ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Saakaşvili: Azərbaycan və Gürcüstan konfederativ münasibətlər qurub

„Gürcüstan xalqı Azərbaycanın yardımını heç vaxt yaddan çıxarmayacaq“

 


-19.07.2010-

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşvilinin dəvətilə iyulun 18-də Batumidə işgüzar səfərdə olub.

Tərəflər arasında geniş tərkibdə görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir.  

Gürcüstan prezidenti Mixeil Saakaşvilinin bəyanatı:

- Biz Azərbaycanın dövlət başçısını, qardaşımızı burada salamlamaq istəyirik. Bizim qurduğumuz uzunmüddətli əməkdaşlıq artıq Bakı və Batumi şəhərləri arasında da öz müsbət nəticəsini vermişdir. Bildiyiniz kimi, Bakıdan gəlmiş iş adamları Batumidə işləyir və eyni zamanda, Batuminin iş adamları Bakıda fəaliyyət göstərirlər. Batumi limanından çıxan gəmilər artıq yola düşmüşlər. Bu da Bakı ilə Tbilisi arasındakı əməkdaşlığın nəticəsidir. Bütün bunlar bizim qarşıya qoyduğumuz ümumi əməkdaşlıq proqramının bir hissəsidir.

Hazırda Bakıda çox müsbət dəyişikliklər baş verir və biz bu dəyişiklikləri görməkdən çox şadıq. Eyni zamanda, Batumidə də inkişaf prosesləri gedir. Çalışırıq ki, biz də hər bir sahədə inkişafa nail olaq. Bu gün biz danışıqlar apardıq və Batumidə Azərbaycan Dövlət Neft Şirkətinin ofisini açacağıq. Bu açılış tarixi bir binada baş verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə biz bu məqsədlə lazımi infrastruktur yaratmışıq və Batumidə bu ofisin uğurla fəaliyyət göstərəcəyinə tam əminik.

Cənab Prezident, biz Sizin bu səfərinizdən çox məmnunuq, məhz bu münasibətlə Sizə öz təbriklərimizi çatdırırıq. Bizim dostluğumuz uzunmüddətli bir dostluqdur, böyük tarixi vardır və bir çox sınaqlardan keçmişdir. Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaqdır. Biz bu yardımı heç vaxt unutmayacağıq. Çünki bu kömək Gürcüstanın tarixində ən ağır bir vaxtda göstərilmişdir. O vaxt Azərbaycan çox mühüm bir qərarı qəbul etdi və həmin ağır vaxtlarda Gürcüstanın köməyinə gəldi. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, bu, qardaşlıq rəmzidir. Hətta biz konfederativ münasibətlər qurmuşuq.

Bizim münasibətlərimiz normal münasibətlər çərçivəsindən daha genişdir. Tam əminik ki, biz bundan sonra da bir-birimizə yardım göstərəcəyik. Azərbaycan üçün hər hansı bir ağrılı məsələ, Gürcüstan üçün də ağrılı məsələdir və eyni zamanda, Gürcüstan üçün olan ağrılı məsələ, həmçinin Azərbaycan üçün ağrılı məsələdir.

Bu gün biz eyni zamanda, xüsusi vurğuladıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismara verilməsi mütləqdir. Hesab edirik ki, Azərbaycanın da müvafiq qurumu – Dövlət Dəmir Yolu idarəsi bu işdə iştirak edə bilər. Eyni zamanda, biz qeyd etdik ki, Gürcüstanın təbii qaza olan tələbatının 70 faizi məhz Azərbaycan qazı hesabına təmin edilir. Bilirsiniz ki, sovet vaxtından qalmış avtomobil yolları da bundan sonra təmir ediləcəkdir. Beləliklə, biz bütün daşınma yollarını lazımi formaya gətirəcəyik ki, Çindən gələn yolun mümkün qədər qısa məsafədən - Azərbaycandan və Gürcüstandan keçərək Avropaya çıxışını təmin edək.

Bütün bunlar sıx münasibətlər nəticəsində mümkün olmuşdur. Ölkələrimiz aramızda heç bir problem yoxdur. Bizim münasibətlərimiz son illər ən yüksək səviyyəyə çatmışdır və biz bunu davam etdirməliyik. Təbii ki, bu münasibətlərin əsasını məhz Heydər Əliyev qoymuşdur. Biz bütün səylərimizlə çalışacağıq ki, əsrlər boyu xalqlarımızı bir-birinə bağlayan münasibətlər bundan sonra da inkişaf etsin. Heydər Əliyevin strateji baxışları nəticəsində bu münasibətlər daha da möhkəmlənmiş və İlham Əliyevin böyük səyləri sayəsində isə daha da güclənmişdir. Biz tam əminik ki, bu əlaqələr, bu münasibətlər daha da inkişaf edəcək, regionumuzda sabitliyə xidmət göstərəcəkdir.

Mən Sizi Gürcüstanda bir daha salamlayıram, Sizə xoş gəlmisiniz deyirəm. Siz Gürcüstanı yaxşı tanıyırsınız, burada özünüzü öz evinizdəki kimi hiss edin.

* * *

Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı:

- Çox sağ olun, hörmətli cənab Prezident, əziz dostum! İlk növbədə məni Gürcüstana dəvət etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən yenidən Batumidə olmağımdan çox məmnunam. Burada gördüyüm dəyişikliklər, inkişaf məni bir dost kimi çox sevindirir. Bu, bilavasitə Sizin Prezident kimi fəaliyyətinizin nəticəsidir. Batumi gündən-günə gözəlləşir, abadlaşır, müasir binalar, mehmanxanalar tikilir, gözəl infrastruktur yaradılır.

Mən iki il bundan əvvəl Batumidə olmuşam və müqayisə aparmaq üçün indi məndə kifayət qədər imkanlar vardır. Gördüklərim məni çox sevindirir. Çünki Sizin uğurunuz bizim də uğurumuzdur. Sizin fəaliyyətiniz nəticəsində Gürcüstan xarici sərmayələr üçün çox cəlbedici ölkəyə çevrilibdir. Gürcüstana milyardlarla vəsait yatırılır və xarici şirkətlər tərəfindən göstərilən etimad çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, Gürcüstanın uğurlu və sabit inkişafına böyük inam vardır.

Mən çox şadam ki, Gürcüstana investisiya qoyanların arasında Azərbaycan şirkətləri də vardır. Azərbaycan şirkətləri Gürcüstana böyük maraqla yanaşır, böyük həvəslə investisiyalar qoyurlar. Bu investisiyaların həcmi gündən-günə artır. Təbii ki, ilk investisiyalar energetika sektoruna qoyulubdur. Ancaq mən ümid edirəm ki, Azərbaycan şirkətləri başqa sahələrə də investisiyalar qoyacaqlar.

Bizim aramızda olan əlaqələr zəngin tarixə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşamışlar, bir-birinə kömək etmişlər və həmişə birlikdə olmuşlar. Bu tarixi yaddaş bugünkü gün üçün də çox vacibdir. Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət – Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımız çoxşaxəlidir, bütün sahələri əhatə edir və bayaq qeyd etdiyim kimi, möhkəm tarixi zəmin əsasında qurulubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan ənənəvi dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirək, yeni məna ilə zənginləşdirək və beləliklə, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının imkanlarından maksimum şəkildə istifadə edək.

Bizi birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır. Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bu gün nəinki Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bu layihələrin uğurlu icrası nəticəsində biz dəmir yolu layihələrinə başladıq. Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də elektrik enerjisi sahəsindəki əməkdaşlıqdır. Biz başqa sahələrdə də əməkdaşlığa çox böyük maraqla və həvəslə baxırıq. Əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, biz bu günə qədər müəyyən etdiyimiz məsələləri birlikdə, güclü koordinasiya şəklində həll etmişik.

Bu gün bölgədə mövcud vəziyyət və ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması diktə edir ki, biz irəliyə baxmalıyıq, yeni layihələri aşkar etməliyik, onları icra etməliyik və beləliklə, Gürcüstanla Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirməliyik. Mən bir daha demək istəyirəm ki, qardaş Gürcüstan torpağında olmağımdan çox məmnunam. Əminəm ki, Sizin rəhbərliyinizlə Gürcüstan bundan sonra da uğurla inkişaf etməyə davam edəcək və Sizin qoyduğunuz bütün vəzifələr uğurla icra ediləcəkdir. Sağ olun.

* * *

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.  

“Rustavi-2“ televiziya kanalının müxbiri: Bir qədər əvvəl sizin təkbətək və geniş tərkibdə görüşləriniz oldu. Siz konkret olaraq hansısa bir razılaşma əldə etdinizmi?

Prezident Mixeil Saakaşvili:

Biz burada nəqliyyat dəhlizinin inkişafına zəmin yaradacaq dəmir yolu haqqında danışdıq və bildirdik ki, Çindən başlayıb Mərkəzi Asiyadan keçməklə Avropaya çıxışı daha da yaxşı şəkildə təmin edə bilərik. Biz burada əlaqələndirmə məsələsini qaldırdıq. Bütün bunların hamısı iqtisadiyyatımızın inkişafına, ölkələrimizə sərmayələrin qoyulmasına xidmət edəcəkdir.
Biz dəmir yolu xətti layihəsinin həyata keçirilməsində birgə işləyirik. Bu, çox böyük layihədir. Bu dəmir yolu bizim ölkələrin ərazisindən keçməklə Çindən Londona qədər uzana bilər. Bu, hətta Transsibir magistral xəttindən də uzun bir xətt ola bilər. Biz bunu həyata keçirəcəyik.

Eyni zamanda, 2012-ci ildə Bakıdan Batumiyə qədər avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu, Azərbaycandan Gürcüstan sərhədinə qədər dördzolaqlı avtomagistral yol olacaq və bundan sonra da davam edəcəkdir. Bu o deməkdir ki, Tbilisinin yanında yerləşən Rustavi şəhərindən çıxış daha da asanlaşacaqdır. Bu şəhərdən o şəhərə getmək üçün sadəcə 18 dəqiqə lazım olacaqdır. Bu avtomobil yolu ilə Azərbaycan sərhədinə çıxış daha da asanlaşacaq, hətta bu yoldan istifadə etməklə İstanbula da getmək mümkün olacaqdır. Bu avtomobil yolunun inşası nəticəsində dincəlmək, istirahət məqsədi ilə Batumiyə gələn azərbaycanlıların sayı da artacaqdır. Azərbaycan şirkətlərindən biri Batumi şəhərində yüksək keyfiyyətli mehmanxana tikməyi qərara almışdır. Bu o deməkdir ki, mehmanxananın tikintisi zamanı yerli vətəndaşlarımızın bir çoxu işlə təmin olunacaq, eyni zamanda, şəhərimiz daha da gözəlləşəcəkdir. Yəni şəhərimizin gözəlləşdirilməsində bizim qonşularımız da iştirak edəcəklər.

Təbii ki, bu əməkdaşlığın əsası 1993-cü ildən sonra qoyulmuşdur. Mən Azərbaycanda gedən sürətli inkişafı və müsbət dəyişiklikləri xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir. Bu da özlüyündə çox vacib bir amildir. Nəinki Qafqaz regionu, həmçinin Avropa üçün də Azərbaycanın əhəmiyyəti gündən-günə artır.

Azərbaycanın dünyada nüfuzu artır. Azərbaycan dövlətinin başçısının uzaqgörən siyasəti nəticəsində son illər bu ölkənin nüfuzu artmış, eyni zamanda Azərbaycanda bütün sahələrdə irəliyə doğru mühüm addımlar atılmışdır. Bütün bunlar bu ölkənin iqtisadiyyatının daha da şaxələndirilməsinə, inkişafına xidmət göstərmişdir. Biz Azərbaycandakı bu uğurları görürük və bu dəyişiklikləri müşahidə edirik. Bütün bunları əldə etmək o qədər də asan deyildir. Hamı bunu başa düşür ki, Azərbaycan çox mühüm strateji rola malikdir. Biz fərəh hissi keçiririk ki, Azərbaycan artıq qüdrətli bir ölkədir, onun nüfuzu get-gedə daha da artır.

Prezident İlham Əliyev:

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bizim dəmir yolu sahəsində planlarımız reallaşır, energetika sahəsində birgə başladığımız və uğurla icra etdiyimiz layihələr bu gün artıq regional müstəvidən çıxıbdır. Gürcüstan-Azərbaycan strateji dostluğu və müttəfiqliyi artıq dünya miqyasında çox mühüm amilə çevrilibdir. Bizim əlaqələrimizin möhkəmlənməsi, yeni məsələlərin həlli nəticəsində bölgədə daha da proqnozlaşdırıla bilən vəziyyət yarana bilər. Biz bu əlaqələrə sadiqik.

Bayaq qeyd etdiyimiz kimi, biz bu əlaqələrimizi dərin tarixi köklərə bağlayırıq. Bu əlaqələr xalqlar arasında olan əlaqələrdir. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, tarix boyu gürcü və Azərbaycan xalqları dostluq, mehribanlıq şəraitində yaşamışlar, bir-birilərinə böyük rəğbətlə yanaşırlar. Xalqlar arasındakı münasibətlər də ikitərəfli münasibətlərə öz töhfəsini verir.

Əlbəttə ki, biz iqtisadi, sənaye, siyasi məsələləri çox ciddi şəkildə müzakirə edirik. Amma bununla bərabər humanitar sahədə əməkdaşlıq da böyük məna daşıyır. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bizim ölkələrimiz arasında körpü rolunu oynayır. Onlar bizim ölkələrimizin dəyərli vətəndaşlarıdırlar, öz vətənlərinə böyük məhəbbətlə yanaşırlar və öz vətənpərvərlik borcunu şərəflə yerinə yetirirlər. Yəni ki, bizim aramızdakı münasibətlər hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin dərin tarixi kökləri vardır. Biz bugünkü reallıqlardan, imkanlardan səmərəli şəkildə istifadə edirik. Elə etməliyik ki, bundan sonrakı nəsillər də bu fikir və duyğularla yaşasınlar ki, Gürcüstan və Azərbaycan əbədi dostluq və qardaşlıq şəraitində yaşasınlar.

Azərbaycan Televiziyasının müxbiri: Mənim sualım Gürcüstan Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycanın ölkənizə investisiya qoyuluşunun Gürcüstan iqtisadiyyatının inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz? Sağ olun.

Mixeil Saakaşvili:

Bizim üçün ən ağır vaxtlarda Azərbaycanın göstərdiyi yardım həlledici idi. Bu, yalnız yardım deyildi, bu, çox uğurlu bir yardım idi. Bu, bizim ikitərəfli əməkdaşlığımızı gücləndirdi. ARDNŞ-in Gürcüstandakı fəaliyyəti, bizim limanlarımızda apardığı işlər çox vacibdir. Dəmir yolu layihəsi də bizim üçün çox mühümdür. Bütün bunlar Azərbaycan şirkətləri ilə birgə həyata keçirilən məsələlərdir. Bildiyiniz kimi, burada turizm infrastrukturunda da Azərbaycan şirkəti işləyir. Bu da bizim üçün vacibdir. Bütün bunlar təkcə siyasi səviyyədə deyil, ayrı-ayrı insanlar, fərdlər arasında əlaqələrin, eyni zamanda, humanitar sahədə bizim işbirliyimizin, maraqlarımızın bir göstəricisidir. Bütün bunlar bir-birinə təbii yolla bağlı olan məsələlərdir. Bu da bizim daha da dərin inteqrasiyamıza xidmət edir.

Biz Azərbaycanın həyata keçirdiyi strateji siyasətin praqmatik, düzgün nəticələrini görürük və bu siyasət uzaqgörən bir siyasətdir. Bunun nəticəsində biz praktiki olaraq, hər gün yaxşı nəticələr əldə edirik. Bu nəticələr hətta hökumətlərin maraqlarından da kənara çıxır. Çünki biz bir-birimizə dostcasına, mehribancasına yanaşırıq. Çalışırıq ki, bizi maraqlandıran məsələləri birgə həyata keçirək. Bütün bunların arxasında bizim birgə ideyalarımız durur. Bütün bunlar bu tarixi prosesin bir elementidir.

Mən bu mətbuat konfransına görə bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Mən cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, Gürcüstana səfər edibdir. Mən ümidvaram ki, bizim bu şəhərimiz Sizin xoşunuza gələcəkdir.

* * *

Mətbuat konfransı başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxdılar. Bildirildi ki, son bir neçə ildə Batuminin abadlaşdırılması və quruculuq işlərinin aparılması məqsədi ilə şəhərdə bir sıra infrastruktur layihələri icra olunur. Bu da Batuminin inkişafına xidmət edir.

AzərTAc.

 

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009