ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Analitika > Milli ideya və ümumbəşəri dəyərlər

Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi

Ramiz Mehdiyev,

Akademik, Azərbaycan Respublikası

Prezidenti Administrasiyasının rəhbəri

Yeni minillikdə Azərbaycan dövlətçiliyinin inkişaf fəlsəfəsini üç determinantın - milli ideyanın formalaşması, şəxsiyyətin rolunun tanınması və millətin məqsədyönlülüyünün dəstəklənməsi determinantlarının təsir dairəsində nəzərdən keçirmək lazımdır. XXI əsrdə Azərbaycanın simasını bu amillər bəri başdan müəyyən edir.

Əsas ideoloji paradiqmaların təşəkkülü tarixinə ötəri nəzər salaraq və milli ideya məkanında ehkam və dəyərlərin konvergensiyasının mümkünlüyünü nəzərdən keçirərək, onlardan hər birinin son illərdə Heydər Əliyev siyasətinin nailiyyətlərindən biri olduğunu təsdiqləyərək, indiki reallıqların təhlilinə keçək və milli Azərbaycan siyasətinin mənzərəsini yenidən canlandırmağa çalışaq.

Bu gün zəmanəmiz suallar zəmanəsi kimi təsəvvür olunur; elə suallar ki, onlara cavabı, çox güman, siyasətçilərin yeni nəsli - iqtisadiyyatın liberallaşdırılmasına yönəldilmiş siyasi xətti davam etdirməyə, onun cəmiyyət üçün məqbulluğunu təmin etməyə, ənənə və təməlləri qorumağa, cəmiyyətin qərbləşdirilməsini (vesternizasiya) uyğunlaşma imkanlarımızın səviyyəsinə çatdırmağa qadir modernistlər nəsli cavab verəcəkdir.

Alman sosioloqu Maks Veber peşə seçimi olaraq siyasətçilər və siyasət barədə düşüncələrində təkcə iradəni, ağılı, ehtirası, borc hissini, xarakteri deyil, həm də fəhmi - "reallıqların təsirinə daxili mütəşəkkilliklə və təmkinlə uyğunlaşmaq bacarığını..." siyasətçinin həlledici psixoloji keyfiyyəti sayırdı. Axı, məhz real vəziyyətə xüsusi həvəslə nüfuz etmək bacarığı dövlət idarəetmə strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir. Belə siyasətçilər həmişə öz diqqətini siyasətçinin əsas və real silahdaşı olan cəmiyyətə yönəldir və formalaşmış olan siyasi xəttin varisliyinə müsbət təsir göstərirlər. Nəticədə, yeni siyasi paradiqma, məkan, təfəkkür, mədəniyyət yarana bilər. 2003-cü ilin prezident seçkiləri nəticəsində məhz belə olmuşdur.

Ehtimal etməyə bütün əsaslar var ki, bu seçkilər milli siyasətin məkanını genişləndirir. 2003-cü ilin prezident seçkiləri əvvəlki seçkilərdən təkcə siyasi vəziyyətlə deyil, həm də ölkənin siyasi inkişaf mərhələsi ilə fərqlənir. Başqa sözlə desək, prezident seçkiləri gənc Azərbaycan demokratiyası üçün növbəti kamillik imtahanı oldu və yeni minillikdə Azərbaycanın necə bir dövlət olacağının bünövrəsini qoydu. Yeni dövr başlanır, amma necə bir dövr?

Bu suala Heydər Əliyevin son illər ərzində ölkədə yaratdığı siyasi və iqtisadi vəziyyət cavab verir. Öz mahiyyəti etibarilə yeni dövr cəmiyyətin inkişafının maraqlarına və tələblərinə uyğun olmayan, milli siyasi məkanı məhdudlaşdıran yolu inkar edir. Eyni zamanda bu dövr ölkənin gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir.

Ölkənin siyasi inkişafının 2003-cü ildəki mərhələsi göstərir ki, siyasi hakimiyyət, resurslar və statuslar uğrunda mübarizə həmişəkindən daha kəskin xarakter almışdır. Seçkiqabağı kampaniyada iştirak müxalifətin bir çox xadimləri üçün özlərinin cəmiyyətdəki mövqelərini qoruyub saxlamaq və ya yaxşılaşdırmaq məqsədi deyil, partiyada tam hakimiyyət uğrunda və öz siyasi gələcəyi uğrunda amansız çarpışmadan duruş gətirmək məqsədi daşımışdır. Lakin həmin xadimlər bu mübarizədə yalnız bircə faktı təsdiqlədilər ki, onlar istər dünyada gedən siyasi proseslərin, istərsə də öz ölkəsinin və xalqının mənafelərinin mahiyyətini anlaya və dərk edə bilməyərək, tarixi prosesdən kənarda qalmışlar.

Bizə elə gəlir ki, qüvvələrin sınaq dövrü sona yetmişdir. İndi ölkənin siyasi quruluşunu təkmilləşdirməkdən, yeni şəraitə uyğun gələn milli ideologiya hazırlamaqdan, iqtisadiyyatı modernləşdirməyin səmərəli yollarının axtarışından, habelə şəxsiyyətin və dövlətin mənafelərinə cavab verən siyasətin işlənib hazırlanması və həyata keçirilməsindən söhbət gedir.

Bu baxımdan milli ideologiya sağlam vətənpərvərlik, Vətənə məhəbbət hissi kimi öz torpağına hörmət, doğma xalqının özünəməxsus keçmişə malik olmaq və üzvi şəkildə inkişaf etmək hüquqlarını tanımaq kimi təsəvvürə gətirilir. >>> 

* * *

İctimai və humanitar elmlər:

zaman kontekstindən baxış

Ramiz Mehdiyev,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının rəhbəri,

akademik

-08.12.2009-

Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etdi.

Hər bir Azərbaycan vətəndaşı və bütövlükdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz, müəyyən mənada, artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalı, cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik.

Ölkəmizdə keçid dövrünə xas olan amillər ziyalıların vəziyyətinə, elmin, təhsilin və mədəniyyətin durumuna öz təsirini göstərmişdir. 1990-cı illərin əvvəlində bəzilərinə elə gəlirdi ki, vətəndaşlarımızın ağır güzəranı, gələcəyə inamın olmaması və ümumi çətinliklər bir çox ənənələrimizin də məhvinə gətirib çıxaracaqdır.

O illərdə məruz qaldığımız siyasi, iqtisadi və sosial böhran, sözsüz ki, insanların elmə və təhsilə olan münasibətinə də təsir göstərmişdi. Azərbaycanlıların daim öz övladlarının maariflənməsinə, təhsil almasına, alimin mövqeyinin yüksək dəyərləndirilməsinə meyilli bir millət olmasına baxmayaraq, bu dövrdə çoxları artıq ümidsizliyə qapanmışdılar. Sovet məktəbindən milli təhsil sisteminə keçid heç də asanlıqla baş vermədi. Bu illərdə Elmlər Akademiyasının bağlanmasına dair səslənən çağırışlar da elmi ictimaiyyətə bütövlükdə mənfi təsirini göstərdi.

Sovet İttifaqı dağıldıqdan sonra bütün postsovet ölkələrində olduğu kimi, bizdə də ideologiyasızlaşdırma deyilən prinsip bəyan edildi. Bu prinsip marksizm-leninizm ideologiyası ilə bağlı nə varsa, hamısından tamamilə imtina olunmasını nəzərdə tuturdu və totalitarizmin, kommunist ideologiyasının təzədən baş qaldırmasına imkan verməməli idi. Lakin həmin dövrdə baş verən mürəkkəb proseslər nəticəsində yaranmış boşluğu qısa müddətdə müxtəlif növ surroqat ideya və yanlış ideologiyalar doldurdu.

Belə qondarma ideologiyaların hamısında inkar amili dominant rolunu oynayırdı. İnkarçılıq kommunizm idealları ilə mübarizədə yox, Azərbaycanın keçmişinə olan münasibətdə özünü ən parlaq şəkildə büruzə verirdi. Tarixi nailiyyətlərimizin üstündən xətt çəkilir, qürur doğuran hadisələr belə, qaralanırdı. Əslində, neobolşevizmin bu yeni forması hər şeyi dağıdaraq bizə xarabalıqlar üzərində yeni dünya qurmağı təklif edirdi. Hadisələrin təhlükəli istiqamətdə cərəyan etdiyi bu dövrdə cəmiyyətə yeni bütlər təqdim olunurdu.

Müstəqilliyin ilk illərində ali məktəblərdə də yeniləşmə prosesi bir çox cəhətdən kosmetik səciyyə daşıyırdı. Elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlandırılır, “Elmi kommunizm” ifadəsi mexaniki olaraq “politologiya” sözü ilə əvəzlənir, dialektik və tarixi materializm kafedraları fəlsəfə kafedralarına çevrilirdi və s. Uzun illər Sov.İKP tarixi ilə məşğul olmuş şəxslər də birdən-birə dönüb Vətən tarixi üzrə mütəxəssislərə çevrilirdilər.

1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin milli elitaya mənfi təsiri haqqında çox danışmaq olar. Əlbəttə, obyektiv informasiyanın olmadığı bir şəraitdə bir çox əyintilərin və səhvlərin meydana çıxması mümkün idi. Əsl həqiqəti ictimaiyyətə çatdırmaq vəzifəsi məhz alimlərin üzərinə düşürdü.

Ziyalılarımızın böyük bir qismi isə yaxşı bilirdi ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyevin bütün cəmiyyəti səfərbər edərək, onu düzgün yola istiqamətləndirməsi sayəsində 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq.

Hazırda biz müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaşayırıq. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asanlıqla qazanılmayıbdır.

İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir. Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik. Bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir.

Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir. >>>



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009