yaşaması, ikincisi isə burada (Axalkalaki rayonunda) Rusiyanın keçmiş SSRİ-dən qalan 62-ci hərbi bazasıdır. Əslində bu faktorların hər ikisinə ümumi kontekstdə nəzər salmaq lazımdır. Çünki erməni əhalisinin Cavaxetiyada çoxluq təşkil etməsi ilə burada rus hərbi bazasının təşəkkül tapması bir-biri ilə bilavasitə bağlıdır. Bunu izah etmək üçün isə tarixə ekskurs etmək lazımdır.
Əslində Cavaxetiyadakı hərbi baza Rusiyaya keçmiş SSRİ-dən deyil, onun sələfi çar imperiyasından miras qalıb. Çar Rusiyası isə bu hərbi istehkamı özünün əzəli düşməni olan Osmanlı ilə müharibədə ondan qopırmışdı. Hecə ki, bu ərazilərdə 19-cu əsrin əvvəlinədək məhz Osmanlı dövləti hökmranlıq edirdi. 1828-ci il iyulun 24-də general Paskeviçin komandanlıq etdiyi rus qoşunları Axalkalakini tutdular və oradakı türk qarnizonunun yerində çar imperiyasının hərbi bazası yaradıldı. Ötən təxminən iki əsr ərzində bu baza Rusiya (sovet) imperiyasının cənub cinahındakı ən mühüm forpostlardan biri olub.
Lakin ruslar Cənubi Qafqazdakı ekspansiya siyasətini sadəcə hərb yolu ilə həyata keçirməyib. Bu siyasətin mühüm tərkib hissələrindən biri də işğal edilmiş ərazilərin demoqrafik düzəninin dəyişdirilməsi olub. Tarixən bütün imperiyalar bu üsuldan istifadə ediblər və işğal edilmiş koloniyalara metropoliyanın hakim əhalisi köçürülüb. Amma Rusiya bu məlum siyasəti bir qədər korrektə edib. Çünki çar imperiyasına Cənubi Qafqazda istədiyi siyasəti yeritmək üçün buraya rus əhalisini köçürmək o qədər də vacib deyildi (hərçənd bu həyata keçirilirdi), bu işi ermənilər daha yaxşı və ruslara sədaqətlə görə bilərdilər.
Odur ki, I Hikolay babası Pyotrun vəsiyyətinə uyğun olaraq ermənilərdən bacarıqla istifadə etmək qərarına gəldi və 1830-cu ildə Osmanlı ilə sülh sazişinin müddəalarına uyğun olaraq Türkiyənin şimal-şərq bölgələrindən, özəlliklə Ərzurumdan Cavaxetiyaya 30 min erməni köçürüldü. Həzərə alsaq ki, indinin özündə Cavaxetiya ermənilərinin sayı 120 minə yaxındır, həmin rəqəmin o dövr üçün nə qədər böyük olduğunu təsəvvür etmək mümkündür. Cavaxetiyada məskən salan ermənilər orada tarixən yaşamış etnik türkləri, ahıskalıları sıxışdırmağa başladı və bu proses sovet dövründə daha da intensiv şəkil aldı və nəhayət, 1944-cü ildə Stalin tərəfindən ahıskalıların deportasiya edilməsi ilə ermənilər Cavaxetiyanın faktiki hakiminə çevrildilər.
Bu faktların bizim üçün nə qədər tanış olduğunu, yəqin ki, xüsusi qeyd etməyə gərək yoxdur. Həmin general Paskeviç elə həmin 1830-cu ildən başlayaraq İrandan (o da çar Rusiyası ilə müharibəni uduzmuşdu) şimali Azərbaycana, o cümlədən Qarabağa və İrəvan xanlığına on minlərlə erməni köçürmüşdü. Ermənilər isə özlərini bu ağası kimi görərək bölgənin səngiməyən münaqişə və ixtilaf mənbəyinə çevrildilər. Yeri gəlmişkən, Paskeviçin vaxtilə ermənilərə xitabən dediyi "Bu torpağa hakim ol, qorxma, rus ordusu sənə arxa duracaq!" sözləri bu gün də Axalkalakidəki Rusiya hərbi bazasında kazarmanın girişinə həkk olunub. Beləliklə, Rusiya hələ iki əsr öncə ermənilərin simasında Cənubi Qafqazın altına uzunmüddətli və məsafədən idarə olunan bomba qoymuşdu və onun partlayışları zaman-zaman həm Azərbaycanda, həm də Gürcüstanda, özü də kifayət qədər sinxron şəkildə özünü gəstərib.
Ermənilərin Gürcüstana qarşı ərazi iddiaları və rusların hesabına sakini olduqları bölgənin Ermənistana birləşdirmək yönündə aktiv fəaliyyəti 20-ci əsrin əvvəlinə gedib çıxır və bu gün çoxlarının bəlkə də xatırlamadığı 1918-ci ilin erməni-gürcü müharibəsinin də kökündə bu məsələ dururdu. Ermənilərin Cavaxetiyada "ikinci Qarabağ" (yəni ilkin mərhələdə orada ən azı muxtariyyətə nail olmaq, sonra isə məlum kampaniyanı başlamaq) yaratmaq cəhdi heç vaxt onların gündəmindən çıxmayıb. 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyasına dair Stalinin "dobro"suna nail olmuş Mikoyan "ata"nın köməyi ilə Cavaxetiya ermənilərinə muxtariyyət statusu verilməsini də həll etmək əzmində idi. Lakin gürcü Stalin ermənilərin bu təşəbbüsünün qarşısını almışdı və bu məsələ yenə "donduruldu". Həhayət, ermənilərin Qorbaçovun "dobro"su ilə 1988-ci ildə Dağlıq Qarabağda başladıqları avantüra Cavaxetiya ermənilərinin də qırışığını açdı.
Ermənilərin Dağlıq Qarabağda kütləvi çıxışlarından bir neçə gün sonra, 1988-ci il fevralın 25-də Axalkalakidə bir qrup erməni "Cavaxk" (ermənilərə görə, bu bölgənin qədim erməni dilində əsl adı belə olub) adlı komitə ("Qarabağ" komitəsinin analoqu) yaratmışdı. Qurumun üzvləri məqsədlərinin guya "Qarabağdakı erməni qardaşlarına maddi yardım göstərmək" olduğunu bəyan etsələr də, gerçək niyyət tezliklə özünü büruzə verdi. Artıq 1988-ci ilin aprel-mayında sözügedən qurum "Cavaxk Xalq Hərəkatı"na çevrildi, 1990-cı ilin yanvarında isə özünün rəsmən qurultayını keçirdi və Gürcüstan hakimiyyəti qarşısında ilk tələblərini qoymağa başladı. Tələblər isə Cavaxetiyada yerli icra hakimiyyəti və digər postlara ermənilərin təyin edilməsi ilə bağlı idi.
Qeyd etmək lazımdır ki, o vaxt Gürcüstanda hakimiyyətdə millətçi Zviad Qamsaxurdia qeyri-gürcülərə qarşı sərt siyasət yeridirdi və ermənilərin bu iddialarını ilk vaxtlar qulaqardına vurdu. Lakin Cavaxetiya ermənilərin həm Yerevandan, həm də Rusiya dairələrə tərəfindən dəstəklənən çıxışları davam edirdi, üstəlik Gürcüstanın özündə daxili hərbi-siyasi gərginlik dərinləşmiş, Qamsaxurdianın başı isə həm də Cənubi Osetiya münaqişəsinə qarışmışdı. Odur ki, Qamsaxurdia 1991-ci ilin noyabrında (yəni devrilməsindən bir ay öncə) xüsusi sərəncamla Cavaxetiya ermənilərinin ilkin tələblərinə qismən əməl etdi və "Cavaxk" hərəkatının lideri Samvel Petrosyan Axalkalaki rayonunun prefekti (icra başçısı) təyin edildi.
Şevardnadze hakimiyyətə gələndən sonra ermənilərin iddiaları daha da gücləndi və o, Cavaxetiyada bir sıra mühüm postlara erməniləri təyin etdi, bölgədə erməni məktəblərinin, erməni dilində mətbuat orqanlarının sayı artdı. Ermənilər isə Gürcüstanı parçalamaq yönündə fəaliyyətlərini daha da genişləndirməkdə idilər və 1992-1993-cü ilin Abxaziya müharibəsində bu separatçı bölgədə yaşayan ermənilərin Gürcüstan dövlətinə qarşı vuruşması bunun bariz nümunəsi idi. Eyni zamanda, Cavaxetiya kartı daha intensiv şəkildə işə salınırdı. Şevardnadzenin Gürcüstanın ərazi-inzibati sistemində başladığı islahatlar (rayonların quberniyalarda birləşdirilməsi) erməniləri daha da ruhlandırmışdı və onlar Cavaxetiyanın ermənilərin kompakt yaşadığı üç rayonunu (Axaltsixa, Axalkalaki və Ninosminda) bir quberniyada birləşdirilməsi təklifi ilə çıxış etdilər.
Qeyd etmək lazımdır ki, həmin rayonların ilk ikisində erməni əhalisi mütləq çoxluq (90 faiz) təşkil edirdi, Hinosmindanın isə əhalisinin yarısı erməni idi. Belə olan halda yaradılacaq yeni quberniyanın demoqrafik tərkibi və vahid inzibati qurumda birləşmiş ermənilərin gələcək iddialarının hara gedib çıxacağı rəsmi Tbilisi üçün anlaşılan idi. Odur ki, Gürcüstan rəhbərliyi bu bölgədə quberniya yaratdı, amma ermənilərin istədiyi kimi üç rayondan ibarət deyil, qonşu Samsxe bölgəsinin üç rayonu da qatılmıqla ümumilikdə 6 rayondan ibarət Samsxe-Cavaxeti inzibati vahidi yaradıldı. Yeni inzibati vahiddə erməni əhalisinin faiz göstəricisi isə ümumi əhalinin (240 min nəfər) yarısını təşkil etdi.
Bununla belə, ermənilərin Cavaxetiyadakı separatçılıq meylləri davam etməkdə idi və 1998-ci ildə Ermənistanda Koçaryanın hakimiyyətə gəlməsi və daşnakların siyasi fəaliyyət arenasının (Ter-Petrosyanın dövründə bu fəaliyyətə faktiki qadağa qoyulmuşdu) genişlənməsi Cavaxetiya ermənilərini də ruhlandırdı. Təsadüfi deyil ki, məhz həmin vaxtdan başlayaraq Cavaxetiya erməniləri guya sosial vəziyyətlərinin ağırlığını vurğulayaraq bu problemlərin bölgəyə veriləcək muxtariyyət statusu ilə çözülə biləcəyi barədə açıq çıxışlara başladılar. Gürcüstan parlamentinin erməni deputatları isə Şevardnadzeyə müraciət edərək Cavaxetiyanın istər iqtisadi, istərsə də coğrafi baxımdan daha çox Ermənistana bağlı olduğunu və bu səbəbdən quberniyanın Ermənistanla ikitərəfli əlaqələrinin daha da genişlənməsini təklif edirdilər. Bu tezis də bizə çox tanışdır. Ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini "əsaslandırmaq" üçün məhz bu məqamı önə çəkirdilər.
Axalkalakidəki 62-ci bazanın çıxarılmasına dair Gürcüstan-Rusiya danışıqlarının başlanması isə ermənilərin çıxışlarını daha da radikallaşdırdı. Artıq onlar sosial tələblərlə pərdələnən çıxışlar deyil, sırf siyasi tələblər səsləndirməyə və sözügedən bazanın çıxarılmasına imkan verməyəcəklərini bəyan etməyə başladılar. Ermənilərin arqumentlərinə görə, baza ətrafındakı infrastuktur yerli ermənilər üçün mühüm gəlir mənbəyi (iş yeri) rolunu oynayır. Həmçinin hərbi hissədə əslən Cavaxetiyadan olan, amma Rusiya vətəndaşlığı daşıyan xeyli erməni hərbçisi qulluq edir və bazanın ləğvi ilə onlar da ailələri ilə birlikdə bölgəni tərk etməyə məcbur olacaqlar.
Xatırladaq ki, 1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində qəbul edilmiş qərara əsasən, Rusiyanın Gürcüstan ərazisindəki 4 hərbi bazasından 2-si (Vaziani və Qudauta) 2001-ci ilin iyulunadək ləğv edilməli, habelə həmin vaxtadək digər 2 bazanın (Axalkalaki və Batumi) çıxarılması qrafiki razılaşdırılmalı idi. Ötən müddət ərzində birinci məsələ qismən həllini tapsa da, Axalkalaki və Batumi bazaları ilə bağlı müzakirələr nəticə verməyib. Xüsusilə Axalkalaki məsələsində Rusiya daha sərt tutum nümayiş etdirir və bu məsələdə erməni faktorundan istifadə edir.
Öz növbəsində Gürcüstan rəhbərliyi Cavaxetiya ermənilərinin radikallığını səngitmək üçün dəfələrlə Ermənistan rəhbərliyini bölgəyə dəvət edib və hər dəfə prezident Koçaryan, digər erməni rəsmiləri bəyan ediblər ki, onlar bunu Gürcüstanın daxili işi hesab edirlər, o cümlədən Axalkalaki bazasının ləğvi məsələsinə də müdaxilə etmək fikrində deyillər. Bənzər ifadə bu günlərdə Koçaryanla Saakaşvilinin Qudauridəki danışıqlarından sonra da səslənib.
Lakin bu bəyanatlara baxmayaraq Ermənistan rəhbərliyinin Gürcüstandakı erməni separatizmindən məsafədə dayanması yalnız görüntüdür və bu gün Cavaxetiyada cərəyan edənlər 17 il öncə Dağlıq Qarabağda başlanan erməni ssenarisinin variantıdır. Bu variantın nə dərəcədə reallaşacağı isə ilk növbədə Gürcüstan rəhbərliyinin aparacağı siyasətdən və bu ölkənin vaxtilə Azərbaycanın buraxdığı səhvlərdən nəticə çıxarıb-çıxarmamasından asılı olacaq...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
7. Amerika Azərbaycandan nə istəyir?
Vaşinqton-Bakı münasibətlərinin mahiyyəti və bu xüsusda səslənən spekulyasiyalar barədə
(«525-ci qəzet», 16 aprel 2005-ci il)
Azərbaycan-Amerika münasibətlərinin tarixi hər zaman suallarla zəngin olub və onların əksəriyyəti üstündən illər ötəndən sonra da aktual olaraq qalır. Əgər bir qədər uzaq keçmişə ekskurs etməli olsaq, qarşımıza belə bir sual çıxacaq ki, niyə Birləşmiş Ştatlar bizim birinci respublikamızın, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini onun mövcud olduğu iki il ərzində tanımamışdı və ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilson onun qəbuluna düşmək üçün aylarla gözləməli olan Azərbaycan nümayəndə heyətini əliboş qaytarmışdı. Türkiyənin bir hissəsinin ermənilərə verilməsini nəzəpdə tutan təslimçi Sevr anlaşmasını Osmanlıya imzalatmağa nail olan (sonradan Atatürk tərəfindən ləğv edildi) ABŞ prezidentinin Azərbaycana münasibəti də fərqli deyildi. Təsadüfi deyil ki, ermənilər sonradan Yerevanda Vilsona heykəl də qoydular.
Yaxın keçmişə nəzər salsaq, onda belə bir suala cavab axtarmalı olarıq ki, nədən ABŞ Azərbaycanın ikinci müstəqilliyini əksər dövlətlərdən sonpa, yalnız 1992-ci ilin yanvarında, yəni SSRİ-nin süqutu tam rəsmiləşəndən sonra və Rusiya ilə eyni vaxtda tanıdı. Hərçənd ABŞ-Rusiya münasibətlərindəki bu sinxronluğun arxasında vacib geosiyasi məqamların dayandığı bizə elə o vaxt bəlli idi. Yaxud ABŞ-Azərbaycan münasibətlərinin təxminən 10 illik dövrünə mənfi damğasını vurmuş məlum 907-ci qadağanı götürək. 1992-ci ilin oktyabrında ABŞ Konqresindəki erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağanın həmin vaxt prezident seçkiləri kampaniyasında erməni seçicilərin səsini qazanmağa çalışan prezident Buş (ata) tərəfindən tələsik imzalanaraq qüvvəyə minməsi Azərbaycan cəmiyyətində haqlı sual doğurmuşdu: əgər Amerika ədalət tərəfdarıdırsa, onda niyə təcavüzə məruz qalmış Azərbaycana münasibətdə belə ədalətsiz davranır?
Nəhayət, 2001-ci ilin məlum 11 sentyabr olaylarından sonra başladığı antiterror kampaniyasında Azərbaycanın regional dövlət kimi strateji yerini və ölkəmizin ona verdiyi birmənalı dəstəyi adekvat dəyərləndirən ABŞ prezidenti (bu dəfə oğul Buş) 907-ci qadağanın qüvvəsinin dayandırılması barədə qərar qəbul edəndə də Azərbaycan cəmiyyətində suallar yaranmışdı. Çünki həmin vaxtadək ABŞ rəhbərliyi 907-nin ləğvi barədə Azərbaycanın çoxsaylı xahişlərinə belə cavab verirdi ki, bu, Konqresin səlahiyətinə aid məsələdir və guya Ağ ev ona müdaxilə edə bilmir. Amma elə onda bizə aydın idi ki, 907-ci qadağa o vaxt aradan qalxacaq ki, bunu Amerikanın özünün strateji maraqları tələb edəcək. Beləliklə, indiyədək Amerika ilə münasibətlərimizdə ortaya çıxmış suallar belə bir gerçəyi təsdiqləyib ki, hər bip dövlət kimi ABŞ-ın da strateji (milli) maraqları var və o atdığı addımlarda ilk növbədə bu maraqları diqqətə alır.
Qayıdaq sərlövhədəki suala. Son günlər xüsusi aktuallıq qazanmış bu sualla bağlı əsasən iki spekulyativ məqam diqqəti çəkir. Birincisi, ABŞ-ın Azərbaycandakı səfirinin respublikanın bölgələrini ziyapət etməsi və guya onun arxasında dayanan niyyətlər, ikincisi, ABŞ müdafiə nazirinin Bakıya növbəti səfərinin pərdəarxası tərəfi barədə səslənən fərziyyələr. Hər iki məqamın ümiləşdirilmiş nəticəsi isə belədir ki, guya ABŞ Azərbaycanda "məxməri inqilab" hazırlayır və səfir Rino Harnişin bölgələrdə müxalifət nümayəndələri ilə görüşlər keçirməsi, həmçinin Donald Ramsfeldin Bakıya qəfil gəlişi bu məsələ ilə bağlıdır. Hətta belə fərziyyə də səslənip ki, ABŞ Azərbaycan rəhbərliyi qarşısında sərt dilemma qoyub: ya burada Pentaqonun hərbi bazası yerləşəcək, ya da Amerika "məxməri inqilab" edəcək və onun istəyini təmin edəcək qüvvələri hakimiyyətə gətirəcək.
Əlbəttə, bu fərziyyələri qeyri-ciddi elan edib mahiyyətinə varmamaq da olardı. Bununla belə, bəzi məqamları qeyd etməyə ehtiyac vap. Öncə cənab Hapnişin bölgələrə səfəri barədə. Kənar müşahidəçidə təsəvvür yarana bilər ki, ABŞ səfiri bir neçə rayona səfər etməklə indiyədək görünməmiş bir addım atıb ki, rezonansı da belə böyük olub. Gerçəkdə isə səfir Harniş, onun sələfi, habelə digər ölkələrin səfirləri mütəmadi olaraq Azərbaycanın bölgələrinə gedip, müxtəlif görüşlər keçirirlər. O cümlədən 2003-cü ilin prezident seçkiləri ərəfəsində belə səfərlər olmuşdu. Amma onda kimsə bunu "məxməri inqilaba" hazırlıq kimi yozmamışdı.
Qeyd oluna bilər ki, o vaxt "məxməri inqilab" məsələsi aktual deyildi, postsovet məkanında məlum hadisələr baş verməmişdi. Elə məsələnin kökünü də burada axtarmaq lazımdır. Məsələ ondadır ki, ayrı-ayrı postsovet ölkələrində baş verən inqilabları peyvəndi olmayan siyasi infeksiya kimi qiymətləndipən Azərbaycan müxalifəti əmindir ki, bu proses bizdən yan keçməyəcək və Amerikanın səfiri, belə demək mümkünsə, bu infeksiyanı Azərbaycana yoluxduracaq əsas mənbədir.
Burada sual meydana çıxır ki, əgər Amerika səfirinin əsas missiyası Azərbaycanı "məxməri inqilaba" yoluxdurmadıpsa (hərçənd biz belə düşünmürük), onda niyə cənab Harniş bu məsələni ucqar rayonda müxalifət partiyalarının sıradan bir neçə üzvü ilə müzakirə edir, bu məsələni Bakıda həmin partiyaların rəhbərləri ilə daha predmetli müzakirə edə bilməzmi? Necə ki, Amerika səfiri də, digərləri də Bakıda müxalifət liderləri ilə müntəzəm görüşürlər. Belə çıxıp ki məsələ bu və ya digər görüşün harada baş tutmasında deyil, həmin faktdan çıxapılan nəticədədip. Və Azərbaycanın müxalifət dairələri, məlum lətifədə olduğu kimi, belə nəticəyə gəlirlər ki, əgər ABŞ səfiri onlara ayrıca salam verirsə, deməli Amepika onları hakimiyyətə gətirmək istəyir.
Qeyd etmək lazımdır ki, belə uzağagedən nəticələr təkcə müxalifət təmsilçilərinin deyil, iqtidar partiyasının ayrı-ayrı mənsublarının çıxışlarında da özünü büruzə verir. Ələlxüsus Milli Məclisin son islaslarında bu yöndə səslənən fikirlər maraq doğurur.
Ymumiyyətlə, parlamentdə hər hansı məsələyə həddən ziyadə ekspressiv münasibət bildirilməsi bir növ normal haldır və ona bütün ölkələrin, o cümlədən həmin Amerikanın parlamentində də rast gəlinir. Amma həmin çıxışları özünəməxsus şəkildə dəyərləndirən bəzi kütləvi informasiya vasitələri Azərbaycan iqtidarında guya antiamerika əhvalının yaranması, hətta hakimiyyətin ABŞ-a "soyuq müharibə" elan etməsi barədə mülahizələr yürüdür.
Zənnimizcə, bu mülahizələp gerçəkdən çoz uzaqdıp. Ən azı ona görə ki, parlament heç bir ölkədə, o sıradan Azərbaycanda da, dövlətin, illah da icra hakimiyyətinin rəsmi mövqeyini ifadə etmir. Hətta parlament sədrinin fikri hakimiyyətin mövqeyi deyil. Ona qalırsa, elə həmin Amerikada dəfələrlə ayrı-ayrı konqresmenlər, senatorlar Azərbaycan əleyhinə ən sərt çıxışlar ediblər, hətta 2000-ci ildə Konqresin spikeri, o vaxt hakimiyyətdə olan Demokrat Partiyasının nümayəndəsi Dennis Hastert "erməni soyqırımı"nın tanınmasını ön görən qətnamə layihəsinin müəlliflərindən biri olmuşdu, amma bu faktların heç biri ABŞ hakimiyyətinin rəsmi mövqeyi kimi qiymətləndipilməyib.
Dövlətin rəsmi mövqeyi prezident və XİN tərəfindən ifadə olunur. ABŞ səfirinin adı ətrafında gedən diskussiyalarda isə, bu instansiyalar bir kənara, prezident administrasiyasının hər hansı rəsmisinin də mövqeyi eşidilməyib. Eyni zamanda, MM-dəki diskussiyalarda bəzi deputatlapın özünüpeklam cəhdləpi də aşkap göpünüpdü. Məsələn, bəzi deputatlar Amerika səfirinə irad tutdular ki, niyə o, bölgələrdə müxalifət nümayəndələri ilə görüşüb, amma orada məskunlaşmış köçkünlərə baş çəkməyib. Necə deyərlər, maraqlı sualdır.
O baxımdan maraqlıdır ki, görəsən, ABŞ səfirinə bu iradı tutanların özləri bölgələrdəki köçkünləri ayda (ildə) neçə dəfə ziyarət edirlər. Odup ki, populistliyi ilə diqqət çəkən bu çıxışları ayrı-ayrı millət vəkillərinin şəxsi qayğıları nöqteyi-nəzərindən qiymətləndirmək daha düzgün olardı. Hər halda qarşıdan parlament seçkiləri gəlir və necə deyərlər, seçicilər qarşısında özünü göstərmək lazımdır.
Həmçinin ABŞ diplomatının son hərəkətlərinin guya Vaşinqtonun Azərbaycan müxalifətinə məxsusi simpatiyasının göstəricisi kimi ictimai rəyə sırımaq cəhdləri də eynilə populizm nümunəsidip. Maraqlıdır ki, bu günlər aşkap amerikanizm təfəkkürü ilə ortaya çıxanlar bip neçə ay öncəyədək tamam başqa mülahizələlərlə çıxış edir, Amepikanı, həmçinin indi barəsində rəğbətlə danışdıqları səfir Harnişi sərt ifadələrə "topa" tutapaq onlapı Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verməsini əngəlləməkdə ittiham edipdiləp. Belədə sual yaranır: ilyarım öncəki tənqidlər nə idi, bugünkü təpif nədir? Əgər Amerikanın Azərbaycanda "məxməri inqilab"la bağlı planları vardırsa, niyə onu ilyarım öncə işə salmamışdı. Yəni dəyişən nədir? Yoxsa, Amerikanın Azərbaycan hakimiyyətinə münasibətini dəyişib? Zənnimizcə, burada yalnız siyasətdə həvəskarlığa aludə olanların növbəti menyü dəyişikliyindən söhbət gedə bilər.
Amerikanın Azərbaycana münasibəti, o cümlədən Vaşinqton-Bakı münasibətlərinin mahiyyətində isə elə yenilik baş verməyib.
Ümumiyyətlə, Birləşmiş Ştatlar fövqəldövlət olaraq digər ölkələrlə münasibətlər qurarkən orada iqtidarda konkret kimin olmasını deyil, özünün strateji maraqlarını diqqətə alır. Eyni zamanda, ABŞ-ı bütün dünyaya demokratiya ixrac edən və xarici siyasətini də bu ppinsip quran bir dövlət kimi təqdim etmək ən azı siyasi parodiya olardı. Bunun belə olmadığını yəqin etmək üçün tarixin uzaq səhifələrini vərəqləməyə ehtiyac yoxdur, hələ tozanağı səngiməmiş İraq kampaniyasını göz önünə almaq kifayətdir.
Bəs Amerikanın Azərbaycandakı maraqları nədir? Onları qısaca belə sıralamaq olar: Xəzər nefti və onun dünya bazarına (oradan da Amerikaya) təhlükəsiz ixracı, yəni geniş mənada geoiqtisadi maraqlar, regional təhlükəsizlik və antiterror sahəsində əməkdaşlıq və təbii ki, Azərbaycanın Qərbə, Avroatlantik məkana inteqrasiyası və burada demokratik inkişafa dəstək verilməsi. Bu sahələrin hər biri üzrə Amerika-Azərbaycan əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və bunu Vaşinqton rəsmiləri də təsdiqləyirlər. Amma o da gerçəkdir ki, bu inkişaf tempi barədə ABŞ və Azərbaycan təpəfin mülahizələri fərqli ola bilər.
Məsələn, Amerika istərdi ki, Azərbaycanda demokratikləşmə prosesi daha sürətlə getsin, lap elə Qərb ölkələrindəki səviyyədə bərqərar olsun. Yaxud Amerika istərdi ki, onun şirkətlərinin Xəzər neftindəki payı indikindən daha çox olsun, həmin şirkətlərin buradakı fəaliyyətinə daha geniş imtiyazlar verilsin. Vaşinqton istəyir ki, Azərbaycan İraqa əlavə sülhməramlı kontingenti göndərsin və bu yöndə uzun müzakirələr gedib. Yaxud da götürək Ramsfeldin Bakıya son səfəri kontekstində iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığını. ABŞ hələ 2003-cü ilin sonunda Xəzər akvatoriyasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı Azərbaycana layihə təqdim edib. Həmin təklifə görə, burada ABŞ Silahlı Qüvvələrinin iştirakı ilə "Xəzər mühafizəsi" adlı birgə çevik kontingent formalaşdırılmalı və onun məqsədi neft yataqlarının, boru kəmərlərinin terror təhdidlərindən qorumaq olmalıdır. Azərbaycan bu layihənin müzakirəsinə razılıq verib, amma ABŞ bu işin daha sürətlə getməsini istəyir.
Öz növbəsində Azərbaycan bu məsələyə özünün maraqlarını, həmçinin bu layihənin bizim digər Xəzəryanı dövlətlərlə münasibətlərimizə necə təsir edə biləcəyini nəzərə alaraq yanaşır. Yeri gəlmişkən, Amerika analoji təkliflə Qazaxıstana da müraciət edib və hələlik Astana ona cavab verməyib. Ümumiyyətlə, bu gün hövzəyanı ölkələrin (o cümlədən dənizin bölüşdürülməsində Azərbaycanla strateji müttəfiqlik nümayiş etdirən Qazaxıstan və Rusiyanın) ümumi mövqeyi belədir ki, Xəzərin problemləri kənar dövlətlərin müdaxiləsi olmadan çözülməlidir. Digər tərəfdən, Azərbaycan, məsələn, çox istərdi ki, Amerikanın təklif etdiyi təhlükəsizlik çətiri yalnız Xəzərdəki neft yataqlarını deyil, ölkəmizin işğal altında olan torpaqlarını da əhatə etsin. Amma Amerikanı neft maraqlandırır, Qarabağda isə neft yoxdur...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
8. Müxalifətin seçki taktikası: illüziyalar və reallıqlar
Hakimiyyətə iddia edən qüvvələrin düşərgəsinə baxış
(«525-ci qəzet», 22 aprel 2005-ci il)
Parlament seçkiləri ərəfəsində ölkənin daxili siyasi mənzərəsində nələr baş verir? Siyasi qüvvələr ilin əsas hadisəsinə necə hazırlaşırlar? Sözsüz ki, noyabr seçkiləri yaxınlaşdıqca bu suallar daha çox aktuallıq kəsb edəcək və onların ətrafında daha təfərrüatlı təhlillər zəruri olacaq. Bununla belə, artıq indidən bu yöndə müəyyən mülahizələri qeyd etmək mümkündür. Seçkilərə rəsmi start hələlik verilməsə də, bu mübarizə artıq başlanıb və ilin əvvəlindən ölkədaxili siyasi həyatda cərəyan edən proseslərə nəzər yetirsək, bunu bir daha yəqin edə bilərik.
Öncə qeyd etmək lazımdır ki, iqtidar da, müxalifət də bu seçkilərə 2003-cü ilin prezidentlik yarışının davamı, eyni zamanda, daxili siyasi mübarizənin həlledici mərhələsi kimi yanaşırlar. Hakimiyyət bu seçkilərdə 2003-cü ildəki uğurunu daha da möhkəmləndirmək, müxalifət isə iki il öncə düçar olduğu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir. Hər iki tərəfin yaxın və uzaq proqram məqsədləri də prinsipcə aydındır. İqtidar bu seçkilərdə ən azı 2000-ci ilin parlament seçkilərinin nəticələrini təkrarlamaq (minimum məqsəd) və situasiya uyğun olarsa, Milli Məclisdəki təmsilçilik imkanlarını daha da genişləndirmək (maksimum məqsəd) niyyətindədir. Eyni zamanda, hakimiyyət bu məqsədlərə seçkilərin şəffaflıq və demokratiklik "planka"sını yüksəltməklə, başqa sözlə, seçkidən sonra beynəlxalq dairələrdən daha dözümlü və ötən seçkilərə nisbətən daha məqbul qiymət almaqla nail olmaq fikrindədir. Bu xüsusda hakimiyyət təmsilçilərinin təmkin və arxayınlığı diqqət çəkir. Dövlət başçısı İlham Əliyev YAP-ın qurultayında bəyan etdi ki, hakim partiya ölkənin mövcud siyasi mənzərəsində özünə real rəqib görmür və əmin olduğunu bildirdi ki, YAP tərəfindən dəstəklənəcək namizədlər seçkilərdə açıq, ədalətli, şəffaf mübarizədə qalib gələcəklər. Lakin hələlik iqtidar düşərgəsinin seçki taktikası ilə bağlı təfsilatlı fikir söyləmək tezdir. Ən azı ona görə ki, hakim partiya seçkilərlə bağlı konkret müzakirələr açmayıb. Odur ki, vəziyyətə real qiyməti belə müzakirələr başlayandan sonra, o cümlədən konkret seçki dairələri üzrə namizədlər müəyyənləşən zaman vermək mümkün olacaq. Hər halda 2000-ci ilin seçki kampaniyasının təcrübəsini nəzərə alsaq, qeyd edə bilərik ki, məhz bu mərhələdə hakim partiya və ümumilikdə iqtidar daxilində müəyyən mübahisələr, hətta lokal (bu və ya digər seçki dairəsi ilə bağlı) ixtilaflar da özünü büruzə verə bilər. Maraqlıdır ki, müxalifət təmsilçiləri də ilkin seçki taktikasını bu məqama hədəfləyiblər və hesab edirlər ki, iqtidar düşərgəsində seçki ilə bağlı ortaya çıxacaq ixtilaflar onların xeyrinə işləyəcək. Eyni zamanda, müxalifət nümayəndələri bildirirlər ki, onlar 2003-cü ilin prezident seçkilərindən ciddi nəticələr çıxarıblar və bu dəfə iqtidarla mübarizədə daha monolit və əzmli olacaqlar. Müxalifət ideoloqlarının fikrincə, parlamentə seçkilərin ancaq majoritar sistem (birmandatlı dairələr) üzrə keçirilməsi düşərgənin manevr imkanlarını genişləndirir. Çünki ötən seçkilərdə müxalifət partiyalarının proporsionalsistemə həddən artıq diqqət verməsi nəticəsində birmandatlı dairələr üzrə mübarizə ikinci plana keçirdi. Maraqlıdır ki, 2002-ci ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilərkən müxalifət təmsilçiləri bunun əksini iddia edir və proporsional sistemin ləğvinin iqtidarın siyasi maraqlarına xidmət etdiyini bildirirdilər. İndi isə belə çıxır ki, üç il əvvəl hakimiyyət bu addımı ilə müxalifətin maraqlarına xidmət etmiş olub. Hərçənd, 2002-ci ildə səslənən iddialar kimi, indi bəyan edilən tezislər də yetərincə ziddiyyətlidir. Əgər, müxalifət nümayəndələrinin qeyd etdiyi kimi, majoritar sistem onların vahid seçki platforması ilə bağlı manevr imkanlarını artırırsa, onda niyə bu imkandan 1995 və 2000-ci il seçkilərində istifadə olunmadı. Bu tezisdən çıxan bir nəticə də odur ki, müxalifət liderləri ötən seçkilərdə proporsional sistemə əlahiddə diqqət verməklə əslində, özlərinin şəxsi maraqlarını güdüblər. Həmin seçkilərdə ayrı-ayrı müxalifət partiyalarında proporsional siyahının yuxarısında (daha çox şanslı sayılan ilk üçlükdə) yer almaq üçün hansı mübarizənin getdiyi də yaxşı məlumdur. O ki qaldı müxalifət düşərgəsinin indiki seçkilərdəki minimum və maksimum məqsədinə, bu da artıq bəllidir. Bu seçkilərə siyasi revanş imkanı baxan müxalifət üçün minimum məqsəd parlamentdə indiyədək olduğundan çox deputat yeri qazanmaq, ictimai rəydəki itirilmiş mövqelərini qismən bərpa etmək və hakimiyyətlə bağlı ambisiyalarını parlament çərçivəsində, yəni tədricən reallaşdırmaq, maksimum məqsəd isə seçki mübarizəsini "məxməri inqilab"a çevirməklə elə bu il hakimiyyət dəyişikliyinə nail olmaqdır. Bəri başdan qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində bəyan olunan bu tezislərə münasibət heç də birmənalı deyil. Bu məsələdə ifrat optimistlərlə yanaşı, vəziyyəti daha realist qiymətləndirənlər, o cümlədən məsələyə pessimist yanaşanlar da var. Düzdür, sonuncular bunu aşkarda büruzə vermirlər. Amma elə bu faktın özü müxalifət sıralarında vahid siyasi platforma barədə bəyan edilən arxayınçılığın xeyli dərəcədə dekorativ olduğunun göstəricisidir.
Ümumiyyətlə, bu gün müxalifətə üzdən (yəni öndən) nəzər salsaq, belə təsəvvür yaranar ki, bu düşərgədə indiyədək görünməmiş bir monolitlikvar. Hər kəs ümumi məqsədlərdən, birgə seçki mübarizəsindən, yalnız hakimiyyəti özlərinə rəqib gördüklərindən, düşərgədaxili ixtilafa yol verməyəcəklərindən danışır. Lakin məsələ də ondadır ki, bu monolitlik əsasən bəyanat və tezislər səviyyəsində özünü göstərir. Və daxili monolitlik barədə fikir müxalifət qüvvələrinin özlərini inandırmağa çalışdıqları və geniş elektorata təlqin etməyə çalışdıqları birinci illüziyadır. Reallıqda isə vəziyyət heç də təsvir edilən optimist notlara uyğun gəlmir. Müxalifət qüvvələrinə sintetik bir toplum halında deyil, differensial şəkildə və bir növ yandan nəzər salsaq görərik ki, orada heç də hər şey yekcins deyil və bu sırada heç də hamı eyni cür addımlamır. Məsələn, bu gün müxalifət düşərgəsində Azərbaycanda "məxməri inqilab"ın labüdlüyü barədə bəyanatlar, demək olar ki, addımbaşı səslənir. Amma bu çıxışların ümumi xoruna diqqət versək, orada fərqli səslərin də olduğunu görərik. Müxalifət üçün guya üfüqdə görünən "məxməri inqilab"ın eyforiyasından yaranan siyasi ehtizaz nə qədər başgicəlləndirici olsa da, bu düşərgədə belə bir inqilabın gerçək nəticələrini, ümumiyyətlə, ərazisinin 20 faizi işğal altında olan, məkrli düşmənlə üz-üzə qalmış Azərbaycan üçün inqilabi təlatümlərin nə demək olduğunu (bunun nəticələrini hər halda 1992-1993-cü illərin "inqilab"larında görmüşük) soyuqqanlı şəkildə analiz etməyi bacaranlar yox deyildir. Bu gün seçki mübarizəsinin müəyyən mərhələsində müxalifətin kütləvi etiraz çıxışlarının idarəolunmaz proseslərə və hətta qanlı qarşıdurmaya gətirə biləcəyini qeyd edən elə bu düşərgə mənsublarının iddiasına görə, müxalifət bu təhlükəni nəzərə alaraq heç bir halda vətəndaş itaətsizliyinə və ölkədaxili sabitliyin pozulmasına yönələn çağırışlar etməməli, qisasçılıq və siyasi düşmənçilik təbliğatına yol verməməli, siyasi mübarizənin yalnız qeyri-zorakı vasitələrindən yararlanmalı və sanksiyalaşdırılmamış aksiyalara əl atmamalıdır. Maraqlı çağırışdır, deyilmi? Ən azı o baxımdan maraqlıdır ki, elə hakimiyyət təmsilçiləri də müxalifətdən bunu gözlədiklərini dəfələrlə bəyan ediblər. Lakin məsələnin daha maraqlı tərəfi var. Müxalifət düşərgəsində indi səslənən bu mötədil və konstruktiv davranma notları 2003-cü ilin prezident seçkiləri ərəfəsində səslənən radikal və ifrat aqressiv çıxışlardan fərqlənir. Həmin vaxt müxalifət ideoloqları öz həmkarlarını və elektoratını dinc aksiyalara deyil, daha çox qanlı çarpışmaya hazırlayırdılar. O da maraqlıdır ki, müxalifət düşərgəsində bu cür yeni fikirlər 15-16 oktyabr hadisələrinin iştirakçılarının əfv olunmasından sonraya təsadüf edir. Düşünmək olar ki, müxalifət təmsilçiləri hakimiyyətlə zor müstəvisində mübarizənin onlar üçün perspektivsiz olduğunu artıq qəbul edirlər. Amma, eyni zamanda, bunu birmənalı söyləmək də mümkün deyil. Ən azı ona görə ki, ilyarımlıq məhbəs həyatından sonra azadlığa çıxan müxalifət təmsilçilərindən hələlik əks notlu bəyanatlar eşidilir. Eşidilən bəyanatlar isə belə bir tezis üzərində köklənib ki, əgər postsovetməkanının filan-filan ölkələrində inqilab baş veribsə, deməli, mütləq bizdə də baş verəcək. Bu əminlik isə müxalifət düşərgəsinin böyük bir hissəsində hakim olan və tarixi-politoloji baxımdan kökü bəlkə də Lev Trotskininməlum "permanent inqilab" nəzəriyyəsinə gedib çıxan ikinci illüziyadır. Yeri gəlmişkən, inqilabi situasiyanın transferi barədə bu cür illüziyanın sonrakı fəsadlarını müxalifət özü də dərk etməmiş deyil. Hər halda 2003-cü il seçkilərindən sonra müxalifət ideoloqlarından biri bunu mətbuatda dərc olunmuş məqalədə etiraf etmişdi: "Biz yanlış təsəvvürlərimizin, illüziyalarımızın, stereotiplərimizin qurbanıyıq. Hər dəfə həlledici bir məqamda hansısa presedentlərə, örnəklərə, nümunələrə görə bizə elə gəlir ki, bəli, "filan yerdə belə olmuşdu, yəqin ki, bizdə də elə olacaq". Xatırladaq ki, 2003-cü il seçkiləri ərəfəsində müxalifət düşərgəsində "Yuqoslaviya variantı" (o vaxt "məxməri inqilab" istilahı hələ gündəmə çıxmamışdı) adlandırılan tezis çox aktual idi və müəllif "filan ölkə" dedikdə bunu nəzərdə tuturdu. Yenə maraq doğuran odur ki, müxalifət ideoloqları bu cür illüziyaların zərərini yalnız "iş-işdən keçəndən sonra", yəni konkert olaraq seçki mübarizəsini uduzandan sonra götür-qoy etməyə vaxt tapırlar. Seçkilərdən öncə isə müxalifət düşərgəsində başqa tendensiyalar aparıcı olur və onları ümumilikdə müxalifətin daxili xroniki xəstəlikləri kimi də təsbit etmək olar. Çünki bu tendensiyalara hər seçki kampaniyasında rast gəlinir. Məsələn, götürək müxalifətdəki siyasi qiqantomaniya xəstəliyini. Təxminən bir ay öncə müxalifət düşərgəsində "üçlər ittifaqı" adlanan blok yaranıb - Müsavat, AXCP və ADP parlament seçkilərində vahid namizədlər siyahısı ilə iştirak etmək barədə razılığa gəliblər. Bu ittifaqın mahiyyəti və nə qədər uzunömürlü olacağı barədə hər hansı mülahizə söyləmək istəməzdik. Hər halda seçkilərə altı aydan çox vaxt var və konkert olaraq seçki dairələri üzrə namizədlər razılaşdırılan zaman çox şey üzə çıxacaq. Digər tərəfdən, bu partiyaların 1995-ci ildən bu yana keçirilmiş bütün seçkilərdəki "əməkdaşlıq münasibətləri" də bəllidir. Əlbəttə, siyasətdə belə dalaşıb-barışmalar çox olur. Amma indiki məqamda diqqətçəkən məsələ qeyd etdiyimiz qiqantomaniya ilə bağlıdır. Bu blok iddia edir ki, müxalifət düşərgəsinin ən böyüyü odur və yerdə qalan bütün müxaliflər ya bu güc mərkəzinə daxil olmalı, yaxud bunu etmək istəmirlərsə, onda heç olmasa özlərini farağat aparmalıdırlar. Bu gün "üçlər ittifaqı"nın özünü müxalifətin digər iddialı güc mərkəzi elan etmiş "Yeni Siyasət" bloku (ALP-nin keçmiş sədri Lalə Şövkət Hacıyeva, AMİP-in sabiq sədri Etibar Məmmədov, AXCP-"klassiklər"in keçmiş rəhbərlərindən biri Əli Məsimov, "Azərbaycan naminə" ictimai forumun rəhbəri Eldar Namazov və Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev və s.) ilə mükaliməsi məhz bu tezis üzərində qurulub. Hər halda Müsavat başqanının "Onsuz da hamı, o cümlədən beynəlxalq dairələr də bilir ki, Azərbaycanda gerçək müxalifət və real güc kimdir" bəyanatını özgə cür yozmaq mümkün deyil. İki il öncə Müsavat başqanı rəhbərlik etdiyi "Bizim Azərbaycan" blokunu da eyni cür təqdim edirdi. Fərq yalnız ondadır ki, o vaxt AXCP (Əli Kərimli) onunla deyil, zəif və fərasətsiz (müsavatçıların qənaətinə görə) AMİP lideri ilə ittifaqda idi. Maraqlıdır ki, bu cür qiqantomaniyaya aludə olanlar öz böyüklüklərini sübuta yetirmək üçün mühüm arqument kimi beynəlxalq dairələrin, Qərbin rəyini əsas götürürlər. Bu xüsusda xaricə, özəlliklə ABŞ-a müntəzəm səfərlər isə başlıca faktor kimi göstərilir. Əvvəlcə Ə.Kərimli okeanın o tayına getdi, sonra İ.Qəmbər. ADP sədri isə zatən illərdir ki, orada yaşayır. Bu baxımdan "üçlər ittifaqı"nın liderləri özlərini Vaşinqtonun tam dəstəyini almış kimi hiss edirlər. Eyni zamanda, "üçlər"ə yaxınlığı ilə bilinən mətbuat dairələrində (hələlik bu barədə açıq yazmırlar, amma vaxtı gələndə yazacaqlar) "YeS" blokunun guya Rusiya tərəfindən himayə edilməsi barədə fikirlər yayılması da təsadüfi sayıla bilməz. Necə deyərlər, qoy cəmiyyət özü qiymət versin: biz kimin yanındayıq, onlar kimin yanında? Bu cür siyasi davranış isə ardınca müxalifətin başqa bir xəstəliyinə, neobolşevizmə rəvac verir: kim bizimlə deyilsə, deməli, təkcə bizə deyil, ümumilikdə Azərbaycan dövlətinin gələcəyinə (o gələcəyi ki biz görürük) qarşıdır. Azərbaycan müxalifətində neobolşevizmi kultivasiya edənlər siyasi təfəkkür baxımından sələflərindən heç də geri qalmırlar, iddia və hədələr də həminkidir: əgər bizimlə bir olmasanız, onda biz hakimiyyətə gələndən sonra bəxtinizdən küsün. Maraqlıdır ki, neobolşevizm, özgəfikirliyin təqib olunması hələlik AXCP-də aşkar özünü göstərir. Özü də bu təşkilatda özgəfikirlik radikal olmaq, yoxsa olmamaq dilemması ilə nizamlanır. Bir qədər əvvəl Əliməmməd Nuriyevin, bu günlərdə isə Asim Mollazadənin AXCP-dən getməsi bunun bariz göstəricisidir. Amma eyni tendensiya "üçlər"in digər üzvlərində də getməkdədir. Nəhayət, "üçlər"in və ümumilikdə müxalifətin düçar olduğu üçüncü xəstəlik - hər bir müttəfiqdə potensial rəqib görmək xisləti. Son illərin siyasi prosesləri bu yöndə çoxsaylı nümunələrlə zəngindir. Bu gün ittifaq quranların sabah ixtilafda olmaları da yeni deyil.
Bu baxımdan Müsavatla AXCP arasındakı əzəli rəqabətin yeni ittifaqdada üzə çıxması mümkündür. Hələlik hər iki partiya bu rəqabəti, necə deyərlər, palaz altında aparırlar. Amma hər iki partiyanın nəzarətində olan mətbuat vasitələri prosesi zaman-zaman üzə çıxarırlar. Məsələn, "üçlər ittifaqı"nın elan edilməsindən az sonra AXCP-yə yaxınlığı ilə tanınan "Bizim yol" qəzetində Neftçala rayonunda bir qrup müsavatçının AXCP-yə keçməsi barədə yazı dərc olunmuşdu. Ardınca "Yeni Müsavat"da buna sərt təkzib dərc edildi və qəzet AXCP-ni vaxtilə (2004-cü ildə) hakimiyyət dairələri ilə əməkdaşlığa görə Müsavatdan qovulmuş şəxsləri himayə etməkdə ittiham etdi. Düzdür, partiya rəhbərləri bu insidenti tezliklə hamarlamağa müvəffəq oldular. Amma, necə deyərlər, irəlidə bir yay, bir də payız var. Gəlin payızı gözləyək...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
9. Azərbaycan müxalifətində "Ruslan Bəşirli sindromu"
(«525-ci qəzet», 9 avqust 2005-ci il)
Son günlər Azərbaycan gündəminin bir nömrəli müzakirə və mübahisə mövzusu olmuş hadisədən bütün cəmiyyət xəbərdardır. Bir həftəyə yaxındır ki, mətbuat səhifələri, televiziya ekranları, cəmiyyətin müxtəlif kəsimlərinin yer aldığı çoxsaylı toplantılar bu mövzuya həsr olunub, onunla bağlı geniş ictimai rezonans artıq Azərbaycan hüdudlarını da aşaraq çeşidli yozum və dəyərləndirmələrə yol açıb. Səslənən şərh və qiymətlərdə fərqli baxışlar və siyasi konyuktura meylləri ortaya çıxsa da, ümumilikdə cəmiyyətin mütləq əksəriyyətinin hadisəyə münasibəti birmənalıdır. Həmin münasibət isə ondan ibarətdir ki, mövcud Azərbaycan gerçəkliyində mahiyyətindən, siyasi kriterindən və digər meyarlarından asılı olmayaraq heç bir məqsəd erməni ilə işbirliyinə haqq qazandıra bilməz.
Bu, sadəcə, dövləti təəssübkeşlikdən, "düşmənlə işbirliyi olmaz" tezisindən irəli gələn siyasi bir imperativ deyil, geniş anlamda milli-mental gerçəkləri ehtiva edən bir məsələdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən kəskin ictimai qınaq ünvanı olan əməl sahiblərinə mənfi münasibətini ifadə edərkən adətən "belələri işinin xatirinə erməniyə də dayı deyər" kəlamından istifadə edir. "Dünyanın dinc vaxtında", yəni azərbaycanlılarla ermənilərin müharibə etmədiyi bir zamanda daha çox işlək olmuş bu xalq deyimini hazırkı şəraitdə hansı anlam kəsb etdiyini nəzərə alsaq, məsələnin mahiyyətinin folklor müstəvisindən çox daha ciddi bir ölçülərə malik olduğunu görərik. Söhbət nədən gedir?
Hər şeydən öncə söhbət ondan gedir ki, 27 yaşlı gənc azərbaycanlı sir-sifətin biclik yağan atası yaşında erməni ilə bir masa arxasında yeyib-içib nəşələnidikdən, erməni xalqının sağlığına tost dedikdən və həmin erməni pəzəvənglə qucaqlaşıb-öpüşdükdən sonra ondan 2 min dollar da pul alır. Hadisənin bütün digər təfərrüatını kənara qoyub bu faktın özünü nəzərdən keçirsək, Ruslan Bəşirlinin öz hərəkəti ilə böyük ictimai qınaq, Ermənistanın təcavüzü nəticəsində əzizini, yaxınlarını, ev-eşiyini, torpağını itirmiş minlərlə insanın isə açıq qəzəbini qazandığını təsdiq edə bilərik. Yəni burada ən azı yol verilmiş hərəkətə görə xalq qarşısında mənəvi (ictimai) məsuliyyətdən söhbət getməlidir.
İndi isə bu faktın üzərinə bayaq kənara qoyduğumuz vacib detalları əlavə edək. O zaman məlum olar ki, R.Bəşirli sadəcə sıradan bir azərbaycanlı gənc deyil, özü kimi onlarla gəncin birləşdiyi bir təşkilatın rəhbəridir, aktiv siyasi fəaliyyətlə məşğul olur və ermənidən aldığı pulları da bu fəaliyyətə xərcləmək niyyətində olub. Burada artıq ortaya mənəvi məsuliyyətlə bərabər, kriminal tərkibi (Azərbaycan qanunvericiliyinə görə, siyasi fəaliyyətin xaricdən maliyyələşməsi yasaqdır) olan siyasi məsuliyyət məsələsi çıxır.
Bunun üzərinə R.Bəşirlinin heç də spontan şəkildə fəaliyyət göstərən gənclər qurumunun deyil, Azərbaycanın iri müxalifət təşkilatlarından sayılan və hakimiyyətə gəlmək iddiasında olan AXCP-nin ("islahatçılar") sədrinin himayəsi altında fəaliyyət göstərdiyini və onun özünün də Əli Kərimliyə çox yaxın bir şəxs olduğunu (bunu onların hər ikisi etiraf edir), həmçinin 2 min dolları R.Bəşirliyə vermiş erməninin də Georgi İspiryan adlı sıradan birisinin deyil, Ermənistanın xüsusi xidmət əməkdaşı olduğunu əlavə etsək, mənzərə, necə deyərlər, tamamlanmış olar. O da bəlli olur ki, G.İspiryanın verdiyi pullar heç də, qəbzdə yazıldığı kimi, Azərbaycanda "demokratiyanın xilası" (bu yerdə İlf və Petrovun "12 stul" əsərindəki məşhur səhnə yada düşür) üçün deyil, buradakı mövcud hakimiyyətin devrilməsi, habelə R.Bəşirlinin Ermənistanın xüsusi xidmət idarəsi ilə gələcək əməkdaşlığı üçün avans imiş.
Düzdür, sonuncu məqam de-fakto, yəni R.Bəşirli erməni konyakı ilə "lazımi kondinsiyaya çatdıqdan sonra" ortaya çıxıb və bu fakt Baş Prokurorluğun açıqlamasında da əks olunub. Lakin hətta bu faktı bir tərəfə qoysaq belə, ona qədər sadalananlar müəyyən nəticələr çıxarmağa imkan verir.
İlk nəticə odur ki, Gürcüstan paytaxtındakı görüşə (yaxud, rəsmən deyildiyi kimi, konfransa) AXCP ("islahatçılar") sədrinin tapşırığı ilə gedən və Bakıya qayıtdıqdan sonra oradakı danışıqlar, əldə edilən razılaşma və 2 min dollar barədə ona məlumat verən (hadisə barədə Baş Prokurorluğa məlumat verən R.Bəşirlinin yoldaşı, onunla birlikdə Tbilisidə olmuş Osman Əlimuradov pulun min dollarının şəxsən Ə.Kərimliyə verildiyini də deyir) "Yeni fikir" gənclər təşkilatının rəhbəri Azərbaycanda hakimiyyətin devrilməsi planlarının yer aldığı ssenaridə, sadəcə, ona ayrılmış rolu oynayıb. Sözsüz ki, bu, sözügedən ssenarinin heç də əsas rolu deyil. Əsas rollar R.Bəşirlinin və onun kimilərin "beynini yuyub" onlardan siyasi alət kimi yararlanmağa çalışanların, AXCP ("islahatçılar") rəhbərliyinin üzərinə düşür.
Üstəlik o da məlumdur ki, Azərbaycan hakimiyyətinin devrilməsi planlarının müzakirə edildiyi Tbilisi görüşündən əvvəl, həmin görüşün təşkilatçılarından biri, Gürcüstan vətəndaşı Merabi Cibutia 2005-ci il iyun ayının sonu - iyul ayının əvvəllərində "Gürcüstanın demokratik qüvvələrinin nümayəndəsi" qismində Bakıda səfərdə olub və Ə.Kərimli ilə də görüşüb. R.Bəşirlinin məlum videolentdə yer alan açıqlamaları da bunu təsdiqləyir.
Yeri gəlmişkən, bu olayla bağlı mətbuatda, digər diskussiyalarda hallanan məsələlərdən biri də qeyd olunan videokasetin mənbəyi ilə bağlıdır. Baş Prokurorluğun məlumatında bildirilir ki, Tbilisidəki məclisin gizli videolentə alınmasını Ermənistan xüsusi xidmət orqanları təşkil ediblər və ermənilər sonradan kasetin surətini "yeni fikir"çilərə veriblər ki, onlar Ermənistan dövləti ilə məxfi əməkdaşlıqdan boyun qaçıra bilməsinlər, çünki əks halda həmin kaset telekanallar vasitəsilə yayılacaq. R.Bəşirliyə qahmar çıxmağa cəhd edənlər isə gizli videoçəkilişin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini, hətta kasetin sonradan montaj olunduğunu iddia edirlər.
Prinsipcə mövcud şəraitdə özünü təmizə çıxarmaq istəyən qüvvələrin belə iddiada bulunması təəccüblü görünməməlidir. İndiki şəraitdə belə bir iddianın ortaya çıxmaması və istər "Yeni fikir" təşkilatının üzvlərinin, istərsə də R.Bəşirlini məlum missiya ilə Tbilisiyə göndərmiş AXCP ("islahatçılar") sədrinin ictimaiyyət qarşısına çıxaraq baş verənlərə görə peşimançılıq çəkib üzüntü duyduqlarını ifadə etmələri təəccüblü görünə bilərdi. Baxmayaraq ki, yaranmış şəraitdə məhz belə bir addımın atılması, yəni heç olmasa R.Bəşirlinin erməni ilə nəşələndiyi məclisdə bəyan etdiyi fikirləri, həmçinin G.İspiryandan 2 min dollar almasını onun sərxoş olması ilə izah edilməsi bu biabırçılığın səhnəarxasında duranlar üçün ən məqbul çıxış yolu olardı.
Lakin bu dəfə də gümanlar deyil, gerçəklik özünü doğrultdu. Hər hansı yanlışlığa görə ictimai qınağı nəzərə alıb üzrxahlıq etmək kimi normal davranış üsulları bu qüvvələrin siyasi əqidə və məsləkinə tərs gələn bir addım sayılır. Məhz buna görədir ki, onlar bu boyda biabırçılığı, son bir neçə gündə ölkə əhalisinin dəfələrlə başdan sonadək izlədiyi kasetin (lap tutalım ki, həmin məxfi çəkilişi Azərbaycan xüsusi xidmət orqanları həyata keçirib, məgər bununla orada əks olunanlar, kef məclisində erməninin ağzından öpüb onunla qədəh-qədəhə vuran, axırda da ondan aldığı pulları qatlayıb cibinə qoyan azərbaycanlı gəncin iyrənc hərəkətləri, nəhayət, onu bu cur hərəkətlərə sövq etmiş siyasi liderlərin ikrah doğuran əxlaqı öz mahiyyətini itirmiş olur?) ortaya qoyduğu mənzərəni nəinki retuş, ümumiyyətlə, inkar etməyə qalxıblar.
R.Bəşirlinin hərəkətlərinin hüquqi qiymətini, bu hərəkətlərdə cinayət tərkibinin dərəcəsini, təbii ki, hüquq-mühafizə orqanları və sonda məhkəmə müəyyən edəcək. O cümlədən "Yeni fikir" rəhbərinin Ermənistan məxfi orqanının əməkdaşı ilə "işgüzar əlaqə" yaratmasının doğura biləcəyi hüquqi nəticələri də bu qurumlar aşkarlamalıdır. Hələlik R.Bəşirliyə qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) cinayət işi açılıb.
Amma bu cinayət işinin nəticəsindən asılı olmayaraq baş verən fakt Azərbaycanın ictimai-siyasi həyatı və bu müstəvidə imkanlarından yüksək ambisiyalarla çıxış edən hər bir kəs üçün ibrət dərsi olmalıdır. Əslində Azərbaycan müxalifətinin bugünkü qibtəedilməyəcək durumu xeyli dərəcədə həmin ambisioz şəxslərin "əməyinin" nəticəsidir. Əgər Azərbaycanda müxalifət hərəkatının gələcəyi erməni konyakından və erməni xəfiyyəsinin masaya qoyduğu 2 min dollardan başını itirib biabırçı vəziyyətə düşən və az qala milli kimliyini, dövlətini satmaq həddinə gələn R.Bəşirli kimilərinin öhdəsinə qalacaqsa, onda bu hərəkatın üfiqlərini indidən görmək olar.
Eyni zamanda, belə bir sual üzərində düşünməyə də lüzum var ki, əcəba, R.Bəşirli bu cür davranış tərzini, yekəxana ədaları, "üç aydan sonra hakimiyyətə gəlib ölkəni dəyişəcəyik", "konyak və şaqaladla Qarabağ məsələsini həll edəcəyik" kimi düşük siyasi aforizmləri kimdən və harada öyrənib?
Bizcə, bu sualı cavabı çoxlarına aydındır. Çünki həyatın bütün sahlərində olduğu kimi, siyasətdə də səbəb-nəticə əlaqəsi mövcuddur.
Yaxın tarixə nəzər salsaq, görərik ki, bu gün R.Bəşirlini və onun kimilərin beynini təməlsiz siyasi ambisiyalarla doldurub, onları istiqamətləndirənlər özləri də siyasətə bənzər üslub və davranışla gəliblər. Vaxtilə bütöv olmuş AXCP-ni parçalayıb bugünkü hala gətirən, özünün mənəvi lideri saydığı Əbülfəz Elçibəyin ölüm yatağında olduğu son günlərində də bu iddiadan əl çəkməyən və nəhəng təşkilatın bir qanadına sahib olub özünü Elçibəyin yeganə varisi elan edənin kimliyini məgər cəmiyyət unudub? Halbuki AXCP-də Elçibəyin varisi olmağa və onun ideyalarını davam etdirməyə layiq olan şəsxlər o vaxt da vardı, indi də var.
Hələ o tarixi qoyaq kənara. Son bir neçə ildə elə "islahatçı" AXCP-nin sıralarını tərk edənləri xatırlayaq. Məgər onları da bu addıma həmin ambisioz davranış vadar etməyibmi? Elə indinin özündə "müxalifətin yeganə perspektivli lideri Ə.Kərimlidir" kimi ambisioz bəyanatların baş alıb getdiyi göz qabağındadır və bu cür yekəxana davranışın ümumilikdə müxalifət düşərgəsində anlaşma atmosferinə necə təsir etdiyi barədə düşünməyə dəyər.
Təbii ki, bu cür siyasətdən və siyasi davranışdan dərs alan R.Bəşirli də 100 qram alkoqolun təsirindən sonra özünü AXCP sədrinin müavini və Azərbaycan müxalifətinin öncül simalarından biri kimi təqdim edəcəkdi. Hecə deyərlər, birilərinin tökdüyünü kimlərsə yığışdırmalı idi...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
10. "Exit-poll": kim, necə, harada?
Azərbaycan reallığı üçün yenilik olan bu texnologiyanın nə dərəcədə səmərəli olacağı sərlövhədəki sualların hər üçündən asılıdır
(«525-ci qəzet», 13-20 avqust 2005-ci il)
Məlum olduğu kimi, builki parlament seçkiləri gedişində Azərbaycanda ilk dəfə olaraq genişmiqyaslı "exit-poll"un keçirilməsi nəzərdə tutulub. Azərbaycanda bu prosedur qismən də olsa, hələ 2003-cü ilin prezident seçkiləri zamanı həyata keçirilmişdi. Lakin o vaxt sorğu prosesi yalnız paytaxtda bir neçə seçki məntəqəsini əhatə etmişdi və tam mənası ilə "exit-poll" sayıla bilməzdi. Son vaxtlaradək cəmiyyətin böyük əksəriyyəti üçün nəinki bu prosesin mahiyyəti, elə "exit-poll"un hərfi mənada nə demək olduğu da naməlum idi. Hərçənd bu mövzunun mətbuatın və siyasi diskussiyaların geniş şəkildə müzakirə predmetinə çevrildiyi indiki vaxtda da ictimaiyyətin, geniş seçici kütləsinin "exit-poll"dan tam mənası ilə xəbərdar olduğunu düşünmək sadəlövhlük olardı. Odur ki, biz də məsələyə lap başdan başlayaq.
Beləliklə, ingilis dilindən hərfi tərcümədə "exit-poll" "çıxışda səsvermə" deməkdir. Bu prosesin mahiyyəti də elə onun adındadır. Başqa sözlə, "exit-poll" seçki məntəqəsinə gəlib konstitusion borcunu yerinə yetirmiş seçicilər arasında onların kimə səs verdiyini müəyyənləşdirmək məqsədilə keçirilən rəy sorğusudur. Bu prosesin iki mühüm funksional cəhəti var. Birincisi, "exit-poll" hələ seçkilərin ilkin rəqəmləri elan edilməmiş səsvermənin ümumi mənzərəsini təsəvvür etməyə imkan verir. Çünki onun nəticələri səsvermə bitəndə dərhal sonra ictimaiyyətə açıqlanır. İnformasiya və sürət əsri olan çağımızda bunun nə dərəcədə əhəmiyyətli olduğunu yəqin xüsusi izah etməyə gərək yoxdur.
"Exit-poll"un informativ funksiyasından daha mühüm olanı isəonun ortaya qoyduğu mənzərənin seçkinin rəsmi nəticələri ilə nə dərəcədə üst-üstə düşüb-düşməməsi ilə bağlıdır. Yəni burada "exit-poll" artıq siyasi önəm kəsb edən tərəfi ilə diqqət çəkir. Prinsipcə "exit-poll"un çoxdan və geniş yayıldığı Qərb ölkələrində, o cümlədən bu texnologiyanın vətəni sayılan ABŞ-da daha prioritet kimi məhz birinci, yəni informativ funksiya əsas götürülür. Çünki həmin ölkələrdə seçkinin rəsmi nəticələri ilə "exit-poll"un nəticələrini tutuşdurmaq elə bir problem yaratmır və bu onlar bir qayda olaraq üst-üstə düşür.
Odur ki, Qərb, özəlliklə Amerika reallığı üçün "exit-poll" hər şeydən öncə qlobal seçki şousunun bir elementi kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, ABŞ-da "exit-poll"un keçirilməsinin əsas sifarişçiləri əsasən kütləvi informasiya vasitələri, televiziya kanalları olur və onlar seçki günü "exit-poll"un nəticələrini ictimaiyyətə çatdırmaq üçün əsl özünüreklam savaşına çıxırlar.
Azərbaycan reallığı üçün yeni bir texnologiya olan "exit-poll"un daha çox ikinci, yəni siyasi funksionallığı ilə əhəmiyyət kəsb edəcəyi isə şəksizdir. Təsadüfi deyil ki, "exit-poll" Azərbaycanda builki seçkilərin daha şəffaf keçirilməsini təmin etməyə çalışan beynəlxalq dairələrin irəli sürdükləri tövsiyələrdən biridir və Azərbaycan rəhbərliyi də bu tövsiyəni qəbul edib. Bu tövsiyə prezident İlham Əliyevin mayın 11-də imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi haqqında" sərəncamında da əksini tapıb. Sərəncamın 5-ci bəndində ölkənin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, onlar "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq "exit-poll" prosesinin aparılmasına lazımi şərait yaratsınlar, həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməsinlər".
Beləliklə, Azərbaycanda ilk dəfə olaraq seçkilərdə "exit-poll"un keçirilməsinə hüquqi təminat yaradılıb. Lakin prezident sərəncamında təsbit olunmuş bu müddəadan savayı hələlik "exit-poll"un necə, hansı şərtlər daxilində və kimlər tərəfindən keçirilə biləcəyinə dair hər hansı normativ akt, tövsiyə və s. mövcud deyil. Eyni zamanda, seçkilərin keçirilməsinə cavabdeh olan əsas qurum kimi MSK-nın da bu yöndə hansısa qərarı və ya təlimatı məlum deyil. Hər halda MSK-nın internet saytında parlament seçkilərinə həsr olunmuş qərar və təlimatların sırasında "exit-poll"a dair heç nəyə rəst gəlmədik.
Bir sözlə, noyabr seçkilərində Azərbaycanda "exit-poll"un keçiriləcəyi məlum olsa da, bu prosesin həm geniş ictimaiyyət və ayrı-ayrı seçicilər, həm də onun keçirilməsində bu və ya digər şəkildə iştirak etmək istəyən sorğu mərkəzləri, qeyri-hökumət təşkilatları və s. üçün çoxlu sayda məchullar qalmaqdadır və ortaya çeşidli suallar çıxır.
Təbii ki, ilk sual "exit-poll"un kimlər tərəfindən keçiriləcəyi ilə bağlıdır. Yəni "exit-poll" keçirməyə səlahiyyəti, yaxud qabiliyyəti (texniki imkanlar, müvafiq təcrübə və s.) olan bu və ya digər təşkilat necə və hansı meyarlarla və kim (hansı instansiya) tərəfindən müəyyənləşəcək? Bu prosesdə beynəlxalq dairələrin iştirak məsələsinə də tam aydınlıq gəlməyib. Hələlik yalnız o məlumdur ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USIAD) "exit-poll" keçirilməsini təşkil etmək niyyətindədir. Bu qurum ABŞ hökumətinin keçirdiyi xüsusi tenderdə qalib gəlib.
Amma o da aydındır ki, USIAD bilavasitə "exit-poll"u həyata keçirməyəcək və okeanın o tayından Azərbaycana geniş mütəxxəsis kontingenti, texniki heyət, rəyçilər və s. gətirməyəcək. Yəni bu prosesin bilavasitə həyata keçirilməsi Azərbaycanın müxtəlif sorğu mərkəzlərinə, fondlara, digər qurumlara havalə ediləcək. Təbii ki, bu işə cəlb ediləcək kadrlar, rəyçilər üçün müvafiq treninqlər, seminarlar və s. keçiriləcək. Artıq USIAD-ın bu məqsədlə Azərbaycanın rəy sorğusu sahəsində təcrübəsi olan təşkilatlarla işbirliyinə başladığı bildirilir.
Hərçənd Azərbaycan reallığı üçün bu işbirliyinin necə və kiminlə qurulacağı da suallarla müşayiət olunur. Məsələn, artıq indidən müxalifət dairələri qeyd edirlər ki, USIAD-ın formalaşdıracağı "exit-poll" konsorsiumunda daha çox hakimiyyətə yaxın qurumlar, QHT-lər yer alacaq ki, bu da nəticə etibarilə prosesin şəffaf və etibarlılığını şühbə altına qoyacaq. Digər tərəfdən, müxalifət dairələri indiyədək bir neçə dəfə ABŞ-ın ayrı-ayrı qurumlarının Azərbaycanda təşkil etdiyi rəy sorğularının nəticələrini şübhə altına almağa cəhd edib.
Məsələn, 2003-cü ilin prezident seçkiləri ərəfəsində ABŞ-ın Respublikaçılar İnstitutunun təşkil etdiyi rəy sorğusunda hakimiyyətin prezidentliyə namizədinin böyük üstünlüklə qalib gələcəyi elan edilmişdi, bu yaxınlarda Amerikanın nüfuzlu "Gallur International" institutunun düzənlədiyi rəy sorğusu nəticəsində isə Azərbaycan prezidentinin əhali arasında çox yüksək, 77 faiz dəstəyə malik olması təsdiqlənib. Lakin müxalifət düşərgəsi 2003-cü ildə olduğu kimi, builki sorğunun nəticələrini də qəbul etmək istəmir. Bu xüsusda kim və necə təminat verə bilər ki, 6 noyabrda ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək keçiriləcək "exit-poll"un nəticələri də müxalifəti qane etmədiyi təqdirdə onlar buna da qarşı çıxmayacaqlar.
Eyni zamanda, USIAD-ın formalaşdıracağı "exit-poll" konsorsiumunun gələcək tərkibi ilə bağlı bənzər şübhələr iqtidar dairələrində də olar bilər və yəqin ki, var. Odur ki, bu məsələdə, necə deyərlər, "qızıl orta həddi" tapmaq və sözügedən konsorsiumu ən optimal şəkildə formalaşdırmaq bəlli çətinliklər doğurur və böyük şühbə var ki, əldə olunacaq nəticə seçki mübarizəsinin bütün tərəflərində normal qarşılanacaq. Həmçinin 6 noyabrın səhərisi, yəni nəticələrin bu və ya digər tərəfdə "süngü" ilə qarşılanmasından sonra ilk baxışdan vahid komanda təsiri bağışlamış həmin konsorsiumda ciddi ixtilafın yaranmayacağına da təminat yoxdur. Hər halda 2003-cü ildə Gürcüstanda, 2004-cü ildə isə Ukraynada keçirilmiş "exit-poll" prosesi bu cür faktlarla da müşayiət olunmuşdu.
Başqa tərəfdən, məsələ yalnız ABŞ-ın formalaşdıracağı "exit-poll" konsorsiumu ilə məhdudlaşmayacaq. Artıq məlumdur ki, Azərbaycandakı ayrı-ayrı sorğu mərkəzləri, QHT-lər, informasiya vasitələri də müstəqil şəkildə "exit-poll" keçirmək niyyətindədirlər və onların da özlüyündə fərqli siyasi simpatiyalarının olduğu və deməli, bu amilin elan ediləcək nəticələrdə də özünü büruza verəcəyi ciddi problem kimi ortaya çıxa bilər.
Bir sözlə, seçkilərin ilkin rəsmi nəticələri ilə çeşidli qurumlar tərəfindən keçirilmiş "exit-poll"un nəticələri tutuşdurulmağa başlayanda Azərbaycanda çox qarışıq bir mənzərə yarana bilər. Yəni hər kəs yalnız özünə məqbul olan təşkilatın nəticələrini düzgün və ədalətli sayaraq qalan nəticələri heç yaxın belə buraxmaz. Belə bir mənzərənin konturları bizə 2003-cü ilin prezident seçkilərindən qismən tanışdır. Bu cür qarışıqlığın və nəticə etibarilə "exit-poll" texnologiyasının gerçək mahiyyətini şübhə altına alan siyasi manipulyasiyaların önünü isə yalnız bir şərtlə kəsmək olar ki, o da Azərbaycanda seçkidə maraqlı olan bütün qüvvələrin kompromis format olaraq qəbul edib nəticələri ilə razılaşacağı optimal və geniş heyətli "exit-poll" konsorsiumun formalaşdırılması ola bilər. Amma belə vahid və peşəkarlar komandasının yaradılması da yuxarıda qeyd etdiyimiz səbəblərdən çox müşkül görünür.
Təsadüfi deyil ki, Azərbaycanda "exit-poll" mövzusu gündəmə gələndən istər mətbuat səhifələrindəki yazılarlda, istərsə də ayrı-ayrı ekspertlərin, politoloqların çıxışlarında məhz bu məsələ xüsusilə vurğulanır. Ümumilikdə "exit-poll"un realığın əksi, yoxsa siyasi manipulyasiya vasitəsi olması kimi dilemması bu texnologiya meydana gələndən aktual olub.
Düzdür, sabit siyasi və demokratik ənənələrə malik Qərb ölkələrində seçkilərlə bağlı artıq belə bir dilemma mövcud deyil. Bu problem daha çox siyasi mübarizənin normal qəliblərə hələ oturmadığı və seçki prosesinin çeşidli manipulyasiyalarla müşayiət olunduğu postsovet ölkələri üçün xarakterikdir və onun nə vaxt və necə aradan qalxması ümumilikdə seçki mədəniyyətinin inkişafı, sivil siyasi mübarizə təcrübəsinin təşəkkül tapması ilə bağlı olan məsələdir.
Odur ki, Azərbaycan şəraitində bu dilemmanın doğura biləcəyi fəsadlar diqqətə alınmaya bilməz. Özü də söhbət "exit-poll"un təkcə ölkədaxili siyasi mübarizənin predmetinə çevrilməsindən deyil, bu məsələ ətrafında mümkün manipulyasiyaların daha geniş miqyas və mahiyyətində intişar tapmasından gedir.
Məlumdur ki, Amerika ilə yanaşı, Rusiyanın müvafiq mərkəzlərinin də Azərbaycan seçkilərində "exit-poll" keçirmək istədiyi bildirilir. Bu isə sözügedən prosesə daxixi siyasi manipulyasiya ilə yanaşı, müəyyən anlamda geosiyasi manipulyasiya faktorunun da əlavə edilməsi ilə nəticələnə bilər. Postsovet məkanında baş verən məlum olayları nəzərə alsaq görərik ki, bu və ya digər ölkədəki seçki müstəvisində baş-başa gələn Amerika ilə Rusiya həmin prosesi nəticə etibarilə ciddi geosiyasi mübarizəyə çevirirlər. Bu mübarizədə Vaşinqtonun, yaxud Moskvanın qalib gəlməsi başqa bir mövzudur.
Belə bir mübarizəyə "ev sahibliyi" etməyə vadar olan ölkənin vəziyyəti isə arzu edənlər üçün ciddi araşdırma mövzusu ola bilər. Hər halda bir fakt aşkardır ki, bu və ya digər ölkənin böyük dünya güclərinin geosiyasi savaş arenasına çevrilməsi heç də yaxşı perspektiv deyil. Bunu istər qonşu Gürcüstanın, istərsə də Ukraynanın timsalında açıq şəkildə görmək mümkündür. Özəlliklə Gürcüstanın bu müstəvidə yeri və mövcud durumu, necə deyərlər, həsəd aparılası deyil. Ərazisindəki ağır etnik münaqişələrinin ipləri xeyli dərəcə Moskvanın əlində olan bu ölkənin ABŞ-la Rusiyanın geosiyasi mübarizəsinə meydan olmaqla nə qazanıb-nə itirdiyini yəqin gürcülər özləri daha yaxşı bilərlər. Amma biz də buradan özümüz üçün nəticələr çıxara bilərik. Hər halda tarazlı xarici siyasəti ilə dünya güclərinin savaş deyil, əməkdaşlıq məkanına çevrilmiş Azərbaycanda parlament seçkilərinin böyük dövlətlərin geosiyasi mübarizə predmetinə çevrilməsi ehtimalının Azərbaycan dövlətinə nələr vəd etdiyini təsəvvür etmək o qədər də çətin olmaz.
* * *
Qeyd etdiyimiz kimi, "exit-poll"un müasir seçki texnologiyası kimi çox üstün cəhətləri ilə yanaşı, qüsurlu sayılan və mübahisə doğuran tərəfləri də var. Burada "exit-poll"un kimlər tərəfindən təşkil olunması ilə barabər, prosesin bilavasitə yerlərdə necə keçirilməsi, sorğu məntəqələrinin seçilməsi, sorğunun hansı prinsip və üsullarla aparılaması kimi məsələlər də önəm kəsb edir.
"Exit-poll" mahiyyət etibarilə real seçkiyə paralel aparılan və nəticələri də seçkinin real nəticələrini maksimum əks etdirən bir proses olduğundan o da səsvermə ilə bir vaxtda başlanır və səsvermə bitəndə yekunlaşır. Bununla belə, real seçkidən fərqli olaraq "exit-poll"un nəticələri "onlayn" rejimində mərkəzi kompüterə daxil olur, orada işlənilir, ümumiləşdirilir və səsvermə bitəndən dərhal sonra (Azərbaycanı götürsək, deməli saat 19-dan sonra) elan edilir.
Qabaqcıl dünya praktikasında qəbul olunmuş qaydalara əsasən, "exit-poll"un nəticələri ilə seçkilərin rəsmi rəqəmləri arasında fərq 1,5- 3 faiz, bəzi hallarda isə maksimum 5 faiz təşkil edə bilər. Əgər fərq bundan da artıq alınırsa, onda səsvermənin şəffaflığına dair əsaslı şübhələr yarana bilər.
Təbii ki, sabit demokratiya ənənələrinə malik ölkələrdə bu xüsusda elə bir problem yaranmır. Hərçənd burada da istisnalar olur. Məsələn, ABŞ-da 2004-cü ilin noyabrında keçirilmiş seçkilərdə prezidentlik yarışının taleyinin xeyli dərəcədə həll olunduğu Ohayo ştatında "exit-poll"un yekunlarına görə, səsvermənin qalibi demokrat Con Kerri olmuşdu. Rəsmi nəticələrə görə isə həmin ştatın və ümumilikdə prezident seçkilərinin qalibi respublikaçı Corc Buş elan edildi. Bununla belə, demokratlar seçkinin nəticələrini qəbul etdilər və Kerri Buşu qələbə münasibətilə təbrik etdi. Başqa cür ola da bilməzdi, çünki "exit-poll" nə qədər mükəmməl bir texnologiya olsa da, o, real seçkinin nəticələrini əvəz edə bilməz. Yəni həmin vaxt Amerika demokratlarının ağlına da gəlməzdi ki, onlar "exit-poll"un nəticəsini əsas götürüb respublikaçıların qələbəsini şübhə altına alsınlar. Gəlin görək, Azərbaycan gerçəkliyində belə bir presedent mümkündürmü? Hər halda bunu təsəvvür etmək çox çətindir.
Ymumiyyətlə, qeyd etmək lazımdır ki, son vaxtlar ABŞ-da "exit-poll"a münasibətdə müəyyən təbəddülatlar, bu texnologiyanın real imkanlarına müəyyən şübhələr də özünü göstərməkdədir. Əslində, ötən yazıda da qeyd etdiyimiz kimi, ABŞ-da "exit-poll" daha çox seçkiləri işıqlandıran iri media quruluşlarının informasiya sahəsində özünüreklam yarışının bir elementi kimi nəzərdən keçirilir. Amerika telekanalları sifariş verdikləri "exit-poll"un nəticələrini öz auditoriyasına çatdırmaq seçki günü əsl informasiya savaşı aparırlar və savaş bəzən reallığın üzərinə çıxmış olur. Bunun ən bariz nümunəsini Amerika cəmiyyəti 2000-ci il prezident seçkiləri zamanı görmüşdü.
Məlum olduğu kimi, həmin seçkilərdə respublikaçı Buşla demorat Qorun mübarizəsi "daban-dabana" gedirdi, seçkinin taleyini həll edən Florida ştatında isə qalibi müəyyən etmək üçün səsləri ikinci dəfə saymalı olmuşdular. Bir neçə həftə davam edən gərgin proses sonda Buşun qalib elan olunması ilə yekunlaşdı. Amma o vaxt ABŞ-ın bir sıra telekanalları bu üzücü prosesi gözləmədən artıq seçki günün axşamı "exit-poll"un nəticələrinə dayanaraq seçkidə Qorun qalib gəldiyini elan etmişdilər. Sonradan onlar həm Buşdan, həm də Amerika cəmiyyətindən üzr istəməli oldular.
Bütün bunlar "exit-poll"un bir sosioloji metodika kimi mübahisəli cəhətlərini ortaya qoyur. Ymumilikdə isə "exit-poll"la bağlı mübahisələr həddən artıq çoxdur. Məsələn, "exit-poll"u ciddi qəbul etməyənlər hər şeydən öncə belə bir məqama diqqət çəkirlər ki, bu, seçicini konstitusiya ilə ona verilmiş gizli səsvermə hüququndan mərhum edən və çeşidli manipulyasiyalara yol açan bir prosedurdur. Hərçənd seçicinin konstitusion hüquqları ilə bağlı sualı daha çox ritorik hesab etmək lazımdır. Çünki gizli şəkildə səs verib seçki məntəqəsini tərk edən seçiciyə yaxınlaşan "exit-poll" rəyçisi onu öz seçimi barədə məlumat veməyə heç də məcbur etmir. Əgər seçici kimə səs verdiyini açıqlamaq istəmirsə, bu onun hüququdur.
Özəlliklə bu məqam majoritar qaydada keçirilən parlament, yaxud bələdiyyə seçkiləri zamanı əhəmiyyət kəsb edən məsələdir. Tutaq ki, seçki dairəsi kənd rayonunu əhatə edir və bu və ya digər kənddə seçicilərin xeyli qismi öz seçimlərini "exit-poll" rəyçilərinə açıqlamağa meyl göstərmirlər. Belə vəziyyətdə çıxış yolu açıq rəy sorğusu üsulundan deyil, anonim sorğu üsülundan istifadə ola bilər. Bunun üçün "exit-poll" keçirənlər seçki məntəqəsinin çıxışında əlavə bir seçki qutusu və namizədlərin adları əks olunmuş bülletenlər qoyur və seçicilərə bir növ ikinci dəfə səs verməyi təklif edirlər, yəni bir növ paralel səsvermə keçirirlər. Hərçənd bu üsulun da çətinlikləri var. Hər şeydən öncə bu, "exit-poll" təşkilatçıları üçün əlavə xərclər (seçki qutuları, bülletenlərin hazırlanması və s.) deməkdir, digər tərəfdən belə sorğunun nəticələrini operativ şəkildə işləyib ümumiləşdirmək də xeyli vaxt və vəsait tələb edir.
"Exit-poll"un təşkilində başlıca məsələlərdən biri də bu işi peşəkar səviyyədə görəcək kadr potensialı ilə bağlıdır. "Exit-poll" təşkilatçıları adətən rəyçilər komandasını müsabiqə yolu ilə formalaşdırırlar, daha sonra onlara treninqlər keçirlər. Müsabiqədə ilk növbədə ünsiyyətcillik keyfiyyətinə diqət yetirilir. Çünki rəy sorğusu keçirən şəxs hər şeydən öncə potensial müsahibində (seçicidə) etimad doğurmalıdır. Eyni zamanda, "exit-poll" rəyçilərinin neytral, siyasi baxımdan tərəfsiz olması çox vacib məsələdir. Digər mühüm bir məsələ "exit-poll" üçün seçici-müsahiblərin müəyyən edilməsi ilə ilə bağlıdır. Məlumdur ki, "exit-poll" üçün seçilən rəyçi kontingenti adətən gənc oğlan və qızlardan ibarət olur. Və bir çox hallarda belə bir vəziyyət müşahidə olunur ki, onlar sorğu obyektini seçərkən daha çox öz həmyaşıdlarına üstünlük verirlər, yaxud bu seçimdə fərdi simpatiya faktorunu əsas götürürlər.
Gerçəkdə isə sorğu zamanı bütün fərdi məqamlar tamamilə bir kənara qoyulmalı və rəyçi müsahibini seçərkən "exit-poll" texnologiyasının nəzərdə tutduğu bölgü prinsipinə dəqiq əməl etməlidir. Həmin prinsip isə əsasən 10:1 (bəzi hallarda 7:1) nisbəti üzrə müəyyənləşir. Yəni rəyçi seçki məntəqəsini tərk edən hər 10 seçicidən birinin fikrini öyrənməlidir.
Bu xüsusda "exit-poll" metodoloqlarının tez-tez misal gətirdikləri sadə bir formul da var. Həmin formula görə, rəyçi səsvermənin başlanmasına bir neçə dəqiqə qalmış seçki məntəqəsi qarşısında hazır vəziyyətdə olmalı, ilk seçicilər məntəqəni tərk etməyə başlayarkən zahirən özünə daha simpatik saydığı seçicini müəyyən etməli, lakin həmin şəxsə deyil, onun ardınca məntəqəni tərk edən ikinci şəxsə yanaşmalı (yəni bu üsulla rəyçi özünün şəxsi rəğbətini bir kənara qoymuş olur) və onun kimə səs verdiyini öyrənməlidir. Bundan sonra isə o, məntəqədən çıxan hər 10 nəfərdən birini rəyini soruşmalıdır.
Düzdür, bu qaydalara reallıqda nə dərəcədə əməl olunması və ümumilikdə "exit-poll"un başlıca meyarı olan təsadüfi seçmə üsulunun proses gedişində nə dərəcədə tətbiq edilməsi artıq rəyçilərinin, necə deyərlər, vicdanının öhdəsinə buraxılır. O cümlədən rəyçinin "exit-poll" zamanı nə dərəcədə tərəfsizlik nümayiş etdirməsi də. Başqa sözlə, həyatın bütün sahələrində olduğu kimi, burada da çox şey insan faktorundan asılıdır. Yəni kimin necə səs verməsi ilə yanaşı, səsləri kimin və necə sayması da çox mühüm şərtdir.
Bir çox hallarda bu cür subyektivlik amillərini minimuma endirmək üçün "exit-poll" təşkilatları seçki məntəqələrinə əlavə nəzarətçilər ezam edirlər. Ymumilikdə isə "exit-poll" zamanı hər məntəqədə minimum 2 rəyçi olur. Onlardan biri məntəqəyə daxil olan seçicilərinin ümumi hesabını aparır, digəri isə seçicilər arasında qeyd olunan nisbət üzrə sorğu keçirir.
"Exit-poll"un obyektiv və real nəticələr verməsini təmin edən mühüm şərtlərdən biri də prosesin mümkün qədər qədər geniş ərazini əhatə etməsi ilə bağlıdır. Lakin burada söhbət sırf coğrafi baxımdan əhatədən, yəni "exit-poll"un ölkənin bütün bölgələrində keçirilməsindən deyil, ölkə (yaxud seçki dairəsi) üzrə elektoral mənzərənin dolğun əks olunmasından gedir. Yəni "exit-poll"un illah bütün seçki məntəqələrində təşkil edilməsi vacib deyil, üstəlik bu, maliyyə baxımından həddən çox xərc tələb edən bir işdir.
"Exit-poll"da seçkinin ümumi mənzərəsini əhatə etməsinə nail olmaq üçün sorğular üçün prisipial önəm daşıyan seçki dairələri (məsələn, müxalifətin və hakimiyyətin ən güclü namizədlərinin yarışdığı dairələr), daha sonra həmin dairələr üzrə elektoral baxımdan xüsusilə vacib sayılan məntəqələr müəyyən edilir. Bu məqam majoritar qaydada keçirilən parlament seçkiləri üçün xüsusilə əhəmiyyətlidir. Yəni bu halda, məsələn, Azərbaycandakı 124 dairənin hamısında, yaxud 5 min məntəqədə bütünlüklə "exit-poll" keçirməyə gərək yoxdur. Elektoral baxımdan daha çox əhəmiyyət kəsb edən məntəqələrin seçilməsi prezident seçkiləri üçün də keçərlidir. Misal üçün, ABŞ-da prezident seçkilərində ümumi mənzərəni əldə etmək üçün təxminən 300 məntəqənin seçilməsi kifayət edir.
Həhayət, "exit-poll"da mübahisə doğuran məsələlərdən biri nəticələrin elan olunması ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, qanunvericiliyə görə, KİV-lər "exit-poll"un nəticələrini yalnız səsvermə bitəndən sonra elan edə bilərlər. Lakin bugünədək "KİV" anlayışının özü hələlik tam dəqiqləşməyib. Söhbət informasiya yayılmasında müstəsna rol oynayan internet-nəşrlərin KİV sayılıb-sayılmamasından gedir. Məsələn, ABŞ-da 2000-ci il seçkilərində internet-nəşrlər məlum qaydaya əməl etməkdən boyun qaçıraraq "exit-poll"un nəticələrini onlayn rejimində öz səhifələrində yerləşdirmişdilər.
Eyni zamanda o bir həqiqətdir ki, bu gün insanların müəyyən qismi (özəlliklə böyük şəhərlərdə) ən operativ məlumatları məhz internetdən almağa üstünlük verirlər. Təsəvvür edin ki, siz də onlardan birisiniz, səsverməyə getməzdən öncə (tutaq ki axşamüstü) kompüterinizi işə salıb həmin internet-qəzetlərdə "exit-poll"un o vaxta qədər məlum olan nəticələrinə diqqət yetirirsiniz və görürsünüz ki, sizin rəğbət bəslədiyiniz namizəd nəticələrdə xeyli geri qalıb. Hərçənd o vaxtadək hələ bilmək olmaz ki, nəticələr günün yekununda necə dəyişəcək. Ola bilsin ki, sizin namizədin potensial elektoratının böyük hissəsi o vaxtdak hələ səs verməmiş olsun, yaxud həmin namizədin seçicilərinin xüsusi üstünlük təşkil etdiyi bu və ya digər bölgə üzrə məlumatlar həmin "exit-poll"da hələ əksini tampayıb və s.
Bununla belə internetdə gördüyünüz rəqəmlər sizin (sizin kimilər yüzlərlə, minlərlə ola bilər) seçiminizə təsir etmək imkanındadır və burada "exit-poll" göstəriciləri artıq elektoratla manipulyasiya funksiyasını yerinə yetirir.
Belə vəziyyətin qarşısını yalnız o şərtlə almaq olar ki, "exit-poll" keçirəcək bütün təşkilatlar seçkilərdən əvvəl ümumi razılığa gəlirlər ki, sorğuların nəticələrini səsvermə bitənədək heç bir halda internetdə yerləşdirməyəcəklər. Lakin, Amerikanın da təcrübəsindən göründüyü kimi, belə bir razılaşmaya heç də tam şəkildə əməl olunmur.
Odur ki, belə bir problemin Azərbaycanda da ciddi şəkildə üzə çıxacağını istisna etmək olmaz. Ymumiyyətlə, mövzunu yekunlaşdıraraq qeyd etmək istərdik ki, Azərbaycan reallığı üçün yenilik olan "exit-poll"la bağlı diskussiya və mübahisələr, yəqin ki, ta 6 noyabradək davam edəcək və burada qeyri-adi heç nə yoxdur. Mühüm olanı odur ki, bu mübahisələr 6 noyabrdan sonra daha da dərinləşməsin, başqa sözlə, parlament seçkilərinin istər "exit-poll", istərs də rəsmi nəticələri cəmiyyətin mütləq əksəriyyəti tərəfindən qəbul olunsun...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
11. Narıncı illüziya
Ukraynada cərəyan edən proseslərdən kimlər hansı nəticəni çıxarmalıdır?
(“525-ci qəzet», 12 sentyabr 2005-ci il)
2004-cü ilin sonunda baş vermiş "narıncı inqilab"dan sonra Ukrayna yenidən dünyanın diqqət mərkəzindədir. Düzdür, hazırda bu ölkədə yaşanan siyasi böhran beynəlxalq maraq nöqteyi-nəzərindən 9-10 ay öncə cərəyan edən hadisələrlə müqayisəyə gələ bilməz. Amma Ukraynadakı bugünkü vəziyyət məntiq etibarilə "narıncı inqilab"ın bir nəticəsi olduğu üçün ona məxsusi diqqət də təbii sayılmalıdır. Bu gün dünya, sadəcə, Ukrayna inqilabının "övladlarının" bir-biri ilə mübarizəsini deyil, geniş mənada "məxməri inqilab" anlayışının mahiyyətini və onun doğurduğu fəsadları müşahidə etməkdədir.
Məhz bu səbəbdən son günlər Ukraynada meydana gələn hakimiyyət böhranı zaman-zaman dünyanın müxtəlif yerlərində baş verən analoji hadisələrdən fərqli prizmada nəzərdən keçirilir. O cümlədən prezident Viktor Yuşşenkonun baş nazir Yuliya Timoşenkonun hökumət kabinetini istefaya göndərməsi də siyasi analitiklər üçün sıradan bir olay deyil.
Ukraynada meydana gələn hadisələrin məntiqini tapmaq üçün isə mütləq geriyə, elə "narıncı inqilab"ın doğulduğu meydana qayıdıb ondan sonra cərəyan edən xronikanı izləmək lazımdır. Çünki 2004-cü ilin noyabr-dekabrında Kiyevdəki "Müstəqillik" meydanında yanaşı dayanaraq "narıncı inqilab"ın rəhbərliyinin monolitliyini nümayiş etdirən liderlərin indi siyasi mübarizədə barrikadanın əks tərəflərində yer alması təsadüfən baş verməyib.
Əksinə, həmin olaylarda siyasi yönündən və fəaliyyət spektrindən asılı olmayaraq ən müxtəlif qüvvələr - Qərbpərəst mötədil Viktor Yuşşenko, millətçi-populist Yuliya Timoşenko, onların satellitləri olan marjinal qruplar, daha sonra bu koalisiyaya qoşulmuş Ali Radanın sədri, mərkəzçi təmayüllü Vladimir Litvin, prezident seçkilərinin üçüncü tur səsverməsi ərəfəsində qüvvələr nisbətinin narıncıya doğru dəyişdiyini görərək inqilab düşərgəsinə qoşulan sosialistlər, sosial-demokratlar və başqaları bir araya gələndə prinsipcə aydın idi ki, bu qarmaqarışıq spektr müəyyən zaman kəsiyindən sonra müxtəlif və hətta ziddiyyətli çalarlara ayrılacaq. Çünki o vaxt həmin qüvvələri birləşdirən bir formal məqsəd vardısa (Leonid Kuçma hakimiyyətinin Viktor Yanukoviç iqtidarı ilə davam etməsinə imkan verməmək), bu məqsədə nail olandan sonra onların hər birinin fərqli, korporativ maraqlarının önə çıxacağı gözlənilən idi.
Ən azı ona görə ki, həmin olaylarda inqilab tonqalına odun atmış hər kəs yeni hakimiyyətdən bunun əvəzini, başqa sözlə, yeni səlahiyyət və varidat bölgüsündə öz payını tələb edəcəkdi. İnqilablardan sonra baş verən bu cür pay bölgüləri isə gec-tez maraqların toqquşması və dünənki müttəfiqlərin bir-birinə rəqib, hətta düşmən kəsilməsi ilə nəticələnir.
Ukraynada baş verən son olaylar göstərir ki, bu ölkədə inqilab övladlarının birgəyaşayışı yalnız doqquz ay sürdü və o şey ki olmalı idi, o da baş verdi. Məlumdur ki, xanım Timoşenkonun bu ilin yanvarında baş nazir postuna təyin edilməsi prezident Yuşşenkonun ətrafında birmənalı reaksiya doğurmamışdı. Prezidentin yaxın adamı, "narıncı inqilab"ın təşkilati yükünü çəkənlərdən biri olmuş və hakimiyyət bölgüsündə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postuna (prezident və baş nazirdən sonra üçüncü mühüm vəzifə) yiyələnmiş Pyotr Poroşenko bu təyinatın açıq əleyhdarı idi. Sonrakı dövrdə hakimiyyət daxilində ixtilaf və parçalanmanın başlıca fiqurlarları da məhz bu iki şəxs oldu. Faktiki olaraq ötən müddətdə Ukraynada iki hökumət kabineti mövcud olub - onlardan birinə Timoşenko, digərinə isə Poroşenko başçılıq edib. Bu şəxslərin ətrafında təmərküzləşən biznes strukturların ölüm-dirim mübarizəsi isə Ukraynanın inqilab nəticəsində onsuz da dəngəsi pozulmuş iqtisadiyyatını böhran həddinə gətirdi. İnqilabın "yetirmələri" olan yeni oliqarxlar Kuçma dövrünün oliqarxlarının varidatını bölüşdürmək üstündə bir-birini qırmağa hazır idilər.
Lakin inqilabın fəsadları təkcə yuxarılarda cərəyan etmirdi. Ukraynadakı narıncı hakimiyyət dəyişikliyindən sonra ölkə üzrə müxtəlif idarəetmə mərtəbələri üzrə 20 minə yaxın vəzifəyə yeni təyinatlar olmuşdu, faktiki olaraq vilayət qubernatorundan qəsəbə və kəndlərdəki icra nümayəndələrinə və JEK müdirlərinədək bütün icra strukturu yenilənmişdi. Bu irili-xırdalı postlar isə təkcə Yuşşenkonun "Bizim Ukrayna" partiyasının və Timoşenkonun "Batkovşina" birliyinin yerli fəalları arasında deyil, inqilab koalisiyasının yuxarıda qeyd etdiyimiz digər qüvvələri arasında da bölüşdürülmüşdü və "narıncı" koalisiyada bu bölgüdən narazı qalanlar da kifayət qədər idi. Onların mübarizəsi isə artıq yerlərdə "əks-səda" doğururdu. Əhali gördü ki, inqilabdan sonra nəinki onlara vəd olunan sosial-iqtisadi irəliləyiş və islahatlar başlanmayıb, əksinə, vəziyyət daha da ağırlaşıb, real gəlirlər azalıb, inflyasiya daha da güclənib.
Ötən doqquz ayda ölkənin makroiqtisadi vəziyyəti xüsusilə ağırlaşdı. 2005-ci ilin yarım ilinin yekunlarına görə, iqtisadi artımda ciddi geriləmə müşahidə olundu, "narıncı" hakimiyyətin Kuçma dönəmində həyata keçirilmiş iri özəlləşdirməni təftiş etməyə başlaması isə xarici sərmayədarların gözünü qorxutdu, ölkə investisiyaların cəlb edilməsinə görə, Şərqi Avropada sonuncu yerlərdə qərar tutdu. Ukraynada "narıncı" dəyişikliyə dəstək vermiş Qərb dairələrində də pessimist rəylər formalaşmağa başlamışdı.
Bu ilin iyununda Beynəlxalq Davos İqtisadi Forumunun himayəsi altında Kiyevdə "Ukrayna mini-Davosu"nun keçirilməsi Yuşşenko iqtidarına müəyyən dəstək nümayiş idi. Lakin bu forumdan da gözləntilər özünü doğrultmadı. Qərbdə belə bir qənaət vardı ki, Ukrayna rəhbərliyinə yeni, liberal düşüncəli liderlərin gəlişi ölkədə tezliklə iqtisadi bumun başlanmasına təkan olacaq. Amma indiyədək yeni hakimiyyət nəinki köklü iqtisadi islahatlara başlaya bilməyib, üstəlik olan-qalan iqtisadi resurslar da tükənməkdədir.
Yeri gəlmişkən, Ukraynanın yeni hakimiyyəti barədə ilk pessimist fikirlərini bu ilin iyulunda ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt ifadə etmişdi. "Harıncı inqilab"ı dəstəkləyənlərdən biri olmuş xanım Olbrayt Çexiyanın "Praqa-Fronta" qəzetinə verdiyi müsahibədə etiraf etmişdi ki, Ukraynada gedən proseslər onda narahatlıq doğurur. İnqilabdan sonra gözlənilən iqtisadi islahatların başlanmaması, əhalinin sosial vəziyyətinin əvvəlki dövrə nisbətən ağırlaşmasını qeyd edən xanım Olbrayt bu xüsusda Ukraynanı Venesuela ilə müqayisə etmişdi. Onun sözlərinə görə, bir neçə il öncə bu Cənubi Amerika ölkəsində də demokratiyanın ab-havası görünməyə başlamışdı, lakin siyasi bəyanatların real iqtisadi addımlarla müşayiət olunmaması həmin ölkənin əhalisində böyük ümidsizlik yaratdı və nəticədə Venesuelada Uqo Çavesin diktaturası bərqərar oldu. Olbraytın fikrincə, hər bir seçici və vətəndaş üçün səslənən siyasi bəyanat və çıxışlardan daha önəmli olanı onun maddi təminatıdır. "Bəlkə də məni marksizmdə ittiham edərlər, amma bu bir gerçəkdir ki, insanlar bu və ya digər şəxsə səs verərkən ilk növbədə onun bəlağətli siyasi bəyanatları barədə deyil, həmin şəxsin onları necə dolandıracağı barədə düşünürlər", - deyə o vurğulamışdı.
Elə həmin iyulda "narıncı" hakimiyyət daxilindəki mübarizəyə yeni vektor - Ali Radanın sədri Litvinlə hökumət arasında ixtilaf əlavə olundu. Spiker Ali Rada deputatlarının bir qisminin eyni zamanda həm müxtəlif icra strukturlarında vəzifə tutmasına, həm də biznes fəaliyyətlə məşğul olmasına qarşı çıxdı, baş nazir Timoşenko isə spikeri islahatlar üçün vacib olan qanunları gecikdirməkdə və rəhbərlik etdiyi Xalq Partiyasının piarı ilə məşğul olmaqda ittiham etdi. Ümumiyyətlə, ötən aylar ərzində Ukraynanın hakimiyyət koalisiyasında yer alan bütün qüvvələr hər şeydən çox özlərinin siyasi piar kampaniyasına diqqət yetiriblər. Təsadüfi deyil ki, bunu prezident Yuşşenko da açıq etiraf edir.
Bu piar kampaniyası isə gələn ilin martında keçiriləcək parlament seçkilərinə hesablanıb. İndi heç kimdə şühbə doğurmur ki, Ali Radaya seçkilər dünənəcən yanaşı dayanmış liderlərin amansız mübarizəsinə meydan olacaq. Çünki 2006-cı il yanvarın 1-dən Ukraynada konstitusioan dəyişikliklər paketi qüvvəyə minməlidir və həmin dəyişikliklərə əsasən, prezidentin səlahiyyətlərinin bir qismi, o cümlədən hökumətin təşkili parlamentə keçəcək. Ali Radaya seçkilərdə uğur qazanmış qüvvə (yaxud qüvvələr) təkcə qanunverici orqanda üstünlüyə malik olmayacaq, həmçinin yeni hökuməti formalaşdıracaq. Təsadüfi deyil ki, xanım Timoşenko istefadan sonra verdiyi ilk bəyanatda özünün başlıca məqsədinin Ali Radaya seçkilərdə qalib gəlib yenidən, özü də bu dəfə prezident Yuşşenkonun iradəsinin əleyhinə olaraq, baş nazir postuna qayıtmaq olduğunu bildirib. Timoşenko bu mübarizədə dünənki siyasi rəqibləri ilə ittifaqa da hazır olduğunu bildirib. Artıq icmalçılar "Batkovşina" partiyası ilə ötənilki narıncı inqilabın qurbanı olmuş Viktor Yanukoviçin "Ukraynanın regionları" partiyası arasında siyasi müttəfiqliyi mümkün sayırlar.
Eyni zamanda, Yuşşenko da Ali Radaya seçkilərdə öz partiyasının qələbəsi üçün dünənki rəqibləri ilə yandırılmış körpüləri bərpa etməyə hazır görünür. Bu xüsusda onun hökumət başçısı vəzifəsinə Kuçmanın yerlisi və yaxın dostu, Dnepropetrovk vilayətinin qubernatoru Yuri Yexanurovu təyin etməsi heç də təsadüfi fakt sayılmır. O da bəllidir ki, Yexanurov daha çox texniki premyer olacaq və parlament seçkilərinədək qalan müddətdə hökumətdə nisbi sabitliyi təmin etməlidir.
Amma qarşıdakı altı ayın Ukrayna üçün necə keçəcəyi və Timoşenkonun elan etdiyi ikinci, "əsl narıncı inqilab"ın ölkəyə nə gətirəcəyi böyük suallar doğurur. Çünki Ukrayna xalqı birinci "narıncı inqilab"ın "dadını" artıq görüb və ikincinin də miqyasını təxmin edə bilər. Dünənki inqilab liderlərinin bu gün bir-birinə düşmən kəsilməsi və yeni siyasi ambisiyalar naminə istənilən qüvvə ilə, hətta korrupsiyada, Ukraynanı bir dövlət olaraq iflasa gətirməkdə ittiham etdikləri dünənki rəqibləri belə ittifaqa hazır olmaları bir daha sübut edir ki, bütün inqilablar kimi, rəngli inqilabların da əsas məsələsi hakimiyyətdir.
Ukrayna təcrübəsi həm də onu göstərir ki, inqilab liderləri hakimiyyət naminə nəinki onları meydanlarda gecə-gündüz dəstəkləyən minlərlə sıravi seçicinin maraqlarının, həmçinin dünənəcən bir-birinə sadiqliyə and içdikləri müttəfiqlərinin də üzərindən adlamağa hazırdırlar. Bu baxımdan Ukraynada cərəyan edən proseslərdən təkcə ukraynalılar nəticə çıxarmamalıdır...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
12. Bizə inqilab lazımdırmı?
Bu suala siyasi konyuktur nöqteyi-nəzərindən deyil, vətəndaş və dövlətçilik mövqeyindən yanaşmaq daha düzgün olardı
(“525-ci qəzet», 2 oktyabr 2005-ci il)
Azərbaycanda parlament seçkilərinə beş həftə vaxt qalır. Seçkilərdə ciddi nəticələrə iddia edən qüvvələr marafonun finişə qədər qalan hissəsini üstün mövqedə başa vurmaq üçün bütün imkanlarını işə salıblar. Siyasi mübarizənin hərarəti günbəgün armaqdadır. Əlbəttə, dünyanın bir çox ölkəsində seçki yarışının həlledici mərhələsi gərgin atmosferlə müşayiət edilir və Azərbaycandakı vəziyyəti də əlahiddə olaraq təsəvvür etməmək olardı.
Amma ölkədə seçkiqabağı mühitdə gəlişən hadisələr göstərir ki, proses artıq siyasi mübarizə müstəvisindən çıxaraq daha çox siyasi münaqişə hüdudlarına doğru yayılır. Özəlliklə son bir neçə həftədə, daha dəqiq desək, müxalifətin əsas güclərinin təmərküzləşdiyi "Azadlıq" blokunun 10 sentyabr mitinqindən sonra seçkiqabağı atmosfer qəlizləşib. İqtidar-müxalifət münasibətlərində anlaşmazlıq və mövqelərdəki çarpazlığın artıq kritik həddə çatdığını təsbit etmək mümkündür.
Ötən bazar müxaliflər hakimiyyət tərəfindən sanksiyalaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. Tərəflər demək olar ki, ciddi toqquşmanın eşiyindən döndülər, özü də Amerika səfirinin vasitəçilik səyləri nəticəsində. Bundan sonra hakimiyyət və müxalifət təmsilçiləri danışıqlar masası arxasında əyləşsələr də, nəticə hasil olmadı, hərə öz mövqeyində qaldı. Hakimiyyət müxalifətin tələb etdiyi 6 meydanın heç birində mitinq keçirməyə razılıq vermədi, müxaliflər isə hakimiyyətin təklif etdiyi 5 meydanın heç birinə yaxın durmadılar. İndi ortada, necə deyərlər, 11 meydan var, amma nəticə etibarilə onların heç biri mövcud şərtlər daxilində normal oyun qaydalarına riayət ediləcək şəkildə siyasi mükalimə müstəvisi kimi yararlı deyil.
Bu gün müxaliflər yenidən icazəsiz aksiya keçirməyə cəhd edəcəklər, hakimiyyət də buna imkan verməyəcəyini bildirib. Belə olan tərzdə vəziyyətin hansı səmtə doğru inkişaf edəcəyini təsəvvür etmək çətin deyil. Proseslərdəki gedişata diqqətlə nəzər salsaq, qeyd etməli olarıq ki, hadisələrin bu məcraya düşməsinə görə tərəflərin ikisi də məsuliyyət daşıyır. Hərçənd onu da vurğulamaq gərəkdir ki, seçkiqabağı mübarizədə oyun qaydalarını birinci olaraq müxalifət pozdu. Daha doğrusu, rəsmi seçki təbliğatı başlayanadək (7 sentyabr) iqtidar-müxalifət münasibətlərində ciddi insidentlər (hər iki düşərgəyə məxsus KİV-də qarşılıqlı "qara piar" kampaniyasını nəzərə almasaq) qeydə alınmamışdı. Lakin təbliğat kampaniyasının başlaması ilə münasibətlərdə ziddiyyətlər meydana çıxdı.
Əvvəlcə müxalifət dairələri 6 noyabr seçkilərində "exit-poll" keçirəcək əcnəbi şirkətlərə və onların Azərbaycanda tərəfdaş seçdikləri qurumlara etimadsızlıq nümayiş etdirdilər. Hətta ABŞ Dövlət Departamentinin rəsmi tenderinin qalibi olaraq Azərbaycanda "exit-poll" keçirmək imkanı qazanmış "RA Consalting Crour" şirkətinin burada kiminlə işləməsi dəqiqləşəndən sonra, müxalifət onun da fəaliyyətinə şühbəsini bildirdi. Bir sözlə, müxalifət faktiki olaraq 6 noyabr seçkilərinin "exit-poll" nəticələrini tanımayacağını artıq nəzərə çatdırıb. Təbii ki, əgər bu nəticələr müxalifləri qane etməsə.
Həmin nəticələr isə 6 noyabrın səhərisi məlum olacaq. Amma o da artıq indidən məlumdur ki, müxalifət prinsip etibarilə elə 7 noyabra hazırlaşır. Təsadüfi deyil ki, bu gün müxalifət düşərgəsində ən işlək müzakirə mövzusu seçkisonrası vəziyyət və "inqilab"la bağlıdır.
Əslində "Azadlıq" blokunun 10 sentyabr mitinqindən sonra "Qələbə" meydanından üz döndərməsi və şəhərin mərkəzində mitinq yeri tələb etməsi hakimiyyətin opponentlərinin "B" variantına hazırlaşdıqlarının bir göstəricisidir. Sözsüz ki, hakimiyyət də özlüyündə bu varianta hazırlıq görür.
Bir sözlə, Azərbaycanda seçki yarışı tədricən qarşıdurma havasına köklənməkdədir. Eyni zamanda, bu havanın sifarişçilərinin daha çox müxalifət cəhbəsində olduğu şühbə doğurmadığı kimi, həmin havanı prinsipcə məqbul sayanlar qarşı tərəfdə də yox deyil. Hərçənd onların hansı tərəfdə çox, hansında az olması mahiyyəti o qədər də dəyişmir. Ümumilikdə iqtidar da, müxalifət də 6 noyabr parlament seçkilərinə 2003-cü ilin prezidentlik yarışının davamı kimi yanaşırlar. Hakimiyyət bu seçkilərdə 2003-cü ildəki uğurunu daha da möhkəmləndirmək, müxalifət isə iki il öncə düçar olduğu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir.
Eyni zamanda, hakimiyyət öz məqsədinə seçkilərin şəffaflıq və demokratiklik "planka"sını yüksəltməklə, başqa sözlə, seçkidən sonra beynəlxalq dairələrdən daha dözümlü və ötən seçkilərə nisbətən daha məqbul qiymət almaqla nail olmaq fikrindədir. Müxalifət isə 2003-cü ilin prezident seçkilərindən ciddi nəticələr çıxardığını və bu dəfə öz iddiasında daha monolit və əzmli olacağını bildirir.
Hərçənd bu seçkilərə revanşizm hissləri (revanşizm istənilən halda qisasçılıq deməkdir) yanaşanlar gərək bunun nəticəsini də tam şəkildə göz önünə alsınlar. Söhbət 6 noyabrdan sonra (yaxud ondan öncə - prinsipcə bunun elə bir fərqi yoxdur) meydana gələcək qarşıdurmanın tərəflərdən hansınasa gətirəcəyi siyasi nəticələrdən deyil, bütövlükdə Azərbaycan dövləti üçün yaranacaq nəticədən gedir.
Bu gün Azərbaycanda "məxməri inqilab" ideologiyasını kultivasiya edənlər öncə bir gerçəkliyə diqqət yetirməlidirlər ki, ümumiyyətlə, inqilab nə deməkdir. İnqilab bütün hallarda mövcud sistemin dağıdılması və bu prosesi müşayiət edəcək və çeşidli faktorlara transformasiya olunan qarşıdurma deməkdir. Bu atmosferdə dağıdılmış sistemin qalıqları üzərində yeni nəyin qurulacağına və onun öncəkindən nə dərəcədə müsbət olacağına heç bir təminatın verilmədiyini də nəzərə alsaq, mənzərə ümumən tamamlanmış olacaq. Bunun şahidi olmaq üçün uzağa getmək lazım deyil. Son günlər istər Ukraynada, istərsə də, Qırğızıstanda yaşanan postinqilab havasını müşahidə etmək yetərlidir.
Elə isə gəlin görək, bu inqilab atmosferi Azərbaycanda hansı mənzərəni ortaya qoyacaq. Əvvala, Azərbaycanda indiyədək cərəyan etmiş daxili siyasi mübarizənin anatomiyasına, o cümlədən 1992-ci ildən etibarən baş verən hakimiyyət uğrunda çarpışmaların xronikasına diqqət yetirsək, görərik ki, bizdə bu olayların heç biri nəinki toqquşmasız və qan-qadasız ötüşməyib, üstəlik həmin çarpışmalar nəticə etibarilə Azərbaycanın indi xəritədə qara ləkə kimi görünən 20 faiz torpaqlarının işğalına şərait yaradıb.
Bu gün Azərbaycana inqilab ixracı illüziyasına qapılıb, "filan yerdə qan-qadasız ötüşdü, bizdə də elə olacaq" deyənlər hər halda bu gerçəkləri bilməmiş deyillər. Onlar bunu da daxilən nəzərə almamış deyillər ki, torpaqları işğal altında olan, məkrli düşmənlə üz-üzə qalmış Azərbaycan üçün inqilabi təlatümlər heç bir halda "məxməri" ola bilməz. 1992-1993-cü ildə itirdiklərimizi göz önünə alsaq, növbəti təlatümlərin bizə daha hansı itkiləri gətirəcəyini təsəvvür etmək belə müdhişdir.
Bu təlatümlərin Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri hansı kökə sala biləcəyini isə təsəvvür etmək çətin deyil. Bu gün Azərbaycanın dünyada ən sabit və sürətli iqtisadi inkişaf tempinə malik olduğunu artıq beynəlxalq təşkilatlar birmənalı olaraq etiraf edir.
Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı son hesabat da bunu təsdiqləyir. Həmin hesabata əsasən, 2005-ci ildə Azərbaycanda iqtisadi artım həcmi 18,4 faiz təşkil edəcək. Gələn il isə bu göstərici dünya üzrə rekord səviyyədə - 26,6 faiz həcmində gözlənilir.
Müqayisə üçün qeyd edək ki, cari ildə qonşu Ermənistanda iqtisadi artım tempi 8 faiz, Gürcüstanda 7,5, Rusiyada isə 6 faiz həcmində gözlənilir. Bu göstəriciyə görə ən ağır vəziyyət isə iqtisadi potensialına görə Rusiyadan sonra MDB-nin ikinci nəhəng ölkəsi olan Ukraynada yaranıb. BVF-nin hesabatına görə, 2005-ci ilin yekununda bu ölkədə iqtisadi artım ən aşağı səviyyədə - 4,5 faiz olacaq. Mövcud tendensiya gələn ildə də bu ölkə üçün ürəkaçan situasiya vəd etmir. Halbuki ötən il, yəni Ukraynada baş vermiş "narıncı" inqilabadək ölkənin iqtisadi artım tempi xeyli yüksək - 12-13 faiz həcmində idi.
Təbii ki, istər BVF-nin, yaxud digər beynəxlaq maliyyə institunun, istərsə də Azərbaycan hökumətinin açıqladığı yüksək iqtisadi inkişaf rəqəmləri heç də boş yerdə yaranmıyıb. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasətin, təməli hələ bir neçə il öncə qoyulmuş strategiyanın praktik nəticələridir. Hövbəti ildə Azərbaycanın dövlət büdcəsi 3,6 milyard dollar həcmində nəzərdə tutulub. Bu, Azərbaycan kimi böyük iqtisadi potensialı olan ölkə üçün ideal göstərici olmasa da, mövcud problemləri və bir neçə il öncəki vəziyyəti nəzərə alsaq, kifayət qədər yüksək bir rəqəmdir.
Təkcə onu qeyd etmək yetər ki, bir neçə ilə öncəyədək ölkə büdcəsinin qısa zamanda bu həddə çatacağı yalnız iqtisadi nəzəriyyəçilərin təhlillərində görünə bilərdi. Yç il öncə - 2002-ci ildə Azərbaycanın dövlət büdcəsi 1 milyard dollar həddini aşmışdı və o vaxt üçün bu mühüm göstərici sayılırdı. Sonrakı ildə bu göstərici 1,2 milyard dollara, 2004-cü ildə isə 1,6 milyarda çatdı. Bu il isə dövlət büdcəsi artıq 2,4 milyard həcmindədir. Yəni 2004-cü ildən başlayaraq Azərbaycanın büdcəsi hər il faktiki olaraq 50 faiz artır. Dünyada az ölkə tapılar ki, qısa müddətdə belə artım tempinə nail olsun.
Ölkənin iqtisadi imkanları ayrı-ayrı sahələrə, o cümlədən bizim üçün ən prioritet sahə olan ordu quruculuğuna büdcə ayırmalarını da artırır. 2004-cü ildə Azərbaycanın hərbi büdcəsi 175 milyon dollar təşkil edirdisə, bu il həmin rəqəm 300 milyon dollara çatıb, 2006-cı ildə isə hərbi xərclər 100 faiz artaraq 600 milyon dollara çatacaq. Müqayisə üçün deyək ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon, ondan bir il öncə isə cəmisi 120 milyon dollar idi. Bu artım tempindən ən çox əndişələnən tərəf isə Ermənistan olmalıdır. Yerevanda başa düşməlidirlər ki, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütünlükdə dövlət büdcəsini üstəməsi artıq reallıqdır və işğalçı ölkə gec-tez bu reallıq və onun doğuracağı nəticə ilə hesablaşmağa məcbur olacaq.
Əlbəttə, hamımız istərdik ki, bu hesablaşma anı tez yetişsin və Azərbaycan ərazi bütövlüyünü, nəhayət, bərpa etsin. O cümlədən bu gün aylıq məvaciblə, aldığı təqaüdlə normal yaşayışını təmin edə bilməyən vətəndaşlarımız da istərdi ki, ölkə büdcəsinin artım tempini daha nəzərəçarpacaq şəkildə öz ciblərində hiss etsinlər. Çünki Azərbaycanda büdcə imkanları nə qədər sürətlə artsa da, hələlik ölkə əhalisinin müəyyən qismi 150 min manatlıq (33 dollar) təqaüd və minimal əməkhaqqının ümidinədir. Azərbaycanda o vaxt ümumi rifahdan danışmaq mümkün olacaq ki, ölkədə minimal təqaüd və maaşlar minimum istehlak zənbilini doldura biləcək. Təbii ki, hakimiyyət bu yöndə addımları davam etdirir, yeni ildən minimal təqaüd və maaşlar 200 min manat olacaq. İlyarım öncə isə bu rəqəm 80 min manat idi.
Əlbəttə, bu yöndə populist bəyanatlar da vermək mümkündür, o cümlədən minimal əməkhaqqının qısa müddətdə 100 dollar həcminə çatrılıcağını da vəd etmək olar. Amma bir məsələ var ki, meyar həddi olmayan populizmdən fərqli olaraq, reallığın bəlli hüdudları var. Bu xüsusda başlıca reallıq isə ondan ibarətdir ki, Azərbaycanda istər iqtisadi inkişafı sürətləndirmək və büdcəmizi hər kəsə minimal yaşayış imkanı saxlayacaq həddə çatdırmaq, istərsə də dövlətimizin bir nömrəli problemini həll etmək üçün hər şeydən öncə sabitlik vacibdir.
Normal məntiqə dayanan heç bir kəs inkar edə bilməz ki, Azərbaycanda həyata keçirilən bütün iri layihələr və onların gətirməyə başladığı real iqtisadi dividendlər məhz stabil iqtisadi inkişaf, o isə öz növbəsində ölkədəki ictimai və siyasi sabitlik sayəsində mümkün olub. Və yaxın günlərdə tam istifadəyə veriləcək Bakı-Tbilisi-Ceyhan BTC kəməri də, gələn il işə düşəcə "Şahdəniz" layihəsi və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də, bir sonrakı il fəaliyyətə başlayacağı gözlənilən Türkiyə-Gürcüstan-Azərbaycan dəmir yolu xətti də - bütün bu nəhəng iqtisadi layihələr nəticə etibarilə Azərbaycanın ümumi rifahını təmin edəcəklər. Amma bütün bunların heç biri olmaya da bilər. Odur ki, sərlövhədəki suala da tam ciddiliyi ilə yanaşmaq gərəkdir...
Effektiv Təşəbbüslər Mərkəzinin analitik qrupu
13. «Məxməriinqilab»ın Azərbaycanvariantı
Prezident özü hakimiyyətdə köklü dəyişikliklərə başlamaqla cəmiyyətdəki gözləntilərə cavab verdi
(«525-ci qəzet», 25 oktyabr 2005-ci il)
Azərbaycanda aylardan bəri haqqında diskussiyalar gedən, mübahisəsi səngiməyən "məxməri inqilab" artıq başlanıb. Ölkə prezidentinin hakim komanda daxilində gerçəkləşdirdiyi - fakt etibarilə qəfil, amma məntiq nöqteyi-nəzərindən çoxdan gözlənilən təmizləmə prosesinin mahiyyətini ən optimal şəkildə bu cür xarakterizə etmək olar.
"Məxməri inqilab"ların başlıca məramı hakim sistemin köklü şəkildə, lakin dövlət və cəmiyyət üçün ağrısız formada islah olunması, dövlət idarəçiliyini korporativ və klan maraqlarından, traybalist təfəkkürdən xilas edib şəffaf və ictimai nəzarətin təmin olunacağı bir müstəviyə çıxarmaqdır. Son vaxtlar postsovet məkanında baş verən bütün "məxməri inqilab"ların əsas qayəsi də bu cür xarakterizə olunub. Həmin proseslərin nəticə etibarilə qeyd olunan mərama nə qədər adekvat olub-olmaması isə artıq başqa məsələdir.
Amma sözügedən inqilabi dəyişikliklərin Azərbaycanda da ciddi rezonans doğurduğu faktdır. Bu mövzu ətrafında səslənən müxtəlif mülahizələri, "bizdə inqilab istisna edilir" fikrindən "inqilab qaçılmazdır" iddiasınadək bütün bəyanatları bir kənara qoyub məsələnin mahiyyətinə varsaq, görərik ki, ümumilikdə xalq ölkədə siyasi rəhbərlikdən tutmuş yerlərdəki məmur idarəçiliyinədək bütün səviyyələrdə köklü keyfiyyət dəyişiklikləri gözləyir və bu islah prosesinin mümkün qədər sakit şəkildə gerçəkləşməsini istəyir. Çünki xalq yaxın keçmişdə Azərbaycanda meydana gəlmiş siyasi toqquşmaların və çevrilişlərin acı nəticəsini yaxşı xatırlayır.
Odur ki, əhali güzəranını daha da yaxşılaşdıracaq, rüşvətxorluğa, hakimiyyət daxilindəki ayrı-ayrı qruplaşmaların nüfuz savaşına son qoyacaq kardinal dəyişikliklərin arzusunda olmaqla bərabər, bu prosesin küçə və meydanlardan üzüyuxarı deyil, yuxarıdan aşağıya və ən əsası siyasi sarsıntı doğurmadan aparılmasına tərəfdardır. Təsadüfi deyil ki, 2003-cü ilin prezident seçkilərindən sonra cəmiyyət yeni prezidentin ümummilli lider Heydər Əliyevin bina etdiyi dövlətçilik kursunu davam etdirməsini təqdir etməklə bərabər, onun istər komandadaxili islahatlar, istərsə də ümumi idarəçilik fəlsəfəsi baxımından yeni və kəsərli addımlar atmasını da gözləyirdi.
Etiraf etmək lazımdır ki, ötən iki ildə dövlət başçısı bu gözləntiləri qarşılamaq üçün bir sıra addımlar atsa da, onlar nəticə etibarilə ciddi keyfiyyət dəyişiklərinə gətirib çıxarmamışdı. Üstəlik, ictimai rəydə belə mülahizələr də özünə yer tapmışdı ki, prezident belə miqyasda köklü islahat prosesini reallaşdırmaqda ciddi çətinliklərlə üzləşib, başqa sözlə, dövlət başçısının konservativ ətrafı ona effektiv qərarlar qəbul etməyə imkan vermir.
Parlament seçkilərinin yaxınlaşması cəmiyyətin dəyişiklik gözləntilərini artırmaqla bərabər, onun daxilində sözügedən şübhələrə də yetərincə yol açmışdı. Bu baxımdan 6 noyabr Azərbaycan cəmiyyəti tərəfindən geniş mənada ölkənin gələcək inkişaf perspektivini təyin edəcək tarixi bir şans kimi nəzərdən keçirilir.
Eyni zamanda, belə bir şəraitdə hakimiyyətin opponenti olan qüvvələrin alternativ yol olaraq Azərbaycanda iqtidar dəyişikliyinin labüdlüyünü önə çəkməsi və yalnız bu halda ölkədə köklü demokratik islahatların gerçəkləşəcəyini bəyan etməsi cəmiyyətdə birmənalı olmayan əhval yaratmışdı. Lakin müxalifətin ortaya praktik alterativlər qoymaması və seçiciyə ünvanlanan bəyanatlarını yalnız "biz hakimiyyətə gəlib, ölkəni sənin istədiyin şəkildə dəyişdirəcəyik" tezisi üzərində qurması siyasi effekt baxımından təsirli görünsə də, nəticə etibarilə əhalinin əksəriyyətinin rəğbətini qazana bilmədi.
Bu, oktyabrın 17-də bir daha təsdiqini tapdı. Rəsul Quliyevin ölkəyə "qayıdışı" ətrafında yaradılan ifrat aciotajın "sabun köpüyü" effekti doğurması, eks-spikerin gəlişinin ümumxalq hadisəsinə çevriləcəyini iddia edənlərin əksinə olaraq, həmin gün küçələrə nəinki minlərlə, yaxud yüzlərlə, heç onlarla da adamın çıxmaması, hər şeydən öncə, müxalifətin inqilab çağırışının cəmiyyət tərəfindən qəbul edilməməsinin sübutu idi. Əgər radikal müxalifət 17 oktyabrı bir anlamda 6 noyabrın siyasi prelüdiyası, yəni xalqdan hakimiyyət dəyişikliyinə dəstək alınması yolunda mühüm mərhələ kimi nəzərdən keçirirdisə, onların bu "ilkin seçki"dən uğursuz çıxması faktdır. Özü də bu uğursuzluq, sadəcə, xalqın böyük əksəriyyətinin onlara etimadsızlığını nümayiş etdirmədi.
17 oktyabr faktiki olaraq "Azadlıq" blokundakı vəhdətin xeyli dərəcədə görüntü olduğunu ortaya qoymuş oldu. Birmənalı şəkildə qeyd etmək olar ki, 17 oktyabrda R.Quliyevi qarşılamaq üçün əllərindən gələni edəcəklərini bəyan edən Müsavat və AXCP həlledici anda bu vədə əməl etmədilər. Daha doğrusu, onlar əllərindən gələni etdilər ki, 17 oktyabrda ADP-nin sosial bazasının nə qədər məhdud və kasad olduğu hər kəsə, o cümlədən ADP sədrinə əyan olsun. Bu baxımdan 17 oktyabr təkcə R.Quliyevin növbəti "qayıdış" avantürasının ifşası ilə deyil, həm də "Azadlıq" bloku daxilində ciddi çatlara rəvac verəcək fakt kimi yadda qaldı və bu blokun timsalında nümayiş etdirilən "müxalifət birliyi"nin seçkiqabağı dövr üçün quraşdırılmış siyasi dekorasiya olduğunu hər kəs aydın gördü.
17 oktyabr göstərdi ki, müxalif düşərgədə, əvvəllər olduğu kimi, yenə də hər kəs "öz əlinə oynayır". Özü də burada təkcə Müsavat və AXCP liderlərinin R.Quliyevə münasibəti deyil, sabiq spikerin də onlara münasibəti aşkarlanmış oldu. 17 oktyabrdan sonra cərəyan edən olaylar, R.Quliyevin təlimatı ilə "inqilab"a (hakimiyyət dəyişikliyinə) hazırlaşan iqtidardaxili qüvvələrin ifşa olunması göstərir ki, eks-spiker də, əslində, öz oyununu oynayırmış və öz liderliyi ilə gerçəkləşdirəcəyi inqilabın bəhrəsinə heç də "Azadlıq" blokundakı həmkarlarını şərik etmək niyyətində deyilmiş.
Görünən odur ki, ADR lideri Müsavat və AXCP-yə bu proseslərdə daha çox kütləvi səhnələrdə yer ayırıbmış, "inqilab"dan sonra əsas rolları (hakimiyyət postlarını) isə onu iqtidar daxilindəki müttəfiqləri ilə bölüşəcəkmiş. Bu yerdə inqilabların mahiyyəti və onlardan nəticə etibarilə kimlərin bəhrələndiyi barədə məşhur filosofun məlum kəlamı bir daha xatırlamamaq olmur.
Hələlik, R.Quliyevin iqtidardakı müttəfiqlərinin ikisinin adı cəmiyyətə rəsmən elan edilib, amma Rəsul müəllimin "inqilabı"na maya qoyanların yalnız iqtisadi inkişaf və səhiyyə nazirləri ilə məhdudlaşmadığı da aydındır. Təsadüfi deyil ki, Fərhad Əliyev və Əli İnsanov həbs ediləndən sonra çeşidli mənbələrdən daha bir neçə hökumət mənsubunun da adının sabiq maliyyə naziri Fikrət Yusifovun siyahısında olması barədə xəbərlər yayıldı. Düzdür, bu xəbərlər sonradan təsdiqini tapmadı, amma hələlik 17 oktyabrın fəsadları da tam şəkildə üzə çıxmayıb və aparılan istintaqın daha kimlərə order "yazacağı" da bəlli deyil.
Eyni zamanda, bir şey artıq bəllidir ki, aylardan bəri özünü islahatçı nazir kimi cəmiyyətə tanıtmaq, ictimai rəyə Azərbaycanın gələcək "Saakaşvilisi" ("Yuşşenkosu") kimi təqdim olunmaq üçün kütləvi informasiya vasitələrinə külli miqdarda dövlət vəsaitini xərcləyən F.Əliyev Rəsul müəllimin "inqilab"ına səxavətlə maya qoymağa hazır imiş. Təbii ki, 100 min avro nağd avans və 3 milyon dollar vədin arxasında sabiq iqtisadi inkişaf nazirinin də müəyyən gözləntisi olub. Məsələn, Rəsul müəllimin prezident olduğu komandada baş nazir postunu tutmaq. Onsuz da xeyli müddət idi ki, F.Əliyevə yaxın media guya onun baş nazir olması üçün az qala Bakıdakı bütün xarici diplomatik korpusun minnətçi düşməsi, hətta ABŞ səfirinin bunu prezident İ.Əliyevdən şəxsən xahiş etməsi barədə məqsədli piar təbliğatı getməkdə idi. Maraqlıdır ki, "Amerika dəstəyi" faktoru sabiq səhiyyə nazirinin piar təbliğatında da aparıcı yer tuturdu. Bəzi kütləvi informasiya vasitələri Ə.İnsanovun ABŞ-ın bir neçə nüfuzlu konqresmeni ilə isti münasibətlərdə olduğunu və səhiyyə nazirinə toxunmamağı prezidentin özündən onların şəxsən xahiş etdiklərini bildirirdilər.
Qeyd etmək lazımdır ki, bu müddətdə həm müxalifət mətbuatında, həm də cəmiyyətdəki söz-söhbətlərdə prezident İlham Əliyevin hakimiyyət komandasının ayrı-ayrı üzvləri ilə münasibətləri, ölkə başçısının, az qala, öz qərarlarını iqtidardakı bu və ya digər oliqarxın təsiri altında qəbul etməsi barədə spekulyasiyalar yer almışdı. Həmin spekulyasiyalarda ictimai rəyə belə bir fikir təlqin edilirdi ki, ölkə başçısı hakimiyyət daxilindəki nüfuz mübarizəsinə son qoymaq gücündə deyil və böyük maliyyə resursları toplamış ayrı-ayrı iqtidar təmsilçilərinin mövqeləri ilə hesablaşmalı olur. Eyni zamanda, cəmiyyət bu spekulyasiyalara son qoyacaq anı, prezdentin dövlət idarəçiliyində həlledici söz sahibi olduğunu qəti şəkildə nümayiş etdirəcək addımları da daxilən gözləyirdi. Əksəriyyət hesab edirdi ki, dövlət başçısı bu addımlara parlament seçkilərindən sonra başlayacaq.
Lakin oktyabrın 19-da başlanan proses göstərdi ki, dövlət başçısının bu addımlarının nisbətən gecikməsində siyasi iradə zəifliyi, yaxud da hansısa konyuktur amil rol oynamayıb. Dövlət başçısının son addımları göstərdi ki, o, gedən proseslərə dəqiqliklə nəzarət edirmiş və sadəcə, hadisələrin lazımi kondisiyaya yetişməsini gözləyirmiş. Prezidetin oktyabrın 19 və 20-də verdiyi qərarlar öz qətiliyi ilə yanaşı, zərgər dəqiqliyi ilə həyata keçirilmiş taktiki gedişlərdəki siyasi fəhmi də nümayiş etdirir.
Baş verənlərin mahiyyətinə diqqət yetirsək, qeyd etməliyik ki, əslində, oktyabrın 19-da Azərbaycan inqilabi dəyişikliklər sayıla biləcək proses başlanıb. Son olaylar həm də onu göstərir ki, prezidentə qarşı ən ciddi müxalifət elə hakimiyyətin içində imiş. Eyni zamanda, o da bəlli olur ki, hakimiyyətdəki oliqarxlaşmış müxalifətlə "klassik" müxalifətin çulğalaşması artıq kritik həddə çatıbmış və 17 oktyabr bu prosesdə həlledici gün olmalıymış.
Oktyabrın 19-20-də başlanan prosesin iqtidardakı daha hansı şəxsləri əhatə edəcəyi və sabiq maliyyə nazirinin istintaqa verdiyi siyahıdan daha kimlərin adının çıxacağını zaman göstərəcək. Amma bu prinsip etibarilə elə də əhəmiyyət kəsb etmir. Mühüm olanı dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişafı, onun şəffaf, cəmiyyət qarşısında məsuliyyət hissini dərk edən sadiq bir hakimiyyət komandası ilə idarə olunması üçün müstəsna əhəmiyyət kəsb edən tarixi bir prosesin başlanmasıdır.
Prezident İlham Əliyev faktiki olaraq Azərbaycanda "məxməri inqilab"ı özü başladı və müxalifətin əsas siyasi rıçaqını onun əlindən almış oldu. Müxalifət "məxməri inqilab" çağırışları altında hansı ideyaları təbliğ edir? Azərbaycanda korrupsiyalaşmış sistemi, oliqarxlaşmış hökuməti yenisi ilə əvəz etməyi, məmur özbaşınalığına son qoymağı, dövlət idarəçiliyini şəffaflaşdırmağı və s. Bütün bunları prezident İlham Əliyev özü həyata keçirməyə başlayıb. Üstəlik prezidentin son qərarlarına cəmiyyətin ən müxtəlif təbəqələrindən gələn müsbət rezonans deməyə əsas verir ki, onun bu yöndə növbəti addımları da əhali arasında dəstək qazanacaq.