ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib

Bununla belə, alyans əvvəlkitək Qarabağ münaqişəsinə qarışmaq istəmir və bu məsələnin ATƏT-in çərçivəsində həllinə tərəfdardır

"Biz Cənubi Qafqaz və Moldovada uzunmüddətli regional münaqişələrin hələ də davam etməsindən çox narahatıq. Regiondakı bütün tərəflərin münaqişələrin sülh yolu ilə həlli üçün konstruktiv çalışmaları çox vacibdir" - bu fikir NATO-nun aprelin 3-4-də Almaniya və Fransanın ortaq evsahibliyi ilə keçirilmiş sammitinin yekun bəyanatında əks olunub. Bəyanatda vurğulanır ki, alyans münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və münaqişə tərəflərini regional sabitlik və təhlükəsizliyə xələl gətirəcək addımlardan çəkinməyə, sülh danışıqlarını davam etdirməyə çağırır: "Biz Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməkdə davam edəcəyik. Münaqişələrin prinsiplərini nəzərə alaraq, onların sülh yolu ilə həllinə yönəlmiş səyləri də dəstəkləyəcəyik".

Bəyanatda sözügedən münaqişələrin nizamlanmasında beynəlxalq vasitəçilik təşəbbüsləri və öncəliklə ATƏT-in fəaliyyəti dəstəklənir. Qeyd olunur ki, ATƏT-in regiondakı fəaliyyəti "öz növbəsində Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ilə müvəffəqiyyətlə tamamlana bilər". Xatırladaq ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması Türkiyə tərəfindən ötən il irəli sürülmüş bir təşəbbüsdür və bu müddəanın NATO-nun yekun sənədinə salınması alyans tərəfindən Türkiyənin regiondakı roluna və sülhyaratma səylərinə dəstək ifadəsi sayıla bilər.

Bununla belə, sammitin yekun sənədi alyansın regiondakı münaqişələrə münasibətdə aşkar məsafədə dayandığını və təşkilat olaraq bu məsələlərə qarışmaq istəmədiyini bir daha göstərir. Alyans öncəki bəyanatlarında da postsovet məkanındakı münaqişələrə, o cümlədən Qarabağ məsələsinə bu cür məsafəli yanaşma ortaya qoyub. "Hesab edirəm ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həlledici rol oynamamalıdır. Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll olunur", - deyə alyansın baş katibi Yaap de Sxeffer Strasburqda xarici tələbələr qarşısında çıxışında bildirib. Baş katib bu fikri Strasburqda erməni tələbənin sualına cavab olaraq bildirib.

Ümumiyyətlə, NATO 60 illik tarixi ərzində bir dəfə - 1999-cu ildə - keçmiş Yuqoslaviya (Serbiya) ərazisindəki Kosovo münaqişəsinə birbaşa müdaxilə edib. O vaxt alyans Kosovoda yaşanan humanitar fəlakəti dayandırmaq və keçmiş Yuqoslaviya rəhbərliyini atəşkəsə məcbur etmək üçün bölgədə hərbi əməliyyat keçirmişdi. NATO-nun bu sülhyaratma əməliyyatı nəticə etibarilə Kosovonun Serbiyadan qoparaq beynəlxalq administrasiya altına keçməsinə gətirdi. 2008-ci ildə isə Kosovo müstəqilliyini elan etdi. Başqa sözlə, NATO humanitar mahiyyətli bir əməliyyatla həm də separatizmə dəstək vermiş oldu.

Kosovo olayından sonra NATO dövlətlərin ərazi bütövlüyü məsələsini daha çox ön planda tutmağa çalışır. Hərçənd bu yöndə verilən bəyanatlar da formallıqdan uzağa getmir. Bunun alyansın Gürcüstanın ərazisindəki münaqişəli bölgələrə, bu bölgələrin Rusiya tərəfindən işğalı faktına yanaşmasında da görmək olar. "Cənubi Osetiya və Abxaziya Rusiyanın deyil, Gürcüstanın əraziləridir. Bu regionların hərbi işğalı və daha sonra tanınması beynəlxalq hüququn ölkələrin ərazi bütövlüyü prinsipinə ziddir. NATO bu məsələnin həllini siyasi dialoqda görür. Bunun üçün də biz NATO-Rusiya dialoqu prosesini açdıq", - deyə Sxeffer bildirib.

Xatırladaq ki, 2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafındakı Rusiya-Gürcüstan müharibəsindən sonra NATO Rusiya ilə münasibətləri dondurmuşdu. Hətta bir ara Gürcüstana açıq dəstək verən ABŞ-ın, habelə bir sıra Avropa ölkələrinin əlbir səyləri ilə Rusiyanı Abxaziya və Cənubi Osetiyadan çıxmağa məcbur edəcək addımlar da müzakirə mövzusu idi. Lakin havaların soyuması Rusiya qazından asılı olan Avropa ölkələrinin Gürcüstana münasibətini də tədricən soyutdu. Ardınca Amerikada isə "gürcü dostu" prezident Buşun hakimiyyətdən getməsi isə mövzunu tamamilə arxa plana keçirdi.

Böyük siyasətin hər zaman böyük maraqlar üzərində kökləndiyini nəzərə alsaq, əslində buna təəccüblənməyə dəyməz. Bir il öncə Gürcüstanın və Ukraynanın təşkilata dəvət olunmasını aktiv müzakirə edən NATO-nun bu dəfə həmin mövzunu faktiki gözardı etməsi də bu qəbildəndir. Xatırladaq ki, alyansın 2008-cu ilin aprelində NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynanın alyansın Üzvlüklə bağlı Fəaliyyət Planına (MAP) qoşulması ilə bağlı müzakirələr bir nəticəyə varmamış və məsələ növbəti sammitə təxirə salınmışdı. Budəfəki sammitə isə Gürcüstan və Ukrayna, ümumiyyətlə, dəvət olunmadı.

Düzdür, budəfəki sammitdə də NATO-nun Gürcüstan və Ukraynanı öz sıralarına qəbul etmək niyyəti ifadə olunub, lakin bunu daha çox Tbilisi və Kiyevə təsəlli bəyanatı saymaq olar. Bundan əlavə, sammitin yekun bəyanatında Rusiyaya Gürcüstan ərazisindəki (Abxaziya və Cənubi Osetiya) hərbi qüvvələrini çıxarmaq çağırışı yer alıb.

Alyansda yeni üzvlərə gəldikdə isə, ötən il təşkilata dəvət almış Xorvatiya və Albaniya sammitdə rəsmən NATO sıralarına qəbul olunub. Beləliklə, NATO-nun üzvlərinin sayı 28-ə çatıb. Bu yerdə xatırladaq ki, 1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin (ABŞ, Kanada, Britaniya, Fransa, İtaliya, Belçika, Niderland, Lüksemburq, Danimarka, İslandiya, Norveç və Portuqaliya) iştirakı ilə təsis olunan NATO sonrakı müddətdə bir neçə dəfə genişlənib. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-də AFR, 1982-ci ildə İspaniya alyansa daxil olub. 1999-cu ildə Polşa, Macarıstan və Çexiya alyansın sıralarına qoşulub. 2002-ci ildə keçmiş sosialist düşərgəsinin daha 7 ölkəsi (Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya) NATO-ya qəbul edilib.

Budəfəki sammitdə Fransanın NATO-nun hərbi strukturlarına "qayıdışı" da gerçəkləşib. Fransa 1966-cı ildə Amerika ilə fikir ayılığı üzündən alyansın hərbi strukturlarından çıxmışdı. "Biz bir ailəyik, dost və müttəfiq tərəflərik. NATO-nun strateji konsepsiyasını yeniləşdirmək, XXI əsrin problemlərinə cavab verən konsepsiya qəbul etməliyik", - deyə Fransa prezidenti Nikola Sarkozi bildirib.

NATO-nun yeni strategiyası, alyansın beynəlxalq sülh və təhlükəsizlik sistemində yerinin müəyyənləşməsi ətrafında müzakirələr isə hələlik yekunlaşmayıb. Sammitin yekun sənədində bu yöndə ümumi müddəalar yer alıb. Konkret fəaliyyətə gəldikdə isə, NATO üçün yaxın perspektivdə əsas məsələ Əfqanıstanda sülhyaratma prosesinin başa çatması olacaq. Sammitdə əldə olunan razılığa əsasən, NATO-nun Əfqanıstandakı 70 min nəfərlik hərbi kontingentinə (bunun 38 mini Amerikanın payına düşür) daha 25 min hərbçi əlavə olunacaq. Bunun 21 minini ABŞ, qalanını isə digər alyans üzvləri verməlidir. Bu isə o deməkdir ki, 2010-cu ildən İraqdakı hərbi qüvvələrini (140 min) çıxarmağa qərar verən ABŞ onların bir qismini Əfqanıstana göndərəcək.

Yeri gəlmişkən, Əfqanıstandakı NATO missiyasına Türkiyə təmsilçisi rəhbərlik edəcək. Bu, Türkiyənin NATO-nun yeni baş katibinin seçilməsi məsələsindəki israrının bir nəticəsidir. Xəbər verildiyi kimi, Türkiyə Danimarkanın baş naziri Anders Foq Rasmussenin alyansın baş katibi postuna namizədliyinə qarşı çıxmışdı. Bunun iki ciddi səbəbi var. Birincisi, Danimarkanın PKK-nı himayə etməsidir. Terror təşkilatının əsas təbliğat ruporu olan "Roj TV" bu ölkə ərazisindən yayınlanır. İkinci səbəb Danimarka baş nazirinin 2006-cı ildə ölkəsinin qəzetlərində İslam dünyasına və Məhəmməd peyğəmbərə qarşı həqarət dolu karikaturaların dərcinə faktiki himayədarlıq etməsidir. O vaxt müsəlman ölkələri Rasmusseni buna qarşı tədbir almağa çağırsalar da, Danimarka baş naziri karikaturaları "söz azadlığı" adlandıraraq bundan boyun qaçırmışdı.

Türkiyənin Rasmussenə etirazı sammitdə gərgin müzakirələrə səbəb olub və ABŞ prezidenti Barak Obamanın səyləri ilə kompromis əldə olunub. Razılığa əsasən, Rasmussenin NATO baş katibi postunda müavinlərindən biri türk olacaq, NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasına Türkiyə təmsilçisi rəhbərlik edəcək. Bundan əlavə, Rasmussen İstanbulda dünən işə başlayan "Mədəniyyətlər İttifaqı" sammitinə qatılaraq 2006-cı ildə Danimarkada yaşanan olaylarla bağlı İslam dünyasına gecikmiş də olsa üzrxahlıq edəcək. Qeyd edək ki, Rasmussen NATO baş katibi kimi fəaliyyətinə 1 avqust 2009-cu il tarixdən başlayacaq. Həmçinin Danimarka hökumətinin "Roj TV"nin fəaliyyətinin dayandırılması üçün tədbir görməyə boyun olduğu bildirilir. Hərçənd bu vədə əməl ediləcəyi inandırıcı görünmür. Necə deyərlər, bunu zaman göstərəcək.

Vüqar Orxan, “525-ci qəzet”, 07.04.2009.

Baku

World time




Xəbərlər

QHT-lər Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər [2012-05-04]

“Şuşaya azadlıq!” - beynəlxalq kampaniyaya başlamaq təklif olunur


ətraflı

Adil olmaq çətindir [2012-05-04]

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."


ətraflı

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində [2012-04-11]

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


ətraflı

Kəlbəcər rayonunun işğalından 19 il ötdü [2012-04-02]

1993-cü ilin aprelində ermənilər Qarabağla Ermənistan arasında ikinci dəhliz açdılar


ətraflı

Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri [2012-03-02]

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib


ətraflı

“Püskürən vulkana bənzəyən emosiyalar” [2012-02-27]

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında  məqalə dərc olunub


ətraflı

Xocalı - qan yaddaşımız [2012-02-26]

Erməni silahlı qüvvələrinin 613 azərbaycanlını qətlə yetirdiyi müdhiş gündən 20 il ötdü


ətraflı

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir [2012-02-24]

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib


ətraflı

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar [2012-02-24]

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”


ətraflı

“Xalq diplomatiyası”: növbəti görüş [2012-02-22]

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009