Analitika> Dağlıq Qarabağ münaqişəsi və regional təhlükəsizlik
Azərbaycan ərazi məsələsini heç vaxt və heç kimlə müzakirə etməyəcək
Xəbər verdiyimiz kimi, 2010-cu il martın 26-da Belçika paytaxtında “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Dağlıq Qarabağ: uğurlu yollar axtarışı, yoxsa uğursuzluq?” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Avropa Siyasi Mərkəzi (European Policy Center – http://www.epc.eu/) tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycan tərəfdən siyasi icmalçı, AzərTAc-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov, Ermənistan tərəfdən bu ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan çıxış etmişlər.
Məruzələrdən sonra keçirilmiş diskussiyada Milli Məclisin deputatı Asim Mollazadə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis, RF-nin Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini Nikolay Kobrinets, ABŞ-dan olan politoloq Vladimir Sokor iştirak etmişlər. Bundan əlavə, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov, “Paneuropa Foundation Romania”nın prezidenti Mariya Manuela Çikan, müxtəlif ölkələri təmsil edən diplomatlar, politoloqlar, habelə qeyri-hökumət təşkilatlarının əməkdaşları remarkalarla çıxış etmişlər.
Vüqar Seyidov öz çıxışında Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar Bakı ilə Yerevan arasında münaqişədə Azərbaycanın mövqeyini şərh etmişdir. Politoloq məruzənin əvvəlində qeyd etmişdir ki, auditoriyaya toplaşanlar onun çıxışında “breaking news” seriyasından olan hər hansı sensasiyalı bəyanat eşidəcəyini gözləməsinlər.
O demişdir: “Mənim hökumətimin mövqeyi tamamilə aydındır. Bu mövqe müxtəlif səviyyəli rəsmi şəxslərin çoxsaylı bəyanatlarında dəfələrlə ifadə edilmişdir. Danışıqlar prosesi gedən illər ərzində bu mövqe dəyişməmişdir. Bunu Prezident İlham Əliyev Novruz bayramına həsr edilmiş ümumxalq şənliklərindəki çıxışında da vurğulamışdır. Yadınızdadırsa, o demişdir ki, danışıqlar prosesində Azərbaycanın prinsipial mövqeyi dəyişməmişdir və ölkənin ərazi bütövlüyü məsələsi heç vaxt danışıqların mövzusu olmamışdır və olmayacaqdır”.
Məruzəçi bir daha təsdiqləmişdir ki, rəsmi Bakı Azərbaycan dövlətinin ərazi məsələsini heç vaxt və heç kimlə müzakirə etməyəcəkdir. Azərbaycanın ərazisi bütün beynəlxalq birlik tərəfindən tanınmışdır və rəsmi Bakı bütün dünya tərəfindən dövlətimizin tərkib hissəsi kimi tanınmış ərazidən könüllü imtina etmək üçün səbəb görmür. Münaqişənin həlli yalnız 1975-ci il Helsinki Yekun Aktında təsbit olunmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında mümkündür. Bu halda ərazi bütövlüyü dedikdə bu gün Azərbaycan hökumətinin de-fakto nəzarətində olan ərazi deyil, beynəlxalq birlik tərəfindən de-yure tanınmış ərazi nəzərdə tutulur.
Başqa sözlə desək, Azərbaycan dedikdə bu ölkənin keçmiş Azərbaycan SSR hüdudlarında, uti possidetis juris prinsipi üzrə BMT-yə, Avropa Şurasına, ATƏT-ə, digər beynəlxalq təşkilatlara qəbul edildiyi sərhədlər daxilində, yəni Azərbaycanın hazırda Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu ilə birlikdə götürülən ərazisi nəzərdə tutulur. >>>