ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahı açıldı

İlham Əliyev: “Bu, müvəqqəti bir qərargahdır. Biz Dağlıq Qarabağa qayıdacaq, orada gözəl binalar tikəcəyik”


-07.07.2010-

İyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışı keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binası da icmanın fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm addımdır.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Ümumi sahəsi 1300 kvadratmetr olan binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilmişdir.

Binada müxtəlif tədbirlərin keçirilməsi üçün 120 nəfərlik konfrans zalı və digər müşavirə otaqları da vardır.

Burada icmanın həyata keçirdiyi tədbirləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti ilə bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yayılması və təbliği istiqamətində görülən işləri əks etdirən fotolar da nümayiş olunur.

Bina ilə tanışlıqdan sonra “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüş oldu.

Prezident İlham Əliyev görüşdə nitq söylədi.

* * *

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Əziz dostlar, sizi ürəkdən salamlayıram. Bu gün çox əlamətdar bir gündür. Dağlıq Qarabağın azərbaycanlı icması üçün mənzil-qərargahın yeni binası istifadəyə verilir, eyni zamanda, Şuşa İcra Hakimiyyəti bu binada yerləşəcəkdir. Çox gözəl, müasir binadır, qısa müddət ərzində əsaslı təmir olunub və burada fəaliyyət göstərmək üçün bütün şərait yaradılıb.

Əminəm ki, siz burada çox böyük səmərə ilə işləyəcəksiniz. Sizin iş şəraitiniz statusunuza uyğun olmalıdır və biz bu gün buna nail olduq. Qısa müddət ərzində bütün təmir-tikinti işləri aparılmışdır və bina ilə tanışlıq çox gözəl təəssürat bağışlayır. Ancaq bu da həqiqətdir ki, bu, sizin üçün müvəqqəti bir qərargahdır.

Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Dağlıq Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir. Siz Dağlıq Qarabağın nümayəndələri kimi əlbəttə ki, o bölgənin tarixini çox yaxşı bilirsiniz. İndi münaqişə ilə bağlı bütün reallıqlar bizim fəaliyyətimiz nəticəsində artıq dünya birliyinə çatdırılır. Bütün beynəlxalq təşkilatlarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarında Azərbaycanın səmərəli fəaliyyəti nəticəsində münaqişə ilə bağlı reallıqlar, bu bölgənin tarixi, mədəniyyəti ilə bağlı həqiqətlər artıq o təşkilatların üzvlərinə çatdırılır.

Münaqişənin ilk illərində erməni lobbisinin fəaliyyəti nəticəsində və Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmaması səbəbindən münaqişənin səbəbləri, Dağlıq Qarabağın tarixi ilə bağlı çox yanlış və təhrif edilmiş məlumatlar mövcud idi. Ancaq bu gün biz tam əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilmişdir. Bu gün dünyanın bütün əsas beynəlxalq təşkilatları Azərbaycanın haqq işini qəbul edilmiş qərarları ilə dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər təşkilatlar müxtəlif dövrlərdə münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli üçün əsasdır.

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər, faktlar mövcuddur. Bildiyiniz kimi, ermənilər bu bölgəyə XIX əsrin əvvəllərində köçürülmüşlər. Ondan sonra müxtəlif səbəblər üzündən Dağlıq Qarabağda erməni əhalisi əksəriyyət təşkil etmişdir. Bunun nəticəsində XX əsrin əvvəllərində, 1920-ci illərdə Dağlıq Qarabağda muxtar vilayət yaradılmışdır. Dağlıq Qarabağın bütün tarixi, bütün toponimləri, coğrafi adlar Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlıdır. Bütün kəndlərin, şəhərlərin adları Azərbaycanın tarixini təcəssüm etdirir.

Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri bu adla qurulmuşdur. Bu yaxınlarda mən bu barədə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, uzağa getməyək, elə XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, - xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib, - orada Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi vardır. “Stepanakert” sözü bolşevik Stepan Şaumyanın adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız insanların qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqırımı törətmişdir. Ancaq yenə də demək istəyirəm, əfsuslar olsun ki, bu həqiqətlər uzun illər ərzində dünya birliyinə o qədər də geniş şəkildə çatdırılmırdı. Yəni, dünya birliyi bu barədə məlumatsız idi.

Bu, problemlərimizin bir tərəfidir. Digər tərəfi, hətta bu gün, bütün beynəlxalq təşkilatlarda və dünyada fəaliyyətimiz nəticəsində həqiqətlər çatdırıldığı bir zamanda biz yenə də bəzi hallarda Azərbaycana qarşı ədalətsizliklər görürük. Bəzi hallarda həqiqətlərə göz yumulur. Bu reallıqlar nəzərə alınmır və müəyyən dairələr, xarici dairələr öz siyasətini uydurulmuş faktlar, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bu, dünyada bu gün və əvvəlki dövrlərdə də mövcud olan bir yanaşmadır. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?! Bunu bütün Azərbaycan xalqı yaxşı bilir. Biz öz fəaliyyətimizlə, apardığımız siyasətlə, həqiqətləri çatdırmaqla öz işimizi davam etdirəcəyik.

Beynəlxalq təşkilatların qərarları çox önəmlidir. Bəzi hallarda belə bir fikir yarana bilər ki, bu qərarlar qəbul edilir, Azərbaycan haqq səsini artıq bütün beynəlxalq forumlarda dünya birliyinə çatdırır, ancaq münaqişə həllini tapmır. Bu, həqiqətdir. Ancaq bununla bərabər, beynəlxalq təşkilatların qərarları məsələnin həlli üçün əsasdır. Məsələnin istənilən yolla həlli üçün əsasdır. Çünki beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulmasına baxmayaraq, onları heç kim inkar etmir.

Yəni dünya birliyi və beynəlxalq aləm beynəlxalq hüquq normaları əsasında formalaşıbdır və fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı, digər təşkilatlar - yəni bu təşkilatların nizamnaməsi, məramı ədalət, demokratiya, hüquq normaları üzərində qurulubdur və istənilən formada münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Əgər Azərbaycan görsə ki, sülh prosesi artıq tükənib, heç bir ümid yoxdur və müharibə yoluna üstünlük verərsə, yenə də beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Çünki Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Biz istəyirik ki, ərazi bütövlüyümüz dinc yolla, danışıqlar yolu ilə bərpa olunsun. Ancaq hələ ki, bu, mümkün deyildir.

►Videoyazını seyr etmək üçün bax:

Bununla bərabər, mən hesab edirəm ki, biz diplomatik səylərimizi bundan sonra da davam etdirməliyik. Bax, bu yaxınlarda Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir. Baxmayaraq ki, artıq münaqişənin başlanmasından 20 ilə yaxın vaxt keçir, ancaq bu qətnamə bu il qəbul edilib. Hesab edirəm ki, gec olsa da, ədalətli qərarın qəbul edilməsi, özü də Avropa Parlamentində qəbul edilməsi çox önəmlidir. Hamımız bilirik ki, orada erməni lobbisi nə qədər böyük imkanlara malikdir və bu qətnamənin əleyhinə çıxan erməni lobbisi nə qədər böyük səylər göstərmişdir.

Bütün bunları biz yaxşı bilirik. Bəlkə geniş ictimaiyyət bundan xəbərsizdir. Amma biz bilirik ki, son ana qədər onların müqaviməti, səyləri və bütün dünya erməniliyinin birləşməsi yenə də qətnamənin əleyhinə qərarın qəbul edilməsinə imkan yaratmadı. Çünki haqq-ədalət öz yerini tutdu. Bir də ki, biz Azərbaycanın artıq artan təsir imkanları və həqiqətin Avropa deputatlarına çatdırılması sayəsində bu qətnamənin qəbul edilməsində istədiyimizə nail olduq. Əgər desəm ki, bu qətnamə bu gün, ya sabah münaqişənin həlli üçün bir əsas rol oynayacaq, əlbəttə, bu, düzgün olmaz. Ancaq yenə də deyirəm, istənilən anda Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq əsasında, istənilən yolla bərpa etmək istəyəndə, əlbəttə ki, hüquqi əsas həlledici rol oynayacaqdır.

Beləliklə, bugünkü vəziyyət, yəni beynəlxalq hüquq normaları əsasında həllini gözləyən münaqişə ilə bağlı proseslər müsbət istiqamətdə davam edir. Çünki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda vacib qərarlar qəbul edilmişdir.

O ki qaldı, münaqişənin həllinə, bir daha demək istəyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, edəcəkdir və danışıqlarda Azərbaycanın ərazi bütövlüyü heç vaxt şübhə altına qoyulmamışdır. Bu gün Madrid prinsipləri əsasında təklif edilən yenilənmiş prinsiplər Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün şərait yaradır. Məhz buna görə Azərbaycan bu danışıqlarda iştirak edir və konstruktivlik nümayiş etdirir. Çünki biz bütün dövrlərdə çalışmışıq və buna nail olmuşuq ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır, münaqişə həllini bunun əsasında tapmalıdır.

Bu gün həmsədr ölkələr öz fikirlərini bəlkə də daha da açıq şəkildə ortaya qoyurlar. Bir vacib məsələ vurğulanır ki, məsələ öz həllini Helsinki prinsipləri əsasında tapmalıdır. Nədir bu Helsinki prinsipləri? Yəqin ki, indi bunu məsələ ilə məşğul olanlar yaxşı bilirlər. Burada əsas prinsip ərazi bütövlüyüdür. Xalqların öz müqəddəratını təyinetmə, müəyyənetmə prinsipləri də vardır. Ancaq o prinsiplər ölkələrin ərazi bütövlüyünə zərbə vurmamalıdır, onunla ziddiyyət təşkil etməməlidir. Xalqların özünüidarəetmə və öz müqəddəratını müəyyənetmə imkanları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Budur Helsinki prinsiplərinin mahiyyəti və mənası. Bunun əsasında həmsədr ölkələr tərəfindən işlənilmiş təkliflər ortaya qoyulub və Azərbaycan müəyyən istisnalarla bu təklifləri qəbul edir. Bunlar nədən ibarətdir? Bir daha mən bu barədə məlumat vermək istəyirəm.

İlk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. Beş rayon dərhal, iki rayon – Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulubdur. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıbdır. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. Çünki bütün təhlükəsizlik təminatları verilməlidir.

Bizim niyyətimiz yoxdur ki, ermənilər kimi orada etnik təmizləmə siyasəti aparaq. Heç vaxt Azərbaycan xalqı belə çirkin əməllərə əl atmamışdır. Ona görə Dağlıq Qarabağla Ermənistan arasında mövcud yol necə fəaliyyət göstərib, elə də fəaliyyət göstərməlidir və hesab edirəm ki, bu təklif qəbul oluna bilər. Təhlükəsizlik zəmanəti verilməlidir. Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. Çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək ki, artıq bütün tərəflər təhlükəsizlik tədbirlərini öz üzərinə götürəcəklər.

Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur. Bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaqdır. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və beləliklə, məsələnin həlli üçün yeganə variant ola bilər. Bir daha demək istəyirəm ki, Azərbaycan müəyyən istisnalarla bu əsas prinsipləri qəbul edib və biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Halbuki bizə çatan məlumat o qədər də müsbət deyildir. Görünür ki, Ermənistan tərəfi öz taktikasını davam etməyə üstünlük verir. Yəni ki, onlar münaqişəni maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq və işğalı davam etdirmək istəyirlər.

Azərbaycan tərəfi, əlbəttə ki, bununla heç vaxt razı ola bilməz. Biz uzun illərdir ki, danışıqlarda iştirak edirik, konstruktivlik nümayiş etdiririk. Müxtəlif dövrlərdə Ermənistan tərəfi danışıqları pozub və Ermənistanda baş verən hadisələr danışıqların gedişatına mənfi təsir göstərib. Ermənistan parlamentində terror aktları, Ermənistanda 1990-cı illərin sonunda dövlət çevrilişi və digər cinayətlər münaqişənin həll olunması üçün əsas problem yaratmışdır.

Biz isə həmişə konstruktivlik nümayiş etdirmişik. Bu gün də konstruktivlik nümayiş etdiririk və bu prinsipləri bütövlükdə qəbul edirik. Münaqişə bu prinsiplər əsasında həllini taparsa, mən hesab edirəm ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunacaqdır. Birinci, Azərbaycan vətəndaşları Dağlıq Qarabağın ətrafında yerləşən bütün bölgələrə qayıdacaqlar. Son illər ərzində Azərbaycan əhalisi artıbdır və əlbəttə ki, o bölgədə demoqrafik vəziyyət qısa müddət ərzində bizim maraqlarımızı tam şəkildə təmin edəcəkdir. Dağlıq Qarabağa, Şuşaya Azərbaycan əhalisinin qayıtması mütləq olmalıdır. Yəqin ki, buna bir qədər çox vaxt lazım olacaqdır. Ancaq bunsuz bu münaqişə öz həllini tapa bilməz və Azərbaycan bütün imkanlardan istifadə edəcək ki, buna maksimum tez bir zamanda nail ola bilsin.

Hesab edirəm ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək. Bu gün sirr deyil ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti bizim xeyrimizə dəyişibdir. Biz buna nail ola bilmişik. İstənilən sahədə Azərbaycan Ermənistandan qat-qat üstündür. İqtisadi potensial cəhətdən Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Demoqrafik potensial da Azərbaycanın mövqelərini gücləndirir.

Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Ermənistan əhalisi qeyri-rəsmi məlumatlara, amma dəqiq mənbələrə görə 1 milyon 800 min nəfər ətrafındadır. Bu gün bizdə olan məlumata görə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 60 minə yaxın, yəni bir rayonun əhalisi qədər əhali vardır. İqtisadiyyat, coğrafi vəziyyət, demoqrafiya, ordu quruculuğu, sənaye potensialı, geosiyasi vəziyyət və Azərbaycanın bölgədəki, dünyadakı mövqelərinin gücləndirilməsi - bütün bu amillər mövqeyimizi gücləndirir və məqsədə çatmaq üçün bizə imkanlar yaradacaqdır.

Mən ümid edirəm, həmsədr ölkələr Ermənistana ciddi siqnallar göstərməklə nail olacaqlar ki, Ermənistan da dekabr ayında həmsədrlər tərəfindən rəsmi qaydada təqdim edilmiş təkliflərə müsbət cavab versin və beləliklə, biz irəliyə daha bir addım atacağıq. Əks təqdirdə hesab edirəm ki, danışıqların uğurla davam etməsi sual altında olacaqdır. Çünki bu günə qədər, yəni 1992-ci ildən - Minsk qrupunun yaranması günündən bu günə qədər müxtəlif proseslərdə, danışıqlarda müxtəlif mərhələlər mövcud idi. Hər bir mərhələ nə iləsə nəticələnirdi. Mən qeyd etdim ki, əvvəlki dövrlərdə bəzi hallarda Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqların pozulmasına gətirib çıxarıbdır.

Son 5-6 il ərzində yuxarıda söylədiyim prinsiplər əsasında Praqa prosesi adlandırdığımız danışıqlar formatı formalaşıbdır. Bu gün biz bu prosesin məntiqi sonuna, yaxud da, vacib mərhələsinin məntiqi sonuna yaxınlaşmışıq ki, artıq dekabr ayında Madrid prinsipləri əsasında yenilənmiş təkliflər verildi. Bir tərəf - Azərbaycan tərəfi prinsip etibarilə bu təkliflərlə razıdır. Digər tərəf ya razı deyil, ya da hələ ki, vaxt uzatmaqla məşğuldur. Əgər qarşı tərəf - Ermənistan bu təkliflərə müsbət reaksiya verməsə, onda danışıqların bu formatda davam etdirilməsində heç bir məna yoxdur.

Əgər danışıqların bu formatda davam etdirilməsi mümkün olmayacaqsa, o zaman ümumiyyətlə, sülh prosesi haqqında danışmağa dəyməz. Çünki bu günə qədər müxtəlif variantlar müzakirə olunmuşdur, müxtəlif düsturlar əsasında təkliflər verilmişdir. Ancaq nəticə yoxdur. Praqa prosesi adlandırdığımız format, mən hesab edirəm ki, son şansdır. Ermənistan üçün son şansdır ki, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın və beləliklə, öz gələcəyini, təhlükəsizliyini təmin etsin, daha qorxu içində yaşamasın.

Ona görə bu mərhələ həlledicidir. Bu yaxınlarda həmsədr ölkələrin nümayəndələri ilə danışıqlar zamanı biz bu barədə öz fikirlərimizi bildirmişik. Hesab edirik ki, bu həlledici məqamda məsələnin həlli üçün lazım olan bütün addımlar atılmalıdır.
Bir daha demək istəyirəm, mən şəxsən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Birinci növbədə beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ermənistan ilə Azərbaycan arasında inkişaf sahəsində böyüyən uçurum mövqeyimizi gücləndirir. Azərbaycan xalqının iradəsi mövqeyimizi dəstəkləyir. Ermənistanda hətta müxtəlif rəhbər dairələrdə belə bir fikir formalaşır ki, artıq 20 ilə yaxındır, danışıqlar gedir, hələ bir 10 il davam etsin, bir 10 il də davam etsin və biz burada sadəcə bir imitasiya ilə məşğul olaq. Vaxt keçdikcə azərbaycanlılar o bölgələri unudacaqlar, yeni nəsil dünyaya gələcək, o bölgə ilə bağlı olmayacaqdır. Bütün bu fikirlərin qarşısına Azərbaycan xalqı öz iradəsini qoyur.
Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər.

Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan xalqı öz tarixi ərazisini heç vaxt unutmayacaqdır. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq.

Bu gün Azərbaycan 20 il bundan əvvəlki Azərbaycan deyildir. O vaxt - torpaqlarımız işğal olunanda Azərbaycanda hərc-mərclik idi. Azərbaycanda, ümumiyyətlə, dövlət yox idi. Dövlət quruculuğu heç aparılmırdı. Azərbaycanı dünyada tanımırdılar. Ordumuz yox idi. Müxtəlif silahlı birləşmələr, quldur birləşmələri, hər bir güya ki, partiya rəhbərinin öz ətrafında silahlı dəstələri var idi. Özü də onlar burada bir-biri ilə vuruşa-vuruşa hakimiyyət uğrunda mübarizə aparırdılar, orada isə torpaqlarımız əldən gedirdi.

Digər tərəfdən, Ermənistana xaricdən həm maliyyə, həm hərbi dəstək göstərilirdi. Bütün bunları siz yaxşı bilirsiniz. Biz o vaxt nə qədər xarici muzdluları zərərsizləşdirdik və həbs etdik. Ermənistanın, hətta o vaxtkı Azərbaycana qarşı bu qədər problem yaratmağa imkanı yox idi, o ki qaldı indiki vəziyyətə. Bu gün Azərbaycan güclü ölkədir. Müstəqil ölkədir. Bütün forumlarda öz haqq səsini ucaldıb. Heç kimdən çəkinmir, güclü orduya malikdir.

Bu gün ordumuz istənilən məsələni həll edə bilər. Mən buna şübhə etmirəm. Tam əminəm. Onlar nə vaxta qədər belə vəziyyətdə yaşayacaqlar? Budurmu onların seçimi?! Budurmu onların müstəqilliyi?! Müstəqillik bizim üçün, bizim nəsil üçün bir şans, tarixi bir sərvət idi. Biz xoşbəxt insanlarıq ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşamışdır. Nəsillər gəlirdi, gedirdi. Yenidən müstəmləkə, ya respublika, ya da ki, hansısa başqa formada vilayət kimi yaşamışdır. Öz taleyimizi özümüz həll edə bilmirdik. Başqa imperiyaların tərkibində bölünə-bölünə, torpaqlarımız əldən gedə-gedə yaşamışıq. Müstəqillik tarixi bir şans idi, bizim üçün də, Ermənistan üçün də, bütün başqa keçmiş müttəfiq respublikalar üçün də. Hansı ölkə bu şansdan necə istifadə edib, bu, artıq o ölkənin, o xalqın iradəsindən asılıdır.

Bu gün Azərbaycan bu şansdan uğurla istifadə edir. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Xalqımıza qarşı Xocalı soyqırımı törədildi. Bütün bunlara baxmayaraq, bu gün biz uğurla irəliyə baxırıq. Güclü ölkəyik. Öz hesabımıza yaşayırıq. Bölgədə gedən proseslərə təsir edirik. Bütün ölkələrlə, hətta böyük dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında münasibətlər qururuq. Heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən heç nə istəmirik, xahiş eləmirik. Əksinə, bizdən xahiş edirlər. Biz də imkan daxilində lazım gələndə yardımlar edirik.

Ermənistan nə edir? Ermənistanın müstəqilliyi şərti xarakter daşıyır. O ölkə müstəqil sayıla bilməz. Çünki müstəqil siyasət apara bilmir. Başqa dairələrin iradəsi ilə idarə olunur. Öz müstəqil iqtisadi siyasəti yoxdur. Bütün infrastruktur, bütün strateji obyektlər başqa ölkələrin əlindədir. Əhali azalır, demoqrafik iqtisadi böhran yaranıbdır. Əgər keçən böhranlı ildə onlara xaricdən yardımlar edilməsəydi, ölkə tamamilə dağılacaqdı. Nə vaxta qədər xarici ianələr hesabına yaşayacaqlar?! Ona görə deyirəm, bu, tarixi seçimdir. Azərbaycan bu müstəqillik şansından uğurla istifadə etdi. Mən əminəm ki, bizim seçimimiz düzgün olmuşdur. Biz bundan sonra da bütün sahələrdə - iqtisadi, sənaye sahələrində potensialımızı, diplomatik səyləri, ordu quruculuğunu gücləndirəcəyik. Əminəm ki, biz torpaqlarımızı işğalçılardan azad edəcəyik.

Ermənistanda fikirləşirlər ki, vaxt keçdikcə onların mövqeyi güclənir. Bu, səhv bir yanaşmadır. Onların bütün sahələrdə mövqeləri zəifləyir. Sadəcə dünya ermənilərinin güclü mövqelərə malik olması bugünkü bu status-kvonun saxlanmasını təmin edir. Hələ ki, təmin edir. Amma status-kvo əbədi, uzunmüddətli ola bilməz. Bir də demək istəyirəm ki, atəşkəs rejimi vardır. Ancaq bu gün o bölgədə sülhməramlı qüvvələr yoxdur, erməni əsgəri, Azərbaycan əsgəri vardır. Onların arasında bəzən məsafə 40-50 metrdir. Heç kim zəmanət verə bilməz ki, orada xoşagəlməz hadisə baş verməyəcək. Azərbaycan xalqı nə vaxta qədər dözməlidir? Nə vaxta qədər bu ədalətsizliklə barışmalıdır? O vaxt ki, Ermənistan ilə Azərbaycan arasında hərbi balans var idi, bunu müəyyən mənada izah etmək olardı. Amma bu gün bu hərbi balans yoxdur. Biz bunu yaxşı bilirik.

Beləliklə, mən bu gün bir daha bu məsələlərlə bağlı öz fikrimi sizin qarşınızda ifadə etmək istəyirəm. Çünki bu, bizim ümumi işimizdir, ümumxalq işimizdir. Ölkə qarşısında duran ən ağrılı, ən vacib problemdir. Bu problemi həll etmədən biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu gün bir də demək istəyirəm ki, sülh prosesi çərçivəsində təklif edilmiş variant, əminəm ki, məsələnin həlli üçün əsas ola bilər. Azərbaycan bir daha konstruktivlik nümayiş etdirir, öz işini dekabr ayında verilmiş bu təkliflər əsasında davam etdirmək istəyir. Əgər qarşı tərəf eyni mövqeni göstərərsə, onda biz məsələnin həllinə yaxınlaşa bilərik.

Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağın və ətraf bölgələrin işğalı dözülməzdir. Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Bu məsələ bizim üçün və Prezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır. Bir də demək istəyirəm ki, bugünkü gözəl tədbirdə, hesab edirəm, bu məsələ ilə bağlı biz gərək danışaq və mən istərdim ki, sizin də fikirlərinizi eşidim.

* * *

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi, icmanın fəaliyyəti barədə məlumat verərək dedi:

- Dağlıq Qarabağın azərbaycanlı icması üçün belə gözəl bina Sizin 2009-cu il 31 avqust tarixli Sərəncamınıza əsasən ayrılmış vəsait hesabına ərsəyə gəlib. İcmanın idarə heyətinin üzvlərinə ancaq yaxşı işləmək qalır. Belə şəraitdə yaxşı işləməliyik, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə, beynəlxalq qurumlara daha ətraflı çatdırmalıyıq.
Sizə bir daha icmanın idarə heyətinin üzvləri adından, şəxsən öz adımdan təşəkkürümüzü bildirirəm ki, bizə belə gözəl şərait yaratmısınız. Siz həmişə 1 milyon məcburi köçkünün qayğısına qalmısınız. Bunlar hamısı göz qabağındadır. Artıq bir dənə də çadır şəhərciyimiz yoxdur. Siz məcburi köçkünlərə həmişə diqqət və qayğı göstərmisiniz. Biz də buna cavab olaraq həmişə Sizin əmrinizə hazırıq, müfəssəl əsgər kimi hamımız döyüşə hazırıq. Sizin müdrik xarici və daxili siyasətinizi dəstəkləyirik.

İcmamızın idarə heyətinin də, üzvlərinin də istəyi budur ki, gələcəkdə Azərbaycanın hüdudlarından çıxıb xarici ölkələrdə, MDB dövlətlərində nümayəndəliklər yaradaq, beynəlxalq birliyi məlumatlandıraq. Bu istiqamətdə Heydər Əliyev Fondunun dəstəyi ilə çox böyük işlər görülür. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ həqiqətləri, Xocalı soyqırımı barədə bir neçə dildə kitablar buraxılır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın 100-dən artıq ölkəsində hər il Xocalı faciəsi ilə əlaqədar tədbirlər keçirilir. Görülən bütün işlər göz qabağındadır. Sizin rəhbərliyiniz altında bütün biz qarabağlılar həmişə çağırışa hazırıq. Həmişə Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Bir daha Sizə həm öz adımdan, həm də idarə heyəti adından təşəkkür edirik. Sağ olun.

* * *  

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli hamımızın böyük qayıdışa hazır olmağımızın vacibliyini qeyd edərək bildirdi ki, Qarabağ azərbaycanlıları tezliklə tarixi vətənlərinə qayıdacaqlarına inanırlar. O dedi:

- Siz Qarabağ haqqında ətraflı danışdınız. Sizin hər bir çıxışınız doğrudan da çox təsirlidir, bütün tariximizi yada salır. Məncə, bizim əsas məqsədlərimizdən biri gələcəkdə qayıdış ilə bağlıdır. Biz cəmiyyəti oraya qayıtmağa hazırlamalıyıq. Zənnimcə, qayıdış mövzusuna cəmiyyətdə, telekanallarda daha çox diqqət yetirilməlidir ki, biz necə qayıdacağıq, necə yaşayacağıq? Biz ona hazır olmalıyıq. Çünki əsas problemi Siz həll edirsiniz. Bilirik ki, bizim Ali Baş Komandan əmr etsə, ordumuz bir həftə ərzində Xankəndiyə qədər gedə bilər. Amma biz istəməzdik ki, yenə qurbanlar verək. Əlbəttə, sülh yolu ilə gedirik. Biz izləyirik, Siz bütün görüşlərdə, dövlət başçıları ilə danışıqlarda, mötəbər forumlarda həmişə Qarabağ problemini xüsusi vurğulayırsınız.

Mənim yadımdadır, ulu öndər Heydər Əliyev Amerikada, hər yerdə çubuğu götürürdü və coğrafiya dərsləri keçirdi, başa salırdı, Qarabağ haradadır, kimin torpağıdır. Bu siyasəti indi Siz davam etdirirsiniz. Ona görə də ümidimiz Sizədir və heç şübhə yoxdur ki, bu ümidlər tezliklə doğrulacaqdır.

Biz 1980-ci illərdə Sizinlə bərabər qarlı Şuşada olmuşuq. Cavan idik, xoşbəxt idik onda. Mənim heç şübhəm yoxdur, biz yenə oraya qayıdacağıq. Yenə Siz Vaqifin məqbərəsini, Bülbül əminin evini bərpa edəcəksiniz. Mən Sizə bir jurnal bağışlamaq istərdim. Bu, icmanın birinci nəşridir. Sizin dəstəyinizlə biz Elmlər Akademiyasının Almaniyada böyük bir konfransını keçirdik. Orada senatorlar da iştirak edirdilər. Biz konfransda Qarabağ məsələsinin diskussiyasını keçirdik. Çox ciddi bir söhbət oldu. Hətta konsert də verdik. Mən Mehriban xanıma çox sağ ol deməliyəm. Çünki onun dəstəyi ilə hazırlanan “Qarabağ xanəndələri” albomu da böyük silahdır. Hər dəfə hər bir ölkədə onu bağışlayanda, onlar buna baxırlar və doğrudan möcüzə kimi qəbul edirlər. O da silahdır, musiqi silahıdır və çox təsirli bir silahdır.

Mən Sizə dərin minnətdarlığımı bildirirəm. Çünki Qarabağ məsələsində Sizin sərt mövqeyiniz hamıya bəllidir. Biz Sizə inanırıq. İnanırıq ki, gec-tez hamımız Sizinlə bərabər orada olacağıq. Bu jurnalı Sizə bağışlayıram. Çox sağ olun.

* * *

Azərbaycanın sülh prosesinə sadiq olduğunu və Dağlıq Qarabağla bağlı həqiqətlərin təbliği istiqamətində səyləri artırmağın vacibliyini vurğulayan Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla dedi:

- Ümummilli liderimiz Heydər Əliyevin əlində coğrafiya çubuğu dünya ölkələrinin rəhbərlərinə Qarabağın, Azərbaycanın harada olmasını, Ermənistanın və Azərbaycanın sərhədlərinin əslində haradan keçdiyini, tarixdə nə cür olduğunu yorulmadan izah etməsi, məlumatlar verilməsi heç vaxt yadımızdan çıxmayacaqdır. Çünki ona qədər doğrudan da, dünyada münaqişə barədə yayğın təsəvvürlər var idi və məsələnin mahiyyətinə nüfuz o zamandan başlamışdır. Bu gün artıq məsələnin mahiyyətini dünya ölkələri çox gözəl dərk edirlər.

Azərbaycan xalqının bəxti, mən bunu çox səmimi deyirəm, bir də onda gətirdi ki, bu gün Heydər Əliyev siyasəti layiqincə, vicdanla, şövqlə, yorulmaz səylərlə davam etdirilir. Biz çox gözəl dərk edirik ki, Siz bu prinsipləri, strategiyanı, münasibətləri cilalayanda daxilən hansı hissləri keçirirsiniz. Bəxtimiz həm də onda gətiribdir ki, bu gün ölməz Prezidentimizin ruhunu şad edəcək dərəcədə ləyaqətli bir siyasət yürüdülür. Mən əminəm ki, bu gün Azərbaycanın, Siz həmişə vurğulayırsınız, savaş deyil, sülh yolunu seçməsinin çox əlamətdar, çox vacib cəhəti ondan ibarətdir ki, bu, xalqımızın, Prezidentimizin bəşəri dəyərlərə, demokratik prinsiplərə ehtiramının təzahürüdür. Biz bu münasibətə dünya ölkələrindən də adekvat münasibət gözləməyə layiqik.

Bu gün Qarabağın azərbaycanlı icması Sizin göstərişləriniz əsasında, həm Xarici İşlər Nazirliyi, həm Prezident Administrasiyasının rəhbərliyi ilə çox maraqlı, faydalı görüşlər keçirir. Bu görüşlərdə Azərbaycan həqiqətlərinin insanların beyninə, qəlbinə necə nüfuz etdiyinin şahidi oluruq. Biz çox sevinirik ki, Azərbaycan artıq bu gün dünyada böyük nüfuza malikdir. ABŞ-ın dövlət katibi xanım Klintonun bu günlərdə Bakıda Sizinlə görüşdən necə təsirləndiyini biz hətta uzaqdan-uzağa duyduq. Əminik ki, bütün bunların sayəsində tezliklə doğma Qarabağımıza qovuşacağıq.

Bu gün icmanın idarə heyəti adından, yoldaşlarımın adından bir daha Sizə təşəkkür etmək istəyirəm. Əminliyimi bildirmək istəyirəm ki, inşallah o gün olacaqdır ki, Siz Şuşada, Dağlıq Qarabağda belə gözəl binaları, tikililəri açacaqsınız. Təşəkkür edirəm.

* * *

Milli Məclisin deputatı Rövşən Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini bildirərək dedi:

- Bizim üçün beynəlxalq təşkilatların qərarları çox önəmlidir. Həqiqətən də, bu il mayın 20-də Avropa Parlamentində qəbul olunmuş qərara əsasən belə qənaətə gəlirik ki, sülh yolu ilə addımlamaq ən lazımlı, ən düzgün yoldur. Bununla bərabər qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri həqiqətən də çox yüksək səviyyədədir. Fəxr hissi ilə həmişə qeyd edirik ki, MDB məkanında Rusiyadan və Ukraynadan sonra yeganə ölkədir ki, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi mövcuddur və bu sahədəki uğurlar göz qabağındadır.

Mən bunların hamısına görə, cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün Azərbaycan xalqı Sizi dəstəkləyir və ulu öndərimiz Heydər Əliyevin siyasətinə inanır. Bu siyasətin davamçısı, cənab Prezident, Sizsiniz. Biz Sizinlə - müdrik liderimizlə fəxr edirik. İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü məhz Sizin apardığınız qətiyyətli siyasət sayəsində təmin olunacaqdır. Çox sağ olun.

* * *

Prezident İlham Əliyev dedi:

-Sağ olun. Bir daha demək istəyirəm ki, bu bizim ümumi işdir, ümumxalq işimizdir. Bu məsələni həll etmək üçün bütün diplomatik səylərlə, təbliğat işləri ilə bərabər, biz güclü olmalıyıq. Çünki tarix də bunu göstərir. Həm uzaq tarix, həm də yaxın tarix. Biz çalışmalıyıq ki, daha da güclənək. Ona görə bu illər ərzində Azərbaycanın iqtisadi potensialı, hərbi quruculuğu, müdafiə potensialı, müdafiə sənayesinin yaradılması - bütün bunlar bir məqsədi güdürdü ki, biz istənilən vaxtda öz torpaqlarımızı azad edə bilək.

Belə bir kritik qüvvə yaradaq ki, artıq qarşı tərəf də dərk etsin ki, məsələnin uzadılması onların xeyrinə deyildir. Əgər bu olmasaydı, əgər biz sadəcə diplomatik danışıqların aparılması ilə öz fəaliyyətimizi məhdudlaşdırsaydıq, əminəm ki, bu gün heç barəsində söhbət etdiyim o prinsiplər də ortaya çıxmazdı. Çünki bütün bunlar – həm Azərbaycanın potensialı, həm geosiyasi mövqeyi, həm hərbi qüdrəti siyasi gedişatlarda mövqeyimizi gücləndirir. Ona görə daha da güclü olmalıyıq. Bütün qüvvələr səfərbər olunmalıdır. Məsələni sülh yolu ilə həll etmək üçün güclü ordumuz olmalıdır. Biz bu gün bunu yaradırıq.

Gələcəkdə çox iş görülməlidir. Biz bununla bərabər, paralel olaraq dünyada, bütün beynəlxalq təşkilatlarda daim bu mövzunu diqqətdə saxlamalıyıq. Fərhad burada çox düzgün qeyd etdi ki, mən bütün tədbirlərdə Qarabağ məsələsini qaldırıram. İqtisadi məsələlər də müzakirə olunanda, mədəniyyətlə bağlı tədbirlərdə, bütün tədbirlərdə, hər bir beynəlxalq forumda bu məsələ qaldırılır, Azərbaycanın haqq səsi ucaldılır, real vəziyyət nəzərə çatdırılır. Çünki Ermənistan və erməni lobbisi baxmayaraq ki, işğalçı siyasət aparırlar, etnik təmizləmə siyasətini aparmışlar, azərbaycanlıları öz doğma torpaqlarından didərgin salmışlar, bütün dünyada, bütün tədbirlərdə rəy yaratmaq istəyirlər ki, Azərbaycan təcavüzkardır və Azərbaycan onlara qarşı təcavüz edib.

Artıq həqiqətlər dünya birliyinə çatdırılır. Bu, çox vacibdir. Bütün sahələrdə bax belə broşürlərin, Heydər Əliyev Fondu tərəfindən disklərin buraxılması onu göstərir ki, bu, bizim tarixi torpağımızdır, bizim mədəniyyətimizdir. Biz öz mədəniyyətimizi qorumalıyıq. Mən şübhə etmirəm ki, biz Dağlıq Qarabağa, Şuşaya qayıdacağıq.

O günləri mən çox yaxşı xatırlayıram. O qarlı şəraitdə Cıdır düzündə Vaqifin məqbərəsi önündə durmuşduq. O unudulmaz təəssüratlar sizin kimi mənim də qəlbimdə yaşayır, hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır. Biz ora qayıtmayana qədər sakitləşməyəcəyik. Biz bütün səylərimizi səfərbərliyə alıb elə etməliyik ki, tezliklə oraya qayıdaq. Bir daha demək istəyirəm və mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, biz Dağlıq Qarabağa qayıdacağıq və o bölgəni yenidən quracağıq, bütün dağıdılmış binaları, məscidləri, məktəbləri, evləri bərpa edəcəyik. Biz sadəcə istəyirik ki, buna tezliklə nail olaq, bu gün qaçqın həyatı yaşayanlar tezliklə öz ata-baba torpaqlarına qayıtsınlar.

Bir daha sizi ürəkdən salamlayıram. Bir daha sizə və bütün Azərbaycan xalqına söz verirəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası əvvəlki illərdə olduğu kimi, bundan sonra da mənim üçün prioritet məsələ olaraq qalacaq və bütün səylərimi qoyacağam ki, məsələ tezliklə və ədalətli həll olunsun. Çox sağ olun.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009